Sınaq ərəfəsi
Yaxşı ki, işi ağırmış, yoxsa
Toğrulun bağrı çatlardı. İş başını qatmasaydı Aysu həsrəti, onu qurtarmağa
əli çatmadığı üçün içəridən varlığını didən hikkə və bütün bunlardan
doğan ürək ağrıları birtəhər edərdi onu. Dözüləsi dərd deyildi. Onun
üçün ən dəhşətli və ən şirin ovqat axşamlar öz-özüylə tək qalmasıydı.
Əslində o, heç tək olmurdu. Aysunun xəyalı həmişə onunlaydı. Yatağına
uzanıb gözünü yuman kimi Aysu gəlib dururdu qarşısında. Gah yarıyuxulu,
gah yuxuda, hərdən oyaqkən də onunla söhbət edirdi, zarafatlaşırdı,
hətta sevişirdi. Yaxşı ki, kimsə eşitmirdi. Ona ayrıca otaq vermişdilər:
bura onun həm iş, həm də yataq otağıydı . Dəmirçioğlu ləqəbli briqada
komandiri general Dəmirov onu yaxşı qarşılamışdı. İşləyib yaşaması
üçün lazımi şərait yaratmışdı. Toğrul elə birinci söhbətdə anlamışdı
ki, nazir müavini generala zəng vurub onu tapşırmışdır.
Əfqanıstan savaşında oddan-alovdan çıxmış Dəmirov ha çalışsa da sovet
ordusunda polkovnikdən o yana keçə bilməmişdi. Müstəqillik elan olunan
kimi vətənə dönmüş, çox keçməmiş general rütbəsi almışdı. Tunc səsli,
qarşısındakı müsahibinə nüfuz edib inam doğuran general demişdi:
– Sənə böyük ehtiyacımız var. Birinci tələbim təmizlik məsələləridir.
Sıralarımız çox zibillənibdir. Başqa dövlətlərə işləyən hərbi qulluqçular
aşkar olunub, ən azı burdan uzaqlaşdırılmalıdırlar. Əsgərlər arasında,
kiçik zabit və komandirlər arasında çox olmaq gərəkdir. Sənə bir neçə
ad verəcəyəm. Dosyelərindən başqa onların mənəviyyatını, doğulduqları
yerdən nəsil-nəcabətini öyrənmək gərəkdir. Atalar deyiblər: el gözü
tərəzidir. Bəzi zabitlərdənsə əliəyriliklərinə görə narazıyam. Əsgərlərin
payını kəsirlər, onlara qayğı göstərmirlər. Bunun bir səbəbi ehtiyacdırsa,
digər səbəbi vətənpərvərlik duyğularının zəifliyi, bəzilərində isə
onun heç olmamasıdır. Belələrini də nəzarətə götürmək gərəkdir. Orduya
yeridilmiş casuslar onları tez ələ alırlar. Nəticədə, ruh yüksəkliyi
aşağı düşür, xoşagəlməz söz-söhbətlər yaranır.
General altdan-altdan Toğrula baxa-baxa qəlyanını dolduraraq, dərin
bir qullab vurub sözünə davam eləmişdi:
– Gözlərindən oxuyuram, soruşmaq istəyirsən ki, necə olub belələri
orduya soxulublar? Niyə onları vaxtında yoxlamayıb qəbul eləmişlər?
Yadına sal müstəqilliyimizin ilk aylarını, birinci ilini. Rusiyada,
digər keçmiş sovet məkanında xidmət eləmiş həmyerlilərimiz vətənə
dönürdülər, torpaqlarımızı qorumaq üçün ərizə ilə yeni yaradılan nazirliyə
müraciət eləyirdilər. Hücuma keçmiş ermənilərlə savaş üçün zabitlərə
ehtiyac olduğu vaxtda, di gəl, seç görək, onlardan kim casusdur, kim
vətənpərvər. Digər tərəfdən, 91-92-ci illərdə ordunun keçmiş rəhbərliyi
bilərəkdən sıralarımızı zibillədi. İndi onları tapıb təmizləmək gərəkdir.
– Oldu, cənab general.
– Hələ dayan, sözümü bitirməmişəm. İkinci tələbim ermənicə bilənlər,
işğal olunmuş kəndlərdən olub, bu yerləri yaxşı tanıyanlar arasından
ən bacarıqlılarını seçmək, onlardan xüsusi kəşfiyyat dəstəsi yaratmaqdır.
Mənim otağımın qapısı həmişə sənin üzünə açıqdır. Biz hər şeyə yenidən
başlayırıq. Döyüşlər hələ irəlidədir.
– Səmimi və açıq söhbətə görə sizə minnətdaram, cənab general. Gecə-gündüz
işləməyə hazıram. Xahiş edirəm, mənim ilk günlər qeyri-aktivliyim
sizi çaşdırmasın. Gələn kimi yersiz hay-küy yaratmaq, axtardıqlarımızı
hürkütmək istəmirəm.
– Kapitan, sənin haqqında az-çox mənə danışıblar. İndi səni görüb
gözlərinə baxdıqdan, səsini eşitdikdən sonra deyilənlərin düz olduğuna
tam əmin oldum. Biz bir-birimizi başa düşdük, birgə işləyəcəyik.
Rus qoşunlarının köməyi ilə düşmənin yenə hücuma keçib İran sərhədinə
çıxması, Horadiz qəsəbəsindən şərqə doğru Böyük Bəhmənliyədək bir
neçə kəndi də işğal etməsi Toğrulun sinirlərini əməlli-başlı pozmuşdu.
O bu dərdi ikiqat ağrı ilə keçirirdi. Məsafəcən Aysudan uzaqlaşırdı.
Düşmənin hücumu birtəhər dayandırılsa da, onun yenidən başlanmayacağına
təminat yox idi. Burada onun yeganə həmdəmi general idi. Təkcə hərbi
rəis kimi yox, bir insan kimi, ağsaqqal kimi böyüklük eləməyi bacaran,
palıd kötüyü kimi möhkəm olan yaşı altmışı haqlamış generalla tez-tez
görüşürdülər. Bu məğlubiyyətlər zamanı özünü zahirən təmkinli apararaq,
panikaya düşənlərə nümunə olan Toğrul generalın otağına girərkən özünü
saxlaya bilməmiş, gözləri dolmuş halda çılğınlıqla demişdi:
– Cənab general! Biz adamların üzünə necə çıxacağıq? Ölmək ölməkdir,
xırıldamaq nə deməkdir? Nə vaxtacan düşmən qabağından geri çəkiləcəyik?
Onlara bir-iki zərbə vurmaq kifayət edər ki, dayansınlar. Erməni qan
görməsə, dayanmayıb soxulacaq. Mən hazıram, zabitlərdən, seçmə əsgərlərdən
yaradılmış zərbə qüvvəsinin önündə döyüşə getməyə.
General bu günlər heç ayrı düşmədiyi qəlyanını masanın üstünə qoyub
boğuq səslə ona “Otur!” söyləmiş, iki stəkana soyuq bulaq suyundan
süzüb birini ona vermiş, birinisə özü başına çəkmişdi. Sonra dərindən
nəfəs alıb həmişəki təmkinli səsiylə demişdi:
– Özünü ələ al, oğul! Bilirəm, bu çətin vaxtlarda özünü çox ləyaqətli,
əzmkar aparıbsan, səbirli olubsan. Bu çılğınlığını mənə ərk kimi başa
düşürəm. Yaxşı eləyib, ürəyini elə mənim otağımda boşaldırsan. Bizim
soyuqqanlı və təmkinli olmağımız əsas heyəti panikaya düşməkdən saxlayır.
Durumumuza gəldikdə, sənə məlumdur ki, döyüşə-döyüşə müasir tələblərə
cavab verən yeni ordu qururuq. Qubadlıdan Ağdamadək beş rayonun əldən
getməsində kimlərin günahkar olduğunu da yaxşı bilirsən. İyunda çevriliş
etmiş, mobil hərbi gücləri olan yaxşı silahlanmış həmin qüvvələr hələ
də orduda fironluq eləyirlər. Mənim komandanlığım altında olan bölüklərdən
bir neçəsinin komandirləri də onların gizli göstərişiylə hərəkət eləyirlər,
əsgərlərini döyüşə girmədən geri çəkirlər. Təsəvvür elə, bir tabur
əla döyüşür, onun sağ cinahındakı bölüksə mövqeyindən geri çəkilmək
əmri alır. Mənəsə əvvəl yox, iş-işdən keçəndən sonra raport verirlər.
Mövqelərini düşmənə vermiş iki zabiti cəzalandırmaq qərarına gəlmişəm.
Onları yanıma çağırtdırmışam. Gələn kimi ikisi də həbs ediləcək. Birinin
xəyanətinə şübhəm yoxdur, – deyə general onların adlarını çəkdi.
– İkisini də tanıyıram.
– Lap yaxşı. Bu işi öz nəzarətinə götür. Müstəntiq dindirmələrinin
surətini al saxla. Yanlarına heç kəsi buraxmamağı əmr etmişəm. Onlar
icraçılardır. Briqadamızda bu zatı – qırıqları idarə eləyən yuxarı
çinli birisi var. Hələ hürkütmək istəmirəm.
– Oldu, cənab general! Düşmənin son hücumundan qabaq mən o zabitlərin
bölüklərinə getmişdim. Gördüklərimdən çox məyus olmuşdum. Komandalar
başqa dildə verilirdi. Mənəvi tərbiyə işləri bir yana, nizamnamənin
ən adi tələbləri də yerinə yetirilmirdi. Əsgərlər çirk-pas içindəydilər,
onları ətalət, mənəvi düşkünlük basmışdı.
Toğrulun sözləri generalın yaralı yerinə toxunmuşdu:
– Əsgərə özgə dildə komanda verilirsə, hansı vətənpərvərlikdən danışmaq
olar? Təəssüf ki, yuxarı çinli zabitlərimizin çoxu bu gerçəkliyi anlamır.
Yaxşı, bu gecə işimiz çox olacaq. Bizə yaxşı təlim görmüş, etibarlı
zabit və döyüşçülərdən təşkil olunmuş taburlar gələcək. Mövqelərimizi
möhkəmləndirmək, düşmənin sonrakı hücumlarını dayandırmaq üçün əks-hücuma
keçib, iki-üç kəndi geri qaytarmalıyıq. Kəşfiyyat bölüyünün komandiri
ilə görüş, lazım gəlsə öz adamlarından ona ver. Qoy bir az düşmənin
arxasına, Horadiz qovşağına qədər getsinlər. Məni maraqlandıran rus
hərbçilərinin hərəkətidir. Onlar ermənilərə hücumu davam etdirməkdə
kömək edəcəklər, ya yox?.. Sənin o “Araz” əməliyyat variantın bu məqsəd
üçün çox əlverişlidir.
– Sizi anladım, cənab general. İcazə versəydiniz, hərbi kəşfiyyatçılara
özüm başçılıq edərdim.
– Sən burada hər saat lazım ola bilərsən. Bir də bu çox riskli tapşırıqdır,
səni hara gəldi göndərmək istəmirəm.
– Başa düşürəm, əks-hücumun uğur qazanması üçün həmin kəşfiyyat çox
önəmlidir. Mənim əməliyyat variantıma görə bu çox vaxt aparmayacaq.
Biz gecə yol gedirik, gündüz işləyirik, o biri gecə geriyə dönürük,
özümüzlə “dil” gətiririk. Kəşfiyyatı düşmənin heç güman etmədiyi yerdə
aparacağıq. Özümün getməyi vacibdir. Çünki uşaqların arasında farsca
bilən yoxdur. Bu əməliyyat mənim üçün bir növ məşq, sınaq olacaqdır.
– Etiraz eləmirəm. O iki zabitin dindirilməsində iştirak etdikdən
sonra gedə bilərsən.
Toğrul generalın yanından ruh yüksəkliyi ilə çıxmışdı. Həmin günlər
həm briqada, həm də onun özü üçün çox həlledici məqam olmuşdu.
Ertəsi gün axşam Toğrul yeddi nəfərlə Arazdan İran tərəfə keçmişdi.
Yenicə əlaqə qurduğu Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı üzvlərinin
köməyi ilə Arazboyu üzüyuxarı getmişdilər. Qazaxlar kəndi yaxınlığında
çayın təhlükəsiz yerindən adlamışdılar. Gecə qaranlığında 4-5 kilometr
irəliləyib Horadiz qəsəbəsinin qərbində üç yol ayrıcına yaxın çökəkdə
mövqe seçib gizlənə bilmişdilər. Payızın ikinci ayının başa çatmasına
az qalmasına baxmayaraq üzüm tənəklərinin yarpağı hələ tökülməmişdi.
Ay işığında yan-yörəyə nəzər salaraq gecə durbini ilə magistral yola
baxan Toğrul “Əla görünür. Burası bizim qərargahımız,” deyərək dəstəni
iki yerə bölmüşdü. Horadizi yaxşı tanıyan üç nəfər qəsəbəyə getməli,
“dil” tutub gətirməliydi. Bunun üçün o, maşın təmiri emalatxanasını,
ehtiyat variant isə neftbazanı seçmişdi. Güman edirdi ki, bütün şəraiti
ilə hazır vəziyyətdə düşmən əlinə keçmiş bu obyektlərdən indi də istifadə
olunur. Onunla qalan ikinci dəstə magistral yolu müşahidə etməliydi.
Uşaqlardan biri Cəbrayıl-Zəngilana gedən magistralı, digəri Füzuli-Hadruta
ayrılan yolu müşahidəyə götürüb, hərəkət eləyən texnikanın növünü,
sayını, istiqamətini yazmalıydı. Özüsə Beyləqan-Bakı tərəfə gedənləri
müşahidə etməliydi.
Arazın qırağı ilə uzanan hərbi əhəmiyyətli bu yol 70-ci illərdə Bakını
Naxçıvan və İrəvanla birləşdirməliydi. Bakı və Naxçıvandan çəkilən
yol Ermənistan sərhədində ilişmişdi. Sovet hökuməti “uzaqgörən”, daha
doğrusu, bu günləri “görən” ermənilərlə bacarmamışdı, yol yarımçıq
qalmışdı.
Kəşfiyyatçılardan Ayaz adlı əsgər əslən horadizli idi. Bu yerləri
beş barmağı kimi tanıyırdı. Toğrul onu qəsəbəyə gedən dəstənin başçısı
təyin etmişdi. Onlar hava işıqlaşmamış üzümlüyün arasıyla düz qəsəbəyədək
uzanan qurumuş su arxının içiylə getmiş, təmir emalatxanasının yanındakı
yarıuçuq evin damına çıxa bilmişdilər. Alaqaranlıqda emalatxananın
həyətində təmirə gətirilmiş UAZ və Niva markalı maşınları, bir neçə
BMP-ni görüb burda bənd almışdılar. Onlar damda yerlərini rahatlayıb
müşahidəyə başlamışdılar. Toğrulun təlimatına əsasən növbəylə onlardan
biri müşahidə aparmalı, ikincisi əldə silah keşik çəkməli, üçüncüsü
mürgüləyib dincəlməliydi. Beləliklə, kəşfiyyatçılar işin sonunu gözləməli,
seçdikləri “ovu” yalnız nahardan sonra axşamüstü tutmalıydılar ki,
onların yoxluğu tez bilinməsin. Əgər düşmən xəbər tutub onları izləsəydi,
“qərargaha” yox, üzü Araza tərəf getməliydilər.
Xoşbəxtlikdən hər şey yaxşı olmuşdu. Emalatxanada iki nəfər rusiyalı
muzdlu usta işləyirmiş. Günortaya yaxın ermənilər təmir olunmuş BMP-ləri
aparmışdılar. Nahar yeməyində möhkəm vurmuş ustalar şənbə olduğu üçün
işi tez dayandırmışdılar. İş paltarlarını dəyişərək araq və “zakuska”
götürmüş, benzin və sürtkü yağı qoxusundan uzaq təbiətin qoynunda
vurmaq istəmişdilər. Buna görə də özlərini yaxınlıqdakı üzümlüyə vermiş,
yaşıl çayırlıqda qəzetdən süfrə açıb yeyib içməyə başlamışdılar. Onları
izləyən kəşfiyyatçılar elə buradaca əllərində araq stəkanları başlarının
üstünü ala bilmişdilər. İkisi də dəm olduğundan müqavimət göstərə
bilməmişdilər. Yeganə xahişləri bu olmuşdu ki, araqlarını özləri ilə
götürməyə icazə versinlər. Qaça bilməmələri üçün kəşfiyyatçılar onların
kəmərlərini açmış, şalvarlarının düymələrini kəsib tullamışdılar.
Ətrafda kimsə olmadığı üçün şər qarışmağını gözləmiş, onları getdikləri
yolla “qərargaha” gətirmişdilər.
Magistral yolu indi də gecə durbiniylə müşahidə eləyən Toğrul əsgərlərdən
birini öz yerinə qoymuş, dikdirdən çökəyə enərək şalvarlarından ikiəlli
yapışmış girovlara demişdi:
– Uşaqlar, gəlin söz verək ki, özümüzü yaxşı aparacağıq, söhbətimiz
qarşılıqlı anlaşma şəraitində keçəcək. Aranızda Əfqanıstanda döyüşən
varmı?
– Mən üç il vuruşmuşam, – deyə artıq özünə gəlmiş girovlardan biri
dillənmişdi.
– Lap yaxşı, onda bir-birimizi tez anlayarıq. İndi cəbhənin əks tərəflərində
dayansaq da ikimiz də vaxtilə bir dövlətin əfqan döyüşçüləri cəmiyyətinin
üzvü olmuşuq. Yəqin anlayırsınız ki, siz Azərbaycan kəşfiyyatçılarının
əlindəsiniz. Bizimlə zarafat baha başa gələr. Axı sizi evdə gözləyənlər
var. Odur ki, özünüzü sakit, sözəbaxan aparın, suallarımıza düzgün
cavab verin. Sizin taleyiniz, elə bizimki də bu əməliyyatın uğurundan
asılıdır. Bizə bir şey olsa, birinci sizi aradan götürəcəyik. Hə,
başlayın, əvvəlcə öz şəxsiyyətiniz, işiniz, bura necə gəlib çıxmağınız
haqqında danışın...
Onlardan ilkin məlumat alan Toğrul öyrənmişdi ki, hər ikisi muzdla
qulluq edir. Rus tankları artıq geriyə, öz bazalarına çəkilmişdir.
İndi ön cəbhədə ermənilərin yanında muzdlular və hərbi məsləhətçilər
qalmışlar. Ruslar ermənilərin Araz– Kür qovşağına qədər planlaşdırdıqları
hücumlarını dəstəkləməyiblər.
Onun “niyə?” sualını girovlar belə cavablandırmışdılar:
– Bu, siyasətçilərin işidir. Biz eşidəni Əliyev artıq SNQ-yə giribdir,
Moskva ilə dil tapacaq.
– Axı, Azərbaycan SNQ-yə son hücumdan qabaq girmişdir? Onda niyə ermənilərin
sonrakı hücumu dəstəkləndi?
– Çünki burdan çıxarılmış, Krasnodarda gözləyən rus sərhədçi dəstələrinin
geriyə qayıdıb İranla Azərbaycan arasında durmasına icazə vermədiniz.
Buna görə Moskva sizi xəbərdarlıq edib cəzalandırdı.
Qaranlıq tamam düşüb əl-ayaq çəkiləndən sonra Toğrul onlara demişdi:
– Uşaqlar, müharibə qanunlarını yaxşı bilirsiniz: ya sizi sakitcə
öldürüb bu üzümlüklərdə basdırmalıyıq, ya da özümüzlə aparmalıyıq.
– Etiraz eləmirik, aparın, amma icazə verin emalatxanaya dəyək, şey-şüyümüzü
götürək,– deyə onlardan ikincisi xahiş eləmişdi.
Toğrul özünü gülməkdən saxlaya bilməmişdi:
– Yaman zarafatcılsınız, ha!.. Yaxşı, indi sizin şalvarların düymələrini
tikmək üçün iynə-sapı hardan tapaq? – Sonra üzünü bozartmışdı: – Zarafat
bitdi. Ya hə, ya da yox!..
– Cəhənnəm olsun hər şey!.. Bizə canımızı qurtarmaq gərəkdir, – deyə
keçmiş əfqan döyüşçüsü yoldaşının üstünə çəmkirmiş, üzünü Toğrula
tutub demişdi: – Mən razıyam, taleyimi sizə tapşırıram. Uşaqlarım
yolumu gözləyir.
Həmkarına baxan ikinci girov da razılaşmışdı. Əməliyyat başa çatmış,
bir kəsin burnu da qanamadan geriyə dönmüşdülər.
General Toğrulun bu əməliyyatından çox razı qalmışdı. Girovların verdiyi
məlumatların çox faydası olmuşdu. Qarşıda ancaq ermənilərin durduğunu
bilən general daha cürətli olmuş, əks-hücumu uğurla başa vurmuşdu.
Hücumu Kür– Araz qovuşan yerlərədək davam etdirmək xülyasında olan
ermənilər Azərbaycan ordusunun geniş hücum əməliyyatı aparmaq imkanının
olmadığını ehtimal edirdilər. Əks-hücum əməliyyatına göstərişlər birbaşa
baş komandandan gəlirdi. Hücumu bir az da davam etdirmək, bir neçə
kəndi də azad etmək olardı. Lakin erməniləri pərən-pərən salan əks-hücum
dayandırılmışdı.
Böyük Bəhmənli və ətraf torpaqların geri alınmasından sonra vəziyyət
nisbətən sabitləşdi. Ordu quruculuğu üçün vaxt lazım idi. Ölkə daxilində
vəziyyət çox ağır idi. Bir neçə silahlı dəstə açıqdan-açığa hakimiyyəti
ələ almağa cəhd edirdi. Onların hər birinin arxasında müəyyən xarici
dövlət dururdu.
Kəşfiyyatçılar bu son əməliyyatdan çox ruhlanmış, özlərinə inamları
xeyli artmışdı. Onlar Toğrulu böyük qardaşları kimi sevib hörmət edirdilər.
Toğrul yaratdığı dəstəyə, əsasən, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı
rayonlarında, Qərbi Azərbaycanda, Zəngəzurda doğulmuş əsgərlər arasından
seçdiklərini götürürdü. Qarabağlı əsgərlər işğal altındakı bölgələri
yaxşı tanıyırdılar. Qərbi azərbaycanlıların üstünlükləri ermənicə
bilmələriydi. Toğrul kəşfiyyatçılarını əlbəyaxa döyüş fəndləri ilə
təkmilləşdirməklə yanaşı, ermənicə bilənləri düşmən radiosunun verilişlərini
dinləyib xülasə hazırlamağa cəlb etmişdi; onları xəritə üzərində işlədirdi,
düşmən tapdağı altındakı hər kəndi, təpəni, dərəni, bulağı öyrənib
yadda saxlamağı tələb edirdi. Ermənilərdən kimin bu müharibəni istəməməsi,
azərbaycanlılara loyal münasibət bəsləməsi haqqında məlumatlar topladırdı.
– Erməni xalqı arasında da qırğın, savaş istəməyənlər var. Belələrini
tanıyıb bilmək bizə vacib lazımdır. Bu bədbəxt xalq öz siyasətçiləri
tərəfindən aldadılmışdır. Faşistlər Almaniyada on il tüğyan elədilər,
bu müddətdə almanlar kimi mədəni xalqı müsibətlərə düçar qoydular.
Ermənilərinsə arasında yüz ildir faşist kabusu dolaşır, – deyirdi
Toğrul.
Uşaqların bəzisi onunla razılaşmayıb belə cavab verirdi:
– Yoldaş kapitan, iki yüz il biz onlara yaxşı qonşuluq eləmişik: torpağı
yoxdur torpaq vermişik, işi yoxdur iş vermişik, çörək vermişik. Öz
qənimimizi özümüz bəsləmişik. Kin saxlamamışıq, unutmuşuq. Onlarsa
əqrəb kimi həmişə sancmağa hazır olublar. Daha bəsdir. İlanın ağına
da lənət, qarasına da.
Toğrul görürdü ki, indiki gəncliyin içində ermənilərə qarşı güclü
bir kin, onların arxasında duran dövlətlərə qarşı bir nifrət formalaşır.
– Bu duyğuların qarşısı alınmasa, biz də hamilə qadınların qarnını
deşən, körpələri süngüyə keçirən, XX əsrin sonunda insanların diri-diri
başının dərisini soyan erməni faşistlərinə, terrorçularına tay ola
bilərik. Zorakılıq zorakılıq gətirir, ölüm ölümlə cavablandırılır.
Dünyada xalqların, millətlərin, dövlətlərin, bütöv sivilizasiyaların
dialoqa ehtiyacı olduğu bir vaxtda gör bizi nələrə vadar edirlər...
– deyərək düşüncələrini əsgərləriylə bölüşürdü. Digər tərəfdən, bunu
da anlayırdı ki, bu əsgərlərdə düşmənə nifrət olmasa necə vuruşmaq,
torpaqları necə qaytarmaq olar?..
Bir gün dəstəyə təzə götürdüyü, əslən Göyçədən olan Rauf adlı əsgər
ona yaxınlaşdı, təzim eləyib dedi:
– Yoldaş kapitan, sizin tapşırığınızla bağlı bir hadisəni diqqətinizə
çatdırmaq istəyirəm. Bəlkə bir şey çıxdı.
– Buyur, buyur.
– Bizim qonşuluğumuzdakı mənzili müvəqqəti daldalanacaq üçün Xocalı
qaçqınlarına vermişdilər. Onların arasında anası öldürülmüş, atasıyla
qardaşı itkin düşmüş on beş yaşlı qız vardı. Danışırdılar ki, onu
əsirlikdən atasının dostu olmuş bir erməni kişisi xilas eləyib.
– Çox maraqlı məlumatdır. Eviniz şəhərin harasındadır?
– Əhmədlidədir.
– Sən şəxsən özün onun söhbətini eşitmişdinmi?
– Yox. Qız xeylağına yaxınlaşıb soruşmağa utanmışdım. Çox qəşəng idi,
başıaşağı gəlib gedirdi, üz-gözündən dərd-qəm yağırdı. Söz soruşmağa
adam cürət eləmirdi. Deyirdin bəs, dindirsən ağlayacaq.
– İndi onlar harada yaşayırlar?
– Düzü, bilmirəm. Amma eşitmişdim ki, xocalıları hardasa bir yerə
yığıblar.
– Qızın adı necə, yadındadırmı?
– Ya Gülçöhrəydi, ya da Gülyanaq.
– Yaxşı, biz onu taparıq. Hər ehtimala qarşı, gərək olsa, sənin valideynlərinlə
görüşüb bəzi şeyləri dəqiqləşdirmək olarmı?
– O nə sözdür, cənab kapitan. Çox şad olarlar. Qapımız həmişə üzünüzə
açıqdır.
Toğrul əsgərin ev ünvanını, telefonunu, atasının adını cib dəftərçəsinə
yazdı. Gün pis başlamamışdı.
Nahar fasiləsində otağına çəkilən Toğrul çarpayısının üstündə uzandı.
Yenə də sevgilisini qurtarmaq üçün xırdalıqlarınadək düşünüb-daşındığı
əməliyyat planını xəyalında dolandırdı. Hadruta gedib onu xilas eləmək
üçün dörd maneənin həllini tapmalıydı.
Birincisi, əməliyyatın gərəkliyini əsaslandırmalıydı. Bunun üçün o,
təkcə Aysunu xilas etmək yox, düşmən arxasında gerçək vəziyyəti müəyyən
eləməliydi.
İkincisi, minalanmış cəbhə xəttini necə keçmək, Hadrutadək 75-80 kilometri
qət edə bilmək idi. Oraya çatmaq üçün saatda 6 kilometr hesabıyla
on neçə saat yol getmək gərək idi. Dəstə dayanmadan bu qədər yolu
gedə bilməzdi. Bunun geri qayıtmağı, ola bilsin ki, hələ əlbəyaxa
döyüşməyi vardı. Çölləmə getsəydilər belə məsafə qısalmayacaqdı. Çünki
bəzi yerlərdə kəsə yolla hərəkətdə qazansaydılar da, düşmən postlarından
yan ötüşmək üçün dolaylama getmək zorunda da qalıb vaxt itirəcəkdilər.
Ordu rəhbərliyi bir nəfərin xilası naminə vertolyotla desant göndərib,
on – on beş nəfərin həyatını riskə məruz qoymağa razı olmayacaqdı.
Bir sözlə, əməliyyatın baş tutması üçün məsafəni qısaltmaq məsələsi
həll olunmalıydı. Bunun üçün o, İran sərhədini keçməyi, Arazboyu yuxarı
getməyi, Hadruta yaxın məsafədən bu taya adlamağı planlaşdırırdı.
Artıq sərhəd qoşunlarındakı zabit dostları vasitəsilə o taydakı vətənpərvərlərlə
görüşmüşdü. Onlar Arazı keçmiş kəşfiyyatçıları öz nəqliyyatları ilə
çayyuxarı istənilən yerədək ötürüb, sonra da qarşılamağı boyunlarına
götürmüşdülər. Və son Horadiz əməliyyatı zamanı bu detal sınaqdan
uğurla çıxmışdı.
Üçüncü məsələ əməliyyat dəstəsi hazırlamaq idi. Bu dəstənin üzvləri
əməliyyata könüllü getməli, tapşırığın təhlükəliliyini tam dərk etməli,
fiziki cəhətdən möhkəm olmalı, gedilən marşrutu əl içi kimi bilməliydilər.
Toğrul bunun da öhdəsindən gəlmişdi, dəstəsinə lazımi qədər adam seçib
yığa bilmişdi.
Nəhayət, sonuncu məsələ Aysunun saxlandığı yeri dəqiqləşdirmək idi.
Doğrudur, Toğrul hələ ermənilərin son hücumlarından əvvəl, qarşıdakı
dörd rayonun işğalından öncə Aysunu aparmış rus zabitinin Balyatlı
Həmdalının Hadrutdakı evində yaşadığını öyrənmişdi, evin çertyojunu
çəkmişdi. Amma o vaxtdan dörd ay keçmişdi. Görəsən, Aysu hələ də oradamı
saxlanılırdı?! Bunu da dəqiqləşdirdikdən sonra Toğrulun əməliyyat
planı tam hazır olurdu və komandanlıq qarşısında açıqlaya bilərdi.
Ümumi və xüsusi kəşfiyyat tapşırığını da alıb, əməliyyatı həyata keçirmək
olardı.
Toğrul ayağa qalxıb otaqdan çıxmaq istəyirdi ki, telefon zəng çaldı.
Qayınatası idi. Şərtləşdikləri kimi onun verdiyi qısa məlumat Toğrulu
silkələdi: Aysudan xəbər var!!!
Toğrul üst-başını tələsik sahmana salıb generalın qəbul otağına cumdu.
Onu həyəcanlı görən Dəmirov şaşırdı:
– Kapitan, nə baş vermişdir?
– Yoldaş general, indicə evdən zəng vurdular ki, nişanlımdan xəbər
gəlib. Demək sağ-salamatdır!..
– Allaha şükür, – deyə ürəkdən sevinən general ayağa qalxıb onun əlini
sıxdı, təfsilatlı məlumat almaq istədikdə Toğrul dedi:
– Təəssüf edirəm, mən özüm hələ heç nə bilmirəm. Qayınatam, şərtləşdiyimiz
kimi, telefonla ancaq ondan xəbər gəldiyini deyibdir. İcazənizlə,
indi şəhərə getmək istəyirəm. Həm də bir neçə dosye ilə bağlı bir-iki
yerə baş vurmalıyam.
– Buyuracaqsan. O hansı dosyelərdir?
– Siz adlarını verdiklərinizdir. Məni ən çox şübhələndirən özünü ləzgi
kimi qələmə verən mayordur. Mənə elə gəlir ki, o, ləzgi deyildir.
Dilimizi pis bildiyi, pozuq danışdığı üçün belə deyir. Lazım bilsələr,
onun doğulduğu rayona da gedəcəm.
– Allah amanında. Day özün gedirsənsə, bunları da apar, – deyə general
ona ağzıbağlı iki zərf uzatdı. – Birini bizim nazirliyə, digərini
sizin nazirlikdə general Abasquliyevə verərsən. Onsuz da gec-tez biləcəksən,
son kəşfiyyat əməliyyatına görə səni mükafata təqdim eləmişəm.
Sevincindən Toğrulun gözləri yaşardı:
– Sizə minnətdaram, yoldaş general. Mənim çətin vaxtlarımda göstərdiyiniz
böyük qayğını ömrüm boyu unutmaram.
– Yaxşı, yaxşı. Belə sözlər artıqdır. Qaranlığa qalma. Ehtiyatla get,
sürəti çox artırma!..
– Oldu, yoldaş general! – deyə Toğrul ayaqlarını cütləyib hərbi təzim
elədi, geriyə dönüb otaqdan çıxdı. On dəqiqədən sonra o artıq Bakı
yolunda idi.