...Ölməyə vətən yaxşı
Aysunun ancaq adını eşitdiyi
Benik dağın döşündəki Taqəsər kəndində yaşayır, işi düşəndən-düşənə
rayon mərkəzi Hadruta enirdi. Onunla görüşmək müşkül idi: bütün günü
boşaldılmış qonşu kəndləri gəzir, əlinə nə keçirdisə qarışqa kimi
evinə daşıyırdı. Həmin gün o, beş para güney kəndlərindən axırıncısı
və ən böyüyü Balyata yollanmağa qərar verdi.
...Benik dəhrə, balta, kərki, çəkic və mişarını xurcuna yığdı, ucukəsik
qoşalüləsini çiyninə salıb boz eşşəyini mindi və yamacla Balyat tərəfə
sürdü. O bu yolları çox getmişdi... Evdən əliboş çıxıb əlidolu qayıtmışdı
bu yollarla... Güney kəndlərindən evə taxıl, yağ, pendir, çay, şəkər
daşımışdı, pul gətirmişdi külfətinə. İkinci Dünya Savaşından sonra
bu kəndlərin taxılı saxlamışdı onları. Benik yeniyetmə yaşından Balyat,
Qaracallı, Doşulu, Süleymanlı kəndlərində qapı-qapı gəzib iş axtarmışdı,
o çətin illərdə bəzən bir qarın yeməyə işləmişdi. Böyüyəndən sonra
özü usta olmuşdu, çox evlərin taxtapuşunu, döşəməsini vurmuşdu, qapı-pəncərəsini
düzəltmişdi. Bir evin işini qurtarıb o birisinə keçmiş, on kilometrlikdəki
kəndlərinə gedib-gəlib yol yorğunu olmamaq üçün aylarla bu kəndlərdə
qalmışdı. Onu burda yedirib içirmişdilər, gecələməyə yer vermişdilər.
Benik ürəkdən işlədiyi, yaxşı tikib qurduğu üçün camaatın hörmətini
qazanmışdı... İndi isə o, bir vaxt tikdiyi yurd-yuvaları sökməyə gedirdi.
Tək özü olsaydı, bəlkə də eləməzdi. O kəndləri hamı söküb dağıdırdı.
Ətraf erməni kəndlərinin sakinləri salamat qalmış evlərin əvvəl-əvvəl
içindəkiləri daşımışdılar, sonra keçmişdilər qapı-pəncərələri, döşəmələri,
taxtapuşları söküb-aparmağa.
Benik evləri söküb saf taxtaları seçir, qalanlarını isə odun kimi
digər tərəfə yığırdı, satdığını satır, satmadığını maşınla daşıyıb
həyətinə yığırdı. Əvvəl-əvvəl kəndlərdə toyuq-cücə, hinduşka dolu
idi. Tuta bildiklərini tutur, tuta bilmədiklərini ov tüfəngi ilə vururdular.
İtlərdən başqa onlara mane olan yox idi. Vəhşiləşmiş itlərin də axırına
çıxdılar. Onların bir qismini vurub öldürdülər, bir qismi də çöllərə
dağılışdı.
Bu dəfə o, Balyat kəndinə girib, gözəgəlimli bir neçə evi nişanladı
ki, söksün. Gözaltı elədiyi evlərin qapı-darvazasına özü ilə götürdüyü
kömürlə iri hərflərlə adını yazdı ki, başqaları əl dəyməsin. Axırda
eşşəyini əllinci illərin sonunda taxta işini özü gördüyü Famil müəllimin
həyətinə sürdü. İlk gözünə dəyən zəncirdə bağlı qaldığı üçün ölmüş,
bəlkə də evi yağmalayanlar tərəfindən öldürülmüş itin uzaqdan qaralan
leşi oldu. Eşşəyini həyətdəki tut ağacına bağlayıb ikinci mərtəbəyə
qalxdı. Sınıq bir kürsü tapıb lap qırx il əvvəlki kimi eyvanda oturdu,
Famil müəllimin bağçasına baxmağa başladı. Həyətdəki qocaman tut ağaclarının
hamısına çıxıb dadmışdı. Yenilik nar bağı idi. Budaqların ucunda sərçələrin
ora-burasını dimdiklədikləri iri gülövşə narlar qızarırdı. “Gedəndə
onları da dərərəm. Pamil müəllim pis şey əkməz” – deyə Benik dodağının
altında mızıldandı. Sonra otaqları bir-bir gəzdi. O vaxt, taxtanın
qıt vaxtında Benik Famil müəllimə yaxşı beşlik taxta aldırmışdı, özü
əlifləyib vurmuşdu. Onlar qırx il əvvəl necəydisə eləcə də qalmışdı.
“Mən necə uzaqgörən adamam...”, deyə Benik qımışdı. “Pamil müəllim,
sən yaxşı kişiydin, səninlə nə qədər tut arağı vurmuşuq.” Başqa evlərdə
işləyəndə də çox vaxt gəlib burda yeyib-içir, gecələyirdi. Bu evdə
onun qorxduğu Famil müəllimin anası Əminə xatın idi. Qarı oğlunun
onu evin yuxarı başında oturtmasından, möhtərəm qonaq kimi qəbul eləməsindən
narazılığını gizlətməyib donquldanardı: “Nə tez unutdunuz bunların
düşmançılığını? Əmin Yusifi cavankən erməni gülləsi apardı. Ermənini
qapında gör, deyib atalar. İşlədi, haqqını ver, yola sal. Onların
qapısına gedəndə, adamı heç saymırlar.” Bu hələ harasıydı... Qarı
hətta Benikin qulağı eşidə-eşidə sözünə baxmayan nəvələrinə “ay erməni
yosunlu...” deyib söyərdi də. Benik bunları vecinə almazdı. Güney
kəndlərində, elə bütün rayonda xüsusi çəkisi olan Famil müəllimin
qılığına girib işini görərdi, insafən onun bir sözünü də iki eləməzdi.
Tut arağından vura-vura Famil müəllim o vaxtlar dəbdə olan kommunist
kəndli gənclər məktəbində dərs keçirmiş kimi Beniki çənəsinin altına
salıb “mühazirə” oxuyardı:
– A Benik, bizim dədə-babalarımız siğə qardaşı kimi min illər bir
yerdə mehriban yaşayıblar. Ordan-burdan gəlmiş ermənilər həmişə aranı
qarışdırmışlar, iki qonşunu bir-biriylə vuruşdurmuşlar. İndi artıq
zəmanə dəyişibdir, fəhlə-kəndli hökumətidir. Kommunizmə gedirik. Kommunizmdə
milli ədavət olmayacaq, hamı bir-birinə can deyib can eşidəcək.
O, belə söhbətlər zamanı başını yırğalayıb Famil müəllimin sözlərini
təsdiqləsə də, bəzən onu sadəlövh bir insan sanırdı. Bir dəfə dözməyib
soruşmuşdu:
– A kirvə, sən özün öz dediklərinə inanırsanmı?
Famil kişi duruxmuş, az sonra dərindən nəfəs alıb demişdi:
– Eynən bu sözü bizimkilər də məndən soruşurlar. Benik, hər şey sözdən
başlayır. Sözün gücü çox böyükdür. Bizdə deyərlər, “ho var dağa çıxarar,
ho var dağdan endirər”. Bu boyda Sovet hökumətini sözlə qurmuşlar.
Deyirsən indi meydanı verək sizin o gəlmələrə, yalan-palanla qonşuları
qızışdırıb salsınlar bir-birinin canına?
Nədənsə Famil kişinin söhbətləri Benikin yadından çıxmırdı, onu Yerevandan
gəlmiş, yaxud oraya gedib oxumuş yerli erməni müəllimləri ilə müqayisə
eləyəndə utanırdı... Onlar Famil müəllimin əksinə danışıb deyirdilər:
Bu türklər bizim düşmənlərimizdir, Bakıya, Şamaxıya qədər bu torpaqları
onlardan təmizləyəcəyik, Böyük Ermənistan dövləti quracağıq. Onlara
inanmayın, üzdə özünüzü dost göstərin, daldada “qılxın txes”, yəni
başından vurun...
“İndi neyləməli, ay Pamil müəllim. Dünya belə dünyadı. Mən söküb aparmasam,
başqası bunu edəcək” – deyə əməlinə haqq qazandıran Benik öz-özünə
danışmaqda davam etdi: “İşdir-şayətdir, qayıdıb gələ bilsəniz, sənə
ucuz qiymətə təzədən ev tikərəm... Amma çətin qayıdasınız... Siz qayıtmasanız
bu torpaqları kim becərəcək? Bizimkilər torpaqla işləmirlər. Biz torpaq
adamı deyilik. Sizinkilərin qapısında işləməklə, araq-çaxır düzəltməklə,
çəkmə, paltar tikməklə, başınızı qırxmaqla, zurna çalmaqla dolanmışıq.
İndi kimin çəkmələrini yamayıb, başını qırxacağıq? Daşnaklar deyirlər
ki, bu torpaqları becərməyə qul gətirəcəklər, türklərin özünü ermənilər
üçün işləməyə məcbur edəcəklər. Heç ağlabatan deyil. Əvvələn, onlar
bizdən qat-qat çoxdular. İkincisi, bu türklər heç vaxt bizim qapımızda
işləməyiblər. Gec-tez torpaqlarını qaytaracaqlar.” Benik hələ bir
az da oturub dincələ-dincələ filosofluq edəcəkdi. Amma birdən qulağına
yarızirzəmi olan aşağı mərtəbədən bərk şıqqıltı gəldi. O, cəld tüfəngini
əlinə götürüb qulaq verdi. Şıqqıltı təzədən eşidildi.
“Bəlkə it-pişikdir, girib zirzəmiyə? Hər halda yoxlamaq gərəkdir”,
– deyə fikirləşən Benik ehtiyatla aşağı düşdü. Kəndin bir neçə evində
ermənilər işləyirdilər. Bu Beniki ürəkləndirdi. O, divara qısılıb
zirzəminin qapısını tüfənglə içəri itələdi. Qapı cırıltı ilə açıldı.
Benik qışqırdı:
– Ara, kimdi orda? Tez bayıra çıx!..
Nə qapının cırıltısı, nə də onun qışqırığı nəticə vermədi. İçəridə
kimsə öz işində idi, nəsə xır-xır eləyirdi. Benik açıq qapıdan içəriyə
bir güllə buraxıb dalınca qışqırdı:
– Çölə çıx, köpəkoğlu!
Amma azacıq gözləsə də kimsə çıxmadı. Yenidən bayaqkı səs gəlməyə
başladı. Hövsələsi bir tikə olmuş Benik daha dözə bilməyib aşağı əyildi,
başını içəriyə salıb diqqətlə yan-yörəyə baxdı. Nə görsə yaxşıdır?
Ahıl bir qadın heç nə olmamış kimi pəncərənin qarşısında üzü o yana
oturub kirkirə çəkirdi.
Benik tüfəngi ona sarı tuşlayaraq türkcə bir də qışqırdı:
– Əllər yuxarı! Ayağa qalx!
Qadın əl saxladı. “Aha, belə qorxarsan!” – deyə fikirləşən Benik yanılmışdı.
Onu saya salmayan qadın bir ovuc buğdanı kirkirənin boğazına töküb
təzədən fırlatmağa başladı.
“Ara, bu dəlidi, nədi?..” – deyə dodaqları altında donquldanan Benik
bu qəribə məxluqa yaxınlaşmağa qorxurdu. “Birdən arvad paltarı geymiş
kişi olar” – deyə fikirləşdi, döşəmədə əlinə keçən taxta parçasını
götürüb onun üstünə atdı. Kürəyindən dəyən zərbədən diksinən qadın
geriyə qanrıldı. Qapının ağzında dayanmış silahlı kişinin tüfəngi
ona tuşlamasını görüb əlini göyə qaldırdı, sonra barmağı ilə kirkirəni
göstərdi.
– Vax, ara deyəsən bunun dili yoxdur, – deyə mızıldanan Benik sol
əliylə bayıra çıxmağı işarə elədi. Qadın onu başa düşdü. İşığa çıxdıqda
Benik ona əməlli-başlı baxdı. Bu, özü kimi altmış yaş həndəvərində
qadın idi. Benik tüfəngini aşağı saldıqda o, yazıq-yazıq gülümsədi,
əlini göyə qaldırıb, sonra ona sarı uzatdı. Benik başa düşdü ki, minnətdarlıq
eləyir, “Allah səni saxlasın” demək istəyir. “Yəqin acdır” – deyə
fikirləşən Benik çiynindəki çantasından bir parça pendir-çörək çıxarıb
kağızın arasında ona uzatdıqda qadın qorxa-qorxa alıb yarısını yedi,
yarısını isə kağıza büküb cibinə qoydu, işarə ilə anlatdı ki, bunu
sabaha saxlayır. Benikin ona yazığı gəldi, bayaqkından çox çörək,
üstəlik iki parça doğranmamış qənd verdi. Bunları alan qadın iniltiylə
ağlamağa başladı. Benikin gerçəkdən ürəyi kövrəldi. “Allah bu günahları
bizə bağışlamayacaq. Axı, bu kəndlərin camaatı bizə pislıx eləməmişdi...
Yaxşı dolanırdıx” – deyə fikirləşən Benik termosunu çıxarıb, qapağında
bir az sakitləşmiş qadına çay süzdü. O, çayı da acgözlüklə içib yenə
dua elədi. “Pamil müəllimgildə belə adam yoxdu, axı” – deyə yadına
salan Benik işarə ilə lal qadının evinin harada olmasını soruşdu.
O, çox anlaqlı idi, Beniki tez başa düşdü, əli ilə sağ tərəfdə bir
neçə yüzmetrlikdə olan evlərin yanındakı kiçik daxmanı göstərdi. Benik
ondan burda neylədiyini soruşduqda əli ilə bir-iki işarə eləyib ağzına
apardı. Benik anladı ki, o, yemək axtarmaq ümidi ilə boş evləri gəzirmiş...
Ürəklənmiş lal qadın zirzəmini göstərib, içəri girməyə icazə istədi.
Benik başı ilə “buyura bilərsən” dedi, özü də onun arxasınca girdi
və hər şey Benikə aydın oldu. İstər azəri, istərsə də erməni kəndlərində
belə zirzəmilərdə, adətən, kisə-kisə taxıl, kartof, soğan, küp və
bankalarda doşab, yağ, pendir, mürəbbə, bal, tut arağı, iri çəlləklərdə
duza və sirkəyə qoyulmuş sarımsaq, pomidor, xiyar, kələm şorabaları
saxlanırdı. Görünür bu ərzaqları talan eləyib aparanda yerə buğda,
qarğıdalı dənləri tökülübmüş... Bu dənləri yığmış lal qadın qədim
kirkirə daşlarını görüb un üyütmək istəyirmiş...
Üyüdülmüş unu buradan tapdığı köhnə alüminium qazana, topladığı dəni
torbaya yığan lal qadına baxan Benik “Hələ əl-ayaqdan diridir. Bəlkə
özümlə aparım, həyət-bacada işləsin?” – deyə düşündü. Lakin onun solğun
sifətinə, arıq bədəninə baxıb fikrini dəyişdi: “Yox, qocadır. Onu
da saxlayan, yedirib içirən gərək. Özümüzü güclə saxlayırıq. Hələlik,
tutulmuş bu kəndlərdən daşıyıb apardığımız qənimətləri yeyirik. Sonrası
nə olacaq, heç kim bilmir... Amma bu arvadı bir qarın yeməyə burda
işlətmək olar. Əla fikirdir” – deyə tapıntı tapmış kimi özündənrazı
halda gülümsədi...
Bu vaxt şey-şüyünü götürüb aradan çıxmaq istəyən qadını saxlayan Benik
şəhadət barmaqlarını qoşalaşdırıb birgə işləməyi təklif elədi, yerdəki
daş-kəsəyi, dəmir-dümürü sağdan götürüb sola qoymaqla istəyini başa
sala bildi. Onu anlayan lal qadın razılıq verdi və Benikdən kibrit
xahiş elədi... Benikin başa düşmədiyini görüb yazmaq üçün onun pencəyinin
üst cibindən görünən karandaşı istədi. Benik dülgərlik işlərində istifadə
elədiyi karandaşı lal qadına verdi. O, yerdən götürdüyü kağız parçasına
yazdı: “Spiçku xoçu.”
Kənddə yaşayan bu yaşda lal qadının rusca yazıb oxumağı Beniki təəccübləndirdi.
O, karandaşı alıb kağızın qırağına yazdı: “Kak tvoye imya” Lal sevincək
cavab yazdı: Sakina...
Benik istərdi ondan çox şeylər soruşsun. Amma vaxtını itirmək istəmədi.
Bu lal qadın haqqında ətraflı məlumat heç ona gərək də deyildi.
Bir azdan Benikin evin döşəmə və tavanından sökdüyü taxtaları lal
qadın kənara daşıyıb onun göstərdiyi kimi çeşidləyirdi...
* * *
Neçə gündür aramsız yağan qar dayansa da, şaxta idi, Səkinə arvadın
bayıra çıxmağa halı yoxudu. Gücü otaqdakı odunları sobaya atmağa,
ocağı sönməyə qoymamağa ancaq çatırdı. Havalar isti olanda evləri,
həyətləri gəzib yeməyə bir şey tapırdı. Ermənilər evləri söküb daşıyanda
da vəziyyəti pis deyildi: kömək elədiyi üçün Benik onu yedizdirirdi.
Benikin ona elədiyi ən böyük yaxşılıq köhnə dəmir sobanı təmir edib
qurması, qonşuluqdakı evləri sökərkən gərəksiz sallama və tirlərdən
xeyli odun tədarük eləməsi və ən nəhayət on qutu kibrit bağışlamasıydı...
Yağıntılar başlayandan bəri kəndə bir ins-cins gəlmirdi. Qar dizə
çıxdığı üçün o, bulağa su gətirməyə də gedə bilmirdi. Qapının ağzındakı
qarı yığıb qaynadırdı. Sonuncu iki ədəd kartofu duzlu suda qaynadıb
srağagün yemişdi. Aclıq, tənhalıq onu sıxsa da kənddən çıxan camaatla
getməməyinə peşman deyildi. O, qəriblikdə olanda bu dağların həsrətini
çox çəkmişdi. Qırx ildən çox ürəyi qövr eləmişdi, burnunun ucu göynəmişdi...
Dünyaya göz açdığı bu kəndi görmək, ona qovuşmaq üçün... Bu kəndin
meşəsiz, qəribə daş və qayaları olan dağları, dadlı meyvəli bağları,
təmiz, sərin suyu olan kəhriz və bulaqları, sarı buğdadan bişirilmiş
yuxa və təndir çörəklərinin dadı, qoxusu onun duyğu aləmində pozulmaz
izlər buraxmışdı... Ən çox qorxduğu qırmızıpapaqlı milisionerlər idi...
46-cı ildə, on yaşında olarkən qırmızıpapaqlılar gəlib müharibədə
almanlara əsir düşmüş atası ilə əmisini aparmışdılar. Bir neçə ildən
sonra əmisi qayıtmışdı, atası yox... Sonra qardaşını əsgər aparmışdılar.
Əsgərliyini çəkmiş qardaşı geriyə kəndə dönməmişdi. Anası bu dünyadan
nakam köçmüşdü... O, bir müddət tək, qohumlarının himayəsində qalmışdı.
Başqa Səkinələrdən seçmək üçün kənddə ona “Lal qız” deyərdilər. Bu
yerlərdən perikdirilmiş qardaşı 40-cı illərin sonlarında kəndə gəlib
tək qalmış bacısını aparmışdı... Qardaşı bir rus qızına evlənmişdi,
özünə ev-eşik düzəltmişdi.
Səkinə əbədi səssizlik içində yaşasa da bu dünyanın səsini eşidirdi!..
Gözləri ilə eşidirdi, barmaqları ilə eşidirdi Lal qız... Pis yaşamırdı
orda. Amma ürəyi kənddə qalmışdı... İşarə ilə tez-tez qardaşından
soruşardı: nə vaxt kəndə qayıdacaqlar? Bir gün qardaşı başa saldı
ki, geri dönsələr, onu da atası kimi tutub apararlar, Səkinə qalar
kimsəsiz... Dərindən ah çəkib, bildiyi əl hərəkətləriyilə fikrini
bacısına çatdırmaq istəyən qardaşının gözündə elə bir həsrət vardı
ki, Lal qız işarəsiz, sözsüz başa düşmüşdü onu... Başa düşmüşdü ki,
qardaşı öz yurdunu ondan az istəmir... Qəribəydi, insanlar ah çəkəndə,
hönkürəndə, sevincdən şaqqanaq çəkəndə Səkinəyə elə gəlirdi ki, o,
lal deyil, hamı kimi eşidir... Amma qulaqlarıyla yox, qəlbiylə, digər
hissiyyat vasitələriylə...
Bundan sonra Səkinə qəribçiliyin acılarını ürəyində saxladı, yuxularla
təskinlik tapmağa başladı... Onu qanadlarına alıb bir anın içində
o dağlara aparan yuxularla...
Qardaşı dünyasını dəyişəndən, özü təqaüdə çıxandan sonra daha onu
yad yerlərə bağlayan bir şey yox idi. Qardaşı arvadının, qardaşı uşaqlarının
dünyası bambaşqaydı. Səkinə başa düşürdü ki, daha burda artıq adamdır.
Həm də yaşlaşdıqca özünə aydın olmayan əzəli bir duyğu onu doğulduğu
kəndə çəkirdi... Ömrünü o dağlar qoynunda başa vurmaq istəyirdi...
Onun geriyə dönmək istəyini hamiləri rəğbətlə qarşıladılar, əlüstü
onun kənddəki qohumlarına məktub yazdılar, qardaşı rəhmətə getmiş
Səkinənin kəndə qayıtmaq istədiyini bildirdilər. Əminəvəsi Hüseyn
gəlib onu kəndə gətirdi. Səkinə 20-ci illərdə tikilmiş, tavanı çökmüş
ata evinə girəndə ağladı... Anası və qardaşı ilə bu evdə keçirtdiyi
günləri xatırladı... Ona elə gəldi ki, anasının, qardaşının, üzünü
çox az gördüyü atasının ruhu bu qayıdışa sevindi... Səkinə öz puluyla
tikinti materialları aldırdı, otaqlardan birini təmir elətdirib içinə
girdi, ata-anasının, qardaşının şəkillərini divardan asdı... Qohumları,
qonşuları, kənd əhli “Lal qız qayıtdı!..” deyərək onun görüşünə gəlir,
kimin qolundan nə çıxırdısa ona ev əşyalarıyla, ərzaqla kömək edirdilər...
Ona saxlamaq üçün toyuq gətirənlər də olurdu... Qəribəydi, yaşı altmışa
yaxınlaşan bu ahıl, ağsaçlı qadını camaat yenə qırx il əvvəlki kimi
“Lal qız” deyə çağırırdı...
Səkinənin bu xoşbəxt həyatı çox
sürmədi. Ermənilərin basqını hər şeyi alt-üst elədi. Camaat kəndi
tərk edən zamansa nə illah elədilər, getmədi. Kimsəyə yük olmaq istəmirdi...
Qəribliyi çox görmüşdü, acısını dadmışdı. Qərib torpaqlarda ölmək
istəmirdi Lal qız... Bu kənddən savayı hər yer onun üçün qərib idi...
Kənd gülləbarana tutulanda top və “Qrad” mərmilərinin tükürpədici,
ölüm gətirən səslərini eşitmirdi Səkinə... Bu dünyada insan vəhşiliklərini,
bəzən eşidib görməmək üçün kar və kor olmaq istəyir adam... Səkinə
eşitməsə də görürdü... Bu mərmilər düz evlərin üstünə düşəndə onun
yanmasını görürdü... Amma Sədətqulu oğlu Sebinin evinin üstünə düşən
mərmilərdən sonra Səkinənin qulağı uğuldadı, dizləri əsməyə başladı...
Ona elə gəldi ki, eşitdi... Belə hadisə onunla birinci dəfəydi baş
verirdi... Bu imişmi eşitmək?..
Biçarə qadın bilmirdi ki, belə güclü gurultular zamanı da ultrasəslər
yaranır. Zəif, yaxud güclü olmasına baxmayaraq, ultrasəslər sinirlərə
güclü təsir edir... Bu səslər insanı diksindirib qorxudur, vahimələndirir,
normada olanda isə ruhu oxşayıb həyəcanlandırır, orqan musiqisi kimi...
Səkinə yazıb-oxumağı bilirdi. Qardaşı onu yanına apardıqdan sonra
vilayət mərkəzində lal-kar uşaqların internatına qoymuşdu, yalnız
bazar və bayram günlərində qəsəbədəki evlərinə gətirirdi onu. Əslində
böyük həyəti olan ikimərtəbəli taxta ev qardaşının qayınanasının idi.
Sonralar qardaşı həyətin bir küncündə öz ailəsi üçün ayrıca ev tikdi,
Səkinə üçün də bir otaq ayırdı.
Yaşına görə cürəpəsi balaca olan, on dörd yaşına girmiş qızcığaz özündən
kiçik uşaqlarla bir sinifdə otururdu... Yeyib-içməyi nizama düşəndən
sonra Səkinə sürətlə boy atmış, sinif yoldaşlarını ötüb keçmişdi.
Altıncı sinifdə ərə getməli qız olan Səkinəni axşam məktəbinə keçirmişdilər...
Kəndə gələndə qohumlarının, tay-tuşlarının heç gözləmədiyi halda Səkinə
anlaqlı, kitab, qəzet oxuyan bir qadına çevrilmişdi. O, özünə görə
az-çox məlumatlı olsa da ermənilərin bu davasından baş aça bilmirdi.
Rusiyada oxuyub yaşadığı dövrdə müxtəlif millətlərdən olan uşaqlarla
oturub durmuşdu, dostluq eləmişdi, fabrikdə birgə işləmişdi. Millətlərin
nəyə görə bir-biriylə dava eləməsini anlaya bilmirdi. Əslində onun
üçün dünyada iki millət vardı: danışa bilənlər və bilməyənlər... Danışa
bilməyənlərin hamısı onun üçün doğma idi...
Ermənilərin kəndi talan eləməsi də onun gözü qarşısında baş vermişdi.
İkimərtəbəli, üstü ağ dəmirli evləri qoyub onun sığındığı yarıuçuq
miskin daxmaya kimsə baş vurmamışdı. Səkinə sakitcə daxmasının pəncərəsindən
aşağı məhlələrdə nələr baş verdiyini görə bilmişdi. Kənd yağmalandıqdan
sonra evlərin taxta və dəmir örtüklərini sökmək üçün gələnlər tək-tük
olurdu. Buna görə də ərzaq ehtiyatı tükənmiş Səkinə yaxınlıqdakı evləri,
həyətləri gəzib yemək üçün bir şey axtara bilirdi. Basqın qəfil olduğuna
görə əhali ev əşyalarını, zirzəmilərdə saxladığı ərzaq ehtiyatlarını
götürməyə macal tapmamışdı. Əvvəlcə erməni əsgərləri, sonrasa yaxın
erməni kəndlərinin əhalisi evləri bir-bir gəzib camaatın qış tədarükünü
daşıyıb aparmasaydı, elə qonşuluqdakı bir-iki evin ərzaq ehtiyatı
Səkinəyə on il bəs eləyərdi...
Yaşamaq üçün insan yeməlidir. Adam istədi, istəmədi, daxilindəki gözəgörünməz
qüvvə bədəndəki mexanizmi işə salıb onu yeməyə çağırır... Əgər bir
şey yoxsa o qüvvə məcbur edir axtarıb tapmağa, yeyilməyən şeyləri
yeməyə... Səkinədən yaşlı olan, əslən ukraynalı iş yoldaşı Anita bir
dəfə içkili olarkən öz lal dillərində ona nəql etmişdi ki, doğulduğu
kənddə aclıq zamanı bir arvad gecəykən ərinin başını baltayla kəsmiş,
ətini doğrayıb quyuda saxlamış, bir müddət uşaqlarını yedizdirmişdir.
Ərinin çoxdan görünməməsini soruşan qonşularasa “meşəyə getmiş, qayıtmamışdır”
deyirdi. Hər gün ət qoxusunu duyan qonşular şübhələnmiş, milisə xəbər
vermişlər. Milis işçiləri qadını sobanın üstündə kişisinin əl-ayağından
xaş bişirdiyi yerdə yaxalamış, dərhal onu həbs etmiş, uşaqları isə
yetimxanaya göndərmişlər... Bu söhbətdən sonra Anitanın ağlaması,
həmişə qəmli gəzməsi Səkinədə belə bir qənaət yaratmışdı ki, o, anasının
ata əti yedizdirdiyi uşaqlardan biridir.
Səkinə sobanın üstündəki qaynar sudan bir stəkan içdi. İçərisinə zirzəmilərin
birindən tapdığı kəkotu, adlarını bilmədiyi bitkilər atdığı bu dəmləmə
Lal qızın gözünə işıq gətirdi. Sobanın böyründə sərdiyi döşəkçənin
üstündə oturub, olub keçənləri yadına sala-sala mürgüləyən Səkinə
vaxt ölçüsünü itirmişdi. Buludlar arasından qəfil çıxan Günəş pəncərəyə
işıq saldıqda o, gözünü açdı... Deməli, günortaydı. Otağın pəncərəsi
cənub-qərbə baxırdı və Günəş dolanıb göyün ortasına gəldikdə işığı
içəri düşürdü. Səkinə bunu yaxşı bilirdi. Bilirdi ki, Günəş ətrafa
işıq saçırsa, deməli, hava yaxşılaşır. “Yox, durmalıyam, bir şey tapıb
yemək gərəkdir.” Bunu fikirləşib qərar verən Səkinə dodaqlarının tərpənişi
ilə “Ya Allah” deyib Uca Tanrıdan imdad istəyib ayağa qalxdı. Əslində,
danışan insanlardan fərqli olaraq danışmayan insanlar Uca Tanrını
lal dilində bir adla çağırırdılar... Türk, rus, erməni, hindli, gürcü,
ərəb və s., fərqi yoxdur! Hamı lallar üçün Uca Tanrının bircə adı
vardı...
O, isti paltarını, üstündən sırıqlısını geyindi. Qapının ağzına söykədiyi
əlağacını götürüb bayıra çıxdı, arxasınca qapını örtüb cəftəsini rəzəyə
keçirtdi. Ağappaq qarda əks olunaraq gözünü qamaşdıran günəş şüalarından
qorunmaq üçün əlini qaşının üstünə qoyub, xırda addımlarla qarı yara-yara
üzüaşağı düşdü, sıralanmış evlərdən beşincisinin yanında dayandı.
Bura şofer Yaqubun eviydi. Sağa burulub taxtapuşu, aynabəndi sökülmüş,
miskin görkəm almış evin birinci qatına girdi. Qardan gəldiyi üçün
ilk əvvəl heç nə seçmədi. Bir az dayandıqdan sonra sanki içəri işıqlaşdı.
O, küncdə gördüyü yarımçıq kisəyə tərəf yeridi. Əvvəl elə bildi onun
içindəki undu. Amma əliylə yoxladıqda mal yemi olduğunu gördü. Camaatın
“kəpək” və ya “kombikorm” adlandırdığı belə yemləri heyvanlara verirdilər.
“Buna da şükür”, deyən Səkinə sevindi. Kif qoxusu gələn bu qarışıq
mal yemindən sobanın üstündə çörək bişirmək olardı... Sevincək olmuş
Lal qız axtarışını davam etdirdi. Zirzəminin digər küncündə atılmış
boş butulkaları bir-bir yoxlamağa başladı... Onlardan birini dolu
gördükdə sevinci ikiqat oldu, bunun doşab, yaxud süzmə bal olduğunu
güman elədi. Qab qıtlığından kənddə çox vaxt camaatın bu məhsulları
da araq-çaxır butulkalarına yığıb, probka ilə kip bağlayaraq saxlamalarını
görmüşdü. Tələsik işığa çıxdı, qənimətini qaldırıb baxdı. Şəffaf maye
idi. Burnuna tutdu. Ağzı bərk bağlansa da tut arağının iyi onu vurdu.
Kisəni də sürüyüb qapının ağzına gətirdi. Arağın da, mal yeminin də
qoxusu onu bihuş eləyib mədəsində bir təlatüm yaratdı. Soyuqdan dişləri
şaqqıldayırdı. Evəcən özünü saxlamağa gücü çatmadı, kəpəkdən ovuclayıb
ağzına basdı... Quru, qaba mal yemini isladaraq çeynəyib udmağa ağız
suyu bəs eləmədi... Birtəhər udduğu birinci loxma gedib mədəsinə çatmadı,
ilişib sinəsində qaldı. Bircə stəkan su, özü də isti, qaynanmış su
arzuladı. Ovucladığı ikinci loxmanı ağzına qoya bilmədi, boğulardı.
Birdən ağlına gəldi ki, elə indicə kisənin içinə atdığı araq şüşəsini
açıb bir az içsin. Rusiyada hərdən-birdən bayramlarda, məclislərdə
onu da içirdərdilər. Arağın nə olduğunu bilirdi... Dırnağıyla şüşənin
qapağını açdı, əlləri əsə-əsə onun ağzını dodaqlarına dayadı, iki
qurtum içdi. Araq yemək borusunda ilişmiş tikəni mədəsinə apardıqda,
onu yandırsa da cismini xoş əhval-ruhiyyə bürüdü. Tələsik ikinci ovucu
ağzına apardı, dalısınca da bir qurtum araq içdi. Bunu bir neçə dəfə
təkrarladı... Aclığını bir az dəf eləyib geri qayıtmaq istədi. Amma
əl-ayağı sözünə baxmırdı, indicə açdığı qapağı butulkanın ağzına bərkidə
bilmirdi...
Yerə çökdü... Əl-ayağı sözünə baxmasa da, başı gicəllənsə də ağlı
üstündəydi... Ona qalxmağa, qoluna girib evə aparmağa kömək gərək
idi. Birinci dəfə tənhalığın, insanlarsız yaşamağın acılığını duydu...
Lal qız insanlar içində yaşasa da həmişə tək-tənha olmuşdu. Onun ürək
sirdaşı yoxudu... Məktəbdə, fabrikdə danışa bilməyənlər arasında dost-tanışı
vardı. Amma onlardan heç birisiylə ünsiyyət bağlaya bilməmişdi, istər
qadın, istər kişi olsun... Onlar yataqxanada yaşayır, sərbəst həyat
sürürdülər. Belə həyat tərzini Səkinə qəbul eləyə bilmirdi. Həm də
o, qardaşı evində yaşayırdı, bu qərib yerdə onsuz duruş gətirə bilməzdi.
Qardaşı da onunla bir damın altında olan bacısından anasının, doğulduğu
yurdun iyini alırdı. Səkinə anasına çox oxşayırdı... Qardaş qardaş
yerində, Lal qızın tənhalığını qardaş qayğısı doldura bilməzdi...
O, həmişə tənhaydı, özü-özüylə qalmağa öyrəşmişdi. Buna görə də camaatla
kəndi tərk etmədikdə, tək-tənha qalması onu qorxutmamışdı. İndisə
insanlara ehtiyacı vardı. Əvvəllər bu, heç ağlına gəlməmişdi. Onu
qınamalı deyildi. Heç bir-biriylə didişən qonşular, öz həmcinslərini
əzən, tapdalayan, öldürən dilli-ağızlı insanların çoxu, bu dünyada
bir-birilərisiz yaşaya bilməyəcəklərini dərk etmirlər... Anlamırlar
ki, insanlar tək yaşaya bilmədikləri üçün bir-birilərinə qısılıb oba,
kənd, qəsəbə, şəhər salmışlar... Səkinə belə dərinliklərə baş vura
bilməzdi. Amma bunu bilirdi ki, həyatının belə gətirməsində o özü
günahkar deyil... Başını yuxarı qaldırıb şikayətini sözsüz-kəlamsız
ürəyinin diliylə göylərə elədi:
– Ulu Tanrı, nəydi mənim günahım? Niyə məni belə lal-kar yaratdın?
Atamı sürgünlərdə öldürdülər... Bəs anamı niyə tez aparıb məni kimsəsiz
qoydun? Nəydi onların günahı?!. Əgər günahları vardısa niyə bağışlamadın
onları? Axı Sən Bağışlayansan, Böyük Yaradansan, Adilsən...
Dolmuş ürəyini səssiz, hıçqırıqsız göz yaşlarıyla boşaltdı Lal qız...
Qardaşı dünyasını dəyişəndən heç belə ağlamamışdı. Azacıq özünə gəlib
bir əlində yarımçıq kisə, digərində ağzıaçıq araq şüşəsi evinə tərəf
addımladı. Ayaqlarını güclə sürüyürdü. Sanki hərəsindən bir pudluq
kündə asılmışdı... Amma getmək lazımıydı, özünü evə çatdırmalıydı...
Yeriyə-dura həyətin doqqazınacan gedə bildi. Bircə addım da atıb küçədən
dədə-baba yurduna keçdi, daha yeriyə bilmədiyi üçün aşağı çökdü. Elə
bil ayaqları onun deyildi. Əliylə onları ovxalasa da heç nə hiss eləmədi.
“Bəlkə don vurub?” – deyə fikirləşdi. Yox... Heç üşümürdü, araq onu
qızışdırmışdı. Əvvəl ağlının təhrikiylə istədi sürünə-sürünə evə sarı
getsin, özünü içəri salsın. Amma hissiyyatı pıçıldadı ki, nə fərqi
var, elə yerində qal, onsuz da soyuq-zad hiss eləmirsən...
Lal qız yerini rahlayıb, arxasını yalnız ucu qarın içindən dikələn
qayaya söykədi, qarşıdakı Allahverdi dağına, sağda böyük güneyin Turafxanuçan
zirvəsinə baxdı...
Rusiyadan qayıdıb gələndən sonra uşaqlıqdakı kimi onların düz təpəsinə
çıxmaq, sonra aşağı enib Gəlinevciyinə, Navincirə getmək istəmişdi...Aşağıda,
gədiyin ortasında daş-qayanın arasında bitmiş, yaşı bilinməyən, uzaqdan
böyük kolu xatırladan nəhəng əncir ağaclarının gövdələrinin içi putlayıb
ovularaq su novuna oxşadığı üçün camaat bu adı vermişdi... Əfsuslar
olsun, o zaman Səkinə özündən çox yaşlı həmkəndliləri kimi o dağlara
dırmaşa bilməmişdi... Yadırğamışdı...Yalnız baxışları ilə dolanmışdı
o yerləri... Kiprikləri qapanırdı Səkinənin... Gözlərini yumaraq xəyalən
uşaqlıq illərinə uçdu... Və anasını, qardaşını dağın yamacında real
həyatdakı kimi gördükdə təəccübləndi... Anası dağa çıxmasına görə
daha onu hədələmirdi, əksinə gülə-gülə arxasınca gəlməsini işarə edirdi,
onu dağların üstündən o yana aparmaq istəyirdi...
“Birdən bu anam olmaz... Axı o, çoxdan ölmüşdür... Bəlkə məni aldadıb
O Dünyaya aparmaq istəyirlər? Bəlkə getsin? Bu dünyada ona xoşbəxtlik
qismət olmadı. Görəsən, O Dünyada necə? Orada nə var? Bəlkə onu xoşbəxtlik
gözləyir orada?” – deyə huşu başına gələn Səkinə gözlərini açmaq,
evinə sarı getmək istədi... Ona elə gəldi ki, gözlərini açdı. Amma
hər yer qaranlıq idi.
“Bu Günəş hara getdi? Axı, indicə o parlayırdı? Bəlkə kipriklərim
qalxmayıb, gözümü açmamışam?” deyə fikirləşən Lal qız əliylə göz qapaqlarını
qaldırmaq istədi. Əlləri qalxmadı, sözünə baxmadı... Gözlərini açmaq
cəhdindən vaz keçərək fikrən də onları yumdu... Qəribəydi, gözlərini
yuman kimi ətraf işıqlandı, ata-anası, qardaşı yenidən peyda oldular.
Hamısının üzü gülürdü.
– “Qızım, qorxma, bizim arxamızca gəl, gedək evimizə...” deyə anası
əl elədi.
– “Axı, yeriyə bilmirəm... Gəl məni qaldır...”
– “Yox, sən özün öz xoşunla gəlməlisən. Daha sənə ayaq lazım deyil,
uçmalısan...”
– “Necə uça bilərəm? Mənim qanadlarım yoxdur, axı...”
– “Sözlə deynən uçuram, uçacaqsan.”
– “Axı dilim yoxdur mənim. Bilmirsən ki, lalam?..”
– “Sənə dil də lazım deyil. Biz səninlə sözsüz də, işarəsiz də danışa
bilərik. Hə, fikirləş ki, uçmaq istəyirsən...”
Cəkinənin əl-ayağı, bütün bədəni soyuğu, ağrını duymasa da özünü quş
kimi yüngül hiss edirdi. Görməyə adət etdiyi sarı işıqdan fərqli olaraq
azacıq maviyə çalan ağ işığa bürünmüş anasının sözünə əməl edən Səkinə
“Gəlirəm, ana!” pıçıldayaraq özünü onun ağuşuna atdı... Bu dünya ilə
birdəfəlik üzülüşdü...
İnnə Lillah, va innə ileyhi raciuun...