Naməlum sonluğun başlanğıcı
Aysu
gözünü açanda başının üstündə kürən zabiti gördü. Yaxınlıqda BTR və
UAZ markalı maşından başqa heç nə yox idi. Bayaqkı qələbəlikdən, hay-küydən
əsər-əlamət qalmamışdı. Qızları aparmış, Qozludərə bağları ilə qonşu
kəndə tərəf qaçan qadınlara məhəl qoymamışdılar... Çox qəribə, öldürücü
bir sakitlik vardı. Aysu ömründə duymadığı dəhşətli bir yalqızlıq,
tənhalıq hiss etdi. O, öz doğma torpağında, ata yurdunda olsa da,
sanki yad bir elə, başqa bir planetdə əcaib, barbar məxluqların içərisinə
düşmüşdü.
“Yox, mən sizə asanlıqla can verməyəcəyəm”, – deyə düşünən Aysu Allaha
yalvardı ki, sonadək mərdliklə dayanmaq üçün ona güc və səbir versin.
Kürən zabit isə öz dilində sevincək: “Allaha şükür, gedə bilərik”,
– deyib ayağa durmaq üçün əlini qıza uzatdı. Aysu onun yardımından
imtina edərək özü qalxdı və heç nə soruşmadı. Təxmin edirdi ki, onu
Hadruta aparacaqlar.
– Mənim adım İvan, familim Bulqanindir. Buyurun, – deyə o, UAZ-ın
qapısını açdı, özü sükan arxasına keçdi. Maşın tərpənib yola çıxdı.
Arxalarınca gələrək onları müşayiət edən BTR-i gördükdə Aysu məyus
oldu... Qozludərə bağlarından keçərkən qapını açıb, özünü maşından
ataraq, qaçmaq fikrinin sadəlövhlük olduğunu anladı. Ancaq maşında
erməni hərbçilərinin olmaması onu bir az sakitləşdirdi. İvan nəvazişlə
qıza baxıb soruşdu:
– Bəs, sizin adınız nədir?
– Aysu.
– Bunun mənası necədir? Bilirəm, su “voda” deməkdir. Bəs “ay” nədir?
Bu sözü də bilirəm, amma qarışıq salıram.
– Ay “luna” deməkdir.
Qızla danışa bilməsindən sevinən İvan ağızdolusu onun adını təkrarlamaq
istədi:
– Aha, yadıma düşdü... Aysu... Ayısu.
– ”Ayısu” yox, Aysu. Ayı rusca “medved” deməkdir.
– Ax, ayı, rus ayısı. Mən rus ayısıyam, sənsə Ay suyusan. Axı Ayda
su yoxdur.
Aysu istədi izah etsin ki, azəri türklərinin ay işığında əkdiyi ağac
bərəkət, aylı gecədə bulaqdan gətirilən su şəfa verər. Və onun adı
da bununla bağlıdır. Həm də istərdi onun sözünü təsdiqləsin ki, düz
deyirsən, sən bu yerlərin ayısı olubsan. Aslanlar olmayanda ayılar,
böyür-başındasa çaqqallar meydan sulayır... Amma susmağı üstün tutdu.
Onlar çayı keçmək üçün ağacların, böyürtkən kollarının sıxlaşdığı
dərəyə endikdə, qəribə mənzərə ilə rastlaşdılar: ermənilərin bir BTR-i
yolun kənarında böyrü üstə aşıb tüstülənirdi. Torpaqda laxtalanmış
qan gölməçələri vardı. İki zirehli maşınla köməyə gəlmiş erməni əsgərləri
tüstülənən BTR-i çəkib çıxarmaq üçün əlləşirdilər. Yolun qırağında
bir neçə hərbi geyimli meyit uzadılmışdı.
İvan əyləci basıb başını kabinədən çıxardı:
– Burada nə baş vermişdir?
Bir erməni zabiti UAZ-a yaxınlaşdı, yarım saat öncə baş vermiş hadisəni
rusca İvana danışdı:
– Azərbaycanlılar burada pusqu qurublarmış. Onlar hiylə işlədərək,
polkovnikin BTR-ni, ardınca əsgərlər olan maşını sağ-salamat buraxıb
hamını arxayın salmışlar. Beş dəqiqəlik intervalla qızları aparan
maşın, arxasınca ikinci BTR gedirmiş. Maşın yavaş sürətlə çayın üstündəki
körpüdən keçib, dərədən çıxan zaman bir nəfər hərbi geyimli, əli avtomatlı
yola çıxır, işarə ilə maşını saxlamağı tələb edir. Onu erməni əsgəri
hesab edən sürücü əyləci basır. Maşının dayanmağı ilə həmin əsgərin
avtomatdan kabinəyə atəş açmağı bir olur. Kabinədəki sürücü də, onun
yanındakı zabit də yerindəcə ölürlər. Maşının üstəki əsgərlərdən birinin
açdığı atəş həmin Azərbaycan əsgərini yerə yıxır, o birisi isə cəld
aşağı enir ki, maşını sürüb aradan çıxartsın. Lakin artıq gec olub.
Kolluqda pusquda dayananlar qranatamyotla arxadan gələn BTR-i vurub
aşırmışdılar. Aşağı enib kabinəyə cuman əsgəri də yerə səriblər. Yuxarıda
maşının kuzasında olan bizim əsgərin üstünə cuman qızlar onu daha
atəş açmağa qoymayıblar, avtomatını əlindən alıblar. Bizim əsgər güclə
özünü maşından yerə ata bilib. Yoxsa onu girov götürəcəklərmiş. Maşını
ələ keçirən azərbaycanlılar onu bağın içindəki bu yolla aparıblar,
– deyə erməni zabiti əli ilə ortasını ot basmış yolda maşın təkərlərinin
açdığı qoşa cığırı göstərdi.
– Ölən və yaralananların sayı nə qədərdir?
– Bizdən beş nəfər ölən, üç yaralanan var. Onlardan isə bir nəfər
ölüb. Bu “Qızlar əməliyyatı” bizə baha başa gəldi. Axırı da boşa çıxdı.
Azərbaycanlılarda adət bir az başqa cürdür: qadınlarını özlərinin
namusu sayırlar, namusları uğrunda ölümə gedirlər, bax bu əsgər kimi,
– deyə sözünə yekun vuran zabit kənarda ayrıca uzadılmış meyiti göstərdi.
Ona diqqətlə qulaq asan İvan “namus” sözünün rusca nə demək olduğunu
soruşdu. Zabit çiyinlərini çəkdi:
– Rusca tərcüməsini bilmirəm. Qadını yad gözdən, yad əldən qorumaq
kimi başa düşmək olar. Bu söz bizim dilə də türklərdən keçib.
Bayaqdan bəri bu söhbətin hər kəlməsini yaddaşına yazan Aysunun sevincdən
gözləri yaşardı, ürəyində dua etməyə başladı: “Ey böyük Allah, ey
Ulu Tanrı! Sənin mərhəmətinə şükür edirəm. Qızları ölümdən qat-qat
dəhşətli olan rüsvayçılıqdan qorumaq üçün özünü qurban vermiş əsgərin
ruhunu cənnətlik elə!”.
Maşın yerindən tərpəndikdə o, yarıyumulu gözlərini açdı, UAZ-ın Hadrut
tərəfə yön aldığını gördükdə, bədəninə üşütmə çökdü. “Qarşıda onu
nələr gözləyirdi? Namusunu qoruya biləcəkdimi? Əgər namusuna toxunulsa...
İndi bu namus tək bir ərin namusu deyildi, Vətənin namusuydu... Ata-anası
indi haradadır?” – deyə fikirləşən Aysu bayaqdan bəri yığılaraq boğazında
tıxaclanıb qalmış hıçqırtısını saxlaya bilmədi. Ümidsizliyə qapılan
biçarə qız acı-acı ağlamağa başladı. “Əgər mən də qızların arasında
olsaydım, qurtulmuşdum”, deyə hönkürərək onu dəstədən ayırmış İvana
için-için qarğış tökdü. İvan maşını kənara çəkib saxladı, qıza su
verdi. Bir neçə qurtum sərin sudan içən Aysu sakitləşdi, özünü ələ
alıb, İvana yalvarmağa başladı:
– Əgər anan-bacın, qızın varsa, and verirəm onların xatirinə, məni
burax, gedim. Qohumlarım nə qədər istəsən, tapıb sənə pul verərlər.
Gözlərinə soyuq, laqeyd bir ifadə çökmüş İvan üzünü bozardıb qəti
şəkildə bildirdi:
– Bu indi mümkünsüzdür və təkcə məndən asılı deyil.
Aysu ümidsizcəsinə başını söykənəcəyə dirəyib gözlərini yumdu. Maşın
yenidən enli yola çıxdı. Təhlükəli sayılan yerlərdən keçib qəsəbəyə
yaxınlaşanda BTR aralandı. UAZ baş küçə ilə irəliləməyə başladı, qəsəbənin
ortasındakı qocaman çinarın yanından ötüb sağa buruldu, yoxuşu çıxdı.
Bu yerlər Aysuya tanış idi. O, bir neçə dəfə Hadrutda olmuşdu. Axırıncı
dəfə səkkiz il öncə atası ilə buraya gəzməyə gəlmişdilər. Onlar bu
dikdirlə qalxmış, atasının dostu – raykomun təbliğat şöbəsində işləyən
Mədət müəllimlə görüşmüşdülər. Azəri türkcəsincə səlis danışan Mədət
İkinci Dünya Savaşından sonra ətraf kəndlərdəki türk məktəblərində
müəllimlik etmiş, rus dilindən dərs demişdi.
Mədət müəllim onları qəsəbənin kənarında təmiz ab-havalı, gözəl seyrangahlı
bir yerdə tikilmiş kafeyə aparmışdı. Onlara xoş niyyətlə baxmayan
bəzi ermənilərin gözündən uzaq bir guşədə – ağacların altında stol
açdıran Mədət müəllimin yüz qram tut arağından sonra dili açılmışdı.
O, köhnə tanışları bir-bir soruşub, demişdi: “Oğlum diş həkimliyini
qurtarıb gəlmişdi. Bizim paxıllar bu boyda rayonda ona iş vermədilər.
Yenə sağ olsun köhnə dostlar. Sizin rayonun Minbaşılı kəndində ona
məntəqə açdılar”.
Sonra o, səsini alçaldıb pıçıltı ilə söyləmişdi: “Bu köpək uşağı yerevanlılar
buraya gəlib, aranı yaman qızışdırırlar. Onlarla bizimki heç tutmur.
Nə xasiyyətimiz, nə də dilimiz uyğun gəlir”. Atası isə gülərək yarızarafat,
yarıciddi demişdi: “Ona görə ki, siz əldəqayırma ermənisiniz. Sizin
kökünüz erməni olmayıbdır. Xristian Alban dövlətində türklərlə yanaşı
digər Qafqaz tayfaları da olublar. Ərəblər gələndə türklərin əksəriyyəti
islamı qəbul etdilər. Yüksək, çətin keçilən dağlı-meşəli yerlərdə
məskunlaşanlara əl çatmadı. Vaxtilə bizim əcdadlarımızın da ibadət
elədiyi xristian Alban məbədləri sonralar erməni kilsəsinin təsiri
altına düşdü. Rusiya Qafqazı tutduqdan sonra Alban kilsəsi ləğv olunub
ermənilərin ixtiyarına verildi. Ermənilər başladılar Alban kilsələrinin
xaçlarını dəyişdirib özlərininki ilə əvəz etməyə. Doğum, ölüm, nikah,
təhsil qeydiyyatlarını aparan kilsə sizin əcdadlarınızın familinin
sonuna “yan” əlavə etdi və hamınız oldunuz erməni”.
O zaman 10-cu sinifdə oxuyan Aysuya bu söhbət tam aydın olmamışdı.
Mədət müəllimdən ayrıldıqdan sonra geriyə dönərkən atası ona izah
etmişdi ki, Qarabağda indi “erməni” adlananları iki yerə bölmək olar:
özlərini “hay” deyə əsl adlarıyla çağıran ermənilər və sonradan erməniləşmişlər.
Hayların çoxu Rusiya Qafqazı işğal etdikdən sonra XIX yüzilliyin əvvəllərində
İrandan, Türkiyədən Azərbaycana köçürülənlərdir. Sonradan zorla qriqoryan
məzhəbi qəbul etdirilmiş yerli xristian sakinlər isə, bayaq dediyim
kimi, Alban kilsəsinə itaət etmiş bizimkilərdi, yavaş-yavaş erməniləşdirildilər.
Qızının sual dolu baxışlarını sezən Elbəyi bir neçə cümlə ilə hələ
eramızdan bir neçə yüz il əvvəl Azərbaycanın şimalında qurulmuş, on
üç– on dörd əsr yaşamış güclü Alban dövləti haqqında məlumat da vermişdi:
onun sərhədləri şimalda Dəmirqapı Dərbənddən tutmuş cənubda Araz çayınadək
uzanırdı.Sonra atası “alban” sözünün kökündən danışmışdı.
Bir gün məktəbdən qayıdan Aysu tarix dərsində Alban tarixi ilə bağlı
mübahisələri zəminində atasından onun üçün qaranlıq qalmış bir məsələ
haqqında soruşmuşdu:
– Alban dili, alban əlifbası niyə indiyədək öyrənilməyib ?
– Qızım, mən də sənə bir sual vermək istəyirəm: niyə bizim böyük Turan
tarixinə, türk mənşəyimizə məxsus olduğumuzu yaza, danışa bilməmişik?
Cavabını deyim: əvvələn, ona görə ki, tarixi saxtalaşdırmaqda səriştəli
olan ermənilər, sonralarsa ruslar qəsdən bunu aşkarlamağa imkan verməyiblər.
Bizə dolayısıyla belə qadağa qoyublar: mənşəyimizi hara istəyirik,
yoza bilərik, lap afrikalılar olsun, fərqi yoxdur... Təki özümüzə
türk deməyək... Adını çəkməsək də, türklük hər yerdə, hətta qonşularımızın
da məişətində mövcud olmuşdur. Uzağa getməyək, Mədət müəllimdən soruşaq,
görək, öz adının mənasını bilirmi? Bilməyəcək. Ona görə ki, valideynləri
bu adı elə-belə, kor-koranə qoymayıblar ona. Mədət ərəb dilindən gəlmə,
türkləşmiş sözdür: kömək, yardım mənasında işlənir. Görünür, azəri
türklərinə minnətdarlıq mənasında bu adı qoyublar. Mədət müəllim də
bu ənənəni azərbaycanlılara münasib istiqanlıqla yaşadır. Alban dili
ilə bağlı isə, inşallah, axtarışlarımı çap etdirəndən sonra oxuyub,
görərsən. Hələlik onu deyə bilərəm ki, alban tayfalarının çoxu türkdilli
olmuşdur. Moiseyin Eçmiədzində gizlədilən “Aqvan tarixi”nin əlyazması
ələ keçsə, orada alban həqiqətləri axıracan açılar. Bununla sizin
nəsil məşğul olmalıdır. Birinci də ondan başlamalısınız ki, alban
kilsələri qriqoryanların inhisarından alınsın, tarix səhifələrində
öz adı ilə səslənsin. Bu işə beynəlxalq təşkilatları da cəlb etmək
lazım gələcək.
UAZ-ın cır səsli siqnalı Aysunu xəyaldan ayırdı. “Qaçıb qurtarmaq
haqda fikirləşmək əvəzinə mən də tarixi– Nadir kitabı açmışam”, –
deyə fikirləşən Aysu özünü danladı. Maşın ikimərtəbəli şəxsi bir evin
qapısına yaxınlaşan kimi darvaza açıldı, onun arxasında dayanmış iri
sifətli gənc əsgər hərbi təzim etdi.
– Salam, Saşa, – deyə İvan sağ əlini qaldırıb onun salamını aldı,
maşını çardağın altında saxladı, aşağı düşüb Aysu oturan tərəfin qapısını
açdı.
– Buyurun, xanum, – deyə onun aşağı enməsinə kömək üçün əlini uzatdı.
Aysu özü aşağı düşdü. Əli havada qalmış İvan pərtliyini büruzə vermədi.
– Xoş gəlibsiniz. Bura bizim villadır. Bu xanumsa bizim təsərrüfatı
idarə edən Aksana Aleksandrovadır, – deyə İvan içəridən çıxan dolubədənli,
ortayaşlı rus qadınını təqdim etdi. – Bu gözəl qızsa Aysu xanumdur,
bizimlə yaşayacaqdır. Xahiş edirəm, onu ailəyə qəbul edəsiniz.
Aysu yaşı əllini haqlamış bu qadına imdad dolu nəzərlərlə baxdı. Pis
adama oxşamayan Aksana əlini ona uzadıb azəri türkcəsincə “Xoş gəlib,
səfa gətiribsiniz” – deyə salamlaşdı, sonra onları içəri dəvət edib,
ikinci mərtəbəyə qaldırdı. Palıddan zövqlə düzəldilmiş qapını cibindən
çıxardığı topa açarların ikisi ilə açıb, onları geniş aynabəndə buraxdı.
Aysu gözünün ucu ilə aynabəndə nəzər saldı. Ortada kürsüləri ilə bərabər
böyük yemək stolu qoyulmuş, küncdə divar boyu yumşaq mebel düzülmüşdü.
Yuxarı başda isə köhnə dəbli bir servant və ağzıbağlı dolablar vardı.
Divarlara asma kitab rəfləri vurulmuşdu.
Bu aynabənd ona Qozluçaydakı qohumlarının evlərini xatırlatdı. Orada
da aynabənd əsas oturaq yeri idi. O, sonradan biləcəkdi ki, bu ev
yaxın kəndlərdən olan, Hadrut rayon ticarət idarəsində işləmiş Həmdalı
adlı bir nəfərin imiş. Əsas işi Bakı anbarlarından bölgüyə əsasən
bu rayon üçün ayrılmış malları gətirmək olan Həmdalının bacarığına
görə qəsəbədə böyük hörməti varımış. Xüsusilə, yerli ermənilər onun
xətrini çox istəyirmişlər, ona burada torpaq ayırmış, ev tikməsinə
kömək etmişdilər. Ara qarışanda daşnaklar onu qəsəbədən qovmuşdular.
– Çox yorulduq, – deyə İvan divana sarı yönəldi, özünü çul kimi onun
üstünə yıxdı. Aysunun ayaq üstə dayandığını gördükdə təəccüblə soruşdu:
– Niyə oturmursunuz, xanum?
– Mən hüquqsuz bir əsirəm, özbaşına heç nə edə bilmərəm, – deyə Aysu
tam ciddiliklə cavab verdi.
Bu sözlərdən təsirlənən İvan ayağa qalxdı, ədəb-ərkanla “buyurun!”
deyib ona yanında yer göstərdi, dalınca da əlavə etdi:
-Siz özünüzü bu evin tam hüquqlu xanumu kimi hiss edin.
Sifətindən acı bir təbəssüm keçən Aysu divanı yox, kreslonu seçib
oturdu.
– Yeməkdən başlayacaqsınız, yoxsa içməkdən? – deyə Aksana üzünü İvana
tutdu.
İvan eyni sualla Aysuya müraciət etdi. Susaraq çiyinlərini çəkən qızın
donuq baxışlarında biganəlik ifadəsini görən İvan Aksananı mətbəxə
göndərərək “hamısını birdən gətir”, – dedi, ürəyində isə Aysuya acıyaraq
düşündü:
“Biçarə qız, həyat çox amansızdır, xüsusilə bizim bu dövrümüzdə və
məkanımızda. Bir neçə saat öncə sən öz yaxınlarının əhatəsində sevinclə
xoşbəxtlik dəryasında üzürdün... İndi isə bizim əlimizdə girovsan...
Heç bir qanunun işləmədiyi eksperiment və sınaq meydanına çevrilmiş,
bizdən başqa kimsənin əli yetmədiyi bu ucqar cənnət guşəsində səni
hansı cəhənnəm əzabının gözlədiyini bilmirsən... Heç mən özüm də bilmirəm
ki, sabah məni nə gözləyir... Burdan sağ-salamat rədd olub getməyi
bacaracağammı? Deməli, sən jurnalistsən, çox güman ki, məlumatlısan.
Səni dişimə vuraram, bizim işimizə yarasan, çox əla. Yox əgər, yaramasan,
səni saxlamaq üçün digər səbəblər taparam. Ən mühümü budur ki, çox
xoşuma gələn, indiyəcən qarşılaşmadığım bir qızı tale özü mənə ürcah
edibdir. Bəlkə getdikcə gözümdə öz mənasını itirən bu maraqsız dünyanı
sən mənə maraqlı edəcəksən? Bəlkə içimdəki boşluğu sən dolduracaqsan?
Məni valeh edibsən, gözəl qız! Səni bu vəhşilərin əlinə vermərəm...
Bilirəm, səni zorlamaq, əzmək, məhv etmək nə qədər asansa, təslim
etmək bir o qədər çətindir. Yorulmuşam zorakılıqdan. Çalışacağam ki,
ən ali duyğularla səni özümə təslim edim. Məndə hələ ölməmiş, yaxşı
nə varsa, sənə verim... Əvəzində ancaq və ancaq sevgi istəyəcəyəm...
İstərəm ki, bayaq səni erməni əsgərinin caynağından alarkən mənə sığındığın
kimi sığınasan, baxdığın kimi baxasan...”
Gözləri özünün də bilmədiyi məchul bir nöqtəyə zillənmiş Aysu da,
təxminən, İvanla eyni bir ünvan istiqamətində düşünürdü... Əgər zırpı
bir ayı qarşısındakı maral balasını necə yemək haqda fikirləşirdisə,
maral balası da eləcə ayıya yem olmamağın yollarını arayırdı... Onlar
paralel xətt üzrə düşünürdülər... Belə xətlər isə kəsişmir... Qızcığaz
zahirən özünü təmkinli, sakit saxlasa da səyi əbəs idi. İçərisində
fikir dalğaları təlatüm edirdi... Bir neçə saat içərisində qəflətən
baş vermiş olaylardan aldığı sarsıntı ona öz durumunu dəqiq qiymətləndirməyə,
qurtulmaq üçün bir plan cızmağa imkan vermirdi... Aysu iradəcə möhkəm
qız idi. “Kitabi-Dədə Qorqud” dastanından tutmuş üzü bəri Azərbaycan
tarixində, folklorunda təsvir olunmuş qəhrəman, igid qızlar, qadınlar
haqda çox oxumuşdu, həmişə özünü onlarla müqayisə etmişdi... İndi
başa düşürdü ki, stresdən çıxmağa çalışmalıdır, İvanla münasibətlərində
ona yalnız ümid verərək vaxt qazanmaq gərəkdir.
– Yaxşı, xanum efendi, yemək hazır olanadək bir az işləyək. Çalışın
mənim suallarıma dəqiq və düzgün cavab verin, – deyə İvan kağız-qələm
çıxarıb sualı sual dalınca yağdırmağa başladı:
– Adınız, familiniz?
– Aysu Qaramanlı.
– Atanızın adı, peşəsi, iş yeri?
– Elbəyi Qaramanlı, tarixçi, ölkəşünas, Şərq ölkələri üzrə mütəxəssis,
elmlər doktoru, professor. Əlyazmalar institutunda, universitetdə
işləyir.
– Sizin doğum iliniz, ailə vəziyyətiniz?
– 1968– ci ildə doğulmuşam, jurnalist fakültəsini və aspiranturanı
bitirmişəm. Nişanlım var, toyumuz hələ olmayıb.
– Nişanlınız kimdir, peşəsi nədir?
Aysu kəkələsə də əlüstü cavab verdi:
– Filosofdur, elmi işlə məşğul olur.
– Sizin qəzetlərlə, digər mətbuat orqanları ilə əlaqəniz necədir?
– Tez-tez yazıram, imzam tanınır. Əsasən Azərbaycan televiziyası və
“AssA-İradə” beynəlxalq xəbər agentliyi ilə əməkdaşlıq edirəm.
– Nədən yazırsınız?
– Həyatın bütün sahələrindən yazıram.
– Ata-ananızın, nişanlınızın dövlət işində, MTN və Müdafiə Nazirliyində
işləyən qohumları varmı?
– Atamı hamı tanıyır, çox vəzifəli şəxslər onun tələbəsi olmuşlar.
– Hələlik bu qədər, – deyə İvan bloknotunu qapadı, Aysuya iki vərəq
verib dedi:
– Xahiş edirəm sonra boş vaxtınızda avtobioqrafiyanızı yazın. Ata-ananız
və digər yaxınlarınız haqda ətraflı məlumat verin.
Aksana çoxdan bişirdiyi, indisə yüngülcə qızdırdığı borşu, jarkonu
süfrəyə qoydu. Sonra xiyar, kələm, sarımsaq şorabalarını, tut arağını,
qırmızı çaxırı süfrəyə düzdü, üzünü onlara tutub “Şam yeməyi hazırdır,
buyurun”, dedi.
İvan hərbçilərə məxsus cəldliklə ayağa qalxdı. Aysunun önündə yüngülcə
baş əyib nəzakətlə dedi:
– Buyurun, xanum efendi.
Fikir dəryasına qərq olmuş Aysu təşəkkür etdi:
– Sağ olun.
– Sən heç nədən narahat olma. Adamyeyən deyilik. Bizimlə süfrədə oturmalısan.
İştah diş altdadır. Yeyib-içməyin heç nəyə dəxli yoxdur, – deyə Aksana
Aysuya yaxınlaşıb, onu yemək stolu arxasına apardı, öz yanında oturtdu.
Sonra hamıya borş çəkdi. İvan araq şüşəsinin ağzını açıb yüzqramlıq
stəkanı doldurdu, üzünü Aksanaya tutdu:
– Bilirəm, burada adətən, yeyib sonra içirlər. Mən öz adətimlə gedirəm.
İçib sonra yeyəcəyəm. Sizin sağlığınıza! – deyib yüz qramı bircə qurtuma
içdi. Aysunun sirk foksçusuna baxırmış kimi onu maraqla süzməsi və
bu zaman gözündəki donuq ifadənin bir anlığa yox olması İvanın xoşuna
gəldi. O, hərbçilərə xas cəldliklə bir neçə dəqiqəyə boşqabı boşaltdı,
ardınca ikinci yüz qramı vurdu və Aksana jarkonu çəkənəcən daraşdı
şorabalara. Aksananın təkidi ilə Aysu bir az borş yedi, tərəvəz tutmalarının
dadına baxdı, Aksananın qabiliyyətini tərifləyib minnətdarlıq etdi.
İvan stəkanını üçüncü dəfə doldurduqdan sonra çaxır şüşəsinin qapağını
açdı, stəkanlara süzmək istəyəndə dayandı. Şüşəni yerə qoyub ayağa
qalxdı. Servantdan iki büllur piyalə götürüb qayıtdı, onları çaxırla
doldurub sağlıq deməyə başladı:
– Aksana! Bu gün bizimlə oturan nə adi rus “baba”sıdır, nə də sırtıq,
ayağısürüşkən erməni qızıdır. O, əlçatmaz, gözəl bir xanum efendidir,
sanki göydən enmiş mələkdir. Sən diqqətlə bax, heç belə qüsursuz gözəl
görübsənmi? Gəl, içək onun sağlığına. Mən bir centlmen kimi onun sağlığına
ayaq üstə içəcəyəm.
İvan bayaqkının əksinə olaraq bu dəfə arağı yavaş-yavaş, sümürə-sümürə
içməyə başladı. Sanki o, 50-60 dərəcəlik tünd tut arağı yox, şirin
şərbət içirdi. Aksana Aysunun şəraba toxunmadığını görüb pıçıltı ilə
dedi:
– İç, yoxsa o inciyəcək, içməyi israr edəcək.
– Mən içən deyiləm. Arağın iyi başıma vurub, az qala məni sərxoş edib.
– Götür, heç olmasa bir-iki qurtum iç ki, o səni rahat buraxsın. Bu
tünd deyil, bax, kompot kimidir, – Aksana şərabı birnəfəsə boşaltdı.
– İç, bu sənin stresdən çıxmağına kömək eləyər, – deyib badəni yerə
qoydu.
Aysu bir neçə dəfə Toğrulla ad günü və toy məclislərində şampan şərabının,
yüngül çaxırların dadına baxmışdı. Bilirdi ki, badəni axıracan içsə
də onu sərxoş etməyəcək. Sadəcə o, belə məclisdə yad kişi ilə şərab
içməyi şəninə sığışdırmırdı. Lakin Aksananın səmimiliyinə inanaraq,
sözünü sındırmadı. Şərabdan bir qurtum içdi. Bayaqdan ona göz qoyan
İvan şıltaq uşağa dərman içiribmiş kimi sevindi:
-Bravo, Aysu xanum, siz kübar cəmiyyətin qızları kimi içirsiniz, –
dedi, gözlərini qıyaraq şəhadət barmağını alnına dirədi, nəyisə yadına
salmağa çalışdı, sonra yenidən Aysuya sarı çevrilərək sözünə davam
elədi: – Sizin jurnalistlər çox aktivdirlər. Səhv eləmirəmsə, Qarabağ
döyüşlərində Azərbaycanın altı mətbuat işçisi öldürülüb. Salatın Əsgərovanın
cəsarəti haqda xəbərim var. Moskvada çıxan “Krasnaya Zvezda” qəzeti
iki il öncə hay-haray salmışdı ki, Sona xanım adlı bir qadın jurnalistin
yazılarından sonra Sovet Ordusunda xidmət edən azərbaycanlı əsgərlər
qaçıb Qarabağ döyüşünə gedirlər.
İvanın məlumatlılığı qızı təəccübləndirsə də bunu büruzə vermədi.
– Demək istəyirsiniz ki, mən yeddinci olacağam? – deyə o, sifətində
acı gülüş və istehza İvanın sözünü ağzında qoydu. – Mən ölümdən qorxmuram!
– Yox, nə danışırsınız? Mən sizin sağ-salamat qalmağınıza kişi kimi
söz verirəm. Bir şərtlə: bu işdə sizə kömək edə bilməyim üçün mənə
kömək edin. Bütün bunlar sonra. İndi biz əylənirik, – deyən İvan boş
piyalələri doldurub ikinci sağlığı söylədi: – Gəlin, badələrimizi
qaldıraq bizim Aksananın sağlığına. Mənim əzizim, cəngəllik qanunlarının
hökm sürdüyü, dünyanın qaynar nöqtələrindən sayılan bu Qarabağ torpağında
sən mənə etibarlı dayaqsan. Sən çox çestnaya və mudraya babasan, əziz
Aksana. Gəl, səni öpüm, – deyə İvan yüngülcə səndirləyərək Aksanaya
yaxınlaşdı. Gözləri yaşarmış Aksana ayağa qalxdı, məmnunluqla onu
qucaqlayan İvanla öpüşdü. Qayıdıb öz yerində oturan İvan sözünə davam
etdi:
– Aksana, sənin övladın Saşa da yaxşı oğlandır. Biz burada ona görə
rahat oturmuşuq ki, o bizi qoruyur, – sonra yarızarafat, yarıciddi
Aksanadan soruşdu: – Düzünü de, Saşanın atası kimdir? Əslinə qalsa,
bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Saşa sənin oğlundur, mən
də sənə görə ona hörmət edirəm. Neçə illərdir üzünü görmədiyim arvadım
da yaxşı bilir ki, mənə oxşamayan bizim qızımız hansı kişidəndir...
Eh, qadınlar xoşbəxtdirlər. Onlar dəqiq bilirlər ki, övladlarının
atası kimdir.
İstər-istəməz bu sağlığa da bir qurtum içən Aysu təlaşla növbəti qədəhi
sümürən İvana, sonra Aksanaya baxdı. O, indiyədək özünü centlmen kimi
aparmış İvanın sərxoş olub, hətərən-pətərən danışmasından və məclisin
pis nəticə ilə qurtaracağından qorxurdu. Qadın həssaslığı ilə onu
başa düşən Aksana pıçıltıyla azəri türkcəsi ilə soruşdu:
– Onunla yatmaq istəmirsən, eləmi?
Belə birbaşa sualdan özünü itirən Aysu dili dolaşa-dolaşa dedi:
– Siz nə danışırsınız?! Bu mənim üçün ölümə bərabərdir. Mənim nişanlım
var.
İvanın yataq otağından nəsə gətirməyə getməsindən istifadə edən Aksana
gülərək rus dilinə keçdi, zavallı qıza təskinlik verdi:
– Elə isə heç narahat olma. Ağlın sizin kişilərə getməsin. O, nə qədər
çox içsə, bir o qədər yaxşıdır. Yıxılıb yatacaq, – sonra müəmmalı
şəkildə irişərək əlavə etdi: – Düzünə qalsa, heç bilmirəm, sən onun
nəyinə lazımsan? Onun qadın cinsi ilə maraqlandığını birinci dəfədir
görürəm. Şəxsən mən onun öpüşməkdən başqa bir şey elədiyini görməmişəm.
Ahıllaşmış Aksananın bədəni şoraba çəlləyini xatırlatsa da, onun göyçək,
sağlam sifəti, alışıb yanan mavi gözləri, mütənasib ayaqları vardı.
Aysu bu qiymətli xəbəri – İvanın kişi zəifliyini eşidib sevindiyindən
Aksananı qucaqlayıb öpdü.
Bulaq suyu kimi saf, təmiz olan zavallı qız nə qədər savadlı, bilgili
olsa da qadın-kişi münasibətlərindən bir o qədər xəbərsiz idi...
Səndirləyə-səndirləyə siqaretlə qayıdan İvan Aysunun Aksananı qucaqladığını
görüb ucadan dedi:
– Siz niyə məni qoyub bir-birinizi öpürsünüz?
İvanın Aysuya yaxınlaşmasına imkan verməyən Aksana onu öz yerində
oturtdu:
– Öpüşmək hələ tezdir, hər şeyin vaxtı var, – deyib qədəhləri doldurdu
və İvanın şərəfinə sağlıq deməyə başladı:
– Əziz İvan Nikolayeviç! Bu iki ildə mən sənin üçün bacardıqlarımı
etmişəm. Sən də borclu qalmayıbsan, əvəzini veribsən. Biz bu çətin
şəraitdə bir slavyan provaslavı kimi bir-birimizə həyan durmuşuq.
Oğlum Saşanı güllə qabağına göndərməkdən saxladığın üçün ömrüm boyu
sənə minnətdaram. Sən çox qədim, boyarlardan gəlmə əsilzadə bir familiya
daşıyırsan, özün də centlmen kişisən. İçək sənin sağlığına ki, bu
çətin şəraitdə də öz centlmenliyini, əsilzadə adını saxlayasan.
Bu sözlərdən xoşallanan İvan stəkanı götürüb başını dik tutmağa çalışdı.
Onlar badələrini axıradək içdilər. Aksananın məharətinə heyran olan
Aysu deyilən sağlığa yox, sevincini bir qurtum şərabla qeyd elədi.
Sezdi ki, əsilzadəliyi vurğulamaqla qadın nə demək istəyir.
– Ax Aksana, Aksana... Sən çox yaxşı, etibarlı dostsan, – deyən İvan
onu qucaqlayıb öpməyə başladı. Aksana da ona borclu qalmayıb ara-sıra
cavab verirdi. Bu, qadın-kişi öpüşməsindən çox içəndən sonra sərxoş
kişilərin sədaqət ifadəsi olan marçamarçını xatırladırdı.
Birdən İvan Aksananı buraxdı, “Muzıka!” – deyə qışqırıb aşa-aşa otağın
baş tərəfindəki maqnitofona tərəf getdi, xeyli əlləşdikdən sonra,
“Tapdım” deyərək axtardığı kaseti maqnitofona qoyub düyməni basdı.
Aysu heç gözləmədiyi halda, Tofiq Quliyevin oynaq musiqisinin sədaları
ətrafı bürüdü. İvan Aysuyla rəqs etmək üçün ona sarı yönəldi. Aksana
cəld ayağa qalxıb özünü qabağa verdi.
– Onunla hələ işin olmasın. Biçarə stresdən özünə gəlməyib.
Artıq sərxoş olmuş İvan üçün, deyəsən, kimlə oynamağın bir o qədər
fərqi yox idi. Onlar ara-sıra öpüşərək xeyli oynadılar. Tanqodan valsa
keçdikdə səndirləyən İvan daha oynaya bilmədi. Aksana onun qoluna
girərək divana tərəf apardı, birtəhər uzandırdı. Bir neçə dəqiqədən
sonra İvanın xorultusu eşidildi.
– Hə, indi səhərədək porasyonok kimi xoruldayacaq. Səhər saat 6-da
ştık kimi ayağa qalxacaq. Bu hərbçilər qəribə adamdırlar, – deyə Aksana
qədəhini doldurub başına çəkdi, sonra İvana işarə ilə əlavə etdi:
– Pis adam deyil, amma bədbəxtdir. Elə mən də bədbəxtəm. Hərəmiz bir
cürə bədbəxtik. Sovet hökumətinin dağılmağıynan bizim yaxşı yaşayışımıza
nöqtə qoyuldu. Öz aramızdır, pis yaşamırdıq.
Aksana yenidən qədəhini doldurdu, Aysunun da azacıq yarımçıq olan
qədəhinə çaxır süzdü, köksünü ötürüb sözünə davam etdi:
– Mən sovet hökumətinin pis günlərini də görmüşəm, müharibədən sonra
jmıx da yeyirdik. Anam deyərdi ki, bizim Ukraynada 30-cu illərdə bundan
da qat-qat dəhşətli vəziyyət olub. Kolxozun əleyhinə çıxdıqları üçün
Stalin bir milyon adamı acından öldürüb.
– Siz ukraynalısınız? – deyə Aysu maraqlandı.
– Mənim kökümdə kazak, ukrayna, rus qanı qatışıb bir-birinə. Nənəm
kazaçka olub, anam ukraynalı, atam rus. Amma atasız böyümüşəm. Anamın
aşnaları çox idi. Ağlım kəsəndən sonra atamın kim olduğunu tez-tez
anamdan soruşurdum. O isə susurdu. Bir gün o bezərək mənə kolxozun
anbarının keşikçisi qozbel Kolyanı nişan verib, dedi: “Müharibə zamanı
kənddə ondan başqa kişi yox idi. O illərdə kənddə doğulan uşaqların
çoxunun atası bax, bu kişidir...” O zaman 14 yaşım vardı... Mən qorxub
qaçdım. Ona görə yox ki, mənim atam qozbel və miskin idi. Yox, o Kolyanı
heç kim sevməzdi. Çox zloy, qaraqabaq idi. Adamlara nifrətlə baxardı,
söyüş söyərdi. Hətta bir dəfə mənə sataşmışdı da...
– Bəs necə oldu ki, buraya gəldiniz?
– Bizim kəndin yaxınlığında bir hərbi hissə vardı. Orada qulluq eləyən
Volodya adlı bir leytenantla tanış olmuşdum. Klubda həmişə mənimlə
rəqs edərdi. Bir dəfə 8 Mart bayramında rəqsdən əvvəl də, sonra da
möhkəm içdik. Gecələməyə bizə gəldik. Yatışdıq, olduq ər-arvad. Əslinə
qalsa o, əkilmək istəyirdi. Hədələdim ki, kəbin kəsdirməsə komandirin,
partkomun yanına gedib şikayət edəcəyəm. Qorxub məni aldı. Sonra onu
Hadruta göndərdilər. Üç il yaxşı yaşadıq. Sonra bir neçə aylığa başqa
şəhərə ezam olundu. Gəldi, bir ay keçdi, indi də başqa yerə göndərdilər.
– Bəs sizi niyə özü ilə aparmırdı?
– Bilirsən, burda bizə ikiotaqlı mənzil vermişdilər, kurort kimi yerdir.
Ezamiyyətə göndərilən yerdə iş müvəqqəti olduğu üçün zabitlər yataqxanada
yaşayırlar. Getmək istəmirdim, o da israr etmirdi. Beləliklə, mən
onsuz həyata öyrəşdim. Hərbi hissədə, qəsəbənin özündə maraqlı kişilər
vardı, məni darıxmağa qoymurdular. Həm də hərbi hissənin yeməkxanasında
işləyirdim. Kefim kök idi. Növbəti ezamiyyətlərin birindən o, geriyə
qayıtmadı. Mənə yazdı ki, onu şimalda saxlayırlar, ikiqat maaş verirlər,
istəyirəmsə, köçüb gedim onun yanına. Getmədim. İsti yerimi soyuq
etmədim. Hardan biləydim ki, sovet hökumətinin axırı belə qurtaracaq.
Sovet pulları öldü, burda əlimdə olanı dollara, qızıla çevirə bilmədim,
qaldım lüt. İndi pulsuz hara gedim?
– Burda evin yoxdurmu? Onu niyə satmırsan?
Aysu bu sualı ilə, deyəsən, Aksananın yaralı yerinə toxundu.
– Ağlın Bakıya getməsin, orda hərbçilərin hamısı evlərini yaxşı qiymətə
satdılar. Birincisi, burada evlər çox ucuzdur. İkincisi, ermənilər
satmağa qoymurlar. Qonşuma dedim ki, heç olmasa, yol pulumu, əşyalarımın
haqqını verin, çıxım gedim. Dedi ki, gedirsən, buyur, yol açıqdır,
amma evi satmaq olmaz... Sən onu bizə verməlisən... Vicdansızlar!..
Aksana kişilər kimi yumruğunu stola vurdu, şərabı başına çəkdi, sonra
üzünü Aysuya tutub dedi:
– Mən heç, ömrümün yaxşı dövrlərini yaşamışam. Bəs sən zavallı nə
edəcəksən? Neyləmək fikrindəsən?
Sual çox düz qoyulmuşdu. Aysu karıxmamaq, artıq-əskik danışmamaq üçün
susdu ki, fikirləşib cavab versin. O, hələ Aksananı yaxşı tanımırdı.
Bəlkə Aksana ondan söz almaq istəyir? Əslinə qalsa onun planı yox
idi, hələ qəti bir qərara gəlməmişdi. O, hələlik namusuna təcavüz
edilməməsi üçün yollar arayırdı. Bunu da bilirdi ki, ermənilər girov
götürdükləri adamları satırlar. Ümid edirdi ki, atası, Toğrul fərdi
yollarla ermənilərlə danışıq aparacaq, qohum-əqrabadan pul toplayıb
onu azad edəcəklər. Bax, bu müddətə qədər gərək o, özünü saxlaya bilsin,
namusunu qoruya bilsin.
– Aksana xanım, mən görürəm ki, siz çox humanist qadınsınız. Mənə
elə gəlir ki, siz günahsız bir qızın xilası üçün əlinizdən gələn yardımı
edərsiniz, – deyə Aysu ondan cavab gözləyən Aksanaya qısıldı.
– Tamamilə düz fikirləşirsən. Amma mənim əlimdə bir imkan yoxdur.
Burdan qaçmaq mümkün deyil. Belə fikrin varsa, başından çıxar.
– Valideynlərim, nişanlım, qohumlarım çalışacaqlar ki, məni xilas
etsinlər, pul verib buraxdırsınlar.
Aksana onun valideynləri, qohum-əqrabaları haqqında ətraflı soruşdu,
bir az fikirləşəndən sonra dilləndi:
– Elə ən düzgün və real yol budur.
İvanın xorultusu aynabəndi başına götürmüşdü. Aksana ona baxıb:
– Çox yorulubdur. Səhər evdən çıxanda demişdi ki, bu gün ova gedəcəklər.
Onun ovu sən oldun, – dedi, sonra Aysudan bu gün Qozluçayda baş verənlər
haqqında danışmasını xahiş elədi. Aysu özünü toplayaraq erməni hərbçilərinin
toyu necə dağıtmasını, qadınların ziynət əşyalarının alınmasını, bəylə
gəlinin öldürülməsini hıçqıra-hıçqıra danışdı. Gözləri yaşarmış Aksana
“yırtıcı vəhşilər” deyərək qədəhini çaxırla doldurub başına çəkdi.
Sonra ovcunun içi ilə gözlərini silib üzünü Aysuya tutdu:
-Sən mübariz, dözümlü, səbirli olmalısan, ən mühümü hiyləgərlik etməlisən
öz məqsədinə çatmaq üçün... Nümunə götürmək lazımdır erməni, yəhudi
qadınlarından... Müsəlmançılığı burda unut... İvanla münasibətlərini
özün qurmalısan. Sənə necə sərf eləyir, elə hərəkət etməlisən. Sənin
taleyin tamamilə olmasa da İvandan çox asılıdır. Burda İvan böyük
nüfuz sahibidir. O, mənimlə nə qədər açıq-saçıq olsa da öz işi haqqında
bir kəlmə də olsun demir. Bu barədə danışmağı xoşlamır. Buna görə
də bilmirəm o, burda rəsmidir, qeyri-rəsmidir, yoxsa muzdla qulluq
edir. Amma onu bilirəm ki, əsl hərbçidir, – deyə həm şərabdan hallanmış,
həm də Aysunun danışıqlarından təsirlənmiş Aksana Aysuya gərəkli məsləhətlər
verdi. Sonra saata baxıb ayağa qalxdı:
– İndisə yatmaq vaxtıdır, gedək sənə yataq otağını göstərim, – dedi,
qızın əlindən tutub yandakı otaqlara tərəf apardı. – Burada üç yataq
otağı var. Biri İvanın həm yataq otağıdır, həm də kabineti. Oraya
heç mənim də girməyə ixtiyarım yoxdur. Ancaq özünün yanında silib-süpürməyə
icazə verir. Bu iki yataq otağı isə gəlib-gedənlər üçündür. Hansını
istəyirsən seç.
Aysu pəncərəsi Qozludərəyə baxan otağı seçdi. Aksana paltar dolabını
açdı, oradan təmiz döşəkağılarını, yastıqüzünü götürüb çarpayının
üstünə atdı, amiranə tərzdə dedi:
– Soyun, yat! – Sonra Aysunun paltarına baxıb dedi: – Dayan, dayan!
Sənin paltarın elə əynindəkidir?
Başı ilə “hə” deyən Aysu paltarı olan yol çantasının pasportu və digər
şeyləri ilə toy evində qaldığını söylədi.
– Narahat olma, İvana deyərəm tapar. Yaxşı, gecən xeyrə qalsın, sabahadək,
– deyə Aysu ilə sağollaşdı.
– Aksana xanım, mən sizsiz qorxuram. Siz mənim yeganə pənahımsınız.
Aksana kövrələrək onu qucaqlayan Aysunun saçını sığallayıb dedi:
– Qız, özünü ələ al, müsəlmançılıq eləmə. Möhkəm ol, mənim otağım
birinci mərtəbədədir, elə bu otağın altındadır. Döşəməni taqqıldatsan
mən eşidəcəyəm. Hə, bax burada valerianka da var, iki-iki qəbul edərsən,
həm ürəyə, həm də əsəblərə xeyirdir. Qrafindəki su içməlidir. Tualet
qapıdan çıxanda sol tərəfdədir.
– Gecəniz xeyrə qalsın. Mən sizin yaxşılığınızı heç vaxt unutmayacağam,
– deyə Aysu dərin minnətdarlıqla ona baxdı.
– Mən sizinkilərdən heç vaxt pislik görməmişəm. Ermənilərdən çox sizinkilərlə
dostluq eləmişəm. Ermənicə öyrənə bilməmişəm, amma sizinkinə dilim
yatdı, öyrəndim. Onsuz da bütün ermənilər sizin dili bilir. Yaxşı,
sağ ol, get yat, – deyib Aksana otaqdan çıxdı.
Aysu arxadan qapının cəftəsini keçirtdi, sonra pəncərəyə yaxınlaşdı,
pərdəni azacıq aralayıb baxdı. Bayırdan pəncərəyə şəbəkəli dəmir barmaqlıqlar
vurulmuşdu. Qapı da möhkəm idi, deyəsən palıddan düzəldilmişdi. Bunlar
Aysunu sakitləşdirdi. İki ədəd valerianka götürüb dilinin üstünə qoydu,
qrafindən tökdüyü su ilə uddu. Təmiz döşəkağını səliqə ilə çarpayının
üstünə sərdi, yastıqüzünü yastığa geyindirdi, paltarını soyunub yatağa
girdi. “Allah bilir bu çarpayıda kimlər yatmışdır”, – deyə yırpına-yırpına
düşündü. Sonra düşdüyü vəziyyətə real qiymət verməyə çalışdı: “Mən
kiməm? Əsir, girov, yoxsa qul?.. Özü də harada... Yırtıcılığın, vəhşiliyin,
sadizmin, ən böyük əxlaqsızlığın hökm sürdüyü, nə cəmiyyətin, dövlətin,
nə də Qur’anın, İncilin qanunlarının işləmədiyi bir yerdə. Mənimlə
necə istəyirlər elə də davrana bilərlər. Başımı kəsərlər, tikə-tikə
doğrarlar, bədən üzvlərimi dünya bazarlarında satarlar, kimsə də bundan
xəbər tutmaz...”
Aysu əsirlikdən qurtulanların dediklərini, itkin düşmüş gənc qızlar,
oğlanlar haqda eşidib, oxuduqlarını yada saldıqda bədənini üşütmə
tutdu. 24 saat əvvəl özünü dünyanın ən xoşbəxti sanmış qız indi özünü
dünyanın ən bədbəxti hesab eləyirdi... Dünən bu vaxt sevgilisinin
qolları arasında özünü cənnətdə sanan qız bu gün cəhənnəm dəhşətlərini
görmüşdü və dərk edirdi ki, bunlar hələ onu gözləyən əzabların başlanğıcıdır...
Bir anlığa Aysuya elə gəldi ki, bütün bunlar çox qorxunc bir yuxudur...
Adətən, yuxusunu qarışdıranda oyanantək nənəsinin öyrətdiyi kimi salavat
çəkib “Bismillah” deyərdi. Amma əfsuslar olsun ki, bu, yuxu yox, acı
həqiqət idi. Sadəcə olaraq o, heç vəchlə bir neçə saat ərzində həyatının,
təkcə özünün yox, bütün Dəyirmanla əhalisinin həyatının alt-üst olmasına
inana bilmirdi... Xoşbəxtliklə bədbəxtliyin bu qədər yaxın olmasını,
onları günlər, saatlar nədir, saniyələrin ayırmasını qəbul edib, bu
gerçəkliklə razılaşa bilmirdi... Lakin bu belə idi, danılmaz fakt
idi... Aysu bütün bunları anlamalıydı və anlayırdı da. Bu hisslərin
təsiri altında o, hövlnak yerindən qalxdı, dizi üstə üzünü qibləyə
tutdu, əllərini göyə qaldırıb pıçıldadı:
– Ey Böyük Yaradan! Ey yeri-göyü xəlq etmiş Ulu Tanrı! Nədir mənim
günahım? O qanına boyanmış iki gəncin – Ərturun, Narçiçəyin günahları
nə idi? Dədə-baba yurdundan didərgin düşmüş o kəndlərin, şəhərlərin
əhalisinin sənin yanında günahları bu qədərmi böyük idi?! Axı, sən
Adilsən, Bağışlayansan?! Niyə bağışlamadın onları? Niyə mənim ata-anamı,
nişanlımı gözüyaşlı qoyursan?! Axı, bu insanlar kimsəyə pislik etməmişlər,
həmişə Sənin yolunu saxlamışlar? Niyə qoyursan bəşər övladları bir-birinin
qanını töksün?! Niyə xoşbəxtliyi insanlara damcı-damcı, bədbəxtliyi,
əzabı ovuc-ovuc verirsən?! Budurmu ədalətin, Ulu Tanrı? Hansı qanunlarla
bizim dünyamızı idarə edirsən, ey Böyük Allah?
Get-gedə qəzəblənən Aysu ürəyinə gələn digər hədyan sözləri geri qaytarıb
özünü ələ aldı. Qur’ani– Kərimdəki “İnnə Allah alimun” – “Allah hər
şeyi biləndir” ayəsini xatırlayıb “Əstəğfürullah” dedi, salavat çəkdi,
təzədən yerinə uzandı. Başa düşürdü ki, ona yatmaq, dincəlmək gərəkdir.
Beynini çox yormamalıdır... Ancaq onun indiki halında bunu demək nə
qədər asan idisə, əməl etmək bir o qədər çətin idi... “ Düşünməmək
olmur.. Amma mən gərək dərrakə ilə hərəkət edim, göylərlə əlləşməyim,
düşdüyüm vəziyyət haqda fikirləşim. Mən gərək İvanın mənə, Aksananın
İvana və mənə olan münasibətləri haqda fikirləşəm, təhlil aparam”,
– deyə Aysu fikrini əlçatmaz, ünyetməz dərinliklərdən yığışdırıb aşağı
endirdi. “Deməli, mən İvanın xoşuna gəlirəm”... Əgər başqa şərait
olsaydı, əsir düşməsəydi Aysu deyərdi ki, itin axmaqlığıdır qaysavadan
pay umur. Amma indi o it onun ağası idi. Qoy o it qaysavadan pay gözləsin.
Qaysavadan pay uman it, görəsən bu ləziz yeməyi yeyə bilirmi? Bayaq
Aksananın sözlərindən belə çıxdı ki, İvan bir kişi kimi təhlükəli
deyil. Yəni onda kişi acizliyi var, elə dil pəhləvanıdır. Kaş belə
olaydı, İvan Aysudan heç nə ummayaydı. Lakin bayaq İvanın Aksana ilə
rəqs etməsini, ara-sıra Aksananı öpməsini xatırlayan Aysu bu səhnənin
onunla olmasını təsəvvür etdikdə əti çimçəşdi “Allah uzaq eləsin”
– deyə pıçıldadı. Bəs Aksana necə? Qadın kimi İvandan bir şey gözləyirmi?
Aysu hiss etmişdi ki, yaşca İvandan böyük olsa da Aksananın ondan
xoşu gəlir. O, bunu bayaq onlar ikisi oynayanda, öpüşəndə Aksananın
sifətindəki xoşbəxt ifadədən duymuşdu. Deyəsən, Aysunun İvana şans
verməməsi Aksananın xoşuna gəlmişdi. Bəlkə buna görə Aksananın Aysuya
rəğbəti artmış, onunla çox səmimi olmuşdu? Yox, deyəsən Aksanada qısqanclıq
hissi yoxdur. Aksana onu İvana qısqansaydı, deməzdi ki, “İvanla əlaqəni
özün qurmalısan... Sənin taleyin İvanın əlindədir və s.” Bütün hallarda
Aksanada müsbət keyfiyyətlər mənfidən çox idi. “Bəlkə də bizim millət
ən qısqanc millətdir. Bizdə təkcə ər arvadı, arvad əri qısqanmır.
Qardaş bacını, ana oğlunu qısqanır. Bu isə çox pis nəticələr verir”,
– deyə Aysu nədənsə qonşuları Firəngizlə Mətini xatırladı...
Ərini erkən itirmiş bir oğul, iki qız anası Fatmabacı ilki Mətini
evləndirmişdi, təkcə Mətinin deyil, ailəlikcə bəyəndikləri Firəngiz
adlı mülayim təbiətli, gözəl bir qız almışdı. Bir-birilərinə çox yaraşırdılar.
Di gəl ki, Fatmabacı gəlinini oğluna yaman qısqanırdı. O, bunu gizlətmirdi
də. Hamı bilirdi ki, toylarda oynamaqdan tutmuş birgə yatmağadək hər
şey Fatmabacının icazəsi ilə olmalıydı. Ər-arvad Fatmabacı evdə olmayanda
görüşürdülər. Axırı Firəngiz dözməyib atası evinə getmişdi. Fatmabacı
“Gəlin mənim süpürgəmdi, hara qoysam, orda durmalıdır... Kişi gərək
gözəl qızla evlənməsin”, deyərək oğluna başqa qız axtarırdı. Arvadını
və bir yaşlı qızını sevən Mətin bir gün dərd-qəmini boğmaq üçün dostları
ilə möhkəm içmiş, sonra “Yox, mən ailəmi dağıtmayacağam! Bu saat gedirəm
onların yanına”, – deyib sükanın arxasına oturmuş, maşını ağaca çırpıb
rəhmətə getmişdi.
Belə fikirlərdən başının ağırlaşdığını duyan Aysu “Yox, mən yatmalıyam,
dincəlməliyəm”, deyib gözlərini yumdu. İstədiyi vaxt yatıb durmağı
özünə təlqin etməyi, necə deyərlər, “daxili saatı qurmağı” ona Toğrul
öyrətmişdi. Axşamdan səhər saat 6-da durmağı özünə təlqin edirdisə,
altı radələrində oyanırdı. Yaxud, gündüzlər, xüsusilə imtahana hazırlaşarkən
yorulan zaman 15-20 dəqiqəliyə gözünün acısını ala bilirdi...
Bir azdan Aysu yuxuya getdi. Onun yatışı da gözəl idi... Adətən, sağ
böyrü üstə uzanır, əl-ayağını büründüyü mələfənin altında elə gizlədirdi
ki, təsadüfən onun otağına girənlər başqa mənzərə ilə rastlaşmazdı...
Yatarkən sifətində mələk ifadəsi olur, körpə uşaq kimi mışıl-mışıl
nəfəs alırdı... Bu gecə isə o, çox narahat yatırdı. Baxan olsa görərdi
ki, sifətindəki həmişəki xoş ifadəni qorxu, təlaş əvəz edibdir...
Bu, onun gördüyü vahiməli yuxuların təsirindən idi...
... Yuxuda görürdü ki, doğma şəhərdədir... Amma burda hər şey dəyişib...
Qardaş qardaşla, qonşu qonşuyla, məhəllə məhəllə ilə vuruşur...Doğma
insanlar manqurdlaşıblar, qəhqəhə çəkərək bir-birini qırırlır... Yamyaşıl
ağaclar, budaqlarındakı yetişməmiş meyvələr od tutub yanır... Qızılgül
kollarındakı açılmamış butalar alova bürünür... Bu cəhənnəmdən qaçıb
qurtulmaq istəyən qadın və uşaqların səsi ərşə yüksəlir. Aysu qorxub
qışqırmaq istədikdə bir məlakə peyda olur. İstəyir qışqırsın ki, bacı,
qurtar məni bu dəhşətdən, bu manqurdların əlindən. Apar məni özünlə
göylərə... Amma səsi çıxmır və heç buna ehtiyac olmur. Məlakə onun
fikirlərini oxuyur. O, ilahi bir təbəssümlə Aysuya baxır, fikirləri
qızın beyninə axır: “Səni anladım”. Sonra haradansa qucağında peyda
olmuş oğlan uşağını Aysuya uzadır, ona heyrətlə baxan qıza qayğı və
sevgi dolu gözləriylə deyir: “Sən artıq anasan, bu uşağı dünyaya gətirmədən
göylərə gedə bilməzsən. Müqəddəs analıq borcunu, insan kimi sənə ayrılmış
vəzifəni yerinə yetirməlisən”... Bayaqdan bəri bu məlakəni, uşağı
harada gördüyünü xatırlamaq istəyən Aysunun birdən səsi açılır və
o, heyrətlə qışqırır: “Müqəddəs Ana, bu Sizsinizmi?”...
Aysu öz səsinə oyandı. Oyanan kimi “Bismillah” deyib salavat çəkdi.
Tər içində idi. Dan yeri sökülürdü. Bərk susamışdı. Yarıyuxulu olduğu
üçün qalxmadı. Bilirdi ki, tam oyanmamış yataqdan qalxmaq ziyandır.
Bir neçə dəqiqə keçdi. Özünə tam gələndən sonra qalxdı, bardaqdan
bir fincan su süzüb içdi. Yenidən yatağa girib gördüyü yuxunu yozmağa
çalışdı. Durna nənəsindən eşitmişdi ki, səhərə yaxın görülən yuxular
çin olur!...
Aysu yuxugörmələrinə inanırdı. Dəfələrlə sınamışdı, yuxusu çin çıxmışdı.
Hələ birinci kursda oxuyanda bir gecə yuxuda görmüşdü ki, Toğrul xəstəxanadadır
... Bu xəbəri eşidib həkimin yanına gedir. Ağsaçlı, nurani sifətli
həkim təhlükənin sovuşduğunu söyləyir. Aysu xoş xəbər üçün ona, qəribə
olsa da, bir alışqan və bir qutu “Kent” siqareti verir... Səhər yuxudan
duran kimi Toğrulgilə telefon açmış, Bənövşə anadan Toğrulun hansı
xəstəxanada yatdığını soruşmuşdu. Ünvanı alan Aysu xəstəxanaya cummuşdu.
Yolüstü bir alışqan, bir qutu da siqaret almışdı. Onu palataya buraxmadıqları
üçün əvvəlcə həkimin yanına getmişdi və hər şey yuxuda gördüyü kimi
olmuşdu. Həkim ona ağ xalat verib özü ilə xəstənin yatdığı palataya
aparmış, Toğrula “Sənin çox həssas bacın var” demişdi... Aysunun sonralar
ata-anası, yaxın rəfiqəsi ilə bağlı gördüyü yuxuları da çin çıxmışdı...
İndiki yuxusu isə ona həm sevinc, həm də kədər gətirdi...
“Deməli, daxili qarşıdurma şiddətlənəcək, düşmənlərin qurğusu baş
tutacaq... Mən hamilə olacağam...” deyə düşünən Aysu diksindi. İvanın
umacaqlı baxışlarını yadına saldıqda cismini istilik basdı, yerindən
dikəldi, əllərini göyə qaldırıb Allaha yalvardı: “Ulu Tanrı, məni
özün qoru!” Sonra birdən srağagün Toğrulla yaxınlığı yadına düşdü,
sanki həyəcandan alışıb-yanan bədəninə sərin su səpdilər... “Mən artıq
hamilə olmuşam, Toğruldan uşağım olacaq... Onu yaşatmaq üçün yaşamalıyam”,
deyə sevinclə pıçıldadı, ixtiyarsız olaraq əlini qarnına çəkdi: “Dörd
həftədən sonra hər şey bilinəcək”.
Həyəcanı ötüşmüş qızı süstlük basdı, bərk yorğunluq hiss etdi. Başını
ehmalca yastığa qoyub gözlərini yumdu... Amma daha yuxu görmədi, daş
kimi yatdı...
Onu pəncərədən düşən günəş şüaları oyatdı. Saata baxdı. Artıq on idi.
Dincələ bilmişdi. Fikirləri durulmuş, başındakı ağırlıq keçib getmişdi.
Adətən, səhərlər elə otaqdaca yarım saatadək bədən hərəkətləri ilə
məşğul olardı. İndi də yataqdan qalxıb yüngül səhər gimnastikası etməyə
başladı. Çox keçmədi bədəni qızışdı. Otağın havasını təzələmək üçün
pəncərənin bir tayını açdı. Təmiz havanı ciyərlərinə çəkib Qozluçaya
tərəf baxdıqda kövrəldi. Dərindən ah çəkib ürəyindən gələn bayatını
pəsdən Yetim Segah üstə zümzümə etdi:
– Əzizinəm Qarabağı,
Günümün qara bağı.
Gorbagor olsun cəllad
Kor qoydu Qarabağı.
Mən aşıq qəm daşıyan,
Od vurdum, qəm daşı yan!
Kimsə olmaz mənim tək
Dərd çəkib, qəm daşıyan...
Əslində o oxumurdu, ağı deyirdi...
Viran qalmış bir yurd üçün ağlayırdı... Nahaq yerə deməyiblər ki:
Qarabağda uşaq ağlayanda da muğamat üstə ağlayır...
– Aysu, oyanıbsanmı?
Qapını taqqıldadan Aksananın səsi onu öz aləmindən ayırdı. “Yaşatmaq
üçün yaşamalıyam, taledən qismətimə belə məram çıxıb!”– deyib özünü
ələ aldı.
– Oyanmışam, – deyib qapını açdı.
– Mənim sənə sürprizim var, – deyən Aksana onun yol çamadanını qapının
kandarına qoydu. – Görürsən də, İvan sənin üçün nələr edir. O, tezdən
evdən çıxandır, bunu başqası ilə göndərib. Onu gözləməyəcəyik, çay
hazırdır, əl-üzünü yu, gəl. Sonra paltarını dəyişərsən.
– Çox sağ olun, – deyə Aysu salonun o başındakı yemək stoluna sarı
gedən Aksanaya minnətdarlığını bildirdi.
Aysu “Əclaflar talanı da, oğurluğu da nizam-intizamla edirlər”, deyə
düşünsə də, nadir bir tapıntıya rast gəlmiş kimi sevinirdi. Acı-acı
gülümsəyərək atasının son zamanlar tez-tez təkrarladığı bir məsəli
xatırladı: Allah kasıbı necə sevindirir? Əvvəlcə eşşəyini itirdib,
sonra tapdırır və kasıb itirdiyi ulağını tapdığı üçün sevinir... Çamadan
qızda qəribə hisslər doğurdu, onu kövrəltdi. Sanki bu çanta əlçatmaz
bir dünyadan gəlmişdi... Yaxşı ki, çamadanın rəqəmlə bağlanan qıfılını
ermənilər aça bilməmişdilər. Səliqə ilə yığdığı yol paltarları, əl-üz
dəsmalı, həm özü üçün, həm də tanış, qohum qızlara hədiyyə üçün götürdüyü
kosmetika qutuları, ətir və dezodorantlar, əl çantası, onun dibindəki
gizlinc yerdə qədimi qəmə yerində idi. O, çantadan çıxardığı xalatını
geyindi, cins şalvar və köynəyini, alt paltarını geyim dolabından
asdı. “Ah, bu nə yaxşı oldu, Aksananı sevindirərəm”, – deyə Aysu bir
kosmetika qutusu, bir şüşə ətir və dezodorant götürüb kənara qoydu.
Əl-üzünü yuyub, saçını daradıqdan sonra onu gözləyən Aksananın yanına
getdi. Gətirdiyi hədiyyələri ona uzadıb dedi:
– Buyurun, Aksana xanım, kasıbın olanından.
Aksana hədiyyələri görüb bərk sevindi. Əski bir sovet adamı kimi hədiyyələrdən
çox ona üzərində gözəl rəsmləri olan, yaxşı tərtib edilmiş qutular
təsir etmişdi.
-Müqəddəs Mariya, ilin-günün bu vaxtında dünyanın ucqar bir yerində
belə gözəl hədiyyələr!.. Axırıncı dəfə nə zaman kosmetika işlətdiyim
yadıma gəlmir, – deyə o, Aysunu qucaqladı.
Aksananı qınamalı deyildi. 1989-cu ildən, Bakı ilə əlaqələri kəsiləndən
sonra Dağlıq Qarabağın təminatı xeyli pisləşmişdi. İran, Türkiyə vasitəsilə
Azərbaycana gündəlik tələbat malları gəlirdi. Əsasən, Rusiya ilə əlaqələri
olan Ermənistana, oradan da Dağlıq Qarabağa yalnız silah, sursat gətirilirdi...
Aksana Aysu üçün çay süzdü, yağ, pendir, yumurta və soyutma toyuq
ətindən ibarət səhər yeməyini onun qabağına çəkdi:
– Sən başla, mən yemişəm, – deyib hədiyyələrini götürdü, özünü girəcəkdəki
bədənnüma güzgünün qarşısına verdi.
Aysunun iştahası olmasa da hər təamdan bir az daddı. O, özünü məcbur
edib tikələri ağzına qoyduqca fikirləşirdi: “Mən təkcə özüm üçün yemirəm.
Körpənin ana bətnində sağlam maya tutub böyüməsi üçün, gərək ilk günlərdən
əlimdən gələni eləyəm”... Gördüyü yuxu onu necə əfsunlamışdısa, özünü
artıq ana hesab edirdi.
Bəzənib-düzənərək üz-gözünə boya çəkmiş Aksana güzgüdən aralanıb nazlana-nazlana
ona yaxınlaşdı:
– Bir mənə bax, gör necə dəyişdim, düz on yaş cavanlaşdım. Sizdə bir
məsəl var, gözəllik ondur, doqquzu dondur. Hədiyyələrə görə bir daha
sağ ol, – deyib Aysunu qucaqlayıb öpdü. Onun sanki qələmlə çəkilmiş
qaşlarını, qırmızı totuq dodaqlarını, al yanaqlarını indi görürmüş
kimi heyrətləndi: – A, sən deyəsən heç kosmetika işlətmirsən?! Allah
sənə təbii gözəllik verib. Bəs onda bunlar nəyinə lazımdır?
– Hədiyyə üçün alıb gətirmişdim. Mən yalnız ətir və təbii sürmədən
istifadə eləyirəm.
-Ətiri başa düşdüm. Bəs o sürməyə nə ehtiyac var? Axı, sənin qaş-gözün
qapqaradır?
-Sürmə təkcə bəzək üçün yox, göz xəstəliklərinin qarşısını alır, gözü
işıqlı, təravətli saxlayır. Toz halında olan təbii sürməni Şərq ölkələrindən
gətirirlər. Şərqdə lap balaca qızların da gözlərinə sürmə çəkirlər,–
deyə Aysu Durna nənəsinin ona öyrətdiklərini xatırlayıb əlavə etdi:
– Sürməni kipriklərin alt və üstünə nazik xətlə çəkirlər... Amma mənim
sürməlik halım qalmayıb, – deyən Aysunun gözləri doldu. – Çox qəribə
yuxu görmüşəm. Qarşıda məni çox ağır imtahanlar gözləyir... Müharibə
qızışacaq, Azərbaycan od tutub yanacaq.
Xasiyyətcə mehriban, xeyirxah insan olan Aksana getdikcə Aysuya daha
çox isinişirdi. Bəlkə də bu onun uzun müddət belə saf, təmiz, ürəyiaçıq
bir insanla rastlaşmamasının nəticəsi idi. Yenicə tanış olduğu bu
gənc qızın dərd içində belə üzülməsi onu çox təsirləndirdi:
– Görünür, narahat yatıbsan, başında qaynayan fikirlər yuxuna girib.
Belə şeyləri vecinə alma.
– Yox, Aksana, mənim yuxularım düz çıxır. Mən yuxularıma inanıram.
– Bəlkə, bir musiqi dinləyək, kefin açılsın, – deyə Aksana aynabəndin
bir küncündə qoyulmuş televizor və radio cihazlarına sarı getdi. Əvvəlcə
televizoru qurdaladı. İvan evin damında xüsusi antena quraşdırdığı
üçün onlar televizorla çox ölkələrin telekanallarına baxa bilirdilər.
O, Aysuya xoş olsun deyə Bakının üstündə dayandı. Az.Tv 1-də konsert
yox idi. Amma diktor çox həyəcanlı danışırdı. Aksana pultun düyməsini
basıb başqa kanala keçirmək istədikdə rəngi avazımış Aysu yerindən
sıçradı, dedi:
– Qoyun qalsın, Aksana xanım! Mühüm məlumat verirlər!..
Aksana televizorun səsini artırdı. Diktorun həyəcanlı səsi otağı bürüdü.
Nəfəsini içinə çəkmiş Aysu diktora qulaq asdıqca rəng verib rəng alırdı...
Kadr dəyişdi, ekranda Gəncənin baş meydanında əlisilahlı əsgərlərin
əhatəsində dayanmış Surət Hüseynov göründü...
Halsızlıqdan divan balışına dirsəklənən Aysu dikələrək ona təəccüblə
baxıb nə baş verdiyini tam anlamayan Aksanaya eşitdiklərini danışdı:
– Azərbaycan hərbi çevriliş, vətəndaş müharibəsi təhlükəsi qarşısındadır.
Öz qüvvələrini Gəncəyə toplamış üsyançı polkovnik rəsmi Bakıya qarşı
çıxır. Bu, onun işi deyil. Arxasında başqa dövlət durur, döyüşçüləri
yerli muzdlulardan ibarətdir...
Sonra o istədi izah eləsin ki, bu olayların arxasında Rusiya durur.
Rusiyanın hakim dairələri yerli muzdluların əli ilə Bakıda hakimiyyəti
yıxmaq, öz qoşunlarını geriyə qaytarmaq, Azərbaycanı yenidən əsarət
altına almaq xülyasından əl çəkməyib. Amma ürəyindəkiləri dilinə gətirmədi.
Düşündü ki, bunları hələ yaxşı tanımadığı Aksanaya deməyin nə lüzumu?
Zatı-kökü qatışıq Aksana nə qədər neytral bir adam olsa da, rus-sovet
tərbiyəsi almışdı, yaxın keçmişdə bu regionda hakim xalqın nümayəndəsi
olmuşdu...
Ekranda Bakının doğma küçələrini, həyəcanlı, kədərli sifətləri görən,
doğma diktorun səsini eşidən Aysu kövrəldi, sanki ürəyini tutub sıxdılar...
Bütün varlığını bir sızıltı sardı... İlıq göz yaşları yanağı aşağı
selləndi...
Aysu öz dərdini unutmuşdu... O, Vətən üçün ağlayırdı. Öz övladlarının
bir-birini qanına qəltan etməsi ilə fəlakətə sürüklənən Vətən üçün
göz yaşı tökürdü... Xalqı, milləti üçün hıçqırırdı... Onun öldü-qaldısından
xəbəri olmayan, əli qoynunda nigaran qalmış ata-anası, indi qəzəbdən,
dərddən üzülən Toğrul üçün hönkürürdü...
Azərbaycanın başı üstünü yenə qara buludlar almışdı... O buludların
yükü qan idi, qıpqırmızı qan...