Duman, salamat qal...
Hərbi hissəyə qayıtmış Toğrul
son hazırlıq işlərini görüb qurtardı. Arazı keçmək üçün indi o taydan
dəqiq gün və saat haqqında xəbər gözləyirdi. Əməliyyatın müddətini
o taylı qardaşlara xəbər verəndə Toğrul göstərmişdi ki, bu iş iki
gün, üç gecə çəkəcəkdir. Birinci və üçüncü gecə danışılan yerdə maşın
hazır olmalı idi.
Çərşənbə günü vasitəçi xoş xəbər gətirdi: cümə axşamı gecə saat on
iki tamamda deyilən yerdə maşın hazır olacaqdı. Culfaya yük aparan
sürücü cümə günü istirahət edəcək, şənbə günü isə yükünü vurub gecə
saat on ikidə onları qoyduğu yerdən götürəcəkdir.
General Dəmirovun qəbulunda Toğrul rəsmi qaydada ona səfər haqqında
raport verdi. Əməliyyatın bəzi məqamları aydınlaşdırıldı. General
ermənilərin son hücumda tutduqları Quşçular yüksəkliyi ilə maraqlandı:
– Quşçulardan baxanda Horadiz dəmiryol qovşağınadək hər yer əl içi
kimi görünür. Bilmək istəyirəm, düşmən o yüksəklikdən indi necə istifadə
edir? Orada bir şey quraşdırıblarmı?
– Sizi başa düşdüm, yoldaş general.
– Əməliyyata nə üçün getdiyinizi, əsas məqsədin nə olduğunu sən, mən,
bir də Bakıda general Abasquliyev bilir. Kəşfiyyatçılara gəldikdə,
məqamı çatmamış açıqlamağa ehtiyac yoxdur.
– Oldu, yoldaş general! Uşaqlar çox sirrsaxlayan, dərrakəli, fərasətli,
dözümlü döyüşçülərdir.
– Yaxşı yol. Bazar günü tezdən sizi gözləyirik,– deyən general Toğrulun
bərk həyəcan keçirdiyini sezib gülümsədi. – Günorta isə sizi qara
qoç ətindən kababa qonaq edəcəm, gəlinimizə özüm kabab çəkəcəm.
Generalın yanından inamla çıxan Toğrul otağında bir az uzanıb köməkçisini
gözlədi. Yol çantasını çoxdan qablaşdırmışdı. Ürəyində və beynində
hər şeyi yerbəyer eləmişdi.
Toğrul Əfqanıstanda olarkən hərbi kəşfiyyatçılar üçün məşğələlərdə
xüsusi dərs keçmişdi.Tərcüməçi kimi dəfələrlə onu kəşfiyyata götürmüşdülər.
Hətta bir dəfə az qala ilişmişdi də...
...Kəşfiyyat dəstəsinin komandiri onu yaxınlıqdakı qəsəbəyə göndərmişdi.
Toğrul qəsəbənin mərkəzində ərzaq dükanında xırda alış-veriş eləməli,
çayxanada yüngülcə yeyib içmək əsnasında ətrafı müşahidə etməli, adamların
söhbətinə qulaq asmalı idi. Sonrasa Kabula gedən böyük yola çıxıb
avtobus gözləməliydi. Burada girəvələyib, ayaqyolu bəhanəsiylə yoldan
kənara çıxmalı, dalda yerdə çöməlib beş-on dəqiqə gözləməli, kimsənin
onu izləmədiyini yəqin etdikdən sonra özünü təpəliyə verib, onu gözləyən
dəstəyə qovuşmalı idi.
Çayxanada qonşu stolda oturmuş dörd əsgərin söhbətinə qulaq asan Toğrul
da onların diqqətini çəkmişdi. Əsgərlərdən biri puştu ləhcəsində asta
səslə yoldaşlarına Toğrulun şurəvilərə oxşadığını demişdi. Onların
xüsusi patrul dəstəsi olduğunu anlayan Toğrul başa düşmüşdü ki, əfqanlar
kimi geyinib, başına çalma bağlasa da, yemək-içmək tərzi, manerası,
sifətindəki ziyalılıq onu “satmışdı”. Çavuş ona sarı çönüb soruşmuşdu:
– Haralısan?
Toğrul çavuşun üzünü görən kimi onun ya əfşar, ya da xəzərilərdən
olduğunu müəyyən etmişdi. Odur ki, təmkinini pozmadan soyuqqanlılıqla
əlüstü “Sizinkilərdənəm” demişdi.
– Mən xəzəriyəm...
– Mənsə əfşaram. İkisi də bir kökdən, bir yerdəndir. İntəhası sizlər
bizdən çox-çox əvvəl bu yerlərə köç eləyibsiniz.
Çavuş sınayıcı nəzərlərlə ona baxıb yarıfarsca, yarıtürkcə demişdi:
– Onda bizə bir segah oxuyarsanmı?
– Hansını oxuyum? Yetim segahı, Zabul segahı, yoxsa Mirzə Hüseyni?
Sifəti işıqlanmış çavuş ona mənalı-mənalı baxmışdı. Toğrul başa düşmüşdü
ki, çavuş onu tanıyıb. Onu tutub apara bilərlər.
– Hə, inandım ki, əsl əfşarsan,– deyib o, yoldaşlarına sarı çevrilmiş,
farsca hündürdən demişdi: – Maşallah, həmyerlilərim hər yerə yayılıblar.
Toğrul qərara almışdı ki, əsgərlər getdikdən sonra çayxanadan çıxsın.Ucuz
şirniyyatlarla qəlyanaltı etmiş əsgərlər ciblərini qurdalayıb, haqq-hesab
çəkmək istədikdə Toğrul hündürdən farsca demişdi:
– Qonağımsınız. Siz əsgərsiniz, bizi kafirlərdən qoruyursunuz. Mənsə
tacir adamam, həmyerlimin də, dostlarının da xərcini çəkməyə borcluyam,–
deyərək üzünü çavuşa tutub əlavə etmişdi:– Qoy əsgərlərin görsünlər
ki, sənin həmyerlilərin necə səxavət sahibidirlər.
Çavuş bir anlığa ayaq saxlamış, onu bağrına basmış, farsca pıçıldamışdı:
(Taleyin bura atdığı xəzərlər türkdilli olsalar da farsca danışırdılar).
– Kimsən, haralısan, bilmirəm, amma millətimdənsən. Ehtiyatlı ol,
qardaş!..
– Sağ ol, Allah amanında...
Qapının döyülməsi Toğrulu o cəbhədən bu cəbhəyə gətirdi. Gələn köməkçisi
idi. Təzim edib dəstənin yola düşməyə hazır olması haqqında məlumat
verdi.
Toğrul qapını bağlayıb çıxdı. Alatoranlıqda düşərgədən yola düşən
dəstə iyirmi dəqiqədən sonra hündür divarları olan bir həyətin darvazası
qarşısında dayandı. Bayıra çıxan əsgər Toğrulu tanıyıb darvazanı açdı.
Həyətdə birmərtəbəli üç bina vardı. Briqadanın bu qonaq evində yüksək
rütbəli zabitlər, xüsusi müsafirlər gecələyib dincəlirdilər. Onlara
yaxınlaşan mülki geyimli kişi qabağa düşüb dəstəni qıraqdakı binaya
apardı. İki kiçik yataq otağı, bir böyük salonu, mətbəxi, hamamı olan
evdə hər şey yerbəyerindəydi.
– Bizə gec dedilər. Amma belə hallara öyrəncəliyik, hər şeyimiz var.
Siz şorbanı, qəlyanaltıları yeyənəcən o biriləri də hazır olacaq.
Ortaya isti lobya şorbası gəldikdə Toğrul dedi:
– Uşaqlar, qarnınızı qızdırın, kababa yol açılsın.
Şorbadan sonra dolma, dalınca da kabab gətirdilər.
– Kabab qanlı, igid canlı... Uşaqlar, möhkəm yeyin, üç gün dilinizə
isti yemək dəyməyəcək.
– Yoldaş kapitan, araqsız getmir axı... – deyə Qoşqar adlı döyüşçü
aralığa yarızarafat, yarıciddi söz atdı. – Altı aydır dilimizə kabab
dəymir.
– Bunu tək öz adından deyirsən, yoxsa hamının?
– Əlbəttə, hamının... Ə, niyə dinmirsiniz? Məni qabağa verib səsinizi
içinizə çəkibsiniz, – deyə o, yoldaşlarının üzünə bozardı.
Uşaqlar pıqqıldaşdılar.
– Dinməmək razılıq əlamətidir. Hərənizə yüz qram olar. Möhkəmliyinizi,
yeməyin güclü olmağını nəzərə alıb əlli də artırıram, – deyə Toğrul
gülümsədi.
Döyüşçülər yeyib doyandan sonra yola da ərzaq götürdülər. Duz və istiotdan,
çay və kofedən tutmuş soyutma toğlu budunadək, nə lazımdısa... Hər
döyüşçüyə tapança, avtomat, bıçaq, bir cüt əl qumbarası verildi. Əlavə
olaraq səsboğucusu olan bir neçə tapança, gecə durbini, baş gicəlləndirən
qaz balonları ilə də yaraqlandılar. İsti alt və üst paltarları paylanmış
kəşfiyyatçıların hamısına bronjiletlər, çayı keçmək üçün boğazı qurşağadək
uzanan xüsusi rezin çəkmələr də verildi. Bunların hamısı Türkiyə istehsalı
idi.
Şam yeməyindən sonra bir saat dincəlmiş döyüşçülərə “Qalx!” əmri verildi...
Sıraya düzülmüş kəşfiyyatçılar mikroavtobusa mindilər. Kiçik faralarını
yandırmış avtobus yaxınlıqdakı Şahsevənli kəndi səmtində Araza doğru
irəlilədi. Gecə saat 11-də avtobus çayın bir neçə yüz metrliyində
dayandı. Onları gözləyən sərhədçilərin komandiri ilə görüşən Toğrul
soruşdu:
– Dəyişiklik-zad yoxdur ki?
– Hər şey öz qaydasındadır. Əlavə heç bir xəbər almamışıq. Üç nəfər
sizi o taya ötürüb geri dönəcək. Biri sizdən qabaq o taya adlayacaq,
bir ucu burda bağlanmış kəndirin o biri ucunu bərkidib, işarə verəcək,
sonra siz kəndirdən tuta-tuta çayı keçməyə başlayacaqsınız. Bələdçilərdən
biri öndə, digəri arxanızca gedəcək. Qoy uşaqlar elə burdaca rezin
çəkmələrini geyinsinlər. Çay burda sakit axsa da, ehtiyat igidin yaraşığıdır,
– deyən sərhədçilərin komandiri Toğrulla qucaqlaşdı. – İnşallah, şənbə
günü obaşdan həmin üç nəfər sizi çayın o tayında gözləyəcək. Allah
amanında!..
Uzun çəkmələri geyinmiş, su keçirməyən brezent çantalarını kürəklərinə
almış kəşfiyyatçılar Arazın qırağına ayaqla getdilər. Çayı rahat keçdilər,
yarım saatdan sonra o tayda kolluqlar arasında oturub, maşının gəlməsini
gözləməyə başladılar... Saat 12-ni keçməsinə baxmayaraq maşın görünmürdü...
Toğrulu həyəcan götürdü. “Birdən maşın gəlməsə neynəsin? Hava işıqlaşanadək
əlli-altmış kilometri ayaqla getməkmi olar? Tutaq ki, dayanmadan saatda
5-6 kilometr yox, bir az çox getdik. Bəs sonra? Oradan yorğun halda
üzüyoxuşa, həm də günün günorta çağı Hadruta qalxmaqmı olardı? Bu
vəziyyətdə, gözlənilməz hadisələr baş verə bilməsi istisna deyildi.
Əməliyyatı uğurla həyata keçirmək mümkün olmazdı. Yox, maşın gəlməsə,
bu işi təxirə salmaq gərəkdir.”
Döngəni burulan maşının işıqlarını gördükdə Toğrulun ürəyi yerinə
gəldi, dərindən nəfəs aldı. “Yox, sevinmək tezdir. Bəlkə bu başqa
maşındır?” – deyə şübhə yenidən onu sardı.
Maşın onların tuşuna çatanda şərtləşdikləri kimi dayandı, sürücü mühərriki
söndürmədən aşağı enib təkərləri yoxladı, sonra maşının kapotunu qaldırıb,
mühərrikin necə işləməsinə baxdı. Bu, Toğrulgil üçün işarə idi. Döyüşçülər
bir göz qırpımında arxadan üstü çadırlı yük yerinə qalxdılar. Toğrul
özüsə kabinəyə mindi. Heç nəyi görmürmüş kimi sürücü “yoxlama işlərini”
bitirib kabinəyə keçdi, yalnız maşını hərəkətə gətirdikdən sonra Toğrulla
salamlaşdı:
– Xoş gördük, qardaş. Bir az gecikdim, hımı? Xahiş edirəm, bağışla.
– Allah bağışlasın, on-on beş dəqiqə bir şey deyil, amma belə yerdə
adamın ürəyinə yüz fikir gəlir.
Sürücü sürəti bir az artırdı. Yolu yarı etmişdilər ki, hardansa peyda
olan əliavtomatlı əsgər maşını saxlatdı. Toğrul tərəfdən yaxınlaşaraq
ondan siqaret istədi. “Mən çəkən deyiləm, amma rəfiqimdə olmalıdır”,–
deyə farsca sürücüdən əsgərə siqaret verməyi xahiş etdi. Sarısını
udmuş sürücü yarımçıq qutunu ona uzadaraq “Qoy qalsın” dedi. Əsgər
“təşəkkor mikonəm”, deyərək yolçulara uğurlu yol arzuladı. Tər basmış
Toğrul rahat nəfəs aldı...
Bir saatdan sonra kəşfiyyatçılardan bu yerləri beş barmağı kimi tanıyan
Azər kabinənin üstünü taqqıldatdı. Sürücü əyləci basdı. Toğrul minnətdarlıq
eləyib sağollaşdı, şənbə günü gecə elə bu vaxt qayıdacaqlarını xatırlatdı.
– İşdi-şayətdi, geciksəniz, işıqları söndürüb yolun qırağında gözləyəcəm.
Xudavəndi-aləm işinizi avand eləsin.
Maşından düşən döyüşçülər tez yolun aşağısına endilər. Beş dəqiqə
gözlədikdən sonra Arazın qırağına üz tutdular. Qabaqda Azər gedirdi.
Çaya əlli – altmış metr qalmış planlaşdırdıqları kimi, Azər özü ilə
bir nəfər döyüşçü götürüb çayı keçdi. Pusqu olmadığına əminlikdən
sonra o, əlverişli müdafiə mövqeyi seçib döyüşçünü sahildə qoydu,
özü ilə götürdüyü kəndiri çayın qırağındakı ağaca bağlayıb, bütün
dəstəni çaydan adlatmaq üçün geri qayıtdı.
Yarım saatdan sonra kəşfiyyatçılar Mərcanlı və Maraylan kəndləri arasından
çayı uğurla keçdilər. Ermənilərin onları görmədiklərini yəqin etdikdən
sonra dəstə çölləmə Mərcanlıya tərəf irəlilədi.
Toğrul Azəri burada qoyacaqdı. O, trasda düşmən texnikasının hərəkətini
müşahidə edəcəkdi, bir təhlükə-zad olsa, dərhal xəbər çatdıracaqdı.
Azər hələ məşq zamanı müşahidə məntəqəsi üçün qiyabi bir neçə ev seçmişdi.
Kəndə bitişik üzümlüklərin arasıyla gedib Azərin seçdiyi evlərin yanında
dayandılar. Bir vaxtlar çalıb çağıran, çilçıraqlı kənd indi qəbiristanlığı
xatırladırdı... Heç bir ins-cins yoxudu. Qəribədir, məşhur mərcanlı
itləri də yoxa çıxmışdı.. Etnik təmizləmə aparmış erməni hərbçiləri
görünür, evləri talan eləməyə buraxmayan itlərin də axırına çıxmışdılar.
Onlar yanmış evlərdən taxtapuşunun yarısı salamat qalmış birini seçdilər.
Azər taxtapuşa qalxıb ətrafı, xüsusilə Bakı-Zəngilan yolunu müşahidə
etməli idi.
– Sizin eviniz bura yaxındırmı? – deyə Toğrul soruşduqda həyəcanını
gizlətməyə çalışan Azər soyuqqanlılıqla dedi:
– Yoldaş kapitan, Mərcanlı çox böyük kənddir. Bizim ev kəndin ortasında,
vağzal tərəfdədir. Güman ki, ermənilər qərargahlarını orada yerləşdiriblər.
Burdan ora getmək mümkünsüzdür.
Döyüşçülər çayı keçmək üçün işlətdikləri şeyləri kisəyə yığdılar,
götürdükləri ərzağın bir hissəsini burda saxlamaq üçün Azərə verdilər.
Toğrul başqa bir döyüşçü ilə Azərin seçdiyi evin darvazasından içəri
keçdi, daş pilləkənlə ikinci mərtəbəyə qalxdı. On günlük ay işığında
ətraf aydın görünürdü. Toğrul qayğıkeşliklə son məsləhətini verdi:
– bax ha, isti bir bucaq tapıb mürgüləməyəsən. Ayıq-sayıq ol. Kəşfiyyatda
kiçik bir səhv baha başa gəlir.
Bir azdan dəstə ehtiyatla Bakı yolunu keçib, Quycaq, Şəybəy kəndləri
səmtinə üz tutdu. Qabaqda bu yerləri əla tanıyan şəybəyli Qoçəli gedirdi.
O, dəstəni kəndarası asfalt yoldan xeyli aralı, dərə-təpə ilə aparırdı.
Onlar Şəybəy və Quycaq kəndlərinin yanından ötüb çölləmə Alaöküz dərəsinə
çıxmalıydılar. Burdan o yana balyatlı Qoşqar qabağa düşəcəkdi. Onlar
yenə kövşənlərlə getməli, Korca bağını ötdükdən sonra kəndə çatmağa
az qalmış sağa dönməli, cənub-şərq tərəfdən Füzuli-Cəbrayıl asfalt
yolunu keçməli idilər.
Qoçəliylə Qoşqar xəritəsiz-zadsız bütün bunları əzbər bilirdilər.
Xüsusi xəritədə bu marşrutu qırmızı qələmlə Toğrul üçün çəkmişdilər.
Onlar hər yerdə çölləmə getdikləri üçün, hələlik heç bir erməni postuna
rast gəlməmişdilər. Qoşqarla Qoçəli on addım qabaqda, qalan kəşfiyyatçılarsa
bir-birilərindən beş-altı addım məsafə ilə gedirdilər. Ay işığında
bir-birinin siluetini görürdülər. Yalnız asfalt yolu adlayanda xüsusi
ehtiyat tədbirlərinə əl atdılar. Şəybəyə yaxınlaşanda isə minadan
ehtiyatlanmağa başladılar. Çünki avqustun axırından oktyabrın sonlarınadək
– iki aylığa cəbhə xətti bu yerlərdən keçmişdi. Toğrulun aldığı məlumata
görə, ancaq həmin zolaqda mina təhlükəsi vardı. Xəritədə o yerlər
nişanlamışdı. Üstəlik, Qoçəli kəndin altından keçən xatalı zolağın
konturlarını bilirdi.
Qəflətən dayanan Qoçəli aşağı çöküb, dəstəyə də yerə yatmaq işarəsi
verdi, əyilə-əyilə onun yanına gəlmiş Toğrula yavaşca dedi:
– Komandir, fikir verin, dikdirin o üzündən səs gəlir.
Toğrul nəfəsini içinə çəkib qulaq verdi.
– Güman ki, eşitdiyimiz səs heyvan fınxırtısıdır. Qoy baxım görüm,
o nə heyvandır, yanında adam var, ya yox,– deyə Qoçəli sola burxulub
kiçik təpəciyin üstünə sarı süründü. Aşağı baxdıqdan sonra Toğrula
işarə elədi. Onun yanına sürünən komandirinə pıçıltıyla dedi:
– Baxın, qaraltılar ya atdır, ya da eşşək.
Gecəgörmə cihazıyla Qoçəlinin göstərdiyi yeri və bütün ətrafı da diqqətlə
müşahidə eləyən Toğrul arxayın nəfəs alıb dedi:
– Düz tapıbsan, elə eşşək olar. Atı qoyub getməzlər.
– Camaat var-yoxunu qoyub qaçanda, kimə lazımdı bu yazıq heyvanlar.
Amma indi bizə lazım ola bilər. İcazənizlə, gedək, bir-ikisini tutub
gətirək.
Qoşqar dilini farağat qoymayıb söz atdı.
– Neynirsən, ə, onları? Yorulubsan? Minəcəksən?
– Noolar, minərəm, baxtım açılar. Eşitməyibsən, eşşəyə minərlər “Jiquli”yə
çatana qədər.
Toğrulun dodağı qaçdı. Qoçəli çoxbilmiş oğlandır. Görünür, eşşək məsələsində
nəsə ayrı fikri var.
Qoçəliylə Qoşqar qaranlıqda itdilər. Anqırtı səsi eşidən kəşfiyyatçılar
xısın-xısın gülüşdülər. Bir azdan Qoşqarla Qoçəli kəndir keçirib buruntaq
vurduqları iki uzunqulağı yedəkləyib gətirdilər.
– Əyə, gecə vaxtı bunları necə tutdunuz?– deyə uşaqlardan kimsə asta
səslə soruşdu.
– Əşi, Qoçəlini dərhal tanıdılar, – deyə Qoşqar zarafatından qalmadı.
– Biçarə heyvanlar adamdan ötəri qəribsəyiblər, “toqquş” deyən kimi
dayandılar, hətta anqırıb bizi salamladılar da.
Toğrul sözkəsənlik elədi:
– Zarafatı qurtarın!
Uzunqulağın ipini arxada gələnlərə verən Qoçəli qabağa keçdi. Dəstə
irəliləməyə başladı. Bir qədər getdikdən sonra yenidən dayanmaq işarəsi
verən Qoçəli geriyə qayıdıb asta səslə dedi:
– Yoldaş kapitan, minalanmış sahəyə çatmışıq.
– Qəti əminsən?
– Əlbəttə! Bu cır armud nişangahdır,– deyə o, əlli addımlıqda ay işığında
qaralan ağacı göstərdi, – iki ay qabaq qonşu kənddəki tanışım gecə
buralarda minaya düşüb parça-parça oldu.
– Onun burda nə işi vardı?
– Dığalar kəndə hücum edəndə o, evdə yoxumuş, arvad isə zirzəmidə
basdırdıqları qızılları çıxarmağa majal tapmayıb. Sonra sığındıqları
aşağı kənddən kişini göndərib ki, yatırı gətirsin... Bir sözlə, kişi
arvad tamahının güdazına getdi və...
Toğrul onun səsini kəsib amiranə səslə :
– Yaxşı, sən salamat cığır axtar, biz burda gözləyirik, – deyib kəşfiyyatçılara
oturmaq göstərişi verdi.
Qoçəli çiynindən asdığı minaaxtaranı əlinə götürüb dəstədən aralandı.
On dəqiqədən sonra geri döndü, onu səbirsizliklə gözləyən Toğrula
məlumat verdi:
– Yoldaş kapitan, o zolağın xeyli hissəsini yoxladım. Cihaz üçünü
göstərdi. Qabaqda neçə mina var, bir Allah bilir, bir də onu basdırmış
əjlaflar.
– Təklifin nədir? Dördayaqlıları qabağa verək?
– Başqa çarəmiz yoxdur. İcazənizlə, biz Qoşqarla işə başlayardıq.
– Yaxşı, başlayın.
Onların hərəsi bir eşşəyin noxtasından tutdu.
– Odur ey, o biriləri də arxamızca gəlir, – deyə Qoşqar bir az aralıda
dayanmış üç qaraltını göstərdi.
– Gəl bunları bir az qormutlayaq ki, sözümüzə baxsınlar. Köpəkoğlunun
verimi elə şeydir ki, hamının xoşu gəlir, – deyə Qoçəli çantasından
çıxardığı bir əlcə çörəyi uzunqulağa sarı uzatdı.
– Bir eşşəklərimiz qalmışdı, onları da rüşvətə sən öyrət görək, axırımız
hara çıxajaq.
– Ə, filosofluq eləmə, istəyirsənsə işin düzəlsin, ver keç. Dünya
verim dünyasıdır. Bax, çörəyi yeyəndən sonra “toş!” deyən kimi gör
nə həvəslə irəli cumur?– deyə Qoçəli xısın-xısın güldü.
– Bir az yavaş danış, boğazın gavahınla deşilməyib ki!.. Gejələr səs
gedən olur.
– Ə, arxayın ol, canınçün, bu ətrafda bir dənə də erməni yoxdur. Qorxularından
gejənin bu vaxtı çöl-biyabanı çətin ki, gəzələr. Dur! – deyə Qoçəli
arxasınca gələn Qoşqarı saxladı. – Çatmışıq. Qoy o biriləri də yaxınlaşsın.
Çörəyin iyi burunlarına dəyib, gələjəklər. Mən indi bayaq seçdiyim
yeri bir də yoxluyajam. Bəri tərəfdən mina olmuyan yerdən bunları
buraxarıq irəli. Allaha pənah, görək nə olur.
Qoçəli eşşəyin noxtasını Qoşqara verib minaaxtaran cihazı çiynindən
endirərək irəli yeridi, beş-altı kvadratmetrlik yeri yoxladı, sonra
geri qayıdıb eşşəklərin noxtasını çıxardı. Heyvanlar onun əlini iylədilər.
Qoçəli onların hərəsinə bir parça çörək verdi, yanlarına çubuqla yüngülcə
vurub sərt səslə “toş-toş” dedi. Çörəkdən kəsib, bir-iki parça da
irəli – minalanmış zolağın ortasına tərəf atdı. Noxtaları açılmış
eşşəklər tərpəndilər.
Adını “işlək” sözündən alaraq eşşək olmuş bu sözəbaxan heyvanlar itaətcəsinə
yavaş-yavaş irəli yeridilər. Eşşəklər tərpənən kimi Qoşqarla Qoçəli
geriyə dönüb bir neçə addımlıqdakı top mərmisinin açdığı çalada daldalandılar.
Eşşəklərdən biri quyruğunu oynadıb anqırdıqda Qoşqar yenə dostuna
sataşdı:
– Qoçəli, o nə deyir? Bağışla, mən sizin kəndin eşşəklərinin dilini
anlaşdıra bilmirəm.
– Heç, bizimlə xudafizləşir. Və deyir ki, qoy dostun elə bilməsin,
eşşəyəm qanmıram. Torpaq uğrunda könüllü gedirəm ölümə.
Qoşqar ürəkdən güldü. Bu zaman aralıda dayanmış erkək sıpalar tappıltıyla
yanlarından keçib dişi eşşəklərin yanına qaçdılar. Biçarə heyvanların
hərəkətini diqqətlə izləyən Qoçəli Qoşqarı dümsüklədi:
– Sənin gözlərin pişiyinki kimi qaranlıqda da iti görür. Yaxşı bax,
onların keçdikləri yeri yadında saxla...
Sıpaların yaxınlaşıb iyləşməsindən sonra dişilər soncuqlayıb irəli
cumdular, erkəklər də arxalarınca... Bu zaman bir-birinin dalınca
iki partlayış oldu... Cəld hərəkətlə Qoşqarın başını qucaqlayıb çalanın
dibinə çökən Qoçəli:
– Ən azı ikisi canını sənə tapşırdı,– deyə Qoşqara sataşdı.
Qoşqar borclu qalmadı:
– Ə, başın sağ olsun, fikir eləmə. Söz düşəndə deyərsən, müharibədə
ikisini də mən öldürmüşəm. Kimdi səndən soruşan, erməni öldürübsən,
yoxsa uzunqulaq.
– Əla! Get komandiri çağır,– deyən Qoçəli bir daha partlayış olan
səmtə zəndlə baxdı. Bu anda Toğrul gəldi. O, komandirinə raport verdi:
– Yoldaş kapitan, tapşırığın birinci hissəsi yerinə yetirildi. Eşşəklərdən
ikisi sağ-salamat minalanmış sahəni keçdi. Gecə durbiniylə onların
keçdiyi yeri dəqiqləşdirdim. Buyurun, özünüz də baxın.
Qoçəlinin göstərdiyi səmtə baxdıqdan sonra Toğrul soruşdu:
– Kənddən bura maşınla neçə dəqiqəlik yoldur?
– Ən çoxu on dəqiqə.
– İyirmi dəqiqə gözləyək. Partlayışa ermənilər məhəl qoymasalar, düşürük
yola. Sən elə burda gözlə, yaxşı mövqe seçibsən.
Deyilən müddət keçdikdən sonra dəstə tərpəndi. Qoçəli minaaxtaranla
qabaqda gedirdi. Sıraya düzülmüş kəşfiyyatçılar ayaqlarını Qoçəlinin
ləpirlərinə qoyurdular...
Təhlükəli sahəni keçdikdən sonra Toğrul Qoçəlinin əlini sıxdı. Döyüş
yoldaşları onu qucaqladılar.
– Ə, sizə noolub belə? Neyləmişəm ki!..
– Dilinə görə dilçəyin də varmış,– dedilər.
Bayaqkı partlayışlar Qoçəlini uşaqların gözündə böyütmüşdü...
Dəstə nikbinliklə yoluna davam etdi. Minalı sahədən sağ-salamat keçmək
onlarda özlərinə inamı artırmışdı. Alaöküz dərəsinə çatdıqda Qoçəli
dayandı.
– Yoldaş kapitan, burdan o yanı mən yaxşı tanımıram. Ona görə vəzifəmi
müvəqqəti dondururam, buraya qayıdanadək.
Uşaqlar pıqqıldaşdılar. Balyatlı Qoşqar qabağa keçdi.
Rayonun dağlıq hissəsini, xüsusilə Güney kəndlərini – Füzuli rayonu
ilə sərhəddə yerləşmiş Balyat, Qaracallı, yuxarıdakı Doşulu, Süleymanlı,
Qışlaq kəndlərini ermənilər satqınlıq nəticəsində döyüşsüz tuta bilmiş,
Şəybəy– Nüzgar kəndləri istiqamətlərinədək irəliləmişdilər... Ona
görə də bu kövşənləri minalamağa ehtiyac qalmamışdı.
Dəstə Cəbrayıl-Füzuli yolunu keçdikdən sonra dərənin dibi ilə irəlilədi.
Arazğırağı kəndlərdən fərqli olaraq buralar çox sərin idi. Yuxarı
qalxdıqca hava soyuyurdu. Güney kəndlərinə ilk qar düşsə də torpaq
soyumadığı və gündüzlər ara-sıra gün döydüyü üçün əriyib getmiş, yalnız
dağların zirvələrində qalmışdı... Toğrul yaxın on günün hava məlumatını
almışdı. Beş-altı gündən sonra qar yağacaqdı. Bu gədikləri, dərələri
qar basandan sonra əməliyyatı keçirmək mümkünsüz olacaqdı, həm gediş-gəliş,
həm də ayaq izləri buraxmaq sarıdan...
Balyat kəndinin aşağısındakı Maşadılar bağına girdikdə Toğrul dayanmaq
işarəsi verdi. Qarşıdakı dağa qalxmalıydılar. Kəndin yarısı dağın
yamacında yerləşirdi. Bir az dincəlmək gərək idi. Ortada bir az fasilə
eləsələr də dayanmadan üzüyoxuşa birnəfəsə yol gəlirdilər. Hava işıqlaşmamış
kəndə çatmalı, münasib yerdə evlərdən birini seçib bütün günü axşamadək
orada daldalanmalıydılar.
Dinclərini alandan sonra “İrəli” əmri verilən kimi kəşfiyyatçılar
ayağa qalxdılar, qabaqda gedən Qoşqarın arxasınca dağa dırmaşmağa
başladılar. Zirvəyə çatmamış “İbadəkən” deyilən yerin altında Qoşqar
dayandı. Nəfəslərini dərdikdən sonra sola dönüb, köndələninə kəndə
doğru getdilər. Qoşqar onları kəndin hər tərəfi, həm də Füzuli-Cəbrayıl
yolunun bir hissəsi görünən təpənin üstünə gətirdi. Toğrul nisbətən
salamat qalmış, zahirən nəzərə çarpmayan birmərtəbəli ikiotaqlı evi
seçdi. Burada hayı gedib vayı qalmış iki köhnə dəmir çarpayıdan, əldəqayırma
miz və kətillərdən başqa heç nə yox idi.
– Bundan yaxşısını çətin tapaq. Uzanın dincəlin. Hərəniz saat yarımlığa
keşik çəkməlisiniz. Birinci könüllüdür, – deyə Toğrul yorğun səslə
dilləndi
O, saatına baxdı. Yeddiyə iyirmi dəqiqə işləyirdi. Arazı adladıqdan
sonra beş saatdan çox yol gəlmişdilər. On altı kilometrlik məsafəyə
bu qədər vaxt sərf olunmuşdu. Bunun yarım saatını Mərcanlıda itirmişdilər.
Balyat dağına çıxıb, dolanbac yolla bu evə gəlmək də yarım saatdan
çox vaxt aparmışdı. Üzüyoxuşa, bu kəndlərin arasında salınmış min
illərin kəsə yol-irizi ilə deyil, dərə-təpə ilə hərəkət eləmişdilər.
Bütün bunları düşünüb təhlil edən Toğrul divar boyu oturmuş, üz-gözlərindən
yuxu tökülən kəşfiyyatçılara dedi:
– Uşaqlar, yaxşı gəlmişik. Qayıdanda, inşallah, üzüaşağı asan gedəcəyik.
İndi dincəlin. Birinci növbəni özüm çəkəcəm.
– O nə sözdür, yoldaş kapitan, biz dura-dura...
Toğrul köməkçisi Mustafanın sözünü kəsdi:
– Mən bunu könüllü edirəm, gizir. Yuxum gəlmir. Siz yatın. Nə vaxt
özümü saxlaya bilməsəm, səni durğuzacam. Aclığı olan buyursun, yemək
yesin.
– Dünən çox möhkəm yeyib içmişik, sağ olun, – deyə döyüşçülərdən bir
neçəsi eyni vaxtda dilləndi.
Uşaqların yuxusu elə bil ovuclarındaymış, əlüstü mürgülədilər. Toğrul,
gecəgörmə aparatını götürüb bayıra çıxdı. Dan yeri ağarırdı. Magistraldan
kəndə ayrılan yola, kolxoz və kənd soveti binalarına baxdı. Heç yerdən
işıq gəlmirdi.Üç tərəfdən dağlarla dövrələnmiş, amfiteatra bənzəyən,
evləri dağların ortasınadək “dırmaşmış” bu kənd gecələr aralıdan kəhkəşanı
xatırladardı. Həmişə çıraqbanlı, səsli-küylü beş yüz evlik kənd indi
məzar sükutuna qərq olmuşdu. Ölmüşdü sanki...
Toğrul müəyyənləşdirmək istəyirdi: kənddə erməni var, ya yox. Ermənilərin
bu tezliklə kənddə yerləşdirilməsini istisna edirdi. Heç burda post
qoyulmasına da gümanı yoxudu. Çünki Qarabağın işğal olunmuş minə yaxın
yaşayış məskəninin hamısını məskunlaşdırmağa, nə də onlarda post qoymağa
ermənilərin adamı yoxudu. Əsir götürülmüş erməni hərbçilərinin dediklərinə
görə, postlar ancaq yol ayrıclarında qoyulubdur, hərbi hissələrin
qərargahları rayon mərkəzlərində, strateji əhəmiyyətə malik kəndlərdə
yerləşdirilibdir.
Toğrul geri qayıdanda Mərcanlı yaxınlığındakı postların birindən “dil”
götürməyi planlaşdırmışdı. Aysunu azad etdikdən sonra kəşfiyyatçılar
yuxarıya – Günəşli dağına tərəf qalxıb, Gorazıllının üstü ilə Balyat
dağlarına sarı üz tutacaq, dolanbac yollarla kəndə qayıdacaqdılar.
Hər şey qaydasında olsa gündüzü burada keçirib dincələcəkdilər. Yox,
əgər onların izinə düşsələr, kəndə girdiklərindən şübhələnsələr, birbaşa
üzüaşağı sallanıb Korca bağında daldalanacaq, hava qaralan kimi Toğrulgil
Mərcanlıya üz tutacaq, qalan kəşfiyyatçılar isə onun köməkçisinin
başçılığı ilə başqa marşrutla hərəkət edəcəkdilər. Onlar Füzuli-Cəbrayıl
magistralı boyunca üzümlüklərlə getməli, Daşkəsən təpəsini keçib,
Papı-Çərəkənə çatmamış bağların içi ilə sola burularaq Horovlunun
yanından üzü-aşağı enməliydilər. Bu dəfə Quycaq və Şəybəy kəndlərinin
sağ tərəfi ilə Mərcanlıya gəlməli, burda “Azərin müşahidə məntəqəsi”ndə
onları gözləyən Toğrulgilə qoşulmalıydılar. Axşama yaxın yenidən qısa
müddətə ayrılacaqdılar. Toğrulgil Arazın qırağına tərəf gedib, ya
bu tayda, ya da geciksələr, o tayda gözləyəcəkdilər. İkinci dəstədəkilərsə
Azərin müəyyənləşdirdiyi postdan bir erməni hərbçisini girov götürüb
dəstəyə qoşulacaqdılar. Lakin “Azərin müşahidə məntəqəsi”nə yaxınlaşdıqda
üç dəfə xüsusi səs işarəsindən sonra onları qapıda qarşılayan olmasa,
müstəqil hərəkət edib özləri çayı keçməliydilər. Hələlik plan beləydi.
Amma atalar belə yerdə demişlər: sən saydığını say, gör fələk nə sayır.
Bütün bəni insanlar kimi onlar da bilə bilməzdilər. Bu gecə, ertəsi
gün, birisigün, tay birisigün başlarına nə gələcək? Nələr olacaq,
nələr gözləyir onları?..
Toğrul gecə əməliyyatı zamanı soyuq başla, komandir kimi düşünüb daşınmaq,
dəstəni uğurla aparıb gətirmək üçün şəxsi, romantik duyğuları özündən
kənarlaşdırırdı, bütün diqqətini əməliyyatın ən kiçik təfərrüatlarınadək
dəqiq yerinə yetirilməsinə verirdi. Lakin nə qədər çalışsa da Aysunun
xəyalını özündən uzaqlaşdıra bilmirdi. Hər addımı atanda, hər kilometri
arxada qoyanda Aysuya yaxınlaşdığını düşündükcə ürəyi atlanırdı, sanki
ona güc gəlirdi, hardansa cisminə enerji axırdı.
Artıq səhər açılmışdı. Hava buludlu idi. Toğrul durbinini götürüb
Hadruta gedəcəkləri səmtə, aşacaqları dağ gədiklərinə baxmağa başladı.
Zirvələr dumana bürünmüşdü. Durbini əks istiqamətə – cənuba döndərdi,
kəndə gələn torpaq yollara “düşüb” iki rayon mərkəzini birləşdirən
asfalt yola “çıxdı”. Bomboş idi bu gəlişli, gedişli yollar. Durbini
kəndə tərəf çevirdi, xaraba qalmış evlərə, həyətlərə bir-bir baxmağa
başladı. Qohumlarına qalmış ata yurdu kəndin ortasında, çökəkdə olduğu
üçün burdan görünmürdü. Hay-küylü kənd bomboş idi, səs-səmir yox idi.
Elə bil başqa bir planetdə idi, çəkisizlik, əbədi səssizlik hökm sürən
planetdə.
Toğrul bu kəndə uşaq vaxtı atası ilə bir neçə dəfə gəlmişdi. Kənd
onun yaddaşında ilk dəfə gördüyü kimi həkk olunmuşdu. O zaman xoruzları
banlayan, toyuqları qaqqıldaşan, itləri hürən, anasını istəyən quzuları,
buzovları mələşən, evlərindən gülüş, musiqi sədaları, bəzən qara-qışqırıq,
qarğış, söyüş eşidilən kənd indi öldürücü bir sükuta qərq olmuşdu.
Bu səssizlik içində o vaxt beyninə həkk olunmuş səsləri sanki indi
də eşidirdi. Bir-birinə qarışmış həmin səslər, demə həyat simfoniyası
imiş. Bunu indi burada anlayırdı. Bəstəkarı kəndin özü olan o simfoniyanı
yalnız Yer üzündə dağıdılıb viran qoyulmuş obalarda, şəhərlərdə...
göy üzündəsə – Ayda, Marsda, Ülkər bürcündə, bir sözlə, ölü səssizlikdə
“dinlədikdə” adama çatırmış.
Kəndin raket, top mərmilərindən dağılıb yanmış, taxtapuşu sökülüb
daşınmış evlərinə, kəsilib aparılmış qoz, tut, ərik ağaclarının yerində
qəbir daşlarını xatırladan kötüklərə baxan Toğrul qəzəb və təəssüflə
pıçıldadı:
– İnsan oğlu, ey Adəmin törəmələri! O tək Tanrı sizi Yer üzünün əşrəfi
kimi tikib qurmaq, yaşayıb yaşatmaq üçün yaratmışdır. Habil – Qabil
zamanından indiyədək min illərdir vuruşa-vuruşa, bir-birinizi qıra-qıra
yaşayıbsınız. Bir-birinizin qanını içdiyiniz, yurdunu xaraba qoyduğunuz
bəs deyilmi?..
Toğrulun şairanə çılğınlığı hərdənbir özünü göstərirdi. Bu dəfə özünü
məzəmmətlədi. Heç yeri deyildi. Ölüm-dirim tapşırığına getdikləri
bir vaxtda, sevgilisini necə xilas etmək barədə fikirləşməli olduğu
halda fəlsəfi düşüncələr nəyə lazımdır? İntiqam haqqında düşünmək
gərəkdir. Düşmənlə qarşılaşanda ölməmək üçün öldürməliydi. Çevik tərpənib
birinci öldürən sağ qalır, uğur qazanır. Silahı qaldıranda kimin ürəyi
buz kimi soyuqdursa, əlləri əsmirsə, sərrast atəşlə düşməni vurur.
Kimin əli əsib tərəddüd edirsə, vurulur. Budur müharibənin qanunu.
89-cu ildən bəri hakim yüksəkliklər, vurmaq imkanı azərbaycanlıların
əlində olanda Xankəndini, Hadrutu, ermənilər yaşayan neçə-neçə digər
şəhər və kəndləri topa tutmadılar. Əlləri əsdi. “Günahsız uşaqlar,
qadınlar, qocalar var orda” dedilər. Ermənilərinsə əlləri əsmədi...
yeddi rayonu, neçə-neçə şəhəri, kəndi dağıdanda, uşaqlı, qadınlı,
qocalı dinc sakinləri gülləbaran edəndə, əsir, girov götürəndə. Yox,
biz düz eləmişik. Gec-tez onlar tarix qarşısında cavab verəcəklər.
İndi dünyanın əksər xalqları öz-özünü içindən təmizləyir. Okeanlar,
dənizlər öz sularını çirkabdan durulaşdırdığı kimi... Erməni xalqı
da öz– özünü müalicə etməlidir...
– Yoldaş kapitan, icazənizlə növbəni qəbul edərdim.
Toğrul dönüb köməkçisi Mustafanı başdan-ayağa süzdü:
– Gizir, gözünün acısını ala bildinmi?
– Belə təmiz havalı, sakit yerdə dörd saatın yuxusu şəhərdəkinin səkkiz
saatına bərabərdir.
– Saat on birə işləyir. Axşam saat yeddidə tərpənirik. Burdan birbaşa
Hadruta doqquz kilometrə yaxındır, dolanbac yolla, otura-dura getməyi
nəzərə alsaq bizə üç-dörd saat vaxt gərək olacaq. Yaxşı, gedim mən
də bir az çimir eləyim.
Toğrul kürək-kürəyə verib taxta döşəmədə yatmış döyüşçülərin yanından
keçib otağın başındakı çarpayıya yönəldi. Köməkçisi ona əməlli-başlı
yataq hazırlamışdı: dəmir çarpayının üstünə hardansa tapdığı taxtaları
döşəmiş, yastıq yerinə içərisinə Aysu üçün isti paltarlar yığılmış
çantanı qoymuşdu. Döyüşçülərin nəfəsi kiçik otağı isindirmişdi. Kürkünü
çıxarmadan uzanan Toğrulun gözünü yummağı ilə yuxuya getməyi bir oldu.
Və yalnız günortadan xeyli keçmiş uşaqların hənirtisinə oyandı.
– Nahar hazırdır, yoldaş kapitan, – deyə gizir məlumat verdi.
– Müşahidələrin nəticəsi necədir?
– Kənddə ölü sükunətdir, ins-cins görünmür. Amma aşağıdakı bağlarda
gözümə bir-iki uzunqulaq dəydi. İndiyə qədər yoldan üçcə maşın keçib:
bir minik maşını UAZ Hadrut tərəfdən Cəbrayıla, içərisi dolu iki yük
maşını isə Cəbrayıl tərəfdən Hadrut istiqamətində hərəkət eləyib.
– Uşaqlar indiyədək acdılar?
– Yox, yüngül qəlyanaltı eləyiblər. Nahar üçün sizi gözləyirik.
– Mən hazır, başlayaq, – deyə Toğrul ayağa qalxdı, kəşfiyyatçılarla
birgə nahar etdi.
Toğrul həmişə dəstəsindəki döyüşçülərin yeməyinə, onların həftədə
bir dəfə hamamlanmasına xüsusi diqqət yetirirdi. Bəzi hərbi hissələrdə
əsgərlərin payının kəsilməsini, onların çirk-pas içində saxlanmasını
gördükdə əsəbiləşirdi, imkanı çatdıqca günahkarları ifşa edirdi.
“Hər şey komandirdən asılıdır. Əsgərlərinə canı yanan komandirlər
çöl şəraitində hamam düzəltmək üçün yeri qazdırıb, iki-üç çəlləyi
su ilə doldurtdurub qızdırtdırırlar. Bir çox komandirlərinsə əsgərlərini
bit-birə basır, veclərinə də almırlar... Əsgərin qarnı tox, əhval-ruhiyyəsi
yüksək olmasa, uğurlu döyüşlərdən danışmaq əbəsdir”, deyərdi.
“Əsgərlərdən qabaq zabitlər haqqında düşünmək gərəkdir. Zabit hər
şeydən qabaq ailə başçısıdır, onları təmin eləməlidir,” – deyə ona
etiraz edənlər də olurdu. Düz də eləyirdilər. Zabitlərin bəzilərinin
gözü əsgərlərin yanına gələn valideynlərin cibində olurdu... Bu problemlərə
baxmayaraq Toğrul inanırdı Azərbaycan ordusunun gələcəyinə... Ona
dodaq büzənlərə Türkiyə ordusunu misal gətirirdi: “Avropanın ən güclü
ordusunun əsgər və zabitləri bizim kimi türkdürlər”.
O inanırdı ki, gələcək ordunun əsgərləri yaxşı yeyib geyinəcək, zabitləri
yüksək maaş və imtiyazlar alacaqlar. Zabit olmaq, Türkiyədəki kimi
hörmətli, şərəfli bir iş sayılacaqdır.
Nahardan sonra Toğrul xəritəni açdı, döyüşçüləri başına yığıb, ağır-ağır
sözə başladı:
– Uşaqlar, təhlükəsizlik naminə əməliyyatın gizli saxladığımız sirrini
indi sizə açmaq istəyirəm. Bizim gedəcəyimiz o binada mənim həyat
yoldaşım girov saxlanır. Onu azad etməliyik.
Döyüşçülər diksindilər, deməyə söz tapmadılar. Onlar komandirlərinə
ürəkdən acıdılar. Neçə aydır tanıdıqları kapitanın dözümlülüyünə,
bu boyda dərd-kədərlə özünü həmişə təmkinli, soyuqqanlı saxlamasına,
hərbi hissədə ən hörmətli zabit kimi nüfuz qazana bilməsinə heyran
oldular. Toğrul gözlərində bir daha böyüdü.
– Biz hamımız namusumuzu xilas etmək üçün son damla qanımızadək vuruşmağa
hazırıq! – deyə başını yuxarı qaldıran gizir dilləndi.
– Hazırıq!.. – deyə gözlərindən od yağan döyüşçülər də əmrsiz-zadsız
bir nəfər kimi ayağa qalxdılar.
Riqqətə gəlmiş Toğrul “sağ olun!” deyib əliylə onlara oturmaq işarəsi
verdi, dəqiqliklə gedəcəkləri marşrutu bir daha nəzərdən keçirdilər.
O, hər kəsin vəzifəsini xatırladıb söhbəti yekunlaşdırdı:
– Artıq şeyləri burda samanlıqda gizlətmək olar. Silahınızı, təcili
yardım dərmanlarınızı yoxlayın...
Axşam saat yeddidə dəstə sıralanıb kənddən çıxdı, dağın ortası ilə
onun zirvəsinə uzanan cığırla asta-asta irəliləməyə başladı. Tezliklə
kənd arxada qaldı. Aşağıda, dərənin dibində qaynayan, dadlı suyu ilə
tanınan “Boğaz” çeşməsinin tuşuna çatdıqda qabaqda bələdçilik edən
Qoşqar qeyri-ixtiyari olaraq ayaq saxladı... Getdikləri cığır boyu
hər daş, hər qaya, hər gədik onun üçün doğma idi, hamısının öz adı
vardı. Hər biri uşaqlıq xatirələri ilə bağlıydı... “Boğaz”a sarı baxdıqda
qəhər onu boğdu.
– Niyə dayandın? Nə oldu sənə? – deyə Toğrul həyəcanla soruşdu.
Udqunub dərindən nəfəs alan Qoşqar yavaşca dedi:
– Heç , keçib gedər, yoldaş kapitan.
– Qəhərimizi düşmənə qarşı qəzəbə çevirməliyik!
Toğrul orta məktəb partasından təzəcə ayrılmış gənc döyüşçünü anlayırdı.
O, özü nə qədər səy eləsə də kövrək duyğulardan uzaqlaşa bilmirdi...
Elə indi yol gedə-gedə xəyalən Aysunun yanına uçmuşdu, onu azad etdikdən
sonra yaşayacaqları xoşbəxt anları təsəvvüründə canlandırırdı...
Yarım saatdan sonra dəstə Balyat dağlarının “Yolaşan” deyilən zirvəsinə
çatıb dayandı. Döyüşçülər nəfəslərini dərmək üçün sal daşların üstündə
oturdular. Qarşıda daha iki zirvə ucalırdı: Günəşli və Quşçular. Döyüşçülərdən
ikisi burada dəstədən ayrılıb Quşçular yüksəkliyinə sarı getməli,
ermənilərin atəş mövqeyi haqqında məlumat toplamalı, gecəgörmə cihazları
vasitəsilə hansı raket və topların yerləşdirilməsini müəyyənləşdirməli
idilər. Quşçulardan baxanda üzüaşağı az qala Haramı çöllərinə qədər
böyük bir ərazini müşahidə etmək, atəş altında saxlamaq mümkün idi.
Azərbaycan ordusunun gələcək əməliyyatları üçün Quşçular yüksəkliyinin
böyük önəmi vardı.
Bu tapşırığı Qoşqarla Süleymanlı kəndindən olan döyüşçü Erkin yerinə
yetirməli idilər. Beş-altı saatdan sonra onlar geri qayıtmalı, dəstənin
arxasınca gedib, Günəşli kəndinin qurtaracağında yola yaxın yerdə
pusquda durub Toğrulgili gözləməliydilər. İşdir, əgər ermənilər onların
izinə düşüb arxalarınca gəlsələr, Qoşqarla Erkin düşmənə pusqu qurub
başını qatmalı, yorulmuş silahdaşlarına kömək etməliydilər. Hər ikisi
bu yerləri beş barmaqları kimi tanıyırdılar.
– Başqa sözünüz varmı? – deyə Toğrul onlardan soruşdu.
– Var, – deyə Erkin yarızarafat, yarıciddi dilləndi. – Adar-madar
bir dayım var, adı Təyyar həkimdir. Tapşırıb ki, öldürdüyün yağı düşmənin
qulağını kəsib gətirməlisən.
– Çalış özününkü salamat qalsın, erməni qulağını biz çoxdan kəsmişik
– Andranikin qulağını.
Zarafatcıllığı ilə seçilən Erkinə Toğrulun cavabı döyüşçüləri güldürdü.
Sonra ciddiləşən Toğrul əlavə etdi:
– Hər zarafatda bir həqiqət var, deyiblər... İndi bizim əsas vəzifəmiz
kəşfiyyatdır. Çalışmalıyıq ki, hər şey sakit keçsin, heç yerdə iz
qoymayaq. Xüsusilə, girovu azad edənə qədər və sonra elə eləməliyik
ki, ermənilər baş vermiş hadisədən tez duyuq düşməsinlər.
Qoşqarla Erkin sola, əsas dəstə isə sağa doğru yollandı. Hadruta gedənlərin
ikisi Ermənistandan qovulan qaçqınlardan, ikisi Hadrutun qənşərindəki
Qaradağlı və Gorazıllı kəndlərindən idi, dördü də ermənicə yaxşı bilirdi.
Ermənistandan olanlar təmiz Yerevan ləhcəsində danışırdılar. Lazım
gələndə özlərini “hay” ermənisi kimi qələmə verəcəkdilər. Qabaqda
gedən yerli əsgərlər Qarabağ ermənilərinin ləhcəsində danışırdılar,
Hadrutu, onun ətrafını çox yaxşı tanıyırdılar, işğala qədər bu yerlər
onların oylaqları olmuşdu.
Günəşlini arxada qoyan kəşfiyyatçılar üzüaşağı getdikləri üçün sürəti
artırdılar. Tezliklə tut, armud, gilas, heyva, əzgil ağaclarından
ibarət qalın bağın içindən keçən yeganə cığıra düşdülər. Qozluçaya
yaxınlaşanda dayandılar. Toğrul fosforlu əqrəbləri olan saatına baxdı.
İki saatdan çox idi yol gəlmişdilər.
– Yoldaş kapitan, qabaqda üstündən maşın keçə bilən böyük körpü var,–
deyə öndə gedən Akif dilləndi.
– Onda biriniz gedin, onun qorunub-qorunmaması xəbərini gətirin.
– Mən özüm gedərəm. Qozluçayın cikinə-bikinə bələdəm.
– Get, amma ehtiyatlı ol!– deyə Toğrul razılıq verdi.
On beş dəqiqə keçməmiş bələdçi geri qayıtdı, Toğrula məlumat verdi:
– Körpünün üstə post və şlaqbaum qoyulub. Şlaqbaumun yanındakı balaca
budkadan işıq gəlirdi.
– Bəs hardan adlaya bilərik? Çay dərin olmasa da suya girə bilmərik.
Hava soyuqdur.
– Aşağıda suyun bir az yayıldığı yer var, orada keçid olmalıdır.
Kəşfiyyatçılar üzüaşağı bir kilometrə yaxın getdilər, Akifin dediyi
yerə çatdılar. Çayın bu tayından o tayına iki addımdan bir düzülmüş
iri ağ daşlar ay işığında ağarırdı. Akif qabağa düşüb daşların üstü
ilə atlana-atlana o taya keçdi, ətrafı nəzərdən keçirib dəstəyə işarə
verdi. Döyüşçülər kiçik fasilə ilə bir-bir sağ-salamat çayı keçdilər.
– Afərin, uşaqlar, lap kəndirbaz imişsiniz ki!..– deyə Toğrul döyüşçüləri
ruhlandırdı.
Onlar çayın o biri üzü ilə Qaradağlı kəndinə sarı dikləndilər. Bu
dəfə qabağa Qaradağlı balası düşmüşdü. Üzüyuxarı xeyli qalxdıqdan
sonra sola buruldular. Cənub-şərq istiqamətindən Hadrutun başına fırlanıb
qəsəbəyə şimaldan girəcəkdilər. Bu tərəfdən çölləmə Aysu saxlanan
evə getmək nisbətən az təhlükəli idi. Burada evlər seyrək idi, çoxunda
yaşayan yox idi. Qəsəbəyə yaxınlaşdıqca daha ciddi ehtiyat tədbirləri
gördülər, kənardan müşahidə oluna biləcək yerlərdən bir-bir, bəzən
sürünə-sürünə keçirdilər. Bu minvalla hərəkət eləyən kəşyfiyyatçılar
Həmdalının evinin yaxınlığındakı kolluğa doluşdular. Toğrul yenə saatına
baxdı, 11 idi, gecəyarısına bir saat qalırdı. Əvvəlcədən düşünüb daşındıqları
kimi evə hücumdan qabaq bir az dincəlməli, müşahidə aparmalı idilər.
Zahirən özünü soyuqqanlı, təmkinli aparan Toğrul içini yeyirdi. Dəqiqələr
heç vaxt indiki kimi ağır-ağır ötüb keçməmişdi. Bir azdan Aysu ilə
görüşəcəyini təsəvvürünə gətirdikdə, həyəcanından nəbzi kəllə-çarxa
vururdu...
Amma ev zülmətə qərq olmuşdu, darvazanın yanındakı kiçik keşikçi otağından
başqa heç yerdən işıq gəlmirdi. Doğrudur, bir neçəsini çıxmaq şərtilə,
orda-burda qaralan evlərin çoxunda heç bir işartı gözə dəymirdi. Buna
təəccüblənmirdi. Hadrutda çoxdan elektrik enerjisinə həsrət qalmışdılar,
neft, benzin də defisit idi. Lakin bir sıra rəhbər işçilər kimi rus
zabitinin rezidensiyasında da dizel mühərriki olmamış olmazdı. “Görünür,
yatıblar, solyarkaya qənaət edirlər”, deyə fikirləşən Toğrul özünü
sakitləşdirdi.
– Nəfəsinizi dərdiniz? Başlaya bilərikmi?-deyə Toğrul asta səslə döyüşçülərdən
soruşdu, “hə” cavabını alıb göstərişini verdi: – İkiniz sakitcə qarovulxanaya
yaxınlaşın. Aşıq, sən pəncərəni döyüb hay ləhcəsində deyərsən ki,
rus zabitinə təcili məktub var. Keşikçi qapını açan kimi Pəhləvan,
sən öz işini görürsən, onu tərksilah eləyib, ağzını bağlayırsan. Sonra
bizə işarə verirsiniz. Siz ikinizsə burda, kolluqda qalırsınız, –
Toğrul üzünü digər iki döyüşçüyə tutdu: – Əsas işiniz bizim hərəkətlərimizi
izləməkdir, döyüş başlasa, kənardan kömək-zad gəlib eləsə, bizi qorumaqdır.
Erməni ilə qarşılaşıb eləsəniz, Qaracanın vəzifəsi ermənicə danışıb
baş qatmaq, Gərayınkı isə məlumdur...
Aşıqla Pəhləvan ağacların altıyla hasara, onun dibiylə darvazaya yaxınlaşdılar.
Aşıq– döyüşçünün ləqəbi idi. Aşıq Ələsgər nəslindən olduğu, yaxşı
saz çaldığı üçün onu belə çağırırdılar. Pəhləvanınsa adı da, özü də
pəhləvan idi.
Aşıq pəncərəni döydükdə hisli lampa işığında oturduğu yerdəcə mürgüləyən
keşikçi gözünü açdı, silahından yapışıb pəncərəyə yaxınlaşdı:
– Kimdir? Nə istəyirsən?
– Ara, qorxma, bizik. Rus zabitinə vacib məktub var.
– Ha!.. Hardansan? Yerevandan gəlmisən?
– Ha.
– Keç içəri,– deyən keşikçi qapını açdı. Qapı aralanan kimi marıqda
dayanmış Pəhləvan Aşıqdan qabaq özünü içəri salıb işini gördü, keşikçinin
silahını alıb, əlüstü yapışqanlı lentlə ağzını bağladı. Aşıq amiranə
səslə dedi:
– Ara, qorxma, özünü sakit, ağıllı aparsan hər şey yaxşı olacaq. Sən
burda təksənmi? Bəs növbə yoldaşın hardadır?
Pəhləvan keşikçinin ağzındakı lenti yarıya qədər açdı:
– Başınıza dönüm, məni öldürməyin, nə desəniz eləyəcəm. İndi təkəm,
növbə yoldaşım kəndə gedib, sabah səhər doqquzda gələcək.
Aşığın işarəsi ilə Pəhləvan keşikçinin ağzını yenidən bağladı. Aşıq
bayıra çıxıb Toğrulgilə gəlmək işarəsi verdi. Bir dəqiqə keçməmiş
Toğrulla köməkçisi gizir Mustafa özlərini içəri saldılar. Aşıq indicə
aldığı ilkin məlumatı komandirinə verdi: keşikçi təkdir...
Toğrulun sevincinin həddi-hüdudu yoxudu. Hər şey əla gedirdi. O, Pəhləvana
keşikçinin ağzını açmağı işarə eləyib üzünü Aşığa tutdu:
– Soruş gör, evdə neçə nəfər var və onlar kimlərdir...
Sifəti meyit rənginə dönmüş keşikçi ağlamsınaraq yalvardı:
– A kirvə, mən türkcə bilirəm, nə soruşsan deyəcəm, sizə kömək edəcəm.
Mən hay-zad deyiləm, Qarabağ ermənisiyəm. Hazırda evdə heç kəs yoxdur.
Bu xəbər Toğrulu diksindirib sarsıtdı, qulaqlarına inanmayıb bir də
soruşdu:
– Necə? Evdə heç kim yoxdur? Bəs rus zabiti İvan? Onun girov saxladığı
qız?..
– Mən onların heç birini görməmişəm...
Toğrula elə gəldi ki, keşikçi özünü gicliyə qoyub danışmaq istəmir,
vaxt uzadır. Odur ki, onu “danışdırmaq” üçün Pəhləvana göz elədi.
Pəhləvan iki barmağı ilə keşikçinin xirtdəyindən tutub bir balaca
sıxdıqdan sonra gözləri yaşarmış keşikçi yalvarıcı səslə dedi:
– Məzhəb haqqı düz deyirəm. Mən burda iki gündür keşik çəkirəm. Sən
dediyin İvan uborşitsası, keşikçisi və bir də əsir cavan qızla məndən
bir gün əvvəl gediblər. İndi təzə şefi gözləyirik.
Toğrul ayaq üstə dayana bilməyib aşağı çökdü. Ona elə gəldi ki, ürəyi
bu dəqiqə dayanacaq... Heç ağlına gəlmədiyi, gözləmədiyi bu xəbər
onu varından yox elədi... Heç vaxt belə sarsılmamışdı, ürəyi belə
ağrımamışdı... “Aysu, mənim biçarəm!..” deyə içindən gələn hayqırtı
ağzından boğuq pıçıltıyla çıxdı, daha göz yaşlarını saxlaya bilmədi...
Başını qolları arasına alıb ağladı... Onun çiyinlərinin qalxıb enməsinə
baxan döyüşçülər də kövrəldilər... Bu iki sevgilinin düşdüyü vəziyyətdən
təsirlənmiş kəşfiyyatçılar onunla bərabər qızın ardınca hara gərəkirsə,
ora getməyə hazır idilər.
– Onlar hara getdilər?– deyə Aşıq keşikçidən soruşdu.
– Məzhəb haqqı bilmirəm. Deyirlər ki, Ağdam tərəfə üz tutublar.
– İvan niyə burdan gedib, bilmirsən?
– Mən əsgər adamam, hardan bilim... Amma bunu eşitmişəm ki, o türk
qızı məndən əvvəl burda keşik çəkən məşhur bir hay əsgərini bıçaqlayıb
öldürübdür, ha...
– Necə, necə?– deyə Toğrul diksinərək dikəldi...
* * *
Toğrulgildən üç gün öncə səhərin alaqaranlığında Hadrutdan çıxan balaca
köç Qozludərə ilə üzüaşağı enməyə başlamışdı. Bu köç on metr intervalla
arxadan gələn yük maşınından, ortada gedən UAZ-dan, qabaqda onları
müşayiət eləyən BTR-dən ibarət idi. Saşanın sürdüyü ortadakı maşında
Aksana ilə Aysu oturmuşdular. İvan qabaqdakı BTR-də idi.
Uzun dərə boyu qıvrılan yolda son təpəni də aşdıqdan sonra füsunkar
Qozluçay vadisi, Balyat dağ silsiləsi görünməz olacaqdı. Aysu da,
Aksana da eyni vaxtda dönüb geriyə baxmışdılar. Hər ikisinin gözləri
yaşarmışdı!
– Əlvida, Hadrut!.. Ömrümün xoş günlərini səndə yaşadım, – deyə Aksana
pıçıldamışdı. – Allah mərdimazara lənət eləsin!
Aysu isə xəfif bir səslə ata yurdu ilə belə vidalaşmışdı:
– Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal!..
Köç Şuşaya gedən Molla Nəsrəddin
yoluna çıxmaq üçün axırıncı təpənin – Qaraköpəyin yanından qərbə dönməliydi...
1-ci kitabın sonu