Məktub yetişdi
Beş aya yaxın idi Elbəyigildə
belə sevinc yaşanmamışdı.
Sifarişlə göndərilmiş məktubu alan Qönçə xanım zərfin üstündə tanış
olmayan xətti görüb bir şey anlamadı. Məktub Elbəyiyə ünvanlandığı
üçün açmağa cürət eləmədi. Elbəyi öz adına gələn məktublara, yazdığı
məqalələrə icazəsiz baxmağı xoşlamırdı. Odur ki, oturub nahara gələcək
ərini gözlədi.
Səhər növbəsində dərsini qurtarmış Elbəyi evə girən kimi arvadı başının
üstünü kəsdirdi:
– Sənə Moskvadan sifarişlə məktub gəlibdir.
– Necə? Məktub gəlib? Hanı? Kimdən? Nə yazıblar? – deyə Elbəyi həyəcanla
sualları bir-birinin ardınca düzdü.
– Hardan bilim nə yazıblar? Birdən-ikiyə sənin məktubunu açmışam?
Kabinetinə qoymuşam. Tez aç görüm, ürəyim çırpınır. Bəlkə...
Elbəyi onun sözünün ardına qulaq asmayıb paltosunu soyunmadan iş otağına
keçdi. Zərfi götürüb üstünə baxdı. Məktub Moskvadan Şafiqulina familiyalı
şəxs tərəfindən göndərilmişdi, geriyə ünvansa “Baş poçtamt, tələb
olunanadək” göstərilmişdi. Elbəyinin tatar tanışları arasında bu familiyada
adam yox idi. “Bəlkə Toğrulun dediyi adamlardandır?” – deyə çiyinlərini
çəkən Elbəyi tələsik zərfi açdı. Məktubu açan kimi qızının xəttini
gördükdə, sevincindən kəkələdi, otağın qapısından boylanaraq ona göz
qoyan Qönçəyə güclə:
– Su gətir! – deyə bildi.
Qorxusundan mətbəxə yüyürən Qönçə xanım valerian damızdırılmış su
ilə özünü ərinə yetirdi. Elbəyi suyu başına çəkdi, bir neçə dəfə dərindən
nəfəs alıb özünə gəldi. Arvadı mətbəxə gedib gələnədək gözü ilə su
kimi içdiyi məktubu bir də oxudu.
– İlahi, sənə çox şükür!.. Qızım sağ-salamatdır!.. – deyərək telefona
sarı cumdu, Toğrula zəng vurmağa başladı.
Məsələdən hali olan Qönçə xanımın dizləri əsdi, məktubu götürüb kresloya
çökdü.
Elbəyi bir-iki cəhddən sonra kürəkəninə zəng eləyə bildi. Geriyə dönüb
kresloya çökmüş arvadını sevincdən hıçqıran gördükdə ona yaxınlaşdı,
başını qucaqlayıb sakitləşdirdi:
– Bəsdir, dur ayağa, əl-üzünə su vur. Üç-dörd saata Toğrul burdadır.
Yaxşı bir plov bişir. Siyahını ver, gedim bazarlıq eləyim.
Toğrul adətinə xilaf çıxaraq birinci evlərinə yox, qayınatasıgilə
gəldi. Elbəyi onun belə edəcəyini bildiyi üçün Toğrulun anası Bənövşə
xanımı da məsələdən hali eləyib evlərinə çağırtdırmışdı.
Hamıyla tələsik görüşüb öpüşən Toğrul heç soruşmamış Elbəyi az qala
yüz dəfə oxuduqları məktubu tutya kimi ehtiyatla ona uzatdı. Divanda
oturan Toğrul Aysunun yazdıqlarını ilk öncə birnəfəsə oxudu, sonra
ikinci, üçüncü dəfə hərf-hərf, düşünə-düşünə oxumağa başladı...Handan-hana
başını qaldırdı.
– Professor, siz bu məktubda qəribəlik hiss etmədiniz ki?
– Yox. Aysu öz əli ilə yazıb. Mən onun xəttini min yazının içindən
seçərəm.
– Onu demirəm. Məktubu Aysu özü yazıb. O, burada bizə müəyyən informasiya
ötürüb. Diqqətlə qulaq asın, izah eləyə-eləyə ucadan oxuyuram. “Əziz
anam, atam Toğrul!” Sual olunur: Nəyə görə “atam” sözündən sonra vergül
qoymayıb? Tələsibmi? Yadından çıxıbmı? Yoxsa, durğu işarələrini qoymağımı
bilmir? Yox!.. Məktubu yazan Aysudur, başı da yaxşı işləyir. Fikirləşirəm
ki, ona öz tərcümeyi – halını yazdırıblar, ya da sorğu-sual aparıblar
və onda mənim haqqımda heç nə deməyibdir. Məktubu rusca yazmağından
bilinir ki, ruslarla işləyir və onun yazdıqlarını kontrol eləyiblər.
Keçirəm sonrakı cümləyə.
– Ay oğul, yol gəlibsən, çay içə-içə danış, – deyə anası qayınanasının
süzdüyü çayı onun qabağına itələdi.
– Yaxşı, ana, – deyib çaydan bir qurtum içən Toğrul aram-aram ikinci
cümləni oxumağa başladı.
– “Mən sağ və salamatam, siz düşündüyünüz qədər vəziyyətim pis deyil,
yaşayıram...”
Sonra sol əlini alnına söykədi, sağla stəkanı götürüb çayını axıradək
içdi, ani fasilədən sonra qızğınlıqla dedi:
– Baxın, son iki sözün arasında üç-dörd hərflik məsafə buraxılıb.
Sual olunur niyə? Axı, Aysu səliqəlidir, digər sözlərin arasında məsafə-zad
buraxılmayıb. Deməli, orda nəsə yazmaq istəyib. Bu boş yeri doldurmaq
üçün iki sual vermək mümkündür: Necə və harda? Necə yaşadığını o özü
deyibdir: “vəziyyətim pis deyil.” Deməli, o, harda yaşamağını göstərmək
istəyib, amma qorxub, ya da qoymayıblar yazmağa, yerini boş saxlayıbdır.
Bu kiçik yerə, gəlin görək, hansı söz yerləşə bilər.
-Əsir və girovları ya ümumi binalarda, ya həbsxanada, ya da evlərdə
saxlayırlar, – deyə professor dilləndi.
– Tamamilə doğrudur, Elbəyi müəllim, o sözü tapdınız. Gəlin, Aysunun
xətti ilə o boş yerə “evdə” sözünü yazaq. Beləliklə, Aysu demək istəyir
ki, evdə yaşayır. Növbəti cümləni oxuyuram.
– “Hər gün üzüaşağı bağlara, arxadakı dağlara baxıb sizi düşünür,
qovuşacağımız günü intizarla gözləyirəm.”
– İcazənlə, bu cümləni mən izah eləyim, – deyə Elbəyi özünü saxlaya
bilmədi.
– Buyurun, professor.
– Aysu demək istəyir ki, Hadrutdadır, yaşadığı ev də dikdirdədir,
oradan üzüaşağı baxanda Qozludərə görünür. Arxada isə dağlardır.
– Düz deyirsiniz, professor. Balyatdı Həmdalının evi qəsəbənin qırağında,
təpənin üstündədir. Keçmiş raykom binasından yuxarı təpəliyə qalxdıqda
Qozludərənin əsrarəngiz mənzərəsi açılır. Əhsən, Aysu!.. Üç cümlədə
hər şeyi deyə bilibdir, – deyə Toğrul sevincindən əlini-əlinə sürtdü,
sonuncu cümləni oxudu:
– “Qovuşacağımız günü intizarla gözləyirəm.”
– Bax, mən bunu başa düşə bilmədim, – deyə Elbəyi dilləndi.
– Mən də sizin kimi... Bilmirəm, bu çağırışdır, yoxsa onu buraxmağa
söz veriblər... – deyən Toğrul sustaldı.
– Ay oğul, elə deyirsən hamısını birnəfəsə açasan? Gəl yemək yeyək,
sonra toxqarına düşünərik, – deyə professor onun qolundan tutub yemək
stoluna sarı apardı.
– Professor, mədə boş olanda baş daha yaxşı işləyir, beynə yaxşı fikirlər
gəlir; amma azlıq çoxluğa tabedir , – deyə o, boşqabı qabağına çəkdi.
Toğrul neçə müddətdi belə iştahla yeməmişdi. Yeməyin ləzzətli olması
öz yerində, anasının, qayınata və qayınanasının üzünün gülməsi yediklərini
canına sığdırırdı. Bu bir əlcə məktub neçə müddətdi gecəsi-gündüzü
olmayan, dərd əlindən günbəgün üzülən dörd nəfərin üstünə sanki dirilik
suyu səpmişdi. İki ana bir-birini qucaqlayır, gah ağlayır, gah gülürdülər...
Hamısının ürəyində daşıdığı dərd yükü xeylaq yüngülləşdi...
Toğrul göz-göz eləyib Elbəyi müəllimə dedi:
– Professor, bu qərara gəldim ki, Aysu axırıncı sözləriylə mənə yol
göstərir, məni çağırır. Anamgil bilməsin, Aysunun dalınca getmək üçün
artıq bütün işlər hazırdır.
Toğrulu doğma balası qədər istəyən Elbəyi həyəcanlandı:
– Oğul, oraya gedib çıxmaq çox risklidir. Belə işlər üçün xüsusi hazırlanmış
komandoslar gərəkdir. Bəlkə bir az dözüb gözləyəsən? Ortaya daha münasib
variantlar çıxacaq?
– Yox, ata!.. Hərbi vəziyyətlə bağlı əl-qolumuz bağlanmışdı. Allaha
şükür, düşmənin hücumunu dayandıra bildik. Dediyin o xüsusi dəstəmiz
hazırdır.Daha dözə bilmirəm, mənən əzab çəkirəm... Aysu girov götürülsün,
mənsə sakitcə burda plov yeyib gözləyim, görək nə vaxt Allahdan buyruq,
ağzıma quyruq olacaq... Allah – taala deyib: səndən hərəkət, məndən
bərəkət... Aysunun xilası üçün mümkün olmayanı da eləməliyəm. Ölüm-qalımın
mənimçün çox fərqi yoxdur. Bu töhməti üstümdən götürməliyəm... Yoxsa
onun üzünə baxa bilmərəm... Onun uğrunda həyatımı verərəmsə, bu, kişi
ölümü olar...
Elbəyi bu sözlərdən qürurlansa da Toğrulun hissə qapılıb özünü gərəksiz
ölümün ağuşuna atmaq fikrinə kəskin etiraz elədi. Qayınatasının narahatçılığını
görən Toğrul gülümsəyərək, onu sakitləşdirmək üçün arxayın-arxayın
dedi:
– Professor, biz ölməyə getmirik. Bütün əməliyyatı ən kiçik detallarınacan
işləmişik. Bizdə elə oğlanlar var ki, komandosları, legionerləri,
dəniz piyadalarını çaya susuz aparıb susuz da gətirərlər. Təki onların
inamını qazanıb qabaqlarına düşəsən... Bizə həm də düşmənin arxasında
kəşfiyyat aparmaq gərəkdir. Mənim dediklərim hərbi sirdir. Bu sirrin
heç yerə çıxmayacağına qəti əmin olduğumçün sizə dedim. – Sonra o
bir az duruxub əlavə etdi: – Siz narahat olmayın, havayı yerə həyatımla
risk etmərəm. Tək mən yox, hamımız başa düşürük, canımızı gələcək
döyüşlər üçün qoruyub saxlamalıyıq. Yoxsa düşmən tapdağından kim azad
edəcək bu torpaqları?!.. Ona görə də bu can təkcə mənim deyil... Həyatım
tək özümə məxsus deyil ha, istədiyim kimi xərcləyim... Mən sizinəm!..
Bu torpağınam!.. Bilirəm, ayağıma daş dəyəndə siz də anamla bərabər
bunu ürəyinizə dəyən zərbə sanırsınız... Divin canı şüşədə olan kimi
mənim də canım Aysudadır... Mən onsuz yaşamımı ağlıma sığışdıra bilmirəm.
Daha Elbəyinin etirazına əl yeri qalmadı. O, kürəkəninin boynunu qucaqladı,
sonra başını aşağı əyib yaşarmış gözlərini sildi:
– Allah işini avand eləsin, oğul. Kimsəyə pisliyimiz dəyməyibdir...
* * *
Ertəsi gün səhər saat 11-də Toğrul general Abasquliyevin kabinetindəydi.
Onun rəsmi təzimini yarıda kəsən general əlini sıxıb oturmağa yer
göstərdi. Toğrul Aysudan məktub alması, onun sətiraltı işarələri haqqında
generala məlumat verdi.
– Əhsən, çox dərrakəli qızdır. Allah qoysa, xilas eləyəndən sonra
bizə çox şey danışacaq, – deyə general heyranlığını gizlətmədi, sonra
nüfuzedici baxışlarını düz Toğrulun gözünə zilləyərək sözünə davam
elədi: – Sənin orduya ezamının effekti gözlədiyimdən çox oldu. “Araz”
əməliyyatın, o taydakılarla əlaqə qurmağın əladır. Bizi İran sərhədçilərinin
ermənilərlə əlaqələri çox maraqlandırır. Amma ehtiyatlı olmaq gərəkdir.
İranın kəşfiyyat orqanları ilə zarafat eləmək olmaz. Göndərdiyin hesabatları
oxuyuram, yaxşı dəstə düzəldibsən. Tapşırmışam, sənə yaxşı karateçi
idmançılar göndərəcəklər. Hə, indi keçək əsas məsələyə, əməliyyat
haqqında mənə məlumat ver.
Toğrul gətirdiyi xüsusi xəritəni stolun üstünə sərdi, keçib gedəcəkləri
marşrutu, yaşayış məntəqələrini göstərdi.
– Çayı hardan keçirsiniz?– deyə general soruşdu.
– Bir az geriyə, Daşburun tərəfə qayıdırıq. Çünki ermənilərlə aramızdakı
təmas xətti zonasını İran sərhədçiləri müşahidəyə götürüblər. Biz
çayı keçdikdən sonra, danışdığımız kimi, İran Culfasına yük aparan
maşın bizi götürür, Arazboyu istədiyimiz yerdə düşürür. Çayı təzədən
öz tərəfimizdə Mərcanlı və Maraylan kəndləri arasından keçəcəyik.
Dəstəmizdə o yerlərin hər daşını tanıyan bir nəfər vardır.
– Ordan Hadruta neçə kilometrdir?
– Maksimum iyirmi beş. Baxınız, bu çölləmə yolla Quycaq və Balyat
kəndlərinin kövşənlərindən keçib gedəcəyik.
– Dəstədə neçə nəfər olacaq?
– Doqquz. Hamısı etibarlı, cəsarətli, qeyrətli oğlanlardır. Əksəriyyəti
o yerlərdəndir. Gedəndə birini Mərcanlıda, ikisini Balyatda qoymağı
planlaşdırıram, onlar həm müşahidə aparacaq, həm də biz geri dönərkən
təhlükəsizliyi təmin eləyəcəklər. Üçü də o kəndlərdəndir. Hadruta
altı nəfərlə gedəcəyəm. İki nəfər qəsəbəni, onun küçələrini, giriş-çıxış
yollarını beş barmağı kimi tanıyır. Kəşfiyyatçıların hamısı sağlam
bədənlidir, əlbəyaxa döyüş üsullarını yaxşı öyrənmişlər. Ən mühümü,
ürəklərində düşmənə qarşı qəzəb, yurda böyük sevgi vardır, əməliyyatın
uğuruna inanırlar.
– Ehtiyatlı, səbirli və soyuqqanlı olmaq uğurun əsas şərtlərindəndir...
Texniki və digər təchizatlarınız necədir?
– Gecəgörmə, rabitə, uzaqdan şəkilçəkmə aparatlarının, ərzaq, silah,
çayı keçmək üçün gərəkəcək ləvazimatların hamısı varımızdır.
– Bəs mina ehtimalı olan yerləri nəzərə alıbsınızmı?
– Bəli, yoldaş general. Dəstəmizdə minaaxtaranlarla işləmiş bir əsgərimiz
var.
– Çox yaxşı. Xüsusi tapşırıqlarını alıb əməliyyata başlaya bilərsən.
Çatışmazlıq olsa birbaşa mənə müraciət elə. Hə, az qala unutmuşdum...
Bu müharibəni istəməyən, yaxud ona loyal münasibət bəsləyən ermənilər
haqqında məlumat bankı yaratmaq təşəbbüsün də təqdirəlayiqdir. Onlar
hər iki xalqa gərək olacaq. Bu sahədə də işini davam elə.
– Yoldaş general, bu zabitlərin dosyelərini hərtərəfli yoxlamaq gərəkdir.
Onların hərəkətləri bizdə şübhə doğurur, lazım gəlsə mən özüm də bu
işə qoşula bilərəm,– deyə Toğrul çantasından çıxardığı siyahını və
məlumatları Abasquliyevə uzatdı.
Siyahını oxuyan general başını qaldırıb gülümsədi:
– Əhsən, yaxşı işləyirsiniz... – deyib, onun verdiyi sənədləri diqqətlə
nəzərdən keçirdi, bir az fikirləşib dilləndi: – Sənin bu yoxlama əməliyyatına
qoşulmağına ehtiyac yoxdur. Onsuz da işin çoxdur, bu da olacaq əlavə
yük. Hamısını yoxlayıb, ayrılıqda sənə məlumat verərlər. İndi sənə
yaxşı yol arzulayaq. Əməliyyatın tarixini təyin edibsinizmi?
– Xeyr, hələ eləməmişik. Bircə problemimiz qalıb: sərhəddən o taya
keçmək, Mərcanlıyadək olan məsafəni qət etmək... Biz hazır vəziyyətdə
gözləyəcəyik. O taydan işarə alan kimi çayı keçəcəyik. Çünki onların
yük maşını həftənin müəyyən günləri səfərə çıxır...
– Başqa sözün yoxdur ki?
– Az qala unutmuşdum, general Dəmirov sizə məktub göndərib, – deyə
Toğrul ayağa durdu, ağzıbağlı zərfi ona verdi.
Zərfi açıb məktubu oxuyan generalın çöhrəsi işıqlandı, ayağa qalxıb,
getməyə hazırlaşan Toğrulun əlini sıxdı:
– Təbrik edirəm! Əməliyyatdan sonra səni növbəti rütbə gözləyir.
Generalın yanından məmnun çıxan Toğrul: “Nə yaxşı belə insanlar varmış...
Yoxsa adam bu dünyada dəli olar!..”– deyə fikirləşərək dərindən nəfəs
aldı. Müəyyən idarələrdə xırda-para işlərini qurtardıqdan sonra nazirlikdən
çıxıb maşınına oturdu. “Deməli, hər şeyi elədim, təkcə qaldı Xocalı
qızını tapıb görüşmək... Görək, onu azad etmiş erməni kimdir” deyə
fikirləşən Toğrul qazı basdı, ünvanı götürdüyü Xocalı köçkünlərinin
sığındığı Qızılqum istirahət evinə yollandı...
Xocalı soyqırımından il yarımdan çox keçməsinə baxmayaraq, ata-anasını
itirmiş, qohumlarının himayəsində yaşayan on beş yaşlı Gülyanaq hələ
də özünə gəlməmişdi. Toğrulun xahişi ilə necə qurtulmasını xatırlayan
qızcığaz o günləri bir də yaşamışdı...
Həmin o dəhşətli gecə Gülyanaqgil də evdən çıxıb qaçarkən anasını
qəfil güllə yerə sərir. Atası ilə qardaşı səngərlərdə olan qız anasını
qoyub, camaatın arxasınca gedə bilmir. Onları yaxalayan erməni əsgərləri
yaralı qadının bədəninə bir-iki güllə də vurub, qızı qışqırda-qışqırda
aparırlar. Ertəsi gün girov və əsirləri saf-çürük eləmək üçün bir
yerə yığırlar. Bu zaman Gülyanaq qıraqda dayanıb ona diqqətlə baxan
atasının keçmiş dostu Xaçik kirvəni görür. Onun əlisilahlı olması
qızı vahimələndirir, özünü əsirlərin içinə verib gizlənmək istəyir.
Lakin Xaçikin gözündən yayına bilmir, o, mühafizəçilərə yaxınlaşıb
Gülyanağı göstərir, qulağı eşidə-eşidə ermənicə deyir:
– Ara, bu köpək qızının atası mənə çox pislik eləyib. Onu verin mənə,
hayıfımı alım, ürəyim soyusun.
Qızcığazı təzədən bağırda-bağırda zorla həmyerlilərindən ayırırlar.
Onun qolundan tutan Xaçik kişi qızın göz yaşlarına baxmayaraq “köpək
qızı” deyə-deyə dartıb aparır. Evinə gətirdikdən sonra qızın başını
sığallayır, ürək-dirək verərək söyləyir:
– Qızım, mən də Qarabağlıyam, sənin atanla möhkəm dost olmuşam, çörək
kəsmişəm. Atan mənə çox yaxşılıqlar eləyib. İndi səni qurtarmaq istəyirəm.
Bir az burda qalarsan, ara sakitləşən kimi ötürərəm gedərsən Ağdama,
özünüzünkülərin yanına.
Daha sonra o, Gülyanağın əl-üzünü yudurtdurur, qabağına çay-çörək
qoyur, ata-anasını, qardaşını soruşur. Gülyanaq anasının öldürüldüyünü,
atası ilə qardaşının talelərindən xəbəri olmadığını söyləyir. Əslində
onların da Xaçik kimi əlində silah, intəhası cəbhənin bu tərəfində
şəhərin müdafiəçiləri sırasında olduğunu gizlədir. Ertəsi gün səhər
Xaçik evdən çıxanda Gülyanağa bir Kalaşnikov avtomatı verir, necə
atmağı öyrədərək deyir:
– Mən indi getməliyəm, axşamacan gəlməyəcəm. Çöldən darvazanı bağlayacam.
Buna baxmayaraq sən də evin qapısını içəridən bağla. İşdir, birdən
kimsə sənə tamah salıb evə gəlsə, qorxma, tut gülləyə. Vurma ha, qorxuz...
Ara sakitləşəndən sonra bir gecə Xaçik isti geyindirdiyi Gülyanağı
götürür, çölləmə dərə-təpə ilə aparır, sonra işıq gələn yeri göstərib
deyir:
– Qızım, bax, ora Ağdamdır. Burdan o yana gedə bilmərəm. Qorxma tərpən,
sən özününkülərə çatana qədər gözləyəcəm. Beş yüz addımlıqda sizinkilərdir,
ya Qatır Məmmədin, ya da Allahverdinin dəstəsinin postu olmalıdır.
Məndən aralanıb bir az getdikdən sonra qışqırıb onları köməyə çağırarsan.
Yoxsa çaşıb səni vurarlar. Atan gəlsə salam söylə, deginən Xaçik də
babaları kimi dostluğa sadiq qalıbdır. Allah mərdimazara lənət eləsin.
Bu haylar evimizi yıxdılar...
Gülyanağı gözləyirlərmiş kimi Ağdamın yerli müdafiəçiləri səhərin
alatoranında qızcığazın harayını eşidən təki köməyə gəliblər.
Həmin günlər Ağdam xocalıların dirilərinin pənah yeri, ölülərinin
son mənzili idi. Yerli müdafiə dəstələrinin üzvləri meşələrə, dərə-təpələrə
səpələnərək altı yüzdən çox meyit yığıb basdıra bilmişdilər. Onların
çoxu qadın, uşaq, qoca idiE Yüzlərlə xocalınınsa öldü-qaldısından
indiyədək xəbər yoxdur. Təzə yaranmış Azərbaycan dövlətinin o vaxtkı
əfəl rəhbərliyi bu soyqırımından çox-çox qabaq mühasirəyə alınmış,
yaxşı silahlanmamış yerli müdafiəçilərin ümidinə qalmış Xocalının
harayını eşidib kömək etməyi bacarmadı. Bu bir yana, qırğından üç
gün sonra dövlətin rəsmi orqanı orada vur-tut bir neçə nəfərin ölüb
yaralanması haqqında məlumat yaydı. Toğrulun hörmət etdiyi, tanımaza-bilməzə
hərdən məlumat ötürdüyü “AssA-İradə” müstəqil xəbər agentliyi isə
erməni-rus hərbçilərinin bu etnik təmizləmə vəhşiliyi haqqında elə
səhərisi gün dünya mətbuatına xəbərlər yaymağa başlamışdı. Agentlik
dünyanın müxtəlif ölkələrindən yüzdən çox jurnalisti qəbul eləyərək,
öz tərcüməçi və müxbirləri ilə Ağdama aparmışdı. O zaman Ağdama getmiş
Toğrul başı bədənindən ayrılmış, əl-qolu kəsilmiş, kəllə dərisi soyulub
götürülmüş cəsədlərə baxan qarabuğdayı, ölkəsini bilmədiyi əcnəbi
jurnalistin qəzəbdən əlindəki fotoaparatı yerə çırparaq hönkürməsini
həmişə xatırlayırdı. Kamerası ilə həmişə ön cəbhədə, səngərlərdə dolaşan
Çingiz Mustafayevin bu qırğından çəkdiyi lenti agentlik abunəçilərinə
ötürmüşdü. Əgər o rəhmətliyin öz həyatı bahasına çəkdiyi kadrlar olmasaydı,
ermənilərin bu vəhşiliyinə, etnik təmizləmə siyasətinə dünyanı çətin
inandırmaq olardı. Toğrul Çingizin ağlaya-ağlaya lentə aldığı o kadrlara
hər baxanda ürəyi soğan kimi soyulur, göz yaşlarını saxlaya bilmirdi.
Gülyanağın gözlərindəki qorxu qarışıq dərin kədəri, al yanaqlarının
rəngdən-rəngə düşməsini sezən Toğrul söhbətdən sonra onu yola salan
qızın qohumuna dedi:
– Onun həkim-psixoloqa, bəlkə də psixiatra ehtiyacı var. Sənə məşhur
psixiatr professor Nadir Vedan oğlunan telefonunu verərəm, mənim adımdan
yanına gedərsən. Nə lazımsa eləyəcək.
Telefon nömrəsini alan kişi əlini yelləyərək ümidsizcəsinə cavab verdi:
– Eh, ay müəllim, bəyəm o təkdir? Balasını itirmiş nə qədər ananın,
valideynlərini itirmiş nə qədər uşağın, elə bizim hamımızın həkimə
ehtiyacımız var.
Toğrul bu görüşün təsirindən xeyli ayrıla bilmədi. Xaçik Dəmirçiyanın
mərdliyi qəlbini riqqətə gətirmiş, onda xoş, xeyirxah duyğular oyatmışdı.
“Qarabağ ermənilərinin içində sağlam düşünənlər də var. Onlar azlıqda
olduqları üçün susurlar, dinənləri isə susdururlar. Zaman gələr biz
də öz sözümüzü deyərik, nəyə qadir olduğumuzu göstərərik. Amma o zamana
qədər duruş gətirmək, o günlərə gedib çıxmaq gərəkdir. İnşallah, gedəcəyik.”
– deyə o geri qayıdarkən düşünürdü.
Toğrulun nikbinliyinin əsas səbəbi artıq dövlət orqanlarının işləməsi,
ölkədə baş verən hadisələrə nəzarət edə bilməsi idi. Dövlətçilik əleyhinə
olan sacayağının bir qılçı sındırılmışdı... Azərbaycanı parçalamaq
istəyən üçlükdən biri zərərsizləşdirilmişdi. İkicə ilin içində polkovnik
ulduzlarını çiyninə taxmış Əlikram Hümbətov “nokauta” salınmış, bircə
günün içində taxtdan düşürülmüşdü. Onun tabeliyindəki naxələflərlə
Astaradan Salyana qədər ərazini nəzarət altına alması, “Talış-Muğan
Respublikası” yaradaraq özünü prezident elan etməsi çoxları kimi Toğrulu
da bərk qıcıqlandırıb rahatsız edirdi. Nəhayət, lənkəranlıların hücum
çəkib satqınları tərksilah etməsi cənub bölgəsi əhalisini Toğrulun
gözündə xeyli qaldırmışdı. Kütlələrin bu hücumunda öndə gedənlərdən
üçü naxələflərin atdığı güllələrdən həlak olmuşdu... Vətənin birliyi
uğrunda canlarını əsirgəməmişlərdən birini – müsavatçı olanı Toğrul
tanıyırdı... O cəbhədə yox, arxada, erməni gülləsinin yox, satqın
gülləsinin qurbanı olmuşdu...
“Vətən xainləri erməni faşistlərindən betərdir...” – deyə Toğrul qəzəblə
pıçıldadı.