Araz qana boyandı...
İvan Qafqazın kiçik bir dərəsində
otursa da regionda baş verən olaylar ona məlum idi. Aldığı qısa tapşırıqlar,
xəbərlər vəziyyətdən onu hali edirdi. Çünki o, imperiya maşınının
şüurlu bir hissəciyi idi. Bu imperiyanı saxlayanları on minlərlə baş,
beyin hesab eləsək, onlardan biri Hadrutda oturmuşdu. O, Moskva kanallarından
başqa, VVS, Röyter, Amerikanın səsi, Azadlıq, Saut əl– Arab kanallarının
informasiyalarını da dinləyirdi. Bununla dünyanın necə nəfəs almasını,
xəstə Rusiyanın nəbzinin necə vurmasını müəyyən eləyə bilirdi... Bu
günlərsə təkcə Moskvanın yox, bütün dünyanın diqqəti, onun üstündə
gəzdiyi bu torpaqlarda baş verənlərə yönəlmişdi. Rus qoşunlarını öz
torpaqlarından qovub çıxarmış Azərbaycan siyasi-coğrafi mövqeyinə,
təbii sərvətlərinə görə böyük dövlətlərin böyük maraq obyektinə çevrilmişdi.
Xəzər neftinin qoxusu İngiltərə, ABŞ, Norveç və s. ölkələrin şirkətlərini
buraya çəkirdi... Arı şirəyə gələr... Amma bu şirəyə milçəklər də
cumurdular... Rusiya neft şirəsinə gələnləri yaxına buraxmaq istəmirdi...
İnsan itiyinin qədrini sonra bilir... Nəyi itirdiyini sonradan dərk
edən Rusiya necə olursa-olsun Azərbaycandakı mövqelərini qaytarmaq
istəyirdi. Hələlik, regionda söz sahibi o idi...
İvanın gecə-gündüzü yoxudu. Burada baş verən olayları yuxarı ötürməyə
güclə vaxtı çatırdı. Qubadlı tamam, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının
çox hissəsi alınmışdı. Bütün strateji yüksəkliklər ermənilərin əlində
idi. İranla sərhəd boyu ensiz zolağın tutulması haqqında əmr gözləyirdilər.
Azərbaycan ordusu dağılmış vəziyyətdə idi. Xalq Cəbhəsinin batalyonları
buraxılmışdı. Yerdə qalan hissələr baş nazir təyin edilmiş Surət Hüseynovun
əlində idi. O, digər güc nazirliklərini də tam təsir altına almağa
çalışırdı. Milli Təhlükəsizlik naziri də onların adamı təyin edilmişdi.
Lakin İvan siyasi hakimiyyəti əlinə almış Heydər Əliyevdən baş aça
bilmirdi. O, addımbaşı Rusiya ilə əlaqələri korlamış Xalq Cəbhəsi
hakimiyyətini tənqid atəşinə tutsa da, MDB-yə girməyin vacibliyini
iddia eləsə də, rus qoşunlarının, sərhədçilərinin geri qayıtmasına
izn verməyə tələsmirdi, nə “hə”, nə də “yox” deyirdi. İvan yaxşı bilirdi,
rus iqtidarı bu ensiz zolağı saxlamışdı ki, gənc dövləti qorxudub
təzyiq göstərsin: əgər rus qoşunları qayıtmasa, bu torpaqlar tamam
əldən çıxacaq... Kəşfiyyat xəbər gətirdikdə ki, Heydər Əliyev rus
qoşunlarının geri qayıtmasına qəti yol verməyəcək, vaxt qazanmaqla
Qərbdə özünə havadar tapmaq istəyir, məsələ aydın oldu. Aydın oldu
ki, Baba uşaq-muşağın tayı deyil, bununla onu qorxutmaq mümkün olmayacaq.
Odur ki, Moskvadan ermənilərin hücumu davam etdirməsinə icazə verdilər...
Artıq ilk qələbələrin əldə edilməsində– dörd rayon mərkəzinin alınaraq
Azərbaycan hərbi hissələrinin pərən-pərən salınmasında əsas qüvvə
olmuş rus qoşunları, demək olar ki, öz işini bitirib rahat nəfəs almaqda
idi...
... Oktyabrın axırlarında birləşmiş erməni qoşunları Zəngilana, Cəbrayıl
və Füzuli rayonlarının Arazboyu kəndlərinə hücuma keçdilər. Əslində,
bu kəndlərin sakinləri və “bəlkə” ümidi ilə buraya sığınmış yuxarı
kəndlərin camaatı müdafiəsiz qalmışdılar. 4-5 kilometrlik eni olan
bu zolağı almaq üçün elə də bir gücə ehtiyac yox idi. Heç bir maneə
görməyən, qan dadmış siçovullar kimi erməni əsgərləri daha da sırtıqlaşıb,
vəhşiləşmişdilər. Horadiz qəsəbəsini tutduqdan sonra çıxış yolu olmayan
dinc əhalini qırıb çatır, ölülü-dirili payızda suyu çoxalmış Arazın
soyuq sularına tökürdülər...
Qoşunların İran sərhədinə çatması, erməni əsgərlərinin İran sərhədçiləri
ilə üz-üzə dayanması xəbərini alan İvan da rahat nəfəs aldı. Onu mükafat
gözləyirdi... Döyüşlərin bu mərhələsi bitmişdi. Ermənilərin planında
Kürlə Arazın qovuşduğu ərazilərədək bütün Qarabağı tutmaq olsa da
hücum dayandırılacaqdı. Hər şeydən əvvəl tutulan yerlərdə möhkəmlənmək,
hadisələrin necə inkişaf etməsini gözləmək gərək idi.
Yolun açıq olduğunu, heç bir təhlükə gözlənmədiyini yəqinləşdirən
İvan İran sərhədinə getmək, bu tarixi məqamları yaşamaq, rəislərinə
ətraflı, dəqiq məlumat vermək, hər şeyi – Arazı, sərhədi, çayın o
tayını öz gözü ilə görmək istəyirdi...
– İrəli, İran sərhədinə tərəf sür, – deyə o, BTR-in sükanı arxasında
oturmuş əsgərə əmr elədi. Bir azdan maşın üzüaşağı şütüməyə başladı.
– Serjant, sən hardansan?
– Tambovdanam, yoldaş podpolkovnik.
– Aha, demək sən Tambov canavarısan, ona görə belə cəsarətlə, saymazyana
sürürsən. Ehtiyatlı ol, yola nabələdsən.
– Oldu!
Onlar qarşıdakı döngəni burulduqda yolun kənarında dayanmış UAZ-ın
sərnişinləri əl elədilər. İvan maşının nömrəsindən bildi ki, özününkülərdir,
daha doğrusu Hadrut maşınıdır. Odur ki, sürücüyə saxlamağı əmr elədi.
UAZ-ın sürücüsü onlara yaxınlaşdı. İvanın yanındakı digər əsgər başını
çölə çıxardıqda BTR-dəkilərin ruslar olduğunu anlayan erməni əsgəri
pozuq rus dilində maşınının xarab olduğunu, iki nəfərin aşağı, sərhəd
tərəfə getmək istədiklərini deyib, onları da götürməyi xahiş elədi.
– Qoy gəlsinlər, – deyə İvan razılıq verdi. Sonra dodağının altında
öz-özünə mızıldandı: “Bəlkə təzə bir şey öyrəndik”.
İvan içəri girən sərnişinləri salamlayıb soruşdu:
– İşlər necə gedir?
– Yaxşı, – deyə onlardan biri cavab verdi.
– Hara gedirsiniz?
– Bu yoldaş İran sərhədinə baxmaq istəyir, – deyə bayaqkı cavab verdi.
İvanı maraq götürdü:
– Bəyəm o, rusca bilmir?
– Yox, o, Livan ermənisidir.
İvanın çiçəyi çırtladı:
– Hadratuk yəhki arabi? (Cənabınız ərəbcə danışır?)
Livanlı diksindi.
– Eyva. Mən əntə? Min eynə taarif arabi? (Bəli. Sən kimsən? Ərəbcəni
hardan bilirsən?)
İvan özünü təqdim eləyib kim olduğunu söylədi. Onların söhbəti tutdu.
İvan əlüstü onun “anketini” doldurdu. Aram əslən livanlı idi, buraya
Daşnaksütyun partiyasının Paris şöbəsindən gəlmişdi, iki il idi Qarabağda
vuruşurdu.
Bakı-Ordubad magistral yolunu keçdikdən sonra onlar üçün adi olan
acınacaqlı bir mənzərə ilə rastlaşdılar. Qarşıda ucu-bucağı görünməyən,
ikimərtəbəli imarətləri, yaşıl ağacları belə od tutmuş bir kənd yanırdı.
İvan xəritəsini çıxarıb baxdı.
“Bu kəndin adı Böyük Mərcanlıdı. Bunların əhalisi yaman döyüşkəndir.
Elə təkcə bu kəndin əli silah tutanını silahlandırsaydılar, erməniləri
Hadrut dərəsindən bəri çıxmağa qoymazdılar”, – deyə öz-özünə danışan
İvan qımışdı, üzünü sürücüyə tutub səsini ucaltdı: – Hə, elə bu yolla
sür, xəritəyə inansaq, bizi çıxaracaq çayın sahilinə.
On dəqiqədən sonra onlar çayın sahilində idilər. İvan durbinini çıxarıb
qarşı tərəfə baxmağa başladı.
O taya keçə bilmiş insanların bir qismi yük maşınlarının, traktor
lafetinin yan-yörəsinə toplaşmışdı, bir qismi isə çayın daşlı sahilində
sudan çıxa bilməmiş yaxınlarının meyitlərini axtarırdı. O, durbini
çayın o taylı – bu taylı sahillərinə tuşlayıb dolandırdıqda birdən
gözünə yaxınlıqdakı kolluqda qızartı dəydi. Avtomatını ayağa çəkərək
onu müşayiət edən əsgəri irəli göndərdi.
On beş – iyirmi addım atmış əsgərin səsi gəldi:
– Cənab podpolkovnik, burda canlı bir kəs qalmamışdır, hamısının axırına
çıxmışlar.
Onlar əsgərin səsi gələn yerə irəlilədilər. Lap yaxındakı kolluğun
arasında kiçik talada ətürpədici bir mənzərə gördülər.
Üç qadın, üç uşaq qanlarına qəltan olmuşdular. Qadınlardan biri yaşlı,
ikisi gənc idi. Uşaqlardan ən kiçiyi, 6-7 yaşlı oğlan anasının qucağına
sığınmış halda keçinmişdi. Yaxın məsafədən atılmış avtomat güllələrinin
açdığı yaralardan hələ də qan axması, bu dəhşətin bir az öncə baş
verdiyini göstərirdi. Son nəfəslərində yaşadıqları dəhşət, qorxu uşaqların
məsum sifətlərindəcə donub qalmışdı...
İvan irəli yeridi, gənc qadının yaxınlığında otların arasına düşmüş
bükülü yaylığı götürüb açdı. Sənədlər, bir neçə fotoşəkil, on dənə
min manatlıq əskinas... Görünür, biçarələr evdən ancaq bunları götürə
bilmişlər, deyə pıçıldadı, pasport və doğum şəhadətnamələrini vərəqləməyə
başladı... Hamısı bu kəndin, Cəbrayıl rayonu Mərcanlı kəndinin sakinləri
idilər...
Bu qanlı səhnə İvanı sarsıtmışdı. O, uşaq ölümünü pis keçirirdi.
– Yırtıcı vəhşilər, – deyərək ardınca rusca məlum ana söyüşü söydü,
sonra təzə tanış olduğu Arama meyitləri göstərib ərəbcə dedi:
-Belə vəhşiliklər eləyənlərlə faşistlər arasında bir fərq görürsənmi?
İvanın gözləmədiyi halda rəngi saralmış, dodaqları əsən Aram onunla
razılaşdı:
– Bu vəhşiliyin qarşısında mən xəcalətdən ancaq başımı aşağı dikə
bilərəm. Neyləməli, erməni ordusu da sadistlərdən xali deyildir.
– Belə mənzərələri Qarabağda mən çox görmüşəm. Hər dəfə də zabitlərinizə
demişəm: Sizə yeni ərazilər tutmaq gərəkdir, yoxsa lüzumsuz qan tökmək?
Torpaq alınandan sonra dinc sakinləri vəhşicəsinə öldürmək nə üçün?
Sizi də, bizi də dünyada biabır eləyən Xocalı qırğınından nəticə çıxarmadınızmı?
Aram bir siqaret yandırdı, dərindən qullab vurdu, handan-hana dilləndi:
– Sadistlər çox ölkələrin ordularında var. Bu, bəşəriyyətin bəlasıdır.
Hər bir zorakılığın yenisini doğurması məlumdur. Şərqdə isə qanı qanla
yuyurlar... O uşaqların, qadınların intiqamını nə vaxtsa bizdən alacaqlar...
Ola bilsin, başqa günahsız ermənilər bu intiqamın qurbanı olacaqlar.
Ağıllı ermənilər bunu fikirləşirlər. Ağıllı ermənilər hər şeyi yaxşı
başa düşürlər, cənab kolenel,* – deyə Aram sözünü ikibaşlı eyhamla
bitirdi. Hər ikisi susaraq çayın o tərəfinə baxmağa başladı.
“Qəribədir, hələ təzə rütbə almamış hamı məni polkovnik çağırır” deyə
fikirləşən İvan qımışdı.
Aramın eyhamının arxasında çox şey dururdu... O, uzaqlarda doğulsa
da Qafqazda qurulmuş Ermənistan dövlətinin qüdrətlənməsi, torpaqlarını
genişləndirməsi üçün hər şeyə hazır idi. Bütün erməni uşaqları kimi,
Arama da məktəb partası arxasından “Dənizdən dənizə Böyük Ermənistan”
ideyaları aşılanmışdı və o bu ideyalarla yaşayırdı. Doğrudur, sonra
universitetdə tələbəykən başqa dillərdə başqa millətlərin tarixçilərinin
yazdıqlarını oxuyanda görmüşdü ki, erməni məktəblərində ona öyrədilənlərlə
bunların arasında yerlə göy qədər fərq var. Hayların birinci vətəni
İraqın şimalında olmuşdur. “Dənizdən dənizə” deyəndə, ilk əvvəl Qara
dənizlə Aralıq dənizi nəzərdə tutulmuşdu. Lakin Türkiyə Birinci Dünya
Savaşından sonra dağılmayıb güclü dövlətə çevrildikdən sonra bu şüar
dəyişilmiş, Qara dənizlə Xəzər arasındakı ərazilərə aid edilmişdir.
Bütün belə manevrləri Aram qəbul edirdi. Amma Hayastandakı siyasətçilərin
bütünlüklə Rusiyaya arxalanması və Qərbdən uzaqlaşması ilə razılaşa
bilmirdi. Başa düşürdü ki, regiona təsir düymələri Rusiyanın əlinin
altındadır. Hayastanın bütün uğurları Rusiya vasitəsi ilə baş tutmuşdur.
Aramın rus-erməni əlaqələrinin tarixindən kifayət qədər məlumatı vardı.
Bilirdi ki, I Pyotrun vəsiyyətinə əməl edərək I Yekaterina 1726-cı
ildə ermənilərin yüksək mərhəmətə və himayəyə götürülməsi haqqında
fərman vermişdi. Ermənilərin Qafqaza köçürülməsi hələ 1797-ci ildə
başlanmışdı. 1828-ci ildə I Nikolay İrəvan və Naxçıvan xanlıqları
ərazisində erməni vilayəti yaradılması haqqında fərman imzalamışdı.
___________
* Fransızca polkovnik deməkdir
İran, Türkiyə ermənilərinə rus təbəəliyini qəbul elətdirib, Azərbaycanın
qərbindəki İrəvan xanlığında yerləşdirmişdilər. XX əsrdə də yüz minlərlə
erməni başqa ölkələrdən İrəvana köçürülmüşdü. Rus hakimiyyəti onların
etnik təmizləmə planını da həmişə dəstəkləmiş, Azərbaycan türklərinin
Azərbaycanın qərbindən şərqinə köçürülməsini təşkil etmişdi. İkinci
Dünya Savaşından Rusiya qalib çıxdıqdan sonra onların partiyası KQB
ilə əməkdaşlığa başlamışdır. Aram şəxsən dəfələrlə KQB-dən gələn tapşırıqları
Livan da, Suriyada, Fransada yerinə yetirmişdi. Bunun əvəzində partiyanın
Yerevanla əlaqəsinə, Qarabağ, Bakı, Sumqayıt erməniləri arasındakı
fəaliyyətinə maneçilik törədilmirdi. Kommunist, komsomol olan daşnaksütyunçular
partiya məktəblərinə oxumağa göndərilir, yuxarı vəzifələrə qoyulurdu.
70-ci illərin ortalarında Həsən əl-Bəkr dövründə SSRİ daha İraqa girib
onunla iqtisadi və hərbi əlaqələr qurduqdan sonra kürdlərin lideri
Molla Mustafa Bərzani müəmmalı surətdə aradan götürüldü. O Bərzani
ki, otuz il idi Moskvanın verdiyi silahla, pulla İraq hökuməti ilə
vuruşurdu... Bundan sonra kürd hərəkatının mərkəzi Türkiyəyə keçirildi.
Daşnaksütyun Türkiyədə kürdlərin qiyamını təşkil etmək üçün dəridən-qabıqdan
çıxırdı. O kürdlər ki, 1915-18-ci illərdə ermənilərin, ermənilər də
onların atalarını yandırmışdılar. İndisə müəyyən vaxtadək onlarla
dost olmaq gərək idi. Çünki ermənilərə Türkiyəylə, Azərbaycanla aralarında
bir bufer ərazi lazım idi. Bunun üçün onlar Azərbaycanda hələ 70-ci
illərdən Laçın və Kəlbəcərdəki bir neçə kürd kəndində təbliğata başlamışdılar.
Moskva belə şeylərə göz yumurdu. Məqsəd məlum idi: Rusiya bütün bunları
ermənilərin yekə burunlarına hörmətdən eləmirdi. Ona Güney Qafqazda,
İranda və Türkiyə ilə sərhədi olan Hayastanda öz siyasi və hərbi mövcudluğunu
saxlamaq gərək idi, vəssalam! İndi dünyanın dəyişdiyi tarixi dönəmdə
Rusiya hərbi bazalarını Hayastanda yerləşdirməklə onu boynuxaltalı
xidmətçisinə çevirmişdir. Sabah dünyada, yaxud onun daxilində siyasət
dəyişsə, Rusiya əlüstü öz qoşunlarını çəkib aparacaqdı. Ruslar dönə-dönə
belə qırdı-qaçdılıq etmişdilər...
Bütün bunları çək-çevir eləyən Aram Gəncə ilə Daşkəsən arasındakı
Çaykənd döyüşlərini xatırladı... 1991-ci ilin yazında SSRİ-nin saxlanıb-saxlanmaması
haqqında respublikalarda referendum keçirildi. Azərbaycanın o zamankı
rəhbərliyi buna “hə” cavabı verdi. Ermənilərə güclü SSRİ dövlətini
saxlamaq əl vermirdi. Onlar artıq “Dənizdən dənizə Böyük Ermənistan”
proqramını həyata keçirməyə başlamışdılar... Ermənilər “Biz Azərbaycanla
bir dövlətdə olmaq istəmirik!” deyib “Yox” cavabı verdilər. Rusiya
rəhbərliyi o zaman erməniləri qulaqburması ilə cəzalandırdı: daxili
qoşunlara bir qədər Azərbaycanın tərəfini saxlamaq göstərişi verildi.
Azərbaycanın xüsusi təyinatlı polis və təhlükəsizlik orqanları rusların
dəstəyi ilə ermənilərin for-posta çevirdikləri Çaykəndi aldılar. O
zaman buraya yenicə gəlmiş Aram canını güclə qurtara bilmişdi...
Bu hadisəni unuda bilməyən Aram qəti olaraq bu fikrə gəlmişdi ki,
indiki dönəmdə Rusiyanın müttəfiqi olması ilə Hayastan dünyada nüfuzunu
itirir. Rusiyanın öz qoşunlarını Hayastanda saxlamaqda digər məqsədi
erməniləri öz təsir dairəsindən çıxmağa qoymamaqdır. Rusiya Hayastanın
Qərb dünyası ilə inteqrasiyasına hər vəchlə mane olacaqdır. Hayastan
gərək Türkiyə ilə, Azərbaycanla dil tapsın, sülh bağlasın. Çünki bu
üç qonşu dövlətin heç biri digərinə görə öz ərazilərindən köçüb getməyəcəkdir...
Aram Qarabağ savaşında edilən vəhşiliklərlə heç cür barışa bilmirdi.
Elədiklərinin cavabını qarşı tərəf hökmən verirdi. Əgər başı bədənindən
ayrılmış, əl-ayağı kəsilmiş meyit verirdilərsə, eləsini də alırdılar.
Təkcə qarşı tərəf onların əksinə, qadınlara, uşaqlara əl qaldırmırdı.
Bəli, bu iki ildən çox müddətdə o, çox dəhşətlər görmüşdü. Və bu qənaətə
gəlmişdi ki, məqsədə çatmaq üçün ən dəhşətli, qeyri – insani hərəkətlərdən
belə çəkinməyən, lazım gəldikdə öz millətinin nümayəndələrini də güdaza
verən daşnaksütyunçuların yüz il öncə qəbul edib rəhbər tutduqları
mübarizə üsulları köhnəlmişdir... O qayda – qanunlar zəmanə ilə ayaqlaşmır...
Ayaqlaşa da bilməz... Çünki bu yüz ildə iki Dünya müharibəsi olmuş,
kommunist və faşist rejimləri yaranıb dağılmış, təkcə sərhədlər yox,
insanların dünyaya, hadisələrə baxışı, münasibəti də dəyişmişdir.
Daşnaksütyun ideyaları, partiyanın nizamnaməsi, məramnaməsi, hədəf
və məqsədləri isə bu müddətdə, əsasən dəyişilməmiş qalmışdır... “Mən
öz sözümü Beyrutda deyəcəyəm... Çalışacağam ki, erməni xalqını gözləyə
biləcək təhlükədən hamını xəbərdar edim. Yox, əgər orada da buradakı
kimi məni başa düşməsələr, bu partiyadan çıxacağam...”
İvansa o taydakıların hərəkətlərini izləməkdə davam edirdi... Deyəsən,
çayda boğulmuş qızcığazın cəsədi tapılmışdı. Qadınlar meyidin üstündə
şivən qoparırdılar. Saçını yolan kim, üzünü cıran kim... Çayın şırıltısı
onların səsini batıra bilmirdi. Yenə uşaq ölümü... Sinirləri daş kimi
möhkəm olsa da İvan bu səhnədən təsirləndi, durbini sağa çevirdi.
Aha, iranlılar gəlirlər... Üç, dörd, beş maşın... Adi insanlardır,
deyəsən, yemək, paltar gətirmişlər. Gör necə qucaqlaşırlar... Hə,
axı onlar da Azərbaycan türkləridirlər...
Bu zaman onlara sarı yaxınlaşan yük maşını İvanın da, Aramın da diqqətini
çəkdi. Maşından düşənlər cəsədləri götürüb kuzovdakı meyitlərin üstünə
qolayladılar. Bu xoşagəlməz səhnədən çimçəşən İvan tez üzünü yana
çevirdi. “Onlar canfəşanlıqla yığdıqları bu meyitləri Azərbaycan tərəfinə
baha qiymətə satacaqlar. Pul düzəltməyi bacarırlar, hiyləgərlər!..”
– deyə fikirləşən İvan BTR-ə sarı üz tutdu, Aramdan onlarla gedib-getməyəcəyini
soruşdu. Aram geriyə özününkülərlə qayıdacağını bildirib sağollaşdı.
Bayaqkı səhnəni unutmağa çalışan İvan sərhəd boyu irəlilədikcə qürurla
düşünürdü: “Rusiyanın sərhədi yüz kilometr də bərpa olundu... Mən
də bunda iştirak elədim...”
Amma bu qələbənin nəyin bahasına başa gəldiyini düşündükdə, xüsusilə,
indicə gördüyü dəhşətli səhnə gözləri önündə canlandıqda sustaldı.
“Bu hələ mənim gördüklərimdir. Allah bilir, ermənilərin muzdlu banditlərdən,
canilərdən yığıb düzəltdiyi hərbi dəstələr heç kimin görüb bilmədiyi
nə qədər cinayətlər eləmişlər. Bu günahsız qanların tökülməsində bizim
də təqsirimiz var. Mən də bu cinayətlərin iştirakçısıyam” – deyə İvan
öz-özünə pıçıldadı. Birdən eyninə gəldi ki, bir-birini qucmuş halda
öldürülmüş ana-bala Aysu ilə hələ bətnində olan uşağıdır... Anasının
qanı can verib dünyaya gətirdiyi ciyərparasının qanına qarışıb axır...
İvanın ürəyi xarab oldu, onun daş qəlbi muma döndü, hətta gözləri
də yaşardı. Sanki bu dəhşətlər onun doğmalarının başına gətirilmişdi...
Yox, İvan Aysunun, onun gələcək övladının başına belə bir iş gətirilməsinə
yol verməz. O, bundan sonra bütün varlığı ilə çalışacaqdır ki, Aysunu
bu cəhənnəmdən çıxarsın. Qoy uşağı da dünyaya gətirsin. Allahın yaratdığı
bu canlını ya doğuşdan sonra, ya da əvvəl tələf elə, fərqi yoxdur,
ikisi də ölümdür. Aborta icazə verməyən islam gör nə gözəl qadağa
qoymuşdur.
Ziddiyyətli xarakteri olan İvan məsələyə başqa səmtdən də yanaşdı:
Neyləməli? Azərbaycan üçün əsgərmi böyütməli? Təsdiqləsin ki, uşaq
ondandır, qızın iradəsini qırıb ona sahib olmuşdur. Aysu buna üsyankarlıqla
yanaşarsa, belə bir fəndlə onun dil-ağzını bağlar: bütün günahlar
məndədir. Mən bu gözəlliyə biganə qala bilmədim.Sənə olan məhəbbətim
ağlımı başımdan oynatdı. O gecə səni elə bihuş elədim ki, özündən
xəbərsiz oldun... Əgər bunu qəbul etməyib, uşağı tələf edərsənsə,
sən də məhv olarsan. Özün seç! Təmizliyini, Tanrının sənə bəxş etdiyi
bu gözəlliyi saxlamağı arzulayırsansa, ata-ananın gözünün yollarda
qalmasını istəmirsənsə, onda xudbin olma. Nə çoxdur bir millətdən
olub başqa millətə ərə gedənlər. Belələri azərbaycanlılar arasında
da az deyil, sizin minlərlə kişilərin arvadları rusdurlar, ermənidirlər.
Biz ailə qurarıq, Moskvada yaşayarıq, qan içində dünyaya gətirdiyimiz
övladı böyüdüb, təhsil verib tanınmış şəxsiyyət edərik...
Bu fikirlərə özü zidd çıxdı. “Nə üçün mən özümə də, gözəl bir qadına
da şər yaxım? Axı, mən ona sahib ola bilmədim!.. Aysu bəlkə də canını
qurtarmaq üçün indi buna razılıq verər, sonrasa ikiqat intiqamını
alar. Uşağı həkim müayinəsindən keçirər, qanında mənim qanım olmadığını
rəsmi sübuta yetirəndən sonra... lomba ilə həyatıma tüpürər.”
Hər halda müəyyən qərara gəlməliydi və gəldi də: Aksananın atmacalarını
qulaqardına vurmaq, Aysu ilə arasında heç nə olmamış kimi rəftar eləmək,
hər şeyi baş hakim olan zamanın ixtiyarına vermək!
Təzadlı, indiyəcən eyninə gəlməyən qəribə düşüncələr içində çırpınan
İvan sanki yuxudan ayıldı, onda Aysunu görmək, söhbət eləmək, qayğısına
qalmaq arzusu baş qaldırdı. “Son hərbi əməliyyatlar məni tamam – kamal
hər şeydən ayırıbdır”, – deyə donquldanan İvan sürücüyə əmr elədi:
– Birbaşa Hadruta sür!..
* * *
İvan heç vaxt evə belə tələsməmişdi. Heç özü də bilmirdi nədir onu
evə çəkən. Yoxsa yorulmuşdu? Hə, doğrudan da yorulub. Amma özündə
fiziki yorğunluq hiss eləmirdi, qolu-qıçı ağrımırdı. O, mənən usanmışdı.
Son iki ildə Qarabağda gördüyü qan, ölüm, on illərlə tikilib qurulmuş
kənd və qəsəbələrin bir neçə gündə viran edilməsi ona pis təsir edirdi,
əsəblərini yerindən oynadırdı. Hətta bir dəfə işğal olunmuş kəndlərin
birindəki məktəbdə yerləşdirilmiş tabur qərargahına getdikdə dəhlizə
səpələnmiş sinif jurnallarını, divarda güllələrdən deşik-deşik olmuş
SSRİ xəritəsini gördükdə uşaq kimi kövrəlmişdi... Yurd – yuvasından
qovulmuş bu insanlar ona yad deyildilər, onunla birlikdə keçmiş sovet
vətəndaşı olmuşdular...
Çox həqiqətləri ancaq burada anlayan İvan hadisələrə təsir eləyə bilməzdi,
faşizmdən betər bu soyqırımını, etnik təmizləməni dayandırmaqla bağlı
cınqırını belə çıxara bilməzdi. Onu əlli-ayaqlı yox edərdilər... Ermənilərin
dinc əhaliyə divan tutması barədə rəislərinə gözü ilə gördüyü dəqiq
məlumatlar verməkdən başqa onun əlindən bir şey gəlmirdi. Hər dəfə
bu məlumatlarla yanaşı azərbaycanlı əsirlərin rusları da bu cinayətlərin
şəriki hesab etməsini yazıb göndərmişdi. Həmin hadisələrdən bəzisi
istər-istəməz yadına düşdü...
... Aprelin 18-də Kəlbəcərin bir kəndindən girov götürülmüş otuz nəfərin
yarıdan çoxunu ermənilər heç nahaqdan vermişdilər güllənin ağzına.
... İki yaşlı qızı ilə girov düşmüş Səmayə adlı qadın əsgərlərin alçaldıcı
təhqirlərinə dözə bilməyib, iki dəfə damarlarını kəsmişdi. Üçüncü
dəfəsə özünü öldürməyə nail olmuşdu.
... Yaralanmış əsir və girovların müalicə adıyla qol-qıçlarını kəsib
şikəst edirdilər...
... Nəzakət adlı 15 yaşlı yeniyetmə qızı ata-anasının gözləri qarşısında
zorlayarkən erməni hərbçilərinə müqavimət göstərən atasının qulaqlarını
kəsmiş, ağacdan asaraq ayaqları altında tonqal qalamış, onu diri-diri
yandırmışdılar. Bu müsibətə dözə bilməyən qızcığazın anası dəli olmuşdu...
... Avqustun 7-də məşhur Qacar kəndinin işğalı zamanı iyirmi beş nəfər
sakin girov götürülmüşdü. Elçin və Fidayə adlı iki uşaq ermənilərə
tutduruq vermədikləri üçün bədənləri avtomat güllələri ilə şanı-şanı
edilmişdi...
O günahsız qurbanların heç birinin meyidinə İvan yaxından baxmayıb
üzünü çevirmişdi. Bu gün gördüyü səhnəsə gözləri önündən getmirdi.
Anasına sığınmış uşağın sifətində donmuş qorxu, imdad diləyən məsum
ifadə onun vicdanını ağrıdırdı. Bu qətldə bütün rus hərbçiləri ilə
bərabər özünü də günahkar sanırdı... Erməni hərbçiləri ilə belə əməllərinə
görə toqquşurdu, mübahisə edirdi... Kimə deyirsən? Dəyirman öz bildiyin
edir, çax-çax baş ağrıdırdı.
Erməni hərbçiləri niyə bu qədər qəddardılar? Bu amansızlığın hərəkətverici
qüvvəsi nədir?
O, bu sualın cavabını hələ Buxarinin redaktorluğu ilə çıxmış Böyük
Sovet Ensiklopediyasında, Aysunun ona göstərdiyi, əsrin əvvəllərində
Tiflisdə yaşayıb yaratmış Veliçkonun və digər müəlliflərin kitablarında
axtarmış, tez-tez hallandırılan “erməni xəstəliyi”nin mahiyyətini,
əmələgəlmə səbəblərini anlamağa çalışmışdı. Axırda bu qənaətə gəlmişdi
ki, erməni xalqını məhvə sürükləyən bu xəstəliyin “mikroblarını” erməni
kilsəsi, adətən, sifətlərini gizlətməyə çalışan, orta əsr inkvizitorlarına
bənzəyən erməni keşişləri yayırlar. Ermənilərin qriqoryan kilsəsi
qonşu millətlərə qarşı nifrət, kin-küdurət ocağını sönməyə qoymayıb
daim körükləyir. Erməni uşaqları beşikdən qonşulara nifrət ruhunda,
“Böyük Ermənistan” ideyası uğrunda mübarizədə hər cür alçaqlıqdan,
qəddarlıqdan, hiyləgərlikdən çəkinməmək ruhunda tərbiyə olunurlar...
“Türk sənin düşmənindir!” deyə körpəlikdən ermənilərin canına bir
qorxu yeridilir... İvanın rəyincə tarix boyu ermənilərin birliyini
təmin etmiş qriqoryan kilsəsi cızığından çıxmışdır, son yüz ildə öz
xalqını terrorçuluğa təşviqləndirir... Hələ SSRİ dövründə üç cənubi
Qafqaz respublikasının sərhədlərinin qovuşduğu yerdə, səhv etmirdisə
Azərbaycanın Qazax rayonunda qoyulmuş dostluq, sülh abidəsini partladaraq,
özləri də ölmüş üç ermənidən birinin keşiş olması təsadüfi deyildi...
İvan, ümumiyyətlə, həyatda “təsadüf” deyilən anlayışı qəbul etmirdi.
Bu gün qarşılaşacağı sürprizlər də onun üçün təsadüf deyildi...
Sağdakı magistrala çıxmağa yol tapmayan BTR ara-sıra sökülmüş tikanlı
sərhəd məftillərinin qırağı ilə gah Araza yaxınlaşıb, gah da uzaqlaşan
yolla Maraylana sarı şütüyürdü. Bu kənd də tüstülənirdi. Qabağa baxsa
da sağ-solu diqqətlə izləyən İvan kəndin qənşərinə çıxanda sürücüyə
maşını saxlamaq əmrini verdi:
– Stop! Bir az geriyə sür. Hə, yaxşıdır.
Sürücü ilə nişançı yalnız indi yolun qırağında ağaca söykənmiş, başı
sinəsinə düşmüş, döşündə tanış orden və medallar parıldayan ağsaçlı
nurani bir kişini gördülər.
İvan aşağı düşüb ona sarı getdi. Başını çölə çıxaran nişançı komandirini
naqafil hücumlardan qorumaq üçün ayağa çəkilmiş avtomatın lüləsini
sağa-sola hərləməyə başladı.
Qocaya yaxınlaşan İvan onun yanında buğlana-buğlana sızqa-sızqa axan
qanın qırmızıya boyadığı qoltuqağaclarını gördükdə hər şeyi anladı...
İndicə öldürülmüş biçarə Böyük Vətən Müharibəsi əlili imiş... İvan
qocanın, ətəyini qan islatmış pencəyinin yaxasındakı “Şöhrət” və “Qırmızı
Bayraq” ordenlərinə, “İgidliyə görə”, “Stalinqrad uğrunda” və s. medallara
baxdıqda sarsıldı... İvan bu orden və medal sahiblərinə hörmət və
ehtiram ruhunda tərbiyə olunmuşdu... Rusiya uğrunda vuruşub əlil olmuş
qoca döyüşçü indi ömrünün bu qürub çağında elə həmin Rusiyanın siyasəti
nəticəsində dəhşətli ölümə məhkum edilmişdi. Onun daxilində bu haqsızlığa
qarşı bir üsyan qalxdı. “Ermənilər biz rusları da öz cinayətlərinin
şəriki etmişlər. Mən bu detalları sənədlə-sübutla yazıb göndərməliyəm...
Bəlkə də bu qoca orden və medalları taxılmış pencəyini geyinmişdi
ki, ona silah qaldıran keçmiş sovet vətəndaşları əl saxlasınlar...
Onlarsa veclərinə almadan gülləni onun qarnına doldurmuşlar...” –
deyə pıçıldayan İvan qocanın üstündə sənədinin olub – olmamasını bilmək
üçün əliylə onun döş ciblərini yoxladı... Vardı... Qocanın sol cibindəki
sənədləri götürdükdə hiss elədi ki, kişinin bədəni istidir, ürəyi
vurur...
Yad bir əlin ona toxunduğunu hiss eləyən qoca gözlərini açdı, ağır-ağır
başını qaldırdı, xırıltılı səslə öz dilində dedi:
– Heç nəyim yoxdur, əclaf!.. Niyə öldürmürsən məni? Yoldaşın qarnımdan
vurub getdi, dedi ki, qoy əzabla ölüm... İnsafın varsa, bircə güllə
çax başıma, tez ölüm... Vurmursan... Hamınız bir bezin qırağısınız...
Vicdansızlar, çörəyi dizinin üstündə olan donuz uşaqları...
İvan qocanı tam başa düşməsə də anladı ki, onu erməni hərbçisi hesab
eləyir... Nədənsə, İvanda yad sana bilmədiyi bu qoca əsgərlə, vətəni
Rusiya uğrunda qan tökmüş döyüşçü ilə söhbət eləyib, son sözlərini
eşitmək istəyi baş qaldırdı...
– Mən erməni deyiləm, qoca əsgər! – deyə o, rusca cavab verdi.
Üz əzələləri gərilən qocanın bəbəkləri genişləndi, sifətini yaxşı
seçə bilmədiyi müsahibini görmək istədi:
– Onda russan, hə? – deyə rusca soruşdu, cavab gözləmədən ağır-ağır
ürəyini boşaltdı: – Mən qvardiya starşinası Məşi Qasımov dörd il rus
ivanları ilə səngərdə kürək – kürəyə yatdım, onların torpağı uğrunda
faşistlərlə döyüşdüm... İndi həmin ivanların törəmələri o faşistlərdən
on dəfə betər erməni terrorçuları ilə birgə bizim torpaqları tutuqlayıb
günahsız insanları qırırlar... Aç götür mənim bu orden və medallarımı,
apar ver Kremldəkilərə... De ki, ermənilər bu orden– medallara güllə
atdılar. De ki, biz çox peşman olmuşuq Rusiya uğrunda vuruşmağa...
Ölüm ayağında olan qocaya nəyisə sübut eləməyin yersizliyini görən
İvan başı ilə onun sözlərini təsdiqləyib, niyə burda qaldığını soruşdu.Get-gedə
bənizi saralan qoca başını dik tutmağa çalışaraq ağır-ağır dedi:
– Düşünmə ki, məni atıb gediblər... Kəndin gülləbaranı birdən başladı...
Heç gözləmirdik.... Oğluma dedim ki, tez arvad-uşağı çıxar, ermənilərin
əlinə keçməsinlər... Oğlum uşaqları aparıb Arazdan İrana keçirdi,
geriyə məni götürməyə qayıtdı. Mən yeriyə bilmirəm, çəkim də ağırdır...
Özümü güclə həyətdə hərləyə bilirdim... Oğluma dedim ki, nahaq qayıdıbsan,
həyatımı yaşayıb qurtarmışam. Sizə ağır yük olmaqdansa, qoy qalıb
doğma evimdə ölüm. Oğlum razı olmadı, məni kürəyinə alıb, gah da qoluma
girib güc-bəla ilə kənddən çıxara bildi. Sürətimiz çox az idi,oğlum
dincəlmək üçün tez-tez dayanırdı. Yaxınlaşan ermənilərin səsini eşitdikdə
oğluma yalvardım, yerə-göyə and verdim ki, məni qoyub getsin uşaqların
yanına... Arazın o tayında, qərib yerdə mələyə-mələyə qalmış uşaqların...
Biz ikimiz də burda qalıb ölsək, uşaqlar başsız qalarlar, məhv olarlar.
Oğlum başa düşdü, gözündən qan-yaş tökə-tökə sözümə əməl elədi...
Gözləri yumulan qocanın səsi lap zəifləmişdi. Ağırlaşmış kipriklərini
artıq saxlaya bilmirdi. O susduqda İvan ümidsizliklə soruşdu:
– Bilmirəm, sənə necə kömək eləyə bilərik, qoca döyüşçü...
Qoca gözünü açıb su istədi. İvan nişançıya su gətirməyi əmr elədi.
Yerə sıçrayan əsgər plastmas qabdakı suyu İvanın işarəsi ilə qocaya
içirtdi. Bu dünyada son qismətini – Cəbrayıl kəhrizindən doldurulmuş
sudan doyunca içən qocanın sifəti bir neçə anlığa nurlandı, onlara
“sağ ol” dedi, son nəfəsini toplayıb başını qovzadı, dönüb, doğulduğu
Qarabağın bu Arazqırağı kəndinə, o taydakı Qaradağ torpaqlarına baxdı
və bu dünyada son sözlərini pıçıldadı:
– Kremldəkilərə onu da de ki, bu haylara çox bel bağlayırsınız...
Amma onlar kimi xain, etibarsız ikinci millət bir də özləridir...
Gün gələcək, Rusiyanın kürəyinə bıçağı onlar sancacaqlar...
Qoca bir ağız da hava alıb əbədi susdu, bədəni sustaldı, başı köksünə
düşdü...
Gözləri yaşarmış İvan bilmədi nə etsin... Ürəyindən keçdi ki, onu
götürüb ədəb – ərkanla, layiq olduğu şərəflə basdırsın... Amma buna
imkan yox idi...
O, sinəsində Böyük Vətən müharibəsinin orden və medalları olan qoca
döyüşçünün meyidi qarşısında bir dəqiqə “Farağat” vəziyyətində durdu,
avtomatını qaldırıb göyə yaylım atəşi açdı, sonra nişançıya göstəriş
verdi:
– Onun döşündəkiləri aç götür, mənə lazım olacaq.
Onlar maşına oturduqdan sonra İvan nişançının uzatdığı orden və medalları
qocanın sənədləri ilə birlikdə salafan kisəyə bükdü.Onun bu hərəkətini
anlamayan nişançıya dedi:
– Bunlar bizim qanla yoğrulmuş tariximizdir. Həm də bir ailə başçısının
gələcək nəslinə yadigarıdır. Bunları tapdaq altda qoymaq olmaz...
İvan sözünün dalısını gətirməyib ürəyində fikirləşdi: Neyniyəcək bunları?
Muzeyə-zada qoymayacaq ha! Ən yaxşısı hamısını qocanın ailəsinə göndərməkdir...
Geriyə dönəndən sonra bu çətin bir iş deyil...Conra qocanın sənədlərinə
baxmağa başladı. Rusca yazılmış, hardasa ya Sibirdə, ya da Qazaxıstanda
verilmiş reabilitasiya arayışını oxuduqda qanı yenə qaraldı. “Görünür,
biçarə əsir də düşübmüş, yəqin əsirlikdən qaçıb, vuruşub, orden– medal
alıb, fəxrlə evinə dönüb. Burdasa onu sürgün ediblər... Uzun əzablardan
sonra günahsızlığı sübut olunub, yaşamaq üçün öz yurduna buraxılıb...”
– deyə öz-özünə pıçıldadı... Salafan kisənin ağzını bağlayıb yol çantasına
atdı... Ürəyi sıxılıb başı ağrıdığı üçün alnını, gicgahını bir az
ovuşdurub, gördüyü ürəkağrıdan səhnələri unutmağa çalışdı. Bunun üçün
ona beş-on dəqiqə mürgüləmək lazım idi.
– Uşaqlar, yorulmuşam, dincəlmək istəyirəm, maksimum on dəqiqə. Diqqətli
olun... – deyib başını arxaya söykədi, gözlərini yumdu.
Mərcanlı, Maraylan, Şükürbəyli kəndlərini arxada qoyan BTR Fuğanlı
yoxuşunu çıxanda sürücü irəlini göstərib dedi:
– Yolda hadisə baş verib, cənab podpolkovnik.
İvan yarıyumulu gözlərini açıb qarşıya baxdı. Yoxuşun başında üzü
enişə böyrü üstə aşmış bir yük maşını çırthaçırtla yanırdı. Üstü çadırlı
ikinci maşınsa salamat halda arxada dayanmışdı. Ölən və yaralananlar
vardı. Hadisə yerinə on – on beş metr qalmış İvan maşını saxladıb
aşağı endi.
Yaralıların zarıltı və qışqırığından qulaq tutulurdu. Sağ qalan əsgərlər
sarılarını udmuşdular.
“Başqalarının qanını tökən bu millət öz qanı çıxanda yaman qorxur,
barmağı qanayanda belə, haray-həşir salır” – deyə fikirləşən İvan
nədənsə Puşkinin “Tı rab, tı trus, tı armenin!”* misrasını xatırladı...
Ona yaxınlaşan erməni zabitinə özünü təqdim eləyib, nə baş verdiyini
soruşdu.
– Bir Azərbaycan əsgəri kamikadzelik eləyib, üç-dörd qranatla özünü
maşının altına atıbdır. Biz iki maşında əlli metr intervalla ön xəttə
əsgər aparırdıq. Əclaf türk on nəfəri öldürdü, iyirmi nəfəri yaraladı,-deyə
zabit yağlı bir söyüş söydü.
– Nə danışırsan? Bəyəm burda Azərbaycan əsgəri qalıb? Bəlkə, arxada
təxribat aparmaq üçün xüsusi qüvvə saxlayıblar?
– İnanmıram. Güman edirəm, o əsgər ya azıb, ya da yatıb qalıbdır.
Yəqin ki, özününkülərə çata bilməyəcəyini görüb, kişi kimi ölməyi
üstün tutubdur, – deyə zabit etiraf elədi.
“Arxayınçılığa yol vermək olmaz. Ehtiyatlı olanları Allah saxlar”-deyə
qədim rus məsəlini xatırlayan İvan xalaxətrin qalmasın soruşdu:
___________
* Sən qulsan, sən qorxaqsan, sən ermənisən!
– Sizə kömək gərəkdirmi?
– Ratsiya ilə xəbər vermişik, xüsusi sanitar dəstəsi gələcək. Varsa,
bir az bint, yod verin.
– Yaxşı, gəlin götürün.
BTR-ə minən İvan kiçik aptekdəki dərman və sarğı materiallarını zabitə
uzatdı. Sonra “İrəli!” – deyə sürücüyə göstəriş verdi, yollarına davam
etdilər.
– Ehtiyatlı olun, yolun kənarlarına diqqətlə baxın, – deyə İvan sürücü
ilə nişançıya xəbərdarlıq etdi...
Amma bilmirdi ki, qarşıda onu heç ağlına belə gətirmədiyi sürpriz
gözləyir...