Dualar Tanrıya Çatırmı?..
Artıq sentyabrın ortaları idi.
Yayın çıxmasına az qalmışdı. Aysu üç aydan çox idi əsirlik həyatı
yaşayırdı. O, gündən-günə şam kimi əriyir, saralıb solurdu. Erməni
qoşunlarının irəliləməsi haqda hər yeni xəbər sanki bir ovuc duza
çevrilib onun yaralarına basılırdı. Bu yaralar onun bütün varlığına,
heysiyyatına vurulmuşdu. Arıqlamışdı, tez-tez öyüyürdü, iştahadan
kəsilmişdi, qatıq və turş meyvədən başqa heç nə yemirdi.
Həmin bədnam gecədən sonra İvanla üz-üzə gəlməyə qorxurdu... Qorxurdu
ki, özünü saxlaya bilməyib dişinin dibindən çıxanı deyər, özü də hirslənər,
onu da acığa salar... Bunun axırının pis qurtara biləcəyini dərk edib
özünü saxlayırdı... Onsuz da əli boşa çıxmış İvan acığa düşüb onu
ermənilərə verə bilərdi. Buna görə də atasından eşitdiyi müqəddəslərin
“səbir aparar” məşhur kəlamını tez-tez yadına salıb, hikkəsini göz
yaşları ilə içindən çıxarmağa çalışırdı... O, dağ döşündə əlçatmaz
bir bakirə çəmənlik idi, yad ayaqlar vəhşicəsinə soxulub tapdaladılar...
Təmizlik bağında bitmiş bir gül idi, şirin meyvə idi, bağbandan xəlvət
girib dərmək istədilər... “Yaşatmaq üçün yaşamaq gərəkdir” – deyə
öz-özünə pıçıldayır, başını qatmaq üçün yeganə həmdəmi olan kitablara
cumurdu... Bir də səhər və axşam evdəcə özünü idmanla “hələk” eləyib
sakitlik tapırdı. Çalışırdı ki, İvana olan qəzəbini yumşaltsın, uşaqlıq
eləyib faydasız hərəkətlərə yol verməsin. Artıq hiss elədiyi körpəsini
dünyaya gətirmək üçün İvanla mülayim münasibət qaçılmaz idi.
İvanınsa işi başından aşırdı, 15 avqustda hücum başlayandan gecə gəlib
obaşdan gedirdi. Bütün cəbhə boyu – qərb və şərq istiqamətlərində
döyüş aparılırdı. Gündüz görüb topladığı məlumatları gecə yazaraq,
şifrələyib göndərməyə güclə vaxtı çatırdı. Bir aydan çox idi Aysu
onunla üz-üzə gəlməkdən qaçırdı, onun evə qayıtmasını bilən kimi otağına
çəkilib qapını bağlayırdı. Onsuz da İvanın indiki halında qadına sərf
ediləsi vaxtı yox idi. Daha doğrusu, belə gərgin vaxtlarda o, qadın
haqqında düşünməzdi, məişət məsələlərini büsbütün unudardı. Bu onun
həyat vərdişi idi, özünü belə öyrətmişdi.
Həmin gün İvana səhər yeməyi verən Aksananın Aysunun vəziyyəti haqqında
həyəcanla “Qıza nəsə olub. Belə getsə, yazıq əldən gedər, Allah yanında
günahkar biz olarıq” deməsi İvana təsir elədi. O, Aksanaya göstəriş
verdi ki, həkim çağırsın, nəticəsini ona desin, gözü həkimin üstündə
olsun, burnunu ora-bura soxmağa qoymasın.
Razılıq almasına sevinən Aksana “Oldu, yoldaş polkovnik” – deyə zarafatla,
şən əda ilə təzim elədi. Onun sağ əlində çay stəkanı olduğu üçün sol
əlini gicgahına qaldırması İvanın dodağını qaçırtdı, polkovnik sözündən
lap xoşallandı:
– Ax Aksana, Aksana!.. Sən yaxşı insansan. Həmişə şənliyini saxlamağı
bacarırsan, – deyib lütfkarlıq göstərdi, sağ əli ilə onu qucaqladı.
İvan polkovnik rütbəsini səbirsizliklə gözləyirdi. Çalışırdı ki, növbəti
ulduzu alana qədər xətaya, səhvə yol verməsin.
İvan mənzilinə kənar şəxslərin buraxılmasını qadağan etmişdi. Keşik
çəkən əsgərlərin də ikinci mərtəbəyə qalxmağa ixtiyarları yox idi.
Tək-tük hallarda ağır yük olanda onu pilləkənlə yuxarı qaldırıb qapının
ağzında Aksanaya verərək geri dönərdilər. İvana da, Aksanaya da həkim
lazım olanda evə çağırmazdılar, özləri poliklinikaya gedərdilər. İndi
Aysunu erməni həkimlərinin içinə aparmaq məqsədəuyğun deyildi.
Aysu həmişəkitək səhər saat 8 radələrində yerindən qalxdı, pəncərədən
boylanıb həyətə baxdı. İvanın maşını görsənmirdi, deməli getmişdi.
Otağın içində yüngülcə səhər gimnastikası elədi, əl-üzünü yuyub onu
səbirsizliklə gözləyən Aksananın yanına gəldi, “sabahın xeyir” deyib
yanağından öpdü. Qızın bu hərəkətindən gözləri yaşarmış Aksana da
onu ehtirasla qucaqladı, süzdüyü çayı, zoğal mürəbbəsini onun qarşısına
qoydu:
– Təzə bişirmişəm, bax gör necədir?
Mürəbbədən dadan Aysu özünü zorlayıb gülümsədi:
– Əladır, yaxşı bişiribsiniz. Zoğal da dadlı zoğaldır. Biz Bakıda
həmişə mürəbbəni belə kiçik zoğaldan bişiririk. Atam calaq olunmuş
iri zoğalları xoşlamır.
Aysu stəkanı boşaltdıqdan sonra birini də istədi.
– Sən yeməkdən tamam kəsilibsən. Belə olmaz. Yüz fikir bir borcu ödəməz.
– Neyləyim, iştaham çəkmir. İçimdə bir yanğı var.
– İndi Saşanı doktoru gətirməyə göndərəcəyəm. Qoy baxsın görək, dərdin
nədir. Hərçənd mən bir şeydən şübhələnirəm... Yaxşısı budur həkim
baxsın.
– O nə həkimidir?
– Can həkimidir. Çoxdan tanıyıram, yaxşı insandır. Adı Asyadır.
– Aksana xanım, nə əcəb İvan Saşanı özü ilə aparmayıbdır? – deyə Aysu
söhbəti dəyişdi.
– İndi buralar ruslarla doludur. Saşanın onun yanınca getməsinə ehtiyac
yoxdur.
Həkim bir saatdan sonra gəldi. O, gülərüz, xoşxasiyyət bir qadın idi.
İçəri girən kimi “Axçi, gör nə vaxtdan bir-birimizi görmürük”-deyib
Aksana ilə öpüşdü.
Aysu ilə də mehriban görüşdü. Bakıdan olduğunu bildikdə gözləri yaşardı.
Asya ali tibb təhsilini Bakıda almışdı, gəncliyi orda keçmişdi. Azərbaycanca
çox səlis danışırdı.
Onun sadaladığı tələbə yoldaşlarından Aysu ancaq atasının dostu, məşhur
psixiatr Nadir Vedanoğlunu tanıdı.
– Ax, gözəl günlər, gözəl insanlar... Hamısı keçmişdə qaldı... İndi
Bakıdakı qohumlarımızla əlaqəmiz büsbütün kəsilmişdir, Allah mərdimazarın
cəzasını verəcək, – deyə o ah çəkdi, dəsmalını çıxarıb dolmuş gözlərini
sildi.
– Sizin orda qohumlarınız kimlərdi ki?
Aysunun bu sualına həkim qürurla cavab verdi:
– Bütün Yeqanovlar. Belə familiya eşidibsənmi?
– Eşitmişəm.
– Mənim familiyam Məlikyeqanovadır. Bütün Yeqanovlar bir soydan, bir
kökdəndirlər.
– Asyacan, sizin qohumlarınız indi də Bakıda yaşayır? – deyə Aksana
söhbətə qarışdı.
– Bəli, hamısı özünə görə vəzifə sahibidir.
– Asyacan, and olsun Allaha, heç nə anlamıram. Onlar ermənidirlər?
– Yox, hamısı azərbaycanlıdır, musulmandır.
– Bəs sən?
– Mən xristianam, erməniyəm.
– Belə başa düşdüm ki, sizin Yeqanovlar bir familiyadan, bir kökdən
törəmədilər, eləmi?
– Tamamilə doğrudur.
– Bəs onda niyə belə oldu? Kim kimdən ayrıldı?
– Atamın nənəsi yüz on il yaşadı, 50-ci illərin sonlarında bu dünyadan
köçünü sürdü. O deyərdi ki, atası ona nəql eləyirmiş ki, ruslar Qarabağı
tutanadək bizim tayfamız Alban kilsəsində ibadət eləyirmiş. Özümüzün
də ayrı dili varmış. Çarın fərmanı ilə Alban kilsəsi erməni kilsəsinə
qatıldıqdan sonra Yeqanovlar iki yerə bölünmüşlər. Bir qismi erməni
kilsəsinə tabe olmaq istəməmiş, çarın fərmanına etiraz olaraq musulmana
çönmüşdür. Bizim əslimiz Tağ kəndindəndir, yarısı musulman, yarısı
xaçpərəst olan o məhşur kənddən.
– O kənd çox qədim bir türk tayfasının adını daşıyır.
Aysunun dediyi bu sözlərdən təəccüblənən həkim çiyinlərini çəkdi:
– Birinci dəfədir eşidirəm. Nə bilim, bu tərəf deyir ki, biz qədim
ermənilərik. O tərəf deyir, yox, siz qafqazlısınız, qədim albanlardansınız.
Vaxt gələr, ortaya bir kişi çıxar, sübut eləyər biz kimik... – dedi,
sonra özü öz dediklərindən qorxmuş kimi söhbəti dəyişərək soruşdu:
– Yaxşı, xəstə kimdir? Kimə baxacam?
– Bu gənc qıza, – deyə Aksana Aysunu göstərdi.
Həkim Aysunun nəbzini tutdu, gözlərinə, dilinə, dırnaqlarına baxaraq
mehribanlıqla soruşdu:
– Qızım, səni narahat eləyən nədir?
– Əvvəllər məndə olmayan hallar keçirirəm. Yuxumu qarışdırıram, sinirlərim
həmişə gərili olur, hirslənəndə, xoşuma gələn şey olmayanda öyüyürəm,
bədənimi qaşınma tutur. İçimdə bir yanğı var. İştaham kəsilib, amma
duzlu xiyar, turş şey istəyirəm. Mənə elə gəlir ki, arıqlayıram.
– Aydındır. Qurşağa qədər tamam soyun.
– Elə burdamı? – deyə sifəti allanan Aysu aynabəndin qapısına, sonra
Aksanaya baxdı.
– Bizim qız çox utancaqdır. Bəlkə keçəsiniz yataq otağına... – deyə
Aksana onun dadına çatdı.
– Mənim üçün fərqi yoxdur. Musulmanlar demişkən, ağa deyir sür dərəyə,
sür.
Qabağa düşən Aysu həkimi otağına apardı, qapını arxalarınca örtdü.
Aysunu soyundurub müayinə eləyən həkim heyranlığını gizlədə bilmədi:
– Mən ömrümdə bədənin başdan-ayağa belə gözəl harmoniyasını görməmişdim,
– deyərək fonendoskopla onun ürək döyüntülərini, ciyərinin xışıltısını
dinlədi.
– Ürəyin, ciyərin sapsağlamdır. Amma çox əsəbisən, bunun da səbəbi
məlumdur. İndi uzan, qarın nahiyənə baxım... Axırıncı dəfə menstruasiyan
nə vaxt olub?
– Təxminən üç ay yarım qabaq.
Bu müayinəni də eləyən həkim gülümsədi:
– Qızım, sən hamiləsən. Zənnimcə, uşağın üç aylıqdır. Lap düzünü desək,
on dörd həftəlikdir. Ginekoloq olmasam da belə şeylərdən başım çıxır.
Rayon həkimləri universal olurlar.
Bu sözlər hansısa bir enerjiyə çevrilib Aysunun bədəninə xoş bir əhval-ruhiyyə
yaydı. O, birinci dəfə yəqinliklə özünü ana hiss etdi və bundan qürur
duydu.
– Uşağı saxlamaqmı istəyirsən?
Həkimin sözləri Aysunu üşütdü, körpəsini əlindən alırlarmış kimi tələsik
dilləndi:
– Əlbəttə, o nə sözdü...
– Belə hallarda gərək uşağın atası ilə məsləhətləşilsin, hamiləliyin
gedişinə nəzarət üçün mən də gələ bilərəm, ginekoloq da.
Aysu istədi desin ki, uşağın atası burda yoxdur. Amma barmağını dişləyib
sözünü dəyişdi:
– Vallah, bu qısa vaxtda sizə qanım qaynadı, yenə özümüzünküsünüz.
Lazım gələndə elə sizə zəhmət verərəm, – deyib çantasından, içərisində
qadın tualeti üçün gərəkli şeylər olan qutunu çıxardıb ona uzatdı:
– Kasıbın olanından...
Şaşıran həkim sevincək oldu:
– Oy, neyniyirsən, ilin-günün bu vaxtında belə gözəl hədiyyə!.. Çox
sağ ol, qızım.
– Yox, mən sizə sağ ol deməliyəm.
Kövrələn həkimin gözləri yaşardı:
– Ötən günlərimin iyisini səndən aldım. Nə vaxt istəsən, hüzurundayam,
əlimdən gələni eləməyə hazıram. Baxtın gətirib ki, elə bura düşübsən.
Dözmək, səbir eləmək lazımdır, başqa əlac yoxdur.
– Asya xanım, sizdən bir xahişim var.
– Buyur, qızım.
– Mənim hamiləliyim haqqında məlumatı ancaq özümə deyin. Və istəyirəm
sizlə elə otaqda xudafizləşim. Nədənsə halım dəyişdi...
– Belə şeylər olacaq. Bir az uzan, keçib gedər. Xudafiz, görüşənə
qədər.
Aynabənddə divana yayxanaraq həkimi səbirsizliklə gözləyən Aksana
tələsik soruşdu:
– Hə, bizim qızın diaqnozu nə oldu? Ciddi bir şey varmı?
– Bir yox, iki ciddi şey var. Əvvələn, qızın əsəbləri çox pozulub.
Lazım olan dərmanları göndərəcəyəm. İkincisi, qız hamilədir. Hər şeyi
özünə demişəm. Ona çox əsəbiləşmək olmaz. İndi halı yenə xarablaşdı...
Hə, Aksanacan, evi sata bilmədin? – deyə Asya söhbəti dəyişdi.
– Yox, qonşularım almırlar. Mənə yüzcə dollar verirlər. Deyirəm, bu
heç divan-kreslonun qiyməti deyil. Gülüb məni dolayırlar ki, götür
apar, bizə gərək deyil.
– Onlar İrandan gəlmə ermənilərdir, alveri yaxşı bacarırlar. Digər
tərəfdən, heç kimin sabaha ümidi yoxdur. Çıxıb getməyə qoysalar, burda
bir nəfər də qalmaz... Xahiş eləyirəm, söhbətimiz elə burdaca qalsın.
– Axçi, məni tanımırsan? Birinci dəfədir səninlə oturub dururuq? Nə
qədər gizli kef məclislərində olmuşuq?
Hər ikisi ürəkdən güldü. Aksana onu darvazaya qədər ötürüb geri döndü.
Aysu otağından çıxmamışdı. Onunla laqqırtı vurmaq istəsə də narahat
eləmədi. “Biçarə qız, dərdi az idi, biri də əlavə olundu.Bura düşəndə
nazlı çiçək kimi idi, indisə...” – deyə ona acıdı. Özünə bir stəkan
çay süzüb yenidən divana yayxandı, Aysunun özünün otaqdan çıxmasını
gözləməyə başladı, istər-istəməz onunla İvanın əlaqəsini çözələdi:
“Yəni uşaq İvandandır? Onun belə qabiliyyəti var? Bir ildir ora-burasına
keçirəm, heç tükü də tərpənmir... Görünür, bəxtim belədir, mənə gələndə
bulaqlar quruyur. Neyləmək olar, hər kəsin öz taleyi var...”
Bir azdan onun xorultusu aynabəndi başına götürdü...
Bayaqdan çarpayıda uzanmış Aysununsa gözünə yuxu getmirdi. O da İvanla
əlaqələri haqda düşünürdü... Bayaq həkimin uşağın atasının İvan olmasını
zənn etməsi Aysunun ağlına başqa şey salmışdı. Ətrafdakıların belə
düşünməsi onun xeyrinə idi. Belə olduqda, uşağını dünyaya sağ-salamat
gətirə bilərdi. Onun yuxusu çin çıxmışdı, hamilə olmağı təsdiqlənmişdi.
Bundan sonra nəyin bahasına olursa-olsun körpəsini yaşatmalıydı, onun
uğrunda bütün əzablara dözməliydi...
Öz həyatını məhv olmuş sayan Aysu körpəsini dünyaya gətirdikdən, onu
sağ-salamat doğmalarına çatdırdıqdan sonra ömrünü başa çatmış sanardı...
Çünki o, bundan sonra necə yaşayacağını təsəvvürünə gətirə bilmirdi.
Əsirlikdən qurtulub qayıtmaq ona müyəssər olsa el arasına necə çıxacaqdı?
Tanıyanlar, tanımayanlar onu göstərib deyəcəkdilər: filankəsin qızıdır,
yazıq, erməni əsirliyində olub, başına itin oyununu açıblar... Bunlar
bir yana, bəs Toğrulun üzünə necə baxacaqdı? Başına gələn müsibətlərin
hamısını ona danışacaqdı, namusunu qoruduğuna, ismətini saxladığına
and içəcəkdi... Toğrul o böyük səhvə yol verdikdən, neçə müddət Moskvada
başqası ilə bir yastığa baş qoyduqdan sonra Aysu onu bağışlamışdı..
Yəqin bilirdi, öz varlığı kimi inanırdı ki, Toğrul əsirlik həyatının
qaranlıq səhifələrini açmayacaqdı... Heç vaxt bu mövzuya toxunmayacaqdı...
Məsələ Toğrulluq deyildi. Aysu taleyi ilə barışıb yaşaya bilsə belə
ömrü boyu ərinin, atasının, oğlunun gözünün içinə dik baxa bilməyəcəkdi.
Ona elə gəlirdi ki, bu şübhə ləkəsi hər birinin ürəyində qalacaqdı.
Aysu onu yalnız bircə şeylə yuya bilərdi... Özünün yoxluğu ilə...
Vaxtsız ölümlə... Buna görə də hesab eləyirdi ki, ömrünün sonuna az
qalıbdır... “Elə böcəklər var ki, ömürləri bircə gündür. Səhər doğulur,
günorta nəsil verir, axşam ölürlər... Mən də xallı bir kəpənək kimi
nəsil verib bu dünyayla vidalaşacam. Mənimki bu qədərmiş, burayacanmış...
Yox!.. Yox!.. Burada yox...” – deyə biçarə qız lal düşüncələrdən ayrılıb
dodaqları altında pıçıldadı... Yadına bir bayatı düşdü:
Əzizim, dağlar səni,
Qar yağar, saxlar səni.
Can vermə yad içində,
Kimlərin ağlar səni?!
Bu bayatılarda bir hikmət var. Adam öz-özünə deyəndə də yüngülləşir...
Əziziyəm, çarxı nə,
Qəm suyunun arxı nə?
Fələk məni kələftək
Dolandırdı çarxına.
Və sonra balıq susuz yaşaya bilmədiyi
kimi yenidən özünü fikir dəryasına atdı... Bir vaxtlar Şah İsmayıl
haqqında oxuduğu kitabda bir məsələ ona anlaşılmaz qalmışdı. Şah arvadının
hərəkəti ona yalnız indi çatırdı...
...Çaldıran döyüşündə Osmanlı qoşunları Şah İsmayılın arvadını əsir
götürürlər. O, vəziyyəti belə görcək tez qulluqçusu ilə paltarını
dəyişib deyir: “Mən istəmirəm Şah İsmayılın arvadı Topqapı hərəmxanasına
düşsün, Sultan mənim Şahıma tənə eləyib gözdağı versin. Sənin üçünsə
fərqi yoxdur. Şah arvadı bilib təmtəraqla qarşılayacaqlar...” Elə
də olur, xidmətçini Şah əyalı kimi qəbul eləyirlər, xanımı isə xidmətçi
bilib azad edirlər. O isə buraxıldıqdan sonra əsirlikdə olmuş bir
qadın kimi Şah İsmayılın adına ləkə gətirməmək üçün saraya qayıtmır,
müəmmalı şəkildə yoxa çıxır.
Bütün bunları xatırlayan Aysu istər-istəməz “Mən də ilim-ilim itəcəyəm”
– deyə pıçıldadı, gözləri tavana dirənmiş halda bir neçə dəqiqə lam
qaldı, sonra qalxdı:
“Yox, mən çox uzağa gedirəm... Bütün bunlar sonra, sonra... İndi yaşamaq,
körpəmi dünyaya gətirmək haqqında düşünməliyəm...” – deyə özü öz üstünə
qışqıraraq otağın içində gəzişməyə başladı.
Divanda mürgüləyən Aksana onun səsinə diksinib oyandı, yarıyuxulu
özünü Aysunun otağına saldı, həyəcanla soruşdu:
– Aysu, əzizim, sənə nə olub? Məni yaman qorxuzdun, yuxudan dik atıldım.
Niyə qışqırırdın?
– Özümü çox pis hiss edirəm, Aksanacan. Bağrım çatlayır. Mümkünsə,
düşək bir az aşağıda gəzişək...
Onlar yorulanacan həyətdə gəzişdilər. Aysu təmiz dağ havasını ciyərlərinə
çəkib dərindən nəfəs alırdı. O, asta-asta yeriyən Aksanadan üzr istəyib
yüyürməyə başladı, evin başına bir neçə dövrə vurdu. Gəzinti öz təsirini
göstərdi, qız bir qədər gümrahlaşdı.
Postda dayanmış erməni əsgəri vəhşi hərisliklə onlara baxırdı...
Gəzintidən sonra Aysu yüngül şam edərək otağına çəkildi. İvan yenə
gecəyarısı gəldi.
– Qız hamilədir, – deyə Aksana əlüstü ona məlumat verdi.
– Necə, necə? – deyə şama təzəcə başlamış İvan çeçədi.
– Bəli, hamilə olubdur. Çünki, bukvalno son günlər başlayıb arıqlamağa,
turş şeylər istəməyə. Əvvəllər təkcə hirsindən, hikkəsindən öyüyürdüsə,
indi taksikozdan tez-tez ürəyi qalxır. Neyniyək, abort haqqında onunla
danışımmı?
Özünü itirən İvan kəkələdi:
– Abort?.. Bunun mənə nə dəxli?.. Yox... Hə... Axı, o bizim himayəmizdədir...
Nə deyim, özü bilər. İndi döyüşlərin getdiyi bir vaxtda mən beynimi
belə şeylərlə məşğul eləyə bilmərəm.
Doğrudan da İvanın başını qaşımağa macalı yox idi. Amma bu xəbər eşitdiyi
andan onun beynini didməyə başladı. Yeməyini yeyib yatağına uzandıqdan
sonra xeyli yata bilmədi. Yaddaşını qurdalaya-qurdalaya fikirləşdi:
bu uşaq hardan çıxdı? Bəyəm, o, qızla əlaqədə olmuşdu? Güc-bəla ilə
Aysunun otağına getməyini, özünü onun yatağına salmağını birtəhər
xatırlayırdı... Amma sonrakı hərəkətlər ona dumanlı qalırdı... Bir
də bunu aydın xatırlayırdı ki, onu itələyib, yerindən sıçrayan qız
əlində bərq vuran yekə bıçaqla dayanmışdı. Soyuq silahın üşütməsi,
qızın “dayan, irəli gəlsən səni də, özümü də doğrayacağam!” deməsi
onu ayıltmışdı... Qızın həm ona, həm də özünə xətər yetirməsindən
ehtiyatlanaraq sakitcə sivişib qapıdan çıxmışdı... Bəs bu uşaq necə
əmələ gəlmişdi? Bəlkə aralarında bir şey olub, çox dəmləşdiyi üçün
yadında qalmayıb? Heç bunu da xatırlamırdı ki, həmin anlar bir şeyə
qadir olan haldaydı, ya yox?! Həmin gecədən sonra Aysunun onunla kinli
davranması, qarşılaşmaqdan qaçması şübhələrini artırırdı. Onunla oturub
bu mövzuda söhbət etməsi müşkül məsələydi. Amma gec-tez bu söhbət
olmalıydı. Aralarında bir şey olmuşdumu? Uşaq ondan idimi? Belə olsaydı,
qürur duyardı ki, hələ kişiliyini itirməyibdir, uşaq düzəldə bilir.
Bunun, onu dolayaraq “impotento” deyən erməni zabitlərə tərs şillə
olacağını düşünən İvanın sifətini məmnunluq ifadəsi bürüdü. Digər
tərəfdən də fikirləşdi ki, görəsən, qızın hamiləliyi onun karyerasına
nə dərəcədə təsir göstərə bilər?.. Sonra özünə təskinlik verərək gülümsədi:
Əşi, dövran o dövran deyil, burda nə partkom var, nə də komandir.
Uzaqbaşı söz-sözə gəlsə deyə bilər ki, uşaq ondan deyil, vəssalam.
Birdən uşaqdan sonra Aysunun ona münasibəti dəyişdi? Onu uşağın atası
kimi qəbul elədi və İvan da mehrini uşağa saldı... Bəs onda nə olsun?
Uzaqbaşı arvadını boşayar. Onsuz da ayrılmış kimidilər. Şərqdə bir
məsəl var, atalar üçdən deyib. Onunku polkovnik rütbəsi alanacandı.
Generala onsuz da çatmayacaqdı...
Bu fikir beynində qərar tutdu, sakitləşdi, gecədən xeyli keçmiş yuxuya
getdi... Bir də obaşdan ayıldı. Gecikdiyi üçün tələsik geyinib evdən
çıxdı...
* * *
Qapının taqqıltısına, həyətdən çıxan maşının səsinə oyanan Aysunun
gözünə daha yuxu getmədi. O qalxdı, hamam otağına girib çıxdıqdan
sonra əli dinc durmadı, acıqca İvana vururmuş kimi onun otağının qapısına
bir yumruq ilişdirdi. Qapı taybatay açıldıqda özünü itirdi, bir addım
geri çəkildi. “İvandan çıxmayan iş... Görünür, tələsdiyi üçün qapını
bağlamağı unudub. Qoy girib baxım, görüm saatlarla neynir o burda”
– deyə fikirləşən Aysu marağını boğa bilməyib içəri keçdi, baxışları
ilə otağı dolandı. Yığılmamış çarpayı, paltar dolabı, kreslo, qarşısında
kiçik jurnal stolu, yazı stolu, digər stolda ağzıbağlı radiostansiya...
Aysunu stolun üstündəki kitabçalar, şagird dəftərlərindəki yazılar
maraqlandırdı. Kitabçalar radiostansiyanın təlimatları idi. Dəftərlərin
birində cürbəcür rəqəmlər, işarələr, sözlər yazılmışdı. “Görünür,
şifrlərdir” – deyə fikirləşən Aysu üzərində “6721 khc tezliklə işləyən
radioşəbəkə və şərti işarələr” olan ikinci dəftəri açdı. Bundan bir
şey anlamaq olurdu. Qulağı səsdə olan qız qapıdan aynabəndə sarı boylandı.
Kimsə yox idi. “Axı səhərin gözü açılmamış bura kim gələcək? İvan
getmiş, Aksana da xorna çəkir. Arxayınca baxa bilərəm”, deyən Aysu
kürsünü çəkib oturdu, dəftərdəkiləri oxumağa başladı...
“QSM-7” Ermənistanın Vardanis
rayonunda yerləşmiş
qərargah radiostansiyası;
“Uraqan – 17” Kəlbəcərdə yerləşən radiostansiya; bütün
əmrləri rus dilindən erməni dilinə və ək-
sinə tərcümə edib ötürən rabitə rəisinin
radiostansiyası;
“Uraqan-1” əməliyyatda iştirak edən səyyar radiostansiya;
“Kaskad-22” əməliyyatda iştirak edən səyyar radiostansiya;
“Manuşak-10” əməliyyatda iştirak edən səyyar radiostansiya;
“Leo-13” əməliyyatda iştirak edən səyyar radiostansiya.
Erməni və rus dillərini yaxşı
bilən yüksək vəzifəli hərbi mütəxəssislərin çağırış siqnalları: “Martunik”,
“Qarik-02”, “Qurgen”, “Vartan”, “Saşa-22”, “Sergey”, “Artaş”.
“Dub” ölənlər
“Osina” yaralılar
“Xariton” azərbaycanlılar
“Zelennıye” Azərbaycan ordusunun əsgərləri
“Nojka-1” kişilər
“Nojka-2” qadınlar
“Nojka-3” uşaqlar
“Nojka-4” qocalar
“Bolşaya derevnya” Kəlbəcər
“Malenkiye sosedi” Qarabağ erməniləri
“Rıbı” zirehli texnika
“Semeçki” patronlar
“Qolub” vertolyot, təyyarə
Bunları oxuduqdan sonra ikinci
başlığa keçdi. Burada Kəlbəcər alındıqdan sonra erməni hərbçilərinin
bir-birilə danışığı yazılmışdı. “Bütün bunların üzünü köçürmək lazımdır”
– deyən Aysu stolun üstündəki ağ kağızlara dəymədi, kağız-qələm üçün
öz otağına keçdi. Geri qayıdarkən bir daha aynabəndə, pəncərədən həyətə
baxdı. Sakitlik idi. Tam arxayın olduqdan sonra dəftərdəki şərti işarələrin
üzünü köçürdü, aparıb otağında gizlətdi. Bir daha aynabənddə gəzişdi.
Aksana hələ oyanmamışdı. Yenidən İvanın otağına girdi, erməni hərbçilərinin
bir-birilə telefon danışıqlarının qısa məğzini də köçürməyə başladı.
İşini bitirdikdən sonra hər şeyi necə vardısa eləcə yerinə qoydu.
Heç bir iz qoymadığına əmin olub öz otağına qayıtdı, qapını arxadan
bağlayıb yatağına girdi. Qiymətli bir xəzinə tapıbmış kimi sevindi.
Yazdıqlarını bir daha nəzərdən keçirdi, onların mənasını yəqinləşdirməyə
başladı. Bu yazılardan görünürdü ki, İvan ermənilərin əməliyyatlarının
hamısına, onların ruslardan gizli saxladıqları məsələlərə də nəzarət
eləyib izləyir.
O, yazda Kəlbəcərin işğalından sonra ermənilərin telefonla danışıqlarının
rusca mətnini bir daha oxudu:
6 aprel 1993-cü il, saat 13.00
– “Uraqan”, mən “QSM-7”-yəm.
“Kiçik xalq”, məni eşidirsənmi?
– Eşidirəm.
– O biri “Uraqan”lardan da soruş, nə qədər “Dub” və “Osina”, “Xariton”
varsa hamısını tam surətdə yox etmək lazımdır. Əmri qəbul etdinmi?
– Bəli, etdim.
– Hamıya çatdır, ancaq qapalı mətnlə, qoy hamısı əmri icra etsin.
– Bizdə iki “Osina” var. “Qolub” gözləyirik.
– Gözləməyin. Sabah sizə qonaqlar gələcək, səlib yürüşü olacaq. Onlar
“Xariton”larla görüşmək istəyirlər. Təcili “Vartan”a, “Qarik-02”-yə,
“Qurgen”ə, “Manuşak”lara çatdırın. Bütün “Dub”ları gizlətsinlər. “Xaritonlar”ı
da “Dub”lara çevirsinlər. Hamısını on metr dərinlikdə torpağa basdırsınlar.
Eşitdinmi?
– Sizi eşitdim, “QSM-7”. Bəs “Nojka”ları neyniyək? Onlar çoxdur.
– “Uraqan”, qanmaz, dedim ki, bütün “Xariton”ları. Heç nəyə baxmayın.
“Nojka” birləri, ikiləri, üçləri, hamısını “Dub”lara çevirib, yoldan-irizdən
uzaq yerdə başıaşağı torpağa... Aydındırmı?
– Aydındır.
– Qonaqların heç biri “Xariton”, “Dub” görməməlidir. Hamısını buxarlandırmaq
gərəkdir. Məni eşitdinmi? Təkrar elə!
– “Uraqan” “QSM-7”-nin əmrini qəbul etdi.
– Yaxşı, əmrin icrasını ləngitmədən mənə xəbər verərsən.
7 aprel 1993-cü il, saat 08.20
– “Uraqan”, dünənki əmrin icrası
haqqında təcili məlumat ver! Rəhbərlik cavab gözləyir.
– Dünən “QSM-7”-yə məlumat verilib.
– Yenə təkrar elə, qonaqlar artıq sizə tərəf yola düşüblər.
– Anladım. Məlumatı təkrar edirəm. Bizdə olan bütün “Xariton”ları
içərilərində hər növ “Nojka”lar olmaqla doğrayıb “Dub”a çevirdilər.
Köhnəli, təzəli bütün “Dub”lar əlçatmaz yerdədirlər...
Şərti işarələrin mənasını bildirən sözləri bu mətnlərdə yerinə qoyan
Aysunun gözləri yaşardı. Deməli, Qırmızı Xaçın əməkdaşları Kəlbəcərə
gəlməzdən qabaq ermənilər “Xariton”ları – girov və əsirləri “Dub”lara
çeviriblər, yəni qırıb-çatıb gözdənuzaq yerdə basdırıblar. “Bunları
öz dilimizə çevirib şifrələməliyəm. Yoxsa ələ keçə bilər”, deyən Aysu
əvvəlcə rəmzi adları, şərti işarələri əzbərlədi, sonra onları gündəlik
yazırmış kimi təbiətdən bəhs edən, ancaq özünə məlum bir yazıya çevirdi.
Daha sonra köçürdüyü rusca mətnləri yandırdı. Birdən ağlına gəldi
ki, gündəliyini ala bilərlər, yaxud onu itirər. Odur ki, otağındakı
kitablardan Füzulinin “Qəzəllər”ini seçdi, uydurduğu mətni mündəricatdan
sonrakı ağ səhifələrə köçürdü... Yalnız bundan sonra rahat nəfəs aldı,
yenidən yatağına girib gözlərini yumdu... Kaş, bu materialları isti-isti
Bakıya ötürə biləydi... Yox, nə qədər burda əsir idi, mümkün deyildi...
Aysu bu materialları Toğrula verməsini, sevgilisinin heyrət qarışıq
sevinclə həmişəkitək “Sən gözəl olduğun qədər də ağıllısan” deyərək
onu qucaqlayıb öpməsini xəyalına gətirdikdə qəhərləndi... Vücudunu
acı bir həsrət, öldürücü tənhalıq sardı, ixtiyarsız olaraq göz yaşları
gilələndi... Əvvəlcə sakitcə axan muncuq-muncuq gilələr damcıladı,
özü ilə hönkürtü gətirdi, selləndi. Aysu ağlayırdı, tək öz gününə
yox, Ərturla Narçiçək üçün ağlayırdı... Ortada qalmış meyidi erməni
əsgərləri tərəfindən təhqir olunan Durna nənəsi üçün ağlayırdı...
Gözü yaşlı qalmış ata-anasının necə dərd çəkməsini eyninə gətirib
ağlayırdı... Qırılıb meşələrdə basdırılmış, izi-tozu da qalmamış həm
vətənləri üçün azlayırdı... Ürəyini boşaltdıqdan sonra keçirdiyi iztirab
və sarsıntılarını yarımçıq qalmış esseyə əlavə etdi...
– Ey Böyük Tanrı! Bu qədər zülmü nəyə görə bizə verirsən? Günahımız
bu qədərmi böyükdür sənin qarşında? Nədir sənin günah ölçün? Niyə
xəbis zalımlara imkan verirsən ki, məzlumların, zəiflərin qanını içsinlər?
Nə idi axı mənim günahım? Kimə pislik etmişdim? Öz günahsız bəndənə
niyə bu qədər zülm edirsən? Cəhənnəmi ona bu dünyadamı göstərirsən?
Bu kainat qədər, sonsuzluq qədər böyük sirrindən bircə qırnıq aç bəndələrinə,
bilək, axı nədir bizim günahımız? Böyük balıqlar kiçik balıqları udmalıdır,
güclü gücsüzü əzməlidir... Budurmu sənin ədalət qanunun? Bu zülmlər
altda bərkiyib biz dəmi zalıma çevrilməliyik!? Qanımızı axıdıb, axıdıb
sonda biz dəmi qan içməyə başlamalıyıq? Budurmu sənin fəlsəfən, ey
Böyük Yaradan!?
Bu yerdə şerlərini çox sevdiyi Vaqif Bayatlının misraları yaddaşından
dilinə axdı. Misraları pıçıldadıqca o yüngülləşirdi, sanki qəlbindəki
ağrı-acıları boşalırdı:
Şükür, İlahi, şükür,
Min ildi, milyon ildi
Bağlayıb yollarımı
Bir-birinin ucuna
Gəlib çatdım axırı
Sənin dar ağacına.
Kəndirin dartıldıqca
Boynum dincəlir, Allah!
Boynum dincələn görüb
Tez vururlar boynumu,
Çiynim dincəlir, Allah.
Çarpayıdan qalxıb üzü qibləyə diz çökərək hönkürtü ilə Ulu Tanrıya
üsyan qaldırmış Aysunu Aksananın həyəcanlı səsi dayandırdı. O, özünə
gələrək pıçıltı ilə “Əstəğfürullah!” deyərək üzrxahlıq elədi: “Keç
günahımdan, Böyük Bağışlayan!” Sonra durub qapını açdı.
Səhər yeməyi hazırlamaq üçün yuxarı qalxmış Aksana ərkyana ona acıqlandı:
– Ay qız, sən məni infarkt edəcəksən. Yenə nə ağlaşma qurubsan?
– Allaha şikayətlənirdim, Aksanacan. Deyirdim, axı nədir mənim günahım?
Niyə məni bu günə saldın?
– Eh, ay qız, hamı ona yalvarır, qaçan da, qovan da... Heç bir faydası
yoxdur. Onun öz qanunları, riyazi hesablamaları var. Mənciyəz ancaq
özümə güvənirəm, Allahın mənə verdiyi taleylə barışıb yaşayıram. Vaxtilə
çox yalvardıqdan sonra bu qənaətə gəlmişəm.
Bu yerdə yenə şairin misraları qızın qəlbinə axdı:
Divarın qoynuna sığınan oğlan,
dua edən çoxdu, Allahsa təkdi.
Dua etmə daha, dua oxuma.
bu dualara da kömək gərəkdi.
uçub getmir daha,
gücləri çatmır.
elə buralarda qalır dualar.
Çatsa da Allaha, Allah da baxmır,
diz çökdüyü yerdə ölür dualar.
Öz aləminə qapılmış Aysuya fikir
verməyən Aksana üyüdüb tökürdü:
– Onun mənə verdiyi ömrü kefim necə istəyir, elə də yaşamağa çalışıram.
Bir şərtlə, insanlara pisliyim dəyməsin. Mən insanlara gücüm çatan
yaxşılığı eləyirəm, bundan xoşum gəlir. Mənim üçün onların dininin,
dilinin, rənginin fərqi yoxdur, ələlxüsus da sovet adamlarının, –
deyə Aksana onun qolundan tutub yemək stoluna sarı apardı.
– Yaxşı, bizimlə ermənilər arasında bir fərq görürsünüzmü? – deyə
Aysu yarızarafat soruşdu.
– Görürəm, əlbəttə... Siz gicsiniz, onlar bic. Onların qarnı altda
nələr yatır, bir özləri bilir, bir də keşişləri. Onlar cilddən-cildə
girməyi bacarırlar. İşləri səndən aşanda ayaqların altda palaza dönürlər.
Vay o gündən ki, sən onlardan asılı olasan... Yaman kinlidirlər. Sizdə
tamam əksinədir. Sənə demişəm axı, mən Hadrutda yaşasam da ən çox
sizinkilərlə oturub durmuşam. Ermənilərlə bir dinə qulluq etsək də,
nədənsə, ruhən sizinkilərlə yaxın olmuşam. Sizinkilərdən fərqim bundadır
ki, donuz əti yeyirəm, şərab içirəm, istədiyim kişi ilə oturub dururam,
– deyə Aksana şaqqıldadı.
Aysu çiyinlərini çəkib onun sözlərini cavabsız buraxdı. Aksana bunun
fərqinə varmadı, ona çay süzüb çəkinə-çəkinə soruşdu:
– Aysucan, indi nə fikirləşirsən, uşağı saxlayacaqsan, yoxsa tələf
etmək istəyirsən?
Aysu gözlənilməz sualdan alındı, nə deyəcəyini bilmədi. Handan-hana
dilləndi:
– Heç bilmirəm neyniyim. Eşitdiyimə görə, birinci uşağın tələfi zor
işdir... Nəticəsi pis olur...
Aysu xətrini istədiyi adamla qeyri-səmimi olduğu üçün qızardı. Amma
nə etməli, hər şeyi açıb ona deməyəcəkdi ki!.. Ən azı ona görə ki,
Aksanaya İvan daha yaxın idi...
– Doğru buyurursan, birincini abort eləmək ağır nəticələr verə bilər,
bəziləri ömürlük uşaq üzünə həsrət qalırlar. Sənin vəziyyətində qərar
qəbul eləmək çox böyük güc və cəsarət tələb eləyir.
– Başımı itirmişəm. Siz nə məsləhət görürsünüz? İvanın bundan xəbəri
varmı? Onun fikri nədir?
– Şəxsən mənim üçün isti-soyuğu yoxdur. İvan da işdən halidir. Sözündən
belə çıxdı ki, hər şey sənin özündən asılıdır.
– Aksanacan , bizim fikirləşməyə vaxtımız varmı?
– Çox az...
– Onda qoy düşünüm-daşınım, özümü hazırlayım. Mənim üçün bu çox ağırdır.
– Səni başa düşürəm. Qoy sinirlərin sakitləşsin. İndi yeməyini ye,
çayını da soyutma.
Səhər yeməyi vaxtı daha danışmadılar, hərəsi öz fikri ilə məşğul idi.
Bu gün bir iş görmüş olduğunu hesab eləyən Aysu özündən razı idi,
əhvalı yaxşılaşmışdı, ağlayıb ürəyini boşaltmışdı. O fikirləşirdi
ki, bundan sonra düşmənin fəaliyyəti haqqında eşitdiklərini, müşahidələrini
qeyd eləsin, inşallah geri dönərsə, əliboş getməsin. Bu məlumatlar
həm Toğrulgilə, həm də ona silsilə məqalələr yazmaq üçün lazım ola
bilərdi. Bəzi məlumatları almaqdan ötrü, gərək İvanla münasibətlərini
sərtləşdirməsin, müəyyən məsafə saxlamaqla barışa getsin.