Ayının min oyunu bir armudun başındadır
İvan evə ertəsi gün gecə yarısı
döndü. Maşının səsinə oyanan Aksana xalatını geyinib onu qarşıladı.
– Get yat, hazır gəlmişəm, heç nə yeməyəcəyəm, – deyən İvan ikinci
qata qalxdı, üst paltarını soyunub hamama girdi, soyuq su ilə qurşaqdan
yuxarı yuyundu. Hamamdan çıxdıqda Aysunun otağının yanında dayandı.
İşıq yanmırdı. Qulağını qapıya dayadı... Səs-səmir gəlmirdi. Bir az
götür-qoy eləyib qapını taqqıldatdı, ardınca pıçıltılı səslə dedi:
– Aysu xanum, mənəm, qapını açın, sözüm var.
O, bir neçə kərə bunu təkrar elədi. Cavab gəlmədi. “Bəlkə, gerçəkdən
bərk yatıb. Əgər yatıbsa oyatmayacağam. “Səbirlə şərab olar, ey qora
səndən”, deyə məşhur ifadəni öz məzacına uyğun dəyişdirib zümzümə
eləyə-eləyə otağına çəkildi.Yatağına girdikdən sonra bir müddət yuxuya
getmədi, son günlər baş verənləri çək-çevir eləməyə başladı... Aysu
ona indiyədək eşidib bilmədiyi maraqlı şeylər danışmışdı. Tarixə,
etnoqrafiyaya, toponomiyaya aid kitabları oxumaq İvanın hobbisi idi.
Görünür, bu, ona atasından keçmişdir... Son günlərin ən yaddaqalan
hadisəsi Aysunu qucaqlayıb öpməsi idi. Həmin anlar bilmirdi, onun
oyanmış duyğularımı, yoxsa qızdan axıb gələn bioenerjimi bütün bədənini
titrətmişdi. İvan sanki Şərq nağıllarında təsvir olunan əlçatmaz,
əfsanəvi şahzadələrdən birinin saçlarını, boyun-boğazını zorla da
olsa öpə bilmişdi. Artıq bir gün keçsə də qızın ətri, qısa təmasdan
aldığı ləzzət onu şövqləndirirdi. Ondakı bu dəyişikliyi bir qədər
əvvəl olduğu məclisdə erməni zabitləri də sezmişdilər. Onlar zarafata
salıb demişdilər:
“İvan Nikolayeviç, üz-gözündən görünür ki, bu təzə məşuqən sənə əməlli-başlı
kef verir”.
“O gənc türk qızı səni yoranda bizi köməyə çağır”.
“Səsinizi kəsin! İvan Nikolayeviç qadın cinsi ilə çoxdan xudafizləşib.
İndi onlarla yalnız gözləri və əlləri ilə işləyir”.
Belə atmacalar, təhqiredici şit zarafatlar, hırıltılı gülüşlər İvanı
qıcıqlandırmışdı. O, bir gerçəkliyi müşahidə etmişdi: ermənilər başqalarının
içində tək olanda özlərini quzu kimi sakit aparırlar. Çox olanda isə
canavara dönürlər. İvan buraya gələnə qədər Moskvada, xarici ölkələrdə
onunla qulluq etmiş erməniləri həmişə sözəbaxan, həlim, qorxaq, yaltaq
görmüşdü. Buradasa özlərini elə aparırdılar ki, sanki dünyanın ən
qüdrətli, cəsarətli insanları elə onlar özləridir.
Bugünkü məclis şam yeməyindən çox operativ iclas xarakteri daşıyırdı.
Onlar gözlənilən böyük hücumla bağlı Qozludərə və Məlikcandan başlayacaq
əməliyyatın – Horadiz dəmiryol stansiyasından keçib İran sərhədində
qurtarmaq planını müzakirə etdilər. Belə olduqda, cənubda nisbətən
yaxşı döyüşən Cəbrayıl və Qubadlı rayonlarının Bakı ilə əlaqəsi kəsilib
mühasirəyə düşəcəkdi. Bununla da problem həll olunurdu. Cəbrayıllıların
yerli müdafiə dəstələri hələ sovet dövründən Hadrutdakı erməni komandanlığının
gözünü qırmışdı. Onlar iki il əvvəl ərazilərindəki ondan çox erməni
kəndini boşaltdırmış, bununla orada erməni hərbçilərinin yerləşdirilməsinin
qarşısını almış, əsas hakim yüksəklikləri tutmuşdular.
“Bəs, İran bu hücuma necə yanaşar?” – deyə İvan onların ağızlarını
aramışdı.
“Rəsmi Bakı bu məsələdə özü bizə kömək eləyibdir”-deyilən bu atmacaya
hamı ürəkdən gülmüşdü. Sonra ona izah eləmişdilər ki, Azərbaycan rəhbərliyində
bəzilərinin İranın şimalında 30 milyon azəri türkünün yaşadığı ərazilərdə
onların hüquqlarının pozulmasını iddia etmələri Tehranı bərk qorxuya
salmışdır. Orada azərbaycanlılar arasında milli azadlıq hərəkatının
genişlənməsindən ehtiyat edirlər. Tehran Arazın bu tayında onun nəzarət
etmədiyi güclü Azərbaycan dövlətinin yaranmasını istəmir.
İvan bu görüşdə ötən döyüşlərdə Azərbaycan ordusuna əsir düşmüş rus
əsgərlərini zabitlərə xatırlatdı. Belə hadisələrin baş verməməsi üçün
tankçılar istisna olunmaqla, digər rus hərbçilərini, kəşfiyyatçılarını
böyük hücuma qədər ön xəttə göndərməməyi xahiş eləmişdi.
İvanın buradakı vəzifəsindən biri ermənilər tərəfdə vuruşan rus muzdlularının,
könüllülərinin hərəkətlərinə nəzarət idi. Onlar qeyri-rəsmi olaraq
İvana tabe idilər. İvan onların qısa dosyelərini seyfində saxlayırdı.
“Burada heç bir qəbahət yoxdur. Ruslar Azərbaycan tərəfdə ön xətdə
də vuruşurlar, əsir də düşürlər. Azərbaycanın rus millətindən olan
milli qəhrəmanı da var”.
İvan istehza ilə deyilən bu sözləri udmuşdu.
“Başa düşün, onlar Azərbaycan vətəndaşı olan ruslardır. Nəinki özləri,
ata-babaları da Azərbaycanda doğulublar, Rusiyada kökləri itibdir”
– deyən İvan istəmişdi əlavə eləsin ki, hərbçilərdən başqa Ermənistanda
ruslar yaşamır. Ermənilər özgə millətlərin hamısını respublika ərazisindən
çıxarmışlar. Hələ Sovetlərin mənəm-mənəm deyən vaxtlarında on beş
respublikadan ən az rus yaşayanı Ermənistan idi: vur-tut iki faiz...
Onu da rus hərbçiləri və onların ailələri təşkil eləyirdi... Amma
demədi. Əlbəttə, bu sözləri ona burada yox, Rusiyada desəydilər, cavabını
verərdi.
Şam yeməyi arxasındaca gələcək hücum əməliyyatları müzakirə edildi.
Hücuma hazırlaşmaq üçün ayrı-ayrı komandirlərə tapşırıqlar verildi.
İvan özü üçün görməli olacağı işləri qeyd elədi: o, rus muzdlularının
komandirləri ilə görüşməli və cəbhə xəttində müəyyən postlara baş
çəkib hücumqabağı vəziyyət barəsində öz rəislərinə məlumat hazırlamalı
idi.
Məclisdə güclü ət yeməkləri, yaxşı içkilər olsa da İvan çox az içmişdi.
Özləri az içən erməni zabitləri İvanı sərxoş eləmək istəmişdilər.
Amma bacarmamışdılar. İvan işgüzar görüşlərdə, qəbullarda, həmçinin
kənar yerlərdə keçirilən ad günləri, toy kampaniyalarında az içərdi.
O, içməyi çox xoşlasa da nəfsini cilovlaya bilirdi, iştahasını evə
saxlayırdı. Ancaq evdə, asudə vaxtlarında, xüsusilə axşamlar bəsdi
deyincə içirdi.
Onun qarşısında duran tapşırıqlardan biri də Aysunu “verbovat” eləmək,
gələcəkdə Rusiyaya işləməyə təhrik eləmək idi. Aysu bu iş üçün yarayırdı.
O, çox gözəl, savadlı, erudisiyalıdır. Atası Azərbaycan cəmiyyətində
tanınmış ziyalılardan biridir. Amma hiss olunur ki, o, vətənini çox
sevir, türkçüdür. Buna baxmayaraq, onu ram etmək olar. Çox belə vətənpərvərləri
könüllü, ya könülsüz Moskvaya işləməyə vadar etmişlər. Elə indinin
özündə Bakıda seçilib tanınan, vaxtilə milli azadlıq hərəkatı adlanan
dəstənin önündə gedənlərin neçəsi Moskvaya işləməyə başlamışdır. Sadəcə
kimə necə yanaşmağı, hansı rakursdan ona təsir etməyi bilmək lazımdır.
Lefortovoya düşənləri “verbovat” eləmək nisbətən asandır. Elə Aysunun
da vəziyyəti Lefortovodakı məhbuslarınkından çox da fərqlənmirdi.
Onun qaldığı şərait yaxşı olsa da əlyetməz yerdə tutulub saxlanması,
başına nə oyun açırsan aç, heç kimin qarşısında hesabat verilməməsi
biçarə qızın vəziyyətini Lefortovo dustaqlarınkından qat-qat ağır
edirdi. Biçarə qız... İvanın ona yazığı gəlirdi. O, həmişə özü ilə
tək qalanda qəlbinin uzaq guşəsindəki humanistlik, xeyirxahlıq duyğuları
baş qaldırırdı. İvan çox vaxt imkanı olanda, işinə xələl gətirməyəndə
vicdanının səsinə qulaq asırdı. O çalışacaqdı qızı məhv olmağa qoymasın,
bir şərtlə ki, qız onun istəklərini yerinə yetirsin. İvanın istədiyi,
qızın həyatı müqabilində çox da böyük bir şey deyildi. Aysu İvanın
agenti olmalı, onunla intim əlaqəyə razılaşmalı idi. Bu, istər tam
könüllü, istərsə də “məcburi könüllü” olsun, İvana fərqi yox idi.
Həm də İvan ömrü boyu öz şəxsi istəyini, arzusunu boğmuşdu, hər şeyi
işinə, tutduğu vəzifəyə qurban vermişdi. Qırx yaşına qədər belə yaşamışdı.
Artıq belə həyat tərzini davam etdirməyi bacara bilmırdı. Bundan sonrakı
həyatını bir az da özü üçün yaşamaq istəyirdi, içindən gələn istəyini,
arzusunu reallaşdırmaq istəyirdi... Təbii ki, ağılla, tədbirlə...
O, Aysuyla özünü bir yataqda təsəvvür etdikdə sifəti alışıb yanır,
nəfəsi tıncıxırdı, bilmirdi neyləsin. İndi mələyə bənzər o qız İvanın
yanında – yataqda olsaydı, onunla əylənsəydi dünya dağılmazdı ki!..
İvan ona daha çox qayğı göstərərdi, üstündə yarpaqtək əsərdi. İvan
onu zorlaya bilməzdi. Dünən qucaqlayıb boyun-boğazını öpəndə, istəmişdi
götürsün onu otağına. Amma Aysunun təlaş və qorxudan irilənmiş gözlərinə
baxanda qolları boşalmışdı... Bu ifadəni o, çox illər bundan əvvəl
bacısının gözlərində görmüşdü...
İvan ikinci kursda oxuyurdu. Şənbə günü dərsdən sonra nizam-intizamına
görə onu iki günlüyə evə buraxmaqla mükafatlandırmışdılar. İnstitutda
ilk iki kursu onlar düşərgə şəraitində əsgər kimi yaşamalı idilər.
Üçüncü kursdan sonrasa kursantlara evlərində yatmağa icazə verilirdi.
İvan kefi kök evlərinə gəlmişdi. O, qapıya yaxınlaşanda bacısının
qışqırtısını eşitmiş, həmişə özündə olan açarla tələsik qapını açıb
“Qalya, mən burdayam!..” – deyə hövlnak içəri adlamışdı. Bu zaman
yemək otağının qapısı çırpılıb açılmış, saçları dağınıq, köynəyinin
üst düymələri qırıldığından yarıaçıq yaxasından döşlərinin çəhrayı
gilələri görünən bacısı ona sarı cummuşdu. Rəngi ağarmış, gözləri
az qala hədəqəsindən çıxacaq qız sanki ona hücum etmiş yırtıcı heyvanın
ağzından qurtulmuşdu.
– Nə olmuşdur, bacı?
İvanın sualına qızın arxasınca dəhlizə çıxan atalığı cavab vermişdi:
– Heç nə olmayıb. Başa düşə bilmirəm, nədən qorxur... Həmişə olduğu
kimi ona atalıq nəvazişi göstərirdim...
– Yalan deyir, o məni çoxdan zorlamaq istəyir, – deyə Qalya əlləri
ilə sinəsini örtüb hıçqırmışdı.
Hər şey İvana aydın idi. O, irəli yeriyib atalığı adlanan bu iyrənc
məxluqun abırsız sifətinə dalbadal bir neçə güclü zərbə endirmişdi.
Burnundan qan fışqıran kişi yerə yıxılmış, sonra iməkləyə-iməkləyə
özünü hamama salmışdı. Ağız-burnunun qanını yuduqdan sonra İvanın
sakitləşdiyini zənn edərək həyasızcasına demişdi:
– Mən bu şəkildə milisə getsəm, səni tutdura bilərəm. Amma ata kimi
səni bağışlayıram.
– Necə, necə? Ax, yaramaz! – deyən İvan yenidən irəli cummuş, bu dəfə
lomba ilə onun üzünə tüpürərək yaxasından tutub qapıdan çölə atmışdı.
O axşam İvan evə dönən anasının üstünə qışqırmışdı:
– Sənin qızını balaca vaxtından “balam, balam” deyə dizləri üstündə
oynadan alçaq ərciyəzin indi onu zorlamaq istəyirdi. Mən bir də onu
bu evdə görsəm öldürəcəyəm.
Qızından hər şeyi təfsilatı ilə öyrənən anası səsini içinə salmışdı...
Özünə təzə yuva tapmış atalığı onlara bircə dəfə İvan olmayanda, şeylərini
aparmağa gəlmişdi...
“Sabah mən tezdən durmalıyam, rus zabitləri ilə şəxsən görüşməliyəm.
Yatmaq lazımdır”, deyə özünə komanda verən İvan sağ böyrü üstə çevrilib
gözlərini yumdu...
* * *
Həmişə səksəkə içində yatan Aysu qapı ikinci dəfə döyüləndə ayılmışdı.
İvan səsini çıxaranda sağ əli istər-istəməz döşəyin altında gizlətdiyi
qəməyə tərəf uzanmışdı. İncavara İvan çox israr etməmiş, öz otağına
çəkilmişdi.
Aysu gec-tez gecələrin birində İvanın onun qapısını döyəcəyini bilirdi.
O, hər hansı bir təhlükəyə qarşı kiçik qəməsini əl çantasındakı gizlinc
yerdən çıxarıb döşəyin altına qoymuşdu. Kim bilir, yüz ildən çox yaşı
olan bu kiçik xəncər neçə qız-gəlinə pənah olmuşdur... Hələlik o,
İvanın baş verə biləcək təcavüzündən özünü öldürmək hədəsi ilə sovuşmaq
istəyirdi. Aysu az-çox İvanı öyrənmişdi. Zənn edirdi ki, o, bıçağı
qarnına dirəmiş qıza yaxınlaşmağa risk etməyəcək, təcavüzdən vaz keçəcəkdir.
Bəlkə də, Aysunun yerinə başqası olsaydı, bu məsələni çox dramatikləşdirməzdi,
“itaparan olsun” – deyib müəyyən şərtlərlə özünü ona təslim edərdi.
Amma o, Aysu idi, ölümü şərəfsizlikdən üstün tutan Aysu!... O, Toğruldan
başqa kimsəylə yaxınlıq etməyi təsəvvürünə belə gətirmirdi. O, Toğrulu
sevib, sevir və sevəcəkdi... Toğruldan başqa kimsəni quca bilməz,
bir yastığa baş qoya bilməz... O, bunu özünə yəqin etmişdi... Hətta
onu başa düşməyib səhv addım atmış Toğrulun yanlış hərəkəti onu nə
qədər sarsıtsa da başqası ilə oturub-durmağı bacarmamışdı...
Toğrulun Moskvada oxuyarkən Əfqanıstanda tanış olduğu, onu ölümdən
qurtarmış qızla yaşadığından xəbər tutanda Aysu bərk sarsıntı keçirmişdi...
Bu vəziyyətdən çıxdıqdan sonra bir yaz axşamı eyni kursda oxuduğu,
onu kölgə kimi izləyən, “dərdindən saralıb solan”, çox vaxt zarafatla
“Bibər” çağırdıqları Bəbirin teatra dəvətini qəbul eləmişdi. Aysu
artıq ikinci kursun yay sessiyası imtahanlarını verib üçüncü kursa
keçmişdi.
...Tamaşadan sonra onlar bir az bağda gəzişmişdilər, boş oturacaqların
birində əyləşmişdilər. Bəbir ürəyini ona açıb əlindən tutmuşdu. Aysusa
fikirləşirdi ki, ilk oxu daşa dəydi, bir daha sevə bilməyəcək, qoy,
heç olmasa onu sevəni xoşbəxt eləsin...
Aysunun dinmədiyini görən Bəbir cürətlənmişdi, sol əli ilə onun belini
qucaqlayıb özünə tərəf çəkmək, dodağından öpmək istəmişdi. Bu qəfil
təmasdan Aysunun bədəni çimçəşmişdi, sanki onun qəlbinə cin girmişdi.
O, Bəbiri itələyib hövlnak ayağa qalxmışdı:
– Axmaq insan, indiyədək heç kəs mənim belimdən tutmağa cəsarət eləməyib,
sən nə cürətlə mənə əl vurursan? Heç əsl sevən də ilk görüşdə belə
əliuzunluq eləyər? Rədd ol gözümdən! Sən nə qanırsan sevgi nədir!
Bundan sonra bir dəfə Aysu evə tək qayıdırkən Bəbir onun qarşısını
kəsmiş, kövrəlmiş halda ondan üzr istəmiş, onsuz yaşaya bilmədiyini
demişdi.
– Sən xoşu gəlməklə, gözəlliyə aludə olmaqla əsl sevgini qarışdırırsan.
Əvvəlcə özün öz duyğularını araşdır, nə istədiyini qan, anla! Mən
ya öz sevdiyimə ərə gedəcəyəm, ya da məni əsl məhəbbətlə sevənə. Heyvani
hisslərini söndürmək istəyənə yox! Bir də mənim yolumun üstünə çıxsan,
arxamca düşsən, özündən küs...
Bəbir o gedən getmişdi... Keşkə, Aysu bu sözləri Bəbirə iki il öncə,
universitetə qəbul olanda, Bəbir onun yolunun üstündə bitəndə deyəydi.
Aysu sonra biləcəkdi ki, Toğrulla aralarında soyuqluğun yaranmasında
onun ciddi yanaşmadığı, saya salmadığı Bəbir necə günahkar imiş...
Ötən günlərdən bu günə qayıdan Aysu: “Özümü üzməməliyəm. Sona qədər
dayanmağa güc saxlamalıyam” – deyə təkrar-təkrar pıçıldadı, özünü
yuxunun ixtiyarına verdi...
* * *
Səhər tezdən Rusiyadan olan hərbçilərlə görüşməyə getmiş İvan evə
günortadan sonra döndü. Burada sovet dövründən qalma hərbçilərlə yanaşı,
Rusiyanın müxtəlif yerlərindən qazanc dalınca gəlmiş muzdlular da
vardı. Problem də onlarla idi. Erməni komandanlığının şirin vədlərinə
uymuş bu insanlar tələyə düşmüş, həyatlarını riskə qoymuşdular. Onları
kəşfiyyata yollayır, minaları təmizlətdirir, ön xətdə keçirilən müxtəlif
təhlükəli əməliyyatlara göndərirdilər. Faktiki olaraq, buraya düşmüş
muzdlular ermənilərin əsirlərinə çevrilirdilər. Geriyə yol yox idi...
Verilən vədlərə əməl olunmamasına, müqavilə şərtlərinin yerinə yetirilməməsinə
dözə bilməyənlər geri qaytarılmağı israr eləyəndə onları döyüş bölgəsindən
çıxarırdılar... Amma onların çoxu yolda itib batır, gedib evlərinə
çatmırdı. Vətənə yola saldıqları silahdaşlarının “itkin düşməsi” xəbərini
alan digər muzdlular bundan ibrət götürür, hər əzaba qatlaşaraq kontraktlarının
bitməsini gözləyirdilər... Əsəbləri davam gətirməyənlər evə sağ-salamat
qayıda bilmək üçün Yerevan yox, Bakı yolunu seçmişdilər: onlar cəbhə
xəttini keçib Azərbaycan ordusuna təslim olmuş, günahlarını etiraf
edib Qızıl Xaç və s. təşkilatlar vasitəsilə evlərinə dönmüşdülər.
Hətta onlardan biri Bakı televiziyasıyla çıxış eləyib çox şeyi açıb
tökmüşdü... Xoşagəlməz halların qarşısını almaq üçün İvan Hadruta
gəlib çıxmış muzdlularla əlaqə yaradıb onları nəzarətə götürə bilmişdi.
Son günlər İvanın Aysu ilə tək qalmağa meylini hiss eləyən Aksana
ona şərait yaradırdı. Yeməyini verdikdən sonra İvan onunla oturmasını
təklif eləməyəndə, aşağı düşüb otağına çəkilirdi. Bu gün də elə oldu.
İvan gecikmiş naharını tək elədi. Sonra bir şüşə çaxır və piyalə götürüb
aynabəndin yuxarı başına – ”kitabxanaya” sarı yönəldi. Əlindəkiləri
jurnal stolunun üstünə qoyub kresloya yayxandı, özünə çaxır süzdü.
Ətrafda tam səssizlik olduğu üçün şüşənin boğazından tökülən şərabın
səsi çox aydın eşidilirdi: “bul-bul, bul-bul...” Bu, İvan üçün adi
səs deyil, xoş bir melodiya idi. Öz dediyi kimi, “hələ nota köçürülməmiş
bu bul-bul melodiyası”nı eşidəndə əsəbləri sakitləşir, kefi durulur,
mədəsi yemək qəbuluna hazır olurdu... O, şərabı sümürə-sümürə boşaltdıqdan
sonra içinə yığılmış havanı çölə buraxıb “xoroşo” dedi, sonra Aysunu
səslədi.
Öz otağında çarpayıda uzanmış Aysu yerlə-göylə əlləşirdi...Onun əsirliyinin
on birinci günü idi. Yer on bir dəfə öz oxu ətrafında fırlanmışdı.
Əgər o qurtulmayıb sağ qalsa, Yer Günəşin ətrafında tam çevrə vurduqda
əsirliyinin bir ili tamam olacaqdı... Özü öz fikrindən diksinən qız
“Allah eləməsin!” – dedi... O, tək qalanda ulduzlara baxa-baxa kainat
haqqında, sonsuzluq və əbədilik haqqında düşünməyi xoşlayırdı. Bu
onun özündən asılı deyildi. Elə bil göylər onu çəkirdi... O, buna
Toğrulsuz qaldığı aylarda, illərdə – Toğrul Əfqanıstanda, Moskvada
olarkən adət eləmişdi... İndi Aysu yenə göylərə uçdu, uzaq bürclərin
birindən Yerə, doqquz səyyarənin başına dolandığı Günəşə baxdı...
Hər şey fırlanırdı, dövrə vururdu... Bəs bəşəriyyət, onun tarixi?
İnsan həyatı necə? Onlardamı fırlanıb, təkrarlanırdı, dövrə vururdu?
Heyhat!.. Bəşər övladı bunu bilmirdi. Heç bilə biləcəyini də bilmirdi...
Amma bunu anlayırdı ki, həyatın ən böyük gerçəkliyi, fəlsəfəsi fırlanmaq,
dövrə vurmaqdır!.. Qadınların ayda bir dəfə xəstələnməsi də müəyyən
sikl üzrə dövrə vurmaq, təkrarlanmaq deyildimi? Dünən o xəstələnməliydi,
ən azı xəstələnmənin əlamətləri görünməli idi. Amma, hələlik xəstələnməyib...
Kaş, yuxusu çin çıxaydı... Sevgisinin barını görəydi..
– Aysu xanum, dərsin vaxtıdır! – deyə İvan onu ikinci dəfə səslədi.
“Hey verməsəm , ağ olar” fikirləşən Aysu “gəlirəm”, deyə ucadan cavab
verdi, cins şalvar və köynəyini geyindi, bütün qadınlar kimi sövq-təbii
saçlarına sığal verib otaqdan çıxdı. O, yaxınlaşdıqda İvan ayağa qalxıb
yer göstərdi:
– Buyurun, hörmətli müəllimə!
Aysu borclu qalmadı:
– Sağ olun, siz çox lütfkarsınız. Amma dərs vaxtı şərab içmək, siqaret
çəkmək olmaz.
– Oldu, – deyə İvan sözəbaxan şagird kimi cavab verdi, çaxır və siqaret
dəsgahını götürüb qırağa qoydu.
– Buyurun, axşamkı və səhərki xəbərlərin xülasəsi...
– Sağ olun, baxaq görək, nə var, nə yox, – deyə onun uzatdığı qalın
dəftəri aldı, bir az vərəqləyib stolun üstünə atdı. – Sonra baxaram,
– dedi.
– İvan Nikolayeviç, əgər vaxtınız kifayət qədərdisə, bugünkü dərsimizi
iki hissəyə bölərdik. Birinci saatı dilə ayırardıq, sonra isə tarix,
ədəbiyyat və sair məsələlərə keçərdik... Başqa cür desək, nədən istəyirsiniz,
ondan da danışarıq.
– Çok iyi olar, – deyə İvan türkcə cavab verdi.
– Azəri türkcəsincə isə “çox yaxşı olar” deyirlər. Elə birinci dərsimizi
azəri türkcəsi ilə sizin az-çox bələd olduğunuz Anadolu türkcəsinin
fərqinə həsr edək.
Aysu bu iki türk dilinin müqayisəsindən sonra Azərbaycan türkcəsi,
onun qrammatikası haqqında ümumi məlumat verdi, fonetikanın üstündə
dayanaraq ətraflı danışdı. Ahəng qanunu çox ciddi qorunub saxlanmış
azəri türkcəsinin çox vaxt “öz türkcə” adlandırıldığını söylədi. İvan
onun dediklərini bu məqsəd üçün ayırdığı qalın dəftərdə qeyd edirdi.
Dil dərsi saat yarımadək çəkdi.
– Tənəffüs, – deyə İvan fasilə istədi, kənara çəkilib siqaretini alışdırdı.
Fasilədən sonra İvan dərsin Azərbaycanda ictimai-siyasi fikrə həsr
olunmasını təklif elədi. Aysu çiyinlərini çəkib soruşdu:
– Konkret sizi nə maraqlandırır?
– Məsələn, Ermənistan, ermənilər, onların regionda yeri haqqında Azərbaycanda
nə düşünürlər?
– Əhalinin doxsan faizindən çoxunun fikri birmənalıdır: son iki yüz
ildə erməniləri Qafqaza gətirib cəm edən, yerli əhalini sıxışdırıb,
onları indiki Ermənistan respublikası ərazisində, Qarabağda, Gəncəbasarda
yerləşdirən Rusiya dövləti olmuşdur. Bu, tarixi faktdır. Rusiya Qafqazı
işğal etdikdən sonra ona Türkiyə və İranla öz arasında bufer xətti
lazım idi. Buna görə erməniləri İranın, Türkiyənin içərilərindən Qafqaza
köçürdülər. Ermənilərinsə öz maraqları vardı: Rusiyanın vasitəsilə
öz dövlətlərini qurmaq! Bu razılaşmalar hələ I Pyotrun çarlığı dövründə
olmuşdur. Vaxtınız olanda bu kitablara baxa bilərsiniz, – deyə Aysu
dolabdakı kitabları İvana göstərdi.
İvan onlara ötəri nəzər saldı: V. L. Veliçko “Kavkaz”, İ. K. Kanadlev
“Oçerki kavkazskoy jizni”, Jorj de Malevil “Armyanskaya traqediya
1915 qoda”, Qlinko “Opisanie pereselenie armyan Adderbidjanskix v
predelı Rossii”, “Armyanskiy qenosid: Mif i realnost” və s.
İvan bu kitabları birinci dəfəydi görürdü. Onun çox maraqla baxdığını
görən Aysu əlavə elədi:
– Təəccüblənirəm, bu kitablar necə olub ki, indiyədək burada qala
bilib. Ermənilər bu qəbildən olan kitabların hamısını yandırırlar,
necə ki, Avstriya şərqşünası Erix Fayqlın 1986-1987-ci illərdə dalbadal
fransız və almanca nəşr etdirdiyi kitabının satışa buraxılan bütün
tirajını alıb yandırmışdılar.
Kitabları bir daha gözdən keçirən İvan Aysuya təşəkkür elədi:
– Çox sağ olun, bu məlumatların çoxunu mən indi eşidirəm. Bu kitabları
hökmən oxuyacağam. Qaldı onların burda salamat qalmasına, bunu deyə
bilərəm ki, evin azərbaycanlı sahibi çıxarılandan dərhal sonra buraya
rus zabiti köçürülmüşdür. Gözəgələn əşyaları yığıb aparan ermənilərin
bu kitablara baxmağa vaxtları qalmamışdı.
– Yeri gəlmişkən, onu da deyim ki, onlar Türkiyə və İran torpaqlarına
da, bir sıra mənbələrdə “Ərməniyyə” adlanan ərazilərə də sonradan
gəliblər.
– Haradan?
– Bizim eranın əvvəllərində İraqın şimalından vurulub çıxarılıblar,
Kilikiyədə köç salıblar, sonra Van gölü ətrafında “Ərməniyyə” adlanan
ərazilərə gəliblər. Siz fikir verin, onlar özlərini öz dillərində
“hay” adlandırırlar, “erməni” yox. Bir-birləri ilə tanış olanda “Ara,
hayes?”, yəni “Haysan?”-deyə soruşurlar. Yaşadıqları əraziləri isə
“Hayastan” adlandırırlar. Ərməniyyə – yerin adıdır və dünya xalqları
onları bu yerin adı ilə çağırmışlar. Məşhur rus tarixçisi Petruşevski
Urartu dövlətinin indi “erməni” adlandırılan bu xalqa heç bir aidiyyatı
olmadığını göstərmişdir.
– Doğrudan ha, mən “hay” sözünü çox eşitmişəm, amma fikir verməmişəm,–
deyə İvan təəccübünü gizlədə bilmədi. – Atam deyərdi ki, dünyanın
tarixi yenidən yazılmalıdır.
– Onlar özlərini təsdiq eləmək üçün həmişə tarixi saxtalaşdırmışlar.
Xüsusilə Qafqazda yeraltı, yerüstü türk, gürcü abidələrinin üstündə
müxtəlif əməliyyatlar aparıb öz adlarına çıxmışlar. Bunun üçün XIX
yüzillikdə yaşayıb yaratmış gürcü yazıçısı İlya Çavçavadzenin “Erməni
alimləri və ağlayan daşlar” kitabını oxuyun, hər şey sizə aydın olar,
– deyə Aysu dolabdakı kitabı göstərib sözünə davam elədi. – Mən şəxsən,
petroqradlı məşhur bir alim Piotrovskinin, XII əsrdə Azərbaycanda
Eldəgizlər sülaləsinin pullarını guya ermənilərin eramızın əvvəllərində
buraxmaları haqqında yaydıqları “elmi kəşfi” ifşa edən məqaləsini
oxumuşam.
– Məsələ məlumdur. Gəlin, keçək ikinci suala: Azərbaycanda Rusiya
dövləti, rus xalqı, iki dövlət, iki xalq arasında gələcək əlaqələr
haqda nə düşünürlər?
“Aha, deyəsən mətləbə yaxınlaşır” deyə fikirləşən Aysu əlüstü cavab
verdi:
– Rusiya və ruslara münasibət birmənalı deyil. Əvvələn, bizdə Rusiya
dövləti ilə rus xalqını bir-birindən ayırırlar. Azərbaycanlıların
əksəriyyəti rus xalqını özünə dost sanır. 90-cı ildəki Yanvar qırğınına,
Rusiya dövlətinin ermənilərə kömək etməsinə baxmayaraq bizdə rus millətinə
kin bəsləmirlər. İndi Azərbaycanda bir neçə yüz min rus yaşayır. Respublikanın
içərilərində rus kəndləri var. Camaat bir-biri ilə mehribandır. İstəyirsiniz
sizə ibrətamiz, lakin kədərli bir hadisə danışım.
– Buyurun.
– 90-cı ildə sovet qoşunlarının Bakıda törətdiyi qırğından sonra rusların
çoxu xəcalət çəkirdi. Bakının yüz kilometrliyindəki Salyan şəhərində
isə bir rus kişisi onun millətindən olan ordunun əməlinə etiraz olaraq
özünü asdı. Onun arvadının ağlaya-ağlaya təmiz Azərbaycan dilində
televiziya üçün mənə verdiyi müsahibəni həmişə xatırlayıram. O deyirdi
ki, ərim rus ordusunun bu vəhşiliyindən sonra stress keçirmişdi, dostlarının
üzünə çıxa bilmirdi. Qonşular onun yanına gəlib deyirdilər: “Sənin
nə günahın? Ağlını yığ başına, camaat arasına çıx”. O isə heç kimə
qulaq asmadı. Deyirdi: “Bu insanlar bizi özlərindən ayırmamışlar.
Xeyirdə, şərdə birgə olmuşuq. İndi mənim mənsub olduğum millətin ordusu
günahsız insanları qırıbdır. Bu töhməti üstümdən götürməyin bircə
yolu var...” Bir gün səhər durub gördüm ki, məktub yazıb qoyub...
özünü asıbdır.
– Məni bərk təsirləndirdiniz, icazə verin bir siqaret yandırım, –
deyə İvan kənara çəkildi, bir stəkan çaxır içib siqaretini tüstülətdi.
Altdan-altdan ona göz qoyan Aysu bilə bilmədi, o, gerçəkdənmi təsirləndi?
On dəqiqədən sonra heç nə olmamış kimi İvan Aysuya yeni sual verdi:
– Bu iki xalqın, dövlətin gələcək əlaqələrindən nə deyə bilərsiniz?
– Azərbaycanda belə bir məsəl var: yaxın qonşu uzaq qohumdan irəlidir.
Yəni adamın ən çox əlaqəsi qonşu ilə olur. Azərbaycanda dərk edirlər
ki, Rusiya onların yaxın qonşusudur. Azərbaycanlılar rusları amerikalılardan,
qərbi avropalılardan daha yaxşı başa düşür,özlərinə yaxın hesab eləyirlər.
Rusiya Azərbaycana, Azərbaycan Rusiyaya gərəkdir. Di gəl ki, Rusiya
yapışıb Ermənistandan. Ona görə də bu boyda Azərbaycanı özündən uzaqlaşdırıbdır.
Bilmək olmur, dünyanın yenidən düzənləndiyi bir çağda Ermənistanın
Rusiyaya nə xeyri? Məncə, Rusiya Pyotrdanqalma dövlət siyasətini dəyişməli,
onun əhatəsində olan türk dövlətləri ilə əlaqələrini yenidən qurmalıdır.
Rusiyanın özündə Sibirdən, Altaydan, Uraldan tutmuş Moskvanın özünədək
nə qədər müsəlman türk xalqları yaşayır. Avrasiya ittifaqı ideyası
ətrafında birləşmək lazımdır.
Aysunu məftunluqla dinləyən İvan zənnində yanılmadığına bir daha əmin
olurdu. “Belə düşüncə sahibini Moskvaya işləməyə yönəldə bilsəm, şübhəsiz,
rəhbərliyin təqdirinə layiq görüləcəyəm” – deyə fikirləşərək soruşdu:
– Bəs siz, Aysu xanum, bu ideyaların reallaşması üçün, bu iki xalqın
gələcəkdə qarşılıqlı, faydalı əməkdaşlığı üçün çalışmaq istəmirsinizmi?
İvanın məqsəd və fikirlərini göydə oxuyan Aysu əlüstü cavab verdi:
– Mən namuslu vətəndaş kimi xalqımın gələcəyi üçün əlimdən gələni
eləməyə hazıram. Amma indi burda mən nə edə bilərəm?
– Söhbət Bakıdan gedir. Siz Bakıya dönəndən sonra dediyiniz ideyaların
həyata keçməsi üçün çalışa bilərsinizmi?
– Necə?
– Dediniz ki, orada sizin kimi düşünənlər çoxdur. Onlarla əlaqə yaradarsınız.
Nəriman Nərimanovun Azərbaycan xalqının öz taleyini rus xalqı ilə
bağlaması haqda məhşur kəlamını bilməmiş olmazsınız...
Aysu başı ilə təsdiqlədi. İstədi desin ki, Nərimanovu birdəfəlik susdurmaq
üçün Moskvaya apardılar, sonra öz ovunu yeyərkən “ağlayan” timsah
kimi göz yaşları tökərək, öldürüb Kreml divarlarının yanında basdırdılar.
Oxumuşdu ki, onu Stalinin tapşırığı ilə Orcenikidze zəhərləmişdir...
Amma bu sözləri demədi. Söhbəti başqa məcraya yönəltmək olmazdı. O,
canını xilas eləmək üçün, özünün şərəf və ismətini qorumaq üçün bu
imkandan istifadə eləyib faydalanmalı idi...
– Mən oraya necə və nə vaxt qayıdacağımı bilmirəm, axı!?.
– Dəqiq vaxt deməkdə çətinlik çəkirəm. Amma necə qayıtmağı sizə demişəm.
Yenə təkrarlayıram: siz Bakıya Moskvadan qayıdacaqsınız. Mənim dediklərimə
əməl edin, hər şey yaxşı olacaq. Allah sizə nadir gözəllik və sağlamlıqla
yanaşı ağıl, savad da veribdir. Allah bunun hamısını bir buket kimi
tək-tük adamlara əta eləyir. Adətən, gözəl qızların çoxu ağıl və savaddan
dayaz olurlar. Allah gözəlliyi ona görə yaradıb ki, insanlar ondan
zövq alsınlar, gözəllik sahibləri başqalarına da pay versinlər.
– Mən sizin dediklərinizlə hərəkət etməyə hazıram, çox şeylərdə, xüsusilə,
xalqlarımızın gələcəyi barədə bizim baxışlarımız uyğun gəlir. Amma
“gözəllikdən pay” barəsində fikirləriniz mənim üçün abstraktdır, anlaşılmazdır.
Əgər siz bunu mənim başa düşdüyüm ucuz mənada deyirsinizsə, bu elə
ucuz qadınların, zahirən gözəl, daxilən boş, mənəviyyatsız qadınların
işidir. Əgər gözəl qadın ondan uman hər kəsə pay verirsə, cəmiyyətdə
onu barmaqla göstərib başqa bir adla çağırırlar... Qadın öz gözəlliyindən
pay verəcəyi şəxsi sevməlidir, mənən ona yaxın olmalıdır. Siz belə
şeyləri məndən yaxşı bilirsiniz...
– Doğru deyirsiniz. Bunlar sevgi haqda ümumi, bütün xalqlarda təqribən
eyni olan hisslərdir. Amma həmişə belə olmur. Qadın, kişi, fərqi yoxdur,
hər ikisinin başqa cinsə bioloji, daxili tələbatı var. O tələbatları
ödəməyəndə adamı süstlük bürüyür, beyin kütləşir, əsəblər tarımlaşır,
iştah pozulur... İnsanlar cinsi yetişkənliyə çatanda, hər bir kəs
başqa cinslə yaxınlıq etməyə can atır. Bu istəyi uzun müddət boğmaq
bədəndə müxtəlif fəsadlara rəvac verir, ömrün sonrakı mərhələsində
də...
– Sizi anlaya bilmirəm... Mən qadın-kişi münasibətlərinə ilk öncə
əxlaq bucağından baxıram. Ərləri İkinci Dünya Savaşında həlak olmuş,
bir üzü qız, bir üzü gəlin qalmış neçə qadın tanıyıram. Onlar ərə
getməyərək öz gəncliklərini uşaqlarına, ərlərinin xatirəsinə qurban
versələr də, nə süstləşmişdilər, nə də kütləşmişdilər. Əksinə, həyatın
ağırlıqları ilə çarpışıb övladlarını adam arasına çıxarmışlar, – deyə
qıpqırmızı olmuş Aysu söhbətə yekun vurmaq istədi. – Deyəsən, bugünkü
dərsimiz qurtardı. Mən gedə bilərəmmi?
“Ayının min oyunu var, bir armudun başında” deyiblər. Armudun dərmək
üçün hələ yetişmədiyini görən İvan qızın son sözlərini eşitməzliyə
vurdu:
– Zaman dəyişibdir. Əsrin əvvəlindəki rus qadınları ilə indikilərin
əxlaqı arasında yerlə göy qədər fərq var. Elə Avropada da belədir.
Mənəvi dəyərlərin, əxlaqın ölçü meyarları indi tamam dəyişibdir. Xalqların
həyat tərzi, dünya görüşləri də geyimləri kimi bir-birinə yaxınlaşır.
Madam ki, asiyalılar, afrikalılar, elə siz qafqazlılar bu gün avropalıların
geyimlərini götürübsünüz, sabah-birisigün onların açıq-saçıq həyat
tərzini də götürəcəksiniz. Tezliklə, sizin fəxr etdiyiniz müsəlman
abır-həyasından bir şey qalmayacaq. İndi insanların beynini bir fikir
məşğul eləyir: bu fani dünyadan kam almaq, ona xoş gələn hər şeyi
etmək!
– Sizə etiraz eləmirəm. Xüsusilə, son sözləriniz ürəyimcədir. Mən
də xoşuma gələn şeyləri eləyirəm... Ölərəm, amma istəmədiyim şeyi
qəbul eləmərəm. Özümü məcbur eləməyi bacarmıram...
Qızı yola gətirə bilməyəcəyini anlayan İvan “valı” dəyişdi:
– Deyəsən, əsas söhbətdən uzaqlaşdıq... Yaxşı, ruslara münasibətiniz
aydındır. Bəs ermənilərə necə? Hamısına bir bucaq altından baxırsınız?
– Yox... Erməni terrorçularıyla adi erməni kəndlisini eyniləşdirmək
olmaz. Erməniləşmiş albanları bir qırağa qoyuram. Bu son bir neçə
yüz ildə gəlmə ermənilər də bizə yaxın olmuşlar. Bizim çox məişət
adətlərimizi götürmüşlər... Bizim toylarda musiqiçilər arasında erməni
aşıqları da olmuşlar. Onlar Azərbaycan xalq musiqisini gözəl ifa etmişlər,
öz şerlərinin çoxunu azəri türkcəsində yazmışlar, bizim sazda çalıb
oxumuşlar.
– Bəs siz Əbülfəz Elçibəy haqqında nə düşünürsünüz?
– O, atamın dostudur, universitetdə bir yerdə oxuyublar.
– Necə? Lap yaxın olublar? Yoxsa elə belə tanış...-deyə kürsüyə yayxanmış
İvan dikəldi. Bu sözlər onu çox maraqlandırdı.
– Bəli, yaxın olublar. Mən uşaq olanda, hakimiyyətə gəlməzdən qabaq
bizim evdəki məclislərdə çox görmüşəm onu. Atam onun prezident olmasına
razı deyildi. Üzünə demişdi ki, sən hakimiyyət uğrunda mübarizəyə
girmə, namizədliyini irəli sürmə... Xalq Cəbhəsinin lideri kimi qalsan,
daha yaxşı olar... Dövləti idarə eləmək asan iş deyil...
– Bəs parlamentin sədri İsa Qəmbər haqqında nə deyə bilərsiniz?
– O gəncdir, atamla yaxınlığı olmayıb. Amma tanışlıqları var. Atamın
mülahizələrinə, özümün eşidib gördüklərimə əsasən deyə bilərəm ki,
Əbülfəz Elçibəy ən çox ona inanır. O, komandanın içərisində ən tədbirli,
soyuqqanlı, təmkinli, savadlı, sözübütöv hesab olunur. Atam deyərdi
ki, o, özündən sonra varis kimi İsa Qəmbəri görmək istəyir.
Qıza çox diqqətlə qulaq asan İvanın üzünün bayaqkı ifadəsi tamam dəyişib
ciddi, rəsmi görkəm almışdı:
– Çox maraqlı mülahizələriniz var, Aysu xanum. Nə fikirləşirsiniz,
Heydər Əliyev yenidən hakimiyyətə gələ bilərmi?
– Təbii, hər bir azərbaycanlı siyasətçi bu şansı qazana bilər. Moskva
onun qədrini bilmədi...
– Düz deyirsiniz...
– İyirminci yüzillik Azərbaycan xalqına çox görkəmli şəxsiyyətlər,
siyasi xadimlər vermişdir: Məmmədəmin Rəsulzadə, Nəriman Nərimanov
və Heydər Əliyev.
– Heydər Əliyevin son fəaliyyəti, həyat tərzi haqqında bir məlumatınız
varmı?
-Təəssüf ki, hamıya məlum ümumi məlumatlardan başqa bir şey deyə bilməyəcəyəm.
Bunu bilirəm ki, xalq arasında onun dayaqları, ona inananlar çoxdur.
Deyirlər ki, əgər Heydər Əliyev hakimiyyətdə olsaydı, ermənilər başımıza
bu oyunu gətirə bilməzdilər. Vəssalam...
“Bu gün bəsdir” deyə fikirləşən İvan saatına baxıb ayağa qalxdı:
– Bir az işləmək gərəkdir. Sabah tezdən oyanmalıyam. Obaşdan təbiəti
seyrə çıxacam, bax oralara gedəcəm, – deyə pəncərədən günəşin qürub
çağı daha əzəmətli görünən dağları göstərdi, sonra Aysuya sarı çevrilib
soruşdu: – Həvəsiniz varsa sizi də apara bilərəm. Əgər ömür boyu xatirənizdə
həkk oluna biləcək əsrarəngiz, qəribə, seyrangah mənzərələr görmək
istəyirsinizsə, buyurun... Sizə bu fürsəti əldən buraxmamağı məsləhət
görərdim.
O, son sözləri qızın tərəddüd elədiyini duyduğu üçün dedi.
İvanın sözlərinə həmişə səksəkə ilə qulaq asıb gizli mənaları anlamağa
çalışan Aysuya, onun gözlərində ani bir şeytani ifadənin ötüb keçməsi
narahatçılıq törətsə də, maraq öz işini gördü. O, uzaqdan baxdığı,
heç vaxt çıxmadığı bu dağlardan şərqdən qərbə – Haramı çölündən Gəyən
düzünədək, cənubda Araz çayından o yanda sıralanmış Qaradağ dağlarınadək
geniş bir mənzərəni görmək arzusunu boğa bilmədi. Həm də İvan belə
istəyirdi. Aysu tək bircə şeydən başqa İvanın bütün istəklərinə əməl
etməyə hazır idi. Təki namusuna toxunulmasın... Namusunu qoruya bilməsə,
bu, hər şeyin sonu demək idi.
– İstəyirəm. Məni gəzintiyə dəvət etdiyiniz üçün sizə minnətdaram.
Aysunun cavabından məmnun qalan İvanın sifətində yenə şeytani bir
təbəssüm oynadı. Bu dəfə Aysu onu görə bilmədi...
İvan Aysunun əlini öpüb öz otağına çəkildi. O, son günlər gördüyü
işləri saf-çürük edib, hesabat yazmalı, diqqətlə oxuyub ora-burasını
düzəltməli, sonra yuxarıya – rəislərinə ötürməli idi.
Tək buraxılmasından böyük məmnunluq duyan Aysu yeganə həmdəmi olan
kitablarla qaldı. Bunların çoxu Bakıda çap olunmuşdu, evlərində də
vardı. O, həmişə gənc hesab edilən, ruhlar aləmində dolaşan səma şairi
Vaqif Bayatlının kitabını götürüb kresloya çökdü, dərdini unutmaq
üçün poeziya aləminə qərq oldu...
Ancaq sətirlər arasında tez-tez mənzərələr peyda olurdu: doğma yurdun
seyrangahları. Hətta, hərdən dayanıb, özünü yoxlayırdı. Bu, xəyali
bir görünüş idi, yoxsa, ruhu ondan ani olaraq ayrılıb o yerlərə getmişdi...
Özünü qınayırdı ki, son görüşlərində, fürsət düşmüşkən niyə atasını
qucaqlayıb öpmədi...