Ana olacağına tam inandı...
Həmin müdhiş gecənin səhərisi
günü Aysu yuxudan gec oyandı. Başı yüngülcə ağrısa da özünü pis hiss
eləmirdi. Evdə, həyətdə çox qəribə bir sakitlik hökm sürürdü. Sanki
o, heç əsir deyildi. İndicə durub gəzintiyə çıxacaq, qəsəbəni dolaşıb
geri dönəcək. Heyhat, yalnız bir neçə anlığa elə düşünə bildi... Yavaş-yavaş
özünə gəldikcə sifətindəki məmnunluq əriyib gedir, reallığa qayıdırdı...
Mələfəni üstündən qaldırdıqda diksindi, öz-özündən utanıb qıpqırmızı
oldu. “Bıy, mən niyə belə lüt-üryan olmuşam”, deyə dodağının altında
mızıldandı. Mələfəni çırpıb liftçiyini axtarmağa başladı. Yastığını
qaldırıb altına baxdı. Tiyəsi parıldayan qəməsini gördükdə çiynini
çəkdi: “Bunu niyə qınından çıxarmışam?”. Axtardığını döşəmənin üstündə
tapdıqda təəccübləndi: “Bu niyə bura düşüb?..” Gözü çarpayının baş
tərəfində yerə atılmış zolaqlı əsgər maykasına sataşdıqda dəhşətə
gəldi: “Bu nə gəzir burda?” Qapıya nəzər yetirdikdə gözlərinə qaranlıq
çökdü... Sustalıb çarpayının üstünə düşdü... İçəridən qapının cəftəsi
vurulmamışdı... Hər şey ona agah oldu... Axşamkı hadisəni xatırladı...
Aysunun hıçqırtılarını, arabir öyüməsini eşidən Aksananın ona yazığı
gəlsə də çiyinlərini çəkib acıqlı-acıqlı öz-özünə donquldanırdı: “Sənin
minnətin olsun ki, ermənilərin əlinə düşməyibsən. İvan sənə nə eləyibsə
də, şükürlüdür. Səni ölümdən qurtarıb, hələ ailənə də qaytarmağa söz
verib...” Aksana Aysunun bu anlarda keçirdiyi iztirabları duyub anlaya
bilməsə də bir saatdan çox inildəyən qıza yazığı gəlirdi. Onun otağının
qapısına yaxınlaşıb qulaq verir, amma içəri girib onu ovundurmağa
cürəti çatmırdı. Qızın bu hala düşməsində az da olsa özünü günahkar
sanırdı. “Axı, mən nə edə bilərdim? Mən nə ixtiyar sahibiyəm ki, İvanın
iradəsi qarşısında durum?!.” deyə özü-özünə bəraət qazandırırdı.
Qızın səsi kəsildikdə mətbəxdə nahar tədarükü görən Aksana əlindəkiləri
stolun üstünə atıb təlaş içində yenə onun otağına sarı cumdu. İçəri
keçməzdən əvvəl qulağını qapının açar yerinə dirədi. Səs-səmir gəlmirdi.
O, daha dözə bilməyib tələsik qapını açdı, özünü hövlnak gözləri alacalanıb
tavana dirənmiş Aysunun üstünə atdı. Əli ilə ehmalca qızın donuq sifətini
silkələdi, qrafindən su süzüb ona içirtməyə çalışdı. Ağzına tökülən
bir-iki qurtum sudan çeçəyən Aysu özünə gəldi, Aksananı görüb kövrəldi,
hıçqıra-hıçqıra soruşdu:
– Necə oldu o ayı?! Alçaq... Nahaq onu öldürmədim.
“Boje moy, insan da bir neçə saatda bu qədər dəyişərmiş... Yad kişi
ilə bir gecə yatmaqdan ötəri bu qədər əzab və sarsıntı keçirməyin
nə mənası varmış?...”
Bunu dünənki hadisədən xəbəri olmayıb, öz ürəyincə təxmin eləyən Aksana
düşünürdü... Yarıbihuş halda yatağa sərilmiş Aysuya – dünən səhər
ətirli çöl çiçəklərindən bağlanmış dəməti xatırladan, bu günsə o dəmətin
tapdalanıb atılmış süpürgəsinə bənzəyən qıza baxaraq düşünürdü...
Düşündükcə, istər-istəməz, özünü onun yerinə qoymağa çalışırdı. Yox,
bir gecəlik təcavüzdən ötrü o, heç vaxt bu vəziyyətə düşə bilməzdi.
O, Aysunun bu hərəkətini ürəyində sadəcə “axmaqlıq” kimi qiymətləndirdi
və aram-aram öz fikrini qıza təlqin eləməyə başladı:
– Ağlını başına yığ. Unutma ki, əsirsən, girovsan. Səninlə nə istəsələr
eləyə bilərlər. Bu gecəki iş labüd idi, qaçılmaz idi, gec-tez olmalıydı.
Bir də axı, Allah qadını bu iş üçün yaradıb. Tək sənin başına gələn
şey deyil ki?! Əvvələn, İvan inadkardır, istədiyinə nail olur. İkincisi,
o səni çox istəyir, sənə xüsusi hörmət eləyir, hər cür şərait yaradır.
Bütün bunları eləyən adamın mükafatı olmalıdır, ya yox?! Bundan başqa
sən ona nəylə öz təşəkkürünü bildirə bilərsən? Onun yaxşılığının əvəzini
necə verə bilərsən? Sən gərək bu həqiqəti anlayıb, özünü çoxdan hazırlayaydın...
Gözləri yarıyumulu Aysuya bu təsəlli kar eləmirdi. Onu yalnız bir
şey ovuda bilərdi: ona təcavüz etmək istəmiş, düşdüyü vəziyyətdən
istifadə eləyib özündən xəbərsiz onun çılpaq bədəniylə əylənmək arzusunda
bulunmuş vəhşinin üstünə dişi aslan kimi atılıb, şah damarını dişləri
ilə qırmaq!..
Qızın gözlərinin yenə dirəndiyini görən Aksana cəld hərəkətlə dəhlizin
o başındakı aptek qutusundan korvalol, relanium gətirdi. Stəkana bir
qurtum su süzdü, 25 damcı korvalol damızdırıb ona içirtdi. Sonra bir
az özünə gəlmiş Aysuya dedi:
– Əzizim, sənə yaxşıca yatmaq gərəkdir. Bu həbi at, yuxuya get, beynin
dincəlsin, sonra danışarıq.
Aysu xəstə uşaq kimi onun dediklərini elədi. O, gerçəkdən yatmaq istəyirdi,
əzabverici duyğulardan qurtulmağın yolunu indi ancaq yuxuda görürdü...
Elə yuxu istəyirdi ki, bir daha ayılmasın...
Çox keçmədi onu yuxu apardı. Mətbəxdə qurdalanan Aksana tez-tez ona
baş çəkirdi. Qız gah hıçqırır, sifətini qorxu, təlaş bürüyür, gah
da sakitləşib əvvəlki halına qayıdırdı... Bir dəfə sifəti elə işıqlandı
ki, sanki o, adi insan yox, Mikelancelonun çəkdiyi mələk tablolarından
biriydi, canlanıb çarpayıda uzanmışdı...
Aysunun üzündə əks olunan ifadələr gördüyü yuxunun təsirindən idi.
Əsirliyinin ilk günlərində Müqəddəs Ana onun yuxusuna girmişdi. İndisə,
sanki o möcüzənin davamını görürdü...
... Qarmaqtəhər şeytani quyruqları burun yerlərində bitmiş qəribə
məxluqlar kəndləri, obaları, şəhərləri yerlə-yeksan etmiş, uşaq, qadın,
qoca, cavan meyitləri yan-yana döşənmişdi. Sıralarındakı kömür kimi
qapqara afrikalılar da, sapsarı avropalılar da bu şeytanabənzərlərin
köməkçiləri idilər. Aysu bütün bu dəhşətlərin üstü ilə ağlaya-ağlaya
uçurdu. O, yerə düşmək istəmir, bu dəhşətləri görməmək üçün lap yüksəklərə
qalxmağa çalışırdı. Amma gücü çatmırdı. Allaha yalvarırdı ki, bu dünyadan
uçub getməyə ona güc versin. Onun yalvarışlarını eşidibmiş kimi bu
zaman məleykələrin qanadları üstündə Müqəddəs Ana yenə onun gözünə
göründü.
Görəsən, kimdir göylərdən enmiş bu nur?
Bu sualı düşünər-düşünməz cavabı hansı bir qüvvə tərəfindənsə yaddaşında
əks olundu:
“O, analıq rəmzi, analıq misalı olan Müqəddəs Anadır... Cənnət anaların
ayaqları altındadır demiş Məhəmməd peyğəmbərimiz (s) ...”
Ağ ipək qiyafədə olan, sifətindən nur yağan Müqəddəs Ana dərd içində
çırpınan qıza şəfqətlə baxdı:
“Sənin hələ göylərə uçmaq vaxtın yetişməyib.”
O bunu dodaqları tərpənmədən, səssiz-sözsüz bildirdi... Aysu baş verən
dəhşətlərə işarə vuraraq yalvarmaq istədi, səsi çıxmadı. Amma Müqəddəs
Ana qızın fikirlərini oxuyub, işıqlı baxışlarıyla ona təskinlik verdi:
“Görürük, bilirik Allahın iradəsi ilə sən və sənin kimilərinin dünyaya
gətirməli olduqları oğullar bu haqsızlığa, zülmə son qoya biləcəklər.
Yaxşı bax, içəriləri fitnə-fəsad xəstəliyi ilə dolu olan bu məxluqlar
Şeytanın insan cildinə saldığı övladlarıdır. Onlar dünyanın hər yerinə,
bütün xalqların içərisinə yayılıblar.”
Aysu aşağıda insanların başını kəsən, uşaqları süngüyə keçirən, qızları,
qadınları doğmalarının gözləri qarşısında zorlayaraq vəhşi qəhqəhə
çəkən məxluqlara nifrətlə baxdı. Onların sifətlərində hiylə və məkr
oynayır, gözləri qan hərisliyi ilə yanırdı.
“Sənin mənəviyyatın təmizdir. Bunu Allah da bilir, onun səni istəyib
sevən bəndələri də... Bu dəli dünyanı da, vətənini də sənin kimi təmiz
anaların doğduqları övladlar xilas edəcəklər!..”
Bayaqkı sözlərini bir daha təkrarlayan Müqəddəs Ana qeybə çəkildi...
Aysu onun üzünə bircə dəfə baxa bildi. Gözlərində dərin analıq sevgi
və qayğısı, xeyirxahlıq olan Müqəddəs Ana elə bu bir baxışıyla Aysuya
sakitlik, inam bəxş etdi... O göylərdən yerə qayıtdı. Endiyi yerdə
heyvanabənzər məxluqlar yoxa çıxmışdı...
Aysu günortadan xeyli keçmiş oyandı. Gördüyü yuxunun təsiri altında
bir neçə dəqiqə yerində key qaldı.
“Mən Müqəddəs Ananın tövsiyəsinə əməl etməliyəm...Bu dünyanı düzəldəcək,
vəhşiliklə, zorakılıqla çarpışacaq oğullardan birini dünyaya gətirməliyəm...”
deyə fikirləşdi. Bu duyğu onun özünə gəlməsinə kömək etdi, uzun illər
xəstəsi kimi yataqdan heysiz qalxdı. “Sən özünü ələ almalısan, gələcək
naminə hər şeyə tab gətirməlisən, sınmamalısan”, deyə pıçıldayaraq
geyindi, hamama keçib yaxşıca yuyunmağa başladı. Divanın üstündə mürgü
vuran Aksana qapının cırıltısına oyandı. Aysunun şok vəziyyətdən çıxmasına
sevinərək onun yanına gəldi, yuyunub qurulanmış qızı nahar stoluna
dəvət eləyib dedi:
– Tez gəl, sənə təzə xəbər deyəcəyəm.
– Yaxşı, indi gəlirəm, – deyə zəif səslə cavab verən Aysu otağına
keçdi, on dəqiqə boyun-baş hissəsində qan dövranını, tənəffüs sistemini
yaxşılaşdıran bir neçə yoq hərəkəti elədi, hələ gərgin olan əsəblərini
sakitləşdirməyə çalışdı. Qismən buna nail oldu.”Görəsən Aksana mənə
təzə nə söyləyəcək?” fikri ilə onun yanına yönəldi.
Aksananın yaxşı xüsusiyyətlərini tərəzinin bir gözünə, nöqsanlarını
isə o biri gözünə qoysaydılar, birincisi ağır gələrdi. Onun müsbət
cəhətlərindən biri doğrucul və səmimi olması idi. İndi o, Aysunu yenidən
stol başında görməsinə hədsiz dərəcədə sevindi, gözləri yaşarmış halda:
– Xoş gəldin. Sən olub keçəni unutmalısan. İndi sənə verəcəyim yeməkləri
yeməlisən. Yalnız bundan sonra sənə bir hərbi sirr açacağam.
– Yox, əvvəl de, sonra yeyim, – deyə Aysu da istər-istəməz onun yarızarafat,
yarıciddi danışıq tərzinə qoşuldu.
– Deməzsən aldatdım! Keçal suya getməz.
Onun bu yerlərdə çox işlənən atalar deyimini özünəməxsus tərzdə tələffüz
etməsi Aysunun dodağını qaçırdı və onun süzdüyü kompotu içdi, təzə
kartof qızartmasını qabağına çəkdi. İndi anladı ki, ac imiş... Lakin
tez doydu. Bir stəkan çay içib üzünü Aksanaya tutdu:
– Hə, nə deyəcəkdin mənə?
– Səhər-səhər çıxmışdım bazara. Burda kimi görsəm yaxşıdır? Mayor
Alyoşa Krotovu. O burada, Hadrutda yerləşmiş sərhəd komandanlığında
mühüm zabitlərdən biriydi. Sovet hökuməti dağılandan sonra burdan
getmişdilər. Onların əsas işi İranla sərhədi qorumaq idi. İndisə qayıdıb.
Onunla görüşdük, öpüşdük, girdik yeməkxanaya, bir şüşə çaxır sifariş
verib oturduq. Bu Alyoşa hələ o vaxtlar mənə göz verib işıq vermirdi.
Onun xoşuna gəlirdim. İndi də deyir ki, heç dəyişməmişəm.
Hövsələsi daralan Aysu üzünə təbəssüm verməyə çalışıb onun sözünü
kəsdi:
– Sənin hərbi sirrin elə bu imiş?
– Səbrin olsun, qoy bir az ötən günləri xatırlayaq də!.. Hə, ondan
sordum ki, Alyoşa, xeyir ola yenidən buraya qayıtmaqda? O da naqqallıq
eləyib dedi ki, rayonu yaxşı tanıyan mütəxəssis zabit kimi onu buraya
ezam ediblər. Ola bilsin ki, özü geri qayıtmayacaq, onun hərbi hissəsi
buraya dönəcək. Dedim ki, necə axı? Söylədi ki,”Hadrutdan çıxarılan
bizim hərbi hissə dağılmayıb, necə var eləcə də Krasnodar vilayətində
dayanıbdır. Gözləyirik görək, yenidən nə vaxt Azərbaycan-İran sərhədinə
qaytaracaqlar”. Hə, indi bildin bu nə deməkdir? Tezliklə döyüşlər
qızışacaq. Mən “Döyüşlər qızışsa, Azərbaycan təyyarələri Hadrutu bombalayacaqmı?”
soruşduqda nə cavab versə yaxşıdır? “Onların ordusunda bizim adamlar
var, qoymazlar...”
Aysu daha onu eşitmirdi. Bu xəbərdən sustaldı. İxtiyarsız olaraq dodaqları
altında pıçıldadı: “Deməli, müharibə təzədən alovlanacaq”.
Qız özünü o yerə qoymadı:
– Deyirəm, bizimkilər buranı alsa necə olar?
Aksana çiyinlərini çəkdi.
– Mənim üçün fərqi yoxdur. Yeganə istəyim burdan çıxa bilməkdir...
Amma inanmıram. Sizdə vəziyyət çox qarışıqdır. Bir-birlərinin üstünə
yaman düşüblər.
– Sən bunu hardan bilirsən?
– A... a!.. Bakı televiziyası hər gün bar-bar bağırır ki!.. Hərbçilər
sizin babanı divara qısnamaq istəyirlər.
– Eh, heç dünəndən televizora baxmıram, xülasə-zad hazırlamıram. Sənə
yaxındır, zəhmət olmasa, onu qoş.
– Bu dəqiqə, – deyə Aksana televizorun düyməsini basdı.
Ekranda doğma Bakını gördükdə, həmişəki kimi onun sinəsindən bir ah
qopdu. Yaxşı xəbərlər eşitməsə də doğma yerləri gördükcə, tanış səsləri
eşitdikcə təskinlik tapırdı... Yox, hələ dünyanın axırı deyildi. Azərbaycan
yaşayır, azadlığını qoruyub saxlamaq üçün çarpışırdı. Aksana da Bakıya
maraqla baxır, anlamadığı sözləri, başa düşmədiyi məsələləri ondan
soruşurdu. Hakimiyyəti tam əlinə almış Heydər Əliyevin Gəncədə qiyam
qaldırmış Surət Hüseynovu baş nazir təyin etməsini eşidən Aksana:
– Deyəsən, dostlaşırlar, hə?!. – deyə Aysudan soruşdu.
– Yox, mən inanmıram. Bu, “dostluq” deyil. Heydər Əliyevin manevridir.
Başqa çarə yoxdur, Surətin sərəncamında müəyyən güc var. Onların səviyyələri,
şəxsiyyətləri arasındakı fərq yerlə göy qədərdir. Bu “dostluğun” tarixi
çox qısa olacaq.
– Nə danışırsan? Surətin arxasında o boyda Rusiya durur.
– Səninlə mərc qoşa bilərəm.
– Deyirlər, iki mərc qoşandan biri idiotdur, o birisi axmaq. İdiot
bilir mərc qoşur, axmaq bilmir mərc gəlir.
Aysunun dodağı qaçdı:
– İndi onlardan sən hansısan, mən hansıyam?
– Mən həyatda idiot olmamışam. Çalışıram ki, axmaq vəziyyətinə də
düşməyim, – deyə Aksana köksünü ötürdü, sonra sözünün gerisini gətirdi:
– Sən də elə mənim kimisən, əlindən pislik gələnə oxşamırsan. Odur
ki, mərcləşməsək yaxşıdır.
Aksananın sözləri cavabsız qaldı. İndi Aysunu düşündürən qarşıdakı
fəlakətlər idi. Televizordan verilən xəbərlər göstərirdi ki, ölkənin
vəziyyəti ağırdır.
Prezident Əbülfəz Elçibəy gözlənilmədən paytaxtı tərk etmiş, doğulduğu
ucqar kəndə sığınmışdır. Ölkənin idarəsini Heydər Əliyev öz üzərinə
götürmüşdür. Başqa dövlətlərə qulluq eləyən satqınlar ölkəni parçalamaq
planını həyata keçirmək üçün əldən-ayaqdan gedirdilər. Cənubda Astaradan
Salyana qədər “Talış-Muğan Respublikası” yaratmış Əlikram Hümbətov,
Moskvaya arxalanan keçmiş müdafiə naziri Rəhim Qazıyev açıqdan-açığa
Heydər Əliyevi silahla hədələyir, baş nazir Surət Hüseynova daha yüksək
səlahiyyətlər verilməsini tələb edirdilər. Orduda da parçalanma yaranmışdı.
Xalq Cəbhəsinin batalyonları, Surət Hüseynovun muzdluları və yeni
ölkə başçısını müdafiə eləyən qüvvələr qarşı-qarşıya durmuşdular.
* * *
Gerçəkdən, başının üstündə qara buludlar oynaşan Azərbaycanın düşmənləri
üçün çox əlverişli durum yaranmışdı. Əslində, şimala da, cənuba da
meydan oxuyaraq öz varlığını təsdiqləyən Azərbaycanın müstəqil bir
dövlət olmasını istəməyənlər özləri bu durumu yaratmışdılar. Tarixin
verdiyi belə fürsətlərdən həmişə istifadə etmiş erməni ideoloqları
növbəti torpaq parçasını udmağa hazırlaşırdı... Qarabağın baş şəhəri
Şuşa, onun Ermənistanla sərhədlənən Laçın və Kəlbəcər bölgələri qonşu
dövlətlərin köməyi ilə işğal etdirilsə də ipə-sapa yatmayan Azərbaycanı
diz çökdürə bilmədiklərini görən düşmənlər başqa plan hazırlayırdılar.
Bu plan Düzən Qarabağı da Kürlə Arazın qovuşduğu yerlərədək işğal
etmək idi. Onlar hesab edirdilər ki, bununla ya Azərbaycan adlı dövlətin
torpaqlarını şimal, qərb və cənubdakı üç dövlət arasında bölüşdürüb
yox edəcək, ya da onu yoluşdurub, özlərindən asılı hala salaraq, oyuncaq
bir ölkəyə çevirəcəklər. Onları ən çox qorxudan müstəqil Azərbaycanın
Avropa dövlətləri və ABŞ-la, onların neft şirkətləri ilə əlaqəyə girmək
cəhdləri idi. Və bu cəhdlər reallaşmaq üzrəydi. Neçə müddət idi Böyük
Britaniyanın iri neft şirkətləri Bakı ilə açıq-gizli danışıqlar aparırdı...
Dünya dövlətlərinin marağı çox əlverişli coğrafi-siyasi mövqeyə malik
olan Azərbaycanda çarpazlaşırdı. Buradan üç səmtə qapılar açılırdı:
Qərb dünyasından Şimali Qafqaza, şərqdə Əfqanıstan və Çin sərhədlərinədək
uzanan Orta Asiya və Türküstana, cənubda İrana açıla biləcək qapılar
burada – Azərbaycanda idi. Osmanlı imperiyasının dağılmasından sonra
Qərbin bu zəngin regiona girməsinin qarşısını Sovet-Rusiya imperiyası
kəsmişdi. Ulu Tanrı Azərbaycandan tutmuş Çinədək bu qədim türk torpaqlarının
həm üstündə, həm də altında böyük nemətlər vermişdi... XX yüzillikdə
dünya şirkətlərinin suda batmayan, odda yanmayan ekspertləri burunlarını
hər yerə soxmuş, Amerikanın, Afrikanın, uzaq Avstraliyanın cəngəlliklərindən
tutmuş savannalarınadək ələk-vələk eləmiş, buradakı yeraltı, yerüstü
sərvətləri dünyaya açmışdılar. Belə təsəvvür yaranırdı ki, ikinci
minilliyin sonuna dünyada axtarış aparmağa daha xam yer qalmamışdır.
Lakin böyük ərazini əhatə edən Xəzər regionunun – Azərbaycanın, Qərbi
Qazaxıstanın, Türkmənistanın, lap o yana Özbəkistanın, Qazaxıstanın
şərqinin neft, qaz, qızıl və digər minerallarla zəngin yataqları hələ
işlənməmiş qalırdı... Yüksək texnologiyaya, böyük sərmayəyə malik
olan dünyanın iri şirkətləri hələ bura girməmişdilər. Səbəbsə bir
idi: Rusiya imperiyası onları bu regiona yaxın buraxmırdı. O sərvətlərin
istismarı üçünsə özünün nə ən yeni texnologiyası, nə də pulu vardı.
Rusiya nə özü yeyə bilirdi, nə də başqasını qoymurdu yesin...
Belə-belə məsələlərlə bağlı ruslar özləri də lətifə qoşmuşdular: Ər
evə qayıdanda arvadının yatağında başqa kişini görüb onunla tutaşır.
Oynaş güclü olduğu üçün kişini yıxıb şillələyir. Arvad isə deyir:
“Vur köpək oğlunu, nə özü bir şey eləyə bilir, nə də başqasını qoyur...”.
SSRİ dağıldıqdan sonra hiyləgər və varlı Avropa bu regionu yavaş-yavaş
öz qarmağına keçirməyə, Rusiyanın ağzından çıxmış yağlı tikəni götürməyə
çalışırdı. Öz məqsədinə çatmaq üçün Avropa toplumunun qurduğu planlardan
ən birincisi “Yol siyasəti” idi: Avropadan Çin səddinə qədər işləyəcək
yol!.. Bunun üçün də tarixə əl atdılar, öz ideyalarını tarixi gerçəkliklə
arqumentləşdirdilər: Qədim İpək yolunu bərpa etmək!.. Dünyanın yeddi
möcüzəsindən biri olan Böyük Çin səddindən Qərbə doğru – sinəsində
möcüzələr gizlədən Türküstandan, Orta Asiyadan, Xəzərdən, Cənubi Qafqazdan
keçib Qara dənizə çıxan yol!.. Bunu reallaşdırmaq üçün artıq geniş
maliyyə qaynaqları olan xüsusi qurum yaradılırdı... Azərbaycandan
nümunə götürən Qazaxıstan gələcək neftini, Özbəkistan pambığını bu
yolla Qərb bazarına çıxarmağı planlaşdırırdı. Cini təzədən butulkaya
salmağa – əldən verdiklərini geri qaytarmağa çalışan Rusiya Qərbin
bu planlarına hər vəchlə mane olmağa çalışırdı.
Moskvanın çox diqqətlə seçib vəzifəyə qoyduğu, ancaq mərkəzdən gələn
göstərişləri yerinə yetirməyə öyrəşmiş Azərbaycan partokratlarından
fərqli olaraq, erməni ideoloqları Qərblə Rusiya arasındakı bu çarpışmanı
öncədən proqnozlaşdırmışdılar. İndi onlar hədəflərinə çatmaq üçün
hər iki tərəfdən faydalanırdılar, azəri türklərinin dədə-baba torpaqlarını
kənd-kənd, bölgə-bölgə işğal edirdilər. Ermənilərə dəstək aldıqları
Qərbdən, Şimal və Cənubdan başqa, Azərbaycanın özündən də kömək edirdilər...
Hakimiyyət davasına çıxaraq “Milli İstiqlal”, “Sosial Demokrat”, “Millət,
Azadlıq”, “Yeniləşmiş Azərbaycan”, “Bütöv Vətən” – deyə qışqıranlardan
düşmən dəyirmanına su tökənlər az deyildi... Kimisi bilərəkdən, kimisi
bilməyərəkdən... Torpaqlar müdafiəsiz qalmışdı... Hərbi hissələrdə
yerləşdirilmiş Gəncə qiyamçıları yalnız öz başçılarının əmrini yerinə
yetirirdilər. Cəbhə bölgələrinə göndərilmiş “Gəncə batalyonları” kəndlərdəki
evləri talamaqla məşğul idilər. Müxtəlif siyasi partiyaların yaratdığı
batalyonlar döyüş mövqeyindən geri çəkilir, əsgərlər fərarilik edirdilər.
Komandanlığı üzərinə götürən, xalqı səfərbər edib, əsgərləri döyüşə
aparan başçı gərək idi... Döyüşkən əsgərlər olsa da, ordu yox dərəcəsində
idi. Bəli, belə bir durumda Rusiyanın Yerevandakı bazalarından gətirilmiş
hərbi dəstələrin yardımı ilə erməni qoşunları Hadrut, Füzuli, Cəbrayıl
istiqamətlərində hücuma keçdilər.
Həmin gün – 15 avqust səhəri Aysu Hadrutdan şimal-şərqdə yerləşən
Məlikcan yüksəkliklərindən atılan mərmilərin vıyıltısına, topların
boğuq guppultusuna yuxudan oyandı. Tələsik geyinib, indi yeganə həmdəmi
olan Aksananın yanına cumdu. O, aynabənddən İvanın köhnə durbini ilə
raket və top mərmilərinin uçduğu Balyat dağlarına, tankların üzüaşağı
hücuma keçdiyi Qozludərənin qalan kəndlərinə tərəf baxırdı.
– Aksana xanım, nə baş verir, bu nə gülləbarandır? – deyə o, səksəkə
ilə soruşdu. Durbini gözündən çəkən Aksana təmkinini pozmadan dedi:
– Ermənilər Füzuli, Cəbrayıl bölgələrinə hücuma keçiblər, özü də bir
neçə istiqamətdən.
– Bir neçə istiqamətdən? Sən bunu hardan bilirsən?
– İvan dedi. O, gecəyarısı gəldi, obaşdan getdi. Mənə dedi ki hücum
başlayacaq, amma narahat olmayın, sizi heç bir təhlükə gözləmir. Hadruta
bir güllə də atılmayacaq... Belə vaxtlarda İvanın işi çoxalır, üzünü
görmək olmur. Öz aramızdır, iki daşın arasında səni soruşdu. Səhhətinlə,
əhval-ruhiyyənlə maraqlandı. Dedi, neçə gündür görmürəm, darıxmışam.
Az qala gecəyarısı səni durquzacaqdı. Qoymadım, dedim, o gecəki ley-peydən
hələ də özünü pis hiss eləyir. Ağlın bizə getməsin, qız içkiyə öyrənməyibdir.Tay
başqa şey demədim.
Aysu istədi onu saxlasın, açıqlatsın ona “tay başqa şey” deməklə o
nəyi nəzərdə tutur? Bəlkə, İvan, əclaf ona nəsə deyib? Kişilər özlərinə
şər atmağı xoşlayırlar. Amma dinmədi, onun sözlərini cavabsız buraxdı.
Qız özünü unutmuşdu, həsrət və təşviş dolu baxışlarını Qozludərə tərəfə
döndərdi.
– İstəyirsən, götür bax, – deyə Aksana durbini ona uzatdı.
Bu təklif Aysunun ürəyindən oldu. O, durbini gözlərinə yaxınlaşdırıb
cənub-şərqə tərəf baxmağa başladı. Balyat dağları, Qaraquzey aydın
görünürdü. Bu dağlara sığınmış kəndlərdə nələr baş verdiyi bilinmirdi...
Bir azdan o dağların arxasından tüstü sütunları qalxmağa başladı.
“Evlər yanır... Ax, qaniçənlər, sizi görüm öz qanınızda boğulasınız”
– deyə pıçıltıyla qarğıyan Aysu özündən asılı olmayaraq Azərbaycan
ordusunun rəhbərləri qarasına deyinməyə başladı: “Namussuzlar, vəzifə,
pul düşkünləri... Atın də, siz də atın. Döndərin tankların, qradların
ağzını bu Hadruta!.. Yox, torpaqları satıblar. İvan deyirsə ki, qorxmayın,
bura atmayacaqlar, məsələ məlumdur...”
Aysu durbini kənara qoyub halsız halda kresloya çökdü... Başını qovzayıb
gözlərini yumdu... Qəlbi sızıldayırdı. Dolmuş ürəyi boşalmaq istəyirdi.
Aksananı yaxın sansa da bu məqamda özünü sındırmadı, içindən gələn
hönkürtünü uddu... Göz yaşı bəbəkləri önünə pərdə çəkdi... Kipriklərini
qaldırdıqda isti damlalar yanaqları ilə yuvarlanıb əlinə düşdü. Yox,
özünü saxlaya bilməyəcəkdi... Üzünü Aksanaya tutub əzgin səslə dedi:
-Məni bağışla, başım ağrıdı, uzanmaq istəyirəm.
-Düz eləyirsən. Sənə tez-tez dincəlmək gərəkdir. Yorulanda, kefin
pozulanda , belə məqamlardan sonra həmişə uzan, çalış bir az mürgülə.
Kömək eləyimmi?– deyə Aksana onun qolundan tutmaq istədi.
-Özüm gedərəm, sağ olun,– deyə Aysu gülümsəməyə çalışdı. Amma sifətinə
yalançı gülüş ifadəsi də verə bilmədi. O, məharətli artist deyildi...
Otağına girən kimi qapının cəftəsini vurdu, hönkürtüylə üzüquylu çarpayıya
düşdü... Yuxusu çin çıxmışdı... Gözəl-gözəl obaların, kəndlərin, şəhərlərin
yandırılıb dağıdılmasını, yağmalanmasını, həmvətənlərinin öz ev-eşiyindən
didərgin düşməsini təsəvvürünə gətirdikcə göz yaşları sellənirdi...
Biçarə qız dodaqları altında ağı deyib tək-tənha ağlaşma qurmuşdu...
Səsinə səs verən yoxudu...
Eləmi, mən pərişan,
Halım yoxdu danışam.
Varmı bir mənim kimi,
Dərdi dərdə qarışan?!
Eləmi, olmaz-olmaz,
Qisas da yerdə qalmaz.
Qürrələnmə, ey düşmən,
Bu hayıf səndə qalmaz.
Dilinə gələn bu bayatı azacıq
da olsa ona təskinlik verib sakitləşdirdi, özünü ələ almağa kömək
elədi.
“Bu qan yerdə qalmayacaq, bu hayıf alınacaq!..” deyə pıçıldayan Aysu
göz yaşını sildi, durmağa tənbəllik eləyib qrafindəki suyla dəsmalını
isladıb gözünün üstə qoydu. Əsəbləri bir az sakitləşdi. Özünə təskinlik
verməyə başladı...
“Özünü ələ al, qız!.. Dünyanın axırı deyil, ha!.. Faşistlər bütün
Avropanı tutmuşdular. Axırı nə oldu? Bunların da sonu gələcək. Dünya
hələ bunların faşistliyini tanımır, çox məharətlə maskalanıblar...
Gec-tez maska yırtılacaq... Yox, o maskanın nə vaxt yırtılacağını
gözləmək olmaz... Onu bizlər yırtmalıyıq... Onların qabağını saxlayıb
dərs vermək üçün ordu gərəkdir... Ölümün gözünə dik baxan oğullar
gərəkdir... Yoxsa üç tərəfdən– qərbdən, şimaldan, cənubdan məngənə
kimi sıxıb axırına çıxacaqlar bu dövlətin də, bu xalqın da... İyirminci
ildəki kimi... İndi lap pis olacaq. Onlara torpaq lazımdır. insansız,
altı-üstü zəngin torpaqlar... Siyasi-coğrafi önəmə malik olan müstəqil
Azərbaycan onlara sərf eləmir... Ümid ancaq Heydər Əliyevədir, bir
də Azərbaycan əsgərinə... Atam deyərdi ki, o, çox güclü siyasətçidir.
Siyasətdə şeytanı da suya susuz aparıb, susuz gətirər. Kaş, bu xalqın
oğullarını bir araya gətirib, düşmən üstünə səfərbər edə biləydi...
Xalq bunu gözləyir. Azərbaycan əsgərinə komanda verən gərəkdir”.
Bu düşüncələr içində çarpışan Aysu qələmini götürüb ürəyindəkiləri
kağıza boşaltdı...Növbəti esseni yazdı.
Qoymayın bu xalqı sınmağa!.. Qaraçılaşmağa!..
Ən böyük yoxsulluq yurdsuzluq,
faciələr faciəsi – Vətənsizlikdir, torpaqsızlıqdır, cavan əsgər! Vətəni
düşmənlərə təslim etmişlərin nəsilləri babalarının xətalarını düzəltməyincə,
olmazın əzablara, təhqirlərə düçar olacaqlar.
İndi bütün dünyaya səpələnmiş qaraçıların da bir vaxtlar uzaq Hind-Çində
vətəni varmış. Onlar torpaqlarını qoruya bilməmiş, qonşu düşmən tayfa
ilə savaşda basılmış, qırılanı qırılmış, qalanları vətənlərindən dərbədər
olmuşlar.
Qoymayın xalq qaraçılaşsın! Qoymayın millət sınsın!..
Qoymayın bu məmləkəti parçalayıb xalqı yurdsuzlaşdırsınlar, övladlarını
qaraçılaşdırsınlar, Vətən oğlu!... Biz Azərbaycandan bir addım da
kənara gedə bilmərik. Vətəni, torpağı qoyub getmək ölümdən betərdir...
Yox, bu məğrur xalq qaraçılaşa bilməz! Sınar, əyilməz!...
Səni qaraçı ilə müqayisə etdiyimə görə bağışla məni, xalqım!...
Qələmi yerə qoyub, fikrə daldı.
Ürəyindən qəribə bir duyğu keçdi! Bəlkə bu sözləri naməlum əsgərə
deyil, bətnində gəzdirdiyi körpəyə deyir? Kaş, belə olaydı... Bu savaş
hələ çox çəkəcək, bu xəmir hələ çox su aparacaq. Oğullar doğub böyütmək
lazımdır bu xalqa!
Bircə o məlum gecə təkrar olmayaydı. İvanın birinci hücumunun qarşısını
ala bildi. Amma Aksana bir söz işlətdi: İvan inadkardır, istədiyinə
nail olur... Görəsən, bu ona dərs olmadımı?! Aysu endirəcəkdi bıçağı,
İvana da, özünə də, əgər o irəli yerisəydi... Qız İvanın ona çılpaq
baxmasını, qucaqlayıb öpməsini özünə bağışlaya bilmirdi, onda da ola...
Yox, namusu tapdalandıqdan sonra Aysu yaşaya bilməzdi. İvan bunu dərk
etməlidir...