Qarabağın sinəsinə qara dağ çəkildi
15 avqust qocaman Balyat kəndinin
tarixinə qara hərflərlə yazılan bir gün oldu... Səhər-səhər bunu hələ
heç kəs bilmirdi. Heç kimin ağlına gəlmirdi ki, bu gün son gündür.
Yetmiş beş yaşlı Famil müəllim əzbərdən bildiyi son üç yüz illik ailə
şəcərəsinin yaşadığı bu kənddən ömrünün bu sinnində didərgin düşəcəyini
təsəvvürünə belə gətirməzdi...
On yaşlı Aysel bilmirdi ki, ən fərəhli, xoşbəxt, atalı günlərinə elə
bu səhər nöqtə qoyulacaq...
İki yaşlı Xurşud isə xoşbəxt idi...Bu faciəni anlamırdı...
Qaratelsə bu günün onun həyatında əbədi acı xatirəyə çevriləcəyini
bilmirdi. Tibb bacısı diplomu alıb kəndə dönmüş qız heç vaxt bu səhərki
kimi dik yoxuşu birnəfəsə qalxıb, Turafxanuçan dağının döşündən pıqqıldayan
bulaqdan su gətirməmişdi... Bu gün axşam ona elçi gələcəkdi...
Səhər obaşdan qoyun-quzunu güneydə Navincir adlanan gədiyə ötürdükdən
sonra eyvanda oturub çay içən Oruc müəllim bilə bilməzdi ki, bu anlar
ailəsi ilə birgə oturduğu son saatın dəqiqələri gedir... Son kərə
arvadının süzdüyü çayı içir... Bir azdan onun öz alın təri ilə min
zəhmətlə tikdiyi ev, həyətindəki yüzillik armud ağacları, bu il caladığı
gənc meyvə tingləri gülləbaran ediləcəkdir...
Peyğəmbərimiz Məhəmməd bin Abdulla Sallallah Aleyhissələm buyurmuşdur:
İnsanlar çox elmlənəcəklər. Amma onlar nə vaxt öləcəklərini bilə bilməyəcəklər...
Həmin səhər heç kim onu nə gözlədiyini , kimin ölüb kimin qalacağını
bilə bilməzdi...
Səhər yeməyi vaxtı çoxunun əli süfrəyə uzadılı qaldı. Dağların arxasından
uçub gələn mərmilərin, raketlərin partıltısı mışıl-mışıl yatan körpələri
diksindirib oyandırdı. Son zamanlar bir neçə dəfə kəndi atəşə tutmuşdular.
Amma bir-iki nəfərdən savayı heç kim ev-eşiyindən çıxmamışdı. Bugünkü
gülləbaran o qədər güclü idi ki, camaatı dəhşətə gətirib ev-eşiyindən
çıxardı... İnsanlar ev paltarlarında kəndin atəş tutmayan küçələrinə
axışıb dağın dibi ilə üzüaşağı axışmağa başladı... Çoxunun süd qazanı
ocaqda qaldı... İnəyi başı çatılı, iti boynu zəncirli qaldı...
Məlikcandan atılan mərmilər Oruc müəllimgilin də məhləsini – kəndin
“Allahverdi dağı” adlanan yüksəkliyinin döşündəki evləri döyürdü.
Oruc müəllim tələm-tələsik altı aylıq Asimanı, səkkiz yaşlı Şövqünü
anaları ilə bərabər evinin onca metrliyindəki güllə tutmayan dərənin
dibi ilə gedən cığıra ötürdü... Axırda özü də onların arxasınca aşağı
endikdə, dərindən nəfəs aldı. Bir neçə addım atmışdılar ki, zəncirdə
bağlı qalmış itin zingildəyib ulaması onu saxladı.
– Siz qaçın, məni gözləməyin. Yazıqdır, iti, tövlədəki inəyi açım
buraxım... Tez gedin, mən sizə çataram... – deyə qucağındakı oğlunu
yerə qoyub on beş yaşlı qızına onun əlindən tutmasını, südəmər körpəsini
bağrına basıb irəlidə gedən anasının dalınca yüyürməsini tapşırdı...
O, yoxuşu birnəfəsə çıxdı, birinci özünü tövlədə böyürən inəyin yanına
saldı, onun kəndirini açdı... Bu gülləbarandan hürkərək gözləri iriləşmiş
inək üzüaşağı götürüldü... Onu yanında görən Alabaş isə sevindiyindən
yazıq-yazıq zingildədi... Oruc müəllim “Qorxma, səni bağlı qoyub getmərəm,”
– deyib itin boynundakı xaltadan zənciri açdı... Daha onun hara getməsinin
fərqinə varmayıb dərəyə sarı tələsdi... Gülləbaran şiddətlənirdi...
Heyhat, doqqazdan çıxmamış həyətə düşən “qrad” mərmisi onu haqladı...
Qəlpə başından dəymişdi... Ölümcül yara isti olduğu üçün o, hələ ağrını
hiss etmədi, cib dəsmalını çıxarıb üstünə basa bildi... Və ancaq bir
neçə addım atmağa gücü çatdı...
Dağlardan enib əhalinin dalınca geri çəkilən əsgərlərin diqqətini
onlara tərəf ulayıb zingildəyən, yerində fırlanan itin qəribə hərəkətləri
cəlb etdi. Dönüb baxdılar, qanına qəltan olmuş Oruc müəllimi görcək
yaxınlaşdılar. Boynunun şah damarı qırılmış, fışqıran qanı saxlamağa
çalışan, həyatı boyu insanlara ancaq yaxşılıq etmiş bu gözəl insan
ömrünün əlli səkkiz yaşında can verirdi... Əsgərlərin yaxınlaşmasını
görcək onun sifəti işıqlandı, dodaqlarında solğun bir gülüş oynadı...
– Yaxşı ki, balalarımı vaxtında çıxardım, yoxsa... – deyə pıçıldaya
bildi, sözünün dalısını gətirməyə gücü çatmadığı üçün gözü ilə yanan
evinə işarə eləyib xırıldadı, əzab qarışıq sevinc ifadəsi sifətində
dondu, başı köksünə düşdü.
Oruc müəllimin bu həyatda son sevinci balalarını vaxtında atəş altından
çıxara bilməsi oldu... Əsgərlər onun cəsədini götürüb artıq kənddən
çıxmış qohumlarına çatdırdılar...
Hər gülləbaran başlayanda kəndin ağsaqqalı Səfəralı yüzbaşının nəvəsi
75 yaşlı Famil müəllim tez-tez silib yağladığı qoşalüləsini paltar
dolabının arxasından götürər, donuz qırmaları doldurduğu patronları
cibinə yığıb evin zirzəmisinə enərdi. Burada, mazğala bənzəyən kiçik
pəncərənin önündə dayanar, hərdən tüfəngi üzünə götürüb qənşərdəki
yolu nişan alardı. Belə gülləbaranlar zamanı kənd camaatından bəziləri
atlanıb ev-eşiklərini tərk eləmiş, ara sakitləşəndən sonra geri dönmüşdülər.
Bakıda yaşayan övladları bir neçə dəfə Famil müəllimgili şəhərə aparmaq
istəmişdilər. O, başı ilə uşaqların anasına işarə eləyib:
– Bunu aparın, – demişdi, – əl-ayağıma dolaşmasın. Mən çıxsam, hamı
kənddən gedəjək, töhmət yiyəsi olajam. Babam Səfəralı yüzbaşı ermənilərin
qabağında kişi kimi dayandı, düşməni dağlardan bəri keçməyə qoymadı.
Deyirsiniz, indi biz onların qabağından qaçaq? O nadürüstlər mənim
evimi talan eləməyə gələndə, yanı onlardan birini vura bilmiyəjəm?
Qısa fasilələrlə davam edən budəfəki gülləbaran kəsmək bilmirdi. Başlanğıcda
yalnız şimaldan – Məlikcan yüksəkliyindən atırdılar, bu da kəndin
quzey hissəsini tuturdu. Sonra kəndin güney hissəsini də vurmaq üçün
Quşçular yüksəkliyindən atmağa başladılar... Balyatın sağ yönündə
yerləşən bu yüksəkliyi ermənilər bir neçə ay öncə tuta bilmişdilər.
Famil müəllim istədi arvadını üzüaşağı qaçan camaata qoşsun. Amma
arvadı razı olmadı, hərçənd o, eldən də ayrılıb qalmaq fikrində deyildi...
Qohum-qonşu hamısı çıxıb getmişdi. Famil müəllimin evi dərənin dibində
olduğu üçün nə şimaldan, nə də qərbdən atılan mərmilər onu tutmurdu.
Famil müəllim “mazğalından” bir nəfərin əyilə-əyilə onlara tərəf tələsdiyini
gördü.
– Aa...z, deyəsən bu gələn qardaşın oğlu İsmayıldır, – deyə o, fərməşin
üstündə oturmuş arvadına sarı çevrildi.
– Hə, odur. Ay başına dönüm, yenə sən dadımıza çatdın, – deyə bərk
qorxu keçirən Nənəş xala bir az toxtadı.
Bənizi saralmış İsmayıl onları haraylayaraq pilləkənlərlə yuxarı qalxmaq
istədikdə Famil müəllim səsini çıxardı:
– Əyə, burdayıq, aşağı düş.
İsmayıl pilləkənlərlə aşağı enməyə başladı.
– Yaxşı ki, səsini çıxardın, yoxsa səni erməni bilib vurajaxdım, –
deyə Famil müəllim zarafat elədi.
– Əşi, zarafat vaxtı deyil. Hamı kənddən çıxıb. Baxıb gördüm siz yoxsunuz,
dalınızca gəldim. Tez olun, geyinin, nə götürürsünüz götürün, gedək.
– Əyə, hamınız ağciyərsiniz. O Qara quzeyin yalındakı əsgərlər, toplar
dura-dura erməni bura gələ bilər?!
– Əşi, sənin dünyadan xəbərin yoxdur. Əsgərlər hamılıqla mövqelərindən
çoxdan çıxıb.
– Ə, nə danışırsan? Heylə şey olar?!
– Olur də!.. İndi nə desən eliyirlər. Camaat onların arxasınca gələn
əsgərlərdən birinin qabağını kəsdi ki, siz hara qaçırsınız? Niyə siz
də onların kəndlərinə atəş açmırsınız? Nə desələr yaxşıdır? “Biz əmrə
tabeyik. Əmr gəldi ki, atmayın, mövqelərinizdəki ağır silahları partladıb
çıxın...” Əşi, billah yuxarıdan bizi satıblar...
Ərinin tərsliyini bilən Nənəş xala yalvardı:
– Kişi, gəl daşı ətəyindən tök. Allah eləməsin, birdən ermənilər kəndə
gəlsələr, biz burda qalsaq, uşaqlara sinə dağı çəkmiş olajayıq. Ölümüzün,
ya dirimizin geri alınması üçün, Allah bilir onlar nə əziyyət çəkəjəklər.
Bu sözlər kişini ayıltdı. On dəqiqədən sonra Famil müəllimin veteranlar
üçün verilmiş qırmızı “Zaporojes”i dərə ilə üzüaşağı hərəkət eləyirdi.
– Ə, ana yola çıxanda ehtiyatlı ol, nişan alıb maşını vurarlar. Quşçular
postundan ora əl içi kimi görükür.
Famil müəllim düz deyirdi. Ermənilər Cəbrayıl-Füzuli yolunu ara-sıra
atəşə tutmağa başladılar. Kəndin iki kilometrliyindən keçən bu yolun
qırağındakı Lalavacan bağında kölgəlikdə daldalanmış camaatın arasına
vəlvələ düşdü. Lalavacan bulağı hündür təpənin dibindən çıxırdı, onu
güllə tutmurdu. Amma qarşısındakı bağ açıq-aydın nişangah idi. Avqustun
qızmar günəşindən qorunmaq üçün camaata kölgəlik, içməyə su lazım
idi. Ermənilər buraya atmağa başlayanda adamlar oradan yaxınlıqdakı
başqa bağa– Korcaya tərəf axışdılar. Camaat Korca bulağının suyundan
içib təzəcə toxtamışdı ki, əsgərlər kəndin birinci qurbanı olmuş Oruc
müəllimin meyidini gətirdilər... Bir himə bənd olan qadınlar şivən
qaldırdılar... Lakin camaatı ağlayıb ürəklərini boşaltmağa da qoymadı
düşmən. Araz çayına qədər bütün ərazi Quşçular yüksəkliyindən çox
aydın görünürdü. Harada əhalinin toplaşdığı gözə dəyirdisə oraya atəş
açırdılar... Camaat burdan da pərən-pərən düşdü, ağacsız, susuz dəmyə
rəmələrə dağılışdı...
Adət üzrə kəndin xeyir-şərini yola verənlər təhlükəyə baxmayaraq Oruc
müəllimin nəşini dərələrlə geriyə – Lalavacanda yerləşən kənd qəbiristanlığına
gətirdilər. Buradakı bulağın kənarında yuyat yeri düzəldib onu qüsl
elədilər... Kəfən tapmadıqları üçün bacısının, qardaşı arvadının kəlağayısına
bürüyüb atəş altında torpağa tapşırdılar...
Qaçqınlığın birinci gecəsini Güney camaatı – Balyat, Qaracallı, Doşulu,
Süleymanlı kəndlərinin əhalisi çöllərdə olsa da öz torpaqlarında yatdı...
Onlar hələ də ümidlə şərqə, Bakıya tərəf baxırdılar. Oradansa heç
bir xəbər yox idi... Səhər erkən oyanıb kənddən ərzaq, çöldə müvəqqəti
yaşamaq üçün yüngül əşyalar gətirməyə gedənlər də oldu. Onlara heç
kim maneçilik eləmədi. Ermənilər atəşi dayandırmışdılar. Bundan cürətlənən,
evdən heç nə çıxarmağa macal tapmamış bir neçə nəfər günorta çağı
kəndə yollandı...
Bəhram oğlu Orduxan kəndin içindən başlayaraq üzüaşağı uzanan bağı
keçib yeni salınmış Çaqqalaşdı məhəlləsində təzə tikdiyi evinə sağ-salamat
girə bildi. O, tövlədəki eşşəyi həyətə çəkdi, qızlarının cehizini
– xalçaları, ipək yorğan-döşəkləri ona yüklədi, uzun sicimlə yaxşı-yaxşı
sarıdı, sevincək “toş” deyib darvazadan çıxdı... Onun sevinci qısa
oldu. Dağın başından– Xırxa tərəfdən atılan güllə ulağı gəbərtdi.
Yerə sərilən Orduxan kişi bir az gözlədi, sonra ulağın üstündəki iki
xalçanı uzanılı açdı, əyilə-əyilə bağa tərəf qaçaraq onları arxasınca
sürüməyə başladı. Qarşısına düşən güllə onu təzədən yerə uzanmağa
məcbur elədi. Qalxmaq istədikdə yenidən atəş açıldı. Sanki ona atəş
açan erməni əsgəri “Onlar mənim qənimətimdir, hara aparırsan?” deyirdi.
“Deyəsən, bu erməninki xalça-palaz davasıdı. Görünür, qismət deyilmiş”
fikirləşən Orduxan kişi xalçaları qoyub bağa tərəf süründü. Onun əliboş
getdiyini görən snayper daha atmadı...
Orduxan kişi əli ətəyindən uzun camaatın daldalandığı Alaöküz dərəsinə
qayıtdı.
Onunla getmiş güneyli İsanınsa nə dirisindən, nə ölüsündən xəbər çıxmadı,
onun başına nə gəldi, heç kim bilmədi...
* * *
Həmin gün Məzrə kəndinə qəfil hücum eləyən ermənilər yatmış on beş
döyüşçünün başını kəsdilər. Yağılar buna Məzrə postunda səhərə yaxın,
hava işıqlaşmamış keşikçiləri aradan götürdükdən sonra nail ola bilmişdilər.
Cəbrayıl bölgəsi erməni komandanlığının bu tərəfdə işğal planlarına
qarşı dayanmış güclü bir yumruq idi. Hələ 88-ci ildən erməni hərbi
dəstələrinin dinc kəndlərə ara-sıra hücumlarının qarşısını hökumətin
almadığını görən əhali müdafiə dəstələri yaratmışdı. Moskvanın göstərişi
ilə əhalidən bütün ov silahları yığılsa da Xalq Cəbhəsi dəstələrində
birləşənlər rus hərbçilərindən pulla, ermənilərin özlərindən müxtəlif
yollarla əldə etdikləri silahlarla torpaqlarını qoruyurdular. Moskvanın
ermənilərin tərəfini saxladığını görən yerli hakimiyyət orqanları
və polis bu dəstələrə dəyib toxunmurdu. Cəbrayıl torpağı çox erməni
yaraqlılarının qəbrinə çevrildi. Ermənilərin növbəti gecə həmləsindən
sonra döyüş meydanında qalmış meyitlərin içərisində yekəpər bir zəncini
görən yerli müdafiəçilər təəccüblənmişdilər. Onu hakimiyyətlə xalq
arasında tərəddüd eləyən bəzi rayon rəhbərlərinə göstərib sonra ilim-ilim
itirmişdilər. Ermənilər həmin meyidi almaq üçün çox çalışmışdılar...
90-cı ildən başlayaraq Cəbrayıl polisi ilə yerli müdafiə dəstələri
dədə-baba torpaqlarını birgə qoruyurdular. Demək olar ki, Bakıdan
gələn, camaatı mübarizədən çəkindirən göstərişlərə məhəl qoymurdular...
Respublikanın Baş prokuroru, bu bölgədə doğulmuş Murad Köçərioğlu
gizlicə bölgə rəhbərlərinə yuxarılardan çəkinməyib torpağın müdafiəsində
möhkəm durmağı tövsiyə eləyirdi... Cəbrayıllılar hələ sovet hakimiyyəti
dövründə, 91-ci ilin yazında erməni hərbi birləşmələrinin, muzdluların
yerləşdiyi 12 kənddən erməni sakinlərini bircə gündə çıxara bilmişdilər...
Xalqın qırımını görən sovet hərbi hissələrinin komandirləri rüşvət
alıb buna göz yummuşdular...
Qarabağ xanlığı şəcərəsində əsas budaqlardan biri olan Cavanşirlərə
yaxın qohumluğu çatan cəbrayıllılar onların torpağında yerləşdirilmiş
ermənilərlə sovet dövründə, xüsusilə İkinci Dünya Savaşından sonra
əminliklə yaşayırdılar. Ancaq 88-ci ildən sonra namərd qonşular dinc
oturmurdular. Camaatın canı boğazına yığılmışdı. Bir may səhəri erməni
kəndlərinin sakinləri belə bir ultimatum aldılar:
– Babalarımız sizin babalarınıza yer verdilər. Taleylə barışıb sizinlə
dinc yanaşı yaşayırdıq. Amma sizin araqarışdıranlar buna imkan vermirlər.
Burda qalmağınız sizin üçün də, bizim üçün də təhlükəlidir. Biz razı
ola bilmərik ki, sizin evləriniz silahlı dəstələrin, muzdluların səngərinə
çevrilsin. Yaxşısı budur, köçün gedin Ermənistana...
Ermənilər könüllü-könülsüz çəkidə yüngül, qiymətdə ağır əşyalarını
götürüb, hər kənd üçün ayrılmış onlarla yük maşınlarına doluşmuşdular.
Sonra maşın karvanı onları sağ-salamat Qubadlının Ermənistanla sərhədində
töküb geri qayıtmışdı... Köçürülənlərin içərisində 18-50 yaş arasında
cavan kişi xeylaqları yox idi. Əli silah tutan erməni kişiləri xüsusi
cəza dəstələrinə cəlb edilmişdilər, meşələrdə təlim keçirdilər...
Həmin boşaldılmış kəndlər bufer zonasına çevrilmişdi... O kəndlər
boşaldılmasaydı, orada möhkəmlənmiş erməni yaraqlıları, muzdluları
cəbrayıllılar yaşayan kəndləri döyüşlərin getdiyi qanlı səhnəyə döndərəcəkdilər...
15 avqustda erməni-rus hərbi birləşmələri Cəbrayıl bölgəsinə hücum
üçün iki istiqamət seçmişdi: cənub-şərqdəki Güney kəndləri və şəhərin
qərbində yerləşən Məzrə kəndi. Güney kəndlərini, xüsusilə, Füzuli
bölgəsi ilə həmsərhəd olan Balyat kəndini, onun yanından keçən Füzuli-Cəbrayıl
yolunu tutmaqla bu iki bölgənin əlaqəsi kəsilir, bir-birinə yardım
etmək imkanı olmurdu. Məzrə kəndi isə strateji bir mövqedə yerləşirdi,
Cəbrayıl bölgəsinin qərb səmtindəki Qalacıq, Nüsüslü, Tatarlar, əfsanəvi
Sirik və s. kəndlərə yol buradan keçirdi. O Sirik ki, 40-cı illərə
qədər əkin yerlərini, meşə və bulaqlarını yavaş-yavaş tutan ermənilərə
qarşı əldə silah mübarizə aparmışdı. Onun igid oğulları erməni bolşeviklərinin
fitvası ilə sovet hökuməti qurulandan 20 il sonra “xalq düşməni” adıyla
tutulub güllələnmişdilər... Özü də kəndin ortasında, yaxınlarının
gözü qabağında... Onların ailə üzvlərini, qohumlarını tutub, kənddən
sürgün eləmişdilər. İndi Məzrənin işğalı – Şakir Abbasovun komandanlığı
altındakı Sirik döyüşçülərini, yuxarı kəndlərin əhalisini mühasirəyə
salmaq idi. Cəbrayıl şəhərinin on kilometrliyində yerləşən bu kəndi
tutmaqla rayon mərkəzinə hücum üçün zəmin yaradılırdı...
Məzrə əhalisinin də başı çox bəlalar çəkmişdi... “Yersiz gəldi, yerli
qaç” məsəlini sanki bu kəndin sakinlərinin halına baxıb demişdilər.
Gəlmə ermənilər üç tərəfdən kəndi mühasirəyə alaraq, dövrədəki torpaqları
yağmalamış, saf sulu bulaqları, bərəkətli meyvə bağlarını zəbt etmişdilər.
El yolunun üstündə yerləşən Məzrəni tutmuşdular. Beləliklə, ermənilər
yüz illərlə apardıqları etnik təmizləmə siyasətinə uyğun olaraq bu
kəndi də köçürməyə müvəffəq olmuşdular. 50-ci illərin əvvələrində
“pambıqçılığı inkişaf etdirmək” adı altında, hansısa erməni vəzifəlisinin
qurğusu ilə kəndin əhalisini daş evlərindən otuz kilometrlikdəki boş
çöllərə köçürüb, qamışdan tikilmiş çovustanlarda yaşamağa məcbur eləmişdilər...
Onlara kəndə ayaq basmaq, heç olmasa, bağlarındakı meyvələri yığıb
aparmaq belə qadağan olunmuşdu. İpə-sapa yatmayanları daha uzağa sürgünlə
qorxudurdular. Yalnız 60-cı illərdə əhalinin “pambıqçılıqla məşğul
olmayan” qisminə Məzrəyə qayıtmağa icazə verilmişdi. 69-cu ildən sonra
bu qadağa tamam götürülmüşdü...
50-ci ildə dədə-baba evindən zorla köçürülmüş 27 yaşlı Qarsalan kişi
indi 70 yaşında yenidən yurd-yuvasını qoyub gedirdi... O zaman isti
aran yerində qırmızı şüarlar altında pambıq əkib becərən Qarsalan
kişi bir sualın cavabını tapa bilmirdi: niyə ermənilər sovet hökumətinin
bu mühüm işindən qıraqda qalır, onlara “gözün üstə qaşın var” demirlər?
Pambıqdan yayınan azərbaycanlıları isə “xalq düşməni” adlandırıb başlarına
oyun açırlar? O bu sualın cavabını yeni kəndin olmayan məktəbinə direktor
təyin olunmuş balyatlı Famil müəllimdən soruşmuşdu. Qarsalana qanı
qaynayan, ağzıbütövlüyünə inanan Famil müəllim demişdi: “Bala, Marks
pambığın becərilməsi üçün qul əməyi tələb olunduğunu yazmışdı. Ermənilər
bizim kimi qul deyillər, ha!..”
Məzrədə başı kəsilən döyüşçülərin hamısı yerlilər idi. Erməni komandanlığı
bununla cəbrayıllıları qorxudaraq, onların döyüş əzmini qırmaq istəyirdi.
Ermənilərə hərbi durum yaxşı məlum idi. Əslində rus kəşfiyyatı tərəfindən
idarə olunan Azərbaycan ordusunun komandanlığı özü hərbi hissələrdə
başıpozuqluq yaratmışdı... Bölgədəki hərbi hissələrə “geri çəkilmək”
əmri verilmişdi. Xalq Cəbhəsinin batalyonlarının komandirləri isə
“qoy bizi hakimiyyətdən salanlar gəlib vuruşsunlar”, deyərək döyüşə
girmirdilər. Döyüşənlər ancaq könüllülər idilər, cəsurlar idilər...
Təbii, onların da çoxu öz kəndi, torpağı, ailəsi uğrunda vuruşan cəbrayıllılar
idi... Lakin qüvvələr bərabər deyildi... Bakı isə susurdu...
Bu döyüşlərdə adı əfsanəyə dönmüş Tiqana ləqəbli 16 yaşlı döyüşçü
Samir Qədiroğlu həlak oldu... 12 yaşından döyüşçülərə su, yemək, patron
daşıyan Samir sinifdəki yoldaşlarından ən fağırı idi. O, nə dəcəllik
edər, nə dil-dil ötərdi, tay-tuşlarının mübahisələrində, oyunlarında
sakitcə bir qıraqda durardı... Dindirməsən dinməzdi, oxumaqda da fərqlənməzdi.
Hamı ona adi, istedadsız uşaq kimi baxırdı. Doğulduğu Qaracallı kəndinin
yerli müdafiə dəctəsinin başçısı, gecə-gündüz öz kəndini erməni hücumlarından
qoruyan Sahib onun idealına çevrilmişdi. Kənddən göndərilən yemək-içməyi,
isti corabları əsgərlərə çatdırdıqdan sonra o, tay-tuşları kimi geri
qayıtmır, axşamadək onların yanında qalıb gücü çatan işdə kömək eləyirdi.
Əsgərlər ona ara-bərə işləri gördürür, bu zirək oğlandan ayrı-ayrı
dəstələr arasında rabitəçi kimi istifadə edirdilər. Fransız futbolçusu
Tiqanaya oxşadığı üçün onu elə bu adla da çağırırdılar. Bu dağların,
dərələrin hər qayasını, dəlmə-deşiyini yaxşı tanıyan Tiqananı kəşfiyyata
da aparardılar. Artıq o, gecələr də evə dönmürdü. Bəzən döyüşün qızğın
çağında üç tərəfdən mühasirəyə alınmış, qaya dibindəki atəş nöqtəsində
bir neçə dəqiqəliyə belə silahı yerə qoya bilməyən əsgərlər bir də
baxıb görərdilər ki, Tiqana patronla, su ilə, yeməklə onların yanındadır...
Bu fağır uşaq od-alova dönmüşdü, qorxu nədir bilmirdi. Mühasirəyə
düşmüş mövqelərdəki döyüşçülərə patron, su apararkən güllə yağışı
altında daşların, qayaların arası ilə ilan kimi sürünən Tiqanadan
soruşardılar: bəs qorxmursan güllə sənə dəyər? O isə gülümsəyib başını
bulayardı. Hətta bəziləri hesab edirdilər ki, hələ uşaqdır, ölüm nədir
ağlı kəsmir. Amma bir dəfə az danışan bu uşağın söylədikləri çoxlarına
dərs olmuşdu... “Mən əsgərlərin yanına sürünəndə tək ondan qorxuram
ki, patronu çatdırmasam, düşmənlər bizim dağları, kəndimizi, məktəbimizi
tutarlar...”
Tiqananın dərsdən yayındığını eşitmiş böyük komandir onun hissədən
uzaqlaşdırılmasına göstəriş vermişdi. Tiqana həmkəndlisi, rayonun
hərbi komissarı polkovnik Zakir Vəliyevin yanına gələrək onu könüllü
əsgər göndərməyi xahiş eləmişdi... Polkovnik də onu orduya yox, məktəbə
göndərmişdi... Əsrin əvvəllərində Balyat və Qaracallı kəndlərinin
ortasında tikilmiş məktəbdə dərslər pozulmuşdu... Atəş güclənəndə
şagirdləri evlərinə buraxırdılar, Allahverdi dağının güneyindəki məktəbin
raketlə vurulmasından qorxurdular... Tiqananın atası alçaqboy, qaradinməz,
yazıq görkəmli Qədir kişi boy-buxunda onu ötmüş oğlunu idarə etmək
imkanına malik deyildi. Tiqana yenidən hərbi hissəyə döndü... Əsgərlər
onu qucaqladıqda dözə bilməyib birinci dəfə ağladı. Kiçik komandirlərin
xahişini nəzərə alan böyük komandir Tiqananın hissədə “alay oğlu”
kimi qalmasına etiraz eləməyib hətta ona əsgər paltarı verilməsini,
adının siyahıya yazılmasını əmrlə rəsmiləşdirmişdi...
Əsgər geyimində evə gələrkən bədənnüma güzgüdə özünə baxan Tiqanaya
elə gəlirdi ki, o, birdən-birə xeyli uzanmışdı... Bu paltar onu uşaqlıq
simasından çıxarmışdı... Həmkəndliləri artıq ona böyük oğlan kimi
baxıb hörmətlə salam verirdilər, onunla fəxr edirdilər. Tiqana ömrünün
ən fərəhli günlərini yaşayırdı. O, əvvəlkindən qat-qat fəallaşmışdı.
Tez-tez düşmənin arxasına xüsusi tapşırıqla kəşfiyyata göndərilirdi.
Tiqana adını tez-tez eşidən ermənilər onun yeniyetmə yox, xaricdən
gəlmiş təcrübəli bir döyüşçü olduğunu zənn edirdilər...
Həmin o tarixi gün – 15 avqust səhəri alaqaranlıqda düşmənin 20 kilometrlikdəki
Məzrə kəndinə hücumu ilə bağlı Tiqananın xidmət elədiyi taborun bir
bölüyü köməyə getdi... Onların içərisində Tiqana da vardı... Lakin
nə onların bölüyü, nə də Şakir Abbasovun göndərdiyi qüvvə BTR və tanklarla
hücuma keçmiş düşmənin qarşısını ala bilmədi... Bu döyüşdə 16 yaşına
keçmiş Tiqana gözlərini əbədi yumdu...
* * *
23 iyulda Ağdam tutulduqdan sonra Qarabağın bel sütunu qırıldı. Surət
Hüseynova tabe olan dəstələr şəhəri, onun kəndlərini müdafiə yox,
talan eləyirdilər.
Üzərində iri hərflərlə “Surət” yazılmış tankları azərbaycanlılar da,
ermənilər də “xilaskar” adlandırırdılar... Bu döyüşlərdə Surətin tankları
sanki “ovsunlanmışdı”. Uzaqdan oxunan “Surət” sözünü görən erməni
nişançıları tankvuran mərmilərin ağzını başqa səmtə yönəldirdilər...
Tərtərdə isə Surətin dəstələrini yaxşı tanıyırdılar. Rayonun icra
başçısı Sərdar Həmidov yerli əhalidən olan döyüşçüləri səfərbər edib
düşmənin qabağında dayanmağı bacarırdı. Orada gedən qanlı döyüşlərdə
düşmən irəli buraxılmırdı... Hər həmlədə ermənilər itki verib geri
çəkilirdilər...
Avqustun 21-də Füzuli şəhəri tutuldu. Ermənistandakı Rusiya bazasından
gətirilmiş tankların, BTR-lərin qarşısında yerli müdafiəçilər bir
şey edə bilmədilər. Birləşmiş erməni qoşunları hücumu genişləndirib
İran– Azərbaycan sərhədinə bir neçə kilometr qalmış dayandılar. Bakı
isə susurdu...
Füzuli tutulduqdan sonra mühasirə halqası daralan Cəbrayıl şəhərində
də durum saatbasaat ağırlaşırdı. Hakim yüksəklikləri ələ keçirmiş
düşmən gecə-gündüz top və tanklardan, “Qrad” qurğularından şəhəri
atəşə tuturdu. Yaşayış evləri, çoxmərtəbəli binalar dağılır, yanırdı,
yaralananların, ölənlərin sayı günbəgün artırdı. Bakıya getmiş rayon
ağsaqqallarını Nazirlər Kabinetinin sədri təyin edilmiş Surət Hüseynovun
qəbuluna yönəltmişdilər. Onlar baş nazirə hərbi hissələrdə yaranmış
başıpozuqluğu, Gəncə və Yevlaxdan gəlmiş batalyonların, əhalisi çöllərə
çəkilmiş kəndləri soyub-talamaqla məşğul olduqlarını deyərək tələb
etmişdilər: “Əgər ordu bacarmırsa, bizi silahlandırın, yerimizi-yurdumuzu
özümüz qoruyaq”...
Heç bir yardım ala bilməyən nümayəndələr əlləri ətəklərindən uzun
geriyə dönmüşdülər... Biçarə sadəlövh cəbrayıllıların o zamanlar heç
ağıllarına da gəlmirdi, hansı siyasi oyunlar gedir ölkədə... Əhalinin
təhlükəsizliyi üçün dövlət tərəfindən tədbir görülmürdü. Hər şey yerli
camaatın öhdəsinə buraxılmışdı. Yalnız iki ildən sonra hamı kimi cəbrayıllılar
da televiziya vasitəsilə biləcəkdilər ki, o zaman əlində real hərbi
güc cəmlənmiş Surət Hüseynov bu yerləri ermənilərə “əlborcu” veribmiş...
Avqustun 23-də düşmən Bakıdan heç bir kömək almayan Cəbrayıl şəhərinin
müdafiəçilərinin müqavimətini qıra bildi...
Sumqayıt ətrafındakı hərbi aerodromdan 16-20 avqustda Cəbrayıl və
Füzulinin müdafiəçilərinə kömək üçün göndərilmiş təyyarələr bomba
və raketlərini erməni qoşunları qərargahının yerləşdiyi məntəqələrə
yox, Cəbrayıl və Füzuli şəhərlərinin kənarlarına boşaldıb geri dönürdülər...
Bütün bunları görüb çaş qalmış əhalinin əl-qolu lap soyudu... Adamlar
dolu evlərini qoyub Araz qırağına, İran sərhədinə tərəf qaçırdılar.
Cəbrayıl şəhəri boşalırdı... Dövlət idarələrinin arxivləri, rayonun
idarəetmə aparatları müvəqqəti olaraq daimi atəş altında olan şəhərdən
təhlükəsiz əraziyə – Mahmudlu dəmiryol stansiyasına köçürülürdü. Sadəlövh
insanlar İran sərhədinə pənah aparırdılar. Düşünürdülər ki, İran dövləti
yol verməz ki, Ermənistan onun sərhədinə yaxınlaşsın, burada hərbi
əməliyyatlar aparsın...
Cəbrayıl şəhərinin meri İlqar Ərşadoğlu bir neçə ay idi bu vəzifəyə
təyin olunmuşdu. Ailəsini, valideynlərini son saatlarda təhlükə yerindən
çıxarmış İlqar Şəhər sovetinin köçürülmə əməliyyatını bitirdikdən
sonra Mahmudludan şəhərə qayıtdı, qara “Volqa”sı ilə küçələri bir
də fırlandı... Kapitan batan gəmini sonuncu tərk edər, deyiblər.
– Bəlkə kimsə çıxa bilməyib, yardım gözləyir, – deyə o, fikrini sürücüyə
açıqladı.
Hay-küylü küçələr bomboş idi.
– Deyəsən bizdən başqa hamı çıxıb. Döndük geriyə.
– Baş üstə, – deyən sürücü Üzeyir məktəbin yanından maşını döndərib
qazı basdı. Xan çinarın tuşuna çatdıqda “Saxla!” – deyən İlqarın göstərişi
tələbdən çox haraya bənzəyirdi... Üzeyir əyləci basıb maşını bir neçə
metr geriyə sürdü...
Aşağı enən İlqar cəbrayıllıların fəxri Xan çinarı gövdəsindən tutmuş
tacına qədər həsrətlə süzdü... Həmişə adamların görüş yeri, söhbət
yeri olan, yaşı bilinməyən ağacın altı birinci dəfəydi ki, adamsız
idi... Xan çinar tək qalmışdı, insanlar onu düşmənlə üzbəüz qoyub
getmişdilər... İlqarın gözləri doldu... Pilləkənlərlə aşağı endi,
çinarın dibindən qıjıltıyla axan kəhrizin suyundan ovuclayıb içdi.
Boğazına tıxanmış qəhəri yuyub apardı Çinar kəhrizinin suyu...
Bu kəhrizin suyu İlqara ana südü qədər əziz idi. Ana südündən də əvvəl
onun mayası bu su ilə tutulmuşdu, bütün cəbrayıllılar bu sudan içmişdilər...
İndi Ana kəhrizlə vidalaşmalı olurdu...
Bilmirdi ki, bu, doğma yurdla son vidası idi. Bu bir ovuc su Ana kəhrizin
ona verdiyi son qurtumlar idi...
İlqar qayıdıb motoru söndürülməmiş maşına oturan kimi “Volqa” yerindən
sıçradı. Şəhərdən çıxdılar, sonuncu binanı – ikimərtəbəli xəstəxananı
keçərək yoxuşu qalxıb Mahmudlu magistralına çathaçatda gördülər ki,
BTR-lər yolu kəsib...
Xəbərləri yoxudu ki, beş kilometrlikdəki Çərəkən və Papı kəndlərini
tutmuş erməni hərbçiləri şəhərdən dəmiryol stansiyasına gedən magistral
yola çıxmışdılar. Qara “Volqa”nın yaxınlaşdığını görən düşmən əsgərləri
avtomatdan havaya xəbərdarlıq atəşi açıb maşını saxlatdılar. Onsuz
da yolun BTR-lə kəsildiyini görən sürücü sürəti azaltmışdı. Əvvəl
onlar heç nə anlamadılar. Yolu kəsənlərin ermənilər olduğunu başa
düşdükdə artıq gec idi... Müqavimətin yersiz olduğunu görən İlqar
Üzeyirə “Saxla” işarəsini verdi. Maşın dayanar-dayanmaz dörd əsgər
irəli cumdu, onlardan əlləri başlarının arxasında maşından çıxmağı
tələb etdilər. İlqargil maşından çıxan kimi hərəsinin üstünə iki nəfər
düşdü, qollarını arxaya qanırıb bağladılar, üst – başlarını axtarmağa
başladılar. Heç nə tapmadıqdan sonra maşının yük yerini, salonunu
ələk-vələk elədilər. Əsgərlərdən biri salondakı saxlanc yerindən bir
dəstə çağırış vərəqəsi, İlqarın sənədlərini tapdığına sevinərək, onları
qıraqda dayanmış zabitə verdi.
– Aqa, nam popala jirnaya rıbka!* – deyə sənədlərə baxan zabit onlara
sarı yeridi, əlindəki çağırış vərəqələrini İlqarın üzünə çırparaq
bağırdı, azəri türkcəsi ilə dedi:– Ara, sən bizə qarşı əsgər yığırmışsan,
ha!.. Hanı bizə qan udduran o əsgərlər, zabitlər! Qoy, çıxsınlar meydana!
Çıxa bilməzlər. Hamısı tülkü kimi quyruğunu qısıb qaçıbdır.
Bu sözlər İlqarı yaman göynətdi. Kaş, qolları açıq, əlində avtomat
olaydı... Onda göstərərdi tülkü kimdir... Özünü ələ aldı, soyuq başla
düşünüb qərara gəldi ki, səbrini basmalı, özünü təmkinli aparmalı,
hər sözünü, hərəkətini ölçüb biçməlidir... İndisə susub, dözməkdən
başqa çarə yoxdur.
Zabit ratsiya ilə özündən böyük komandirlə danışdıqdan sonra əsgərə
nəsə dedi. Həmin andaca onlardan biri “Volqa”nın sükanı arxasına keçdi.
Üzeyiri qabaqda, İlqarı isə arxada iki silahlının arasında oturtdular,
maşının ağzını üst yolla şəhərə sarı döndərdilər. Pendir zavodunun
yanına çatdıqda maşını saxlamaq işarəsi verildi. Bu zaman zavodun
həyətindən çıxan “Jiquli” onların qarşısında dayandı. Arxa oturacaqda
əlisilahlı erməni əsgəri ilə qolubağlı ahıl bir kişi oturmuşdu. Çevrilib
onlara baxan kişini İlqar tanımadı.
_____________
* Aha, əlimizə yağlı balıq keçdi
Düz bir saat beləcə oturub gözlədilər. Onun sağında oturmuş, üz-gözündən
zəhrimar yağan serjanta ratsiya ilə nəsə deyildikdən sonra maşınlar
yerindən tərpəndi.
Qolubağlı girovları rayon icra hakimiyyətinin binası qarşısında maşından
düşürdülər, həyətdəki bağçada qollarını açıb sıraya düzdülər. Bir
vaxtlar rayon rəhbərlərinin dincəlmə və söhbət yeri olan kiçik fəvvarənin
ətrafındakı oturacaqlarda rütbələri bilinməyən bir neçə erməni hərbçisi
şellənirdi. Bağçanın, binanın giriş-çıxışında əliavtomatlı əsgərlər
durmuşdular. İki nəfər binanın üstündə dalğalanan Azərbaycan bayrağını
endirməklə məşğul idi.
Hərbçilərdən biri qalxaraq əsirlərə yaxınlaşdı, onları başdan-ayağa
süzüb, İlqarın tanımadığı kişidən azəri türkcəsincə soruşdu:
– Kimsən? Adın nədir?
Kişi özünü dik tutub halını pozmadan dedi:
– Adım Yusifdir, həkim-cərraham, özüm də Beyləqan sakiniyəm.
– Bura niyə gəlmisən?
– Əslim buradandır. Çoxlu yaralı olduğunu eşidib, öz maşınımla gəldim
köməyə.
Girovun səsində qorxu-zad olmaması, məğrur dayanması deyəsən, erməni
hərbçisinin xoşuna gəlmədi; onun çənəsindən tutub bərk silkələdi,
qəzəblə donquldandı:
– Baxarıq, görək necə cərrahsan.
O, həkimi buraxıb ortada dayanmış İlqara yaxınlaşdı, istehza ilə dedi:
– Şəhərin merisən, ha? Bu gün səni işdən çıxardıq. Artıq sənin merliyin
də, Azərbaycanın bu yerlərdə hakimiyyəti də qurtardı. Bayrağınız həmişəlik
endirildi. İndi sən ancaq öz həyatını saxlamaq haqqında düşünməlisən.
Dediklərimi eləməsən, işin bitdi.
Zabit elə indicə Azərbaycan bayrağını endirmiş, erməni bayrağını onun
yerinə asmağa hazırlaşan əsgəri yaxına çağırdı. Onun əlindəki ortasında
aypara, səkkizguşəli ulduz olan üçrəngli bayrağı alıb İlqarın ayağı
altına atdı:
– Bu bayrağa tüpürüb tapdala! – deyə qışqırdı, sonra erməni bayrağını
ona uzatdı: – Bunusa öpüb gözlərinin üstə qoy.
İlqar onun uzatdığı erməni bayrağını alıb yerə tulladı, diz çöküb
Azərbaycan bayrağını müqəddəs tutya kimi ikiəlli yerdən qaldırdı,
öpüb gözləri üstə qoydu. O, bunu tövrünü pozmadan elə təmkinlə, sakit
tərzdə elədi ki, sanki günlərlə məşq eləyib buna hazırlaşmışdı. Əlində
Azərbaycan bayrağı ayağa qalxan İlqar tələsik başını yana qovzayıb,
onu öldürənə qədər bir neçə anlığa doğulduğu şəhərə, Xan çinara baxdı...
Onlarla yalnız baxışları ilə vidalaşdı, sözsüz, kəlamsız...
Belə bir səhnə ilə qarşılaşacaqlarını gözləməyən ermənilər ölməz bir
sənət əsərinin təsirli səhnəsinə tamaşa edirlərmiş kimi donub qaldılar.
Sonra... Sonra döş qəfəsindən aldığı zərbədən İlqar ikiqat oldu. Kürəyindən
vurulan ikinci zərbədən yerə yıxıldı... “Yox, ayaq üstə ölməliyəm!”
– deyə düşünən İlqar Tanrıdan güc istədi... Ayağa qalxıb bayaqdan
müstəntiqlik eləyən hərbçinin ona tuşlanmış tapançasının qara lüləsinə
baxdı. Başını dik tutdu. O, ölümü qəbul etməyə hazır idi...
– Dayan! Onun başına istənilən vaxt güllə çaxmaq olar. Əlimizə bir
vəzifəli şəxs keçib, sən də onu tezcənə öldürmək istəyirsən. Bizə
jivoy tovar gərəkdir, – deyə hovuzun qırağında oturmuş ermənilərdən
digəri irəli yeridi, İlqarın hərəkətindən bərk qəzəblənmiş, qana susamış
həmkarının tapançasını yana döndərib əlavə etdi: – Onu bax, belə tərbiyə
eləmək gərəkdir, – deyib döş qəfəsinin altından – “günəş düyünü” adlandırılan
nöqtədən qəfil zərbə endirdi.
Ağrıdan səsi çıxmayan İlqar qollu-budaqlı ağac kimi yerə yıxıldı.
Buna bəndmiş kimi əsgərlər düşdülər onun üstünə. Üzeyir dözə bilməyərək
özünü İlqarın üstünə gərdi, bununla zərbələrin yarısını üzərinə götürdü.
– Bəsdirin, belə zorakılığın axırı yoxdur. Biz humanist bir xalq olmağımızı
göstərməliyik. Neyləmişiksə, gec-tez hayıfını çıxacaqlar, – deyə zabitlərdən
üçüncüsü köməksiz insanları döyməkdən ləzzət alan əsgərləri saxladı.
– Vax, bu nə danışır, ara? Aramcan, sən niyə qorxursan? Arvad– uşağın,
ev-eşiyin burdan çox uzaqda, Beyrutdadır. Onların əli sizə çata bilməz,
– deyə İlqarı birinci vurmuş zabit irişdi.
– Söhbət millətdən, gələcək nəsildən gedir.
– Biz onların hamısını qırıb çatsaq, sağ qalanları aparıb Xəzərə töksək,
hayıf almağa bir kəs qalmasa, necə?
Bu sözlərə hamısı güldü. Başını bulayan Aram dillənmədi, demək istədiklərini
uddu. O istərdi desin ki, dövran o dövran deyil. İndi orta əsr vəhşiliklərini
eləməklə erməni xalqı dünyanın qınağına məruz qalacaq. Arxada o boyda
Türkiyə durur. Beş-altı milyonluq erməni xalqı özündən on dəfələrlə
çox sayda olan bütün türk millətini qırıb qurtara bilməz. Bu boş xülyanı
başlardan çıxarmaq gərəkdir... Amma susdu. Bu sözlərin məqamı deyildi.
Bu fanatiklər üçün çöl-biyabanda adam öldürmək tum çırtlamaq kimi
bir şey idi...
Ağız-burunları qızıl qana boyanmış, zərbələrə ah-ufsuz kişi kimi dözən
həmyerlilərinə kömək eləmək iqtidarında olmayan Yusif həkim hiddətindən
az qalırdı bayılsın... Əsgərlər əl saxladıqdan sonra özünü yarıhuşsuz
İlqarla Üzeyirin üstünə atdı, əsgərlərdən biri ona əl qaldırmaq istədikdə
üzünü zabitlərə tutub qışqırdı:
– Mən həkiməm, borcumu yerinə yetirirəm, onlar ölə bilərlər!..
Onun sözləri öz təsirini göstərdi. Zabitlərdən biri itə dönmüş əsgərlərə
çımxırıb, zəncirlərini çəkdi, sonra üzünü həkimə tutdu:
– Ölməzlər, türkün canı bərk olur. Bax, özünü yaxşı aparmasan səni
də bu hala salarlar.
Yusif həkim hovuzun kənarındakı gülləri sulamaq üçün qoyulmuş vedrəni
doldurdu, cib dəsmalını isladıb İlqarla Üzeyirin üz-gözünün qanını
sildi, aldıqları zərbələrin yerlərini yoxladı.
– Qorxmayın, xatalı şey yoxdur, – deyib onlara toxtaqlıq verdi. Qabdakı
sudan bir neçə qurtum içən İlqar güclə gülümsəyib dedi:
– Doxtur, biz qorxu duyğusunu çoxdan bu torpağa gömmüşük.
Onları sərbəst nəfəs almağa belə qoymadılar. Bir azdan əsgərlər üçünün
də qollarını arxadan bağlayıb, başlarına kisə keçirdilər, yük maşınına
mindirdilər. Çox keçməmiş maşın yola düşdü. Bilmirdilər onları hara
və nə üçün aparırlar. İnsanın gözlərini bağlayıb bir neçə dəfə fırlatdıqdan
sonra o, səmti itirir. Belə hala düşəndə çaşmamaq üçün gərək çox güclü
yaddaşa və hafizəyə malik olasan, qulağın vasitəsilə “görməyi” bacarasan...
Maşın bir neçə dəfə şəhərin içində ora-bura döndükdən sonra İlqar
daha harda olduqlarını bilə bilmədi. Ermənilər yol boyu ələ keçirdikləri
qənimətləri maşına yükləyirdilər. İlqar kürəyini sıxan yükü əllədikdə
onun xalça-palaz olduğunu duydu. Maşını növbəti dəfə saxlayanda qulağına
dəyən şırıltıdan anladı ki, şəhərdən çıxmışlar, üç yol ayrıcında kəhrizin
suyundan düzəldilmiş şəlalənin yanındadırlar. Getdikləri səmti araşdıranda
İlqar müəyyən edə bildi ki, onları ata yurdu Balyata tərəf, Hadruta
aparırlar...
* * *
Famil müəllimin oğlu qara xəbəri eşidən kimi valideynlərinin arxasınca
gəlmişdi. O, ata-anasını çöl-biyabanda axtarmalı olmuşdu. Oğul valideynlərini
kövşəndə, Alaöküz dərəsinin gədiklərində üç-üç, beş-beş köç salmış,
bezdən, kəlağayıdan özlərinə gölgəlik düzəldərək isti avqust günəşindən
qorunan həmkəndlilərinin arasında tapdı... Adamlar hələ ümidlərini
kəsməmişdilər, üçüncü gecə də ilan-çəyənin arasında gecələməyi qərara
almışdılar. Amma toran qovuşanda Balyat, Qaracallı, Süleymanlı kəndlərindən
ərşə qalxan alov və tüstünü gördükdə son ümidləri də qırıldı... Çarəsiz
insanlar üzüaşağı Araz qırağına, Bakı yoluna tərəf üz tutdular...
Sirikli Səmərqənd isə Bakıdan Cəbrayıla gəlirdi. O, döyüşlərdə həlak
olmuş oğlunun qəbrinin üstünü götürtmək üçün Xırdalanda qara mərmərdən
düzəltdirdiyi başdaşını, sinədaşını gətirirdi. Onun xəbəri yoxudu
ki, Sirik də, Cəbrayıl da düşmən əlinə keçmişdir. Oğlunu uğrunda qurban
verdiyi torpağın özü qurban getmişdir. Səmərqənd arvad-uşağını Mahmudluda
tapdı. Ana qara mərmərə həkk olunmuş oğlunun şəklini gördükdə nalə
çəkdi... Ürəkləri dolmuş qadınlar onun səsinə səs verib insanın iliyinə
işləyən kədər, ələm dolu ağı dedilər... Min illərlə burada məskən
salmış insanlar yeni minilliyin astanasında yurd-yuvalarını tərk edirdilər...
İki yüz ilə yaxın idi Azərbaycan türklərini, bəşəri sivilizasiya başlayandan
məskunlaşdıqları torpaqlardan çıxarırdılar... İrəvandan, Göyçədən,
Zəngəzurdan başlamış bu zorla qovma, köçürmə indi Qarabağda baş verirdi...
Köç... Adi yerdəyişmə belə insana ayrılıq, hicran, göz yaşı gətirir
həmişə... Bu köç adi köç deyildi... Dədə-baba köçü, dağ-aran, yaylaq-qışlaq
köçü deyildi... İnsanlar əbədi yaşayış yerlərini daha yaxşı güzəran
üçün dəyişmirdilər... Bu, beş minillik tarixdən qoparılma idi. XX
yüzilliyin 30-cu, sonra 48-50-ci, lap sonra 88-ci illərində alçaldılıb
zülm edilmiş, var-dövlətləri əllərindən alınmış insanları susuz Qazaxıstan
çöllərinə, yaxşı halda Azərbaycanın Mil və Muğan düzlərinə zor gücü
ilə sürmüşdülər...
Cəbrayıl və Füzuli şəhərlərini,
bu iki rayonun əksər ərazilərini rus tanklarının köməyi ilə işğal
etmiş erməni qoşunları İran sərhədinə bir neçə kilometr qalmış hücumu
dayandırdılar. Erməni komandanlığı kiminsə icazəsini gözləyirdi...
Horadiz dəmiryol qovşağından günbatana doğru uzanan Araz çayı ilə
paralel qıvrılan dəmir və asfalt yollar hələlik Zəngilan və Qubadlı
bölgələrini ölkə ilə birləşdirən yeganə imkanlar idi. Arazboyu zolaqdakı
kəndlərə sığınmış cəbrayıllılar hələ ümidlərini kəsməmişdilər. Zənn
edirdilər ki, yüksəklikləri tutmuş ermənilər aşağı kəndləri atəş altda
saxlamaqla kifayətlənəcəklər, cürət eləyib İran sərhədinə yaxınlaşmayacaqlar...
* * *
Ermənistanla həmsərhəd olan Qubadlı isə hələ döyüşürdü. Düşmən onu
tutmaq üçün çox ucuz bir fənd işlədirdi: Ermənistan səmtindən yox,
Laçın dəhlizindən keçirdikləri qüvvələrlə Qarabağ tərəfdən hücum edirdi.
Artıq üç ilə yaxın idi Dağbəyi İsmayılov qələmi yerə qoyub silah götürmüşdü.
O, işlədiyi redaksiyadan müddətsiz məzuniyyət alıb doğulduğu Qubadlıya
getmişdi. Əli silah tutan qohumlarını, dost-tanışlarını bir araya
gətirib könüllü dəstə düzəltmişdi. Belə könüllü dəstələrin sayəsində
ermənilərin həmlələri uğurla dəf edilmişdi. Qonşu Cəbrayıl və Füzuli
rayonlarının əksər hissəsi işğal edildikdən sonra isə Qubadlının vəziyyəti
ağırlaşmışdı.
Avqustun çıxmasına beş gün qalmışdı. Dağbəyi özündən çox gənc olan
dəstə üzvləriylə gecə kəşfiyyata getmişdi. Öyrənmək istəyirdilər ki,
düşmən öz qüvvələrini cəm edib hücuma başlayacaq, yoxsa adda-budda
həmlələrlə kifayətlənib dayanacaq...
Dağbəyi bu yerlərin hər daşına, qayasına bələd idi. On yeddi yaşınadək
kənddə yaşamışdı, bu dağlarda at oynatmış, ov ovlamışdı. O, köç vaxtı
dağda doğulduğu üçün adını da Dağbəyi qoymuşdular.
Təpənin zirvəsindən Dağbəyi zəif ay işığında aşağıları nəzərdən keçirməyə
başladı. Birdən sol tərəfdə gözünə işıq dəydi. Əvvəl elə bildi ki,
maşındı. Amma işığın hərəkət eləmədiyini görüb, onun çökəkdəki çayxanadan
gəldiyini yəqinləşdirdi. Xatırladı ki, yol Qubadlıya sarı burulanda
çökəkdəki kiçik çayın üstə çayxana vardı. Orada manqalın üstdən kabab
əskik olmazdı. Onu işlədən Qubadlıdan idi, hər tərəfdən müştərilər
gəlirdi. Silahlı toqquşmalar başlayandan çayxana suyu sovrulmuş dəyirmana
bənzəyirdi.
“Gecənin bu vaxtında nə qayırırlar orda? Ermənilər qorxularından bu
həndəvərdə dolanmırlar. Bizimkilər... bəlkə maşınları xarab olub?”,
deyə fikirləşən Dağbəyi aşağı düşməyi qərara aldı. Cavanlar onu tək
buraxmaq istəmədilər. Dağbəyi onlara əmr etdi:
– Yox, tək gedəcəyəm. Bu yerləri mənim qədər tanımırsınız. Gözləyin...
Üzü enişə olduğu üçün o, çox çəkmədən bulağın qənşərinə çatdı. Burnunu
qızardılan ət qoxusu qıcıqlandırdı. “Deməli, nəsə bişirirlər”... Burdan
o yana sürünə-sürünə getməliydi. Yolun sağ tərəfinə keçdikdə quruyub
qaldı. Düz beş tank dayanmışdı burda. Çayxana tərəfdən səslər gəlsə
də, tankların yanında kimsə görünmürdü. Çayxanadakıları görmək üçün
bir az da yaxına süründü... Və gördü ki, burada dayanmış iki BTR kiçik
faraları ilə aşağıdakı çayxananı işıqlandırır, ermənilər iyirmidən
çox rus tankçısı üçün kabab bişirir, hədyan-hədyan danışıb gülüşürlər.
“Deməli, sabah-birisigün Qubadlıya hücum olacaq, tanklar qabaqda,
ermənilər arxada...”, deyə fikirləşən Dağbəyi istədi onları versin
avtomatın ağzına. Amma fikrindən daşındı. Əvvələn, tankçılar çox idilər,
onu vura bilərdilər... İkincisi, o, buraya kəşfiyyata gəlmişdi. Bu
vacib xəbəri rayondakılara çatdırmalı idi...
Bütün bunları çək-çevir eləyib geri süründü... Gördüyü acı mənzərə
Dağbəyiyə güllə kimi dəymişdi. Otuz il sovet gerçəkliyini tərif eləmiş,
rus xalqına bəlağətlə “böyük qardaş” demişdi... “Bu da bizim axırıncı
qismətimiz. Top lülələri “iri addımlarla irəliləyən” xalqın sinəsini
nişan almışdı. Niyə, nə üçün, hansı qəbahətinə görə?” Bir istədi qayıtsın,
rastına çıxan yağıları qanına bulayıb ürəyini soyutsun... Nanəciblərin
sözü ilə özünü qınadı: “müsəlmanın sonrakı ağlı...”.
“Sonrakı ağlı” əmələ çevirmədiyinin ağrısını bir də böyük oğlu şəhid
olduqdan sonra çəkəcəkdi... Həmin gecə rus tankçıları ilə döyüşə girməməyinə
görə... Ölüb orda qalsaydı Biləcəridən qaytarılmış böyük oğlunu öz
əlləri ilə komissarlığa gətirib cəbhəyə yola salmazdı... Oğlu orduya
çağrılarkən onu tanıyan zabit “Atan cəbhədə vuruşur... Get evinizə,
ailəyə hayan ol... O qayıdandan sonra sən gedərsən” demişdi...
Avqustun 27-də Qubadlının da taleyi Cəbrayıl və Füzuli rayonlarınınkı
kimi oldu. Buraya ayağı dəyən düşmən yüz illərdən bəri əlləşdiyi fitnə-fəsadını
həyata keçirdi...