Dağılan tifaq
İyun ayının ilk günləri idi.
Qarabağın güney bölgəsində, Dəyirmanlı adlı kənddə iri toy mağarı
qurulmuşdu. Ətrafdakı dağlarda əks-səda verən qara zurnanın zil səsi
çayın şırıltısına qarışıb məstedici, hələ nota salınmamış xoş ahəng
yaradırdı. Və bu, kənd camaatının son günlərdəki əhvalını dəyişmişdi.
Bəlkə də elə buna görə Tapdıq kişi təmtəraqlı toy eləmək fikrinə düşmüşdü.
Bu yerlərin toylarında, adətən, gündüzlər qara zurna, gecələr balaban,
tar, kamança çalınardı. Qədimlərdə toy üç gün, üç gecə davam edərdi,
gəlini üçüncü gün gətirərdilər. Toy mağarında bir tərəfdə qadınlar,
digər tərəfdə kişilər oturardılar. İslamın qadın-kişi münasibətlərindəki
sərt tələbləri bu yerlərin toy, evlənmə mərasimlərinə tam sirayət
edə bilməmişdi. Çünki bu ənənələr daha qədim idi, xalqın içindən gəlirdi.
Qadınlar, qız-gəlinlər toya üzü açıq gələrdilər. Qızlar uzun naz-qəmzədən
sonra onları dəvət edən oğlanlarla rəqs də edərdilər. Daha doğrusu,
oğlanlar öz gözaltılarını bacıları, əmi, dayı qızları vasitəsilə oynamağa
çağırardılar... Bununla da çoxlarının sirri açılır, kimin kimi istədiyi
bəyan olurdu. Yemək-içmək üçünsə ayrı yer düzəldilirdi. Qonaqlar səhərdən-axşamadək
dəstə-dəstə yeməyə dəvət olunurdular. Kişilərlə qadınlar yeməyə bir
yerdə oturmazdılar. Kişilərin məclisində tamada seçilir, süfrəyə içki
verilirdi.
50-ci illərdən başlayaraq üçgünlük toyun bir günü ixtisara salındı.
İki gün, iki gecə çalıb oynadılar. 70-ci illərdən sonra isə mərasim
bir gün çəkdi. Bu ixtisarlar vüsala tələsən bəylə gəlinin səbirsizliyinə
görə yox, vaxt və imkana görə idi. Tapdıq kişinin öz sonbeşiyinə elədiyi
toy da bircə gün çəkəcəkdi.
Həmin gün səhər Bakıdan çıxmış avtobus bu toya gözəl bir qız gətirirdi.
Və o qızı toyda səbirsizliklə gözləyirdilər. Yox, o bu toyun gəlini
deyildi. Gözlənilən qız bəyin yaxın qohumu idi. O, gəlinin sol yanında
oturacaqdı.
Tarix boyu neçə-neçə toyun şahidi olmuş Qozluçay isə öz işində idi.
Mənbəyini bulaq sularından götürən bu kiçicik çay böyük çaylara –
Araza, Kürə qovuşmadan onca kilometrdən sonra ömrünü başa vururdu.
Kiçikliyinə baxmayaraq neçə dəyirmanı işlədən bu dağ çayı sağ və solundakı
kəndlər üçün həyat mənbəyi idi. Qozluçayın əvvəli vardı, axırı yox...
Qozluçay hətta suyu yetişməyən aşağı obalar, dağın o üzündəki güney
kəndləri üçün də böyük əhəmiyyət kəsb eləyirdi. Onun suyu ilə becərilmiş
meyvə-tərəvəz camaatın dadına çatırdı. Bu kəndlərin buğdası Qozluçayın
işlətdiyi dəyirmanlarda üyüdülürdü. Çay boyu düzülmüş dəyirmanların
çoxu Dəyirmanlı kəndində idi.
Kiçik Qafqaz dağları çayın sularının qurtardığı yerlərdə sona yetir,
xırdalaşıb kiçik təpələrə çevrilirdi. Kəndin dibinə qısıldığı, xəritədə
adı çəkilməyən üç qardaş dağlar – Günəşli, Balyat, Quşçular dağlarına
qalxdıqda Şuşanı dövrələyən Kirs, Ziyarət silsiləsi bütün əzəməti
ilə görünürdü. Kənddən şimal-qərbə baxdıqda göz önündə gözəl bir mənzərə
açılırdı – yaşıl bağlarla çevrələnmiş, böyük amfiteatrı xatırladan
Hadrut vadisi şahbaz dağların sinəbəndi təsiri buraxırdı. Dəyirmanlı
kəndi bu vadinin girəcəyində idi və oraya gedən yol onun yanından
keçirdi. Bu yaşıl vahənin tən ortasında çox da böyük olmayan bir qəsəbə
vardı. Ruslar onu Qadrut, ermənilər isə Hadrut adlandırırdılar. Əslində
onun əzəli adı başqa idi: Hadrat. Deyilənə görə, bu adlar ərəb sözü
olan “Hadrat” kəlməsinin rusca və ermənicə variantı idi. Sözün ortasındakı
“d” səsi yalnız ərəb dilində mövcuddur və bizim “z” ilə “d” səslərinin
ortasında bir səs kimi tələffüz olunur. “Hadrat”, eyni kökdən olan
“Hadarat” sözləri bizim dildə “həzrət”, “sivillik” mənalarını verir.
Görünür ki, hələ min il qabaqlardan islamı Azərbaycana gətirən ərəblər
bu adı buraya nahaqdan verməmişlər. Bura bölgədə abad, mədəni bir
yer, Alban mədəniyyət ocaqlarından biri olmuşdur. Alban kilsəsinə
itaət edən xristianlar əsrlər boyu müsəlmanlarla dinc yanaşı yaşamışdılar.
Lakin ötən yüzillikdə Rusiya imperiyası Azərbaycanı işğal etdikdən
və 1813-cü ildə Gülüstan müqaviləsi bağlandıqdan sonra Hadrut vadisinin
yuxarısındakı müsəlman kəndləri boşaldıldı, Hadrut qəsəbəsində hərbi
qarnizon yerləşdirildi. Əhalisi çıxarılmış kəndlərin sakinləri olan
müsəlman türkləri aşağılara, suyu az olan çöllərə qovuldu. Bunun dalınca
rus iqtidarı İrandan köçürülən ermənilərin bir qismini boşaldılmış
kəndlərdə yerləşdirdi. Hadrutdan cənub-qərbə Zəngəzura qədər dağ silsilələrində
erməni kəndləri salındı. Beləliklə, Qarabağın şimalından – Ağdərə
bölgəsindən başlayaraq, Şuşadan keçərək Xocavənd və Hadrut səmtindəki
bağlı-bağatlı, saf bulaqlı münbit torpaqlar, azəri türklərinin əcdadlarının
– albanların məbədlərinin qalıqları qalmış qədim məskənlər yerli əhalidən
alınıb gəlmə ermənilərə verildi. Həmin tarixdən başlayaraq, Azərbaycan
əhalisinin əzəli dədə-baba torpaqlarından müxtəlif bəhanələrlə sıxışdırılıb
çıxarılması başlandı. Məbədlər də qriqorianlaşdırıldı.
Bu müsibət, birinci olaraq, sülh bağlanan Gülüstan kəndi civarında
baş verdi. İçərisində ermənilərin də olduğu Rusiya ordusu gözəl, səfalı
Gülüstan mahalını azəri türklərindən silah gücünə boşaltdırdı və buraya
erməniləri köçürdü. Sovet dövründə isə bu kiçik bölgə 1991-ci ilədək
məşhur daşnak-bolşevik, əli neçə minlərlə dinc müsəlman əhalisinin
qanına batmış Stepan Şaumyanın şərəfinə Şaumyan rayonu adlandırıldı.
Bu minvalla Qarabağın qədim Ağdərə mahalı – Mardakert, Xocavənd –
Martuni, Həzrət – Hadrut oldu. O zaman erməniləri buraya rus hərbçiləri
yerləşdirdikləri üçün onlar strateji yüksəkliklərdə məskunlaşdırıldı.
Bu uzaqgörənlik öz bəhrəsini sonralar verdi: 1905-07-ci, 1918-20-ci
illərdə ermənilər rus ordusunun və silahının dəstəyi ilə yeni torpaqlar
işğal etmək üçün əlverişli zirvə mövqelərindən Azərbaycan kəndlərinə
basqınlar etmişdilər. Bütün bu basqınların xüsusi səbəb və nəticələri
vardı: Rusiya imperiyası öz mövqeyinin zəifləməsi təhlükəsi ilə üzləşdikdə
tez erməniləri yerli əhalinin üstünə fısqırdırdı. Bundan faydalanan
ermənilər öz maraqlarını həyata keçirir, Azərbaycan kəndlərinin meşələrini,
kövşənlərini tutub özününküləşdirirdilər. Sovetlər birliyinin dağılması
ərəfəsində də eyni hadisə baş verdi. Rusların silahla, muzdlularla
dəstəklədiyi ermənilər Qarabağın dağlıq hissəsindəki azəri türklərinin
məskənlərinə hücum edib tutur, qeyri-bərabər döyüşlərdən salamat çıxanlar
isə qaçqına çevrilirdilər. İndi Dəyirmanlı və ondan aşağıdakı kəndlərin
də başının üstünü Hadrut tərəfdən hücum təhlükəsi almışdı.
Hadrutun qənşərindəki bu kənddə toy getdikcə qızışırdı. Qara zurna
mələyir, çoxdan şənlik görməyən gənclər beş addımlıqdakı təhlükəni
unudub şıdırğı oynayırdılar.
Toy sahibləri – Tapdıq kişi, Aysunun atası Elbəyi, anası Qönçə xanım
bərk həyəcanlı idilər. Qızı gətirmək üçün Bakıdan gələcək avtobusu
qarşılamağa göndərilmiş “Niva” maşını gəlib çıxmaq bilmirdi. Narahatlığa
səbəb yolların təhlükəli olması idi. Doğrudur, yollara Azərbaycan
döyüşçüləri, könüllülər nəzarət edirdi. Lakin ermənilərin pusqu qurub,
bir hadisə törətməsi istisna olunmurdu.
Son vaxtlaradək bu bölgədən Şuşaya “Molla Nəsrəddin yolu” deyilən
kəsə yolla ermənilərin əlində olan Qırmızı Bazar kəndindən keçib gedirdilər.
Əlli kilometr həndəvərində yol çox mənzərəli idi. Qubadlı, Zəngilan,
Zəngəzur, Cəbrayıl, Füzuli, Xocavənd bölgələrinin əhalisi də bu yoldan
istifadə edirdilər. Qədimlərdə Xudafərin körpüsündən keçib gələn Güney
Azərbaycan müsafirləri də Şuşaya, Qarabağın mərkəzinə bu yolla gedib-gəlmişlər.
Lakin 60-cı illərdən etibarən onu azəri türklərinin üzünə qapatmağa
başladılar. 1969-cu ildə Xankəndinin ortasında erməni millətçiləri
bir müsəlman türkünü döyüb, üstünə benzin töküb vəhşicəsinə yandırdıqdan
sonra iki xalq arasında münasibətlər lap ağırlaşdı, gediş-gəliş azaldı.
Beləliklə, min illər işlək olmuş bu yolu gəlmə ermənilər XX əsrin
70-ci illərində yerli müsəlman türklərinin üzünə bağladılar.
Belə münaqişələr – ermənilərin Azərbaycan kəndlərinin tarixi torpaqlarını
müxtəlif yollarla ələ keçirməsi böyüyüb respublika miqyasından çıxır,
Sovetlər birliyinin paytaxtına çatırdı. İşə qarışan Moskva həmişə
mübahisələri ermənilərin xeyrinə həll edirdi. Eyni hadisə təkcə Qarabağda
deyil, Gədəbəydə, Qazaxda, Naxçıvanda da baş vermişdi: respublika
rəhbərliyi istədi-istəmədi, buna dözməyə, razılaşmağa məcbur idi.
Onlar istəsəydilər belə Moskvanın iradəsini dəyişə bilməzdilər. Gücləri
yalnız istefa verməyə çatardı. Amma buna da kişilikləri çatmırdı.
Yalnız 1969-82-ci illərdə Azərbaycan rəhbərliyində Heydər Əliyevin
olduğu dövrdə Qarabağda da, Ermənistanla sərhəd bölgələrində də Azərbaycan
torpaqlarının alınıb ermənilərə verilməsi halları dayandırıldı. Onun
Azərbaycan rəhbərliyindən getməsindən, SSRİ-də Qorbaçov hakimiyyətinin
güclənməsindən sonra ermənilər yenidən yavaş-yavaş Azərbaycan torpaqlarını
qoparmağa başladılar.
-Gəldilər! – deyə uşaqlar həyət qapısına burulan ağ “Niva”ya tərəf
yüyürüşdülər. Bayaqdan bəri gözü yolda qalmış, xəyalı dağların üstündən
qanadlanaraq uzaq və yaxın keçmişə uçmuş bəyin əmisi Elbəyi müəllim
toxtadı, maşından enən Aysunu gördükdə dərindən nəfəs aldı. Qönçə
xanım qızına tərəf tələsdi, ana-bala qucaqlaşdılar, sanki bir neçə
günün deyil, illərin fərağını yaşamışdılar. Elbəyi arvadına həsəd
apardı. Anası istədiyi vaxt qızını qucaqlayıb əzizləyə bilirdi. Elbəyi
belə edə bilmirdi. Heç rəhmətlik atası da övladlarını dərin məhəbbətlə
istəməsinə baxmayaraq, onları nə kiçik, nə də böyük çağlarında qucaqlayıb
əzizləməmişdi. Onların nəslində adət beləydi.
– Gəlini gətiribsiniz? – deyə Aysu anasından soruşdu.
– Gətirmişik deyəndə çəpərin o üzündən bu üzünə keçirmişik. Narçiçək
səni elə arzulayır ki!...
Kişilərdən ayrılıb ona sarı gəlmək istəyən atasını görən Aysu özü
irəli yüyürdü. Ömründə birinci dəfə nədənsə ürəyində körpə kimi onun
üstünə atılıb qucaqlamaq istəyi baş qaldırdı. Amma utandı, atasının
ona sarı uzanmış əlini öpdü.
Bəli, sonralar Aysu bu istəyinə
əməl etmədiyi üçün çox peşman olacaq, özünü bağışlaya bilməyəcəkdi...
Əmisi qızının gəldiyini eşidən bəy onun pişvazına çıxdı. Onlar bir-birinə
çox oxşayırdılar. Ata-anasının madar qızı olan Aysu Ərturu doğma qardaşı
kimi sevirdi. Onların ikisinin də adını Elbəyi özü qoymuşdu. Ərtur
əmisi qızını valideynlərindən ayırıb gəlin otağına apardı.
Geyinib-kecinmiş, bəzədilmiş, yanaqlarının, dodaqlarının, qaş-gözünün
rəngini, saçlarının ətrini sanki bu dağların, bağların gül-çiçəyindən,
mer-meyvəsindən almış Narçiçək gəlin paltarında lap məlakəyə oxşayırdı.
Narçiçək Aysu ilə qucaqlaşıb öpüşdü.
– Görəsən, Ərtur son vaxtlar tez-tez zümzümə elədiyi “Qonşudan qız
sevənin, ürəyində yağ olmaz” mahnısını repertuarından çıxaracaqmı?
– deyə Aysu şaqqanaq çəkib güldü. – Bir az ətə-cana gələrdi...
– Yox, bu mahnı mənim repertuarımda daimi qalacaq, – deyə Ərtur əlüstü
cavab verdi, Aysunu üstü ləziz yeməklərlə dolu stola dəvət eləyib
bayıra çıxdı.
İstər Qozluçay kəndlərində, istərsə də dağın o üzündə keçmiş Cəbrayıl
qəzasının Balyat, Qaracallı, Süleymanlı, Doşulu, Qışlaq, Quşçular
kimi digər kəndlərində bəylə gəlin toy məclisində oturmurdular. Gəlin
məxsusi bəzədilmiş gəlin otağında qızların əhatəsində olurdu. Və yalnız
bəylə oynamaq məqamı gələndə toy mağarında camaatın üzünə çıxırdı.
Yol gəlmiş Aysu əl-üzünü yudu, gəlinlə nahar etdikdən sonra yan otağa
keçib, yol çantasını açdı, məxsusi toy üçün götürdüyü açıq çəhrayı
rəngli paltarını, hündürdaban çəkmələrini çıxarıb geyindi. Ayrılmaz
sirdaşı olan əl çantasını da qıfılı rəqəmlərlə bağlanıb açılan yol
çamadanının içərisinə qoyub örtdü.
– Hə, indi əmim oğlunun toyunda axşama qədər oynamağa hazıram, – deyib
Narçiçəyin boynunu qucaqladı. Elə bu vaxt Ərtur otağa qayıtdı, üzünü
Narçiçəklə Aysuya tutub dedi:
– Hamı bizim oynamağımızı istəyir. Hazırsınızmı?
– Hazırıq! – deyə Aysu sevinclə cavab verdi. Onlar qapıdan çıxıb hələ
mağara çatmamış qocanın da, cavanın da ürəyini atlandıran, hər bir
azərbaycanlını həm kövrəldən, həm sevindirən, yaşlıların “Gəlin atlandı”
da adlandırdıqları “Vağzalı” çalındı. Bu oyun havası kimisinə illərin
arxasında qalmış gəncliyini xatırladır, kimisinə oğul-qızının toyunu
yada salır, hələ evlənib ərə getməyənlərə isə gələcək ailə xoşbəxtliyindən
xəbər verirdi.
Məclisdə hamı gəlinlə bəyin meydana girib oynamasını gözləyirdi. Sanki
bəylə gəlin hər gün gördükləri Ərtur, Narçiçək deyil, uca göylərdən
enmiş bir cüt mələk idi. Gerçəkdən, onlar bu gün adilikdən çıxmışdılar.
Üzlərində təsviri mümkün olmayan elə xoşbəxt bir ifadə vardı ki, sanki
hər ikisi Böyük Yaradanın bu toy günündə onlara bəxş etdiyi əzəmət,
şərəf aurasına bürünmüşdülər. Böyük Yaradan bunu hamıya bəxş etmir.
Bu misli-bərabəri olmayan mükafatı almaq üçün ailə quran iki nəfər
gərək öz daxili təmizliyini, saflığını, bir-birinə qarşı etibarını,
vədini qoruyub saxlasın. Çünki ailə həyatın mayasıdır, əsasıdır. Və
bunun üçün də o müqəddəsdir. Bu xalqın anaları bu müqəddəsliyin birinci
şərtini min illərlə qoruyub saxladıqları adət-ənənələrdə görürlər:
qızları doğulandan adlarına cehiz yığan analar onları bəd nəzərlərdən
qoruyur, qızılgül butası kimi bakirə övladını ər evinə təhvil verməyi
özlərinin ən ümdə, şərəfli borcları bilirlər. Atalar üçün böyüdüb
ayaq üstə qoyduğu, ər kimi yetişdirdiyi oğlunun toyunu etmək ən böyük
qürur, fəxr və niyyətdir.
Mağarın ortasındakı açıq meydançaya girən bəylə gəlin oynamağa başladılar.
Ərtur qollarını yuxarı qovzadıqda, sanki qartal havaya qalxdı... Narçiçək
incə əllərini qaldırdıqda, sanki bir cüt ağ göyərçin qanad çalıb havada
süzməyə başladı. Aysu da qollarını açıb, çəhrayı kəpənək kimi qoşa
gülün dövrəsində dolandı. Məclis bu gözəllikdən, harmoniyadan heyrətə,
vəcdə gəldi.
Kimsə özünü saxlaya bilməyib sevinclə hayqırdı: Açılma sabah, banlama
xoruz!...
Bu yerlərdə toylar adətən, taxıl biçinindən, yazın son ayından başlayar,
payızın əvvəllərinədək davam edərdi. Qısa yay gecələrində məclis çox
zaman dan yeri sökülənəcən uzanardı. Çünki gündüzlər iş-güc sahibi
olan kənd camaatının çoxu toya axşam gələrdi. Toylar o qədər şən keçərdi
ki, adamlar “sabahın açılmamasını, xoruzun banlamamasını” arzulayırdılar.
Bu toyunsa sabahı açılmayacaq, xoruzu banlamayacaqdı... Gəlinin də
duvağı üzündə qalacaqdı...
Hələ ki, toy davam edirdi... Bəyin, gəlinin qohum-əqrabaları bir-birinin
dalınca ortaya girirdi. Onlar gətirdikləri hədiyyələri gəlinə təqdim
edib oynayırdılar. Bu hədiyyələr qızıl zəncir, üzük və qiymətli boyunbağıdan,
paltar, parça, yaylıq və s. ibarət idi. Aysunun anası Qönçə xanım
mirvari boyunbağını Narçiçəyin boynundan asıb, üzündən öpdü, “bütün
subaylarımıza qismət olsun” – deyib qol götürüb oynamağa başladı.
Bir azdan meydança doldu, dövrə vurub oynamaq namümkün oldu, hamı
elə durduğu yeri “tapdalayır”, əl-qolunu oynadırdı. Bayaqkı gen-bolluq
itmişdi. Rəqs edən analar, xala-bibilər, əmi-dayılar, qohum-əqraba
illərlə ürəklərində gəzdirdikləri arzularını yerinə yetirirdilər.
Bəylə gəlin “ağır oturub batman gəlmək” atalar öyüdünə uyar ayaq saxladılar,
ortalıqdan çıxmaq istəyəndə toybaşı bəyə yaxınlaşıb onları məclisin
başında məxsusi hazırlanmış stola dəvət edib dedi:
– Buyurun, bir az da özünüz öz toyunuza tamaşa eləyin.
Bəylə gəlinin mağarda oturması toy qaydalarına son zamanlar daxil
edilmişdi. Lakin yenə təvazökar olmaq lazım gəlirdi. Gəlin bir-iki
saatdan sonra yenidən gəlin otağına çəkilir, bəy dostların dövrəsinə
düşür, bir də gecə yarısı toyun sovulmasından qabaq ortaya çıxırdılar.
Toy məclisi, adətən bəyin təriflənməsi ilə başa çatırdı.
Yaxşı olur bu yerlərin halvası,
Bizə xələt versin bəyin ... xalası.
Göydə bir ulduz var, adı Talıbdı,
Mənim xələtim bəyin ... əmisində qalıbdı.
Dedim ay bəy, toyun mübarək olsun,
Sağdışına, soldışına borc olsun.
Xanəndə bəyi belə təriflərdi
və bu tərifin uzun-qısalığı bəyin yaxınlarının, dostlarının siyahısından,
verəcəyi ənamdan asılı idi...
Lakin bu toyda bəy təriflənməyəcəkdi... Bəyin bibisi, xalası, dayısı
aşıqlara xələt verə bilməyəcəkdi.
Hələ ki, toy davam edirdi... Cavan xanəndə lap Ağabala kimi zildən
də, pəsdən də gözəl oxuyurdu... Toya gələnlər bu gün dərd-qəmlərini
unudaraq şənlənirdilər. Xanəndə bu tərəflərdə “Ağabalanın zabulu”
deyilən “Zabul segahı” oxuduqda məclisə sanki su ələndi. Xüsusilə
yaşlılar, 60-cı illərdə dünyasını dəyişmiş Ağabala kişini xatırlayaraq
kövrəldilər... Qarabağın bu bölgəsində doğulmuş məşhur xanəndənin
yaratdığı məktəb ölümündən sonra da yaşamaqda davam edirdi...
Hələ dağılmamış kolxozun sədri Qasım kişi vəcdə gələrək ortaya atıldı,
klarnet çalanın qarşısındakı stola bir çəngə pul atıb ucadan dedi:
– Ə, bərk filə! Qoy bizim toyun səsi erməniləri yandırıb yaxsın. Qoy
görsünlər ki, biz qorxmaz xalqıq, kefimizdən qalmırıq, – sonra üzünü
toybaşına tutdu: – Əyə, gedin o əsgərləri də çağırın gəlsinlər toya,
gələ bilməyənlərə yemək-içmək aparın.
Qasım kişi kəndi ermənilərdən qoruyan, postda dayanmış Azərbaycan
əsgərlərini və könüllülərini nəzərdə tuturdu.
Onun sözlərindən ruhlanan xanəndə “Qarabağ şikəstəsi” üstə bir bayatı
oxudu:
– Əzizinəm, yenə gül,
Yenə bülbül, yenə gül.
Dəryaca dərdin olsa,
Düşmən görsən, yenə gül.
Əzizim, qara bağlar,
Ağ salxım qara bağlar.
Qürbət eldə qalanın,
Ürəyi yara bağlar.
Xanəndə pis oxumurdu, tarzən
də yaxşı çalırdı. Amma heç biri Elbəyinin qəlbindəki sarı simə vura
bilmirdi. O, Qarabağ şikəstəsini yalnız Xanın və Şövkət xanımın ifasında
dinləyəndə bütün varlığı ilə uyuyurdu...
Toy yaxşı keçirdi, ölümü, qanı, müharibəni bir günlüyə unutmuş kənd
camaatı şənlənirdi. Elbəyininsə qırışığı açılmırdı. Hesab eləyirdi
ki, düşmən toplarının tuşlandığı kənddə indi belə təmtəraqlı toyun
vaxtı deyil. Və öz fikrini də gizlətməmişdi: iki gün öncə toyqabağı
məsləhətləşmədə demişdi...
El adətincə bir-iki gün qabaq toy yiyəsi erkək kəsib qohum-əqrabanı,
kəndin başbilənlərini evinə yığar, məclisi necə yola vermək üçün məsləhətləşmə
aparardı. Toybaşıdan tutmuş çayçıya qədər bütün vəzifələri burda bölərdilər.
Elbəyi buna görə də, bəyin əmisi kimi, toydan üç gün əvvəl gəlmişdi...
Təşrif buyurduqca toy yiyələrinə gözaydınlığı verən qonaqlar tamam-kamal
yığışdıqdan sonra Tapdıq kişi hamıya müraciətlə demişdi:
– Möhtərəm qohumlar, xoş gəlib səfa gətiribsiniz. Bildiyiniz kimi,
bizim sonbeşiyin başın bağlamaq istəyirik. Son zamanlarda ara yaman
qarışıb. Məsləhət nədir? Neynəyək? Nə deyirsiniz, toyu aşıqlı eləyək,
yoxsa müsəlmani?
Hamının nəzəri Elbəyi müəllimə dikilmişdi. Təkcə bəyin əmisi kimi
yox... Qozludərə camaatı onu, Bakıda yaşasa da, bu el-obanın ağsaqqalı
sayırdı. Kəndə yol çəkməkdən tutmuş kəhrizləri təmir etdirməyədək,
uşaqları harda oxutdurmaqdan başlamış onlara elçi getməyədək, vacib
nə iş olurdusa onun üstünə qaçırdılar...
Elbəyi müəllim əlindəki çayını içə-içə bir az fikrə getdi. O dura-dura
kiminsə qabağa düşüb söz deməsi yersiz olardı.
Bu bölgədə toy çalğıçılarına “aşıq” deyərdilər. Lap əvvəllər, şan-şöhrəti
bölgənin cənubundakı Diridağdan çox uzaqlara yayılmış Aşıq Qurbani
dövründən bəri burada toyları sinəsi sözlü, sazlı aşıqlar aparardılar.
Çalğıçılar bir az kölgədə qalardılar. Ötən yüzillikdə maraylanlı Aşıq
Pərinin, bu əsrin əllinci illərinədək çalıb-çağırmış daşkəsənli Aşıq
Humayın nəfəsləri hələ bu ellərdə dolaşırdı... Və nə qədər ki, o ustadların
gəzib söz qoşduqları bu dağlarda, oylaqlarda öz milləti yaşayırdı,
onların ruhları da əbədi yaşayacaqdı... Son dövrlərdə aşıq qıtlığından
toyları istedadlı xanəndələr, çalğıçılar aparsalar da hamısını elə
o adla çağırırdılar.
“Müsəlmani toy” deyəndə çalğısız və içkisiz məclis nəzərdə tutulurdu.
Bunu, adətən, toyqabağı yası düşənlər, dindarlar, lap imkansızlar
eləyərdilər. İkinci Dünya Savaşından, repressiyalardan sonra belə
toy çox nadir hallarda olardı. İkinci dəfə evlənib ərə gedənlər üçün
də aşıqsız toy edilirdi, amma içki verilirdi.
– Xeyir işi saxlamazlar, amma indi vəziyyət bütün ölkədə ağırdır...
Bakının özündə də çox xeyir işləri təxirə salırlar. Biz də belə yol
ayrıcında qalmışıq. Yarım ildir uşaqların kəbini kəsilib, nişanları
olub... Bəlkə heç çox hay-küy qaldırmayaq, elə aşıqsız, müsəlmani
bir məclis quraq?!– deyə Elbəyi öz fikrini bildirmişdi.
– Müəllim, aşıqsız niyə? Dul-zad deyillər, ha! Onlara elə toy eliyəjəyik
ki, səsi Qozludərədən də o yanlara yayılsın, Qaradağlıdan, Taqəsərdən,
Tağdan, Tuğdan tutmuş Balyat–Qarajallıyadək el-oba tamaşasına gəlsin,-deyə
bəyin ana tərəfdən qohumu Qasım kişi birinci dillənmişdi. Qasım kişinin
sözü kənddə ötərli idi. Çağırılanların çoxu onun tərəfini saxlamışdı.
Elbəyi məcbur olub geri çəkilmişdi:
– Yox, mən etiraz eləmirəm, qərar sizinkidir. Kənddə yasa düşənlər
çoxdu... Vəziyyət hər saat daha da mürəkkəbləşə bilər.
– Müəllim, qapı-qapı gəzib, bütün yaslılardan icazə almışıq.
– Çox yaxşı. Bayaq Tağın,Tuğun adını çəkdiniz. Kirvələri toya çağıracaqsınızmı?
Qasım kişi tez cavab verməmişdi. Elbəyinin tanımadığı gənc oğlan yan-yörəsindəkilərin
rəyini bildirmişdi:
– Axı, ermənilərin toyda nə işi var?! Bizimki onlarla qurtarıbdır.
Qasım kişi səsini bir balaca qaldırıb cavanların üstünə çəmkirmişdi:
– Ə, bəsdirin! Bu ermənilər o ermənilərdən deyil. Bunların çoxu sonradan
erməniyə dönmədilər.
Kiminsə yerindən atdığı “ilanın ağına da lənət, qarasına da” atmacasını
qulaqardına vuran Qasım kişi üzünü Elbəyiyə tutub demişdi:
– Professor, kirvələrimizə gəlincə, dəvətnamələr göndərmişik. Xəbər
yollayıblar ki, vəziyyət ağırdır, türklərlə əlaqə saxlayanları möhkəm
cəzalandırırlar, casus adlandırırlar. Toyumuz kirvələrsiz keçəcək.
Düşmənlərin acığına gərək çox yaxşı toy eləyək. Camaat neçə vaxtdır
şənlik görmür. Onlarda ruh yüksəkliyini qaldırmaq gərəkdir.
– Orası elədir. Bəs təhlükəsizlik məsələsi? Axı, bizim kənd ön xətdədir,
daim atəş altdadır! – deyə Elbəyi israr etmişdi.
Qasım kişi arxayın halda onu inandırmağa çalışmışdı:
– Uşaqlar möhkəm dayanıblar. İki topumuz Hadruta tuşlanıb. O yan –
bu yan eləsələr, atalarını yandırarıq. Üç gün əvvəl Surətin göndərdiyi
dörd nəfər gəlmişdi. Müdafiə mövqelərimizlə, atəş nöqtələrimizlə,
toplarımızla maraqlanıb baxdılar. Bəyəndilər, hələ bizə əlavə silah-sursat
göndərməyi də vəd elədilər.
Eh, sadəlövh insanlar!.. Çox yox, bircə gün sonra bilinəcəkdi ki,
Azərbaycan zabiti mundirini geyinərək, saxta sənədlə kəndə gəlmiş
həmin hərbçilər erməni kəşfiyyatçıları imişlər. Onların erməni olmalarını
çöldə hinduşka otaran məktəbli qızcığaz yaymışdı. O, kənddən çıxıb
geri dönən bu adamların öz aralarında ermənicə danışdıqlarını eşitmiş,
qaçıb anasına xəbər vermişdi. Kəndin başbilənləri, içərisində Qasım
kişi də olmaqla, qızcığazın xəbərinə məhəl qoymamışdılar. Möhürlü,
imzalı sənədlər göstərən, çiyni səkkizguşəli ulduzlu, azərbaycanca
təmiz danışan hərbçilərin erməni kəşfiyyatçıları olduğu ağıllarına
belə gəlməmişdi...
Əlqərəz, Elbəyi çoxluğun əleyhinə gedə bilməmişdi. Bir-biri ilə cəlgəşik
qohum olan kənd əhli beş bacının üstündə tapılmış sonbeşik Ərturun
toyuna çoxdan hazır idi. Beləliklə, təntənəli toy mərasimi baş tutmuşdu.
İnsanlara bəxş etdikləri bu sevincdən Elbəyi fərəhlənsə də, bir yanı
çəkəcəkli idi, narahatçılıq onu tərk etmirdi. Buna görə də Qasım kişiyə
yaxınlaşıb qulağına nəsə pıçıldadı. O, gülərək bərkdən:
-Müəllim, erməni qələt eləyər, bizim kəndə ayaq basmağa cürəti çatmaz,
– dedi. Sonra toybaşına yeni göstəriş verdi:
– A bala, bir “Heyvagülü” çaldır. Durna nənəni gətir, kötücəsinin
toyunda oynasın, bu hamıya qismət olmur, qoy ibrət götürsün cavanlar.
Qozluçay dərəsindəki kəndlərin ən maraqlı adamlarından biri Qarannı
soyundan olan Balyatdı qızı Durna nənə idi. Nə zaman doğulduğunu bilmirdi.
Amma birinci uşağı Sinəxanımın Nikolay taxtdan salınanda beş yaşı
varımış. Onun yaşını elə qızının doğum ili ilə təyin etmişdilər. Onu
da deyirdi ki, ərə gedəndən sonra bir neçə il uşağı olmayıb. Hətta
əri Məşədi Məmiş uşağa görə istəyirmiş üstünə arvad alsın. Durna da
Allahından imdad alıb, bir-birinin ardınca ərinə iki qız, üç oğlan
bəxş edibdir. Durna dövrünə görə çox gözəl, istedadlı qadın olubdur.
Ucaboy, mütənasib bədənli, qaz boynu kimi uzun boğazlı Durna hələ
əsrin əvvəllərində toylarda üzü açıq oynayarmış. Tərəkəmə tayfalarından
olan Qarannı soyunun qadınları da kişiləri kimi qoçaq, mərd, sözübütöv
idilər. Gözəl dərzi olan Durna nənə əsrin əvvəllərində Almaniyadan
gətirilmiş “Zinger” maşını ilə uzun müddət ətraf kəndlərin qız-gəlininə
paltarbiçdi eləyib, neçə-neçə gəlini bəzəyib-düzəyib el arasına çıxartmışdı.
Deyilənə görə gözəl at minirmiş. Qarannılar bir az davakar olduqları
üçün onlara sataşmaq hər oğulun işi deyildi. Durnanın təhsil almış,
gözəl şəkillər çəkən, pəhləvanlıq eləyən böyük oğlanları İkinci Dünya
Savaşından qayıtmadılar. Üçüncü oğlu isə Bakıda sovet milisində qulluq
edirmiş, hələ müharibədən əvvəl oğrularla atışmada öldürülmüşdü. Durna
nənəni bu ağır dərdə dözməyə vadar edən, yaşadan nəvələri olmuşdu.
Üç oğlunun yetimlərini Durna öz tikiş maşını ilə saxlayırmış. Amma
özü küləcə, arxalıq, çəfkənini Qarakollu Ocaqqulu kişiyə tikdirərmiş.
Həmişə də Ocaqqulu kişinin üzünə deyərmiş ki, sən Allah, çalış ölmə!
Sən öləndən sonra bunları mənə kim tikəcək?... İş belə gətirdi ki,
60-ci illərdən sonra qədim milli geyimləri nə tikən oldu, nə də geyən.
1918-ci ildə gəlmə ermənilər yerli əhalinin yaşadığı kəndlərə hücum
eləyəndə Qarannı qızı Durna Səfəralı yüzbaşının yanına gəlib ki, ona
da bir iş tapşırsın: quşu gözündən vura bilməsə də, düşməni alnından
vurar.
Müdrik, təmkinli, ədalətli bir insan olan Səfəralı yüzbaşının el arasında
böyük hörmət və nüfuzu vardı. Osmanlı türkləri Cəbrayıl qəzasına köməyə
gələndə, dəstənin başçısı beş para güney kəndinin yüzbaşısı Səfəralı
kişi ilə görüşür, gənc zabiti və əsgərləri ona təqdim edir, sonra
isə əlini Balyat, Quşçular dağlarına uzadaraq deyir:
-Əfəndim, erməni gavurları o dağları tutub bu üzə aşsalar, siz də
bu zabitlə bərabər güllələnəcəksiniz. Bu dağlar tutuqlansa, kəndlər
atəş altda qalar, burada yaşam mümkün olmaz.
Səfəralı yüzbaşı ətraf kəndlərdən döyüşkən igidləri, oğlu Yusif də
onların içində, səfərbər edib gənc osmanlı zabitinin ixtiyarına vermişdi.
O, həmçinin, dağlardan enməyən əsgərlərin yemək-içməyini bola-bol
təmin eləyirdi. Səfəralı yüzbaşının oğlu Yusif də bu döyüşlərdə şəhid
oldu.
Amma o zaman ermənilər bu dağları aşa bilmədilər. 60-70-ci illərə
qədər həmin müdafiə istehkamları – səngərlər, yeraltı qazmalar hələ
də dururdu!..
Səfəralı kişi mütəəssir halda Durnaya “Mənim aslan qızım, biz hələ
ölməmişik ha, sən vuruşasan, get qızları yığ başına, əsgərlərə yemək
bişirin, qatıq çalın, çətənəli qovurğa qovurun, onların paltarlarını
yuyun”, demişdi.
... Nəhayət, Durna nənəni məclisə gətirdilər. O, əvvəlcə xeyir-dua
vermək üçün gəlinlə bəyə yaxınlaşdı, gəlinin üzündən öpdü, kötücəsi
Ərturun boynunu qucaqlayıb dedi:
– Allah mənə ömür verdi, ölməyib toyunu gördüm, bala. – Sonra Aysunu
– ən sevimli, ona oxşayan kötücəsini qucaqladı: – Sənin də toyunu
görsəydim, daha bu dünyada kamım qalmazdı, – söyləyib meydana girdi...
Ey sirrini heç kəsə verməyən, nə önü, nə sonu bilinən dünya! Durna
nənə kötücəsinin toyunu gördü, amma xoşbəxtliyini də görə biləcəkdimi?!...
Durna nənə qollarını qaldırıb oynamağa başlayanda tamam başqa adam
oldu. Onun əyilib qozlanmış beli dikəldi, bükülmüş qolları şax açıldı,
balacalaşmış gözləri iriləşdi, üzündəki xəfif qocalıq kədərini ilıq
bir təbəssüm əvəz elədi, yanağının qırışları elə bil çəkildi, boyu
uzandı. Musiqi sədaları, bu məclis sanki onu əlli il cavanlaşdırdı.
Durna nənə sındıra-sındıra narın addımlarla dövrə vururdu. Elə bil
ki, o, yeyin, kişilərə xas olan sərt hərəkətlərlə oynayan qızlara
dərs verib necə oynamağı öyrədirdi. On taxtalıq, qırçınlı uzun tumanı
topuğundan aşağı düşür, ayaqlarını görünməz edirdi. Durna nənə oynadıqca
küləcəsinin üstündəki qədim gümüş pullar rəqsə və musiqiyə həmahəng
xəfifcə cingildəyirdi. O, hələ əsrin əvvəllərində gəlin gedərkən ərinin
bağışladığı gümüş kəməri belinə taxmış, qızıl papağını başına geymişdi.
Yaşlıların dediyinə görə, Durna nənənin bədən quruluşu dəyişməmişdi,
cavanlığında necə idisə təxminən elə də qalmışdı. Bunu elə 50-60-cı
illərdə tikdirdiyi, indi də geyindiyi paltarlarından da bilmək olurdu.
Doğrudur, diqqətlə baxdıqda paltarların indi əyninə bir balaca lax
oturduğu hiss olunurdu. Lakin bunu hamı görə bilmirdi. Onun anası,
Ağdamın Kosalar kəndindən Balyata gəlin köçmüş bəyaz üzlü, sərv boylu,
qumral saçlı seyid qızı Sayat da dərin qocalağına qədər qəddi-qamətini
saxlamış, sifətində qırış-zad əmələ gəlməmişdi.
Durna nənə oyunu ilə hamını heyran etmişdi. Sanki tarix muzeyinin
eksponatını diriltmişdilər... O, XIX əsrdən XX əsrin sonlarına qonaq
gəlmişdi.
Xanəndə segah üstə oxudu:
– Bülbülü gülşəndən etdi,
Göz yaşını dən-dən etdi,
Axır səni məndən etdi
Naşı dolana-dolana.
Sayat Novanın sözünə
Sənsiz el gəlməz gözünə,
Qayıtdı dəydi özünə
Daşı dolana-dolana.
Xanəndə üç xalqın aşığı sayılan Sayat Novanın qoşmasındakı “Qayıtdı
dəydi özünə, daşı dolana-dolana” beytini təkrarlayıb xüsusi eyhamla
oxudu. O, bununla ermənilərin qonşularına atdıqları daşın bir gün
qayıdıb özlərinə dəyəcəyinə işarə eləyirdi. Erməni köklü Sayat Nova
Qafqazda dostluq misalı sayılırdı. O, üç dildə yazıb yaratsa da ən
çox şerləri azəri türkcəsincə idi. Çünki azəri türkcəsi şer-sənət
dili kimi qonşularıyla müqayisəedilməz dərəcədə püxtələşib inkişaf
etmişdi. Sayat Nova azərbaycan aşıq şerinin çeşidli formalarında nəğmələr
qoşmuşdu. Onun gəraylı, qoşma, təcnis, müxəmməs və bayatıları toylarda
çox oxunurdu.
...Və birdən yer-göy elə guruldadı ki, qara zurnanın, nağaranın səsini
eşidilməz etdi... Ağacdakı quşlar perikərək üzüaşağı uçdular... İtlər
zingildəyərək gizlənməyə yer axtardılar... Çəmənlikdə sakitcə otlayan
çidarlanmış atlar kişnəyərək şahə qalxdılar. Körpə uşaqlar qorxularından
analarının qoynuna sığındılar... Mağaradakıların sifətlərindəki xoşbəxtliyi
təlaş, həyəcan əvəz elədi... Qulağı ağır eşidən Durna nənə də diksindi...
Sanki dağ-daş yerindən qopurdu, dünya indicə dağılacaqdı... Pompeyin
son günü idi...