Bu dünyanın pəncərəsi çox kiçikdir...
Elbəyi beş gün idi ki, rayon
xəstəxanasında təkadamlıq palatada idi. Yerli həkimlər onu böhran
vəziyyətindən çıxarmışdılar. Təhlükə sovuşsa da ona hələ ayağa qalxıb
gəzmək qadağan edilmişdi. Həmişə hərəkətdə olub gəzməyə öyrəşmiş insan
üçün bu, çox ağır idi. İnsan hər şeyə dözür, alışır... Elbəyi o adamlardan
idi ki, darıxmaq nə olduğunu bilmirdi. Boş vaxt tapan kimi yazı-pozu
ilə məşğul olurdu. İndi xəstəxanada onun həmdəmi dəri cildli, içərisi
dolduqca dəyişdirdiyi qalın bloknotu idi... Günün çox hissəsini otaqda
tək qalan Elbəyi tez-tez yarıməsrlik ömür yolunu xatırlayır, olub
keçənləri çək-çevir edirdi... Yenə ürəyi dolmuşdu. Dolan boşalmalıydı...
Yoxsa fəsadlar verə bilərdi... O, hər dəfə qələmini götürüb qəlbindən,
ruhundan süzülən sözləri kağıza tökəndə yüngüllük tapırdı... İndi
də belə etdi...
Bu dünya bir pəncərədir,
Hər gələn baxar gedər...
Mən də gözümü açıb dünyanın pəncərəsindən
baxdıqda, ilk əvvəl doğulduğum ata ocağını, ardınca qonşu evləri,
boylandıqca bütöv kəndimizi, onu dövrələyən dağları, bağları, taxıl
zəmilərini gördüm...
Sonra bölgəmizin digər kəndlərini, lap uca dağlarını, lap böyük bağlarını,
meşələrini, çəmənlərini gördüm...
Sonra bütöv ölkəmi gördüm, dünyaya boylandım...
Gözlərim bu pəncərədən baxa-baxa ayaqlarımı arxasınca aparırdı...
Qədim Babilistandan Baltik dənizinə, Hind-Çindən Afrika səhralarına
qədər çox yerləri gəzdim, dolaşdım. Çox nemətlər daddım, çox gözəlliklər
gördüm o pəncərədən...
Bu dünyanın pəncərəsi çox ecazkar, çox möcüzəli, sirli-laübalı, tilsimlidir...
Baxdıqca baxırsan, doymaq bilmirsən. Ağlım kəsəndən sonra bu pəncərədən
ulduzlarının sayı-hesabı bilinməyən, bəşər övladının heç vaxt sirrini
anlaya bilmədiyi və bilməyəcəyi sirr dolu qaranlıq, əngin göylərə
çox baxmışam, yazılanları oxumuşam. Baxdıqca, oxuduqca heyrətlənmişəm.
Xəyalən belə ora uça bilməmişəm, qorxub yerə enmişəm...
Gözlərimi yumub bu pəncərədən baxıb getmiş, sayı-hesabı bilinməyən,
dünya nədir, heç özünü dərk edə bilməmiş bəşər övladlarından biri
kimi özüm-özümdən sormuşam:
– Mən kiməm, nəyəm? Haradan gəlib, haraya gedirəm? Niyə gəlib, niyə
gedirəm? Gedəcəkdimsə, niyə gəldim? Nədən yarandım, niyə yarandım?
Tanrının mənə verdiyi ağıldan cavab ala bilmədikdə, yenə sirli göylərə,
heç nədən həyat bitirən qara torpağa, hər səmtə axan sulara, haradan
gəldiyi, haraya getdiyi bilinməyən küləklərə üz tutub sormuşam:
– Bəşər övladı sizlərdənmi yaranmışdır?
Əfsuslar ki, hər dəfə o sonsuz göylər lal olmuş, qara torpaq susmuş,
dəli sular səsini içinə çəkmiş, küləklər çaşaraq dayanmış, heç birisi
mənə cavab verməmişdir...
Suallarım cavablanmayan o anlar varlıq, yaşam mənasız görünmüşdü mənə...
Amma qorxaraq hövlnak gözlərimi açıb təkrar bu dünyanın pəncərəsindən
baxdıqda, hər şey dəyişmişdi. Bu tilsimli pəncərə dünyanın gözəlliklərini,
rayihəsini, ləzzətini, dadını gözlərim, qulaqlarım, dodaqlarım vasitəsilə
içimə axıtmış, ruhumu məst etmiş, özünü mənə sevdirmişdir. Mən də
Adəm övladlarından biri kimi Böyük Yaradanın mənim üçün ayırdığı həyatı
biz insanların icad etdiyi zaman ölçüsündə yaşamağa başlamışam...
Sayı-hesabı bilinməyən yaranmışlardan biri kimi, Böyük Yaradanın mənim
varlığımı, şəxsiyyətimi müəyyənləşdirən kodu üzrə beynimə yazılmış
proqramı həyata keçirirəm. Onun birinci bəndi sevgidir. Doğulduğum
torpağa, ata-anama, həyatım boyu məni izləyən o ahu baxışlara, övladıma,
yaxınlarıma, el-obama, millətimə, nəhayət bütün insanlara olan böyük
sevgi... Sonrakı bəndlər – namuslu, vicdanlı, xeyirxah olmaq, yaşayıb
yaşatmaq, iblisin əməllərinə barışmazlıq və s.
Mən o kod və proqramı dəyişə bilmərəm...
Necə ki, şirin və acı meyvə ağacları, şəfalı və zəhərli bitkilər,
dinc və yırtıcı heyvanlar öz yaranışlarını dəyişə bilməzlər... Makedoniyalı
İskəndər, Bilgə Xaqan, Atilla, Nizami Gəncəvi, Şah İsmayıl Xətai,
Şeyx Şamil, Hitler, Stalin və bu kimi böyük şəxsiyyətlər də, istəsəydilər
belə öz xilqətlərini dəyişə bilməzdilər... Çünki Yaradan onları elə
yaratmışdı.
Bu pəncərədən bəşəriyyətin bizə məlum olan sivilizasiya tarixinə nəzər
saldıqda həyatın getdikcə necə təkamülləşməsi çox aydın görünür. Hər
yüzillik, minillik bəşər tarixində öz izini qoyub getmişdir. Miladdan
sonrakı XX yüzillik – beş min illik sivilizasiya tarixi olan bizim
texniki era da yeniliklər və dəyişikliklər əsri oldu.
XX yüzillik sürət əsridir. Min-min illər öncə insanın ən böyük ixtirası
təkər oldu. Neçə min illər sürətli hərəkətin yeganə vasitəsi o təkəri
çəkən məxluq – heyvanlar idi. İnsanlara quruda, suda, havada böyük
sürətlə hərəkət etmək yalnız bu yüzillikdə müyəssər oldu.
XX yüzillik ən böyük kəşflər əsridir. Səsdən sürətlə uçan təyyarələr,
Yerin cazibə qüvvəsini yarıb kosmosa qalxan hava gəmiləri, bəşəriyyətin
məhvinə bais olub, Yer kürəsini məhvərindən çıxara biləcək nüvə silahları,
daha nələr, nələr bu əsrdə ixtira edildi.
XX yüzillik sıçrayışlar əsridir, min illərin ətalətinə son qoydu.
XX yüzillik ən böyük savaşlar, müharibələr əsridir. Ən böyük insan
qırğını bu əsrdə baş verdi.
XX yüzillik millətlərdən hansınasa yüksəliş, hansınasa müsibətlər
əsri oldu.
XX yüzillik qəribəliklər əsridir. Yer üzündə bizim texniki erada sivilizasiyanın
bünövrəsini qoymuş şumerlərin törəmələri ulu türklər... Çin səddindən
Balkanlaradək min illər vuruşa-vuruşa yaşamışdılar. XX əsrdə isə ticarətlə,
tikib qurmaqla məşğul olmağa qərar verdilər... Sırasından neçə peyğəmbər
çıxmış, dünyaya səpələnmiş yəhudilər min illər boyu ticarətlə, sənətkarlıqla
məşğul olmuşdular. XX əsrdə isə silaha sarılıb savaşa başladılar:
min illər sonra yenidən Fələstində yəhudi dövlətini qurdular.
XX yüzillik Ərməniyyədə məskunlaşmış haylara düşərli oldu. Hələ XVII-XVIII
yüzilliklərdə Qafqaza sahib olmaq istəyən I Pyotrla sazişə girmiş
haylar erməni adıyla bir əsr sonra rus ordusunun köməyi ilə İran və
Türkiyədən Qafqaza axışmışdılar... Yalnız XX yüzillikdə burada öz
dövlətlərini yarada bilib artıq iştaha gəlmişlər...
XX yüzillikdə o taylı, bu taylı Azərbaycan xalqı dəfələrlə milli azadlıq
mücadiləsinə qalxdı... Səttarxan, Pişəvəri, Nərimanov amansızcasına
qətlə yetirildilər, müsavatçılar qanlarına qəltan oldular, Məmmədəmin
Vətəndən iraq düşdü... Bu mücadilələrdən ən uzunu və qanlısı beş ildir
davam edir və sonu görünmür...
İndi bizi nə gözləyir? Olum, ya ölüm? Hara gedir bu millət – uçuruma,
yoxsa ucalığa? Bunun aqibətini görə bilmirəm... Bu dünyanın kiçik
pəncərəsi mənim üçün lap kiçilib. İlahi, özün bizim imdadımıza çat!
Qapını döyüb içəri girən tibb bacısı Elbəyinin fikirlərini qırdı.
– Bağışlayın, professor, nahar vaxtıdır. Sizin üçün kənddən dağ keşnişiylə
yarpız dovğası, cücə çığırtması bişirib göndəriblər.
Sonsuz dünyadan kiçik xəstəxana palatasına qayıdan Elbəyi gülümsədi:
– Dovğa bəs eləyər, xanım.
– İştah diş altdadır, professor. Bəlkə ikisini də gətirim? Yeməzsiniz,
apararam.
– Nə deyirəm...
Tibb bacısının köməyi ilə nahar edən Elbəyi dərmanlarını da atdı.
Digər tibb bacısı gəlib iynəsini vurdu.
Elbəyinin canı bərk idi. Söz-sözə gələndə öyünürdü ki, Tyan-Şan dağlarından
tutmuş Şimali Afrika səhralarınadək müxtəlif iqlimlərdə yaşamışdır.
Şimalda qırx dərəcə şaxtaya, Beynənnəhreyndə əlli beş dərəcə istiyə
tab gətirmişdir. Xəstələnib eləyəndə, çox vaxt ayaq üstə keçirərdi,
yüngül müalicə ilə sağalardı. Lakin indi əzaları sözünə baxmırdı.
Xəstəxanada yerli tibb işçilərindən başqa Bakıdan, qonşu rayonlardan
buraya gəlmiş həkimlər də səylə çalışırdılar. Bakıdan xəstəxananın
korluq çəkdiyi dava-dərmanı, tibb avadanlığı və cihazları gətirəcək
növbəti həkim briqadasının yolunu gözləyirdilər. Onun müalicəsi qaydasınca
gedirdisə də dərmanlar zəif təsir göstərirdi. Səbəb həkimlərdən qabaq
onun özünə məlum idi... Gözünün ağı-qarası bircə balasının dərdi fikrindən
çıxmır, atdığı həblərin, vurulan iynələrin təsirini azaldırdı, onu
tez sağalmağa qoymurdu. Aysu onun həyatının mənası idi. Onsuz Elbəyi
yaşaya bilməzdi. O, çox şeyi balasına qurban vermişdi, indi də quru
canını verməyə hazır idi...
Gerçəkdən, Aysu Elbəyinin həyatının mənası idi. Tanrı ona tək bircə
övlad vermişdi. Qönçə tez-tez xəstələndiyi üçün çox vaxt uşağa Elbəyi
özü baxırdı. Balacalıqdan mehrini atasına salan Aysu xasiyyətcə də
ona oxşayırdı. Qız anasından yalnız evdarlığı götürmüşdü. Aysu Qönçəni
bir ana kimi istəyirdi, amma başqa qızlar kimi anası onun sirdaşı
deyildi, onunla fikirlərini bölüşə bilmirdi.
Qönçə Elbəyi üçün də ürək sirdaşı ola bilmədi. Doğrudur, Qönçə Elbəyini
çox sevirdi, indi də sevir. Amma xasiyyətcə onlar başqa-başqa adamlar
idilər. Evlənməmişdən qabaq Qönçə Elbəyinin bir sözünü iki eləməzdi.
Elbəyinin rəyi, fikri onun üçün qanun idi. Əslində çox təmiz, vəfalı
olan Qönçə sadəlövh, çox dərin fikirləşməyən bir qız idi. O, Elbəyini
dünyalar qədər istəyirdi. Elbəyi onun üçün birinci və axırıncı kişi
idi. Ona görə də Elbəyini xaricdə işləmək üçün nazirliyə çağıranda,
ondan evlənmək üçün nişanlısı olub-olmamasını soruşanda fikrində iki
nəfəri tutub “var” demişdi. Onlardan biri Qönçə idi, Elbəyiyə vurulmuş,
bütün varlığı ilə sevgisinə qovuşmağa çalışan Qönçə... Amma Elbəyinin
heç ağlına gəlməzdi ki, ərə getdikdən, uşaq doğduqdan sonra Qönçə
belə dəyişəcək, getdikcə daha çox bədxasiyyətli anasının təsirinə
düşəcəkdir. Evləndikdən sonra Elbəyi peşman olmuşdu, tələsdiyinə,
“anasına baxıb qızını al” xalq öyüdünə qulaq asmadığına görə...
Əslində o tələsməyə məcbur olmuşdu. Təhsilini başa vurduqdan sonra
institutda laborant işləyirdi, özünü güclə dolandırırdı. Belə bir
vaxtda ona Ərəbistanda işləmək təklif olunmuşdu. Qarşısında kasıblığın
daşını atmaq imkanı açılırdı. Belə fürsəti əldən vermək olmazdı...
Elbəyiyə uzaq ölkələrdə ona həyan ola biləcək, çətinliklərə dözəcək
həlim xasiyyətli həyat yoldaşı gərək idi. Bunun üçün Qönçəni seçdi.
Amma Qönçə ona arxa ola bilmədi. Uzaq ölkələrdə düşdükləri vəziyyətlə
bağlı Elbəyiyə kömək əvəzinə, öz dedi-qodu söhbətləri, giley-güzarı
ilə başağrısı yaradırdı... Elbəyi hər şeyi – keçmişini də, gələcəyini
də yeni doğulmuş qızına qurban verməli oldu... Elə bil o, Qönçəsinin
yarısını itirdi, əvəzində bütöv Aysunu tapdı. Sonralar Elbəyi Qönçəni
bağışladı, doğuşdan sonra onda əmələ gəlmiş şəxsiyyət dəyişməsi, onu
bir qədər xatircəmləşdirdi. Düşündü ki, bu, gendən gələn, zahılıq
dövrünə xas keçəri bir sarpıntıdır. Buna baxmayaraq, ikinci uşağı
dünyaya gətirməyə cürət etmədilər... Hərəsinin öz arqumenti vardı.
Onun ilk sevgisi isə illərin arxasında qalmış əlçatmaz, uzaq bir xəyala
çevrilirdi... Evlənməyə qərar verdikdən sonra Elbəyiyə elə gəlirdi
ki, ilk sevgisini unudacaqdır. Belə olmadı, unutmağı bacarmadı. Bu
sevgi ilə bağlı bütün məqamlar xırda təfərrüatları ilə onun yaddaşında
elə həkk olunmuşdu ki, o xatirələri heç nə poza bilməmişdi...
Elbəyi ilk dəfə onu onuncu sinifdə oxuyarkən görmüşdü. Saracda toy
idi. Adət üzrə, Qozludərənin bütün kəndlərinin camaatı toya dəvət
edilmişdi. Böyük qardaşı evdə olmadığından Elbəyi birinci kərə kişilər
cərgəsinə qoşulmuşdu. Gözəgəlimli olduğu üçün yeniyetmə qızlar gözlərini
ondan çəkmirdilər. Elbəyininsə diqqətini çəkən – qızların ortasında
şahzadə kimi oturmuş, nərmənazik, qoşa hörüklü, yanağı xallı, məğrur
baxışlı qızın bir cüt qara gözü oldu. Bu gözlərdən süzülən gözəgörünməz
ilahi bir axıntı Elbəyinin içinə axdı, bircə anda ruhuna yayılıb onu
məst etdi. Yaxşı ki, qız baxışlarını tez çəkdi, yoxsa, Allah bilir,
nə olacaqdı... O zaman ona elə gəlirdi... Bundan sonra toy məclisi,
çalınan musiqi, edilən söhbətlər, ətrafındakı insanlar onun nəzərində
dumanlaşdı. Ancaq onu görürdü. Özündən asılı olmayaraq necə otururdusa,
kimlə söhbət edirdisə boynu o qız oturan tərəfə çönürdü. O isə rəfiqələrinin
altdan-altdan süzdüyü oğlanı sehrə salmasından məmnun idi. Elbəyi
bunu arabir qızın baxışları ilə ona xoş təbəssüm əta eləməsindən duyurdu...
Həmin toyda Elbəyi qızla da, atası ilə də tanış oldu. Daha doğrusu,
birinci kərə gördüyü qızın atası, hamının ehtiramla “Dəmir müəllim”
adlandırdığı 45-50 yaşlı kişi onu yanına çağırıb soruşmuşdu:
– A bala, sən rəhmətlik Fərhadın oğlu deyilsən ki?
– Bəli, – deyə Elbəyi doluxsunmuş halda cavab vermiş, adını söyləmişdi.
Elbəyi atasını görməmişdi. 1941-ci ilin yayında atası İkinci Dünya
Savaşına gedəndə, anası boyluymuş. Atasının adı çəkiləndə həmişə doluxsunurdu.
– Torpağın sanı yaşayasan, gör necə də oxşayırsan?! – deyə bu dəfə
kişi kövrəldi. – Mənim adım Dəmirdir, atanla bu dağlarda qoyun-quzu
otarmışıq, süpürləşmişik, sonra pedməktəbdə birgə oxuyub müəllim olduq.
Eh, fani dünya!..
Atasının dostu ilə bərabər Elbəyi də bərk təsirləndi.
– Papa, evə nə zaman gedəjəyik?
Başını qovzayıb arxadan gələn səs sahibinə baxdıqda Elbəyinin dizləri
titrədi, amma bilmədi bu həyəcandandır, yoxsa sevincdən... Elbəyini
sehrə salmış qızın atası onun atasının dostu çıxmışdı.... Bayaq ona
həddi-büluğa çatmış təsiri bağışlayan qız atasına sığınarkən uşağa
çevrilmişdi.
– Necə bəyəm, qızım? Toy xoşuna gəlmir?
– Xoşuma gəlir. Elə-belə bilmək istəyirəm, görüm, nə vaxt geri dönəjəyik?
Lap sonralar onların ikisinin də saçları çallaşanda Elbəyi biləcəkdi
ki, qızı nə vaxt evə dönəcəkləri yox, Elbəyinin kimliyi maraqlandırırmış...
– Sabah tezdən gedəjəyik, – deyə qızının saçını sığallayan Dəmir müəllim
başı ilə Elbəyini göstərib səsi titrəyə-titrəyə demişdi: – Hə, tanış
ol, qızım, mənim uşaqlıq və gənclik dostumun oğludur. Birinci kərədir
görürəm. Gör rəhmətliyə nejə də oxşuyur... Elə bil Fərhaddır, durub
qarşımda...
– Elnarə, – deyə sifətində sehrkar təbəssüm oynayan qız əlini ehtiyatla
uzadıb, ona əl vermişdi. Elbəyinin barmaqlarını sanki elektrik məftilinə
qoşmuşdular. Əvvəl-əvvəl onun səsi çıxmamışdı, sonra isə güc-bəla
ilə “Elbəyi”, deyə bilmişdi.
Dəmir müəllim indi rayon mərkəzində yaşayırdı, şəhərdə ev-eşiyi vardı,
kəndə xeyir-şərdə gələrdi. O, əvvəllər müəllimlik etmiş, sonralar
müxtəlif rəhbər vəzifələrdə işləmişdi...
Elbəyi Elnarə ilə belə tanış olmuşdu. Həmin gündən sonra Elbəyinin
fikri-zikri Elnarə idi. Yadındadır, Elnarənin kəndə növbəti gəlişindən
xəbər tutan Elbəyi üç-dörd kilometrlikdəki Saraclı sinif yoldaşının
yanına cummuşdu, Dəmir müəllimgilin dədə-baba evlərinin qarşısındakı
meydanda voleybol oynamağa başlamışdılar. Onu görən Elnarə də qızlarla
həyətə çıxmış, oyuna qatılmışdı. Bu xoşbəxtlik yarımca saat çəkmişdi.
Anası Elnarəni çağırmışdı. Onun qızı danlamasını Elbəyi eşitmişdi:
“Eliş, sən daha böyük qızsan, kənd yerində oğlan xeylağı ilə top oynamaq
ayıb sayılır”... Sonralar o, Elnarə ilə rayon mərkəzində “təsadüfən”,
“yol keçəndə” ani görüşüb hal-əhval tuturdu. Həmin ilin yazağzı o,
tezdən təzə-təzə açılan bənövşələrdən dəstə bağlayıb avtobusla rayon
mərkəzinə getmişdi. Yenə “təsadüfən” görüşmək üçün ürəyi döyünə-döyünə
Elnarənin yolu üstə onun dərsdən çıxmasını gözləmişdi. Elnarə isə
gəlməmişdi. Elbəyi gün batanadək onların evinin həndəvərində hərlənmişdi,
müqəddəs ocaq kimi neçə dəfə evin başına dolanmışdı. Amma Elnarəni
görə bilməmişdi...
Bəlkə də Dəmir müəllimlə görüşmək adı ilə onların evinə getsəydi,
Elbəyini yaxşı qarşılayardılar, bu gəlişdən məmnun qalardılar. Amma
o yaşında elə utancaq idi ki, bunu ağlına sığışdırmırdı.
Tələbəlik illərində ara-sıra görüşürdülər. Hər dəfə də Elbəyi özünə
söz verirdi ki, ürəyini Elnarəyə açacaq. Lakin başqaları ilə bülbül
kimi ötən Elbəyi onu görəndə ağzı bağlanır, dili topuq vururdu. Hətta
bir dəfə özündə cürət tapıb onu şəhərə gəzməyə dəvət etmişdi. Elnarə
isə dərsinin çox olmasını səbəb gətirmiş, bura gəzməyə yox, oxumağa
gəldiyini söyləmişdi. Şəhərə gələndən sonra Elnarə onunla soyuq davranırdı...
Bəzən yerli-yersiz sancırdı. Onu qrup yoldaşları ilə deyib gülən görən
Elbəyi bu nəticəyə gəlmişdi ki, Elnarə şəhərdə daha maraqlı, zəngin
ailədən olan gəncləri görəndən sonra ona münasibəti dəyişibdir. Bir
dəfə Elbəyi rayonda Elnarə ilə bir sinifdə oxumuş, şəhərdə kölgətəki
arxasınca sürünən Hüsəni küçədə onun yolunu kəsən gördü... Elnarənin
Hüsənlə mehriban, təbəssümlə görüşməsi Elbəyiyə təsir elədi... Heç
bilmədi yataqxanaya necə gəldi. Üzüquylu çarpayıya düşüb axşamadək
ac-susuz qaldı... Sonra Elnarənin şəklini çıxardı, gözlərini kəsib
həmişə döş cibində gəzdirdiyi pul kisəsinin kiçik cibinə qoydu. Xeyli
müddət onu ürəyinin başında gəzdirsə də, özünə söz verdi ki, ilk sevdiyi
ilə yox, onu sevənlə evlənəcək...” Onu sevməyən, naz-nemətlə böyümüş
bu ərköyün qızla onunku tutmaz!...” Elbəyi sözünə əməl elədi, daha
Elnarəni izləmədi. İki ildən sonra bir dəfə təsadüfən məclisdə görüşəndə
Elnarə titrək səslə ona söz atmışdı ki, “daha gəlib dost-tanışa salam
vermirsən”. Elbəyi isə onun pərişanlıq ifadə edən gözlərinə bircə
anlığa nəzər salıb baxışlarını yayındırmışdı. Qorxmuşdu ki, baxsa
yenidən əfsunlanacaq, sözünə naxələf çıxacaqdır. Elbəyi özündə güc
toplayıb vaxtilə qızın dediyi sözləri təkrarlamışdı, “Dərslərim çoxdur,
vaxt tapa bilmirəm”.
Bir də toyundan bir il sonra Elnarə ilə görüşmüşdü. Ona kiçik vəzifə
tutduğu Şərqşünaslıq İnstitutundan yaxşı xasiyyətnamə vermişdilər,
Misirə işləməyə göndərmişdilər. Orada hərbi tərcüməçi işləmiş tələbə
yoldaşı müharibədə həlak olmuşdu. Elbəyi onu əvəz etməyə gedirdi.
Amma bunu hamıdan gizlədirdi. Evə gəlmişdi ki, ailəsi ilə görüşsün,
Qozludərədəki dost-tanışla vidalaşsın. Artıq rayon mərkəzində həkim
işləyən Elnarə ilə də xudafizləşməyi qərara almışdı... Onun qəbuluna
girəndə Elnarə həmişəkitək diksinən kimi olmuşdu, gülümsəsə də gözlərində
bir pərişanlıq vardı:
– Ah, yenə sənsən...
– Mənəm...
– Niyə gəlmisən? Xəstəsən?
– İllər xəstəsiyəm, yaram qan verir. Amma o qan içimə axır, kimsə
görmür.
– Allaha şükür, artıq dilin açılıb.
– Mən dilçiyəm. Açılan dilim yox, sənin əfsunundu.
– Noolsun, dilin də açıldı, əfsunun da. Amma əl-ayağın bağlandı.
– Qızlar üçün əsas dildir. Onlar komplimentləri, şirin, yağlı dil
tökənləri xoşlayırlar. Mən əl-ayağımda, üstəlik boğazımda da zəncirli
qandal qul kimi qarşında durdum. Sən istəmədin məni... saxlayasan...
– Yox, özün istəmədin. Sənin böyür-başında fırlananlar, sənə kəmənd
atanlar çox idi...
– Sənsə mənə şans vermədin. Çox məğrur idin...
– Hara tələsirdin? Qız elə məğrur olar də!.. Mən heç vaxt bəziləri
kimi oğlan arxasınca sürünməmişəm. Məni hələ heç kim sındıra bilməyib,
bundan sonra da... Qızlar 16-18 yaşlarında ikən sevdiklərinə aldanmasalar,
sonra çətin aldanarlar.
O, “... oğlan arxasınca sürünməmişəm”, deyəndə Qönçəyə eyham vururdu...
– Yaxşı, de görüm, niyə gəlmisən, xeyirdirmi?
– Tezliklə uzaqlara yola düşürəm, bəlkə də gedər-gəlməzə...
– Anlamadım.
– Misirə hərbi tərcüməçi göndərirlər. Orada döyüş mövqeyində tərcümə
vaxtı İsrail təyyarəsindən atılan raket qəlpələrindən həlak olmuş
tələbə yoldaşımı əvəz edəcəyəm. Gəlmişəm səninlə də xudafizləşim.
Ölüm-itim dünyasıdır, bilmək olmur... Gəldim, neçə illərdir ürəyimdə
gəzdirdiyim sözləri sənə açım, yüngülləşim.
Onlar hər şeyi unudub düz iki saat səkkiz illik tarixçələrindən danışmışdılar...
Sonda gözləri dolmuş Elnarənin sözü bu olmuşdu:
– Özündən muğayat ol, yolunu gözləyirik...
Elbəyi Bakıya dörd ildən sonra qayıda bilmişdi. Elnarə ilə küçədə
bu dəfə də təsadüfən qarşılaşmışdılar. Qız yenə özünü itirən kimi
olmuşdu, Demə, Elbəyinin qayıtmağından xəbəri varımış. O zaman qarşılarına
çıxan qadın Elnarəyə nişanlanması münasibəti ilə gözaydınlığı vermişdi.
Elə oradaca Elbəyinin içindəki son ümidi də qırılmışdı. Daxilindəki
duyğuları büruzə verməyib soruşmuşdu:
– Deyəsən ərə gedirsən...
– Ərə getmək xatirinə gedirəm. Artıq iyirmi doqquzun içindəyəm. Adamın
adına söz qoşurlar. Eh, ən gözəl duyğular qaldı Qozludərədə, çinarın
altında...
Keşkə, o zaman Elbəyi bu sözlərin cavabında Aşıq Ələsgərin könülsüz
izdivaca xitabən yazdığı “alan da yazıq, gedən də yazıq!..” misrasını
söyləyəydi. Elnarəni inandıraydı ki, bu könülsüz addımı atma, gecə-gündüz
xəyalımda sənsən... Uzaq diyarda muzeyləri, supermarketləri, bazarları
gəzəndə ən gözəl paltarları, bahalı ziynət əşyalarını görəndə, təmtəraqlı
restoranlarda əyləşəndə həmişə səni düşünmüşəm... Demişəm, kaş burda
olaydı, gəzdirəydim onu, alaydım könlündən keçənləri... Elbəyi illərlə
ürəyində gəzdirdiyi bu sözləri ona desəydi, öz həyatında da, Elnarənin
həyatında da dönüş etmiş olardı... (Bunu o çox sonralar biləcəkdi...)
İstəmişdi desin, hətta ayaqlarına düşsün ki, bu könülsüz tikəni yemə...
Ancaq deyə bilməmişdi... Sözlər boğazına tıxcanmışdı... Daha doğrusu,
beyninin hansı nöqtəsindənsə göndərilən siqnal ürəyindən gələn sözlərin
qarşısını kəsmişdi... Çünki o sözlərin arxasınca gərək deyəydi: bu
gündən mən səninləyəm. Necə çalsan, eləcə də oynayacağam... Hər şeyi
sənə, sevgimə qurban verirəm...
Ancaq deməmişdi... Ortada Aysu vardı... Elbəyinin böyük sevgisi sanki
ikiyə bölünmüşdü... İlk məhəbbət və bala sevgisi... O, bunların arasında
qalmışdı... Görünür, övlad sevgisi, atalıq duyğuları üstün gəlmişdi...
Qapının ehtiyatla açılması, çox maraqlı bir filmə baxırmış kimi onu
öz dünyasından ayırdı, bu günə qaytardı... Növbətçi həkimlə içəri
girən Toğrul salamlaşıb, çarpayıya yaxınlaşdı, onun əlini öpüb hal-əhval
tutdu:
– Necəsən, ata?
– Babatam. Bir xəbər varmı?
– Var.
– Ay səni xeyir xəbər olasan, – deyən Elbəyi sevindiyindən xəstəliyini
unudaraq qalxıb oturmaq istədi. Həkim cəld əlini onun sinəsinə qoyub
amiranə səslə dedi:
– Yox, professor, biz axı belə danışmamışdıq? Qalxmaq hələ tezdir...
Bir az da döz.
– Hə, di dillən görək!.. – deyə Elbəyi tələskənliklə soruşdu.
Həkim Toğrulun duruxmasından başa düşdü ki, bunların məxfi söhbəti
var. Odur ki, üzr istəyib palatadan çıxdı.
Toğrul bu gün aldığı məlumatı təfsilatı ilə danışdı... Bu xəbər dərdlər
dərmanı olan həb atmış kimi bircə anda xəstəyə öz təsirini göstərdi,
onun əhval-ruhiyyəsini dəyişdirdi. Bu sözlər sanki möcüzəli bir cərəyana
çevrilib, onun ürəyindən tutmuş ayağının ucunadək yayıldı, bütün bədən
üzvlərindəki ağırlığı götürdü... Balası sağ idi... Özü də ermənilərin
əlində deyildi...
Dərindən nəfəs alan Elbəyi dodaqlarının altında dua eləyib sakit səslə
dedi:
– Allaha çox şükür... Yaxşı, indi planın nədir?
– O rus zabitinin kimliyini öyrənməkdən başlamaq lazımdır.
– Sonra?
– Onun kim olduğunu, ailəsinin harada yaşadığını bildikdən sonra sifariş
göndərəcəyəm ki, qızın başından bir tük əskik olsa, burada ailən əlimizdə
girovdur.
– Bəs bunları necə öyrənəcəksən? Moskvadakı köhnə tanış-tunuşlarınla
əlaqən davam eləyirmi?
– Bəziləri ilə hərdən zəngləşirik. Belə şeydə çeçen dostlar pərgardılar.
– Hə, bu heç mənim ağlıma gəlməmişdi. Axı sənin orda dostların var...
– Dost deyəndə, onların içərilərində vətənpərvər, mərd oğlanlar çoxdur.
Amma dələduzlar, ipə-sapa yatmayanlar da az deyil... Bu, mənim son
variantımdır.
Qapını döyərək içəri girən totuq tibb bacısı salam verdi, əlindəki
kiçik aparatı, dəmir qutunu stolun üstünə qoyaraq üzünü xəstəyə tutdu:
– Professor, Bakıdan yeni həkimlər gəlib, içərilərində kardioloq da
var. Mənə tapşırdılar ki, sizi həkimin qəbuluna hazırlayım.
Elbəyi əlini Toğrula uzadıb xudafizləşdi:
– Yaxşı, sən get, vaxt itirmə. Məndən nigaran olmayın. Burada yaxşı
baxırlar. Ayağa durmağa icazə verən kimi gələjəm. Təzə xəbər olsa,
mənə də çatdırın.
Toğrul onun əlini sıxaraq dedi:
– Çox fikir eləmə, ata! Özündən muğayat ol, dərdimizin üstünə dərd
gətirmə...
Toğrul çıxdıqdan sonra tibb bacısı Elbəyinin qan təzyiqini ölçdü,
elektrokardioqrammasını çıxardı. Nəbzini tutub ürək döyüntülərini
saymağa başladı. Bu zaman o, professorun qəmli gözlərinə baxsaydı,
orada qəfil parlayaraq sifətini nura qərq eləyən bir işartının necə
acı təbəssümə çevrilərək dodaqlarında söndüyünü sezərdi... Sezibən
təəccüblənər, çox güman ki, onun ad-sanına uyuşmayan bu hərəkətini
ürəyində qınayardı... Bu yerlərin qızları mehriban olduqları qədər
də ciddidirlər. Kişilərlə danışanda, bir qayda olaraq, baxışlarını
gizlədirlər. Burada nənələr, analar qızlarına belə öyüd verirlər:
“Qız xeylağı kişilərin gözünə dik baxmaz!..” Təbii, xəstənin gözlərində
parlayıb keçən bu işartının övladı yerində olan bu gənc qıza aidiyyatı
yox idi. Sadəcə, bu nəbztutma əməliyyatı Elbəyiyə unudulmaz bir səhnəni
xatırlatmışdı...
...Qozludərədə ilk tanışlıqdan sonra ikinci kərə Elnarənin əli Elbəyinin
əlinə bir də ömrü yarı etdikdən sonra dəymişdi. Bu da aşiq-məşuq kimi
yox, xəstə-həkim kimi... Ürəyini yoxlatdırmaq istəyən Elbəyi baş həkim
işləyən tanışının yanına getmişdi. O da izafi hörmətini göstərmək
üçün üç-dörd həkimi kabinetinə çağırmışdı. Elbəyi onların arasında
Elnarəni gördükdə, özünü güclə ələ alıb hal-əhval tutmuşdu. Bunu görən
baş həkim zarafatla: “Professor, özün Elnarə doktoru tanıyırdınsa,
mənə niyə ağız açırdın?..” demişdi. Elbəyi də o tonda cavab vermişdi:
“Bilsəydim ki, o, burada işləyir, heç sənin minnətini götürərdimmi?”
Sonra Elnarənin kabinetinə getmişdilər. İlk əvvəl o, Elbəyinin nəbzini
tutmuşdu... Sonra kardioqrammaya baxaraq, qaşlarını çatıb demişdi:
“Bu necə ürəkdir? Kardioqramman normaldır, amma nəbzin vurur kəlləçarxa...”
Məsələni anlayan Elbəyi otağın küncündə qurdalanan tibb bacısına işarə
eləyərək pıçıldamışdı:
“Doktor, bu işi həvalə eləyin o qıza. Siz əlimdən tutanda nəbz bir
yana, bütün bədənim uçunur...”
Sifəti allanan Elnarə: “Sən o duyğuları torpağa gömmədinmi?” deyərək
köməkçisini çağırmışdı.
“Gömdüm. Çöl çiçəklərindən hördüyüm məhəbbət çələngini torpağa basdırdım...
Amma o çələngdən yeni çiçəklər cücərib baş qaldırdı...”
Elbəyinin bu sözləri Elnarəni həm məst eləmişdi, həm də kövrəltmişdi.
Sonra görüşdülər. Elbəyi bir müddət keçmişdə arzuladığı gələcəklə
yaşadı... Bu qısa müddətdə ona qədər görmədiyi, ondan sonra görməyəcəyi
sevgi meyvəsini daddı... Tale ilk sevgisinin dadını, neçə illərdən
sonra olsa da, ona dadızdırdı... Amma dadızdırsa da umsuq qoydu...
Qoymadı doyunca içsin o sevgini... Bilmirdi, buna görə taleyindən
şikayətlənsin, yoxsa şükr-səna etsin ki, onu nakam qoymadı... Əslinə
qalsa, o sevgidən çətin doymaq olardı.
Onlar ikisi də məst olaraq hər şeyi unutmuşdular. Onların qovuşması
üçün Elnarə tərəfdən maneçilik yox idi... O, ərə getdikdən bir il
keçməmiş ayrılmışdı, həyatını ürəkdən bağlandığı öz işinə, peşəsinə
həsr eləmişdi. Elbəyi də hər şeyə hazır idi. Qohumların, dostların
rəyi, qınağı, Qönçənin hay-küyü vecinə deyildi. Bu çəpəri adlamışdı...
Yalnız Aysunu fikirləşəndə sustalır, qolları yanına düşürdü... Bəlkə
də onun bu duyğuları çox həssas olan Elnarəni ayıltmış, “Gecdir. Çox
ağıllı, gözəl, istedadlı qızın var. Biz bu addımı atsaq onun həyatı
korlanacaq”, deyə o geri çəkilmişdi...
...Qapının açılması Elbəyini xəyaldan ayırdı. Tibb bacısı işini çoxdan
qurtarmışdı. Dəhlizdə bir dəstə ağxalatlı həkim göründü.
– Buraya ancaq kardioloq gərəkdir. Elnarə xanım, siz palata həkimi
ilə keçin içəri, bizsə o biri palataya gedək, – deyə baş həkim kardioloqu
içəri dəvət etdi.
Düz otuz beş il idi Elbəyi hər dəfə bu adı eşidəndə bütün sinirləri
tarımlanır, ürəyindən nakam bir sızıltı keçirdi. Bu söz ona həm sevinc,
həm kədər gətirirdi... İndi də “Elnarə” sözünü eşidəndə diksindi...
Başını qaldırıb ona sarı gələn həkimə baxdı. O idi, özü idi... Sustalan
Elbəyinin başı yastığa düşdü...