Kişilər ağı demir...
Əfqanıstandan qayıtdıqdan sonra
Toğrula elə gəlmişdi ki, həyatının ən dəhşətli anlarını artıq yaşamışdır
və belə yaşamlar insan həyatında bir-iki dəfə baş verir... O, kitablarda
oxuduğu, ekranlarda baxdığı, insan cildinə girmiş şeytanın törədə
biləcəyi vəhşilikləri real həyatda öz gözü ilə görmüşdü...
Qəlpənin bıçaq kimi kəsdiyi əsgər başının diyirlənə-diyirlənə bu dünyanı
söydüyünün şahidi olmuşdu...
İçalatı qarın boşluğundan çölə tökülmüş, ölmək istəməyən gənc zabitin
son nəfəsdə “Ana!” kəlməsini eşitmişdi...
Dəfələrlə öz ölümü ilə üzləşmişdi. Qorxmuşdu, əlini bu dünyadan üzmüşdü...
Yerin altını üstünə çevirən bombardmandan huşunu itirmişdi, özünə
gəlib yan-yörəsindəki meyitləri gördükdə sevincindən bilaixtiyar dəli
qəhqəhə çəkmişdi... Sağ qaldığı, ölümün pəncəsindən qurtulduğu üçün...
Dostlarının tanınmaz olmuş cəsədləri sink tabuta qoyulub mıxlanarkən
hıçqırıb ağlamışdı da...
Sonra burda, Qarabağ savaşında gördüklərindən isə yüzqat artıq dəhşətlənmişdi.
Əfqanıstanda insanları gülləbaran, top mərmiləri, bombalar, minalar
vasitəsilə qətlə yetirirdilər.Burda isə, əksər hallarda soyuq silahla,
işgəncələrlə öldürürdülər...
Təhlükəsizlik zabiti kimi onun və həmkarlarının görüb bildiklərindən
mülki insanların çoxunun xəbəri yox idi. İlk əvvəllər bir məsələ onu
çox təəccübləndirirdi: erməni əsgərləri, son illərədək pioner, komsomol
nişanları taxmış, azəbaycanlılarla təmasda olmuş bu insanlar adamın
qanını damarlarında donduran öldürmə üsullarını haradan mənimsəmişlər?
Sonralar ona məlum olmuşdu ki, bu üsulları düşünüb tapmaq bütöv bir
məktəbin, insan öldürməyin qəribə formalarını icad eləyən bütöv bir
“işgəncələr institutunun” işidir. Və bunu ermənilərin xüsusi dəstələri
həyata keçirirlər. Məqsəd Qarabağda etnik təmizləmə aparmaqdır, yerli
əhalinin gözünü qırıb ev-eşiyindən, kənd-kəsəyindən qaçırmaqdır. Çünki
adi ölümlə bu insanları qorxutmaq olmurdu.
Yadındadır, Ağdamda oğlunu ermənilər qəddarlıqla qətlə yetirdikdən
sonra ağlını itirmiş bir qadın səlahiyyət sahiblərinə yalvarırdı ki,
qatili tapıb ona versinlər, qanını içib balasının intiqamını alsın...
Onun oğlunun meyidini Toğrul görmüşdü. Dırnaqları altına iynə soxulmuş,
barmaqları sındırılmış, əti dağlanmış, ayıb yerləri kəsilmiş, başı
bədənindən ayrılmış ciyərparasının cəsədini görmüş ana havalanmışdı...
Səhərdən axşamadək o, qərargahın qabağından əl çəkmirdi, erməni əsiri
istəyirdi... Arvad birdən yoxa çıxmışdı. Toğrul maraqlanıb öyrənmişdi
ki, yerli müdafiə dəstələri çoxdan izlədikləri qatili tutub anaya
vermişlər ki, oğlunun intiqamını alsın. Qadın qorxudan insani sifətdən
çıxmış əl-ayağı bağlı qatilin başını kəsmiş, qanını ovuclayıb dəli
qəhqəhə ilə “Oxqay!” deyərək içmiş, sonra isə hönkür-hönkür ağlamış,
ürəyi tab gətirməyərək huşunu itirib yıxılmış, bir daha özünə gəlməyib
ölmüşdü.
Toğrul Dovşanlı kəndində gənc ər-arvadın cəsədlərini görmüşdü. Ərinin
gözü qabağında qadının başına pis oyun açıldıqdan sonra hər ikisi
işgəncə ilə öldürülmüşdü...
Erməni əsirliyindən buraxılmış bir ailə başçısı özünü asmışdı. Hadisə
yerinə getmiş Toğrul öyrənmişdi ki, ermənilər ata ilə qızı zorla soyundurmuş,
onlara bir-biri ilə cinsi əlaqəyə girməyi əmr eləmişdilər. Qızını
üryan görməmək üçün ata əlləri ilə gözlərini qapadıqda qollarını arxadan
bağlamış, kiprikləri arasına kiçicik iynələr taxmışdılar ki, əsgərlər
qızı zorlayarkən baxsın, gözlərini yuma bilməsin... Sonra onları buraxaraq
demişlər: gedin bütün Qarabağ əhlinə xəbər verin ki, burda qalanların
aqibəti belə olacaq...
Bütün bunlar etnik təmizləmə üçün edilirdi və göstərişlər bir mərkəzdən,
bütün erməniləri idarə eləyən “beyindən” gəlirdi...
Toğrul Əfqanıstanda da, Qarabağda da gördüklərini müharibənin nəticələri
kimi qəbul eləyə bilmişdi, belə şeylər onun üçün artıq adiləşmişdi...
hər gün xəstə üzərində əməliyyat aparan cərrah kimi alışmışdı bu işlərə...
Amma Aysunun girov düşməsindən sonra gecə-gündüz ona əzab verən ağrını
heç cürə səngidə bilmirdi. Bu ağrı artıq onun iliyinə, qanına yerimişdi.
O, ömrü boyu bir neçə dəfə fiziki ağrılar keçirmişdi: uşaq vaxtı qışda
qıçı dəmir sobaya yapışmışdı... Ayağı burxulub şişdiyi üçün iki gün
yataqda çevrikə bilməmişdi... İki dəfə cəbhədə yaralanmışdı... Həmişə
də ilaca başladıqdan sonra ağrıları getdikcə səngimişdi. İndiki ağrılarını
isə heç nə ilə sakitləşdirə bilmirdi. Düşündükcə içəridən alovlanırdı.
Onun sevgilisini, namusunu, günahsız bir qızı qultəki sürüb aparmışdılar,
orta əsr səlibçiləri kimi...
Yadına girovluqdan xilas edilmiş Xocalı qızının sözləri düşdü...
Əsir düşmüş erməni döyüşçüləri ilə bir dəstə Xocalı qız-qadınını,
uşaq və qocanı dəyişdirirdilər. Girovların içində 18 yaşlı bir qız
ona sarı yüyürüb qucaqlamaq istəyən, sevinc yaşları gözündə donmuş
gənc oğlanı yaxına buraxmamışdı, hıçqıra-hıçqıra demişdi:
-Mənə əl vurma... Nəyimi alacaqsan? Bizdə nə qaldı ki? Namussuzlar
bizim də namusumuzu tapdaladılar...
“Kim bilir başına nələr gətirmişlər biçarə Aysunun... Nə olur-olsun,
qəbulumdur. Təki salamat olsun. Onun ruhi yaralarını öz sevgimlə sağaldacam,
o dəhşətləri unutdurmağa çalışacam...” deyə pıçıldayan Toğrul sevgilisini
qolubağlı, paltarı cırılmış halda ayaqlar altında təsəvvürünə gətirdikdə
hovlandı, ürəyinin başı gizildədi... Nəbzi sürətlə vurduqca o gizilti
bütün bədəninə yayılmağa başladı... Belə hallarda ürək damcısı-zadı
kömək eləmirdi ona... Yox, bu sadəcə ürək ağrıları deyildi. Onun ruhunu,
bütün vücudunu, varlığını sarmışdı bu ağrı... Bu giziltiləri kəsməyin
yeganə dərmanı Aysu haqqında xoş xəbərlər ola bilərdi. O, Aysusuz
yaşaya bilməzdi. Birgə keçirdikləri son gün, bütün ömrə bərabər olan
həmin gün duyduqlarını Toğrul heç zaman yaşamamışdı, başqa kimsə ilə
o ilahi duyğuları yaşayammazdı... Bəzən özü özünə təəccüblənirdi...
Özünü günahlandırırdı: Yalan deyirsən!... Yeyib-içməyindən, gəzib-dolaşmağından
qalmırsan, televizora baxırsan, səhər-axşam, həmişəki kimi, idmanını
eləyirsən... Heç nə olmamış kimi yaşayıb işləyirsən...
Bəlkə də KQB məktəbi keçməsəydi, zabit kimi iradəsini möhkəmlətməsəydi
dözə bilməzdi bu dərdə... Lakin dözmək gərək idi. Aysunu xilas eləmək
üçün, gələcək çarpışmalardan qalib çıxmaq, böyük intiqamı almaq üçün
dözümlü olmaq gərək idi. Bu müqəddəs amal naminə özünü şəhid kimi
hazırlamalı idi.Adi döyüşçülərdən fərqli olaraq qələbəyədək çox şeyi
qurban verməliydi. Hətta, hissə qapılıb doyunca ağlamağı da... Qoy
göz yaşları içində qalsın... Yoxsa düşmənə qəzəbi, nifrəti azacıq
da olsa o damcılarla çıxar, qəlbi yumşala bilər... Ürəkdən ağlamağı
da, gülüb-şənlənməyi də qələbədən sonraya saxlamışdı. İnnən belə onun
bir vəzifəsi, peşəsi vardı: Qisasçı!... Vətən fədaisi!... Onun duyğularında
Vətən anlamı ilə Aysunun surəti birləşib bir vəhdət– Ana Vətən obrazı
yaradırdı. Ana!... Bu sözdə nə böyük hikmət vardı... Aysu ana... Bəlkə,
gerçəkdən o, ana olmağa hazırlaşır?... Ola bilməzdi ki, illər boyu
həsrətdən sonra bir ömrə bərabər həmin gündə onların cismən qovuşması
bəhrəsiz qalsın...
Bu fikir onu yerindən sıçratdı...”Necə olub ki, bu, indiyəcən ağlıma
gəlməyib? Gərək, Elbəyi müəllimin qarşısında and içəm, Aysunun xilası
üçün son damla qanıma qədər vuruşub çarpışacağımı deyəm. Qoy, heç
olmasa qocanın xəbəri olsun mənim iç dünyamdan. Bu həm də ona ürək-dirək
verər...” deyə pıçıldadı.
Telefon zəng çaldı. Toğrul dəstəyi götürdü. Qayınatası idi.
– Oğul, biz tərəfə gəl, sənə sözüm var, – deyən professorun səsində
azacıq gümrahlıq hiss elədi Toğrul.
-Baş üstə, bu dəqiqə çıxıram,-deyib cəld geyindi.
Qapını qayınatası özü açdı. Kişidə bir canlanma vardı. Çay süfrəsinin
arxasında o, Polad Pərvizi ilə görüşünü təfsilatıyla danışdı, bu görüşün
ona çox yaxşı təsir elədiyini söyləyib dedi:
– Mənə çox təkidlə pul təklif elədi, götürmədim. Amma söz verdim ki,
Aysunu azad eləməyə pulumuz çatmasa, yanına gələcəyəm. Onun planları
çox böyükdü...
Polad Pərvizinin kimliyi, onların tanışlığının tarixçəsi haqqında
məlumat alan Toğrulun da kefi açıldı:
– Ata, buna çox şadam. Dar ayaqda ağız aça biləcəyimiz adamlardan
biri də artdı. Biz dözümlüyümüzü, mübarizəmizi birə-yüz artırmalıyıq.
Ancaq belə olduqda Aysunu tezliklə qurtara bilərik. İndisə bir xahişim
var, mənim şəhidlik andıma şahidlik eləyəsən,-deyən Toğrul ayağa qalxdı.
Elbəyigildə böyük otağın baş tərəfində çox evlərdə olmayan müqəddəs
bir guşə düzəldilmişdi: üzərinə kiçik xalça sərilmiş balaca mizin
üstünə nəfis şəkildə işlənmiş Qur’ani– Kərim, Kəbə evinin qızıl suyuna
çəkilmiş maketi, Kərbəladan gətirilmiş möhür daşı qoyulmuşdu. Toğrul
servantın üstündən ay-ulduzlu üçrəngli bayrağı, Aysunun divardan asılmış
şəklini götürdü, onları da ustufca mizin üstündə yerləşdirdi. Elbəyidən
bu müqəddəs guşənin yanında durmağı xahiş elədi. Sonra onların qarşısında
diz çökərək andına başladı:
-Bismillahi-r-rəhmani-r-rəhim! Ey Uca Tanrı! Ey müqəddəs kitab, müqəddəs
ziyarətgahımız! Ey Vətənimin bayrağı! Ey şəkildən mənə baxan həyat
yoldaşım! Uşaqlıqdan ikinci ata bildiyim Elbəyi müəllim! Sizin hamınızın
qarşısında and içirəm ki, son damla qanımadək namusum, Vətənim uğrunda
vuruşub çarpışacağam! Xalqımın böyük intiqamı uğrunda şəhid olmağa
hazıram!... Bu yolda – öz namusumu xilas eləmək yolunda canımı əsirgəməyəcəm!...
Ulu Tanrı, andımı yerinə yetirmək üçün mənə səbir, güc və iradə ver!...
Həmişə ciddi görməyə adət elədiyi Toğruldan belə çılğınlığı gözləməyən
Elbəyi əvvəlcə şaşırdı.Sonra bu səhnədən təsirlənib gözləri yaşarmış
halda cocuqlaşaraq sentimental bir gəncə dönmüş Toğrulun qolundan
tutub qaldırdı, uşaq kimi bağrına basdı. Amma özünü ələ almış Toğrulun
gözlərindəki sərt qətiyyətlilik ifadələrini gördükdə yanıldığını anladı.
Qarşısında romantik bir aşiq yox, divlərlə döyüşə hazır Ağatlı oğlan,
Nigarını azad eləməyə yollanan Koroğlu, çətin döyüşlərə atılan yapon
samurayı, fransız legioneri, alman cəngavəri dayanmışdı.
Şam yeməyindən sonra Toğrul başqası eşitməsin deyə ara otağın qapısını
örtüb asta səslə dedi:
– Mən yenidən cəbhə bölgəsinə gedəcəyəm. Bunu həm özüm istəyirəm,
həm də məni mərkəzdən uzaqlaşdırmaq arzusunda bulunanlar. Bizim nazirlikdə
rəhbərliyə şübhəli adamlar, Moskva ilə əlaqəli olanlar gəliblər. Mənim
Moskvaya getməyimdən dolayısı ilə xəbər tutublar. Elə bilirlər ki,
mənim də ora ilə əlaqəm var. Cəbhə bölgəsinə getməyimin faydası budur
ki, Aysu haqqında məlumat toplamağım asanlaşacaq, onu xilas eləmək
üçün imkanlarım genişlənəcək. Mən Moskvadakı dostuma sizin telefonu
da vermişəm. O, zəng vuranda şərti ad deyəcək: Fərid. Əgər o, Hadrutdakı
rus zabitinin kimliyini, ev ünvanını öyrənibsə deyəcək:”Alikə çatdırın
ki, dostumuzdan xəbər var. Onlara aparmaq üçün özüylə meyvə götürməyi
unutmasın.” Alik mənim təxəllüsümdür... Məlumatı alan kimi mənə telefon
açıb deyərsiniz: “Yaponski ürək dərmanım qurtarıb, onu hardan almışdın?”
Vəssalam. Aydındırmı?
– Hər şey aydındır. Amma qoy yenə özümçün yazım,– deyə Elbəyi telefon
kitabçasına ərəb hərfləriylə qeydlərini etdikdən sonra Toğrula çoxdan
ürəyində dolandırdığı məsləhətini verməyə başladı:
– Oğul, indi zəmanə çox qarışıqdır. Qaydadır, hakimiyyət dəyişəndə
dövlət idarələrində vəzifə sahibləri də dəyişdirilir. Elə böyük vəzifən
olmasa da təşkilatınızın adı böyükdür. Çalış səni vurmasınlar, bir
bəhanə ilə sıxışdırıb ləkələməsinlər. O nazirlik heç kimin dədəsinin
malı deyildir, bütövlükdə dövlətindir, sənsə Azərbaycan dövlətinə
xidmət eləyirsən.
– Başa düşürəm. Təxminən eyni sözləri dünən mənə birinci müavinimiz
general Abasquluzadə də demişdi.
– Tanıyıram, millətini sevən adamdır.
Saatına baxan Toğrul ayağa qalxdı:
– Yaxşı, icazənizlə mən gedim, bir az yazı-pozum var. Gecəniz xeyrə
qalsın.
– Allah amanında...
Evə qayıdan Toğrul açarını çıxarmağa macal tapmamış anası qapını açdı.
– Ay ana, özün bilirsən ki, zabitəm, bizim peşə üçün gecəylə gündüzün
fərqi yoxdur, həmişə iş başında olmağa öyrəşmişik. Dəfələrlə demişəm,
məni gözləmə, yıxıl yat,– deyə Toğrul anasının boynunu qucaqladı.
– Səni gözləmirdim, ay bala. Saat indicə on bir oldu. Özün bilirsən
ki, mən belə tez yatmıram,– deyə anası həmişəki kimi özünü doğrultmağa
çalışdı. – Çay-çörəyin hazırdır.
– Elbəyi müəllimgildə yemişəm. Sabah ertədən durmalıyam. Sənə dediyim
kimi, Beyləqana ezamiyyətə gedirəm. Bir müddət orada qalacam.
– Ay oğul, burda oturmuşdun, dayna. Mən də təkəm. Gərək deyəydin ki,
anam təkdir, qoy indi də başqası getsin.
– Eh, ay ana, birini bilirsən, birini yox. Deməli, belə məsləhətdir.Bir
də axı, Beyləqan Əfqanıstan-zad deyil ki!.. Bir ayağım burda olacaq,-deyən
Toğrul otağına çəkilib yerinə girdi. “Bircə Alfred o rus zabitinin
kimliyini, ünvanını tez öyrənib xəbər versəydi...” deyə pıçıldadı.
* * *
Alfred Naqmatulin onunla Moskvada ikiillik əks-kəşfiyyat kursunda
oxumuşdu. Keçən ay bir həftəlik Moskva səfəri zamanı Toğrul indi həssas
nöqtələrdə işləyən kurs yoldaşlarından bir vaxt onunla yaxın olmuşlarla
görüşmüşdü. Yeyib-içmişdilər. Hamısını yumurta kimi dişinə vurub bərk-boşluğunu
yoxlamışdı. Amma Alfreddən başqa ürəyi heç birinə qızmamışdı... Kazanlı
balası isə səmimiliyini itirməmişdi. Dostuna ürəkdən acıyan,Toğrulun,
adətən, Fərid çağırdığı Alfred əlindən gələni edəcəyinə söz vermişdi...
Toğrul bununla kifayətlənməmişdi, ikinci ehtiyat variant axtarmışdı.
Gümanı gəlib etibar elədiklərindən biri Lena idi. Dövlət əhəmiyyətli
qapalı xəstəxanada işləyən Lenanın əlaqələri güclü idi. Köhnə dost
kimi ona da zəng vurmuşdu...
– Salam!.. Tanıdınmı?
– Ah, bu sənsən... Marsdan gəlmiş adam.
– Məni çox uzaqlaşdırıbsan, uzaq, soyuq planetdə gömübsən, hə?
– Yox, mən səni Yer kürəsinə yaxın planetə, sadəcə, sürgün etmişəm.Marsın
yerinə Yupiter olsaydı, inciməyə haqqın vardı. Neyləməli, yaxın Azərbaycan
indi bizə uzaq bir dövlət olmuşdur.
-Deyəsən, siyasətçi olubsan. Bir vaxtlar sənin zəhlən gedirdi siyasətdən...
– Allah eləməsin siyasətçi olam. Mən öz ideallarıma sadiqəm.
– Artıq başqa dövlətin vətəndaşı olsam da Moskvanı yad şəhər hecab
edə bilmirəm... O mənim üçün doğmadır. Çünki burada sənin kimi dostlar
yaşayır.
– Yaxşı, hansı külək səni gətirdi bura?..
– Şəxsi işimlə bağlı gəlmişəm. Əvvəlki kimi xəstə-zad olanda birinci
bura qaçırıq.
– Bizim xəstəxanaya olmaz. Amma başqalarına kömək edə bilərəm...
– Görüşə bilərikmi?
– Mən həmişə hazıram. Amma bir şərtlə, cəbhə yoldaşı kimi görüşəcəyik.
Köhnə yaralarımı qanatmayacaqsan...
– Əlbəttə, necə deyirsən, elə də olacaq.
Görüş yerini Lena təyin eləmişdi, həmişəki kimi Arbat restoranını
seçmişdi...
Üç illik ayrılıqdan sonra Arbatın foyesində çox səmimi görüşdülər.O,
bir dost kimi qızı qucaqlamışdı da, yanağından öpmüşdü də. Toğrul
özünü təmkinli aparmağa çalışan Lenanın onun qolları arasında necə
titrədiyini hiss etmişdi. Lena sonuncu dəfə oturduqları stolu sifariş
vermişdi. O, vaza gətirtdirib Toğrulun verdiyi qızılgül buketini özünə
yaxın qoydurmuşdu.
– İlahi, necə də gözəl güllərdir, bihuşedici qoxusu var. Sən belə
ətirli gülləri Bakıdanmı gətirdin?
– Güllər Bakıdan gəlib, amma mən gətirməmişəm. Bazarda həmyerlilərimizdən
məxsusi sifarişlə tapmışam.
Lena çiçəklərdən əl çəkmək bilmirdi. Əfqanıstanda da güllər belə ətirli
olurdu. Əslində o, bu ətirlərdən Toğrulla keçirdiyi günlərin iyisini
alırdı... Toğrul həmişə ona belə çiçəklər bağışlamışdı... Əfqanıstanda
da, Moskvada da... Hər ikisinin ətirsiz çiçəklərdən xoşu gəlmirdi..
Birinci badəni görüşləri şərəfinə qaldırmışdılar, sonrasa birgə yaşanmış
şirin xatirələrin...
Lena islamı qəbul etsə də hərdən içməyi tərgitməmişdi. “Yeganə günahım
varsa, o da budur”, deyirdi. Tək Lena yox, Moskvada islamı qəbul edənlərin
bir çoxu yüngülcə içməyi tərgitməmişdilər. Söz-sözə gələndə “Biz yeni
Avropa müsəlmanlarıyıq. Soyuq iqlimdə yaşayanlar içməsələr olmur”,
deyə özlərinə haqq qazandırırdılar.
İkinci badə belə hallarda olduğu kimi ikisinin də dilini açmışdı.
– Yaxşı, danış görüm, gətirdiyin xəstə kimdir? – deyə Lena, nəhayət
özünü ələ alıb soruşmuşdu.
– Məni bağışla, Yelena Petrovna. Telefonda artıq-əskik danışmamaq
üçün elə dedim. Bilirəm ki, sizin iş telefonlarına, bəlkə ev telefonunuza
da qulaq asılır...
– Ax, belə de... Doğru fikirləşirsən, amma mən heç cürə bu nəzarətlərə
alışa bilmirəm... Yaxşı, keçək mətləbə.
– Lenacan, mən həyatımın ən ağır çağlarını yaşayıram...
– Nə baş vermişdir? Axı səni həyəcanlandırmaq, təmkinini pozmaq asan
deyil, – deyə Lena həyəcanla soruşmuşdu.
– Ermənilər Aysunu əmisi oğlunun toyunda girov götürmüşlər... Toyu
dağıtmış, bəylə gəlini isə hamının gözü qabağında qətlə yetirmişlər,
– deyə Toğrul bütün təfsilatı ilə ermənilərin törətdiyi dəhşətli səhnəni
danışmışdı.
– İlahi, insanlar getdikcə vəhşiləşirlər. İyirminci əsrin sonudur,
hələ orta əsr barbarlığından əl çəkməyiblər,-deyə Lena ürəkdən acıyaraq
canıyananlıqla soruşmuşdu:– Bəs indi onu harada saxlayırlar?
– Elə bunu öyrənmək üçün Moskvaya gəlmişəm.
Stul-kresloya yayxanmış Lena diksinib dikəlmişdi:
– Necə, necə?.. Moskvanın bura nə dəxli?
– Bütün yollar indi Romaya yox, Moskvaya aparır,-deyə Toğrul qədim
bir deyimi dəyişərək kinayə ilə cavab vermişdi.– Qeyri-rəsmi kanallarla
aldığım məlumata görə Aysu o rayonda bir rus zabitinin əlindədir.
– Bizim zabitlər indi də girov götürüb saxlayırlar? Ölmədik, bunu
da gördük.
– Yox, rus zabiti onu girov götürməyib. Əksinə, onu ermənilərin caynağından
xilas eləyib özü ilə aparıbdır. Bu, ziyanın yarısı deməkdir. Yəni
güman edirik ki, Aysuya elə çox xətər toxunmayıbdır.
– Nəyə görə belə düşünürsən? Bizim muzdlular, yaxud sizin muzdlular
ermənilərdən nəylə fərqlənirlər? Hamısı bir zibildir. Caninin vətəni,
milləti olmur.
– Düz deyirsən, səninlə tam şərikəm. Amma həmin zabit muzdlu deyil,
Rusiyanın hansısa hərbi qurumunun oradakı nümayəndəsidir. Mənim bura
gəlməkdə məqsədim o zabitin kimliyini, ünvanını öyrənmək, ailəsi vasitəsilə
onunla gizli əlaqə saxlamaq, Aysunu xilas eləmək üçün onun şərtlərini
bilməkdir. Bu iş üçün müəyyən məbləğ toplamışıq. Erməni tərəfində
xüsusi mafiozlar girov biznesi ilə məşğul olurlar.
– O necə olur?
– Girov, əsir götürdükləri adamları satırlar. Bizimkilər onların qlavarlarına
çıxıblar, Aysunu azad eləməklə yaxşı qazanmaq mümkün olduğunu bildiriblər.
Onlar əvvəlcə “hə” deyiblər, sonrasa xəbər göndəriblər ki, qız ermənilərin
əlində deyil, İvan adlı nüfuzlu bir rus zabiti onu götürüb öz rezidensiyasında
saxlayır.
– Yazıq qız... İndi nələr çəkir... Onun vəziyyətini təsəvvürümə gətirirəm...
– Atası infarkt keçirdi, anası stresdən çıxmayıb... Bu mənim üçün
böyük biabırçılıqdır...
– Axtarışının bir nəticəsi oldumu?
– Yox, əliboş geri qayıdıram,– deyən Toğrul bir az susub əlavə etmişdi:-Lena,
əzizim, mən səni dünyanın ən təmiz, saf insanlarından sayıram, səni
tanıyandan özümə dost bilmişəm, biləcəyəm də... Sadəcə, bu ağır günümdə
köhnə dost kimi istədim səninlə görüşəm, həm dərdimi bölüşəm, həm
də xahiş eləyəm ki, gözdə-qulaqda ol, sənin əlaqələrin genişdir...
Sizin xəstəxanaya adi adamlar düşmürlər... Bəlkə təsadüf gətirdi,
mənə kömək edə bildin...
– Əziz dost, bununla sən bir daha məni özünə yaxın sandığını sübut
elədin. Sənin yerinə başqası olsaydı, bu xahişi mənə eləməzdi.Mənim
də yerimə başqası olsaydı, sənin xahişini yerinə yetirməzdi. Amma
biz öz yerimizdəyik. Bizim dostluğumuz təmizdir, çünki ürəyimiz safdır,
xıltsızdır, məkrsizdir. Mən səni sevmişəm, sevirəm, sevəcəyəm də...
həm insan kimi, həm də kişi kimi... Sən mənim idealımsan. Sənin xoşbəxtliyin
üçün hər şeyə hazıram. Əlimdən gələn köməkliyi edəcəyəm. Bilirəm ki,
belə bir xahişlə mən yanına gəlsəydim, eyni hərəkəti sən də eləyərdin.
Gəl, içək əbədi dostluğun şərəfinə, özü də dibinəcən içəcəyik ha,
xaltura eləmə...
Məclislərdə araq stəkanını axıracan içməmək, öz normasından artıq
içməkdən tam imtina eləmək Toğrulun adəti idi. Lena buna işarə vururdu...
O, Lena ilə əlliqramlıq badəni axıracan içmişdi.
– Toğrul, əzizim, bayaq zarafat eləyirdim. Azərbaycan mənim üçün yad
bir diyar deyil. Tələbə vaxtı Azərbaycana bircə dəfə səfər etmişəm,
onun müalicəvi kurort yerlərini – Şuşanı, Kəlbəcəri, Naftalanı,Lənkəranı,
Qubanı gəzmişəm. O bir ayda Azərbaycanı öyrənə bildim, insanlarını
tanıdım. Bu xalq məndə dərin rəğbət oyatdı. Orada gördüyüm səmimilik,
qonaqpərvərlik, ürəyiaçıqlıq məni valeh elədi. O torpaqdakı qədimiliklə,
min illərin tarixi abidələri və gözəl təbiəti ilə insanların məişəti,
xarakteri arasında sıx bağlılığı hər adam görüb duya bilmir... Sizin
xalqınız zahirən də gözəldir. Mən ilk dəfə bu qədər mənalı, qəşəng
gözləri sizin insanlarda gördüm. Onların araqla yox, içdən gələn qızğınlığı,
temperamenti məni təsirləndirdi. Sizin xalçalarınızı, milli geyimlərinizi,
dadlı yeməklərinizi, adamın təkcə ayaqlarını deyil, ruhunu oynadan
musiqinizi sevdim... Stresli, yorğun vaxtlarımda sənin bağışladığın
kasetlərdəki muğamları dinləyirəm, ruhum qidalanıb sakitləşir. Bu
muğamları dinləyəndə insan pisliyi unudur, yaxşılıq, alicənablıq haqqında
düşünməyə başlayır... Mən o bir ayda orada hər şeyi daddım, tək sevgidən
başqa... Azərbaycanlı oğlana vurulmağa çoxdan hazırdım. O azərbaycanlı
isə mənə Əfqanıstanda rast gəldi... Aramızda olub keçənlərdən peşman
deyiləm. Həmişə Tanrıma şükür eləyirəm ki, nə yaxşı səni mənə ürcah
elədi, əsl sevginin necə olduğunu bildim. Çoxları bu duyğuları yaşamadan
ömrü başa vururlar.
Lenanın ürəyindən, ruhundan süzülən sözlər Toğrulu nə təhər əfsunlamışdısa,
badələri yenidən necə doldurduğunu bilməmişdi... O, sərxoş oluncayadək,
bu dünyanın yamanlıq və ədalətsizliklərini unuduncayadək içmək istəyirdi.
Lenanın ürəyi dolu idi... Sinəsində çoxdan qövr eləyən sözləri Toğrula
indi deyirdi:
– Mən Azərbaycanın, bizim Yer kürəmizin gözəl guşələrindən olan bir
diyarın çiçəklənməsi şərəfinə içmək istəyirəm. Biz ruslar Azərbaycanın
qədrini bilmədik. Rusiyanı faşizmdən xilas etmiş Bakı neftinin sahibi
olan xalqı ermənilərin ayağına verdik. Amma ayaqlar altına atılmağa
öyrəşməmiş bir xalq kimi o qalxdı ayağa, özünü dünyaya sübut elədi...
Mən hamısını bilirəm... I Pyotrun vəsiyyətnaməsi keçib rus siyasətinin
boğazına... Sifətdən – sifətə düşməyi bacaran ermənilər xərçəng kimi
daraşıblar Rusiyanın bədəninə. III minilliyin astanasında Rusiya çox
şeyə təzədən baxmalıdır... Mən Azərbaycanın gələcəyinə inanıram. Sizin
xalqın ən böyük sərvəti talantlı insanlarıdır. Təəssüf ki, bizdə çoxları
azərbaycanlıları elə bazarda görürlər... Mən elələrini bircə misalla
susdururam: Unutmayın ki, 60-cı illərin ortalarında SSRİ-dən kosmosa
göndərilən bütün uçan aparatlar Korolyovun vəsiyyətinə əsasən azərbaycanlı
general Kərim Kərimovun icazəsi ilə göyə qalxıbdır. Kosmonavtlar uçuşdan
qabaq sifəti göstərilməsi qadağan edilmiş, ancaq səsini eşitdiyimiz
o böyük alimə məlumat verib, onun icazəsi ilə hava gəmilərinə oturmuşlar...
Azərbaycan sovet cəngəlliklərində itib batmış, böyük orkestrdə səsi
batırılan bir xalq deyil... Azərbaycan özünəməxsus ətrə malik bir
xalqdır. Mənə elə gəlir ki, gec-tez dünya bu ətri duyacaq, onun səsini
xorda yox, soloda eşidəcəkdir. Sağ ol, Toğrulcan...
Riqqətə gəlmiş Toğrul vəfalı dost kimi ən ali, təmiz duyğularla Lenanı
bağrına basmaq istəmişdi. Amma yalnız əlini öpmüşdü...
Hər ikisi badələrini yenə axıracan içmişdilər. Çox şənlənmiş Lena
soruşmuşdu:
– Toğrulçik, əgər məni tutsalar, “Ev – eşiyin, yaxşı iş yerin və maaşın
olduğu halda, səni Azərbaycana işləməyə nə vadar etmişdi?” – deyə
sorsalar, bilirsən neyniyəcəm?
Toğrul çiynini çəkdikdə özü öz sualına cavab vermişdi:
– Deyəcəm ki, məni bu işlərə vadar eləyən bir azəri zabitinin qara
gözləri və tüklü sinəsi olmuşdur...
Zarafatyana deyilmiş sözlərə birgə gülüşsələr də Toğrul bunda bir
məna görmüşdü.
Restorandan çıxdıqda Lenanın təkidi ilə oradaca qucaqlaşıb ayrılmışdılar.
* * *
Ertəsi gün günortaya yaxın general Abasquluzadə onu yanına çağırdı.
Rəsmi təzim eləyən Toğrula səmimiliklə “əyləş” deyib birbaşa mətləbə
keçdi:
– Ərizəndən xəbərim var. Sənə münasibətimi yaxşı bilirsən. İndi açığını
de görüm, bunu təzyiqlərə görə eləyirsən, yoxsa gerçəkdən özün cəbhəyə
getmək istəyirsən?
– Özüm də istəyirəm... Mənə elə gəlir ki, bir müddət kənara çəkilsəm
yaxşı olar. Gələcək zərbələri önləmək istəyirəm. Rəhbərlik mənim yerimdə
başqasını görmək istəyir.
– Mən də rəhbərlikdəyəm, elə fikrim yoxdur. Sən öz yerindəsən. Bizə
vətənpərvər kadrlar hələ çox gərəkdir.
– Bağışlayın, yoldaş general. Mən rəhbərliyə yeni təyin olunanları
nəzərdə tuturam.
General gülümsədi:
– Başa düşürəm. Amma sən istəsən, biz o zərbələri birlikdə dəf eləməyə
qadirik. Öz aramızda qalsın, bizim bu geri çəkilmələr müvəqqəti bir
manevrdir.
Toğrulun çiynindən sanki dağ boyda yük götürüldü, dərindən nəfəs aldı,
minnətdarlıqla generala baxıb dedi:
– Səmimiliyə, etibara görə çox sağ olun, cənab general. Mən ona görə
belə asanlıqla onların arzusuna uyar hərəkət edirəm ki, cəbhə xəttinə
getmək özümə də gərəkdir. Sizə məlumat verdiyim kimi nişanlım, daha
dəqiqi kəbinli həyat yoldaşım girov götürülübdür, indiyə qədər erməni
tərəfi ilə danışığa girə bilməmişik. Bu, ailəmiz üçün çox böyük dərddir.
Qayınatamı infarkt vurdu...
– Professoru? Vay, vay, vətənpərvər insandır, yaxşı tanıyıram, bir-iki
dəfə redaksiyada görüşmüşük. Mən axı bir müddət qəzetdə işləmişəm...
İndi halı necədir?
– Babatdır.
– Salamımı yetirərsən. Hə, sözünə davam elə.
– Fikirləşirəm ki, cəbhə xəttində həyat yoldaşım, bütövlükdə əsir
və girovlar haqqında daha təfsilatlı məlumatlar toplaya bilərəm. Bu
iş başlı-başına buraxılmışdır. Həm biz, həm də onlar tərəfdən meyitləri,
girov və əsirləri satmaqla biznes eləyənlər, pul qazananlar vardır.
Burada məhdud maddi maraq olduğu üçün çox şeyin üstü açılmamış qalır.
– Əla fikirdir. Bu məsələ məni çoxdan düşündürür. Amma onları hürkütmə,
yavaş-yavaş təşəbbüsü öz əlinə al. Ermənilər dörd mindən çox, gərək
ki, beş minə yaxın əsir və girov götürmüşlər. Bunların əksəriyyəti
içərilərində qadın, uşaq, qoca olan mülki əhalidir. Onların başına
açılan dəhşətləri eşidəndə nələr keçirdiyimi bir Allah bilir, – gözlərinin
ifadəsi adi halından çıxaraq sonsuz qəzəb və kədərlə parıldayan general
özünü ələ alıb sözünə davam etdi: – Bizə çatan məlumatlara görə erməni
mafiyası bizim əsir və girovların bədən üzvlərini dünyanın gizli bazarlarında
satır. Təəssüf ki, bunları sənəd-sübutla düzüb-qoşub beynəlxalq dairələrə
çıxarmağa gücümüz çatmır. Ermənilər təbliğatda, informasiya yayımında
bizi çox qabaqlayıblar, bəzi dairələrdə vəhşi azərbaycanlı obrazı
formalaşdırıblar. Bir sıra beynəlxalq təşkilatlar da onların hiylələrinə
uyublar. Amma biz işləməli, ruhdan düşməməliyik ki, zamanı gələndə
sözümüzü deyib zərbəmizi endirə bilək.
General bir siqaret yandırdı, dərin qullab vurub sözünə davam etdi:
– Fikrim var ki, gələcəkdə məxsusi bu işlə məşğul olan qurum yaradaq.
Biz ermənilərin əlində olan hər bir vətəndaşımız haqqında məlumat
toplayıb informasiya bankı yaratmalıyıq... Mən indi səni başa düşdüm.
Əsas işindən biri də cəbhə bölgəsində əsir və girovlarımız haqqında
məlumat toplamaq, onları xilas eləmək üçün yollar axtarmaq, lazım
gələndə danışıqlara qoşulmaqdır. Yaxşı ideya verdin mənə. Birbaşa
mənimlə əlaqə saxlayarsan. Səni şəxsən özüm cəbhə komandanına tapşıraram.
Dayan, dayan, hansı cəbhəyə gedirsən?
– Beyləqan-Füzuli cəbhəsinə.
– Hə,oldu. Çox mühüm istiqamətdir. Orda vəziyyət daha da gərginləşə
bilər. Həm də fars dili üzrə uzmansan, İran sərhədçiləri ilə orada
bir sıra rəsmi danışıqlar aparılmalıdır. İmkan daxilində o taydakı
vətənpərvərlərlə əlaqələr qurmalısan. Bütün hərəkətlərini mənimlə
uzlaşdır.Qorxma, arxanda dayanmışam. 90-cı ildə Qara Yanvardan sonra
sən də hər şeyi tullayıb Bakıya gəldin. Sənin duyğularını mən də yaşamışam...
Bilirəm ki, Azərbaycan uğrunda hər əzaba qatlaşmağa hazırsan. Bizim
yolumuz düzdür. Qoy bəzi manevrlər səni çaşdırmasın, istər bizim nazirlikdə,
istərsə də lap yuxarı dövlət eşelonlarında. Hər bir qəti hərəkətin
öz vaxtı var. Get işinlə məşğul ol, “iks” gününü gözlə. Bil ki, Azərbaycan
xalqının mənafeyinə, dövlətçiliyinin əleyhinə gedənlərin hamısı nəzarət
altındadır. Heç nə edə bilməyəcəklər. Orduya soxuşdurulmuş, yadlara
xidmət eləyənlər haqqında birbaşa özümə xəbər ver. Ordumuzun təmizlənməyə
böyük ehtiyacı var.Yaxşı, sənə uğurlar arzulayıram,-deyə general ayağa
qalxıb onunla sağollaşdı.
– Sizinlə görüş mənə qol-qanad verdi, döyüş, mübarizə əzmimi birə-beş
artırdı, yoldaş general. Sizin ümidlərinizi doğrultmağa söz verirəm.
Çox sağ olun,-deyə Toğrul təzim edib onun otağından çıxdı.
Generalın özünəgüvənliyi Toğrula da sirayət elədi. İş otağına qayıdaraq
stolunun gözlərindəki kağızlarını bircə-bircə saf-çürük eləyib yır-yığışa
başladı.
Nahardan sonra bütün işlərini sahmana salmış, iş yoldaşları ilə xudafizləşmiş
Toğrul “Jiquli”sinə oturdu, motoru işə salıb, təzə təyinat yerinə
tələsdi. O, ertəsi gün tezdən də gedə bilərdi. Amma dözə bilmirdi...
Ona görə də götürəcəkləri şeyləri axşamdan qablaşdırıb maşına yığmışdı.Bu
səhər onun dalınca su atarkən “Axşamın xeyrindən səhərin şəri yaxşıdır,
oğul. Bu axşam evə qayıt, sabah tezdən arxayınca gedərsən”, deyən
anasının məsləhətinə də qulaq asmamış, “Arxayın ol, anacan, axşam
yox, günorta yola çıxacağam,” demişdi.
Təxminən saat yarımdan sonra maşın Əlibayramlı körpüsünü keçib, İmişli
– Beyləqan istiqamətinə üz tutduqda yüngülləşdi, cismini qəribə hisslər
sardı, sanki nəsə onu maqnit kimi çəkirdi... Bilmirdi bu, Aysunun
nəfəsi, yoxsa əsirlikdə qalmış doğma torpaqların, dağların harayı
idi... Hər halda məsafəcə sevgilisinə yaxınlaşırdı... Onu qarşıdakı
dağlarda itirmişdi... İstər-istəməz yadına düşən bir bayatını dodaqları
altında pıçıldadı. Bilmək olmurdu, o zümzümə eləyir, yoxsa ağı deyirdi...
Əzizim, gözüm dağlar,
Sənədir sözüm, dağlar.
Maralım burda itib,
Haranı gəzim, dağlar?
Yox, kişilər ağı demir. Bu, sevgilisini
itirmiş bir könlün iniltiləriydi...