Aslanın erkəyi-dişisi olmaz
Darvazaya yaxınlaşan İvan keşikçiləri
görməyib təəccübləndi. Ona görə də sürücüyə motoru söndürməmək, nişançıya
döyüşə hazır olmaq göstərişi verdi, özü isə avtomatını əlinə götürdü.
“Bəlkə keşikçi tualetə gedibdir?” – deyə fikirləşən İvan bir-iki dəqiqə
gözləyib siqnal verdirdi. Qapıya heç kim yaxınlaşmadı. Adətən, motor
səsini eşidən Aksana, az qala keşikçilərdən qabaq onun pişvazına çıxardı.
Saşa istirahət saatlarında da onu qarşılar, sabaha göstərişlər alardı...
İvan qəti əmin oldu ki, nəsə baş vermişdir. Həyətin o başında, əlli
addımlıqdakı evin birinci mərtəbəsinə, sonra ikinci qata zəndlə baxmağa
başladı. Pilləkənlərin üstündəki balkona çatdıqda bilaixtiyar öz-özünə
“Stop!” komandası verdi. Avtomatın qara lüləsi onlara sarı tuşlanmışdı.
İvanın rəngi saraldı... Bu kim ola bilərdi? Bəlkə azərbaycanlılar
Aysunu azad eləmək üçün desant endirmişlər? Yox, bu mümkün deyil.
Nə qurudan, nə də havadan bunu bacarmazlar. Havadan vertolyotu əlüstü
vurarlar. Quru yolla məsafə uzaqdır. Onlar birtəhər gələ bilsələr
də, gedə bilməzlər. Həm də günün günorta çağı... Mümkün deyil... Onun
evini üç əsgər – Saşa və iki erməni əsgəri qoruyurdu. Hərdən qəsəbəyə
başmaq seyrinə çıxması istisna edilməklə Aksana həmişə evdə olurdu.
Erməni əsgərlərindən fərqli olaraq Saşanın getməyə, gəzməyə bir yeri
yox idi. Tutaq ki, erməni əsgərləri harasa əkiliblər, Aksana qəsəbəyə
enibdir. Bəs Saşa? Axı, belə hallarda o həmişə ayıq-sayıq halda evdə
olurdu?!
İvan hər ehtimala qarşı, ratsiya ilə birbaşa qarnizon komendantına
ÇP baş verməsi, qarovulxanada keşikçi əsgərlərin yoxa çıxması, evinə
silahlı basqın edilməsi barədə məlumat verdi.
– Mənim sərəncamımda BTR, iki əsgər var. Çalışacağam həyətə girib
məsələni aydınlaşdırım. Gücümüz çatdı-çatmadı, sizə əlavə məlumat
verəcəyəm.
Əslində İvan istəmirdi ətrafında hay-küy yaransın, kənar adamlar onun
rezidensiyasına girsin. Buna görə çalışırdı ki, özü tədbir görsün.
O, sürücüdən darvazaya bir az yaxınlaşmağı tələb elədi. Sonra nişançıya
arxadan düşüb, hasarın atəş tutmayan dibi ilə darvazaya yan alıb alaqapının
açıq-bağlı olub-olmamasını yoxlamağı tapşırdı... Özü isə onun yerini
tutub pulemyotun arxasına keçdi.
Nişançı əmri yerinə yetirdi: piyadaların giriş-çıxışı üçün qoyulmuş
kiçik alaqapı açıq idi. İvan ratsiya ilə nişançıya göstəriş verdi
ki, həyət tərəfdən iri pəncərəsi olan keşikçi otağına keçsin, ordakı
vəziyyət barəsində məlumat versin, amma çalışsın ki, onu pəncərədən
görməsinlər.
Göstərişə əməl eləyən əsgər məlumat verdi ki, otaqdakı kiçik tranzistor
Yerevan üstə işləyir, əsgərin üst geyimi divardan asılıb, stolun üstündə
ermənicə açıq kitab var.
– Məsələ aydındır. Çalış gör, darvazanı aça bilərsənmi? Bunun üçün
həyətə çıxan qapı ilə darvazanın küncündə dayan. Əlini uzatsan uzun
cəftəyə çatacaq, onu yuxarı qaldırıb özünə tərəf çək, vəssalam!
Nişançı əmri yerinə yetirməyə başladı. Amma əlinin cəftəyə çatması
və onu yuxarı qaldırması üçün bir az qabağa çıxmağa məcbur oldu.
Bu zaman avtomatın lüləsi yuxarı qalxdı, havaya xəbərdarlıq atəşi
açıldı. İvan nişançıya geri qayıtmağı əmr elədi. Bircə dəqiqədən sonra
maşında öz yerini tutan nişançı dedi:
– Cənab podpolkovnik, o kimsə, naşıdır, həm də kimisə vurmaq niyyəti
yoxdur. Yoxsa havaya yox, mənə atardı gülləni.
– Doğru deyirsən, mən də o fikirdəyəm. Malades, yaxşı işlədin, darvazamız
açıqdır. İndi asanlıqla həyətə girə bilərik. Sən çalış pilləkənin
üstündəkini nəzarətə götür. Yalnız çıxış yolu olmasa, müqavimət göstərsə,
onu aradan götürmək lazımdır...
Lakin bütün bunlara ehtiyac olmadı... Birinci mərtəbədəki otağından
çıxan Saşanı gördükdə İvanın matı-qutu qurudu... Sonra biləcəkdi ki,
postu Qurgenə təhvil vermiş Saşa təxminən iki saat öncə onun bağışladığı
tut arağını içib dərin yuxuya gedibmiş. Güllə səsi eşidən kimi oyanmış,
hövlnak avtomatını götürüb həyətə çıxmışdı...
Saşa darvazanın arxasında motor səsini eşidən kimi irəli yüyürdü,
qarovulxanada Qurgeni görməyib, özü bayıra çıxdı. Maşından yerə düşən
İvan Saşanı yağlı söyüşlə qarşılayıb evdə nə baş verdiyini soruşdu.
Dili-dodağı təpiyən Saşa anasının qəsəbəyə düşdüyünü, özününsə növbəni
Qurgenə təhvil verib dincəldiyini söylədi.
Bir az hirsi soyuyan İvan Saşanı qısa surətdə məsələdən hali eləyib,
evə basqın olduğunu, eyvandan onlara sarı avtomat lüləsinin tuşlandığını,
bayaqkı atəşin də evdən açıldığını söylədi.
– Bəs onda məni niyə vurmadılar? – deyə Saşa kəkələdi.
– İndi özün yuxarı qalxarsan, niyə səni gəbərtməmələrini soruşub mənə
xəbər verərsən.
– Oldu, cənab podpolkovnik, – deyə Saşa günahını yumaq, sədaqətliliyini
bir daha sübut eləmək üçün irəli cumdu.
– Ehtiyatlı ol, avtomatı atəşə hazır tut! – deyə ona acıyan İvan arxadan
qışqırdı.
Yavaş-yavaş pilləkənlərə yaxınlaşan Saşa silahını sinəsinə sıxıb əyilə-əyilə
yuxarı qalxmağa başladı.
– Saşa, bu sənsənmi? Bəs indiyəcən haradaydın? O gələnlər kimlərdir?
– deyə bayaqdan onu izləyən Aysu heysiz-heysiz soruşdu.
Saşa Aysunun şikayət dolu zarıltısını eşitdikdə bir anlığa donub qaldı,
sonra avtomatını aşağı saldı, pillələri iki-iki çıxaraq dedi:
– Aysu xanum, qorxmayın, bu mənəm, gələnsə İvandır.
Aysunun cavablıq halı yox idi. Onun yanına qalxmış Saşa şaşqınlıqla
soruşdu:
– Nə baş vermişdir? Sizi kim vurmuşdur? Köynəyinizi kim cırmışdır?
Saşa ilk əvvəl aşağı əyilib onun kilidlənmiş barmaqlarını ehmalca
avtomatdan ayırdı, silahı əlindən aldı, bayaqdan bəri çöməltmə oturmaqdan
ayaqlarını qan tutmuş qızın qolundan tutub qaldırdı...
Məhəccərə söykənən Aysu pıçıltıyla xahiş elədi:
– Mənə su ver, xahiş edirəm...
– Bu dəqiqə! – deyə Saşa içəri cumdu.
Aysunu Saşayla görən İvan şaşırdı, bilmədi sevinsin, yoxsa qəzəblənsin...
O, BTR-ə hələ gözləməyi əmr eləyib evə sarı yüyürdü...
Bircə dəqiqəyə özünü ikinci mərtəbəyə çatdıran İvan içəridən suyla
çıxan Saşanın əlindən stəkanı aldı, ayaq üstə dayana bilməyib döşəməyə
çökmüş Aysuya uzatdı:
– Aysu xanum, buyurun, için, qorxmayın, sizi daha heç bir təhlükə
gözləmir.
Bir az toxtamış Aysu sol əliylə köynəyinin cırılmış yaxasını tutub,
o biri əliylə stəkanı aldı, zərbədən partlamış dodaqlarına yaxınlaşdırdı,
suyu axıra qədər içdi.
İvan qızın cırılmış paltarına, şişib qançırlamış dodaqlarına, zərbədən
qızarmış sifətinə, qanlı əllərinə baxdı. Onun gözünün altı da şişib
qaralmışdı.
– Səni kim bu hala salıb? Mənə söylə, onu öz əlimlə güllələyəcəm!..
İvanın səmimi dediyi bu sözlər özünə gəlmiş Aysunu kövrəltdi... O,
daha özünü saxlaya bilməyib hönkürdü, başı ilə içəriyə işarə elədi.
İvan heç vaxt Aysuya belə acımamışdı, onun köməksizliyini indiki qədər
duymamışdı. Qızın göz yaşları onu riqqətə gətirdi, avtomatını ayağa
çəkib, bayaqdan əmrə müntəzir dayanmış Saşadan soruşdu:
– İçəridə bir kəs gördünmü?
– Yox, yoldaş podpolkovnik, – deyə Saşa kəkələdi.
– Demək, yaxşı baxmayıbsan. Atəşə hazır vəziyyətdə içəri gir, hadisəni
törədən evdədir.
Saşa avtomatını sinəsinə sıxıb ehtiyatla içəri keçdi. Onu qoruyan
İvan arxasınca girdi. Onlar ehtiyatla aynabəndin hər yerini diqqətlə
nəzərdən keçirdilər, hamam otağına baxdıqdan sonra Saşa Aysu yatan
otağın yarıaçıq qapısından yavaş-yavaş içəri boylandı, yerdə qanına
boyanmış əsgər yoldaşı Qurgeni görüb, arxadan onu izləyən İvanı harayladı:
– Yoldaş, podpolkovnik, o burdadır.
Saşanın avtomatı aşağı salmasını görən İvan təhlükə olmadığını anladı,
ona yaxınlaşdı.
– Aha, bu sənsən, donuz. Aldınmı payını? – deyən İvan Saşaya üzüquylu
düşmüş yarıçılpaq əsgəri çevirməyi, onun üzünü görmək üçün, başına
keçirilmiş köynəyini dartıb çıxarmağı əmr elədi.
– Yavaş, qanı ətrafa sıçratma. Bax belə, qoy zibili elə yanında qalsın.
Bizə gərəkdir görək, ölüb, yoxsa yaralıdır, – deyə İvan gözləri bərələ
qalmış, sifətində vəhşi ifadə donmuş erməni əsgərinin meyidinə baxıb
fınxırdı: – Bu elə qorxudan gəbərib ki!..
Belə hallarda beyni kompüter kimi sürətlə işləyən İvan başa düşdü
ki, erməni əsgərini Aysu öldürmüşdür. O, yuxarı qalxmış, qıza təcavüz
etmək istəmişdir. Və cəzasını da almışdır. Bu, aydın idi. Aydın olmayan
zərif, incə qızın o boyda yekəpər əsgəri öldürməyi necə bacara bilməsi
idi. İndi bu barədə nə soruşmağa, nə də fikirləşməyə vaxt yox idi.
Bu zaman ratsiya ilə İvanı çağırdılar.
– Bəli, mən özüməm. Artıq evə girmişəm. Ölən və yaralanan var. Həkim
də gətirin, – deyərək danışığı qurtaran İvan üzünü Saşaya tutdu:
– Bıçağı bu heyvərənin kürəyindən çıxarıb gizlət! Daha heç nəyə əl
vurma. İndi gəlib zibillərini apararlar. Səni sorğu-suala tutsalar,
hadisə necə olub danışarsan. Əsas budur ki, əsgər postu başlı-başına
qoyub, icazəsiz içəri girib, nəsə sənəd tələb edərək bizim tərcüməçiyə
zorakılıq göstərib, döyüb, ona təcavüz etmək istəyibdir. Sonrasını
isə bilmirsən, bu satqın əsgər necə cəhənnəmə vasil olub xəbərin yoxdur,
anladınmı?
– Bəli, hər şey aydındır. Amma burda bıçaq-zad yoxdur, – deyə meyidi
diqqətlə gözdən keçirən Saşa dilləndi.
– Necə yəni yoxdur? Bəs nəylə öldürülüb bu heyvərə? – deyən İvan o
gecəki uğursuz “reydini” xatırlayıb barmağını dişlədi. O gecə Aysu
par-par parıldayan bıçağı bir göz qırpımında hardan çıxardı? Erməni
əsgərini həmin bıçaqlamı öldürmüşdür? Evdəki mətbəx bıçaqlarından
hansıydı o? Bıçağı niyə meyidin kürəyindən çıxarıbdır?
Sonuncu sualın cavabını özü verdi: Yəqin ki, əşyayi-dəlili aradan
çıxarmaq üçün onu gizlətmişdir... Bütün bunları təhlil etməyə vaxt
yox idi. Komendant başının dəstəsi ilə bu dəqiqələrdə gəlməliydi.
– Saşa, əsgərin kəmərindəki bıçağı dəsmalla qınından çıxar, qanına
bulayıb yanına qoy!
– Oldu, İvan Nikolayeviç!
İvan geriyə qayıtdı, hələ də balkonda çöməltmə oturmuş Aysunun qolundan
tutub içəri apardı, divanda uzandırıb, ona ürək-dirək verdi:
– Malades, Aysu!.. Yaxşı eləyib gəbərdibsən. Narahat olma, heç nəyi
vecinə alma. İndi həkim gələcək, sənin yaralarını sarıyıb dərman verəcək.
Soruşan olsa deyərsən ki, bıçağı götürüb mənə cumdu, itələdim, yerə
yıxılarkən bıçaq ürəyinə batdı. Hərçənd bıçaq yoxa çıxıb, amma biz
onun öz bıçağını qanına batırıb yanına qoyduq. Anladınmı? – Sonra
nə fikirləşdisə əlavə elədi: – Yaxşısı budu heç danışma, de ki, özünü
pis hiss eləyirsən. Gerisinə baxarıq... Aydındırmı?
Aysu zorla gülümsəməyə çalışaraq başı ilə “hə” dedi.
On dəqiqə keçməmiş komendant iki əsgər və həkimlə gəldi. Əvvəlcə ölüyə
baxdılar. Əsgərlər meyidi apardıqdan sonra ikisi də Aysuya yaxınlaşdı.
İvan həkimə müraciətlə dedi:
– Doktor, bizim tərcüməçinin yaralarını sarıyandan sonra ona sakitləşdirici
dərmanlar verin, bərk qorxub stress keçirmişdir, dili-dodağı söz tutmur,
aldığı zərbələrdən şiddətli ağrıları var.
– Deyirsən, yəni onunla heç sorğu-sual aparmayaq? – deyə komendant
İvanı kənara çəkdi.
– İndi, əlbəttə, çox çətindir. Qoy bir az sakitləşsin. Təsəvvür elə,
yad bir kişi əlində avtomat sizin evə girsin, üstəlik bıçağı da götürüb
cumsun sənin arvadının, yaxud qızının üstünə, müqavimət göstərdikdə,
onu döysün, əlbəyaxa olsun, sonra Allahın cəzasıyla özü öz bıçağıyla
ölsün. Bütün bunları görən qızcığaz, səncə stress keçirməzmi?
Komendant cavab əvəzinə çiynini çəkdi. İvan əks-hücuma keçərək onun
özünü ittiham eləməyə başladı:
– Mən sizdən buraya ağıllı-başlı əsgər ayırmağı xahiş etmişdim. Bu
da bizi qoruyan əsgəriniz. Əvvələn, onun postu tərk etməyə, ikincisi,
evin qapısından içəri keçməyə ixtiyarı yox idi. Görünür, onun başqa
məqsədi də varımış, xarici kəşfiyyata satılması ehtimalı da ola bilər.
Artıq sorğu-sual gərək deyil. Hər gün cəbhədə onlarla əsgər ölür.
Bu da onlardan biri. Sonrasına baxarıq.
– Orası elədir. Amma onun valideynləri meyidi görəcəklər. Bıçaq arxadan
vurulub.
İvan irişərək komendantın sözünü kinayə ilə qarşıladı:
– Guya sizin əsgərlərin hamısını sinəsindən vurub öldürürlər? Yazın,
kəşfiyyat zamanı həlak olub, vəssalam. Məncə, bu məsələni ört-basdır
etmək gərəkdir. Onun şişirdilməsi hər ikimiz üçün – nə mənə, nə də
sizə xeyirli deyil. Günah, göründüyü kimi öləndə olub. Mən polkovnikin
özüylə danışaram. Moskvaya məlumat verib məsləhətləşərəm.
İvanın məntiqlə, sübut-dəlillə əsaslandırdığı arqumentlərinə cavab
tapmaqda aciz qalan komendant əllərini yana açaraq dilləndi:
– Nə deyim, siz bilən məsləhətdir.
Həkim Aysunun dizini bintlə sarıdı, sifətindəki zərbə yerinə məlhəm
sürtdü, ona məlhəmlə yanaşı sakitləşdirici dərmanlar da verib gündə
3 dəfə qəbul eləməyi tapşırdı.
Qonaqları yola salan İvan geri döndü, Saşanı çağırıb darvazanın ağzında
keşik çəkən əsgərləri yedirib içirməyi, aşağıda gəlib gedənlərə ayırdığı
otağı dincəlmək üçün onların ixtiyarına verməyi tapşırdı.
– Hər ehtimala qarşı vəziyyət sakitləşənəcən bizim keşiyimizi özümüzünkülər
çəkməlidir, – dedi.
İvan ermənilərə etibar eləmirdi. Erməni əsgərinin girov türk qızı
tərəfindən öldürülməsi xəbərinin qəsəbəyə ildırım sürəti ilə yayılacağına
şübhəsi yox idi. Qorxurdu ki, qisasçılar Aysuya xətər yetirsinlər.
Ehtiyat tədbirlərini gördükdən sonra hiss etdi ki, ürəyi yanır. Dolabdan
götürdüyü yarımçıq çaxır şüşəsini kompot içirmiş kimi başına çəkdi.
Boş şüşəni yerə qoyub otağına keçdi, özünü kresloya yıxdı.
Divanda oturduğu yerdəcə gözlərini yummuş Aysu yatmamışdı, oyaq idi.
Özündə güc tapıb otağına gedə bilmirdi... İndicə orada, düşmən olsa
da, bir insanı qanına qəltan eləmişdi. “Yəqin məni sorğu-suala çəkəcəklər,
hadisənin necə baş verməsi haqqında yazılı izahat tələb edəcəklər.
Ortada əşyayi-dəlil yoxdur. İvan iki daşın arasında bıçaq məsələsini
mənə elə-belə demədi. Gərək nə danışacağımı indidən fikirləşəm” –
deyə düşündü, istər-istəməz səhərki hadisəni gözləri önündən keçirdi...
* * *
Bu səhər Aysu yenə başına gələnləri yazmaqla məşğul idi. Nahara az
qalmış Aksana ona baş çəkdi, hal-əhval tutdu, ürək-dirək verdi və
könlünü almaq istədi:
– Ayka, dur gəl bəri! Sənə təzə şey danışacam.
– Bu saat,-deyən Aysu çarpayıdan qalxıb geyindi, onunla birlikdə yemək
stolunun arxasında oturdu. Qıza çay süzən Aksana birnəfəsə dedi:
– Dünən evimə baş çəkməyə getmişdim. Yolüstü Asyayla görüşdüm. Gördüm
yemək bağlaması hazırlayır. Soruşdum ki, kimə göndərirsən bu yeməkləri?!
O, heç nə gizlətməyib dedi: “Aksanacan, Balyat kəndində yaşlı lal
bir qadını aparmayıb tək qoyub gediblər. Mənim Benik adlı qohumum
var, yanıma gəlmişdi, o qadın haqqında mənə söyləyəndə yazığım gəldi,
biçarəyə yemək göndərmək qərarına gəldim. Xahiş edirəm, bunu orda-burda
danışma. Bizimkilərdən bəzilərinin qulağına çatsa ki, türkə canıyananlıq
eləmişəm, dərsimi verərlər”... Əlqərəz, onu arxayın elədim ki, qorxma,
heç kimə demərəm.
– Çox kədərli əhvalatdır. Amma inanmıram ki, onu köməksiz qoyub getsinlər...-deyə
Aysu duruxa-duruxa dilləndi.
– Bəlkə də doğru danışmırlar. Əslində fərqi yoxdur, özü qalıb, yoxsa
atıb gediblər. Məsələ bundadır ki, qabaqdan qış gəlir, yazıq qarı
tək-tənha neyniyəcək, necə yaşayacaq?.. Əgər özü qalıbsa, bu bilə-bilə
ölümə getməkdir. Axı niyə özümüzü yoruruq?.. Mən indi yenə Asyagilə
gedirəm. Bir daha onun haqqında soruşaram. Bizə isti-soyuğu olmasa
da, insan taleyidir. Kim bilir, bizim başımıza nələr gələcək, sabah
bizi nə gözləyir, – Aksana ayağa qalxdı. – Mağazalara da baş vuracağam.
Soyuqlar düşür, qabaqdan qış gəlir. Səninsə əynin-başın yalındır,
bir-iki yay paltarlarından başqa heç nəyin yoxdur. Mənim cavan vaxtımdan
qalma bir-iki yun jaketim, yubkam var, əynimə olmur, sənə verə bilərəm.
Amma sənə palto da gərəkdir. Bir-iki saata qayıdıram, – deyib otaqdan
çıxdı.
Aysu dığırlana-dığırlana üzüaşağı qəsəbəyə enən, yuxarıdan – aynabənddən
lap yumru görünən Aksananın dalısınca gözdən itincəyədək baxdı...
Üzünü görmədiyi o lal qarı fikrindən çıxmırdı. Qəti əmin idi ki, o
özü camaatla getməyibdir. Kənddə qohum-əqrabasız adam olmur. Görünür,
ya kimsəyə yük olmaq istəməyib, ya da doğma yurdundan ayrıla bilməyib...
Aysu gündəliyini götürüb indicə eşitdiklərini qeyd elədi. Ancaq bir
neçə sual cavabsız qalırdı. O, adəti üzrə hər hansı bir xəbəri yazanda
ən azı beş-altı suala cavab verməliydi: Kim? Harda? Nə zaman? Nə etdi?
Necə? Niyə? Odur ki, qeydlərini tamamlamayıb Aksananı gözlədi...
Amma Aksana ona təfsilatlı məlumat gətirə bilməyəcəkdi. Bunun üçün
gərək Beniklə görüşüb sual-cavaba tutaydı onu.
Aysu bilmirdi... Və bilə də bilməzdi ki, bu gün elə hadisə baş verəcəkdi,
lal qadın-zad nədir, öz dərdi də yadından çıxacaq...
Hadisə belə olmuşdu...
Aksananı yola saldıqdan sonra Aysu kresloda oturub televiziyanın kanallarını
qurdaladı, heç bir şəhərdə qərar tuta bilməyib Bakıya “döndü”. Ekranda
tanış simaları, bir vaxt gəzdiyi küçələri gördükdə kövrəldi. “Girovlar,
siz hardasınız?” verilişinə baxarkən diksindi, sanki qanı damarlarında
dondu, halsızlaşıb kresloya çökdü. Bu anlar Allaha yalvarırdı ki,
bayılmasın, sevgili atasına doyunca baxsın, axıra qədər onu dinləsin...
Aman Allah, atası necə sınıxmışdı, bu bir neçə ayda nə qədər qocalmışdı...
Verilişdən sonra özü haqqında eşitdikləri, atasını ekranda görərkən
keçirdiyi kədər və sevinc dolu dərin həyəcan varlığını sardı... Onun
xilası üçün çalışırdılar... “Yox, qoy İvan gəlsin, daha ondan gizlənməyəcəyəm.
Xahiş edəcəyəm, tələb edəcəyəm, lazım gəlsə hay-küy qaldıracağam,
aclıq elan edəcəyəm ki, valideynlərimə sağ olmağım haqda məlumat versin...
Ya telefonla, ya da mənim öz xəttimlə yazdığım kiçik məktubu Bakıya
göndərsin. Ən yaxşısı məktubdur, bir şərtlə tez çatsın, qoysunlar
istədiyimi yazım... Əgər istədiyimi yazmağa imkan olmasa, eyhamla
fikrimi çatdıra bilərəm... Doğrudan ha, niyə indiyə qədər bu mənim
ağlıma gəlməyib?” – deyə sevinən qızın bədənini xoş bir duyğu sardı,
istər-istəməz yadına düşən bir bayatını pıçıldadı:
Qızılgül olmayaydı,
Saralıb solmayaydı,
Ölüm Allah əmridir,
Ayrılıq olmayaydı...
Sonra qələmi götürüb, can sirdaşı
olan qalın dəftərini açdı, növbəti essesini yazdı...
Səni heç bir şəhərə dəyişəmmərəm,
Bakım mənim!
Doğma Bakım, mənim gənclik, arzular
şəhərim... Sənsiz yaşaya bilmərəm. Mənə Moskvada, Nyu– Yorkda, Parisdə,
Londonda, hətta İstanbulda mənsəb, var-dövlət, cah-cəlallı villalar
versələr də səni qoyub gedə bilmərəm...
Bakım mənim, sənin doğma küçələrini, parklarını, tanış insanları,
jurnalist həmkarlarımı hər gün görüb eşidirəm... Amma nə sən, nə də
onlar məni görmürlər... Danışmırlar mənimlə... Bəzən özümü unudub
acığımdan qışqırıram: mən burdayam!
Heç kim eşitmir məni, səsimə səs verən yoxdur... Sanki, mən artıq
ruha çevrilmişəm. Ruhlar kimi hamını, hər şeyi görürəm, mənisə görmürlər...
O, ruhlar haqqında az-çox oxumuşdu,
savadlı-savadsız insanların fikirlərini eşitmişdi.Çeşidli, təzadlı
fikirlər söylənirdi gedər-gəlməz dünyanın sakinləri haqqında... Bir
çoxları Bu Dünyanı yalançı, O Dünyanı əsl əbədi həyat hesab edir,
real həyatı yuxu, yuxunu ölümdən sonrakı həyat tərzi sanırlar... Aysu
bu fikirlərin heç birisini tam qəbul edə bilmirdi. O, real, görüb
duyduğu, dadını, qoxusunu bildiyi, səsini eşitdiyi bu həyatı sevirdi...
Ondan doymaq bilmirdi... Uca Yaradanın verdiklərindən kam almaq istəyirdi.
Söz– sözə gələndə O Dünya, ruhlar haqqında düşünməyin hələ tez olduğunu
deyib, belə müzakirələrdən qaçardı. Bəzən qorxurdu belə düşüncələrdən.
O, realist idi. İndi özünün televizor vasitəsilə hamını görüb eşitməsini,
onusa heç kimin görüb eşitməməsi reallığı ilə üzləşməsi, öz dünyası
ilə əlaqə saxlamaq imkansızlığı ruhları yadına salmışdı... Bu vəziyyətinin
ruhlar haqqında deyilənlərə necə də çox oxşamasından heyrətlənirdi...
Qapının döyülməsi onu fikirdən ayırdı.
“Bu kim ola? Aksana indicə getdi. İvansa evə belə tez qayıtmır” –
deyə təəccüblənən Aysu ayağa qalxdı, qapını açdıqda əlində ərzaq dolu
səbət tutmuş darvazadakı keşikçilərdən birini gördü. Adətən, onlara
göndərilən bu şeyləri Aksana aşağıda, tək-tük hallarda yuxarıda qəbul
eləyirdi. Görünür, Aksananın evdə olmadığını bilən erməni əsgəri yükü
yuxarı qaldırmışdı.
Aysu səbəti qoymaq üçün qapının ağzını göstərdi. Əsgərsə “Sizə ağır
olar” deyərək özünü içəri soxub yükü mətbəxə qoydu. Aysu etiraz etməyə
heç macal tapmadı. Həm də ona ağır yük qaldırmaq olmazdı.
Aynabəndi gözdən keçirən erməni əsgəri Aysudan xahiş elədi ki, ona
bir stəkan çay versin. Erməni əsgərinin sırtıqlığından əsəbiləşən
Aysu “çay yoxdur, su verə bilərəm” deyərək stolun üstündəki qrafindən
süzüb doldurduğu stəkanı ona uzatdı... Əsgər suyu başına çəkib stəkanı
geri qaytardı və qəfil hərəkətlə qızın stəkanı almaq üçün uzadılmış
əlindən tutdu. Bu hərəkəti gözləməyən Aysu bir anlığa çaş qaldı, var
gücüylə əlini geri çəkmək istədi. İncə, şümşad biləklərindən tutmuş
əsgər nəinki onu buraxdı, əksinə özünə tərəf çəkib yarıtürk, yarırusca
dedi:
– Axçi, dərdindən ölürəm, hər səni görəndən sonra sancılanıram, yata
bilmirəm. Gəl mənimlə ol, cavanam, güclüyəm, sənə kef verərəm. Nə
tapmısan o yaşlı podpolkovnikdə?
– Əlimi buraxıb rədd ol, şandığa.
– Axçi, bircə dəfə...
– Köpəkoğlu, əgər xoşaxoşluqla sürüşüb getsən, heç kimə deməyəcəyəm.
Yox, əgər... – deyə içində sonsuz qəzəb qaynayan qız dartındı.
Əsgər onun sözünü kəsib irişdi:
– Deməzsən ki, aldatdım? Yox, keçal suya getməz.
Əsgərin barmaqları qandala dönüb qızın biləyini sıxırdı. Aysu belə
hallarda əlini azad eləmək üçün öyrəndiyi fəndlərdən birini işlətdi.
Ardınca qurşaqdan aşağı ona bir təpik ilişdirdi. Əsgər ufuldayıb onu
buraxdı. Lakin özünü tez ələ ala bildi, bayıra qaçmaq istəyən qızı
arxadan qucaqlayıb geriyə çəkdi. Aysu dirsəyi ilə ikinci zərbəni endirərək
sivişib onun qolları arasından çıxdı. Hirslənmiş əsgər oğlanla döyüşürmüş
kimi qızın sifətinə dalbadal iki yumruq atdı. Zərbənin biri Aysunu
gözünün altından, ikincisi çənəsindən tutdu, gözündə sanki od parladı.
O, bir neçə anlığa müvazinətini itirib dizi üstə düşdü, bir azdan
özünü toparlayıb qalxdı, döyüş vəziyyəti alıb, qəfildən rəqibinin
sifətinə bir-iki yumruq, qarnına isə ayağı ilə zərbələr endirdi. Bu
zərbələri gözləməyən əsgər səndələyərək kürsüdən tutub dayanmaq istəsə
də bacarmadı, kürsü qarışıq yerə aşdı.
– Mənimlə bacara bilməyəcəksən, murdar donuz! Çıx get, axırı lap pis
olar!-deyə Aysu növbəti zərbəni endirmək üçün hazır dayanmış halda
yıxıldığı yerdən qalxmağa cəhd eləyən əsgərin üstünə qışqırdı:– Mənim
xalqımın bir məsəli var: Aslanın erkəyi-dişisi olmaz!..
Qız gerçəkdən dişi aslana dönmüşdü...
– Bəsdi, gedirəm, – deyə əsgər təslim olduğunu deyib ayağa durdu,
yavaş-yavaş qapıya sarı getdi. Lakin bayır tərəfdən qapının girəcəyinə
söykədiyi avtomatını götürüb sərt hərəkətlə geriyə döndü:
– Axçi, verməsən, səni öldürəcəyəm. Onsuz da məni cəzalandıracaq,
burdan başqa yerə göndərəcəklər. Gəl, sən razı ol.
– Rədd ol, alçaq, heyvan!..
Qızın tərsliyini görən əsgər cəld avtomatın naqafil atəş qoruyucusunu
yuxarı qaldırıb ona tuşladı:
– Mən zarafat eləmirəm. Türkü öldürməyimə görə mənə heç nə eləməyəcəklər.
Gündə sənin kimi neçəsi öldürülür. Şəxsən mən özüm on türkü o dünyaya
göndərmişəm. Belə getsə, on birinci sən olacaqsan.
Avtomatı görən Aysunu soyuq tər basdı. Bətnində gəzdirdiyi körpəsi
gəldi durdu gözünün qabağında... Çıxış yolu tapmaq üçün beynini sürətlə
işlətməyə başladı... Nəhayət qəti qərar qəbul eləyib dedi:
– Yaxşı, razıyam, olsun... Neyləməli... Amma burda yox, mənim öz otağımda...
– Mne vse ravno, gedək, – desə də əsgər avtomatı aşağı salmadı, Aysunu
qabağına qatıb otağına apardı. Qızın qapını açıb otağına girdiyini
gördükdən sonra arxayınlaşdı, silahını aşağı endirdi.
Aysu çarpayının baş tərəfində oturdu. Qrafindəki suyla dəsmalını isladıb
üz-gözünü sildi, sonra bayaqkı zərbədən ağrıyan gözünün üstünə tutdu,
bir az sakitləşib özünə gəldi, sifətinə zorla mülayimlik verib dedi:
– Niyə durubsan? Yoxsa avtomatla uzanacaqsan?
– Ha, bu dəqiqə, – deyə aylarla arxasınca gizlin baxdığı bir gözəlin
çarpayıda oturub, onu çağırmasından bərk həyəcanlanmış əsgər avtomatını
yarıaçıq qapının ağzında divara söykədi, uzunboğaz çəkmələrini çıxardı.
Onun ayaqlarının iyisindən qızın başı gicəlləndi. Nə etmək olar, dözməliydi.
Bu işi qurtaranadək... Üzünü əsgərə tutub amiranə səslə dedi:
– Bir xahişim var, üzünü o yana çevir və soyun. Mən yerimə girib üstümü
örtməyincə, mənə sarı baxma.
– Vax!.. Nə yaman utancaq qızsan. Mən Yerevanın mərkəzində yaşayan
təmiz hay ailəsindənəm. Sənin xətrinə dəymərəm... – deyə əsgər çarpayının
aşağı başında oturub soyunmağa başladı.
O, qollarını irəli uzadıb gimnastyorkasını başından çıxaranda “Bundan
yaxşı məqam ələ düşməyəcək” – deyə qız səssizcə dodaqları altında
pıçıldadı... Astaca yastığın altından qəməsini götürüb, qınından çıxarmağı
ilə erməni əsgərinin zolaqlı maykası görünən kürəyinin sol tərəfindən,
düz ürəyinin üstündən var gücü ilə vurmağı bir oldu... O, qəmə ətə
yeriyəndən sonra tiyəni axıracan soxdu, qan fışqırıb yatağını bulamasın
deyə yaralı əsgəri yerə itələdi. Başını və qollarını gimnastyorkadan
çıxarmağa macal tapmadığı üçün əl-qol ata bilməyən əsgər qəfil zərbədən
vəhşi heyvan kimi bağırıb çul kimi üzüquylu döşəməyə düşdü. Çox keçməmiş
bağırtısı xırıltıya çevrildi, bir az çabalayan bədəni hərəkətsizləşdi...
Aysu pəzəvəng əsgərin belə tez öləcəyini düşünmürdü. Görünür, qəmə
düz ürəyinin ortasına dəyib parçalamışdı. Çünki ağzından da qan gəlməyə
başlamışdı.
Ürəyi soyumayan Aysu onu ölümlə hədələyərək təcavüz etmək istəyənin
meyidinə tüpürüb bərkdən dedi:
– On birinci özün oldun, çaqqal kimi gəbərdin. Səni öldürməsəydim,
hələ neçə nəfər günahsız insanın qanını axıdacaqdın...
Sonra qəməsini çəkib çıxardı, üzərindəki qanı təmizləmək üçün bir
neçə dəfə silib qınına qoydu, köynəyinin altında gizlətdi.
On nəfərin intiqamını aldığı üçün təskinlik duysa da ürəyi bərk vururdu.
Balaca dolabın gözündəki flakondan 3 valerianka həbi götürüb atdı,
sonra qrafindəki soyuq suyu başına çəkdi. Bu ona özünü toparlamağa
imkan verdi. Birdən gözü əsgərin qapının ağzında divara söykədiyi
Kalaşnikov avtomatına sataşdı, onu götürüb aynabəndə, oradan evin
çöl qapısına çıxdı. “Qarovulxanada yenə erməni əsgəri varsa, verəcəyəm
güllənin ağzına. Ya birini öldür, ya ikisini, fərqi yoxdur, bir cəza
verəcəklər” – deyə əlində silah özünü güclü hiss edən Aysu sanki qana
susamışdı, yenə öldürmək istəyirdi... Qarovulxanada heç kəsi görməsə
də hər ehtimala qarşı iki kərə iki dildə qışqırdı:
– Ey, tam est kto-nibud? Orda kimsə varmı?
Fəqət heç kim cavab vermədi, orada bir kəs yox idi.
“Bəlkə elə bu avtomatı da götürüb qaçım? Qarovulxanada adam yoxdur,
darvazadan maneəsiz çıxıb gedə bilərəm. Ancaq hara və necə gedim?
Hanı sənin qaçış planın, marşrutun? Yox, bu mümkün deyil. Bəlkə avtomatı
götürüb qəsəbəyə enim, qabağıma gələni güllə ilə biçim? Birdən ölənlərin
içində uşaqlar, Asya kimi günahsızlar oldu? Yox, uşaq və qadınlara
atəş açmağa əlim gəlməz... Bir yerdə daldalanıb gözlərəm, erməni hərbçiləri
ötüb keçəndə atəş açaram. Beş-altı nəfəri öldürüb, intiqamımı alandan
sonra avtomatı qarnıma dirəyib tətiyi çəkərəm, özümü də vuraram...
Şərəfli ölümlə qurtararam canımı bu əzablardan”...
Bu düşüncələrə qərq olmuş Aysu birdən diksindi: “Bəs köksüm altda
bəslədiyim körpəm? Onun taleyi necə olsun? Axı mən avtomatı qarnıma
dirəyib atəş açanda körpəmə də güllə atmış oluram, övlad qatili kimi
gedirəm bu dünyadan!.. Yox, yox!.. Ağlını başına yığ, qız!.. Sən axı
həmişə məntiqlə, ağılla hərəkət eləyibsən!.. Toğrula məhəbbətindən
bəhrələnmiş barı yetişdirməyə, bu dünyaya gətirməyə söz veribsən,
axı!.. Soyuq ağılla, səbirlə, obyektiv və subyektiv amilləri nəzərə
almaqla hərəkət eləməlisən, dözümlü olmalısan...”
Bu zaman motor səsi onu xəyaldan ayırdı. Cəld geriyə döndü, birnəfəsə
yuxarı qalxıb pilləkənin başında dayandı. Gözünü qaldırıb baxdıqda
darvazaya yaxınlaşan BTR-i gördü. O, İvanın həyətə BTR-lə girdiyini
görmədiyi üçün bərk şübhələndi: BTR-in darvazanın beş-altı metrliyində
dayanması, içərisindən heç kimin düşməməsi onun şübhəsini artırdı:
“Bəlkə ermənilərdir, nəsə qurğu qurublar? Bəs Saşa hanı? Axı o, günortaya
qədər buradaydı? Darvazada qarovul yoxdur. Həyətə kənar adamlar girə
bilərlər... Bəlkə indicə öldürdüyü əsgər Aysunu qaçırmaq üçün kimlərləsə
əlaqəyə giribmiş və indi onu aparmağa gəlmişlər?.. Yoxsa erməni dığası
bu cürət yiyəsi ola bilməzdi...”
Aysu hər ehtimala qarşı pilləkənin üstündə qırmızı kərpicdən tikilmiş,
divarının hündürlüyü bir metrə yaxın olan eyvanda çöməlib, avtomatın
lüləsini giriş darvazasına yönəltdi.
Aynabəndin qapısının birbaşa açıldığı bu eyvan, bir növ, müşahidə
məntəqəsi rolunu oynayırdı. Buradan bütün həyət, ətrafdakı evlər,
küçələr görünürdü. Aysu qərara aldı ki, həyətə tanımadığı adamlar
girərsə, havaya güllə atıb dayanmalarını, ev sahibi İvanın gəlməsini
gözləmələrini tələb edəcək.
Amma Aysu yanılırdı, gələn İvan özü idi. Doğrudur, o, BTR-lə evə çox
az hallarda, onda da gecələr gələrdi. Adətən, döyüş bölgələrindən
qayıdanda qəsəbənin girəcəyindəki hərbi bazada saxladığı UAZ-ına minərdi.
Burda hərbi texnikaya xidmət göstərən emalatxana ustaları, muzdla
işləyən ruslar da vardı. İvanın UAZ-nın təmiri hələ qurtarmadığından
evə BTR-lə gəlmişdi...
* * *
İvanın otağının qapısının cırıltısı səksəkə içində olan Aysunu xəyaldan
ayırdı. Bir qədər xatircəmləşmiş İvan, bütün vücudunu sarsıtmış həyəcanı
söndürə biləcək bir iksirə – tut arağına sarı cumdu. Mətbəxə keçərək
turşu götürüb stolun üstünə qoydu. Araq şüşəsini başına çəkdi. Yalnız
bundan sonra Aysuyla görüşə getdi.
Gözlərini məchul bir nöqtəyə zilləmiş Aysunu isə bu anlar yalnız bir
qayğı ilgiləndirirdi: görəsən, onun keçirdiyi bu sarsıntılar körpəsinə
təsir etdimi?.. Yox, özünü tez ələ almalıdır, dava-dərmanı çox qəbul
eləməməlidir... İvanın gəlişi onu ağır yük altından çıxardı, ona ürək-dirək
verdi, erməniləri yaxşı oturtdu yerində. Bu hadisəyədək o, adam öldürməyin
belə asan olduğunu, məsələnin belə yüngüllüklə yekunlaşacağını ağlına
sığışdıra bilməzdi... İvanı heç bugünkü kimi səmimi görməmişdi. “Madam
ki, ürəyi belə yumşalıb, məktub məsələsini açmalıyam”, – deyə pıçıldayan
Aysu ehtiyatla dedi:
– İcazənizlə, sizə yemək hazırlayım.
– Yox, yox, nə danışırsınız? Sizə durmaq olmaz. Ürəyim yandı, yeməksiz
araq vurdum, mədəm qıcıqlandı, məni iştaha gətirdi. Boyat borşdan
xoşum gəlir, narahat olma, özüm... Bəs bu Aksana harda qaldı, görəsən
kimi əngi altına salıb?..
– O dedi ki, evinə baş çəkəcək, sonra dükan-bazara dəyəcək. İndi gəlib
çıxar.
Bu zaman bənizi ağarmış Aksana içəri girdi.
– Bu da sənin Aksanan, adını çək, qulağın bur, – deyə İvan donquldandı.
Özünü suçlu sayan Aksana dili topuq vura-vura üzrxahlıq eləmək istədikdə,
İvan onun sözünü kəsdi:
– Olan oldu, torba doldu. Bu bizə bir dərs olmalıdır. Sayıqlığı heç
vaxt itirmək olmaz. İndi yaralıya qulluq göstər.
Kövrəlmiş Aksana Aysunu qucaqlayıb oxşadı:
– Körpəciyim mənim... Saşa ucundan-qulağından danışdı mənə... Allahın
köməyiylə özünə gələndən sonra söyləyərsən hamısını. Bir şey istəyirsənmi?
– İstəyirəm.. Amma bu tək səndən asılı deyil...
İvan qulağını şəklədi. Aysunun yanında oturan Aksana İvana baxa-baxa
inamsız halda dedi:
– Məndən asılı olanı eləməyə həmişə hazıram. Ürəyiniz nə istəyirsə
bişirim, qəsəbəni ələk-vələk eləyim, axtardığınız şeyi tapıb gətirim.
Aysu başını bulayıb ah çəkdi.
– Aksana ilə mən də şərikəm. Mümkün olan şeyi eləməyə hazırıq, – deyə
İvan, nəhayət dilləndi.
Aysu baxışlarını qaldırmadan həzin, kövrək səslə dedi:
– Başa düşürəm, digər əsir və girovlarla müqayisədə mən şahzadə kimi
yaşayırım. Buna görə minnətdaram... Amma bir duyğu gecə-gündüz məni
rahat buraxmır. Ata-anamın mənə görə çəkdikləri əzabı hər dəfə xəyalıma
gətirəndə ürəyim ağrıyır, özümə yer tapa bilmirəm... Çox istərdim
ki, onlara sağ olmağım haqqında xəbər göndərməyə kömək edəsiniz. Sizin
ikinizin də övladı var... Az qala beş aydır qızının öldü-qaldısından
xəbər tutmayan ata-ananın ağrılarını bir neçə dəqiqəliyə yaşayın...
Onların necə əzab çəkdiklərini təsəvvürünüzə gətirin...
Doluxsunmuş Aksana sol əliylə Aysunu qucaqladı, deməyə söz tapmayıb
gözünü İvana zillədi. Ürəkyaxan bu sözlər İvanı təsirləndirsə də özünü
mazata mindirdi, onların boynuna minnət qoymaq üçün dedi:
– Etirazım yoxdur. Bu mümkün olan işdir. Amma bəzi çətin nyüansları
var. Elə etmək gərəkdir ki, məktub ünvanına yetişsin, kənar əllərə
düşməsin.
Ən kiçik məsələlərdə belə məxfiliyi saxlamağa çalışan İvan ona dikilmiş
iki cüt gözün yalvarış dolu baxışlarının ağırlığına bu dəfə həqiqətən
tab gətirə bilmədi:
– Doğrudur, mən bunu etməməliyəm. Ancaq Aysunun xətrinə bu işə gedirəm...
Sevgi, insanlıq naminə təlimatları hərdən pozmaq olar...
“Buna nə olub belə? İnsanlıqdan, xeyirxahlıqdan dəm vurur” – deyə
fikirləşən Aysu təəccübləndi. Amma indi bu barədə düşünməyin yeri
deyildi.
– Siz məktubu necə göndərəcəksiniz? Onu bir az geniş yaza bilərəmmi?
Aysunun sözlərini cavablayan İvan ciddi və amiranə səslə dedi:
– Necə və kimlə göndərməyi özüm bilərəm. Məktub bir neçə cümlədən
ibarət olmalı, rusca yazılmalı, orada yer, məkan, buradakı adamların
adı-zadı göstərilməməlidir.
Öz vəzifəsini sözsüz anlayan Aksana əlüstü qələm – kağız, zərf gətirib
Aysuya verdi. Qələmi alan Aysu çox fikirləşmədən əlləri titrəyə-titrəyə
yazmağa başladı.
“Əziz anam, atam Toğrul!
Mən sağ və salamatam, siz düşündüyünüz qədər vəziyyətim pis deyil,
evdə yaşayıram. Hər gün üzüaşağı bağlara, arxadakı dağlara baxıb sizi
düşünür, qovuşacağımız günü intizarla gözləyirəm. İnşallah, görüşərik.
Hamınızı bağrıma basıram.
Aysu, 30 oktyabr 1993-cü il.”
O, sonra zərfi götürüb ünvanı yazmaq istədikdə İvan qoymadı:
– Ünvanı zərfin üstündə göstərməyin, elə məktubun altında yazın. Birdən
məktub yolda, Zvartnost aeroportunda ələ keçər. Ermənilər zərfin üstündə
Bakı ünvanı görsələr məktubun işi bitdi. Ünvanı bizim adam Moskvadan
yazıb göndərəcək. İndi məktubu mənə verin.
İvan məktubu sözbəsöz oxudu, sonra qımışaraq dedi:
– Bəri başdan “evdə” sözünü pozaq. Məncə bunsuz ötüşmək olar. Çünki
məktub valideynlərinizdən savayı başqa əllərə də düşə bilər. Və onu
oxuyanlar istər-istəməz düşünəcəklər: Hansı evdə? Kimin evində? Niyə
evdə? – deyən İvan qələmlə “evdə” sözünü pozdu – Bəs bu Toğrul kimdir?
Onun haqqında heç nə deməyibsiniz, tərcümeyi – halınızda da göstərməyibsiniz...
Aysu bu sualı gözlədiyi üçün cavabını hazırlamışdı. Odur ki, heç düşünmədən
tam ciddiliklə dedi:
– O mənim atamın ədəbi təxəllüsüdür. Görürsünüzmü, bu iki sözün arasında
vergül qoymamışam.
– Aydındır. Bu təbiət təsviri nəyə gərək?
– Mən yaradıcı adamam. Bu kəlmələri oxuyan atam hiss edəcək ki, onu
aldatmıram, gerçəkdən əhvalım pis deyil. Amma quru cümlələrlə yazsam
ki, sağ-salamatam, inanmayacaqlar. Elə biləcəklər ki, onlara təskinlik
verirəm, həbsxanadamı, xüsusi düşərgədəmi dörd divar arasında çürüyürəm.
Aysunun əlüstü gətirdiyi dəlillər qarşısında İvan deməyə söz tapmadı.
Başqa vaxt olsaydı, onda şübhə doğuran bu ifadə və sözləri pozardı.
Amma səhərki qətl hadisəsi ilə bağlı qızın gərginlik keçirdiyi bir
vaxtda xətrinə dəymək istəmədi. Odur ki, məktubu Aysuya qaytarıb dedi:
– Yaxşı, tez üzünü köçürün!
İvan bayaqdan bəri söhbət eləyə-eləyə sabah Rusiyaya qayıdacaq muzdluları
bir-bir gözünün önünə gətirirdi. Kimə ürək qızdırsın? Onların arasında
etibar ediləsi, İvandan yaxşılıq görmüş adamlar vardı. Fikirləşirdi
ki, seçdiyi adamla bacısına içərisində məktub da olan kiçik bağlama
göndərər. Bacısına yazdığı məktubda xahiş edər ki, ağzı bağlı zərfi
açsın, içərisindəki ünvanı götürüb üstünə yazsın və nə yolla olursa-olsun
təcili Bakıya göndərsin...
O bu düşüncələr içərisində otağına keçdi, iri çamadanı açıb bacısı
üçün hədiyyə seçməyə başladı. Əlinə keçən qiymətli əntiq şeyləri,
xoşuna gələn suvenirləri, yaxınlarına hədiyyə üçün bahalı paltarları
bu çamadana qoyurdu... Bacısına nəsə hədiyyə etmək həmişə ona zövq
verirdi. Bacı da qardaşının hədiyyələrinə çox sevinir, onları qoruyub
əzizləyirdi. İvan çoxdan onun ad gününə ortasında medalyonu olan qızıl
zəncir və bir dəst paltar hazırlamışdı... O bütün bunlara pul verməmişdi,
qənimət idi... Yeznəsi üçünsə dolabın gözündən vur-tut bir neçə dəfə
geydiyi dəri gödəkçəni götürdü. Sonra bacısına tələsik məktub yazdı,
Aysunun otağından Aksananı çağırdı:
– Məktubu açıq zərfdə mənə gətir.
Aksana onun göstərişini əlüstü yerinə yetirib işinə davam elədi.
İvan Aysunun yazdıqlarını bir daha gözdən keçirdi, məktubları və qızıl
zənciri bir zərfin içərisinə qoyub ağzını bağladı, çatılası ünvanı
üstünə yazıb bacısı üçün göndərdiyi paltarın cibinə qoydu. Sonra onu
dəri gödəkçə ilə salafan kisəyə bükdü, iplə bərk-bərk sarıdı. Bacısının
ünvanını və telefon nömrəsini ayrıca kağıza yazıb cibinə qoydu, geyinib
otaqdan çıxdı. Divanda oturduğu halda təzədən mürgüləyən Aysunun yanından
keçdikdə ayaq saxladı, ona zəndlə baxdı. Zərbədən qızın gözünün altının
şişi böyümüşdü, sifətində dərin iztirab həkk olunmuşdu.
“Çiçək kimi qız gör nə hala düşdü”, deyə pıçıldayan İvan köksünü ötürdü,
aşağı enib əsgərlər dincələn otağa buruldu. Onu görən əsgərlər ayağa
qalxdılar. “Oturun!” işarəsini verən İvan dedi:
– Hələlik bizim rezidensiyanı siz qoruyacaqsınız. Mənim, yaxud Saşanın
göstərişi olmadan heç kimi içəri buraxmırsınız. Hasara da göz yetirin.
Birdən qisas almaq fikrinə düşərlər. İndi biriniz mənimlə getməlisiniz.
Əvvəlcə mehmanxanaya baş vurub, sabah Vətənə dönənlərlə xudafizləşəcəyik.
– Yoldaş polkovnik, olarmı onlarla evə məktub göndərək?
– Əlbəttə, olar. Oturun yazın, bir az gözləyə bilərəm, – deyə İvan
gülümsədi.
Əsgərin ona polkovnik kimi müraciət eləməsi yadına saldı ki, son aylardakı
əməliyyatların nəticəsi olaraq bu günlərdə xoş xəbər almalıdır.
– Gözləmək lazım deyil, məktublarımız hazırdır. Təkcə tarix qoyub
konverti bağlayacağıq.
– Əhsən, qabağı görən uşaqlarsınız. Onda getdik, – deyə İvan qapıya
yönəldi.
Nişançı əsgər məktubları cibinə basıb onun arxasınca çıxdı.
İvan bu gün olub-keçənləri bir daha yaşadı. Və bunların arasında bir
parıltı onu çəkib ötən günlərə apardı. Bu, o müdhiş gecə qızmış İvanı
geri çəkilməyə vadar edən bıçağın parıltısı idi. Arada özünü qınayaraq
inandırmaq istəmişdi ki, qız özünü öldürməyəcəkdi, gərək istəyinə
çataydı... Amma indi fikrini dəyişmişdi: “Yox, Aysu o gecə məni də
qətlə yetirə bilərdi, xatadan yaxşı qurtarmışam.” Və bu nəticəyə gəlmişdi
ki, belə bir qıza xeyirxahlıq, hörmət etmək, onunla oturub-durmaq,
söhbət eləmək şəhvətdən üstün bir nəşə ola bilər. Onsuz da öz şəhvətini
söndürmək üçün çox obyektləri var...