Oğurlanmış öpüş
İvan oyananda gün artıq əyilmişdi.
Əl-üzünə su vurmaq üçün duşxanaya girdi. Hamam sanki başqalaşmışdı.
Əslində, burada əlüzyuyanın üstündəki taxçaya qoyulmuş, Aysuya məxsus
diş fırçası, pastası, daraq və dezodorantdan savayı yenilik yox idi.
Odunla, kömürlə qızdırılan hamamda isti qadın nəfəsi duyulurdu. O,
çoxdandı bu nəfəsdən məhrum olmuşdu. Qəribədir, Aksana demək olar
ki, hər gün burada yır-yığış eləyirdi. Amma İvan onun varlığına, ruhuna
təsir eləyən ilıq qadın nəfəsini duymurdu. İndisə... gözəllik duyğuları
onu çuğlamışdı. Bu duyğular maraqlı bir həyatdan xəbər verirdi.
İvan yuyunub özünü sahmana saldıqdan sonra aynabəndə çıxdı. Aysu möhkəm
işləyirdi: dolabdan çıxarıb yerə tökdüyü kitabların tozunu alıb iki
yerə ayırır, ruscanı və azərbaycancanı başqa-başqa gözlərə yığırdı.
Kitabların əksəriyyəti bədii ədəbiyyat, bir qismi isə tarixi oçerklər
idi.
İvan kitabxanaçının işini yoxlamağa gəlmiş müfəttiş kimi kitabları
ciddi nəzərlərlə gözdən keçirdi. Tanışlığa Azərbaycan bölməsindən
başladı. Burada Nizami, Füzuli, Vaqif, Mirzə Ələkbər Sabir, Üzeyir
Hacıbəyov, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Mikayıl Müşfiq, İlyas
Əfəndiyev, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Salam Qədirzadə, Sabir Əhmədov,
Anar, Vaqif Bayatlı, Ramiz Rövşən, Kamil Nərimanoğlu və b. yazıçı
və şairlərin kitabları vardı. “Rus bölməsi”ndə isə Tolstoyun, Lermontovun,
Puşkinin, Qoqolun, Qumilyovun, Veliçkonun, Piqulun və digər yazıçıların
kitabları düzülmüşdü. Qeyri-rus və Azərbaycan yazıçılarının tərcümə
olunmuş əsərlərini Aysu ayrıca yığmışdı. Üzeyirbəyin kitabının tozunu
alarkən onun ilk müəllimliyini Hadrutda başlamasını xatırlayıb qəribə
duyğular keçirmişdi.
– Çox gözəl. Buraya divan, kürsü və jurnal stolu da qoysaq, olar əla
bir mədəni istirahət guşəsi. Sovet dövrü olsaydı, rəhbərlik adından
sizə yazılı təşəkkür edib mükafatlandırardım.
– Şifahi də bəs eləyər. İnsanın əməyini qiymətləndirmək həmişə xoş
duyğular oyadır. Təəssüf ki, bizim günlərdə nəinki insanın əməyinə,
yaratdıqlarına, heç onun özünə qiymət qoyulmur. İnsan həyatı çox ucuzlaşıb...
– deyə Aysu onun atmacasını cavabsız qoymadı.
– Nə etməli, dünyanın beşdə birini tutmuş böyük bir dövlət dağıldı...
Müharibədir, çox dəhşətli, amansız, heç bir qanuna tabe olmayan müharibə...
Burada insan, kimliyindən asılı olmayaraq, əli avtomatlı əsgərin qarşısında
peyda olursa, hədəfə çevrilir.
– Əslində, sovet dövründə də insana dəyərincə qiymət verilmirdi. İnsana
müəyyən işi görmək üçün vasitə, istehsal üçün canlı qüvvə kimi baxılırdı,
– deyən Aysu əli ilə Rəsul Rzanın kitabını göstərdi, – Şair “Sarı
dana” adlı bir şer yazmışdı. Orada kolxoz fermasında bir dananın xəstələndiyi
üçün rayon rəhbərlərinin bir-birinə dəyməsi, raykomun birinci katibinin
şəxsən kəndə yollanması, bu dananın sağalması üçün əlindən gələni
etməsi göstərilir. Danaya baxan gənc qız xəstələndikdə, Ona heç kolxozun
sədri də baş çəkmir, qız ölür.
– Qəmgin, ibrətamiz hadisədir. Bu həqiqətən belə idi. Əsas insanın
özü yox görəcəyi iş idi. Geniş kütlələri işlətmək üçün cəmiyyətə nümunə
göstərməyə bir şey lazım idi. Bəs Nizami Gəncəvi necə baxırdı bu məsələlərə?
– deyə İvan dolabdakı “Xosrov və Şirin” poemasını götürüb vərəqləməyə
başladı.
– İnsan amili böyük Nizamidə birinci idi. O, cəmiyyətdə ədaləti bərpa
etmək üçün bütün əsərlərində adil hökmdar obrazı yaradırdı. Bu onun
romantik qayəsi idi.
– Amma deyirlər ki, o, fars şairidir. “Xəmsə”sini türkcə yox, farsca
yazmışdır.
– Onun türkcə yazdıqları bizə çatmamışdır. Lakin onun öz əsərlərində
türkləri şərəfləndirməsi, Azərbaycanı, xüsusilə Bərdəni, haqq və ədalət,
namus və qeyrət rəmzi olan şahzadə Şirini çox incə duyğularla vəsf
etməsi, Leyli və Məcnun poemasının sifarişçisi olan Dərbənd hakimi
Axsitanın ondan öz dilində yox, farsca yazmağını tələb etməsindən
şikayətlənməsi, qıpçaq qızı ilə evlənməsi şairin azəri türkü olduğunu
sübut etmirmi? İndi rus dilində yazan bizim Azərbaycan yazıçısı Rüstəm
İbrahimbəyovu, Qafqazın, Orta Asiyanın, yerli Sibir tayfalarının,
Tatarıstanın rusdilli yazıçı və şairlərini biz kimə aid etməliyik?
– Məsələ məlumdur, – deyə İvan “Xosrov və Şirin”i yerinə qoyub Füzulinin
“Leyli və Məcnun”unu götürdü, yarızarafat dedi:
– Deyəsən, klassiklərinizin əsas mövzusu ərəblərin eşq dastanı “Leyli
və Məcnun” olub.
– Sizdə heç o da olmayıb, – deyə Aysu istehza ilə gülümsəyib, İvana
sərt cavab verdi. – Mənə göstərin, XII əsri demirəm, XVIII əsrə qədər
bir rus şairini?
İvan qaşlarını çatıb gözlərini tavana zillədi, yaddaşını qurdalamağa
başladı. Aysu əsirliyini unudub birinci dəfə ürəkdən gülüb dedi:
– İvan Nikolayeviç, özünüzü yormayın, tapmayacaqsınız. Ona görə ki,
yoxdur. “İqor polku dastanı”na da toxunmayın. Qazax filoloqu Oljas
Süleymenov “AZiYa” kitabında rus ədəbiyyatçılarının fəxrlə göstərdikləri
o dastanın türk tayfalarına məxsus olduğunu, sonralar rus dili formalaşmağa
başlayanda tərcümə olunduğunu çoxdan sübut edib. Özü də bilirsiniz
nəylə? Təkcə tarixi faktlarla yox, dastanın özündə olan söz və ifadələrlə.
O kitab burda var, boş vaxtınızda oxuyarsınız, – deyə Aysu dolabdan
götürdüyü kitabı İvana uzatdı.
Cavab tapmayan İvan da ürəkdən güldü. Onun kefinin durulmasının səbəbi
Aysunun təbii halına qayıtması, onunla tay-tuş kimi davranması idi.
Ona görə də bu mübahisədə məğlub olması vecinə deyildi. Necə ki, yeniyetmə
vaxtı xoşuna gələn qonşu qıza şahmatda uduzarkən onunla bərabər əl
çalmışdı, onun qələbəsinə, özünün məğlubiyyətinə görə sevinmişdi,
gedib bir manat otuz qəpiyə “Nağıl” tortu almışdı.
Vəcdə gəlmiş Aysu hücumu dayandırmadı:
– Bizimsə bütün dünyada tanınan V-VII əsrlərə aid “Dədə Qorqud” dastanımız
var. Nizamidən başqa onun çağdaşı Xaqanimiz, Məhsəti Gəncəvimiz var.
Bunlardan çox-çox əvvəl Sibir qayalarında Orxon– Yenisey abidələrimiz
var.
– Tamam, tamam, – deyə mübahisəyə girmək istəməyən İvan mövzunu dəyişdi.
– Mənə Füzuli haqda bir az danışın. Çünki iraqlılar, xüsusilə ordakı
türkdilli tayfalar onu sizin kimi deyil, Füzuli Bağdadi adlandırırlar.
Bu, Aysu üçün gözlənilməz oldu. Doğrudur, İraq türkmanları, oradakı
Bayat tayfaları haqda onun bilgisi vardı. Lakin sevimli şairinin bu
təxəllüsünü birinci dəfə idi eşidirdi. Amma özünü o yerə qoymadı,
İvanın belə məlumat sahibi olması onu təəccübləndirdi:
– Siz Füzuli yaradıcılığı ilə tanışsınızmı?
– Yox, çox az məlumatım var. Səksəninci illərdə mən Bağdadda işləyəndə
onun qəbrinin köçürülməsi ilə bağlı sizin şairlər hay-küy qaldırmışdılar.
Aysu ədəbiyyat tarixindən bildiklərini İvana danışmağa başladı:
– Ola bilər. Füzulinin dövründə Bağdad Şah İsmayıl Xətainin dövlətinə
daxil idi və burada rəsmi dil azəri türkcəsi idi. Ümumiyyətlə, Səfəvilər
dövləti yarananda İranda rəsmi dil türk dili olub. Şah İsmayıl Xətai
Avropa dövlətləri ilə diplomatik yazışmaları türkcə aparırdı. Onun
babası Uzun Həsən də dövlət işlərini türkcə aparmışdı. Uzun Həsənin
anası Sara Xatun xüsusi səfir funksiyasını yerinə yetirirdi.
– Xanum əfəndi, Şərq üzrə mütəxəssis olsam da mən tarixçi deyiləm.
Yalnız ərəb tarixi ilə bağlı məqamlardan məlumatlıyam. Mən Şərq musiqisini,
şerini dinləməyi xoşlayıram, onlardan zövq alıram. İndi çox istərdim,
o məşhur şairin yaradıcılığı ilə tanış olam, onun bir qəzəlini mənə
tərcümə edəsiniz. Ərəbcə olsaydı, özüm oxuyub başa düşərdim.
– Bilirsiniz, ərəbcə də, farsca da mükəmməl bilən o böyük insan həmin
dillərdə də yazıb yaratmışdır. Lakin Füzulinin də, bizim əsrin əvvəllərində
yazıb yaratmış satirik şair Mirzə Ələkbər Sabirin də ruscaya tərcüməsi
mümkün deyil. Hərfi tərcümədə isə onların əsərlərinin siqləti itir.
– Mən başa düşürəm, onlar əruz vəznində yazmışlar. Əruzu da tərcümə
eləmək zor işdir. Mən istərdim ki, o qəzəllərdən bir-ikisini sətirbəsətir
oxuyasınız, birlikdə tərcümə edək.
Aysu üzünə zoğalı rəngli cild çəkilmiş, nəfis tərtibatlı “Qəzəllər”
kitabını götürüb vərəqləyə-vərəqləyə dedi:
– Füzuli eşq şairidir. O, özü gənc yaşlarında ustadının qızına aşiq
olmuş, lakin bu ilk sevgi baş tutmamışdır. Şairin nakam sevgisinin
vurduğu yara ömrü boyu sağalmamışdır. Əslində o, heç bu yaranın sağalmasını
da istəməmişdir. Pərvanə aşiq olduğu şam işığının başına dolana-dolana
qanadlarını yandırdığı kimi, Füzuli də eşq oduna yandıqca yanmaq istəyirdi.
O, eşqinin verdiyi əzabın, işgəncənin daha şiddətli olmasını arzulayırdı,
bundan ləzzət alırdı. Bax, elə götürək bu beyti, – deyə Aysu əzbər
bildiyi məşhur qəzəldən bir beyt oxudu:
– Yarəb, bəlayi-eşq ilə qıl,
aşina məni,
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
– Hə, bax bunu mənə tərcümə edin,
– deyə İvan onu saxladı.
– Bu beyti belə izah etmək olar: Eşq bəlasına mübtəla olmuş aşiq Füzuli
əllərini göyə qaldırıb rəbbinə yalvarır ki, onu eşq bəlasına aşina
etsin və bir saniyə də onu bu eşq əzabından, eşq bəlasından ayrı salmasın.
Sonra o, məşhur “Məni candan usandırdı” qəzəlindən bir beyt oxuyub
izahını verdi:
– Məni candan usandırdı, cəfadan
yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəm’i yanmazmı?
Burada şair göstərir ki, o, verilən
cəfadan usanmışdır, amma sevgilisi ona cəfa verməkdən yorulmaq bilmir.
Onun ahından göydəki ulduzlar alışıb yandı, özününsə arzusunun, muradının
balaca şamı yanmır ki, yanmır...
Beləliklə, Aysu şairin bir neçə qəzəli ilə İvanı tanış elədi. Qıpqırmızı
qızarıb pörtmüş İvan bu dəmlər tamam başqalaşmışdı. Onun donuq, bulanıq
baxışları durulmuşdu. İvan qəribə hisslərlə yaşayırdı. O, içməmiş
məst olmuşdu. Amma bilmirdi, bu məstlik Füzuli şerinin təsirindəndi,
yoxsa onu böyük məhəbbət şairinin vəsf etdiyi gözəllərdən birinin
dilindən eşitməsindəndi...
Füzulinin şerlərinin əfsunundan Aysu da İvanın kimliyini, bu imperiya
əsgərinin ata yurduna təcavüz edənlərlə əlbir olmasını unutmuşdu;
onu xalqının ədəbiyyatı ilə maraqlanan bir əcnəbi sanırdı.
– Bu eşq şairinin mey haqqında necə, şerləri varmı?
– Əlbəttə, var, bu saat tapım, – deyən Aysu növbəti qəzəli oxumağa
başladı:
Cam içrə mey ki, dairə salmış
hübab ona,
Ayinədir ki, əks salır aftab ona.
Zahid sual edərsə ki, meydən
nədir murad?
Bizdə səfadır, onda küdurət, – cəvab ona...
Çeşmin mərizi oldu könül, ləlinə
yetir,
Rənci-xumara düşdü, dəvadır şərab ona.
Təklifi-cənnət eyləmə kuyunda
könlümə,
Çün cənnət əhlidir, nə verirsən əzab ona?
Məsduddur Füzuliyə meyxanələr
yolu,
Ya rəb, hidayət eylə təriqi-səvab ona!
Qəzəldəki türk sözlərinin mənasını
Aysunun tərcüməsi ilə anlayan İvan şeri tam başa düşdü. O, vəcdə gələrək:
– Əla, lap adamın ürəyinə işləyir. Bu qəzəllərdən sonra bir piyalə
şərab içməsək, şairin ruhuna hörmətsizlik edərik, – dedi, sonra mətbəxdən
bir şüşə evdə çəkilmiş, qan rəngli şərab və iki piyalə gətirib, kitab
dolabının boş rəfinə qoydu, piyalələrdən birini ağzınacan doldurdu,
o birisinə isə yarısına qədər süzüb dedi:
– Bunu içək o böyük şairin, hal əhlinin ruhunun sağlığına. O şairin
ki, on altıncı əsrdən baxıb iyirminci əsrin gözəlini görmüş, onu incə
məhəbbətlə təsvir etmişdir. Və o gözəl indi mənim qarşımda durubdur.
“Yenə başlandı” deyə fikirləşən Aysunun əhvalı pozuldu. Bunu sezən
İvan onu qabaqladı:
– Bu mənim həyat tərzimdir. Xahiş edirəm, əhvalımı korlamayın, qaldırın
piyaləni, bircə qurtum da olsa için. Görürsünüz, sizə lap az süzmüşəm.
Söz verirəm ki, bircə piyalə içib dərsimizə davam eləyəcəyik.
– Siz bunu dərsmi hesab edirsiniz?
– Əlbəttə, mən Azərbaycan ədəbiyyatı ilə tanış oluram.
Aysu mübahisənin yersiz olduğunu görüb piyaləni qaldırdı, iki qurtum
içib yerə qoydu. İvansa axıradək boşaltdı, sonra dolabdan növbəti
kitabı götürüb, üz qabığında müəllifin kirillə yazılmış adını oxudu:
– Molla Pənah Vaqif... Şerlər... – sonra qımışaraq soruşdu: – Yəqin
ki, bu, molla şairin dini şerləridir, mərsiyələridir...
– Yox, Vaqif də sevgi şairidir. Lakin o, Füzulidən fərqli olaraq xəyalındakı
pəriləri yox, həyatdakı gözəlləri vəsf etmişdir. O, Azərbaycan şerində
Füzulinin sevgi ilahəsini göylərdən yerə endirmişdir. Onun şerlərində
vəsf olunan gözəllər gündəlik həyatda gördüyü alyanaqlı, saçlarını
mərmər sinələrinə tökmüş, qoşaxallı Azərbaycan gözəlləridir. Vaqif
Qarabağ hökmdarı İbrahim xanın vəziri olmuşdur. Əslən Qazax mahalından
olan şairə elminə, savadına görə xalq Molla təxəllüsü vermişdir.
– Əgər söhbət Qarabağdan düşdüsə, istərdim onun haqqında məni yaxşıca
məlumatlandırasınız. Bu başıbəlalı bölgə haqda biliyim çox azdır.
Buraya gəlməzdən qabaq Qarabağı öyrənmək istədim. Moskva kitabxanalarında
rusca olan mənbələrin çoxunun müəllifləri ermənidir. Azərbaycanlı
müəlliflərin Qarabağ haqda əsərlərinə rast gəlmədim. Açığını deyim
ki, sovet dövründə Rusiya ucqarlarında Qarabağ nədir, heç Azərbaycanı
əməlli-başlı tanımırdılar. O zamanlar Moskvanı Afrika, Hind-Çin, Latın
Amerikası maraqlandırırdı. Biz o ölkələri Qafqazla müqayisədə qat-qat
dərindən öyrənirdik.
Söhbətin bu axarda dəyişməsi Aysunun ürəyindən oldu. Onun əlinə öz
fikirlərini deməklə bərabər rus zabitindən bəzi şeyləri öyrənmək fürsəti
düşmüşdü. Təmkinini pozmayan qız soyuqqanlılıqla dedi:
– Əvvəla, onu nəzərinizə çatdırım ki, Qarabağ haqqında qarabağlıların
özləri ötən əsrdə, bu əsrin əvvəllərində kifayət qədər yazmışlar:
“Qarabağnamə”lər zəngin xəzinədir. Son illərdə də bu mövzuda kitablar
nəşr olunmuşdur. İş burasındadır ki, bu kitablar Moskva kitabxanalarına
gedib çatmır. Məlum qüvvələr buna mane olurlar. İstəyirlər ki, oradakı
mənbələr ancaq erməni müəlliflərinki olsun. Yaxşı, söhbətə hardan,
nədən başlayaq? Sizi konkret nə maraqlandırır?
– Başlayaq elə onun adından, toponomiyasından: Qarabağ sözünün mənası
nədir və bu ərazi nə vaxtdan belə adlanır...
– Atamın tədqiqatlarına görə, Qarabağ “Böyük bağlı-bağatlı torpaq”
deməkdir. “Qara” sözünün türk dilində böyük, torpaq, yer mənası da
var. Baxın, İranla Qarabağ bölgəsinin sərhədi olan Araz çayının o
tayındakı digər Azərbaycan bölgəsi “Qaradağ” adlanır. Bunun da mənası
“ böyük dağ, dağlıq yer” deməkdir. Ulu əcdadlarımız çox-çox qədimlərdə
Arazın o tayındakı çılpaq, quru dağlarla sıralanmış, əkin üçün çox
da yararlı olmayan əraziyə “Qaradağ” adını vermişdir. Arazın bu tayındakı
əkinçilik üçün gözəl şəraitli, bağ-bağatlı, dağları yaşıl meşəli,
kiçik çaylarla, bulaqlarla zəngin olan ərazini isə “Qarabağ” adlandırmışlar.
Amma bu adların nə zaman verilməsi barəsində bilgim yoxdur.
– Ermənilər qədimlərdə bu yerlərin “Arsax” adlandırıldığını iddia
edirlər.
Aysu qımışdı:
– Bunu elm deyir, bizdə də təsdiqləyirlər. Amma bu nəyi dəyişir? Eramızdan
öncə Sibirdən tutmuş Kiçik Asiyayadək bu ərazilərdə türk tayfaları,
saklar yaşamışlar. Biz elə onların törəmələriyik. “Ərsax” türk sözüdür,
mənası “sak kişiləri” deməkdir. “Ər” kişi deməkdir, “sax” isə elə,
“sak” sözüdür. Müqayisə eləyin, Saxalin yarımadası, bir vaxtlar Yakutiya
adlanan Saxa Respublikası. Uraldan tutmuş Uzaq Şərqədək belə toponimlərə
çox rast gəlmək olur. “Sak” toponiminin izləri Azərbaycanda çoxdur.
Bizim qədim Şəki şəhərinin və xanlığının adı “sak” sözünün dəyişmiş
formasıdır. “Ş” və “S” səsləri bir-birinin məxrəcidir. Məsələn, Azərbaycan
və Anadolu türkləri “başabaş, beş”, Şimali Qafqazdakı Pyatiqorsk şəhərinin
əsl adı olan “Beştau” kimi sözləri Qazaxıstanda “basabas”, “bes”,
“Bestau”, “Şəki”ni isə “Səki” kimi tələffüz eləyirlər. Əsrin əvvəllərində
indiki Ermənistanın ərazisinə daxil edilmiş qədim Zəngəzur bölgəsində
də Şəki adlı yaşayış məntəqəsi vardı... Səksəninci illərədək orada
azərilər yaşayırdılar. “Ər” sözü hələ gedib şumerlərə çıxır. “Şum
erləri”, yəni əkinlə məşğul olan kişilər deməkdir. Fransız tarixçisi
Elize de Rekyünün 1904-cü ildə ruscaya çevrilib Petroqradda nəşr olunmuş
bir kitabı var. Orada göstərilir: Arilər Mesopatamiyada arxeoloji
qazıntılara başlayanda ehtimal edirdilər ki, burada onların əcdadlarının
qalıqları yatır. Amma ilk nəticələri aldıqda məyus oldular... Burada
türk sivilizasiyasının qalıqları yatırdı... Antropoloji cəhətdən Kiçik
Asiyada hethetlərinki kimi... Sizin tarix kitablarında onlar “xettı”
adlandırılır.
– Çox maraqlıdır. “Ər” sözü gərək ki, bu gün türk dillərində geniş
işlənir, – deyə İvan öz biliyini nümayiş etdirmək istədi.
– Doğrudur. Bu söz rus dilinə də girmişdir.
– Necə, necə? – deyə İvan təəccübünü gizlədə bilmədi.
Bu, Aysuya ləzzət elədi:
– Elədir ki, var. Sizin dildəki “bayar” ifadəsi “bay” və “ər” sözlərinin
birləşməsindən yaranmışdır. Bu gün “bay, bey, bəy” sözləri bütün türk
dillərində işlənir. Qəribədir ki, son əsrlərdə bu söz rus dilinə ikinci
dəfə “bek” formasında tərcümə yolu ilə girmişdir. Amma bayar, deneq,
tavar, tavariş, ataka kimi sözlər rus dilinə onun formalaşması dövründə
keçmişdir.
İvan dikəldi:
– Siz nə danışırsınız? Rus dilində ən çox işlənən bu sözlər türk mənşəlidir?
– Bəli, İvan Nikolayeviç. “Ataka” – “ataq – atmaq” felindən düzəldilmişdir.
“Tavar” sözü bizim dilimizdə bu gün “davar” kimi işlənir, xırdabuynuzlular
belə adlanır. Qədim türklərdə, elə əksər xalqlarda da mal-dövlətin
əsasını iri və xırdabuynuzlu mal-qara, at ilxıları təşkil edərdi.
Davarla birgə işləyənləri “davar işi, tavariş” adlandırırdılar. “Deneq”
sözü qədim türk sözünün dəyişilmiş formasıdır. Qazaxlar milli pullarını
“tenqe” adlandırmışlar. Bizdə bu söz el arasında “tanqah” kimi işlənərdi.
Mənim bir nənəm vardı, yaşı yüzü adlamışdı. O, dəyər, pul mənasında
həmişə “tanqah” sözünü işlədərdi. Sizin silahdaşlarınız Dəyirmanlıya
hücum eləyəndə onu vəhşicəsinə öldürdülər.
Gözləri dolan Aysunun səsi qırıldı, danışa bilmədi. Toy qırğınını
xatırlayan İvan onun əlindən tutub özünü doğrultmağa çalışdı:
– Yox, onlar mənim silahdaşlarım deyillər. Mən nəhəng bir dövlətin
ordusunun zabitiyəm. Mən əmri yerinə yetirirəm. İnanın ki, belə vəhşilikləri
görəndə mən də özümü pis hiss edirəm...
Aysu özünü ələ aldı, “dərsinə” davam elədi:
– Qədim Qarabağ bölgəsinin təbii sərhədləri var: Cənubdan onu İranla
Araz çayı, şərqdən, şimali-şərqdən Şirvanşahlar torpağı ilə Kür çayı
ayırır. Qərbdə Kəlbəcər, Laçın dağları, cənub-qərbdə Zəngəzur yüksəklikləri
əski çağlarda Qarabağa hücumları çətinləşdirirdi. Onun baş şəhəri
Şuşa isə dağın başında, qayaların üstə salınmışdır. Qarabağ bölgəsinin
dağlıq və düzən hissələrinin olması yaşayış, heyvandarlıq və əkinçiliyin
birgə inkişafı üçün çox əlverişlidir. Qışda sürüləri düzən Qarabağdakı
qışlaqlarda saxlayır, yayda isə dağlardakı yaylaqlara qaldırardılar.
Bu torpaqlar tarixin müxtəlif dönəmlərində Arsax, Arran, Alpan, Qarabağ
adlandırılsa da, burada atəşpərəstlik, xristian, nəhayət islam dinləri
bir-birini əvəz etsə də əhalisi əsrlərlə beləcə yaşamış, eyni həyat
tərzi keçirmiş, eyni dildə danışmışlar.
– O hansı dil olmuşdur?
– Qədim türk dili, oğuzların dili. Doqquz oğuz tayfası çox qədimlərdən
bu torpaqlarda yaşayıb. Əgər onlar min üç yüz il öncə “Dədə Qorqud”
kimi çox əski, mükəmməl bir kitab yaradıblarsa, görün, onların mədəniyyətinin
qədimliyi haralara kedib çıxır. Bizim bir sıra tarixçilərimiz şumerlərin
“Qilqamısı” ilə oğuzların “Dədə Qorqud”unda çox oxşar faktlar, sözlər,
toponimlər tapıblar.
– Erməni müəllifləri türklərin buraya gəlməsini XI-XII əsrlərdə səlcuqların
adıyla bağlayırlar.
– Doğru deyil. Səlcuqlar Azərbaycana da, Anadoluya da gəldikdə görüblər
ki, buralarda onların dilində danışan xalqlar yaşayır. Azərbaycanda
onlar qədim saq, hun, az, azər, xəzər, kazax, oğuz, bayat, tat, alpan,
qıpçaq, sabir və s. tayfaların törəmələri olmuşlar. Dilin kökü bir
olduğu üçün ləhcələr qısa müddətdən sonra bir-birinə çuğlamışdır.
Beləliklə, onlarla türk tayfalarının dilləri Azər adı içində birləşmiş,
cilalanmış, bir türk dili, türk xalqı kimi formalaşmışdır. Alimlərin
əlində olan sənət-sübutlara görə Azər adının ən azı üç min il yaşı
var. Bir çox yunan, bizans, ərəb tarixçilərinin əsərlərində Az ərləri,
Azərbaycan haqqında tarixi faktlar təkzibedilməzdir. Əgər səlcuqlara
qədər burda başqa dildə danışan xalqlar olsaydı, onların dilinin izləri,
müəyyən sözlər bu gün danışdığımız dilə keçərdi. Bugünkü Azərbaycan
türkcəsinin sözlüyünü qarşıya qoyub sözləri etimologiyasına görə araşdırdıqda
hər şey aydın görünür. Dilçilər çox çətinlik çəkmədən qeyri-türk sözlərini
– ərəb, fars, latın, rus, fransız, ingilis dillərindən keçmiş sözləri
ayırd edirlər. Ortalıqda naməlum mənşəli sözlər qalmır ki, deyəsən:
“bu filan xalqın dilidi”. Hər hansı bir dil başqasının təsirinə məruz
qaldıqda, assimilyasiya olduqda belə, qalib dildə onun izləri qalır.
Bu izlər sözlərdən, yer adlarından ibarətdir. Siz dilçisiniz, belə
şeyləri yaxşı bilərsiniz.
– Xanum əfəndi, siz çox orijinal, məntiqi danışırsınız. Bütün bunlar
mənim üçün yenidir. Amma belə məsələlərdə bir nəticəyə gəlmək üçün
fakt əsas götürülür, sonra məntiq. Bəs alban izləri haqda nə deyə
bilərsiniz?
İvanın bu iradı Aysunu küncə qısnaya bilmədi:
– Dildə izlərinə rast gəlinməyib. Dediyim kimi, bu bir daha sübut
edir ki, onlar türk tayfaları ilə qohum xalq olmuşlar. Bu birincisi.
İkincisi, toponimlərdə – yer adlarında izləri bu gün də yaşayır. Azərbaycanda
Alpout, Alpan adlı yaşayış məskənləri vardır. Qazaxıstanda və Orta
Asiya xalqları arasında özlərini “alpan” adlandıran tayfalar vardır.
Üçüncüsü, “alp” sözü qədim türk dilində “yüksəklik, ucalıq” kimi işlənirdi.
Bir çox sərkərdələr bu sözü özlərinə təxəllüs götürmüşdülər. XII əsrdə
Alp Arslan Azərbaycan hökmdarı idi.
İvan qımışdı:
– Bəs necə oldu ki, bu xristian albanlar müsəlmana çevrildilər?
– İslama qədərki dövrdə Araz çayının o tayında, Cənubi Azərbaycanda
atəşpərəstlik hökm sürürdü. Şimali Azərbaycanda isə əsasən xristianlığı
qəbul etmişdilər, özü də ermənilərdən əvvəl. Qafqazda birinci olaraq
III əsrdə əsası qoyulmuş xristian Alpan kilsəsi Şəkinin Kiş kəndindədir.
Müsəlmanlar atəşpərəstlərə islamı qılıncla qəbul etdirdilər. Amma
xristianlarla belə davranmadılar. Çünki islam dini “Tövrat” və “İncil”ə
iman gətirənləri “Əhlu-l-kitab” hesab edirdi. Öz dinində qalmaq istəyənlər,
bildiyiniz kimi vergi verirdilər.
– O vergiyə ərəbcə “cizyə” deyirdilər. Bəs sonra xristian albanlar
– sizin adlandırdığınız o alpanlar haraya buxarlandılar?
– Yeri gəlmişkən bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bildiyiniz
kimi ərəb əlifbasında “p” səsi yoxdur. Güman edilir ki, buna görə
də bizim yazılı ədəbiyyatda “alpan” sözü “alban” kimi işlənmişdir.
Bunu da bilməmiş olmazsınız ki, islamı qəbul etdikdən sonra Azərbaycanda
20-ci illərin sonunadək ərəb əlifbasıyla yazıb oxumuşlar. Buna görə
mənim “alpan” sözünü işlətməyim sizi çaşdırmasın, – deyə haşiyə çıxan
Aysu sözünə davam elədi. – Qaldı Alpan kilsəsi ilə erməni kilsəsinin
münasibətinə, onların arasında yaranışlarından çox ciddi rəqabət vardı.
İslam Azərbaycanda yayılmağa başladıqdan sonra Albaniyanın düzən hissəsində
– Beyləqandan tutmuş Bərdəyə, Şəkiyədək islamı qəbul etdilər. Dağlıq
yerlərdə isə xristianlıq davam elədi. Lakin Alpan kilsəsi erməni kilsəsindən
asılı vəziyyətə düşdü. Min il sonra yenidən bir çox ailələr islamı
qəbul etdilər.
– Nəyə görə? – deyə İvan təəccüblə soruşdu.
– On doqquzuncu əsrin əvvəllərində Rusiya Azərbaycanı tutduqdan sonra
bir sıra dağlıq rayonlarda öz varlığını qoruyub saxlamış Alpan kilsəsinin
axırına çıxdı.
– Bu ola bilməz. Necə yəni axırına çıxdı? Onları dağıdıb məhv elədi?
– Ona oxşar bir şey oldu. 1836-cı ildə çarın fərmanı ilə Alpan kilsəsi
ləğv edilərək ermənilərə peşkəş olundu. Bununla iki kilsə arasında
min ildən çox davam edən savaş bitdi. Ermənilər çardan mükafat aldıqları
kilsələrin xaçını dəyişdirdilər, onların əmlakını və torpağını mənimsədilər.
Xristian alpanları isə erməniləşdirməyə başladılar. Çünki doğum, ölüm,
nikah, təhsil işlərini kilsə aparırdı. Buna dözməyən bir sıra alpan
ailələri dönüb müsəlman oldular. Bizdə kənd var ki, yarısı müsəlman,
yarısı xristiandır. Ailələr var ki, yarısı xristian, yarısı müsəlmandır.
Azərbaycanda erməni qriqoryan kilsəsində ibadət edən elə tayfalar
var ki, ermənicə danışmırlar.
– Qəribədir, birinci dəfədir eşidirəm. Kimdir onlar?
– Udinlər. Ötən əsrin ortalarından onların da soyadları “yan” şəkilçisi
ilə bitir. Qriqoryan kilsəsinin bütün ayinlərini icra edirlər. Artıq
tam erməniləşmiş, öz mənşəyi unutdurulmuş digər tayfalardan fərqli
olaraq udinlər öz dilini, adət-ənənəsini qoruyub saxlaya bilmişlər.
– Onlar Qarabağın harasındadırlar?
– Udinlər Qarabağ civarlarından şimalda, Qəbələ və Oğuz bölgələrində
yaşayırlar. Onların toplum halında məskunlaşdığı ən böyük yer Nic
kəndidir. Ermənilər “miasum” hərəkatına başlayanda onlar qoşulmadılar.
“Miasum”un mənasını bilirsinizmi?
– Bilirəm, “birləşmək” deməkdir. Bu hərəkat haqqında, Ermənistan parlamentinin
Qarabağı özünə birləşdirmək qərarı haqqında geniş məlumatım var, –
deyə İvan dilləndi. – Sözünüzü kəsdiyimə görə bağışlayın. Buyurun,
çox maraqlı şeylər danışırsınız.
Aysu şagirdinin marağını cəlb etmiş müəllim həvəsiylə söhbətinə davam
etdi:
– Ara qarışanda, o bölgədəki ermənilər köçüb getdikdə, udinlər yerlərindən
tərpənmədilər... “Biz sizin kimi gəlmə deyilik ha, ordan bura, burdan
ora köçək” dedilər.
– İndi onlar erməni-qriqoryan kilsəsində ibadətlərini davam etdirirlərmi?
– Bəli. Amma çalışırlar ki, Alpan kilsəsini bərpa etsinlər.
– Necə davranırlar, özlərini necə aparırlar?..
– Normal!.. Dövlət idarələrində çalışır, orduda qulluq eləyirlər.
Familiyalarındakı “yan” şəkilçisini tullamışlar.
Birdən-birə sustalan Aysu susdu: “Axı bütün bunları nə üçün danışıram?..
Bu söhbətlərin nə faydası? Qarşımdakı bu rus hərbçisi, dünyanı gəzmiş,
sirli, müəmmalı bu zabit məni nə dərəcədə anlayır? Bəlkə dediklərimlə
özümə ziyan edirəm?” – deyə fikirləşdi. Onun yorulduğunu duyan İvan
yaranmış pauzanı doldurdu:
– Mən belə bir mühazirəni heç yerdə dinləməmişəm. Dedikləriniz mənim
üçün yeni olsa da onların doğruluğuna şübhə etmirəm. Lakin tam qəbul
etmək üçün mənə vaxt, əlavə məlumat və dediyiniz kitabları oxumaq
da lazımdır.
İvanın yerində deyilmiş sözlərində Aysu bir səmimilik duydu, bu onun
xoşuna gəldi, bozarmış sifəti allandı. Aysunun özünün də bildiyi bir
nöqsanı vardı: sifəti ona “xəyanət” edirdi... İçindəki duyğular, keçirdiyi
hisslər üzündə güzgü kimi əks olunurdu. İndi qızın haldan-hala düşməsi
peşəkar kəşfiyyatçı, insan psixologiyasını yaxşı öyrənmiş İvanın nəzərindən
yayınmadı.
– Bir az fasilə eləyək. Qoy kompot gətirim, – deyib yemək stoluna
tərəf tələsdi... Onun gətirdiyi çiyələk kompotu Aysuya ləzzət elədi.
“Bu İvan çox qəribə adamdır” – deyə fikirləşən Aysu ürəyindəkiləri
dilinə gətirdi:
– İvan Nikolayeviç, siz çox qəribə insansınız. Mənə elə gəlir ki,
mələklə şeytan sizin cisminizdə yanaşı yaşayır.
Onun belə açıq danışması İvanın lap ürəyindən oldu. İstəyirdi bu qızla
bir-birinin daxili aləminə girsinlər. O, qızın sözlərinə ürəkdən gülüb
soruşdu:
– Mənim üçün çox maraqlıdır: bir bədəndə iki şəxsiyyəti necə görürsünüz?
– Bilirsiniz, indi siz yüksək intellektə malik, ədəbiyyatı, sənəti
qiymətləndirən, zərif insani duyğularla yaşayan bir adam təsiri bağışlayırsınız.
Amma hərbi paltarı geyəndə tamam başqa adam olursunuz.
– Yəni şeytan oluram, hə?
– Yox, əstəğfürullah, sizi təhqir etmək fikrim yoxdur.
– Siz narahat olmayın, Aysu xanum. Belə şeylərdən incimirəm. Yadınızda
qalsın, dövlət qurumlarında çalışan məmur və qulluqçuların tutduqları
vəzifə və gördükləri işlə şəxsi xarakterləri, daxili aləmləri bir
çox hallarda bir-birinin tərsidir. Qaldı ki, mənim cismimdə şeytanla
mələyin qoşa yerləşməsinə, burda pis bir şey görmürəm... Şeytan da
mələkdir... Sadəcə o, Allahın dərgahından qovulmuşdur. Sizin yezidi
kürdlərlə tanışlığınız varmı?
– Yox, – deyə Aysu çiyinlərini çəkdi. – Onlar haqda oxumamışam, atam
da heç nə danışmayıb.
– Yezidi kürdlər şeytana sitayiş edirlər, onu “Tavus” mələk” adlandırırlar,
digər mələklərdən – Həzrəti Cəbrayıldan, Əzrayıldan, İsrafildən üstün
tuturlar.
Aysunun ona maraqla qulaq asmasını görən İvan ruhlandı:
– Onlar müsəlmanlara deyirlər: sizin peyğəmbəriniz bəni-insan olmuşdur,
yaşayıb ölmüşdür. Bizim sitayiş etdiyimiz mələksə oddandır, nə istəyir
eləyir. Bütün şər qüvvələr ona tabedir. Ona heç Allahın da gücü çatmır.
– Yaxşı deyiblər ki, çox gəzən çox bilər. Siz onları hansı ölkədə
görübsünüz?
– Yezidi kürdlərlə İraqda təmasda olmuşam. Onlar Mosuldan qərbdə Suriya
sərhədinə yaxın rayonlarda yaşayırlar. Mən onların bir vaxtlar məskunlaşdığı
Sincər şəhərində olmuşam. 60-70-ci illərdə hakimiyyətin əleyhinə çıxmış
yezidi kürdləri bu şəhərdən də, yaşadıqları digər məskənlərdən də
sürmüşlər. İraq hökuməti ipə-sapa yatmayan bu satanistləri dağlardakı
kəndlərdən düzənliyə endirdi, onlar üçün böyük qəsəbə saldırdı. Yeri
gəlmişkən deyim ki, satana sözü ərəbcədəki şatana, şeytan sözləri
ilə eyni kökdəndir.
– Bunu heç bilmirdim. Müsəlman kürdlərdən onlar çoxmu fərqlənirlər?
– Çox... Əvvələn, bir-birinin dilini anlamırlar. İkincisi, yezidi
kürdlər müsəlmanları bir nömrəli düşmən sayırlar. Hesab edirlər ki,
şeytana qarşı ən kəskin mövqe tutan müsəlmanlardır. Müsəlmanlar cümləbaşı
“Allah şeytana lənət eləsin” deyirlər. Bu ona bərabərdir ki, yəhudinin
yanında Musa, xristianın yanında İsa, müsəlmanın yanında Məhəmməd
peyğəmbəri söyürsən. Savaşmasınlar deyə yezidi kürdlərlə iş görən
ərəblər onların yanında bu ifadəni işlətməməyə çalışırlar. Daha sonra
onların qiyafələri də müsəlman kürdlərinkindən fərqlənir. Yezidilərin
kişiləri saç-saqqal uzadır, saçlarından bir neçə hörük hörürlər, başlarına
ucu şiş papaq qoyurlar. Gecə onlarla rastlaşanda, elə bil şeytan özü
gəlib durub qarşında... Yezidi kürdlər əkinçilik və heyvandarlıqla
məşğul olurlar, qapalı həyat tərzi keçirirlər. Müsəlmanlarla – istər
ərəb və türk, yaxud kürd olsun, fərqi yoxdur, məhdud şəkildə əlaqə
saxlayırlar.
– Bəs onların qadınları necədir?
– Mən Sincər civarında qadın tayfasını çox az görmüşəm: uzun, əlvan
güllü paltar geyirlər. Onların da gözləri kişilərinki kimi alışıb
yanır. Lakin kişilərin gözündəki vahimə yaradan iblisanə parıltıdan
fərqli olaraq qadınların odlu baxışı adamda ehtiras doğurur. Orada
özünü sevgisinə qurban etmiş yezidi qadın haqqında eşitdiklərim məni
çox təsirləndirdi, – deyə nəfəsini dərən İvan özünə bir piyalə qırmızı
çaxır süzdü, birnəfəsə içdikdən sonra arxayın-arxayın siqaret yandırdı.
– İvan Nikolayeviç, danışın də, o nə hadisə idi, – deyə Aysu qeyri-ixtiyari
kürsüsünü ona sarı çəkdi. Adətən, yaxın adamı maraqlı bir əhvalat
danışanda Aysu belə edərdi, çənəsinin altına girərdi.
Yaxın oturan qızın cismindən, saçlarından gələn qadın ətri İvanın
dərindən ciyərlərinə çəkdiyi havayla bütün varlığına yayılaraq bədəninə
qızışma gətirdi, onu qəribə xoş bir əhval-ruhiyyə sardı. Belə duyğuları
o, on-on beş il əvvəllərdə yaşamışdı. İvan özünü ələ alıb qızın xahişini
yerinə yetirdi...
– Sincərdən 50-60 kilometr cənubda düzənlikdə Baac adlanan qəza mərkəzi
vardı. Bizimkilər orda vacib obyekt tikməli idilər. Tanışlıq üçün
oraya getmişdim. Yerli ərəblə qəsəbəni gəzərkən balaca bir dükanın
sahibini göstərib dedi: “O oğlanı görürsənmi? Biçarə yezidi qızına
evlənmişdi”. Mən boylu-buxunlu, yaraşıqlı sifətində dərd-qəm izi görünməyən
dükançını nəzərdən keçirib, müsahibimdən bu əhvalatı axıracan danışmasını
xahiş elədim. Çünki yezididən qız almaq bu yerlərdə mümkünsüz idi.
Müsahibim dedi ki, bu oğlan yezidilərin köçürüldüyü, təzə salınmış
qəsəbədə dükan açmışdı, alveri də pis getmirdi. Çünki yezidilər yaşadıqları
rayondan nadir hallarda çıxırdılar, böyük şəhərlərə gedib ticarət
eləmək məsələlərində zəif idilər. Əlqərəz, bu baqqal oğlan ərli bir
yezidi qadını ilə sevişir. Qadın buna, bu da qadına vurulur. Oğlan
dükanı satır, qadını götürüb aradan çıxır. Yezidilər polisə şikayət
edirlər. Polis onları tapa bilmir. Düz bir ildən sonra yezidilər özləri
dalda bir yerdə – Suriya sərhədinə yaxın kənddə gizlənmiş sevgililərin
yerini öyrənib polisə nişan verirlər. Aşiqi-məşuqları tapıb gətirirlər.
Qanuna görə əgər qadın iddia etsəydi ki, onu zorla götürüb qaçırıblar,oğlanı
ağır cəza gözləyirdi. Yox, əgər qadın desəydi ki, onu heç kəs məcbur
etməyib, özü sevdiyi oğlana qoşulub qaçıb, işə xitam verilirdi. Bunu
qadına başa salıblar. Sevgilisinə axıracan sadiq qalan qadın məhkəmədə
bildirib ki, onu heç kim məcbur etməyib, özü sevdiyi oğlana qoşulub
gedibdir. Yezidilərlə hökumət arasında yeni konfliktin yaranmasını
istəməyən polis, adətən, onların icmadaxili işlərinə qarışmırdı. Buna
görə də qadını qanuni ərinə təhvil veriblər. Qadının əri, qohumları
onu götürüb evlərinə aparıblar. Biçarə qadını necə cəzalandırsalar
yaxşıdır?
İvan sözünə ara verib bir piyalə də çaxır içdi, ona qulaq kəsilmiş
Aysuya məhəbbətlə baxıb söhbətinə davam elədi:
– Uzun sözün qısası, onlar qadının əllərini yük maşınının arxasına
bağlayıblar. Sonra maşınla bütün qəsəbəni dövrə vuraraq qadın tikə-tikə
olana qədər sürütləyiblər. Onu da deyim ki, yezidilərin öz aralarında
namus məsələsi müsəlmanlardakı qədər güclü deyil. İş bundaydı ki,
o qadın müsəlmanı sevmişdi.
Sözünü qurtaran İvan mütəəssir olmuş Aysunu başdan-ayağa süzdü. Birdən
onda qarşısıalınmaz vəhşətli bir arzu baş qaldırdı. Aysunu qolları
arasına alıb yataq otağına aparsın, bu gözəl rəsm əsərini ona baxmaq
həsrəti ilə yanan tamaşaçısından gizlətmiş paltarları öz əlləri ilə
soyundursun, qızı incə öpüşlərə qərq etsin, bayaqdan onu məst edən
qadın qoxusunu içsin... İvan içindən gələn bu hisslərin təsiri altında
öz qurbanına hücum edən ac qurd-təki qəfil hərəkətlə qızın belini
qucdu. Onun danışdığı faciəvi əhvalatın təsirindən ayılmamış qızcığaz
bu gözlənilməz həmlədən özünü itirdi, bilmədi neyləsin. İvan onu bağrına
basıb saçlarının qoxusunu içinə çəkə-çəkə boyun-boğazını öpməyə başladı.
O, sanki bir dəstə ətirli gülü, bənövşəni, inciçiçəyini qoxulayırdı...
Özünə gələn Aysu çırpınmağa başladı. İvan ürkək, təcrübəsiz bala ceyranı
günlərlə izləyib, nəhayət, yaxalaya bilmiş yalquzaq kimi öz ovundan
möhkəm yapışmışdı. Ceyran başını qovzayıb yalquzağın “ağzından” çıxardı,
qorxudan irilənmiş ahu gözlərini İvanın həm şərabdan, həm də onunla
təmasdan xumarlanmış gözlərinə dikdi, inilti ilə pıçıldadı: “Bu sizə
yaraşmaz, İvan Nikolayeviç...”
İvan bu ürkək baxışlara, qorxu qarışıq yalvarışla dolu sözlərə dözə
bilmədi, qolları boşaldı... Bu köməksiz baxışlar onun yadına xoşagəlməz
bir xatirəni saldı... Zorlanmaq təhlükəsi qarşısında qalmış belə baxışları
o, birinci dəfə çox-çox illər bundan öncə görmüşdü...
İvanın tərəddüdündən istifadə eləyən Aysu qızıl ilan ağzından qurtarmış
quşcığaz kimi kənara sıçradı, cib dəsmalıyla, onu murdarlayıblarmış
kimi, boyun-boğazını sildi. Sonra yaxasının açılmış düyməsini bağladı,
sövq-təbii olaraq qapıya tərəf boylandı. Biçarə qız, unutmuşdu ki,
burada onları görəcək, haraya gələcək, yaxud gördüyünü başqasına danışacaq
kimsə yox idi. İvan indi onun taleyində hakimi-mütləq idi. İnsaf yalnız
və yalnız onun vicdanına qalmışdı...
Gözlərini yumub süstləşmiş İvanı kabinetindən gələn telefon zəngi
ayağa sıçratdı. Beş dəqiqədən sonra o, hərbi geyimdə otaqdan çıxdı,
hələ özünə gəlməmiş, başını əlləri arasına alaraq acı-acı hıçqıran
Aysuya yaxınlaşdı, aralarında heç nə olmamış kimi:
– Hərbi təyyarəçilər hər havaya qalxanda vidalaşırlar... Onların arvadları
axşam ərləri evə dönənədək ayaq üstə qalıb həyəcan keçirirlər. Hər
uçuş ölüm riskidir. Bizlər isə hərbi tapşırığa gedəndə yaxın bildiklərimizlə
sağollaşırıq, – dedi, girəvələyib qızın əlini öpdü. Onun sözlərindən
çaş qalmış Aysu əlini çəkməyi unutdu, maraqdan çox həyəcanla soruşdu:
– Sizə nə ola bilər, axı? Siz demişdiniz ki, səngərdən güllə atmırsınız,
döyüşlərdə iştirak eləmirsiniz.
– Orası elədir. Cəbhə xəttində hər şey ola bilər: snayper gülləsi,
uzaqvuran topların mərmisi, havadan atılan bomba... Amma məni qorxudan
arxadan atıla biləcək güllədir. Elə bilirsiniz mən bu ermənilərə inanıram?
Lazım gələndə məni aradan götürmək onlar üçün bir qurtum su içmək
kimi asandır. Di sağ olun, baş verənlərə görə üzr istəyirəm... Söhbətlərinizlə
mənə xoş dəqiqələr bağışladınız.
– Sağ-salamat qayıdın...
Bu sözlər qızın dilindən bilaixtiyar çıxdı. İvanınsa üzü güldü, çox
məmnun oldu... Dodaqları bala batmış kimi yalmandı... Ona elə gəlirdi
ki, məqsədinə çatmaq üçün həlledici addım atılmışdır.
Bir azdan onun UAZ-ı darvazadan çıxdı.
Pəncərədən maşının arxasınca baxan Aysu İvan çıxarkən ona qeyri-ixtiyari
dediyi sözlərə görə özünü qınadı. Sonra səhvini əsaslandırdı... Birdən
İvanın başına bir şey gəlsə onun taleyi necə olacaq? Yox, erməni muzdlularının
əlinə düşüb zorlanmaqdansa ölüm yaxşıdır. Amma özünü öldürmək asan
məsələ deyil. Bunun üçün köməkçi vasitələr lazımdır. Ermənilərin əlinə
keçməmək üçün qaya da yoxdur ki, özünü atsın, vəssalam. İndi o özünə
necə əl qaldıra bilər? Özünü asmaq, bıçaqlamaq, damarını kəsmək, zəhər
içmək... Zəhər tapmaq ola bilsin onun üçün çətin olacaq. Özünü bıçaqlayıb
öldürə bilmək hər adamın işi deyil. Birdən bıçağı elə yerə vurar,
ölməz, şikəst olar. Deməli, iki yol qalırdı... Bəs, gələcək oğlu?
Yox, o, ikicanlı olmağını qəti yəqinləşdirməyincə qərar qəbul edə
bilməz... Bu gün vaxtıydı, xəstələnməliydi. Amma xəstələnmədi. Əgər
sabah, uzağı birisigün də xəstələnməsə, deməli yuxusu çin çıxmışdı,
uşağa qalmışdı. Dördüncü həftədən sonra lap dəqiqləşəcəkdir. Onu yaşada
biləcək, ölümlə mübarizədə dayaq dura biləcək yeganə stimul analıq
hissi idi. Bu hiss diqtə edirdi ki, o, sevgisinin meyvəsini öz canı
və qanı ilə yetişdirib bu dünyaya gətirməlidir. Bunu nəyin bahasına
olursa-olsun etməli idi. Bu, qarşısıalınmaz bir istək, vacibiyyət
idi. Ulu Tanrı bu duyğuları – nəslini davam etdirmək üçün hər bir
fədakarlığa getmək əzmini bütün analara yaranışından bəxş etmişdir,
aşılamışdır... Kiçik böcəklərdən tutmuş canlıların ən kamili olan
insan üçün proqramlaşdırmışdır...