Səbirdən başqa özgə çarə yoxdur
Gəncədəki qiyam hadisəsi yavaş-yavaş
özünə gələn Aysunun halını təzədən pisləşdirdi. Onun üçün ayrılmış
otağa çəkilən qız gün əyilənədək üzüquylu düşdü. Qızı gözdən qoymayıb
tez-tez ona baş çəkən Aksana bütün həyatın mübarizədən ibarət olması,
insanın hansı yolla olur-olsun yaşamaq, sağ qalmaq üçün çarpışması,
Allahın bir yolu bağlayanda digərini açması kimi ümumi sözlərlə toxtaqlıq
verir, çalışırdı onu yedirtsin. Səhər yediyi bir-iki tikənin üstündə
olan Aysunun boğazından heç nə keçmirdi. Aksana bilmirdi, bu biçarənin
halına bir insan kimi acıyır, yoxsa onda rəfiqəsi sayağı bir istək
yaranır... Hər halda o, ürəyinin hökmü ilə hərəkət edirdi. “Yox, belə
getsə, yazıq qız məhv olacaq. İvanla danışmalıyam. Qoy kömək eləsin,
qızın valideynləri ilə əlaqəyə girsinlər, pul alıb buraxsınlar. Pulun
yarısını İvan, yarısını ermənilər götürər, bir az da mənə verərlər,
burdan çıxıb gedəndə əlimdə bir şey olar”, deyə öz aləmində plan cızan
Aksana yumruğunu stola vurdu, ayağa qalxıb qəti addımlarla Aysunun
otağına girdi. Yarıyumulu gözləri tavana dikilmiş Aysunun çiyinlərindən
tutub oturtdu, amiranə tərzdə dedi:
– Bu mənim heç xoşuma gəlmir. Belə hərəkətlə kimə nə edəcəksən? Unutma
ki, insan yaxşı, pis, nə eləsə, birinci özünə eləyir. İndi cavan canını
çürütməkmi istəyirsən? Elə bilirsən ölmək asandır? Özünü ələ al. İnsan
formada olanda başı da yaxşı işləyir, ətrafdakılar da onunla hesablaşırlar,
– sonra qızın əlindən tutub qaldırmağa çalışdı: – Dur ayağa, həyətə
düşüb bir az gəziş, tutdan, gilasdan ye, təbiətə bax. İvan gəlsin,
onunla danışacağam ki, sənin adamlarınla əlaqəyə girsinlər, səni burdan
buraxmağın qiymətini desinlər.
Gerçəkdən, Aksananın sözləri Aysunun ümid çırağının zəif şöləsini
bir az gücləndirdi. Durub geyindi, Aksana ilə həyətə endi. Saşa həyətin
ortasındakı bedanaya çıxıb tut yeyirdi. Aksanayla Aysu çadırı bedananın
altına tutdular. Aksana əlçatmayan ucunda qızarıb kişmişə dönmüş tutlar
olan iki budağı Saşaya göstərib, onları çırpmağı xahiş elədi. Saşa
hər budağı ayağıyla iki dəfə silkələdi. Tutlar dolu kimi çadıra töküldü.
– Bəsimizdir, – deyə Aksana çadırı yerə sərməyi təklif etdi. Sonra
kiçik səbəti hoppanıb yerə düşən Saşaya verdi, qapının ağzında keşik
çəkən erməni əsgəri Setraka işarə ilə, “Tapşır, bizə gilas yığsın”,
dedi. Saşa, “O postdadır, özüm yığaram”, deyib həyətin o başına get-di.
Aksana yerli kənd adamları kimi dizini yerə qoyub çadırın böyrünə
çökdü:
– Tutu belə yeyərlər. Onu qaba yığanda dadı qaçır. Tut mədənin, qaraciyərin,
öd kisəsinin dərmanıdır.
Onun bu hərəkətindən dodağı qaçan Aysu zarafatla soruşdu:
– Siz bunları ermənilərdən öyrənmisiniz, yoxsa azərbaycanlılardan?
Aysunun kefinin durulmasından məmnun olan Aksana şaqqanaq çəkərək
dedi:
– Tutla bağlı məsələlərdə azəri, erməni ayrı-seçkiliyi yoxdur. Qabaqlar
olub. Azərbaycanlılar tutdan yalnız doşab bişirirdilər, ermənlər isə
araq da çəkirdilər. İndi, sizin yaşlılar demişkən, ara qarışıb, məzhəb
itib.
Onlar evə qalxanda Saşa da gilas dolu səbəti gətirdi, qapıdan verib
getdi. Tutdan məst olmuş Aksana divana yayxandı. Aysu ala gilasdan
bir boşqab götürüb yudu, Aksananın qarşısındakı jurnal stolunun üstünə
qoyub dedi:
– Buyurun, Aksana xanım. Gerçəkdən, bu dərənin ala gilasının, ağ tutunun,
qış armudunun əvəzi yoxdur. Bakı bazarlarında bunlar kimi dadlı meyvə
görməmişəm.
Aksana onun sözünü təsdiqlədi:
– Düz deyirsən, bu dərənin meyvələrinin öz ətri, öz dadı var.
Aysu xeyli yüngülləşmişdi. O, Aksanaya minnətdarlığını bildirdi. Aksana
xoşallandı. Ümumiyyətlə, kiməsə bir yaxşılıq eləyəndə bundan məmnunluq
duyurdu. Görünür, naturası, mayası belə yoğrulmuşdu. Aksana ondan
uman kişiləri də başından xoşluqla rədd eləyirdi.
Aysu yaxşı bir çay dəmlədi. Tutdan sonra çayın ləzzət elədiyini bildirdi.
Onun çay dəmləməsi Aksananın xoşuna gəldi. Axşam saat səkkizdə Aysu
televizoru açdı, “Günün xəbərlərini” eşitmək üçün Az.TV kanalını tutdu.
Diktor Surətin dəstəsinin Bakıya doğru irəliləməsindən, Bakıdan Gəncəyə
getmiş dövlət və hökumət adamlarının orada hələ də girov saxlanılmasından
xəbər verdi. Sonra bir qrup ziyalının Naxçıvan Muxtar Respublikası
Milli Məclisinin sədri Heydər Əliyevin belə çətin bir vaxtda – müstəqilliyin
təhlükəyə məruz qaldığı bir məqamda Bakıya dəvət olunması haqda müraciətini
oxudu. Diktor Əbülfəz Elçibəy hakimiyyətinin Heydər Əliyevin Bakıya
gəlməsini dəstəkləməsini, artıq Naxçıvana təyyarə göndərilməsini xəbər
verdikdə Aysunun ürəyi yerinə gəldi. “Deməli, xalqın oğulları kimliyindən,
siyasi baxışından, harda olmasından asılı olmayaraq təhlükəni sovuşdurmaq
üçün köməyə gəlir, birləşirlər”, deyə o düşündü, bu xəbər əhvalını
bir az da düzəltdi. Saat on bir radələrində yatmağa getdi.
İvan gecədən xeyli keçmiş gəlib çıxdı. Onun maşını darvazadan girəndə
divanda mürgü vuran Aksana sıçrayıb qalxdı, mətbəxə keçib sobaya bir
neçə odun atıb alışdırdı, qazanı və çayniki onun üstünə qoydu. Şorabaları,
göy-göyərtini, boşqablardakı gilas və tutu stolun üstünə düzdü.
Əl-üzünü yuyub yuxarı qalxan İvan stolun arxasına keçdi, süfrəyə göz
gəzdirib həyəcanla Aksananı çağırdı. Gətirdiyi isti qazanı stolun
üstünə qoyan Aksana ərklə dedi:
– Hövsələn olsun, yeməyi qızdırırdım.
– Aksana, bir stola bax. Görürsən, araqsız necə yaraşıqsız, miskin
görünür. Onu ən gözəl nemətlərlə doldursan da, bəzəsən də araqsız
heç nədir.
İçkilər saxlanan dolaba yönələn Aksana bir şüşə araq və bir şüşə çaxırla
qayıtdı, gözlərini süzüb dedi:
– Düz sözə nə deyəsən. Mən bilmirəm, içkisiz həyatda necə yaşamaq
olar!?
İvan əlüstü yüz qram vurub göy lobya şorabasını təpişdirdi.
– Hə, indi yaxşı oldu, yolların toz-torpağını boğazımdan yuyub apardı.
Danış görək, təzə nə var, bu gün neylədiniz. Qız özünü necə aparır?
– Sakit aparır. Amma stresdən çıxmağı müşkül məsələdir. Belə getsə
o ya dəli olacaq, ya da özünə əl qaldıracaq.
– Sən onu bir dəqiqə də gözdən qoyma, tək buraxma.
– İvan, çestno de görüm, onu saxlamaqda məqsədin nədir? Neynəyəcəksən?
– Neynəyəcəm? – İvan ağzına apardığı toyuğun döş ətini yarı yolda
saxladı, qəribə baxışla Aksananı süzdü. İstədi desin: “Qlupaya baba,
elə bilir ki, mən elədiyim və eləyəcəyim bütün işləri ona deyirəm.
Mən istəsəm belə, buna ixtiyarım yoxdur”. Sonra tikəsini dişinə çəkib
ona tamam başqa şey dedi: – Bax beləcə yeyəcəyəm.
Sonra özünə ikinci yüz qramı, Aksanaya çaxır süzdü, stəkanı onunku
ilə toqquşdurmadan başına çəkib sözünə davam etdi:
– Neynəyəcəm? Gözəl qızı neylərlər? O mənim üçün canlı bir kukladır.Oynadacağam.
Bu dağların arasında elə kuklanı hardan tapmaq olar? Onu mənə Allah
yetirib, mənə yazığı gəlibdir... Fikir veribsənmi, necə gözəldir...
Hə, dillən, yoxsa qısqanırsan?
– Allah eləməsin, qızım yerindədir. Özü də gözəldir, xasiyyəti də.
– Yox, o elə-belə gözəl deyil, nadir gözəldir. Onun paltarlarının
altında bir xəzinə yatır, bir sənət əsəri uyuyur. Mən inanıram ki,
hələ heç kəs belə canlı sənət əsərinin tamaşaçısı olmamışdır. Rafaelin
“Madonnası”na, Rembrantın “Danaya”sına, Rubensin “Virsoviya”sına,
Praksitin “Afrodita”sına... bənzər bir gözəldir o. Mən istəyirəm ki,
onların heç birinin görmədiyi o gözəlliyin, çəkmədiyi o sənət əsərinin
tamaşaçısı olum. Bilmirəm, Allahınmı, Boqunmu, təbiətinmi müəllifi
olduğu o sirli sənət əsərini qarşıma qoyub baxmaq, zövq almaq istəyirəm,
necə ki, Qərbdə milyonçular ətək-ətək pul töküb, nadir gözəllik əsərlərini
alır, yataq otağından asır, onlara baxa-baxa xumarlanırlar... İndi
bildinmi neynəyəcəyəm bu qızı?
İvan bu sözləri təkcə əsas məqsədini gizlətmək üçün demədi. Həqiqətən
o, Aysuya vurulmuşdu.
– O sənət əsəri gündən-günə solub rəngini itirsə, quru müqəvvaya dönsə
necə?
– Gərək qoymayaq sola.
– Bunu sən bacarmayacaqsan, Vanya. O sənət əsərinin saralıb solmasını,
məhv olmasını istəmirsənsə, qaytar onu valideynlərinə. Bundan sənin
də xeyrin olar.
– Necə, necə? – deyə üçüncü yüz qramı atmış İvan dikəldi.
Onu maraqlandırdığını görən Aksana ruhlandı:
– Valideynlərindən yaxşıca pul alıb buraxarsan.
İvan acı-acı gülüb dedi:
– Nahaqdan deməyiblər ki, arvadın ağlı quş ağlıdır, gündə bir səmtə
uçur. Bəyəm, ağlın kəsmir ki, mənə azərbaycanlılarla təmasa girmək
olmaz? Bu birincisi. İkincisi, buna cəhd eləsəm, ermənilər məni yaxına
buraxmazlar. Bu alverdir, burda yaxşı pul var. Erməni də pula... satar.
– Onları bilirəm. Aldığınız pulu yarı bölərsiniz. Mənə də yol xərci
verərsiniz.
– Ax, Aksana, Aksana!.. Neçə ildir ermənilərin arasındasan, amma onları
yaxşı tanımırsan. Fransız yazıçısı Düma ata Qafqaza səfəri zamanı,
gör, ermənilər haqqında nə deyib: “ermənilər hiyləgər və kələkbaz
adamlardır. Ancaq yaxşı ticarətçidirlər, onlarla iş görsən, qəbz almağı
unutma!..” Mən bu qızı onlara təhvil versəm, heç ağlına gəlir ki,
nələr ola bilər?
Aksana çiynini çəkdi. İvan meyvə suyu içirmiş kimi stəkanı çaxırla
doldurub başına çəkdi, aram-aram sözünə davam etdi:
– Onlar mənə sənəd yox, bolluca vəd verib qızı aparacaqlar. Bilirsən
hara? Bilmirsən. Qız gözəl olduğu üçün onu zabitlərin hamısı zorlayacaq,
sonra verəcəklər serjantlara... Bir sözlə, onu belə tez qaytarmayacaqlar
valideynlərinə. Müxtəlif bəhanələr toqquşduracaqlar, qiymətii qaldıracaqlar...
Bu gözəl sima saralıb solandan, yarımcan olandan sonra istədikləri
məbləği alıb verəcəklər ata-anasına. Mənə isə tula payı – araq-çaxır
verəcəklər. İndi başa düşdün?
Aksana köksünü ötürüb başını silkələdi. İvan sözünə davam etdi:
– Açığını deyim ki, bu təkliflə mənə müraciət ediblər. Deyiblər ki,
beş gün, on gün qızla əylənəndən sonra onlara verim. Razı olmamışam.
Demişəm ki, mənə bir qız düşür, ya yox? O qız mənə həm də azəricə
öyrənmək, tərcüməçilik etmək üçün lazımdır. – İvan növbəti çaxır stəkanını
dibsiz tuluğa bənzər qarnına tökdü, sözünə davam etdi: – Mən Anadolu
türkcəsini öyrənmişdim. İş elə gətirdi ki, institutdan sonra heç işlətmədim,
unutdum. Amma indi məşğul olsam tez bərpa eləyərəm.
– Azərbaycan dilinin buna nə dəxli? – deyə Aksana təəccübləndi, sərxoş
İvanın nala-mıxa vurduğunu zənn etdi.
– Ax, Aksana, Aksana... Bəyəm bilmirsən, Aysu ilə bülbül kimi ötdüyün
dil elə türk dilidir? Bunların arasındakı fərq qərbi ukraynalılarla
şərqi ukraynalılar arasındakı dil fərqi qədərdir. Sən indi bu dillə
Balkanlardan tutmuş Tyan-Şan dağlarınadək gəzə bilərsən. Bu dil erməni,
gürcü dili deyil ha, bir ovuc adam danışsın, özlərindən başqa kimsə
öyrənməsin. Türkiyə rəqibimiz də olsa türk dilləri, türk mədəniyyəti
çox qədimdir, ərəblərinkindən də qədim.
Yeni bir şey tapmış kimi sevinən Aksana əlini dizinə vurdu:
– Nahaqdan deməyiblər: vek jivi, vek uçis! İşə bax, xəbərim yoxmuş,
mən türkcə bilirmişəm. Burdan canımı qurtara bilsəm, tez-tez İstambula
reys eləyən xalam qızı ilə gedib əməlli-başlı qazanaram.
– Hə, qaldı sənin bu tupikdən çıxmağına, mən kömək edəcəyəm. Hara
getsəm, sizi ana-bala özümlə aparacağam. Burda siz mənim güvənc yerimsiniz.
Bilin ki, bununla siz həm də Rusiyaya xidmət eləyirsiniz. Burdan çıxanadək
o qız da bizimlə olmalıdır. Bunu şərait tələb eləyir, – deyə İvan
ayağa qalxdı, – gecən xeyrə qalsın, – deyib səndələyə-səndələyə otağına
sarı getdi. Qapının ağzında ayaq saxlayıb dedi:
– Sabah evdə işləyəcəm, heç yerə getməyəcəm. Soruşan olsa, denən evdə
yoxdur...
* * *
Ertəsi gün Aysu yuxudan gec oyandı. Yarım saat yataqdan qalxmadı.O,
adəti üzrə səhərlər bu gün nə etməli olduğunu xatırlar, sabah, birisigün
nə edəcəyini planlaşdırardı. Amma indi fikirləşə bilmirdi... Onun
ixtiyarı öz əlində deyildi... Sabah nədir, heç bu gün başına nə gələcəyini
bilmirdi...
Mən gövhərəm, özgələri xiridar,
Məndə deyildir, ixtiyari-bazar...
O, Füzulinin Leylisinin bu beytini
xatırlayıb acı-acı gülümsədi...”Mən gövhər olduğumu unutmamalıyam.
Özüm öz qiymətimi bilməliyəm”... deyib yataqdan qalxdı. Onu üzüb əldən
salan fikirləri özündən uzaqlaşdırmaq, ürək ağrılarını sakitləşdirmək
üçün otağın içindəcə səhər gimnastikası etməyə başladı. “Bir, iki...
Mən səbirli, dözümlü olmalıyam... Üç, dörd... Bu gündən mən düşmən
arxasına düşmüş döyüşçüyəm. Beş, altı...Mən özümü ucuz ölümə təslim
etməyəcəyəm...” Sonda o, bir neçə yoq hərəkəti elədi, başı üstündə
durdu.
– Aysu, yemək vaxtıdır, çay soyuyur, – deyə Aksana qapını döydü.
Bir anlığa ona elə gəldi ki, həbsxana kamerasındadır, onun səsini
eşidən nəzarətçi bayıra çıxmağı əmr edir. “Yox, hər kim olursa-olsun,
Aksana pis insan deyil”, – deyə fikirləşən Aysu, “bu saat”, deyib
xalatını geyindi, qapını aralayıb yan-yörəyə baxdı, yemək stoluna
sarı gedən Aksanadan başqa heç kəs yox idi. O, hamama girib qapını
arxadan bağladı.Soyuq su ilə yaxşıca yuyundu, otağına qayıdıb cins
şalvarını, üst köynəyini geyindi, Aksananın yanına gəldi:
– Siz nə qədər təravətlisiniz, gözəlsiniz, – deyib onu qucaqladı.
Onun bu səmimi hərəkətindən Aksananın gözləri yaşardı, dünən gecə
İvanla söhbətini xatırladıqda isə ürəyi ağrıdı. Amma bilmədi o nəticəsiz
söhbəti qıza necə çatdırsın. Hər halda səhər yeməyi zamanı onun iştahasını
pozmamaq üçün münasib məqamı gözləməyi qərara aldı. Yeməkdən sonra
Aysu dözməyib Aksanadan İvanla dünənki mövzuda söhbət eləyib-eləməməsini
soruşdu. Aksana söhbətin məğzini yumşaq şəkildə Aysuya çatdırdı:
– İvan deyir ki, səni dəyişmək üçün mütləq ermənilərə verməlidir.
Amma səni onlara etibar eləmir. Qorxur ki, sənin başına elə oyun açarlar
ki, ömürlük həm mənəvi, həm də fiziki cəhətdən şikəst olarsan.
Aysunun çaş qaldığını, onu tam anlamadığını görən Aksana açıq danışdı:
– Buradakı hərbçilər qızıxıblar. Onlar sənin kimi bir gözəl qızı özləri
yorulub doyanadək bir-birinə ötürəcəklər, səni yarımcan eləyib sonra
satacaqlar.
Aysunun başına elə bil bir qazan qaynar su tökdülər. O, pörtmüş halda
bilmədi nə desin. Doğrudan da bu heç onun ağlına gəlmirdi.
Aksana kövrəlmiş Aysunun saçını sığallayaraq təskinlik verdi:
– Mən şəxsən İvanla razılaşıram. İndiki şəraitdə başqa yol yoxdur,
gözəl pərini iblislərin əlinə vermək olmaz. Gözləmək, səbir etmək
lazımdır.
Dərindən köksünü ötürən Aysunun dodaqlarından güclə eşidiləcək pıçıltı
qopdu: “Nə vaxtacan?!”. Sonra pıçıltısını udaraq, “Dərdliyə təskinlik
verməyi, dözümə çağırmağı hamı bacarar. Oğul deyirəm, bu dərdi özün
çəkəsən, bu sinə dağına dözəsən. Kotan nə bilir, qayış nə çəkir”,
deyə divanın küncünə çəkildi.
Altdan-altdan ona göz qoyan Aksana qızın başını qatmaq, fikrini dağıtmaq
üçün dedi:
– Sən məndən cavansan, stolun üstünü yığışdır, birgə nahar yeməyi
hazırlayaq. Bu gün İvan evdə işləyir. Ona görə də gərək nahar güclü
olsun. Bəlkə sən bir Azərbaycan yeməyi bişirəsən? Sizin yeməklərdən
ötrü sinov gedirəm. Çoxdan yemirəm onları. Mənim yaxşı dostlarım vardı,
Rafiq, Tofiq... Tez-tez qonaq çağırırdılar... Bəzən plov qazanının
ağzını açmamış gətirirdilər mənə...
Bayaq səbirli, dözümlü olmasına söz verməyə baxmayaraq Aysu süstləşdi.
O, nəsə eləmək, eşitmək, görmək, yemək, içmək, hətta sevdiyi çiçəkləri
belə qoxulamaq istəmirdi. O istəyirdi ki, ona kimsə toxunmasın, otağına
çəkilib uzansın, ta ölüm gələnəcən... “Ölüm?!” deyə qız özü öz fikrindən
diksindi: “Bəs mənim bətnimdəki balaca Toğrul?” O, yuxusuna elə inanmışdı
ki, özünü hamilə sanırdı. Yuxudan başqa o nədənsə, Toğrulla bir-birinin
həsrətini çəkdikləri uzun illərdən sonra qovuşub laməkan olmağın nəticəsini
yeni bir insanın doğulması ilə labüd, qaçılmaz hesab edirdi...
Aysu həm bu düşüncələrin təsirindən, həm də Aksananın sözünü yerə
salmamaq üçün dilinin ucundan asılmış “Aksana xanım, əlim heç nəyə
yatmır” sözlərini uddu, bir cüt göz yaşını yanağına axmağa qoymayıb
sildi, zorla gülümsəməyə çalışdı... Hörmət elədiyi insanlarla təbəssümlə
danışmağı hələ uşaqlıqdan ona atası aşılamışdı...
– Aksana xanım, könlünüzə hansı yeməklər düşüb?
Onun bu sözləri Aksananın çiçəyini çırtlatdı. Aksana pedaqoji institutun
“Məktəbəqədər tərbiyə” fakültəsini bitirmişdi, hələ tələbəykən, sonralar
isə uşaq bağçasında işləyərkən psixologiya elmi ilə çox maraqlanırdı,
kitablar oxuyurdu. İnsanlarla münasibətində oxuduqlarını tətbiq edib
faydalanırdı. “Bacardım!.. Onu təzədən apatiyaya düşməyə qoymadım”,
deyə fikirləşən bu xeyirxah qadın sevincək Aysunu bağrına basdı:
– Plov da istəyirəm, dolma da.
– Xətrin nə istəyir, bişirərik. Ətiniz varmı?
– Ətdən boluq. Dünən Vanya balaca bir qoyun cəmdəyi gətiribdir. Yəqin
yenə ermənilər o tərəfdən qoyun sürüsü-zad oğurlayıblar.
Aksana bu son sözləri deməyinə peşman oldu. Ağlına gəlmədi ki, Aysu
həssasdır, bu sözlər onun yadına ermənilərin Azərbaycan kəndlərinə,
çöldə qoyun otaran çobanlara hücum eləyib talançılıqla məşğul olmalarını
salacaq. Elə də oldu. Altdan-altdan onun sifətinə baxan Aksana qızın
rənginin dəyişdiyini sezdi. Amma Aysu özünü tez ələ aldı. Onlar mətbəxə
keçdilər.
Ətə baxan Aysu dilləndi:
– Dolma məsələsi asandır. Düyü var, həyətdən tənək yarpağı, boyana
yığarıq. Gavalı, yaxud alça qurusu varmı?
– Onlar nə üçün?
– Həm dolmaya vuracağıq, həm də plovun qarasına qatacağıq.
Mətbəxdəki şkafın gözlərini axtaran Aksana sevincək halda dedi:
– Tapdım! Burda qışdan qalma çoxlu meyvə quruları var. Mən onları
çox sevirəm. Hər il payızda bazardan alıb qışa saxlayıram. Qənd-zad
olmayanda çayı onunla içirəm.
Aysu hamısı bir torbaya yığılmış meyvə qurularına baxdı. Anasını xatırlayıb
gözü doldu. Anası belə ərzaq saxlamazdı. O, hər meyvə qurusunu ayrı-ayrı
qablara yığıb, səliqə ilə şkafın bir gözünə düzərdi. Aysu torbadakı
meyvə qurularına baxa-baxa dedi:
– Gavalı var, ərik var, alça var, bəsimizdir. Onların hərəsindən bir
ovuc seçmək lazımdır. Tut qurusu, armud qaxı gərəyimiz deyil. Bəs
düyü hardadır?
– Bu saxat, – deyə Aksana düyü torbasını onun qabağına qoydu. Aysu
düyüdən yarım ovuc götürüb iylədi, razılıqla dedi:
– Uzun düyüdür, qoxusu yaxşıdır. Zənnimcə pis plov çıxmayacaq.
– Düyü İran düyüsüdür. Bura çerez Yerevan gətiriblər.
– Qaldı ədviyyatı.
– O da var. Vanya Şərq ədviyyatını obajayet. O, cavanlığının çoxunu
Şərq ölkələrində keçirmişdir, – deyə Aksana şkafın digər gözündəki
kiçik salafan kisəciklərini göstərdi. Aysu bir-bir onları götürüb
baxdı: burda sarıkök, mixək, darçın, zəncəfil, cirə və ən mühümü,
zəfəran vardı...
Üç saatdan sonra bütün evi iştahagətirən, adamın ağzını sulandıran
xoş ətir bürüdü.
– Öd kisəciyim plovu həzm eləmək üçün şirə buraxır. Bu Vanya isə qurtarmaq
bilmir, – deyə Aksana köksünü ötürdü.
– Çağırın gəlsin, bəlkə heç onun xəbəri yoxdur ki, yemək hazırdır.
– O, köhnə tülküdür, yəni evi başına almış bu ətir gedib ona çatmır?
Çatır, sadəcə olaraq komandanlıqla seansa girəndə işini qurtarmayınca
bayıra çıxmır.
– Seans? O nədir elə?
Naqqallıq elədiyini anlayan Aksana barmağını Aysunun dodağına tutub
“Sus” dedi, sonra pıçıltı ilə xahiş elədi ki, onunla bu barədə söhbət
eləməsini İvan bilməsin. Aysu məsələni başa düşdü. Hələ dünən evin
üstündəki antenanı görəndə şübhələnmişdi. İndi anladı ki, İvan otağındakı
radiostansiya ilə vaxtaşırı komandanlıqla əlaqəyə girir, buradakı
məlumatları onlara ötürür, yeni təlimatlar alır.
– Aksana xanım, mən uşaq-zad deyiləm, arxayın ol, – deyən Aysu canıyananlıq
edərək Saşanı plov dəsgahına çağırıb-çağırmayacağını soruşdu. Aksananın
cavabı konkret oldu:
– Nə Saşanın, nə də o biri əsgərlərin buraya gəlməyə ixtiyarları yoxdur.
Uzaqbaşı ağır yük olanda onlar yuxarı qalxır, qapıdan verib qayıdırlar.
Saşanın yeməyini mən birinci mərtəbədə...
Aksananın sözü ağzında qaldı. İvanın otağının qapısı açıldı, o, burnunu
çəkə-çəkə qadınlara yaxınlaşdı:
– Boje moy, bu nə qoxu, bu nə ətir. Ac adamı lap bihuş eləyir. Tez
olun, nə varsa süfrəyə gətirin, – deyərək Aysu ilə çox ehtiramla görüşdü.
– Bu gün bizə Aysu xanım aşbazlıq eləyib. Ona görə yeməyi də özü çəkəcək,
mənciyəz ancaq içki, şərab, göy-göyərti, soğan-sarımsaq məsələlərinə
baxıram, – deyə Aksana məlumat verdi.
“Adamın işi düşəndə erməniyə də dayı deyir” atalar məsəli ilə özünə
təskinlik verən Aysu mətbəxə keçdi. O, üstünə zəfəran töküb dəmə qoyduğu
plovu iri buluda çəkdi, qabın dibində saxladığı dəmlənmiş zəfəran
suyunu dən-dən durmuş düyülərin üstünə bir də gəzdirdi, qazanın dibindən
qıpqırmızı qazmağı çıxarıb aşın üstünə qoydu. Sonra yağda qızartdığı
xuruşu bir qaba, ətlə göyərtidən bişirib hazırladığı səbzini digər
qaba yığdı. Aksananı köməyə çağırdı. Aysu buludu, Aksana isə xuruşları
götürüb süfrəyə apardılar. Bütün bunları görən İvan gerçəkdən vəcdə
gəldi, əlini-əlinə sürtüb, əlüstü yüz qramı içəri aşırdı, sonra:
– Bu lap sultanlara, şahlara layiq plovdur, – dedi.
Aksana ona yarınmaq istədi:
– Sənin şahdan nəyin əskikdir ki!
– Şahın böyük hərəmxanası, ona xidmət edən gözəl cariyələri olur.
– Tək bir Aysu yüz gözəl cariyəyə dəyər.
İvanla Aksananın bu zarafatına qarışmayan Aysu nimçələrə düyü çəkdi,
yan tərəflərinə ətli səbzi və xuruş, üstündən də qazmaq qoydu.
– Buyurun, nuş eləyin.
– Bəs sən? – deyə onlar ikisi də birdən soruşdular.
– Siz əsirə lütfkarlıq göstərirsiniz, sağ olun, – deyə Aysu ironiya
ilə İvana minnətdarlıq eləyib, özünə də plov çəkdi.
Sonra ortaya yarpaq dolması gəldi. İvan təzə yarpaq, boyana, sarıkök
qoxuyan dolmanı içəri ötürüb üzünü Aysuya tutdu:
– Ləzzət!.. Çox sağ ol! Yoxsa qalmışdıq elə borşun, kartoşkanın umuduna.
– İvan Nikolayeviç, biz sizin qulunuzuq. Borcumuzdur sizə qulluq eləyək.
Amma borşun öz yeri, plovun öz məqamı var,– deyə Aysu özünü artistliyə
qoydu.
– Mən ermənilərin də bişirdiyi dolmanı yemişəm. Yerlə göy qədər fərq
var. Amma onlar dolmanı öz adlarına çıxır, öz yeməkləri hesab eləyirlər.
– Bəs siz dolmanı kiminki bilirsiniz?
– Sizin bişirdiyiniz dolmanı yeyəndən sonra qəti qərara gəldim: dolma
sizinkidir.
– Siz zarafata yozursunuz. Mən sizə ciddi deyim ki, onlar Qafqazda
yaxşı nə varsa erməniləşdirməyə çalışırlar. Bizdə dolmanın çox növləri
var: badımcan, pomidor, bibər dolması və s. Yarpaqla kələmdən fərqli
olaraq o tərəvəzlərin içini çıxarıb çəkilmiş ət və ədviyyat qarışığı
ilə doldurub bişirirlər.Elə bu yeməyin adı da “doldurmaq”, yəni “zapolnit,
farşirovat” sözündən alınıb olub dolma. Allah qoysa gələn dəfə sizə
badımcan dolması bişirərəm.
– Tamamilə düz deyirsiniz. O söz yadıma gəlir. Mən Moskvada Hərbi
Dillər İnstitutunu bitirmişəm. Mənim əsas ixtisas dilim ərəb dilidir.Türk
dili ikinci dilimdir. Təəssüf ki, institutdan sonra ancaq ərəb ölkələrində
çalışdım, türkcəni işlətmədim. Deməli “dolma” ismi “dolmaq” felindən
düzəldilmişdir. Necə ki, bizim ruscadakı “xalva” ərəbcədəki “hilva”,
yəni “şirin” sözündən keçmişdir.
Aysu borclu qalmadı:
– Ruscadakı “kazna” ilə “maqazin” sözləri isə ərəbcədəki “xəzinə”
sözündən götürülmüşdür.
Dolma ilə plovdan bəsdi deyincə tıxmış Aksana ayağa qalxdı:
– Siz dilçilər elmi diskusiya açdınız, mən qaldım ovsaytda. Gedim
mənim Saşamı yedirdim.
O, boşalmış nimçələri yığışdırıb mətbəxə apardı, Saşa üçün çəkdiyi
yeməkləri götürüb aşağı düşdü.
– Siz ərəbcə bilirsiniz? – deyə təəccüblənən İvan yerindən dikəldi.
– Həvəskar kimi öyrənmişəm. Mənim atam şərqşünasdır. Siz də şərqşünassınız?
İvan Aysunun sualını zarafata saldı:
– Şərqşünas olmayan yerdə, hə, – sonra ciddiləşərək dedi: – Bilirsiniz,
“şərqşünas” sözü geniş anlayışdır. Mən Şərq dillərini bilən hərbçiyəm.
Dediyim kimi hərbi institutu bitirəndən sonra bir çox ərəb ölkələrində
işləmişəm. İndi istəyirəm türkcəni bərpa eləyim. Sizin köməyiniz sayəsində.
– Siz hardan bildiniz ki, mən türkcəyə bələdəm? Mənim mükəmməl bildiyim
yeganə dil öz dilimdir. Xatırladım ki, mən jurnalist fakültəsini bitirmişəm.
İvan qımışdı:
– Xanum əfəndi, siz mənə elə öz dilinizi öyrədəcəksiniz, azəri türkcəsini.
Mənə danışmaq, anlaşmaq səviyyəsində gərəkdir bu dil. Bundan başqa
siz mənim üçün cazibədar, içi sirlərlə dolu, müəmmalı, ağzı bağlı
bir xəzinəsiniz. Mən o xəzinənin açarını əldə eləyib içərisinə girmək
istəyirəm.
Bu sözlərdən Aysunun heç tükü də tərpənmədi. Sözlərinə məhəl qoyulmadığını
görən İvan ciddi görkəm alaraq söhbəti dəyişdi:
– Aysu xanum, yəqin ki, Aksana dünən gecə mənimlə olan söhbəti sizə
çatdırıb. İnanın ki, bu məsələni mən təkbaşına həll etmirəm. Nə qədər
siz mənimləsiniz, heç bir təhlükə yoxdur. Onlar belə hesab edirlər
ki, siz mənim qadınımsınız. Buraya arvadsız gəlmiş zabitlərin bəzisi
yerli erməni qadınlarla, bəzisi əsirlərdən seçdikləri qız-qadınla
yaşayırlar. Mən sizi özümə tərcüməçi götürdüyümü, sizdən türkcə dərs
aldığımı bəyan etmişəm. Yaşadığım bu evi, maşını, evi qoruyan əsgərləri,
Aksananı mənə xidmət üçün veriblər. Siz də oldunuz onlardan biri.
Əgər mən maşını bəyənməyib qaytarsam, onlar maşından öz istədikləri
kimi istifadə edəcəklər. Bu ev də, əsgərlər də onun kimi...
– Axı mən sizin nəyinizə gərəyəm?
– Əvvələn onu deyim ki, siz mənə gərək olduğunuz kimi, mən də sizə
gərəyəm. İntəhası hərəmizin öz marağı var. Mən istəyirəm ki, bu çətin
şəraitdə sizin təki gözəl, savadlı qızla dostluq eləyim, dərdimi bölüşüm.
İkincisi, azəri türkcəsini öyrənim. Üçüncüsü, siz hər gün Azərbaycan
televiziya və radiosundan eşitdiyiniz son xəbərlərin xülasəsini hazırlamalısınız.
Onu bilin ki, mən artıq bu haqda öz şeflərimə raport vermişəm.
Bu sözləri İvan elə-belə, gəlişigözəl söz kimi demədi. İvan qızın
haqqında yuxarıya qısa məlumat vermiş, onu “verbovat” eləmək, gələcəkdə
Moskvaya işləməyə hazırlamaq üçün icazə istəmişdi. Girov düşənlər
arasında Aysu kimi savadlı, Azərbaycan elitasını hərtərəfli yaxşı
tanıyan yox dərəcəsində idi. İvan ümumi maraqla öz şəxsi marağını
uzlaşdırmağa, Aysu ilə intim əlaqə yaratmağa da çalışırdı.
– Sizin mənə rəhminiz gəlmirmi? Axı mən burda çox qalsam dərd-qəmdən
çürüyərəm?!
– Gözəl qız, müharibə gözlənilməz hadisələrlə doludur. Ümidi kəsmək
lazım deyil. Dözmək, münasib məqamı gözləmək gərəkdir. Belə bir imkan
düşərsə, sizi sağ-salamat birbaşa Bakıya ötürmək olarsa, mən bunu
edəcəyəm. Sonuncu variant mən burdan gedəndə sizi özümlə Rusiyaya
aparmaqdır. Ordan haraya getmək öz seçiminizdir...
Aysu gözünü yumub divana söykəndi. İvanın dediklərində müəyyən həqiqətlər
olsa da, onları araşdırmaq, təhlil etmək gərəkdi. Bu vəziyyətdə öz-özü
ilə qalmağa İvan aman vermədi . O, qızın əlindən tutub qaldırdı. Ayağa
duran Aysu əlini onun əlindən çəkdi. Bu kiçik detalı nəzərdən qaçırmayan
İvan ürəyində fikirləşdi: “İndi əlini məndən çəkirsən... Vaxt gələr
özün məndən dördəlli yapışarsan”. Amma diliylə “yüz fikir bir borcu
ödəməz” deyib, onu aynabəndin yuxarı başına apardı, oradakı toz basmış
kitab dolabını açıb dedi:
– Burada sizin dilinizdə də, bizim dilimizdə də kitablar var. Bu gündən
siz oldunuz bizim kitabxanaçımız, tərcüməçimiz, icmalçımız və müəlliməmiz.
Dünən bütün günü ayağımla, gözümlə, qulağımla, bu günsə səhər tezdən
başımla və əlimlə işləmişəm... Yorulmuşam, bir az dincəlmək istəyirəm.
İki saatdan sonra görüşərik. Ləzzətli nahara, ağıllı söhbətə görə
sağ olun.
İvan otağına çəkildi, yazı stolunun yanında radiostansiya yerləşdirilmiş
qutunun qapağını örtüb açarla bağladı, stolun üstündəki kağızları
sahmana saldı. Komandanlıqdan gəlmiş tapşırığa əsasən dünən o, bütün
günü ermənilərin əlindəki Hadrut bölgəsi ilə Azərbaycanın digər rayonları
– Cəbrayıl və Füzuli arasındakı döyüş xəttini başdan-başa gəzmişdi.
Erməni zabitlərinin də, burda olan rus muzdlularının da raportlarını
dinləmişdi. Topladığı məlumatları şifrələyib bu gün səhər göndərmişdi.
O, kağızlardakı qeydlərini, aldığı raportları yalnız özünün anlaya
biləcəyi rəmzi işarə və rəqəmlərlə qırmızı cildli bloknota köçürdükdən
sonra yandırdı...
* * *
Soyunub yatağına girən İvan mürgüləməyə çalışdı. Adətən yaxşı yeyib
içəndən sonra yataq onu çağırırdı. Yarım saatdan sonrasa yanındakıları
da unudub xorna çəkirdi. Amma indi həmişəkindən çox içsə də yuxu onu
aparmırdı və yata bilməməyinin səbəbi kişilərin həmişə arzuladığı
gözəl bir surətin yanında olması istəyi deyildi. O, son vaxtlar, xüsusilə
buraya gəldikdən sonra nədənsə zərif cinsə ehtiyac duymurdu. Aysunu
gördükdən sonra sanki get-gedə öləziyən duyğuları canlanmağa başlamışdı.
Lakin indi gözünə yuxu getməməsi Aysuluq deyildi, həmişəkitək dəmlənə
bilməməsi idi. “Niyə?” deyə çək-çevir eləyən İvan riyaziyyatdan məsələnin
cavabını tapmış uşaq kimi sevindi: “Aha, deməli səbəb yeməkdəymiş!..
Bunların plov və dolmasıyla daha çox araq vurmaq olurmuş...” İvan
bütün Yaxın və Orta Şərqi gəzib dolaşmışdı. Amma belə dadlı, ləziz
yeməyi birinci dəfə dadırdı. “Dünyadakı bir neçə milyard qadın təkcə
zahiri görünüşü, gözəlliyi, bədən əzaları ilə deyil, əl qabiliyyətləri,
aşbazlıqları ilə də bir-birindən fərqlənirlər...” Onun gəldiyi qənaət
belə oldu. İvan balacagözlü, alçaqboylu Vyetnam qızlarından tutmuş,
şümal bədənli, incə, qarabuğdayı Nubiya, kösöv kimi qapqara, iridodaqlı,
ətli-canlı Afrika qadınlarınadək çoxlarıyla oturub-durmuşdu. Ərəb
qızlarından suriyalılar, misirlilər, Əlcəzairdə isə qeyri-ərəb, antik
xalqlara oxşayan yerli tayfaların ağ mərmər bədənli qızları onu heyran
etmişdi. Amma bu bir neçə gündə belə qənaətə gəlmişdi ki, gözəllik
qürurunda, işvə-nazda onlar Azərbaycan qızlarına çata bilməzlər.
“Ey gidi dünya!.. Vaxt vardı rusların nüfuz sərhədləri Afrikanın ortasından,
Hind-Çindən, Latın Amerikasından, Avropanın göbəyindən keçirdi. Hamısından
bizi vurub çıxardılar. Sonra başladılar bizi içimizdən sökməyə. On
dörd respublikanı, zəngin sərvətləri olan nəhəng əraziləri qopardılar...
Bütün bunlar bəs deyilmiş kimi indi də bizi Qafqazdan tamam-kamal
çıxarmaq istəyirlər. Yox, Rusiya Qafqazdan getməyəcək!.. Biz Qərbə
də, içimizdə olan satqınlara da göstərəcəyik. Rusiyada hakimiyyət
biz hərbçilərin əlinə keçməlidir. Yoxsa bu böyük dövləti qayçılayıb
doğramaqda davam edəcəklər”, – deyə düşünən İvan hikkəsindən yumruğunu
divara vurdu. Dövlətçilik onun qanında idi. Ona nə vermişdisə, dövlət
vermişdi. Atasını erkən, on yaşında itirmişdi. O, ziyalı bir adam
idi, bir neçə dil bilirdi, ali məktəblərdə tarixdən mühazirə oxuyurdu.
Çox içirdi. Bir dəfə tarix kitabını götürüb onun yanına gələn İvanı
bağrına basmış, kitabı kənara tullayıb demişdi: “Bu ölkədə tarix yazmırlar,
özlərinə gərək olan cəfəngiyyatları quraşdırırlar. Özünə ayrı peşə
seç, kişi peşəsi...” Ölüm ayağında İvanı yanına çağırmış, beş yaşlı
bacısından muğayat olmağı tapşırmışdı atası...
İvanın anası atasından çox cavan idi. Yasdan heç bir il keçməmiş o,
ərə getdi. Daha doğrusu, cavan bir aspirantı evinə saldı. Ucqarlardan
olan bu gənc oğlana Moskva qeydiyyatı lazım idi. İvangilin ata-baba
evi Moskvanın görkəmli yerində – Arbatın qədim evlərindən birində
idi. Onun babası bu evdə yaşamışdı. İvan babasını ancaq şəkillərdə
– çar ordusunun, Qızıl Ordunun hərbi mundirlərində görmüşdü.
İvan atasının vəsiyyətlərinə əməl elədi. O, babasının peşəsini seçdi,
Suvorov hərbi məktəbinə getdi. Uşağın bu qərarına hamıdan çox anası
sevindi. Təzə ərə ketmişdi. Gənc ərinin başına fırlanan anasının əl-qolu
açılacaqdı. İvan bütün bunları duyurdu, buna görə də getdikcə anasından
soyuyurdu. Heç tətil vaxtlarında da evə gəlməzdi, əgər kiçik bacısı
olmasaydı. O,təkcə atasının vəsiyyətini yerinə yetirmirdi, bacısını
da çox istəyirdi.
Sonralar yaxşı qazanan vaxtlar bacısına kömək eləyirdi. Elə tatara
oxşayan badamıgözlü bacısı tatara da ərə getmişdi, normal yaşayırdılar.
İvanınsa ailə sarıdan bəxti gətirmirdi. Birinci dəfə institutu qurtarıb
leytenant poqonu taxandan sonra Valya adlı qəşəng bir qızla evlənmişdi.
İvanın təyinatını ikinci kursdan sonra 1973-cü ildə bir il təcrübə
keçdiyi Dəməşqə verdilər. O, 1973-cü ilin oktyabr müharibəsində hərbi
tərcüməçi kimi iştirak etmişdi, kursantikən kiçik leytenant rütbəsi
və “İgidliyə görə” medalı almışdı. Oktyabr döyüşləri 1955-ci və 1967-ci
il müharibələrindən sonra ərəblərlə İsrail arasında ən böyük savaş
idi.
O, gənc arvadını da özü ilə Dəməşqə aparmışdı. Arvadı hələ uşaq istəmirdi,
heç İvan da təkid etmirdi. Arvadı İvanın qazandıqlarını Dəməşqin bahalı
rayonu olan Salihiyyənin qızıl və paltar mağazalarında qoyurdu. İvan
özünü bütünlüklə işə vermişdi. O, birinci dəfə qədim Şam diyarına
gələndə İsrail-Suriya cəbhəsində Colan yüksəkliklərinin ətəyində mövqe
tutmuş 7-ci diviziyada tərcüməçilik etmişdi. İkinci gəlişində isə
onu təcrübəsinə, yerli dialekti yaxşı bilməsinə görə “Əmiriyyə” adlandırılan
Hərbi Hava Qüvvələri qərargahına tərcüməçi göndərmişdilər. Elə o zamanlar
70-ci illərin ortasında Livanda dəhşətli müharibələr başlandı. Cənnət
kimi gözəl olan bu ölkəni, cənubdan hücum edən İsrail ordusu, içəridənsə
yerli xristian ərəblərlə burada məskunlaşmış Fələstin və yerli müsəlman
ərəblərin arasındakı döyüşlər viran qoydu. İvana əsas işi ilə yanaşı
Daşnaksütyun partiyasının yerli üzvləri ilə hərbi kəşfiyyat idarəsinin
əməkdaşları arasında tərcüməçilik etmək həvalə olunmuşdu. Buradakı
ermənilər 1915-ci ildə Birinci Dünya Savaşı zamanı Osmanlı dövlətinin
şimalında üsyana qalxıb, arxa cəbhə açdıqları üçün imperiyanın içərisinə
köçürülənlərdən idilər. Maraqlı burası idi ki, uşaqdan tutmuş böyüyədək
onların hamısı ərəbcə, ermənicə bilsələr də evdə, işdə türkcə danışırdılar.
İvan ərəbcədən ruscaya və əksinə tərcümə edirdi. İş çox olduğu üçün
o, ikinci il də məzuniyyətə buraxılmadı. Qərara aldılar ki, Valya
Moskvaya dönsün, üç aydan sonra İvan məzuniyyətə gələndə birgə geri
qayıdarlar. Üç ay oldu altı ay, altı ay döndü oldu bir il. İvan Dəməşqdən
birdəfəlik, dolu çamadanlarla gəldi. Arvadının tapşırığına əsasən
qayınanasına, baldızına, onun ərinə, uşaqlarına da cürbəcür bahalı
hədiyyələr almışdı, komisyon mağazalara verib rubla çevirmək üçün
də mallar gətirmişdi. Cibi pulla dolu idi. Arvadı onu Çkalovks hərbi
aerodromunda qarşılamışdı, öz ata evinə yox, qayınanasıgilə gəlmişdilər.
Onun gəlişi münasibəti ilə qohum-əqrabanın, tanışların iştirakı ilə
təntənəli ziyafət düzəltmişdilər. Çox əla gecə olmuşdu, tez-tez işığı
söndürürdülər. İvan təkcə arvadı ilə yox, onun bütün rəfiqələri ilə
də rəqs edirdi, qaranlıqda hamı bir-biri ilə öpüşürdü... Hamı dəmlənmişdi,
sonra kim harda gəldi yatmışdı. İvan yemək otağında küncdə qoyulmuş
kreslodaca yuxulamışdı. Ertəsi gün o, çox gec oyanmışdı. Qonaqlar
dağılışmışdılar. Mətbəxdə səhər yeməyindən sonra Valya ilə anası onu
qonaq otağına dəvət eləmişdilər və qayınanası çox mədəni surətdə böyük
təəssüf hissi ilə nitqə başlamışdı:
– Hörmətli İvan Nikolayeviç! Həyat gözlənilməz hadisələrlə doludur.
Biz gərək hər şeyə hazır olaq, qəfil baş verən hadisələri kişi kimi
qarşılayaq. İndi demək istəyirik ki, Valya daha səni sevmir. Bu bir
il ərzində o, səndən tamam soyumuşdur, artıq başqasını sevib ərə getmişdir.Doğrudur,
onlar hələ kəbin kəsdirməmişlər. Bunun üçün gərək sizdən boşansın.
Bu, məsələnin formal tərəfidir, onlar artıq ər-arvad kimi yaşayırlar.
İşinizə mane olmamaq üçün Dəməşqə xəbər göndərmədik.
Eşitdiklərinə inanmayan İvan əvvəlcə deyilənləri zarafat hesab eləyib
qəhqəhə ilə gülmüşdü. Lakin ana-balanın bu gülüşə heç bir əhəmiyyət
vermədiklərini görüb, sualedici baxışlarını təkcə Valyaya dikmişdi.
Valya çox ciddi tərzdə, soyuqqanlılıqla demişdi:
– Elədir ki, var, Vanya. Məni bağışla. Mən gözələm, gəncəm, bu qədər
müddətdə tənha, sevgisiz qala bilməzdim.
Necə hərəkət edəcəyini bilməyən İvan ixtiyarsız olaraq mızıldanmışdı:
– Kimdir axı o supermen?
– Sən narahat olma. Valya yaxşı oğlan tapmışdır. Onun adı Saşadır,
xarici işlər nazirliyində işləyir, imkanlı ailədəndir, onu yaxşı karyera
gözləyir, – deyə Valyanın anası sözləri dəyirman kimi üyütmüşdü.
Şok vəziyyətinə düşmüş İvan bilməmişdi nə etsin. Qayınanası onu çətin
vəziyyətdən “xilas” eləmişdi:
– Sizin şəxsi şeylərinizi artıq qablaşdırmışıq. Boşanma haqqında ərizə
artıq verilmişdir. Uşağınız olmadığı üçün proses tezləşəcək.
Ayağa qalxıb pencəyini geyinən İvan ciblərini yoxlamışdı. Bütün sənədləri
yerində idi. Amma cibindəki birillik qazancı, valyuta mağazasında
işlənən çeklər yox idi. Onu ağzını açmağa qoymayan qayınanası üzrxahlıq
eləmişdi:
– İvan Nikolayeviç, özün bilirsən ki, sənin keçmiş arvadın işləmir.
Biz onu bir il öz hesabımıza saxlamışıq. Sonra dünən axşam gəlişin
münasibəti ilə təntənəli ziyafət verdik. Daha sonra məhkəməyə Valya
ərizə verdiyi üçün prosedura xərclərini özü çəkəcək, ancaq sənin pulunla.
Biz hamısını hesablamışıq. Əgər indi getməyə, məzuniyyət vaxtı xərcləməyə
pulun yoxsa, bir az borc verə bilərik.
Sonra o, pul kisəsindən yüz rubl və min manatlıq çek çıxarıb İvana
uzatmışdı:
– Bu çekləri Valya mənə hədiyyə etmişdi. Yüz rubl isə halalca maaşımdandır.
Ümidvaram ki, bunları mənə qaytaracaqsan. Biz axı, mədəni insanlarıq...
İvan çox istərdi ki, ana-bala ikisini də qatsın bir-birinə, o ki var
çırpsın, pullarını da geri alıb getsin. Amma buna cəsarəti çatmamışdı.
Bu hərəkət böyük hay-küyə səbəb olardı. Artıq ona başqa sahəyə keçmək
təklif olunmuşdu. Sabah o, sənədlərini ikiillik əks-kəşfiyyat kurslarında
oxumaq üçün təqdim etməliydi. Əgər bu məişət konfliktinə qoşulsaydı,
it də əldən gedərdi, ip də... Arvad, pul onsuz da getmişdi onları
geri qaytarmaq mümkün deyildi, məktəb də əldən çıxardı, qarşısında
açılmış karyerası korlanardı. Odur ki, işlərini sahmana salmayınca
bu boşanma məsələsini açıb-ağartmaq olmazdı. Yaşamağa az-çox pulu
vardı. Əmanət kassasında hər ay onun burdakı maaşı yığılırdı. Yaxşı
ki, iki il qabaq həvəsə düşüb beynəlxalq bankda valyuta hesabı açmış,
hərdən o hesaba pul keçirmişdi. Burda bir Şərq məsəli dadına çatmışdı
: səbir aparar... Allah səbirli olanlarladır. Odur ki, gələcək çekist
kimi hövsələsini basıb, bu iyrənc insanlardan uzaqlaşmağa tələsmişdi...
İvan Valya ilə evlənəndə onun bəkarəti pozulmuşdu. Qayınanası bunun
xəstəliklə bağlı olduğunu uzun-uzadı sübut etməyə çalışmış, bu “bir
dəqiqəlik” işin lazımsızlığını iddia etmişdi. Amma sonralar məlum
olmuşdu ki, İvan Valyanın həyatında birinci kişi deyilmiş. İvan ikinci
dəfə ancaq bakirə qızla evlənəcəyinə söz vermişdi. İkiillik əks-kəşfiyyat
kursunu bitirdikdən sonra o, professional kəşfiyyatçı oldu və yalnız
bundan sonra evlənməyi qərara aldı. Özünə bab, ali təhsil almış qızlar
arasında bakirə tapmaq çox da asan olmadı. Nəhayət, Anya ilə rastlaşıb
evləndi. Amma arvad sarıdan bəxti yenə gətirmədi. Sonralar məlum oldu
ki, Anya bakirəliyini saxlamaq üçün yüz oyundan çıxmışdır. Çox seksual
qadın olan Anya əsl sifətini gizlətməyi bacarırdı.
İvan Anyanı işlədiyi ölkələrin çoxuna aparmışdı, lakin o, ikinci arvadını
Valya qədər sevə bilmədi. Evlənəndən dörd il sonra dünyaya gələn qızlarının
nə zahirən, nə də daxilən ona oxşamaması da aralarında soyuqluq yaratmışdı.
Qarabuğdayı, yekəburun, gözlərində yaşına yaraşmayan sırtıqlıq, çoxbilmişlik
ifadəsi olan qızı ilə onunku tutmurdu. Doğrudur, o bilirdi ki, uşaqlar
bəzən valideynlərinin heç birinə oxşamır, uzaq nəsillərində kiminsə
genini daşıyır. Əslində bu soyuqluğu Anyanın qəribə, müəmmalı xasiyyəti
yaratmışdı. İvan Anya ilə dostunun ad günündə tanış olmuşdu. Qızın
gözəl fiqurasından başqa, hazırcavablığı, məclisdə özünü ağır aparması,
yarısərxoş pərəstişkarlarından ustalıqla yayınması İvanın xoşuna gəlmişdi.
İvan bir neçə dəfə onunla rəqs etdikdən sonra qız daha başqalarının
dəvətini qəbul eləməmişdi. İvan dostunun rəfiqəsindən Anya haqda soruşduqda,
“Çox özünü yorma, o hələ qız uşağıdır” demişdi. İvana da elə bu lazım
idi...
Anyanın atası rus, anası erməni əsilli idi, Moskvada doğulmuşdu, fransız
dili müəllimi idi. Onlar görüşməyə başladılar. İvan bir də gözünü
açıb gördü ki, evlənirlər. İvan başa düşürdü ki, ona evlənməyə qız
lazım olduğu kimi, Anya da ərə getməyə perspektivli bir oğlan tapmışdı.
Kəbin kəsdirməyincə Anya onu yatağına buraxmadı. Amma ərə gedib xaricə
işə göndərildikdən sonra Anyanın iç üzü yavaş-yavaş açıldı. O, qəşəng
bədəni, alışıb yanan gözləri ilə kişiləri yerindən oynadırdı. Məclislərdə
birinci qadın idi. Anyaya görə İvanın şefləri onları bütün əyləncə,
kef məclislərinə çağırırdılar. Anya vəzifəlilərin, imkanlı adamların
ona pərəstiş etməsindən zövq alırdı. Bu məclislərdə rəqs zamanı Anya
qucaqdan-qucağa keçərdi. Anyanın hesabına İvanı ucqar yerlərə göndərmirdilər,
onlar paytaxtda, yaxşı mənzildə yaşayırdılar, onları rezidentin kampaniyasına
daxil eləmişdilər. Şam ölkələrində sovet dövlətinin iradəsini həyata
keçirən, bu ölkələrdə çalışan minlərlə sovet vətəndaşının işinə, həyatına
müdaxilə eləmək səlahiyyətinə malik olan rezidentin ətrafında olmaq
hamının arzusu idi. Anya tez-tez arvadı Moskvada nəvələrinin yanında
olan şefin mənzilinə gedər, yeməyini hazırlar, mənzili səliqə-sahmana
salardı. Hərdən qısa müddətə ərinə baş çəkməyə, alış-veriş eləməyə
gələn şefin arvadı Anya ilə yaxınlıq edərdi. Amma bu da İvanın ürəyindəki
şübhələri, qısqanclığı yox edə bilmirdi. Ələlxüsus, hərdən onu bir-iki
günlüyə başqa yerə ezamiyyətə göndərəndə elə bilirdi ki, bu, qəsdən
edilir. İvan ayağını o yana qoyan kimi Anya şefin qoynuna girir...
Şefin yaşı altmışı keçsə də sağlam idi, qadınları çox sevirdi. Onun
qısqandığını duyan Anya bir dəfə üstünə qışqırmışdı:
– Sən axmaqsan ki, məni altmış yaşında kişiyə qısqanırsan, həm də
o, adi kişi deyil, sənin şefindir. Sənin kimi yüzlərlə zabitin taleyi
onun əlindədir. Əgər o bilsə ki, məni ona qısqanırsan, buna görə məni
incidirsən, səni burdan ilim-ilim itirər.
İvanın mısmırığını salladığını görən Anya, onun könlünü almaq üçün
lümbələmlüt soyunmuş halda bədənnüma güzgünün qarşısında özünə baxa-baxa
demişdi:
– Kişilər bir neçə saatlığa da olsa belə bədəndən kam almaqdan ötrü
sinov gedirlər. Sən isə hər gecə onun sahibisən. Mənim kimi ehtiraslı,
sağlam bədənli bir qız neçə illər bakirəliyini öz qanuni əri üçün
saxladı, sənsə onu qiymətləndirmirsən...
Hər dəfə belə söhbətlərdən sonra Anyanın ehtiraslı öpüşləri, müxtəlif
seks oyunları hər şeyi İvana unutdurardı.
İvan qadınlara incə münasibət bəsləyirdi, sevgi məsələlərində bir
az romantik idi. Ailədə saflıq, təmizlik arzulayırdı. Həmişə bir Şərq
zərbi-məsəlini deməyi xoşlayırdı: ilan başqa yerdə əyri-üyrü getsə
də, öz yuvasına düz girir... Anya onun şübhələrini yox eləmək, özünün
təmizliyinə inandırmaq üçün çox çalışdı. İvan zahirdə onun bəzi hərəkətlərini
unutduğunu göstərsə də, batində unutmamışdı. Anyanın müəmmalığı bundaydı
ki, çox vaxt zarafatı ilə ciddiliyini ayırd eləmək olmurdu... İvan
üçüncü dəfə evlənə bilməzdi. Bu, onun karyerasına ciddi zərbə vura
bilərdi. Odur ki, hələlik susmağı, yüksək rütbə alana qədər dözməyi
qərara almışdı. Onlar formal ər-arvad idilər. Bu kəbin onların hər
ikisinə lazım idi. Amma çox istərdi ona oxşayan, nəslinin davamçısı
ola biləcək bir oğlu olsun. Bəlkə elə buna görə də mehrini bacısı
uşaqlarına salmışdı, övlad məhəbbətini onlara bəsləyirdi. Bu bir cüt
qıyıqgözlü, ucaboylu yeniyetmələr həm ata, həm də ana tərəfinə oxşayırdılar.
İvan özünün də, atasının da bir çox xüsusiyyətlərini bu oğlanlarda
görürdü.
İvan yeniyetmə yaşından çox qız, qadın görmüşdü. Ən çox xoşuna gələn
iki nəfər olmuşdu, onlarla da evlənmişdi. İndi tale onu tamam başqa
keyfiyyətləri olan, gördüklərindən çox-çox fərqlənən bir qızla qarşılaşdırmışdı.
Və bu qızın onun haqqında nə düşündüyünü bilmirdi. Adətən, o, qadınlarla
münasibətində uğur qazanmışdı. Aysunun hüsn-rəğbətini cəlb etmək üçün
cəhdləri, hələlik bir nəticə verməmişdi. Ümidverici yeganə şey Aysunun
bu gecə ciddi-cəhdlə plov bişirməsi idi. İvan bilirdi ki, azərbaycanlılar
plovu təntənəli məqamlara görə bişirirlər. Deməli, qız yavaş-yavaş
taleyi ilə barışır... Bu azərbaycanlı qızının vəziyyətinə başqası
düşsəydi, özü birinci gecədən İvana göz-qaş oynadardı, yatağına girmək
təklifini gülə-gülə qəbul edərdi... Bunlarsa başqa toxumdurlar...
Bəs neyləməli? Bax, indi gecə yarısı durub Aysunun yanına getsə, hər
şeyi çılpaqlığı ilə ona etiraf edib desə ki, mənimlə yaşasan rüsvayçılıqdan
qurtararsan... Yox, rədd etsən... Səni nə gözləyir təsəvvürünə gətir...
Qız razılıq verərsə, özümə oxşayan oğlum olarsa, necə?...
Bu fikirdən onu fərəh və qürurla yanaşı qorxu və məyusluq da çuğladı...
Çekistin qeyri-qanuni övladı onun əleyhinə ciddi əşyayi-dəlildir.
İvan araqla çaxır kimi bu iki zidd fikri də qarışdırıb başını itirdi,
dolaşıq düşüncələr içərisində huşa getdi...