Toğrulun Aysu harayı
Səksəkə içində yatmış Toğrulu
xoruzun səhər banı oyatdı. Hava işıqlaşırdı. O, nə yatmaq, nə də yerindən
qalxmaq istəyirdi. Gözünü tavana zilləyərək fikir dəryasına cummuşdu...
29 illik ömrünün ən ağır günlərini yaşayırdı. O, son doqquz ildə həyatın
hər üzünü görmüşdü. Ölüm bir neçə dəfə onun burnunun ucundan, qulağının
dibindən vıyıltıyla keçib getmişdi. İyirmi yaşında Əfqanıstan müharibəsi,
89-cu ildən bəri Qarabağ savaşı... İkisi də bir-birinə bənzəyirdi,
həm haqsızlığına, həm də amansızlığına, qəddarlığına görə...
Elbəyi müəllimi ölümün pəncəsindən ala bildilər. Yaxşı ki, Bakıdan
və ətraf kəndlərdən həkimlər köməyə gəlmişdilər. İlk yardımı Toğrulun
dədə-baba yurdu olan Balyatdan Yusif həkim göstərdi, onu öz rayonlarının
xəstəxanasına apardı. Orada nisbətən təhlükəsiz idi, həm də Bakıdan
cəbhə bölgəsinə gəlmiş təcrübəli həkimlər çalışırdılar. Görünür, Elbəyi
müəllimin savab əməlləri çoxmuş: Böyük Yaradan beş gün ərzində iki
dəfə onu ölümdən qurtardı... Bir dəfə erməni gülləsindən, ikinci dəfə
infarktın birinci həmləsindən... Bu ürəktutması da qəfil güllə kimi
bir şeydir: insan bilmir ki, harada və haçan onun üstünə atılacaq...
Əfqanıstanda keçirdiyi birillik cəhənnəm əzablarından sonra Toğrula
elə gəlmişdi ki, xarakterindəki romantiklik, sentimentallıq, xəyalpərəstlik
kimi duyğularını qanla suvarılan, top və raket mərmiləri, kalaşnikov
güllələri ilə “əkilən” o torpaqda basdırmışdır... O qanlı savaşlarda
kimisi əl-ayağını itirib sağ qalmışdı... Toğrulsa şairanə duyğularını
qurban verərək cismini xilas etmişdi... Lakin həyat öz axarına düşdükdən,
o ağrı-acılar canından çıxdıqdan, ələlxüsus bir şüşə arağı bir insan
həyatından baha qiymətləndirən hərbçilərdən uzaqlaşdıqdan sonra anladı
ki, səhv eləyir... İyirmi ildə varlığına hakim kəsilmiş kövrək duyğular
onun ruhunu tərk etməmiş, müharibənin od-alovu onları yandırıb tüstüyə
çevirə bilməmişdi... Sadəcə soyuqqanlılıq, laqeydlik, dözümlülük,
“ölüm-qalım” hallarından necə olursa-olsun canını qurtarıb sağ qalmaq
hissləri onun romantikliyini, sentimentallığını arxa plana keçirmişdi...
İyirmi yaşlı dördüncü kurs tələbəsi üçün bütün bunlar ölüm-dirim imtahanı
oldu... Amma ha çək-çevirə salsa da müəyyən edə bilmirdi: Əfqan müharibəsində
hərbi tərcüməçi kimi iştirak etdiyi bir il onu irəli aparmış, yoxsa
geri salmışdır... Orada nəyi itirmiş, nəyi qazanmışdır... Bakıya,
doğma universitetə döndükdən bir müddət sonra qəlbinin dərinliklərində
gizlənmiş o şairanə duyğular yenidən baş qaldırmışdı. Universiteti
bitirdikdən sonra Moskvada ikiillik əks-kəşfiyyat kurslarında oxuyanda,
burada Yelena ilə həyatını birləşdirəndən sonra da o kövrək duyğulardan
uzaqlaşa bilməmişdi. Bu kövrək duyğular onu karyera eləməkdən, vəzifə
pilləsi ilə sürətlə yüksəlməkdən saxlamışdı.
...Aysu ilə münasibətləri soyuduqdan sonra Toğrul qət etmişdi ki,
istər Bakıda, istərsə də Moskvadakı kolleqaları kimi praqmatik olsun,
qızlarla münasibətdə daşqəlblilik göstərsin, həmişə əhval-ruhiyyəsini
yaxşı saxlasın... Qarşıya qoyduğu məqsədə doğru irəliləyən müasir,
işgüzar, çevik bir adam olsun... O, içindəki şairanəliyi boğub məhv
etmək istəyirdi. Ən acığı gələn ifadə “biz şair xalqıq” sözləri idi.
Ürək qızdırdığı yaxınlarına deyərdi: Hanı bizim generallarımız, iqtisadçılarımız,
diplomatlarımız?.. Onları barmaqla saymaq olar... Çünki uşaqlarımızın
əksəriyyəti orta məktəb partasından gələcəkdə şair, müğənni, yaxud
raykom işçisi və ya prokuror olmağı düşünür... Sonralar o başa düşmüşdü
ki, “sovetlər ailəsində” neft çıxarmaq, pambıq becərmək rolu ayrılmış
azərbaycanlılara ancaq çalmaq, oynamaq, oxumaq məsələlərində sərbəstlik
verilmişdi... Hərb, siyasət, iqtisadiyyat məsələləri ilə yalnız və
yalnız Moskva özü məşğul olurdu. Bu sahələrdə çalışıb yüksəlmək üçün
gərək moskvalıya çevriləsən. Bunun da bircə asan yolu vardı... Universitetdə
Azərbaycan tarixindən dərs deyən qocaman müəllimi yarızarafat, yarıciddi
deyərdi: “Onsuz da bilirəm, çoxunuz vəzifə tutmaq üçün ağ kələmə bənzər
rus qızlarının qoynuna girəcəksiniz”...
İş elə gətirdi ki, o, öz taleyini bir neçə müddətə müəlliminin dediyi
kimi “ağappaq” qızla bağladı. Onu bu izdivaca itələyənsə yalnız kövrək
duyğuları oldu. İldırım sürətli karyera eləmək–yaxşı vəzifə qazanmaq
üçün qarşısında açılmış qapını da öz əlləri ilə bağladı...
Moskvada oxuyarkən Yelena, onun rəfiqəsi Olya ilə gəzib əylənirdilər.
Toğrul heç gözləmədiyi halda Olya ona vuruldu. Kremldə yaxşı vəzifə
tutmuş, bircə ilin içində Toğrulu ev-eşik və məqam sahibi eləyə biləcək
atası olan Olya onu qarabaqara izləyirdi. İki rəfiqə onun uğrunda
açıq, gizli rəqabət aparıb çarpışırdı. Yelenanın göz yaşları, sınaqdan
keçmiş vəfalılığı, ən əsası Əfqanıstan xatirələri qalib gəldi... Yelena
ilə yaşadığı o cəhənnəm əzabı, od-alov, mərmilərin ölüm, qan qoxuyan
səsi Moskvada hər ikisinin kövrək yaddaşına çevrilmişdi...
Yelena onu əsl məhəbbətlə sevirdi. Toğruldan fərqli olaraq, onu Əfqanıstana
romantika aparmışdı. Oraya “Vətənpərvər komsomolçu” kimi getmiş gələcək
həkim Yelena tamam başqa adam olub qayıtmışdı. Bir çox sovet-rus zabitlərinin
qeyri-insani hərəkətləri onun qəlbində pozulmaz izlər buraxmışdı.
Qırx yaşını qeyd eləyən sərxoş zabitin əmriylə gecəyarısı dinc əhalisi
yuxuda olan kəndə toplardan qırx dəfə atəş açılmasını o, qəzetə də
yazmışdı... Yelena təhlükəsiz, yaxşı şərait yaradılmış mənzil-qərargahda
generalın geterasına çevrilmək istəmədiyi üçün onun qəzəbinə tuş gələrək
döyüş xəttinə göndərilmişdi... Burada da fars dili tərcüməçisi leytenant
Toğrulla tanış olmuşdu. Bu iki həmyaş komsomolçu bir-birilərini neçə
kərə havayı ölümdən qorumuşdular... Toğrulun vəzifəyə, pula uymayaraq
Olyanı yox, onu seçməsini Yelena yüksək dəyərləndirirdi... Yelena
göz yaşlarını uda-uda Toğrulu qucaqlayıb demişdi: “Ömrüm boyu sənə
borcluyam... Xəyanətkar rəfiqəmin yanında məni sındırmadın...”
Haradasa oxumuşdu: sevgi ilə səni sevənin halına acımağın, yazığı
gəlib rəhm etməyin arasında bircə addım var... Aysudan əlini üzən
Toğrul o zaman hissə qapılaraq “İlk oxum daşa dəydi. Mən Aysu qədər
kimsəni sevə bilmərəm. Qoy heç olmasa ilk sevgisi mən olduğum bu biçarə
qızı xoşbəxt eləyim...” deyərək qərarını vermişdi...
Lakin o özü ilk sevgisini unuda bilmirdi... Bəzən yuxuda Aysunu görüb
Yelenanı qucaqlayırdı... Aysunun şəkillərini albomunda görən Yelena
qızın kimliyini soruşmuşdu. Toğrul hər şeyi ona etiraf etmişdi. Bir
gün evə dönərkən Aysu ilə çəkdirdiyi şəkillərdən birini kiçik çərçivədə
yazı stolunun üstündə gördükdə gözləri yaşarmışdı...
– Lena, bu nə üçün?
– Mən sənə nə xoşdur, onu etməyə həmişə hazıram... Özümü sənin istəklərinə
qurban verməyə and içmişəm... Səni necə varsansa, eləcə də sevirəm...
Bütün günahlarınla, başqasına sevginlə səni sevirəm... Sevəcəyəm,
sən sevməsən də...
Toğrul onun böyüklüyünə bir daha heyran olmuşdu... Aşkarlıq erası
başlayanda islam dinini qəbul etməyə qərar verən Lena demişdi:
– Mən bu dini təkcə sənə görə yox, ruhuma yaxın olduğu üçün də qəbul
edirəm...
Toğrul Lenanı, onun Toğrulu sevdiyi kimi sevə bilmədi. Lena onun gözlərinə
baxarkən yaşadığı ali hissləri Toğrul yaşaya bilmirdi... Lenanın onu
qucarkən aldığı zövqü Toğrul ala bilmirdi... Toğrul onun daxili zənginliyini,
xoş, mərd xasiyyətini, insanpərvərliyini qiymətləndirirdi. Toğrul
Aysunun bir çox xasiyyətlərini Yelenada tapsa da o, Aysunu əvəz edə
bilmirdi və bilməyəcəkdi. Bəlkə də beləcə yaşayacaqdılar... Amma bir
bazar Lena Toğruldan bütün günü onunla olmağı xahiş etdi. Toğrulun
ən çox xoşuna gələn paltarı geyinən Lena onu görüş yerləri olan Puşkin
bağına, birgə gəzdikləri, şənləndikləri digər yerlərə apardı... Evlənmələrini
qeyd etdikləri “Arbat” restoranına gəldilər. Yeyib içdilər... Sonda
Yelena mərdliklə sakitcəsinə dedi:
– Toğrul, əzizim, mən əsl sevginin, onun dadının necə olduğunu yaşadım...
Bunu sən mənə bağışladın... Amma sən məni mənim səni sevdiyim qədər
sevmirsən. Buna dözərdim, əgər sənin ürəyində başqası olmasaydı...
Mən sənin sevdiyin qızın şəklinə necə baxdığını çox görmüşəm... Gecələr,
bəzən, yuxulu-yuxulu məni qucaqlayaraq “Aysu” deməyini eşitmişəm...
Elə buna görə də o qızın ünvanını səndən icazəsiz götürüb məktub yazmışam.
Sənin onu sevdiyini, sizin məhəbbətiniz naminə öz birtərəfli sevgimdən
əl çəkməyə hazır olduğumu bildirmişəm... O isə səni uşaqlıqdan sevdiyini,
bundan sonra da sevəcəyini, ilk sevgisinə sadiq qalaraq heç kimə ərə
getməyəcəyini mənə yazıbdır. Ziyanın yarısından qayıtmaq da yaxşıdır.
Sən azadsan... Mənim qəlbimdə həmişə yaşayacaqsan... Dost kimi qala
bilərik... Heyf ki, övladımız olmadı, səndən bir nişanə qalmadı.
Beləcə onlar bir dost kimi ayrıldılar...
Toğrul yüyənsiz at kimi baş alıb gedən xəyalını cilovlayıb bu günə
qaytardı... Bəli, o, həyatının ən ağır çağlarını yaşayırdı... Son
doqquz ildə gördüyü, məruz qaldığı təhlükələrə, məşəqqətlərə, mənəvi
basqı və sıxıntılara kişiyana mərdliklə dözmüşdü, qarşılaşdığı problemləri
çözmüşdü, ağırlıqları yüngül etmişdi. Bu dərdə isə dözə bilmirdi...
Dünyalar qədər istədiyi sevgilisinin, kəbinli arvadının, namusunun
düşmən əlində girov saxlanması, alçaldılması dözüləsi dərd deyildi.
Bu dərdə kişi ürəyi tab gətirə bilmirdi. O, hər cür işgəncə ilə ölməyə
hazır idi, təki Aysunu buraxsınlar... İndi bir şey edə bilmədiyi üçün
az qalırdı hirsindən partlasın... İllah da Aysunu – o pak, dağ döşündə
bitmiş, yad barmaq dəyməmiş o zərif çiçəyi vəhşiləşmiş düşmən əlində
təsəvvür eləyəndə inildiyirdi...
Kənddə günəş çıxmamış yataqdan qalxırlar. Ev sahibləri oyanmışdılar.
İnəyi, qoyun-keçini sağıb, balalarını altlarına buraxmışdılar. Əmizdirdikdən
sonra buzovları, quzu və çəpişləri ayırıb, analarını naxıra ötürdülər...
Anasından zorla ayrılmış kiçik bir quzusa yanıqlı-yanıqlı mələyir,
özünü salındığı ağulun çəpərinə vuraraq “azadlığa” çıxmaq, anasına
qovuşmaq istəyirdi...
Toğrul pəncərədən bu əsl həyat səhnəsinə baxırdı... Neçə min illərdi
ki, onun əcdadları bu həyat tərzini sürmüşdülər... Obaşdan yataqdan
qalxmış, kimi heyvan dalınca, kimi də əkinə-biçinə yollanmışdı...
Toğrul kənd həyatı ilə az tanış olsa da bu yaşam tərzi xoşuna gəlirdi.
Özünü didib tökən quzunun yanıqlı “zəngulələri” Toğrulun yadına bir
xalq mahnısını saldı:
Dağlarda quzu mələr,
Bil ki, o mənəm sənsiz...
İçindən gələn həsrət onun üzündən
acı bir təbəssüm kimi keçdi... Və qəfildən Toğrula elə gəldi ki, Aysu
haradasa bu dağlardadır, körpə quzutək əl-ayağını əzə-əzə gəzərək
onu haraylayır...
Otaq ona dar gəldi, ürəyi sıxıldı. Tələsik geyinib aşağı endi, həyətdə
dümələnən Tərxan kişiyə “sabahın xeyir” deyib, hal-əhval tutdu. Bu
yerlərin insanları çox saf, mərd, qonaqpərvər idilər. Elbəyini xəstəxanaya
aparandan sonra Tərxan kişi onu buraxmayıb demişdi: “Madam əvvəldən
düşərgahınızı mənim evimə salıbsınız, başqa yerə getmək ayıbdır. Eşidən,
bilən məni qınayar”.
Toğrul evdən azacıq aralıdakı dikdirə çıxmağa başladı. Onun heç ağlına
gəlmirdi ki, Elbəyi müəllim də axşam-səhər gününü elə bu dikdirdən
Hadrut tərəflərə baxmaqla keçirirdi... Təpənin üstünə qalxdıqdan sonra
baxışları ilə Hadrutu, onun sağındakı Qaradağlını, aşağıda Dəyirmanlını
dolandı... hər iki kəndi, üstəlik Günəşli dağını-strateji önəmə malik
çox mühüm mövqeləri ermənilər tutmuşdular... Onun baxışları Dəyirmanlıdan
sürünərək Günəşlinin yamacları ilə gəzməyə başladı. Birdən diksinən
kimi oldu, ona elə gəldi ki, bu dəqiqələrdə Aysu da ona tərəf baxır...
Qışqırıb səsləsə eşidəcək... Var gücüylə onu haraylamaq üçün havanı
dərindən içinə çəkdi... Lakin içindən gələn tükürpədici hayqırtısı
boğazına çatanacan beyni sürətlə işləyib onu saxladı... Ağız boşluğundan
özünün eşidə biləcəyi xışıltılı boğuq bir səs çıxdı:
– Aysu!!! Aysu!!! Aysu!!! Hardasan? Mən bu hayıfı onlarda qoymuyajam!..
Qoymuyajam!..
İçərisində yığılmış enerji – həsrət, nisgil, qəzəb və nifrət qarışıq
enerji sanki bu sözlərlə boşaldı... Dalğa kimi havaya yayıldı. Bir
az toxtadı... Öz-özünü danladı: “Yaxşı ki, özümü saxladım. Bu dəli
qışqırtını eşidib bilən kənd camaatı sabahkı gün mənim haqqımda nə
fikirləşərdi? Özümü möhkəm saxlamalıyam, zəiflik göstərməməliyəm...”
Heyhat!.. Bu onun öz taleyi idi. O bilə bilməzdi gələcəkdə hələ nələrlə
qarşılaşacaq... Heç indinin özündə də bilmirdi ki, bayaqkı harayı
həmin anlardaca Aysuya çatdı... Günəşli dağından bu səmtlərə baxan
Aysunun qulağı “Aysu, hardasan?!” səslərini aldı... Eyni dalğada köklənmiş
iki sevgilinin ruhları bir-birinin içindən gələn pıçıltını eşitdi...
Tək-tək adamların yaşadığı bu möcüzənin – uzaqdan bir-birini eşitməyin,
bir-birinə fikir ötürməyin sirrini, Allah bilir, insanlar nə vaxtsa
bilə biləcəklərmi?!.
Toğrul vasitəçilərdən xəbər gözləyirdi. O, bölgədəki həmkarlarını
da bu işə cəlb eləmişdi. Neçə nəfər bu suallara cavab axtarırdı:
Aysu kimin əlindədir?..
Onu qaytarmaq üçün hansı şərtlər qoyurlar?
Kimləsə dəyişdirməkmi, ya pulmu almaq istəyirlər?..
Bir neçə ay öncə girovları pul verib azad eləmək, əsir ermənilərlə
dəyişmək çox çətin deyildi. Füzuli rayonunun hansısa kəndindəki dostunu
ratsiya ilə çağıran erməni komandiri onun girov düşmüş qohumlarını
– qadın və uşaqları UAZ maşınına yığıb gətirdiyini xəbər vermiş, onları
sağ-salamat bizim tərəfə ötürmüşdü. Amma son zamanlar, erməni komandanlığı
o tərəf – bu tərəfli yerli əhalinin bir-biri ilə əlaqəsinin qarşısını
almışdı. Ümumiyyətlə, axır vaxtlar ermənilər özlərini inamlı aparırdılar.
Qədim Zəngəzurun Mehri bölgəsində Araz çayı üzərində İranla aralarında
körpü tikdikdən sonra onlar əməlli-başlı qudurmuşdular. Bu yolla İrandan
yanacaq alırdılar. Son günlər onların həyasızlaşmasının bir səbəbi
də Azərbaycanın daxilində baş vermiş qarmaqarışıqlıq idi. Onlar həmişə
belə hallardan, hakimiyyət uğrunda çəkişmələrdən məkrlə, məharətlə
istifadə edib yeni torpaqlar tuturdular.
Buradan cəbhə xəttində baş verə biləcək olaylar aydın görünürdü. Toğrul
komandanlıqdan buraya ezamiyyət götürmüşdü. Topladığı materialları
təhlükəsizlik xidmətinin qonşu rayonlardakı bölmələrinin xüsusi rabitəsi
ilə yuxarı göndərirdi... Artıq ona gün kimi aydın idi: ermənilər hücuma
başlayacaqlar. Füzuli şəhəri əldən gedirdi. Bu bölgədə ermənilər güclü
idilər. Cənub-qərbdəki rayonlarda, xüsusilə, Cəbrayıl və Qubadlıda
vəziyyət nisbətən yaxşı idi. Bu rayonların yerli müdafiə dəstələri
münaqişənin əvvəllərindən aparıcı yüksəklikləri tutmuşdular. Bundan
başqa, döyüşçülərin tərkibində hər bəndi-bərəni beş barmağı kimi tanıyan
yerlilər çoxluq təşkil edirdilər. Lakin düşmən Füzuli tərəfdən hücuma
keçib, Bakıya gedən asfalt və dəmir yollarını kəsə bilərdi. Bununla
da mühasirədə qalan üç rayonun taleyi öz-özünə həll olunardı. Buna
görə də ermənilər əsas güclərini zəif tərəfdə cəmləmişdilər.
Milli ordunun hissələrinə baş çəkmiş Toğrul bərk narahat olmuşdu.
Hərbi hissələrdə güclü siyasiləşmə gedirdi. Onun “Ordunun vəzifəsi
torpaqları qorumaqdır” sözlərini batalyon komandirləri nəzakət xatirinə
dinləsələr də öz partiya liderlərinin göstərişi ilə hərəkət edirdilər...
Toğrul alnını ovuşdurub “Bir az idman eləmək lazımdır,” – deyə fikirləşdi.
Təpənin kənddən görünməyən arxasına endi, əlləri üstə əyilib qalxdı,
yoq üsuluyla nəfəs gimnastikası ilə məşğul oldu, özü-özünə bir neçə
karate nömrəsi “göstərdi”... O, xeyli yüngülləşdi, fikirdən tutulmuş
başı açıldı, zehni durulaşdı. “İndi işləmək olar”,– deyərək qonaq
qaldığı evə yönəldi. Onu həyətdə gözləyən Tərxan kişi ilə yuxarı qalxdı.
Aynabənddə onları səhər yeməyi gözləyirdi.
– Sən bizdən yaxşı bilərsən, bu işlərin axırı nejə olajaq? Biz də
köç etməyə hazırlaşaq, ya yox? – deyə Tərxan kişi çəkinə-çəkinə soruşdu.
– Hələlik, yaxşı heç nə görünmür. Hər ehtimala qarşı bahalı şeylərinizi,
gündəlik lazım olmayan əşyalarınızı panika-zad qaldırmadan aparsanız
yaxşıdır. Çünki hər tərəfdən topların, tankların tuşlandığı bu dərə
döyüş meydanıdır. Müharibədə döyüş meydanında mülki adamlar olmamalıdır.
Balaca uşaqların burada qalması heç məqsədəuyğun deyil.
– Allah ömrünü uzun eləsin, bizim gül balamızın da işi avand olsun,
tezliklə torpağımızı geri alasınız, – deyə Tərxan kişi minnətdarlığını
bildirdi.
Yeməkdən sonra Toğrul otağına çəkildi, ratsiya ilə bölgədəki həmkarları
ilə danışdı. Yeni bir şey yox idi. Sonra o, Cəbrayıl bölgəsindəki
həmkarından onun arxasınca maşın göndərməsini xahiş elədi. Öz maşınını
bir neçə günlüyə təmirə qoymuşdu. Həmkarı 30-40 dəqiqəyə maşının gələcəyini
bildirdi.
Toğrul otaqdakı yeganə kresloya çökdü, həmişə özü ilə gəzdirdiyi sevgilisinin
şəklini çıxarıb baxmağa başladı... O, Aysusuz günlərində saatlarla
qarşısına qoyduğu şəkildən ona baxan gözlərdən doymaq bilmirdi...
Baxdıqca sehrlənirdi, canına bir nəşə, ilıq duyğu yayılırdı. Xəyalən
gah sevgilisi, gah da özü ilə danışırdı... “İlahi, bu nə gücdür o
gözlərdə, maqnit kimi məni özünə çəkir? Çəkdikcə alovlandırır, yandırır...
Yandıqca cismim hissiz, tüstüsüz ləzzət verir mənə... İlahi, bu nə
hikmətdir, nə sehrdir o gözlərdə, məni həm dəli, həm ağıllı edir?..
Həm ağladır, həm güldürür?.. İstəsə göylərə qaldırır, istəsə quyunun
dibinə salır?.. Məni uzaqlaşdıran da, uzaqlardan çəkib gətirən də
o gözlər olmamışdımı?..”
Toğrul lap erkən – 13-14 yaşlarından o gözləri sevmişdi. Uşaqlıqdan
həmişə həyan olduğu on yaşlı qızcığaza istək haqqında söz deməyə utanırdı.
Bəlkə də onlar həmyaşıd olsaydılar, bir sinifdə oxusaydılar Toğrul
qəlbini açardı. Toğrul orta məktəbi qurtarana qədər onlar hər gün
görüşürdülər. Bir gün görüşməsəydilər bağırları çatlardı. Bir bəhanə
ilə bir-birinin evinə gedərdilər. Uşaqlıqdan dərsə gedib gələndə,
hərdən gəzməyə çıxanda əl-ələ tutardılar. Birinci dəfə Qönçə xala
altı yaşlı Aysunun əlini Toğrulun əlinə verərək, məktəbə gedib gələndə,
küçəni keçəndə dəcəl qızın əlini buraxmamağı tapşırmışdı. Hər ikisi
əl-ələ tutmağa vərdiş etmişdilər. Oğlan on yeddiyə, qız on üçə adlayanda
qəribə bir hadisə olmuşdu. Aysu rəfiqəsinə demişdi ki, Toğrulun əlində
tok var. O da Toğrula yaxınlaşıb, onun əlindən tutaraq bir xeyli saxlamış,
sonra çönüb Aysuya demişdi:
– Yalançı. Onun əli adi əldir, heç bir tok-zad yoxdur.
Onlar geri dönərkən Aysu sadəlöhvcəsinə özü hər şeyi açıb Toğrula
demişdi:
– Sənin əlindən elə bil mənə tok keçir. İstədim müəllimə sual verib
soruşum ki, insan bədənində tok olurmu? Olursa, onu necə ölçmək olar?
Rəfiqəm qoymadı ki, əvvəlcə mən yoxluyum, sonra sual verərik.
Sonralar bu hadisəni xatırlayanda gülərdilər...
Orta məktəbdə tək bircə dəfə Aysu özünü Toğrulun sinəsinə sıxmışdı...
Onun atası rəhmətə gedəndə... Bu bəd xəbəri eşidən Aysu tələsik onlara
getmiş, hönkürə-hönkürə özünü səssizcə göz yaşı axıdan Toğrulun üstünə
atmışdı. Aysu da Toğrulla bərabər bu ölümü çox ağır keçirdi. Polkovnik
Hüseyn Hüseynxanoğlunu tanıyanların hamısı onu sevərdi. O, bacardığı
qədər insanlara kömək edərdi, yüksək bəlağətə və məntiqə malik idi.
Rusca yaxşı danışırdı, azəri türkcəsini incəliyinə qədər bilirdi.
Ərəb və fars dillərindən məlumatlıydı. Ən çox sevdiyi məşğuliyyət
sözlərin, yer adlarının kökünü araşdırmaq idi. Çoxdan dostluq və qonşuluq
elədiyi yaşca özündən kiçik həmyerlisi Elbəyi müəllimlə söhbət eləyəndə
gileylənərdi:
– Zalım uşağı, ağzımızı açan kimi adımızı pantürkçü qoyurlar. Bizimkilərə
imkan vermirlər ki, sözlərin etimologiyası, toponomiya kimi sahələrdə
alimlər yetişsin. Bu ixtisaslar üzrə elmi mövzu götürmək istəyən,
gərək Leninqrada getsin.
– Axı toponomiya və etimologiya ilə məşğul olanda Rusiyada, Ermənistanda
çox sözlərin, yer adlarının mənşəyi hamıya aydın olacaq, – deyə Elbəyi
onun sözlərini təsdiqləyərdi.
Orta məktəbi Balyatda bitirmiş Hüseyn Hüseynxanoğlu müharibənin sonuncu
ili yaşı çatanda könüllü olaraq orduya getmiş, Azərbaycan diviziyasında
xidmətə başlamışdı. Müharibədən bir neçə il sonra ancaq respublika
vətəndaşlarının qulluq etdiyi, əmrlərin azəri türkcəsincə verildiyi
bu diviziyalar ləğv olundu. O, hərbi məktəbdən sonra Leninqradda hərbi
akademiyanı da fərqlənmə ilə bitirmişdi. Respublika hərbi komissarlığında
xidmət edirdi. Azərbaycan diviziyasında milli ruhda yetişmiş Hüseyn
Hüseynoğlu da, onun dostu general da faciəvi surətdə həlak olmuşdular...
Onlar haqqında uydurulanlara isə heç kim inanmırdı... Şuşanın, sonra
Abşeronun birinci katibi olmuş, millətçi kimi tanınan Qəşəm Aslanovun
da 80-cı illərdə avtomobil qəzası nəticəsində həlak olmasına heç kim
inanmadı... Bu ölkədə millətini sevənləri, onun yolunda çalışanları
gizli əllər ustalıqla aradan götürürdü...
Aysu ilə kədərləri də, sevincləri də bir olmuşdu. Onların ailələrinin
get-gəli atasının ölümündən sonra daha da çoxalmışdı. Elbəyi müəllim
dostunun ölümündən sonra onlara qayğını artırmışdı. Toğrulun istəyinə
görə çox dəbdə olan şərqşünaslıq fakültəsinə girməsinə kömək etmişdi.
Yoxsa Toğrul o zaman yalnız biliklə-zadla ora düşə bilməyəcəkdi.
Toğrulun universitet həyatı başladıqdan sonra vəziyyət dəyişdi. Onlar
məktəbə birgə gedib gələ bilmirdilər. İlk əvvəllər dərs caatları uyğun
gələndə Toğrul səhərlər qızı məktəbdə qoyub universitetə gedərdi,
dərsi az olanda gəlib qarşılayardı. Qonşu məhlələrdə, məktəbin özündə
çoxları onları bacı-qardaş, ya da qohum sanırdı. Dərslər çoxaldıqdan,
vaxt azlıq etdikdən sonra daha Toğrul tez-tez onu məktəbə ötürüb –
qarşılaya bilmirdi. Bir dəfə Qönçə xala Toğrula eşitdirmişdi ki, zəhmət
çəkmə, daha Aysu böyük qızdır, özü gedib gəlir. Buna baxmayaraq, Toğrul
məhlə uşaqlarından başqa qonşu binada yaşayan, Aysu ilə bir sinifdə
oxuyan Bəbir adlı oğlana tapşırmışdı ki, qızdan muğayat olsun, məktəbə
gedib gələndə ona göz olsun. Bəbir vəzifəsini can-başla yerinə yetirirdi...
Onların ikisi də bir-birinin həsrəti ilə yaşasalar da görüşləri seyrəlirdi.
Ancaq məclislərdə, ad günlərində, toylarda görüşə bilirdilər. Çox
zaman Toğrul Elbəyi əmi ilə görüşmək adı ilə onlara gedərdi, bəzən
şama qalardı. Bayramlarda, müəyyən tədbirlərdə Aysunu dostları, yaxınları
ilə birgə əylənməyə, kinoya, teatra aparardı. Hərdən ailəlikcə gəzintiyə
çıxardılar. Hər belə gəzintilər onun üçün də, Aysu üçün də şirin xatirəyə
çevrilirdi. İndi əlləri bir-birinə dəyəndə yox, baxışları da toqquşanda
onların hər ikisini “tok” vururdu. Belə anlarda əgər Toğrul nəsə danışırdısa,
dili topuq çalmağa başlayır, rəngi qızarır, sürətlə vuran ürəyi az
qalırdı pırıldayıb uçsun. Onlar çox istərdilər ki, ikilikdə şəhərə
gəzməyə çıxsınlar, kinoya, teatra getsinlər... Buna onların haqqı
vardı. Tanışlar, qohumlar onları birgə gəzən görsələr də bunu dramatikləşdirməzdilər.
Çünki həmişə onları birgə görmüşdülər. Toğrul hisslərini boğurdu.
Məsələ bundaydı ki, onların aralarındakı dörd yaş fərq münasibətlərinə
sədd çəkirdi. Toğrul universitet tələbəsiydi, yetişmiş gənc oğlan
kimi qəbul edilirdi. Aysusa orta məktəb şagirdi idi, hələ məktəbli
forması geyib saçına bant vururdu. Toğrul rəva bilməzdi ki, mərhum
atası qədər hörmət elədiyi Elbəyi müəllimin şagird qızını xəlvətcə
gəzməyə aparsın... Anlayırdı ki, ikilikdə olan bu görüşlərin birində
özünü saxlamayıb əliuzunluq eləyə bilər... O istəmirdi ki, gözəlliyindən
məst olduğu, gül butası kimi indi-indi açan bu nadir çiçəyə vaxtı
çatmamış əl vursun... Bir dəfə az qala öpüşəcəkdilər... Özünü saxlayan
Toğrul dözməyərək ürəyindən keçənləri Aysuya demişdi:
– Gözləməkdən gözümün kökü saraldı... Sən nə vaxt şagirdlikdən çıxıb
tələbə statusu alacaqsan...
Atalar belə yerdə deyib, ayı nə qədər tələssə də, armud öz vaxtında
yetişəcək. Aysusa onu başa düşürdü. Anlayırdı ki, orta məktəb partasından
çıxıb universitet auditoriyasına girdikdən sonra Toğrulla münasibətlərində
nisbətən sərbəstlik olacaqdı. Tez-tez universitetdə görüşəcəkdilər,
dərsdən sonra boş vaxtlarında kinoya, gəzməyə gedə biləcəkdilər. Ata-anası
da buna heç nə deməyəcəkdi. O, artıq tələbə idi, böyümüşdü, yetkin
qız idi. Bir sözlə, onların gələcək izdivacına heç bir maneə yox idi...
Eh, belə yerdə deyiblər: sən saydığını say, gör fələk nə sayır...
Universitetdə çox qız istəyirdi ki, boy-buxunlu, yaxşı oxuyan Toğrulla
dostluq eləsin. Toğrul ona məhəbbətlə, ehtirasla baxan, utanıb eləmədən
ona sürtüşən neçə qızı yana-yana qoymuş, heç biri ilə yaxınlıq etməmişdi.
Yalnız qrup, fakültə qızları ilə tələbə yoldaşı kimi oturub dururdu,
ad günlərində-zadda rəqs eləyirdi. Qrupun əksəriyyəti qızlar idi.
Bir gün universitetə guya atasının yanına gəlmiş Aysu soraqlaşıb Toğrulgilin
qrupunun dərs keçdiyi auditoriyanı tapır, içəri boylananda onu beş-altı
qızın arasında şirin-şirin danışan görür. Pərt olmuş Aysu geri dönür.
Toğrul bunu çox sonralar biləcəkdi... Aysunu şaşırdan ikinci hadisə
də buna bənzər olmuşdu...
Onuncuda oxuyarkən bir gün o, sinif yoldaşları ilə dərsdən sonra şəhərə
gəzməyə çıxmışdı. Rəfiqələrindən biri “Nizami” kinoteatrının yanından
keçəndə kassanın qabağında hər qolundan bir qız sallanmış Toğrulu
göstərib demişdi:
– Aysu, odur ey, sənin Toğrulun.
Həmişə Aysunun yanını kəsdirən Bəbir kinayə ilə mızıldamışdı:
– Afərin, qədeş. Qızları cüt-cüt sevir.
– Aley, kül başıva. Kar könlündəkini anlar. Kinoya getmək, bəyəm sevişməkdir?
Onda sən bizimləsən, demək hamımızı sevirsən?
– Aaz, nə danışırsan, ömrümün axırınadək atam evində qarıyaram, Bəbirə
getmərəm, – deyə qızlar onun üstünə düşüb həmişəki kimi dolamışdılar.
Üz-gözünü turşudan Bəbir də borclu qalmamışdı, üzünü “qarıyaram, Bəbirə
getmərəm” deyən qıza tutmuşdu:
– Qız evində toydur, oğlanın xəbəri yoxdur. Kimdir axı səni alan,
ay yazıq!..
Onları görən Toğrul bərk sevinmişdi. Qolundan sallaşmış qızları Aysuya
təqdim eləmişdi:
– Qrup yoldaşlarımdır. Məni tutub əsir kimi kinoya aparmaq istəyirlər.
Qollarımı buraxmırlar ki, qaçaram. Gəlin, siz də bizimlə gedək kinoya.
Aysu əli ilə divardakı afişada çəkilmiş sinəsiaçıq qızı göstərib kinayə
ilə demişdi:
– Biz hələ orta məktəb şagirdləriyik, belə şeylərə baxmağa yaşımız
çatmır. Belə kinolar böyüklər üçündür. Sağ olun, biz getdik...
Aysunun incik halda belə deməsi, sərt hərəkətlə dönüb getməsi Toğrul
üçün yenilik idi. Nədən o, belə hərəkət eləsin?
O, sonra bunu da biləcəkdi ki, bu hadisəyə qədər Bəbir bir dəfə Aysuya
yalandan deyib ki, guya Toğrulu bağda qızla öpüşən görübdür. Heç eyninə
gəlməmişdi ki, Aysu onu qısqanırmış... Heç bir oğlanın ona barmağı
ilə də toxunmasına imkan vermədiyi kimi, sevgilisinin də özü kimi
olmasını istəyirmiş... Toğrulun tələbə qızlarla belə davranması onu
qıcıqlandırırmış... Bəbirsə onun Toğruldan soyuması üçün əlindən nə
gəlirsə eləyirmiş. Onların heç biri qızxasiyyət, qorxaq, həmişə ehtiyatla
davranan bu oğlanın qarnının altında nələr yatdığını bilmirmiş. Toğrul
onu həmişəki kimi sözəbaxan uşaq bilib özünə rəqib saymamışdı. Aysunun
da uzun müddət heç ağlına gəlməmişdi ki, Bəbirin ürəyindən onu almaq
keçirmiş...
Bəs Bəbirdə bu iştah necə yaranmışdı?.. Aysunun yanında Toğrulun “yerini
tutması” heç kəsin nəzərini çəkməyən Bəbiri tay-tuş arasında nüfuza
mindirmişdi. O, belə gözəl, hörmətli ailədən olan bir qızla məktəbə
birgə gedib gəlməsinə görə sayılmasından qürur duyurdu. Bığ yeri tərlədikdən
sonra onda Aysuya qarşı intim hisslər oyanmışdı... İstər evdə, istərsə
də məhlədəki dost-tanışı onu ürəkləndirib deyirdilər:
– Əyə, yaxşı tapmısan, əldən buraxma.
Gerçəkdən, Bəbir onunla oturub durmağa çox can atırdı. O, təsəvvürünə
gətirəndə ki, gün gələcək, Aysu ilə onunku qurtaracaqdır, qız başqasına
nişanlanıb ərə gedəcəkdir, hikkəsindən bilmirdi neyləsin... Odur ki,
Aysunun bütün söz və tapşırıqlarına əməl eləyir, yeri gəldikcə Toğrulun
ayağının altını qazıyırdı... Onların aralarını vurmaq, ürəklərinə
şübhə toxumu səpmək üçün dəridən-qabıqdan çıxırdı. Dördüncü kursda
Toğrul Əfqanıstana getdikdə hamıdan çox kədərlənən Aysu idisə, ən
çox sevinən Bəbir olmuşdu. Getməzdən qabaq ikilikdə görüşərək Aysunu
ona tapşıran Toğrul üzünə gec tük çıxan bu oğlanın sifətindəki məmnunluğun
mənasını çox sonralar başa düşmüşdü... Onun Əfqanıstandan Aysuya göndərdiyi
məktublar bir-birinə oxşayırdı... Bir kəlmə də olsa sevgi barəsində
yazmırdı... Bilirdi ki, məktubu Elbəyi müəllim, Aysunun rəfiqələri
də oxuya bilərlər... Toğrul ürəyini deşən sözləri gündəliyinə yazırdı...
Bir ildən sonra canını bu dəhşətdən qurtaran Toğrul bərkimiş, kişiləşmiş
yetkin bir gənc kimi fakültəyə dönmüşdü...Və Aysunu universitet tələbəsi
kimi görəndə bütün varlığı ilə sevinmişdi... Lakin onunla görüşdükdə
sevincini ifadə eləyə bilməmişdi... İlk vaxtlar o, əməlli-başlı sevinib
gülə bilmirdi... Sanki unutmuşdu sevinib gülməyi... Bu bir ildə o,
soyuqqanlı olmağı, sevincini, kədərini, qəzəbini içində saxlayıb büruzə
verməməyi özünə aşılamışdı. Aysusa onun xasiyyətindəki bu dəyişikliyi
özünə qarşı soyuqluq, etinasızlıq kimi başa düşmüşdü... Ölümdən qayıtmış
bir insanın keçirdiyi sarsıntıları duya bilməmişdi...
Toğrulun Elbəyi müəllimə, Qönçə xanıma münasibətlərində əvvəlki yaxınlığı
görən Aysu istəmişdi ki, onu içindən yeyən şübhələri özündən uzaqlaşdırsın...
Əfqanıstandan Bakıya qayıdan Toğrul ertəsi gün birinci olaraq Aysugilə
gəlmişdi, hamısı üçün çox da ucuz olmayan maraqlı hədiyyələr gətirmişdi.
Elbəyi müəllim “Parker” qələmini götürmüş, gümüş-qızılla işlənmiş
topaz qaşlı üzüyü qəbul etmək istəməmişdi:
– Oğul, sənin sağ-salamat qayıtmağın bizim üçün ən dəyərli hədiyyədir.
Bir də axı, sən bir ildə nə qazandın ki, hələ hədiyyə də alasan?!
– Elbəyi müəllim, atamdan sonra ən böyük ehtiram və sevgi bəslədiyim
insan sizsiniz. Hesab eləyin ki, atamla sizə bir hədiyyə almışam...
O yoxdur... Deməli, oğulun ilk qazancı ilə alınmış hədiyyəni siz qəbul
etməlisiniz! – deyə Toğrul təkid etmişdi...
Aysuya gümüşdən nəfis surətdə işlənmiş füruzə qaşlı sırğa, üzük, medalyon
dəsti almışdı. Hədiyyə qızın ürəyincə idi. Gümüş ziynətlər onların
hər ikisinin xoşuna gəlirdi. Təəssüflənərdilər ki, Azərbaycanda gümüşlə
işləyən ustalar yox dərəcəsindədir. Gümüş özü bahalı olmasa da ondan
ziynət əşyaları düzəldəndə qiymətə minir. Əfqanıstanda əl əməyi ucuz
olduğu üçün belə əşyaların qiyməti aşağı idi... Aysunun uçmağa qanadı
yox idi... Lakin onu göylərə qaldıran Toğrul iki gün sonra yerlərə
çırpdı... Bunu çox sonralar Aysu demişdi... Demə bu, Toğrul Əfqanıstanda
çəkdirdiyi şəkilləri ona göstərəndə baş veribmiş... Aysu Toğrula qısılmış,
sifətində əzablı bir sevinc, fərəh həkk olunmuş ağ xalatlı Lena ilə
şəkli gördükdə alınmışdı... Şəklin arxasındakı “Əziz dostuma xatirə.
Məni unutma!..” sözləri onu lap cinləndirmişdi. Əfqanıstan yorğunluğu
hələ canından çıxmamış, başı fərq imtahanlarına qarışmış Toğrul o
günlər Aysunun hiss-həyəcanını görə bilməmişdi... Başı ayazıyandan,
yavaş-yavaş özünə gəldikdən sonra Aysuya diqqəti artırdıqda görüb
eşitdikləri onu sarsıtmışdı. Bəbir qızın kölgəsinə çevrilmişdi...
Toğrul artıq hüquq fakültəsinin tələbəsi olmuş Bəbirlə bir bəhanə
ilə ordan-burdan söhbət eləyərkən onun dilindən nə eşitsə yaxşıydı?!..
“Bəbirlə Aysu elə-belə gəzmirlər, bir-birlərini istəyirlər. Bəbirin
anası hətta Qönçə xaladan “hə” alıbdır...” Hətta bir dəfə Bəbirin
onun qoluna girmiş halda gəzdiklərini Toğrul öz gözləri ilə görmüşdü...
Aysu onu gördükdə qızarıb qolunu sərt hərəkətlə çəkmişdi... Lap sonralar
onlar bir-birlərinə səhvlərini etiraf edərkən məlum olmuşdu ki, Toğrulu
uzaqdan görən Bəbir onlar qarşılaşan məqam girəvələyib qızın qolundan
tutubmuş... Onun bu hərəkətindən hirslənmiş Aysu həmin andaca qolunu
çəkibmiş...
Bir gün fürsət düşəndə Toğrul yarızarafat, yarıkinayə Bəbirə işarə
ilə Aysuya demişdi: “Təbrik eləyirəm. Allah qoysa, xeyir iş nə vaxtdır?”
Qızarıb bozaran Aysu eyni tonla cavab vermişdi: “Hələ oxuyuruq. İnşallah,
dəvətnamə alanda bilərsən”... Demə, onun qısqanmağa başlaması Aysuya
ləzzət veribmiş... Nəhayət, Toğrulun ayılıb onu “Bəbirin əlindən alacağını”
düşünürmüş... Toğrul isə bütün bunları ciddi qəbul eləmiş, qızın onu
heç vaxt sevmədiyi qərarına gəlmişdi: “Aysu uşaqlıq illərində mənə
bir qardaş, yaxın bir adam kimi baxırmış... Ya da hələ mənə olan duyğularının
dostluqmu, sevgimi olduğunu anlamırmış... Görünür, on yeddiyə çatdıqdan
sonra zaman hər şeyi yerinə qoyub... Taleyin mənə ayırdığı bu acı
sürprizi qəbul etməliyəm, qardaşlıq, dostluq borcunu yerinə yetirməkdə
davam etməliyəm”.
Amma o özü qərarına axıradək əməl edə biləcəyinə çox da əmin deyildi...
Aysunu sevirdi... Yenə əvvəlkitək seyrək də olsa Elbəyi müəllimlə
söhbətə gedirdi, şam yeməyinə qalırdı, oğrun-oğrun Aysuya baxırdı...
onun baxışlarını yayındırmasını isə tamam başqa yerə yozurdu... Heç
ağlına gəlməzdi ki, Aysu acıqla belə eləyirmiş, hər gün Toğrulun ona
yaxınlaşıb ürəyini açacağını, “Aysu, səni sevirəm!” – deyəcəyini gözləyirmiş...
Toğrulsa qəlb evində ilk sevgisinə qəbir qazıb basdırmaq istəyirdi...
Bacarsaydı, bu sevgini çıxarıb atardı qəlbindən... Amma bacarmırdı...
Odur ki, bu sevgiyə qəlbində qara daşdan bir sərdabə qoydu... Hər
gün boş vaxtında o sərdabəyə enir, sevgisini anıb sızıldayırdı...
O, bu dərdi unutmaq üçün bilmirdi neyləsin...
Beşinci kursu qurtarhaqurtarda onu universitetin xüsusi şöbəsinə çağırmışdılar,
Moskvadan ona ikiillik əks-kəşfiyyat kurslarında oxumaq üçün təklif
daxil olduğunu bildirmişdilər.Toğrul fikirləşib qərar qəbul eləmək
üçün vaxt istəmişdi. Elə həmin axşam məsləhət almaq üçün Elbəyi müəllimin
yanına getmişdi. Elbəyi müəllim cavab verməyə tələsməmişdi. Qarşılarına
qoyulmuş pürrəngi çayı aram-aram içib qurtaranadək fikirləşmiş, sonra
soruşmuşdu:
– Özün istəyirsənmi?
– Bəli...
– Bu işə hazırsanmı?
– Hazıram.
– Geriyə yol yoxdur, ha!
– Bilirəm...
Sonra Elbəyi müəllimlə onun həyat yolunu müəyyənləşdirən, ancaq ikisinin
arasında qalmalı olan söhbət getmişdi.
– Belə çıxır ki, Əfqanıstanda işləyərkən onlar sənə göz qoyub seçiblər.
Şahlıq quşu həmişə adamın başına qonmur. Sən getdiyin o işdə qonşularımızla
müqayisədə bizimkilər çox azdır. Orada vətənpərvər, qeyrətli, ağıllı,
Azərbaycanın marağını hər şeydən üstün tutan zabitlərimizin olması
çox gərəklidir. Sovet hökuməti qurulandan 60-cı illərədək müxtəlif
adlar altında işləmiş o təşkilatda milli kadrlarımız çox az olmuşdur.
Buna görə də xalqımızın düşmənləri 50-ci illərədək burada at oynatmışlar.
Repressiyaya ən çox məruz qalan xalqlardan biri bizik.
– Bilirəm.
– Amma 60-cı illərin sonuna yaxın vəziyyət dəyişdi. Respublikada DTK-nın
başçısı özümüzdən olduqda çekistlərin içində milli kadrların sayı
xeyli artırıldı. Ürəyinin başına yaz: harda olsan bu Vətənə, bu xalqa
xidmət eləməlisən, onun mənafeyini, maraqlarını qorumalısan, ancaq
özünə güvənməlisən. Bunları qəbul edirsənsə, mən xeyir-duamı verirəm.
– Elbəyi əmi, mən atamın oğluyam, bu torpağın övladıyam. Vətən, millət
mənim üçün ən uca, ən dəyərli duyğulardır. And içirəm o müqəddəs duyğulara,
atamın ruhuna, idealıma sadiq qalacağam, – deyə Toğrul gözləri yaşarmış
halda qalxıb Elbəyi müəllimin qarşısında baş əymişdi...
Təhsilini başa vurduqdan və Lena ilə üzülüşdükdən sonra Bakıya dönən
Toğrul dözə bilməmişdi, elə həmin axşam zəng vurub Aysuyla görüşə
tələsmişdi... Yolda fikirləşirdi ki, onun qarşısında diz çöküb taleyin
bu acı imtahanından çıxa bilmədiyi üçün günahının bağışlanmasını xahiş
edəcək... Ancaq görüşərkən heç nə deyə bilmədi... Ona elə gəldi ki,
ağzını açsa hönkürəcək... O, gəlib gedəni saya salmadan artıq yetkin
qız olmuş Aysunu ilk dəfə bağrına basdı... Heç bir müqavimət göstərməyən
Aysu ona qısıldı... Onlar beləcə, kəlmə kəsmədən, ürəkləri ilə, bir-birinə
axan duyğularıyla danışdılar... Hələ insan övladının bilə bilmədiyi
o gözəgörünməz, qələməgəlməz enerji birindən o birinə axdıqca sanki
illər boyu qaysaqlanmış yaraları möcüzəli bir məlhəmlə bu bir neçə
dəqiqənin içərisində sağalırdı... Gərili qalmış sinirləri yumşalırdı...
Ürəklərindəki hicran yanğısını söndürənədək sarmaşılı qaldılar. Zaman
ölçüsünü unutduqları üçün bu bir neçə dəqiqə onlar üçün saata bərabər
oldu...
Maşın siqnalı Toğrulu xəyaldan ayırdı. O, bayaqdan hazır saxladığı
çantasını götürüb aşağı endi, həmişəkitək həyətdə qurdalanan Tərxan
kişi ilə sağollaşıb maşına mindi.
– Sür Balyata, – deyə sürücüyə əmr elədi.
Onlar Füzuli-Cəbrayıl yoluna çıxdılar, get-gedə kiçilən dağ sisiləsinin
“Burun” adlanan yerindən sağa döndülər, üzüaşağı dərəyə endilər, birtağlı
qədim körpünü keçib sağa buruldular, Xalaç dağı tərəfdən kəndə girdilər.
“Bu yerlərdə hər dərə, təpə tarixdən xəbər verir...” – deyə uşaqlıqda
yay tətili zamanı atası ilə gəzdiyi yerlərdən keçən Toğrul onun sözlərini
xatırladı... Atası o zaman demişdi ki, Xalaç qədim türk tayfalarından
birinin adıdır. O tayfanın bir qolu bu yerlərdə cövlan edirmiş: payız-qış
aylarında qədim el yolu ilə Mil düzünə enir, yazı-yayı Laçın– Kəlbəcər
dağlarına qalxırmışlar...
Atasının qalın bir dəftəri vardı. Orada əski yer adlarının, sözlərin
mənasını tapıb yazardı. Boş vaxtında Toğrul onu varaqlardı. Bu dəftərdəki
sözlər arasında Sirik, Qazanzəmi, Tulus kimi yer adlarının mənası
açıqlanmışdı. Toğrul Balyatdan on kilometr cənub-qərbdəki Tulus, ondan
o tərəfdə yerləşən Qazanzəmi kəndlərinin adlarının bu qədər əski olmasını
təsəvvür etməzdi. Atası yazırdı ki, “Tulus” sözü ilə cənubdakı Talış
dağlarının, Goranboydakı Talış kəndinin, Qazaxıstanla Qırğızıstan
bitişiyindəki Talas meşələrinin adları eyni kökdəndir. Qədim Talas
tayfalarının izləri Türküstandan başlayaraq Şam diyarınadək uzanmışdır.
Şamdakı izləri atasına Elbəyi müəllim demişdi. O, yetmişinci illərdə
Suriyanın daxili işlər naziri, prezident Hafiz Əsədin silahdaşı, onunla
birgə Nurəddin Atasi hakimiyyətini devirmiş general Mustafa Talasla
tanış olub ona tərcüməçilik etmişdi.
İtlərin səsi onu xəyaldan ayırdı. “Kənddə qonağı birinci kim qarşılar?
İtlər!” bulmacasını xatırladıqda dodağı qaçdı. O, maşını birbaşa üç
gün öncə qonağı olduğu Həmdalı kişigilə sürdürdü. Bu o Həmdalı idi
ki, uzun müddət Hadrutda işləyib yaşamış, tikdirdiyi ikimərtəbəli
evini qoyub çıxmağa məcbur edilmişdi. Erməni kəndlərində onun böyük
nüfuzu vardı. Söz-sözə gələndə, yerli ermənilərin çoxunun bu münaqişədə
günahsız olduğunu söylərdi. Hadrutdan qovulduqdan sonra erməni kəndlərindən
olan dostları Balyatda təzə ev tikən Həmdalıya kömək üçün çəkinib
eləmədən dağdan daş çıxarmağa gəlmişdilər...
İncavara, Həmdalı evdəydi. Onun üz vurmasına baxmayaraq Toğrul maşından
düşmədi, elə kabinədəcə söhbət elədilər. Toğrulun sifarişini yerinə
yetirmiş Həmdalı çox qiymətli, neçə gün gözlədikləri bir məlumat verdi:
Aysu Hadrutda böyük nüfuza malik, indi onun evində yaşayan rus zabitinin
yanında girov saxlanır. Məlumat dəqiq idi. Həmdalının dostları onun
evini də, qonşularını da yaxşı tanıyırdılar...
Geri dönərək kənddən çıxan Toğrulun sevincinin həddi-hüdudu yox idi.
Birincisi, ona görə ki, nəhayət izə düşə bilmişdilər. İkincisi, Aysu
ermənilərin yox, yuxarı rütbəli rus zabitinin sərəncamında idi. Əlindəki
faktları çək-çevir edən Toğrul soyuq başla düşünürdü: Əgər onun üçün
xüsusi ev – ”villa” ayırmışlarsa, deməli, balaca adam deyil, vəzifəli
zabitdir. Ya oradakı Rusiya muzdlularının komandiridir, ya da ki...
Yox, orada muzdlular çox deyil, ermənilərə köməyi birbaşa Rusiyanın
Ermənistandakı hərbi hissələri edir. O, bunu dəqiq bilirdi. Burdan
belə çıxır ki, həmin rus zabiti rəsmi orqanların nümayəndəsidir. Güman
ki, o, xüsusi xidmət orqanları ilə əlaqədədir... Nə qədər olmasa da
öz hərəkətlərinə cavabdeh olan, məsuliyyət daşıyan adamdır. Bəs Aysu
onun əlinə necə düşüb? Aha, az qala unutmuşdu. Girovluqdan xilas olunan
qızlar demişdilər ki, Aysunu ermənilərin əlindən sarışın bir hərbçi
aldı, maşının yanına apardı... Məlumatlar bir-birinə uyğun gəlirdi.
Deməli, həmin zabit Aysunu öz maşınında aparıb... Yaxşı, nəyə görə
məhz onu? Toğrul elə buradaca özünə yönəltdiyi sualları kəsdi. Gerisini
düşünməyə qorxdu... Maşın asfalt yola çıxdıqda:
– Sür rayonun mərkəzi xəstəxanasına! – deyə sürücüyə əmr elədi.
– Baş üstə, nəçənnik, – deyə sürücü sağ əlini gicgahına apardı. Toğrul
bu xəbəri qayınatasına çatdırmaq üçün tələsirdi. Bilirdi ki, bu təsəlliverici
xəbər – Aysunun sağ-salamat olması onun üçün ən təsirli dərmandır.