Birinci kitab
AYSU
ÖMRƏ BƏRABƏR GÜN
Həmin o iyun səhəri onlar tarixi
bir günü yaşayırdılar... Özlərinə məxsus, yalnız öz yaddaşlarında
həkk olunacaq iki nəfərin tarixinin, bəlkə də ən xoşbəxt səhifəsini
yazırdılar...
Həmin o adi gündə iki sevgili – Toğrulla Aysu Qarabağ savaşının yaratdığı
neçə aylıq hicran əzabını bir neçə saatlığa unutmaq niyyətində idilər.
Və bu gün, sanki, iki gənc üçün Tanrı qisməti idi.
Toğrul ucaboy, alagöz, qalınqaş, enlikürək, çevik hərəkətli, ciddi,
bir az sərt baxışlı oğlan idi. 29 yaşlı kapitanın o baxışları Aysuya
zillənəndə tamam dəyişir, güləşüz, qayğısız, romantik bir gəncə çevrilirdi.
Aysunun 25 yaşı var idi, jurnalistlik oxumuşdu. Ağbəniz, badamgözlü,
qabarıq sinəli, mütənasib boylu bu qızda qüsur axtarmaq əbəs idi.
Onun totuq, azacıq açıq dodaqları arasında inci kimi bəyaz dişləri,
qapqara xumar gözləri gülüş şüaları yaydıqda, vurğunu olan oğlanlar
özünü itirər, dil-ağızları söz tutmazdı. Aysu kişi tayfası ilə ciddi
davranar, onların gözünə dik baxmazdı. Başının arxasında topladığı
gur saçları gün çıxanda zərli şüalar altında açıq şabalıdı, qızılı
rəngə boyanır, gün batanda rəngini dəyişib tündləşir, ay işığında
isə sanki gecənin qaranlığını özünə hopdururdu. Sağrısının gözəllərə
xas, kişilərə xoş gələn ölçüsü belinin incəliyini daha qabarıq göstərirdi.
Tanış-biliş, qonum-qonşu onu belə öyərdi: “O qədər zərifdir ki, qara
üzüm giləsi boğazından keçəndə görünər”. Universitetdə onu yarızarafat,
yarıciddi “Xanqızı Natəvanın dünyaya ikinci gəlişi” adlandırırdılar.
Və deyirdilər ki, şairənin muzeydəki paltarını geyinsən, səni onunla
dəyişik salmaq olar.
Qarabağda doğulmuş bu mələksima öz gözəlliyindən yalnız bir nəfərə
– Toğrula pay verirdi, uşaqlıqdan tanıdığı, qızlar bulağından su içərkən
sevdiyi Toğrula... Ağ göyərçin qanadı kimi bəyaz əllərini yalnız o
tuta bilərdi. Onun gözlərinin dərinliyində yalnız Toğrul üzə bilərdi,
şair demişkən, “boğula bilərdi, bata bilərdi.” O incə beli yalnız
Toğrul quca bilərdi, iri əlləri ilə çevrələmə kəmərləyə bilərdi. O
al dodaqların şəbnəmini yalnız Toğrul içə bilərdi. O, ürkək bir ahu
idi, öz ovçusu vardı. O, Qarabağ bağlarında, dağlarında bitən, ətri
lap uzaqdan duyulan qızılgül idi, onu dərmək ixtiyarında tək bir bağban
vardı...
Tanrının bir-birinə yaraşdırıb qoşa yaratdığı bu iki gəncin daxili
və zahiri gözəllikləri bir-birini tamamlayırdı. Bilmək olmurdu, daxili
gözəllikləri sifətlərində əks olunubdur, yoxsa əksinə... El adətincə
nişanlanmışdılar. Altı ay öncə kəbin kəsdirsələr də toy edə bilmirdilər.
Gah qız tərəfdən, gah da oğlan tərəfdən Qarabağ döyüşlərindən şəhid
gətirilməsi ara vermirdi...
O iyun səhəri Toğrulla Aysu heç özlərinin də ehtimal etmədikləri,
24 saatdan sonra tarixə çevriləcək həmin günün gəzintisini Toğrulun
həm döyüş, həm də məktəb yoldaşı olmuş Gündüzün qəbrini ziyarətdən
başladılar... Gündüzün ad günü idi. Hər il bu gün dostları Gündüzgilə
toplaşardılar, anası Nargilə xalanın ətirli plovunu, yarpaq dolmasını
yeyərdilər... Bu dəfə isə Gündüzün 29 yaşını qeyd etmək üçün Toğrulgil
onların evinə yox, Şəhidlər Xiyabanına gedirdilər... Qapısı olmayan
qapıdan sıxıntı, üzüntü ilə keçib sağa buruldular, sol yandakı gül
mağazasından bir dəstə qərənfil aldılar, millətin and yerini ziyarət
edənlərin cərgəsinə qoşuldular.
Toğrul, istər-istəməz 7-8 il öncəni, sovet dövrünü xatırladı... O
zaman buraya əylənməyə, gəzməyə gələrdilər və heç xəbərləri də yox
idi ki, bura vaxtilə qəbiristanlıq olubdur. Şəhərin mərkəzində xatirə
abidəsi ucaldılmış bolşevik Şaumyanın dəvətiylə 1918-ci ildə Bakıya
soxulmuş daşnak erməni ordusunun qırdığı minlərlə müsəlmanın qəbrinin
izini itirmək, o qanlı illəri xalqın yaddaşından silmək üçün qəbiristanlığı
rəqs meydanına, əyləncə, kef yerinə çevirmişdilər...
Tarix təkrarlandı. Bura yenə şəhidlərin son mənzilinə çevrildi.
-İlahi, bunların hamısı gəncdir...
Əsgər kimi sıralanmış qəbirlərin önündən keçərkən ona qısılan Aysunun
titrək səsi Toğrulu xəyaldan ayırdı. Sağ və sol tərəfdə ağacların
altında cərgələnən qəbirlərin üzərindəki doğum və ölüm tarixlərinə,
Allah bilir, neçənci dəfə zəndlə baxdı. Əksəriyyətinin başdaşına qırmızı
lent, kəlağayı bağlanmışdı, sinədaşlarında onlara qismət olmayan toy
gərdəkləri qurulmuşdu. Aysu göz yaşlarını silirdi, Toğrulunsa qəzəb
qarışıq kədəri yumrulanaraq boğazına tıxanmışdı.
Gündüzün qəbrinə yaxınlaşdıqda hər ikisi yerində dondu. Sifəti yandan
görünən, tanımadıqları qara geyimli bir qız qəbrin üstündə səssiz
göz yaşı axıdırdı... Özünü də, ətrafdakıları da unutmuş qız, bilmək
olmurdu yerdən azacıq hündür olan qəbrin qarşısında diz çökübdür,
yoxsa onun üstünə sərilibdir... O, elə bil canlı insanmış kimi, başdaşına
qısılmış, sol yanağını Gündüzün sinəsinə qoymuşdu... Qız sol əli ilə
başdaşını, sağ əli isə sinədaşını elə qucaqlamışdı ki, sanki daşlaşıb
əbədi olaraq Gündüzlə burada qalmaq istəyirdi...
Toğrulu da, Aysunu da təəccübləndirən bu idi ki, onlar Gündüzün sirlərini
bilirdilər. Bilirdilər ki, Gündüz hələ ürəyini heç bir qıza açmamışdı.
Söz düşəndə isə zarafata salıb deyərdi ki, mənim sevəcəyim qız, hələ
böyüməyib, məktəbdə oxuyur... Bəs qəbrin üstə göz yaşı tökən qız kim
idi?
Aysu istər-istəməz pıçıltı ilə dedi: “Səni sevdim, səndən xəbərsiz”...
Toğrulun sual dolu baxışlarını görən Aysu dolmuş gözlərini o qıza
sarı hərləyib pıçıltı ilə təkrarladı: “Səni sevdim, səndən xəbərsiz...
Özün də bilmədin...” Sonra ürəyindən bir sızıltı keçdi: “Biçarə qız,
ömrünün sonunadək ürəyi nisgilli yaşayacaqdır... Bəlkə heç ürəyini
ona aça da bilməyib...”
Kənarda dayanmış başqa bir qız irəli yeridi, aşağı əyilib ona nəsə
dedi, başının işarəsi ilə Toğrulla Aysunu göstərdi. Güman ki, “Özünü
ələ al, dur ayağa, Gündüzü ziyarətə gələnlər var” söylədi.
Başını aşağı dikib yanlarından ötən qızı utandırmamaq üçün Toğrulla
Aysu altdan-altdan ona baxmaqla kifayətləndilər... Sonra qəbrə yaxınlaşıb
qərənfilləri sinədaşının üstünə qoydular. Toğrul başdaşından ona baxan
dostunun nisgilli gözlərindən öpdü...
Ölümün gözünə dik baxan Gündüzün başçılıq elədiyi kiçik dəstə Dağlıq
Qarabağın Sırxəvənd, Malıbəyli, Kosalar, Kərkicahan, Meşəli kəndləri
uğrunda döyüşmüş, ermənilərin dinc əhalini qırmasının qabağını almağa
çalışmışdı. Altı ay öncə Toğrulla Aysunun toyuna üç gün qalmış kəşfiyyat
zamanı minaya düşmüşdü. Onun qəhrəmanlıqları barədə Toğrul Aysuya
danışmışdı.
– Yazığın heç bir nişanəsi qalmadı. Evlənmiş olsaydı, bir oğlu doğulsaydı...–
deyən Aysunun sözlərini Toğrul tamamladı:
– Bizim oğlumuz olar, adını Gündüz qoyarıq.
– Ad qoymaqla iş bitmir. Biz Gündüz kimi bir qəhrəman yetişdirməliyik,
– deyə Aysu sevgilisinə qısıldı.
– Düz deyirsən... Bunu sən edəcəksən. Mən əsgərəm, bu gün burdayam,
sabah kim bilir harda olacağam...
Onlar azadlığın ilk qurbanlarının – 20 Yanvar qırğını şəhidlərinin
qəbirləri başlayan sıraya çıxdılar, birinci qəbrin – Fərizə ilə İlhamın
son mənzilinin önündə dayandılar. Bir qədər aralıda az qala bütün
vaxtını oğlu Azərin qəbri üstündə keçirən Ələkbər kişi buranı ziyarət
edən əcnəbilərə məlumat verərək deyirdi:
– Həmin o qanlı yanvar gecəsi, indi şəkli qara mərmərə həkk olunmuş
bu gənc səs-küyə küçəyə çıxmış, vəhşiləşmiş əsgərlərin açdığı atəşdən
yaralananlara yardım edərkən onun özünü vurmuşlar. Ertəsi gün onun
cənazəsini dəfn etmək üçün evdən götürəndə, üç ay əvvəl sevib evləndiyi
hamilə həyat yoldaşı özünü zəhərləyib intihar etmişdir...
“Bir güllə 3 nəfərin həyatına son qoydu...
Həmin gecə və sonrakı bir neçə gündə yüzlərlə dinc, günahsız insan
qırıldı. Şəhid olanlardan cəmi 135-nin meyidi ələ gəldi. Yüzlərlə
adam itkin düşdü, yüzlərləsi yaralandı, şikəst oldu...”– deyə düşünən
Toğrul Ələkbər kişinin sözlərini fikrən tamamladı. Həlak olanların
şəkillərinin altındakı doğum, ölüm tarixinə bir daha baxdı: 12 yaşdan
tutmuş 75 yaşadək azərbaycanlı, rus, yəhudi, tatar qəddarcasına öldürülmüşdü.
Ələkbər kişi qəhərini boğub sözünə davam etdi:
– Neçə günahsızın ocağını söndürdü bu ordu!... 70 il xilaskar, azadlıq
qarantı kimi mədh edilən, şəninə mahnı qoşulan qırmızı ordu... Yalançı
beynəlmiləlçi adı altında gizlənərək, dünyanı qana çalxamış, qəsbkar
şovinistlərin başında durduğu bir imperiyanı saxlayan mənəviyyatsız,
dinsiz bir ordu... Az qala dünyanın yarısı – Avropanın ortasından
tutmuş Yapon adalarınadək, Şimal Buzlu Okeandan tutmuş İranadək olan
ərazi bu imperiyaya bəs olmadı!... O öz burnunu dünyanın hər künc-bucağına
soxdu, uzun barmağını Asiyanın ucqarlarına, uzaq Afrikaya, dünyanın
o biri üzünə – Amerika qitəsinə uzatdı... Bütün yer üzünü şər qanadı
altında saxlamaq üçün hər cür qəddarlığa əl atdı. Axırı da...
Onlar cərgənin başına çatdılar, buradan dənizə açılan mənzərəyə baxdılar,
boğazlarına tıxanmış hıçqırtı dərin bir aha çevrildi, sanki əbədiyyətə
qovuşanların ruhlar aləmindən ayrıldılar, bir az yüngülləşərək bu
dünyaya qayıtdılar.
Toğrul həmişə özünü daxilən səfərbər edib, bütün bu hadisələrə– döyüşlərə,
axan qanlara, ölümə bir hərbçi kimi, müharibənin qanunları kimi baxmağa,
kədər, dərd, bədbinlik girdabına yuvarlanmamağa çalışırdı. Aysusa
yox... Hisslərini cilovlaya bilmirdi. Bir az romantik, bir az sentimental
qızın nəmli gözləri quruyanadək baxışlarını dənizdən çəkmədilər .
Nəhayət, hər ikisi özünü ələ ala bildi. Alt cərgə ilə geriyə döndükdə
bir anlığa Salatın Əsgərovanın qəbri önündə ayaq saxladılar, onun
mərmərə həkk olunmuş gülümsər şəklinə baxdılar. Sanki o, Vətən yolunda
şəhid olduğu, bu müqəddəs yerdə yatdığı üçün sevinirdi... Çingiz Mustafayevin
də qəbrinin önündə ayaq saxladılar. Aysu bu iki həmkarının dəfnində
iştirak etmiş, göz yaşları içində onların layiqli davamçısı olacağına
and içmişdi...
Onlar Şəhidlər Xiyabanından çıxaçıxda Aysu ayaq saxladı, küknar ağaclarının
altında qurulmuş al qırmızı gərdəklərə baxdı, daşlaşmış baxışları
ilə onları yola salan şəhidlərlə axırıncı kərə sağollaşdı...
Bəli, axırıncı dəfə... Ancaq özü bunu bilmirdi, bilə də bilməzdi...
Heç ağlına da gəlmirdi...
İndi isə o, sevgilisinə qısılaraq dedi:
-Səndən bir xahişim var, Toğrul.
Hər dəfə adını Aysunun dilindən eşidəndə Toğrulu izah edə bilmədiyi
qəribə duyğular bürüyürdü. Onun adını heç kəs Aysu qədər titrək səslə,fəxr
və qürurla çəkə bilmirdi...
– Buyur, əzizim.
– Gəl, söz verək ki, bütün bayramlarda, təntənəli günlərdə Şəhidlər
Xiyabanını ziyarət edəcəyik. Məncə şəhidləri ziyarət, namaz qılmaq
kimi savab işdir.
– Baş üstə! İstəsən, şəhidlik şərəfi üçün döyüşmüş və döyüşəcək canlı
qəhrəmanlarla görüşə aparım səni. Nə qədər istəyirsən, yaz...
– Yaxşı olar o canlı qəhrəmanlarla görüşmək...-deyə Aysu başını sevgilisinin
çiyninə qoydu: – Sən bir fikir ver, bu xiyabanın üç cür sakini var:
birincilər – O Dünyada əbədiyyətə qovuşmuş şəhidlər, ikincilər – Bu
Dünyada buraya daima ziyarətə gələnlər, üçüncülərsə, iki Dünya arasında
qalanlardır.
Toğrulun onu tam anlamadığını duyan Aysu başı ilə qəbirlərin üstündə
ağlayan, başdaşını qucaqlayan, yaxud da sakitcə saatlarla qəbrin önündə
diz çökən analara, nişanlı qızlara, atalara, qardaşlara işarə eləyərək
pıçıldadı:
– Onlar nə O Dünyaya gedə bilirlər, nə Bu Dünyadan ayrıla bilirlər.
***
Aysunun valideynləri üç gün öncə kəndə getmişdilər. Sabah əmisi oğlunun
toyu olacaqdı. El adəti üzrə bəyin yaxın qohumları toydan bir neçə
gün öncə gəlməli, hazırlıq işlərində iştirak etməliydilər. Valideynləri
əlində vacib yazısı olan Aysunu gözləyə bilməmişdilər. Dünən işini
qurtarmış Aysu sabah avtobusla Qarabağın füsunkar guşələrindən biri
olan ata yurduna yola düşəcəkdi. O, həm də cəbhə xəttində yerləşən,
tez-tez atəşə tutulan kəndlərdən, onun müdafiəçilərindən qəzetə reportaj
yazacaqdı. Bu günsə ömrünün ən xoş, sevincli, bəxtəvər anlarını yaşayırdı.
O, Toğrulla idi! Bütün günü bir yerdə olacaqdılar. Aysu erkən çağlarından
özündən dörd yaş böyük olan Toğrula dəlicəsinə vurulmuşdu. Böyük Allahın
bəşər övladına verdiyi şirin, möcüzəli, ən yüksək, ali duyğularla
sevirdi onu.
Toğrul daima bu sevgi ağacına qulluq edir, ona gözü qarşısında boy
atıb böyüyən, tumurcuqlayıb çiçək açan bir ağacdan bar gözləyən bağban
kimi baxırdı. Amma bu sevgi yalnız Aysunun sayəsində qorunub saxlanmışdı.
– Bu gün bizim günümüzdür. Son vaxtlar o qədər az görüşürük ki, dəqiqə
nədir, hər saniyəni belə yaddaqalan xatirəyə çevirməliyik.
Bunu Toğrul dedi. Biçarə neyləsin, hərbi kəşfiyyatçının operativ işdən
baş açıb, sevgilisi ilə tez-tez görüşmək imkanı olmurdu. Bu imkan
ələ düşəndə də ya Aysu işdə olurdu, ya da nəsə gözlənilməz bir hadisə
baş verirdi...
– Yaddaqalan xatirə... Bizim ömrümüz elə xatirələrdən ibarət deyilmi?
Bax ömrümüzün dünənindən, lap elə bir ay, bir il, on il öncəsindən
bizə qalan nə oldu? Ancaq xatirələr, acılı, şirinli, duzlu, duzsuz
xatirələr... – deyə Aysu Toğrulun fikrini tamamladı.
Onlar həmişə belə idilər... Həmişə bir-birlərinin fikrini tamamlayırdılar.
Biri ağzını açanda, o birisi bilirdi nə deyəcək. Çox vaxt isə heç
ağıza, sözə növbə çatmırdı. Bir-birlərinin fikirlərini gözlərindən
oxuyurdular...
– Elə isə getdik! – deyə Toğrul Aysunun əlindən tutdu, onlar üzüaşağı,
dəniz kənarına enməyə başladılar. Xəzərin suyu qalxdığı üçün bulvarı
su basmışdı. Vaxtilə çəmənlikdə qoyulmuş, sevgililərin söhbət yerləri
olan oturacaqların ətrafı pis qoxulu gölməçələrə çevrilmişdi. Onlar
dondurma alıb, salamat bir oturacaq tapdılar. Dondurmanı yeməyə macal
tapmamış başlarının üstünü bir neçə qaraçı kəsdi. 30-35 yaşlı, üst-başından
çirk yağan qadın kürəyinə bir uşaq şəlləmişdi. Yanındakı yeniyetmə
qız qoltuqağacı ilə gəzirdi. Qaraçılar ağzını açmamış Toğrul onlara
pul verib, buradan getmələrini tələb elədi.
– Onlara niyə pul verirsən? Bu dilənçilər bizi biabır edirlər. Şəhərə
gələn qonaqların çoxu bilmir ki, bunlar qaraçıdırlar.
-Mənim xasiyyətimdir, kim əl açırsa yazığım gəlir, bir şey verməliyəm.
Birdən Aysunun sifətindən buludlar dağıldı, şaqqanaq çəkərək uzaqlaşan
qaraçılara işarə edərək dedi:
-Bir ora bax!
Toğrul onun göstərdiyi səmtə baxdı. Qarşıdan gələn polisləri görən
qaraçılar götürüldülər. Bayaq məharətlə özünü axsaqlığa vuran qız
qoltuqağacını çiyninə alaraq qaçırdı... Toğrul da özünü saxlaya bilməyərək
qəhqəhə çəkdi. Onların bu qəhqəhəsi ötüb keçənlərin, yaxınlıqda oturub
hava alanların diqqətini cəlb etdi. Dönüb onlara baxdılar. Bəziləri
başlarını buladılar... Torpaqların getdiyi, hər gün neçə-neçə gəncin
meyiti gəldiyi bir vaxtda iki sevgilinin ağac altda oturub sevişməsi,
üstəlik qəhqəhə çəkməsi dərd-qəm içində üzülüb gedən insanları qıcıqlandırırdı...
“Xalq Qarabağda vuruşur, bunlarınsa eşqi donbalıb”.
Tum satan qadının, yan-yörədəkilərin də eşidəcəyi tərzdə, ucadan dediyi
atmacadan ikisi də pərt oldu... Aysu ayağa qalxdı:
-Dur burdan gedək.
– Hara?
Aysu həmişəkitək yarızarafat, yarıciddi ahənglə ona mənsur şerlə cavab
verdi:
“Ey mənim arzularımın ən şirini!
Ey mənim günlərimin ən qiymətlisi!
Al məni ağuşuna, al!
Bu mövcudiyyətdən uzaqlara apar.
Uzaq, lap uzaq...
O yerə ki, orda bir sən, bir mən olaq!...”
-Bəlkə gedək sizə? Mənə yeni
yazılarını oxuyarsan, musiqiyə qulaq asarıq.
– Olar, – deyə Aysu nazlı tərəddüdlə razılıq verdi.
Onlar Neftçilər prospektinə çıxıb taksi saxladılar. İyirmi dəqiqədən
sonra Aysugildə idilər. Onların üçotaqlı mənzili zəngin olmasa da
təmiz, səliqə-sahmanlı idi. İki gün əvvəl ata-anasına kəndə onlarla
gedə bilməməsini işlə bağlasa da, digər səbəb Toğrulla bu günə təyin
etdikləri görüş idi.
Aysu soyuducudan mer-meyvə, göy-göyərti, pendir, qatıq çıxarıb, kiçik
mizin üstünə düzdü, onu əl-üzünü yuyub sərinləmiş, divanda oturmuş
Toğrulun qarşısına çəkdi. Yeni yazdığı esselərini ona uzadıb:
– Ağzın işləsin, gözün oxusun. Mən də təzə kənd yumurtasından sənə
qayğanaq bişirim, – deyib mətbəxə keçdi.
Toğrul qatıq dolu kiçik kasanı başına çəkdi. Sonra makinadan çıxmış
kiçik esseləri vərəqlədi. Onlardan əlinə birinci gələni oxumağa başladı:
Ulu Tanrı! Keç babalarımızın
günahından!
Ərgənlər evlənəndə ona al qırmızı ipəkdən toy gərdəyi qurublar nənələrimiz...
Ərgənlər bu dünyadan nakam gedəndə, üstünə al qırmızı ipək gərdək
salıblar analarımız...
Bu bağda nə qədər toy gərdəyi var, İlahi!... Hər ağacın altında bir
gərdək... Arxasında isə ərgənlərimizin bu dünyada qoyub getdiyi alovlu,
nisgilli baxışları...
Ulu Tanrı! Qadınlarımız dərd-kədərini göz yaşları ilə yuyurlar ...
İçin – için ağlamaqdan içi yandı millətimin kişilərinin ... Keç babalarımızın,
atalarımızın günahından. Çörəyini öz ağzından kəsib yağılara çörək
vermiş, torpağından kəsib düşmənə torpaq vermiş, onu kirvə eləyib
süfrəsinin başında oturtmuş beynəlmiləl, kommunist, kosmopolit atalarımızı
bağışla!..
Ulu Tanrı! Yad qadınların hiyləgər işvəsindən xumarlanıb qanımızı
qanına qatmış kişilərimizə görə bizi imtahana çəkmə! Düşmən gizlincə
qılıncını itiləyərkən mürgü vurmuş xalqımızın başbilənlərinin günahını,
yükünü bu gün biz çiynimizə götürmüşük, İlahi! Gələcək nəsillərin,
nəvə-nəticələrimizin əmin-amanlığı üçün bu gün biz qan axıdırıq. Onları
yaşatmaq üçün biz ölürük...
İlahi, keç babalarımızın, atalarımızın günahından. Bugünkü nəvə-nəticələrin
qanlarının axıdılmasında təqsiri olmuş, aldanmış babalarımızın, atalarımızın
səhvlərini biz bağışlayırıq, sən də bağışla, Ulu Tanrı!... Bu xalqı
unutqanlığı üçün əfv et, ona düşmənə qarşı qəzəb, kin ver!
Ulu Tanrı!... Bizi imtahana çəkməyin bəs deyilmi?! Məgər ağlımız başımıza
gəlməyibmi?!..”
Yeməyi yaddan çıxarmış Toğrul
bir siqaret yandırdı. O, yazıdan çox təsirlənmişdi. Aysunun millət,
Vətən sevgisi ilə döyünən ürəyinin çırpıntıları sanki bu sətirlərə
çökmüşdü.
Aysu qayğanağı elə tavadaca ortaya qoydu. Toğrulun boşqabını doldurdu.
Sonra soyuq meyvə şərbətindən bir fincan süzüb ona verdi:
– Hamısı təptəzədir, ekoloji baxımdan təmizdir. Yaxşı bişirmişəm?
– Sənin əlin dəyən hər şey bal dadır.
– Kompliment demə.
– Bəyəm qayğanaq bişirmək asan işdir? Qabaqlar təzə gəlinin qabiliyyətini
qayğanaq bişirməklə yoxlarmışlar. De görüm, qayğanağa duz atdın?
Aysunun gözləri tavana dirəndi, duz atıb-atmadığını xatırlamaq istədi.
– Çekist! Hardan bilirsən, atmışam ya yox? Axı heç dadına da baxmadan
təriflədin!
– Mən bilirəm ki, sən xörəyə duz atsan da, atmasan da dadlı olar.
Aysu qaqqıldayıb güldü:
– Tərifləmə, məni çaşdırdın...
Qayğanağı bəh-bəhlə yeyən Toğrul üstündən şərbət içə-içə:
– İstəyirsən, sənə bir Kərkük mahnısı oxuyum,-dedi.
– Oxu!
Toğrul bayatını avazla söylədi:
– İçməyə su istərəm
Əsmər gözlərin göstərir.
Yatmağa yer istərəm,
Qoynun-qucağın göstərir.
Aysunun yanaqları allandı, süfrədəkilərə
işarə ilə dedi:
– Mən səni Qarabağ torpağının Allah verən nemətlərinə qonaq eləyirəm.
Sən isə...
Toğrul fincanı yerə qoyub ayağa qalxdı, Aysunun incə belini qolları
arasına aldı:
– Mənim üçün Qarabağın ən şirin, ən dadlı neməti, ən ecazkar ətirli
çiçəyi sənsən. Mən səni qoxulamaq istəyirəm, – deyib onu ehmalca ağuşuna
basdı.
Adətən belə hallarda Aysu sivişib onun qolları arasından çıxardı.
Bu gün isə o, kirimişcə sevgilisinə qısıldı. Xasiyyətcə azdanışan
olan Toğrul Aysu haqqında düşünəndə, onunla görüşəndə dəyişib şairanə
bir oğlana çevrilirdi. İndi onun gur saçlarını ətirli çöl çiçəkləri
kimi qoxulayaraq pıçıltıyla dedi:
– Hər səni xatırlayanda bədənimi xoş, ilıq bir istilik sarır. Görüşəndə
bu istilik yanğıya çevrilir. O yanğını sənin verdiyin buzlu şərbət
söndürə bilməz. Ümman kimi dərin, əsmər gözlərindən su içmək istəyirəm,
bəlkə yanğım sönə. Lakin o gözlərdən saçılan odlu baxışların yanğımı
söndürmək əvəzinə, onu daha da alovlandırır. Üstü şehli, ətirli qızılgül
ləçəklərinə bənzər bu al dodaqlardan öpürəm, bəlkə yanğım sönə. Dodaqların
o qədər şirindir ki, sanki susuz yolçuya bal verirsən. Alışıb yanıram,
sənsə görmürsən...
– Sənə isti deyil?! – Aysu onun qalstukunu boynundan çıxartdı, köynəyinin
düymələrini açdı, – hə, indi bir az sərinləşərsən, – deyə başını qaldırıb
Toğrulun məst olmuş gözlərinə baxdı, ürkək-ürkək dedi: – Nə istəyirsən?
– Mən sənin baxışlarını içirəm, xoş rayihəni uduram. Səndən mənə axan
gözəgörünməz cərəyan məni sehrə salıb, bütün varlığımı sarmışdır.
Aysu məst olmuş Toğrulu, elə özünü də ayıltmaq üçün söhbəti dəyişdi,
boşalmış qayğanaq nimçəsini onun qarşısından götürdü.
– Doydun? Gəl, indi sənə mənəvi qida verim, lap son yazımı oxuyum.
– Sənin dodaqlarından çıxan sözlər mənim üçün ən gözəl musiqidir.
– Elə isə dinlə, – deyə səsinə xüsusi ahəng verən Aysu yenicə bitirdiyi
essesini pıçıltılı səslə oxumağa başladı:
Bu döyüş uzun döyüşdür
Bu döyüş uzun döyüşdür, qardaş...
Bu döyüş ölüm-qalım döyüşüdür, bacım...
Bu döyüş hələ çox qanlar axıdacaq, anam...
Bu döyüşdən güclülər, ağıllılar, dözümlülər qalib çıxacaq, atam...
Bu döyüş yüz illərin döyüşüdür, gah gizli gedib, gah aşkar. Bu döyüş
Vətən döyüşüdür, Torpaq döyüşüdür, gah qarış-qarış qoparıblar, gah
lum-lum udublar, vətəndaş...
Bu döyüş uzun döyüşdür, anam!... Döyüşə gedən oğluna gəlin gətir,
sonra yola sal, atam!... Bu döyüş ölüm-dirim döyüşüdür, qoy övladının
izi qalsın, əvəzi qalsın, anam...
Özünə döyüşçü seç, ərə get, bacım!... Cehizli-cehizsiz, toylu-toysuz,
fərqinə varma bu gün... Vətən torpağını qanla suvarmağa gedən seçmə,
ər igidlərin əvəzi qalmalıdır, bacım!... Yoxsa cılızlaşıb tükənərik,
simasızlaşarıq... Gələcək nəslimizin taleyini, artımını künc-bucaqda,
yaxında-uzaqda, vəzifə, pul kölgəsində, piştaxta arxasında gizlənənlərin
ümidinə qoyarıq...
Qızının xoşbəxtliyindən öncə Vətənin xoşbəxtliyini düşün. Vətəni bədbəxt
olanın övladı xoşbəxt ola bilməz, anam!...
Aysu yazının son cümləsini səsi
titrəyə-titrəyə oxudu. Sanki o, bütün nişanlı qızların, oğlanların,
istəklisi olanların valideynlərinə üz tutaraq yalvarırdı... Onun öz
yazısı özünü həyəcanlandırdı... Bir az kövrəldi, bir az utandı, başını
aşağı dikdi.
Mütəəssir olmuş Toğrul Aysunun al yanaqlarını ehmalca əlləri arasına
alıb dodaqlarından öpdü:
– Əhsən, bunu bizəmi ithaf etmisən?
– Bəyəm biz təkikmi? Nə qədər gənc igidlərimiz düşmənlə döyüşlərdə
mərdliklə həlak oldu, izi itdi. Nə qədər qızlarımız nakam qaldı...
Elə qonşulara, qohumlara bax. Qızların bir qismi göz qabağında qarıyır,
alan yoxdur. Ərgən oğlanların çoxu ölkədən baş götürüb, qazanc dalınca
Rusiyaya gedir, orada yad qızlara ilişib evlənməyi unudurlar. Mən
neçə valideyn tanıyıram ki, qızlarının əsgərə gedən, orduda qulluq
edən nişanlıları ilə nikahını təxirə saldırıbdır. Söz-sözə gələndə
“Qoy əsgərliyini çəkib gəlsin. Allah eləməmiş, başına bir iş gəlsə,
qızım dul, uşağı atasız qalar” – deyirlər. Bəyəm, o qarıyan qızların
qucağında cəbhədən dönməmiş, Vətən yolunda həlak olmuş istəklisindən
bir nişanə qalsaydı pismi olardı?!
Toğrul həmişə Aysunun orijinal düşüncə və fikirlərindən heyrətlənir,
bundan qürur duyurdu. İndi o, qızın bu fikirlərini zamanın gərdişinin
bu dönəmində azəri türkünün öz həyat tərzini dəyişməyə çağırış kimi
dəyərləndirdi, sevgilisini bərk– bərk qucaraq dedi:
– Qürurlanıram ki, mənim belə duyğulu sevgilim var. Sənə olan sevgim
günbəgün, saatbasaat dərinləşir, sonsuz ümmana çevrilir.
İstəklisinin sözlərindən xoşhallanan Aysu nazlandı:
– Necə sevirsən axı məni?
– Bax torpaq suyu, günəşi sevən kimi. Hər dəfə gözüm gözünə baxanda,
əlim əlinə toxunanda, hər səni qucanda elə duyğular keçirirəm ki,
sanki birinci dəfədir əlim əlinə dəyir, qolum belinə dolanır... Sən
mənim üçün dünyanın bütün naz-nemətisən. Səndə təbiətin bütün rənglərini
görürəm. Sənin baxışlarını içəndə, saçlarını qoxulayanda, dodaqlarını
öpəndə təbiətin ən gözəl ətirlərini, ən dadlı nemətlərini duyuram...
Sənin iradən olmasaydı bizim sevgi ağacımız artıq qurumuşdu... Sənin
böyük ürəyin məni bağışladı, ziyanın yarısından qaytardı, ömrümün
sonunadək çəkəcəyim əzabdan qurtardı...
Bu sözlər Aysunu sehrlədi... Bu sözlər sanki sehrli bir maqnit dalğasına
çevrilib onun içərisinə axdı. O, qızlar bulağından su içdikdən sonra
nə qədər gözləmişdi Toğruldan belə sözləri... Qız söz aşiqi idi, belə
şairanə sözlərdən zövq alırdı, məst olurdu... Odur ki, Toğrulun eyham
vurduğu o qara səhifələri vərəqləmədi. Aysu onun səhvlərini bağışlamışdı...
– Toğrul! – deyib oğlana bərk sığındı.
– Can!
– Sənin sözlərinlə bərabər ruhun bütün bədənimə yayılır.
Onu ehmalca qucaqlayan Toğrul titrək səslə pıçıldadı:
– Sən elə zərif çiçəksən, əzməyə qorxuram, mənim sarı çiçəyim...
Özünü unutmuş Toğrul onun boyun-boğazını incə öpüşlərə qərq etdi.
-İlahi, mənə necə də xoşdur...
-Biz ruhən çoxdan qovuşmuşuq, cismənsə yox... – deyə Toğrul boynunu
qucaqlamış qızı qolları arasına alıb yataq otağına apardı, sol əli
ilə çarpayının üstündəki ipək örtüyü kənara yığdı, qızla birlikdə
çarpayıya uzandı.
-Toğrul!
– Can!
-Biz bir bədənmişik, illərlə ayrı gəzirmişik, – deyə Aysu onun öpüşlərinə
cavab verməyə başladı.
– Sən mənim yarımsan, cismimin yarısısan, bir parçasısan. Mən səni
o qədər sevirəm, o qədər sevirəm ki, əlacım olsa ürəyinə girərəm,
səninlə bir bədən olaram.
– Of!.. Mən də... Yox!.. Yox!.. Toğrul, sən nə edirsən? Dəli olmayıbsan,
ha!..
– Cismimizin bir-birinə qovuşmasına bunlar mane olur, – deyə Toğrul
qızın koftasının düymələrini açdı, onun süd kimi ağ sinəsindən başlayaraq
incə belinə qədər hər yeri saysız-hesabsız öpüşlərə qərq etdi. Sanki
bağban illərlə becərdiyi ağacların heyvasını, narını dərib nübar edirdi...
Beləliklə, onlar da bütün Adəm və Həvva övladlarının etdiklərini etdilər.
İkisi də yeri, göyü, hər şeyi unudub laməkan oldular...
Bir-birinə sarmaşaraq uyumuş sevgililər məst halda xeyli müddət sakitcə
uzandılar. Sanki göy gurultusu, ildırım çaxması ilə müşayiət olunan
yaz yağışı dayanmış, təbiətdə sakitlik hökm sürməyə başlamışdı...
Zaman və məkan ölçülərinin mövcud olmadığı əzəli, ali və əbədi duyğuların
hakim olduğu sirli aləmdən yerlərə enən Aysu gözünü açdı, baxışları
otağı dolandı. Özünün, Toğrulun necə gəldi döşəməyə tullanmış paltarlarını
görüb diksindi, nə baş verdiyini sanki indi anladı. Gözləri yumulu
Toğrulun qımıldanmadığını görən Aysu onun yatdığını zənn etdi. Ağrılarına
baxmayaraq ehmalca ayağa qalxdı, barmaqları üstə paltar dolabına sarı
getdi, xalatını götürüb geyindi, yerə atılmış paltarları yığışdırıb
kürsünün üstünə qoydu. Sanki bununla indicə elədiyi xətanın izini
itirəcəkdi.
Aysu qalxarkən gözünü açmış Toğrulun baxışları qızın ardınca süründü.
O, birinci dəfə çılpaq gördüyü sevgilisini acgözlüklə süzdü. Aysunu
yenicə kəşf etmiş kimi, bədəninin gözəlliyi ağlını başından aldı,
onu yenidən cuşa gətirdi. Alt paltarını tələsik əyninə keçirib, yerindən
sıçrayan Toğrul Aysunu qucaqladı. O, dünyanın ən gözəl bir qızına
hakim olmaqdan kişi eqoistliyi ilə sonsuz bir qürur duydu, sevgilisini
daha bərk-bərk köksünə sıxdı. qızın səssiz ağladığını görən Toğrul
şaşırdı:
– Aysu sənə nə oldu? Bu göz yaşları nə üçündür.
– Bizim zifaf gecəmiz belə olmamalıydı... Mən evdən atamın xeyir-duası
ilə çıxmalıydım...
– Fikir etmə, əzizim müharibədir. Gündüzün faciəsi hamımızı elə sarsıtdı
ki!.. Amma unutma ki, biz yarım ildir qanuni ər-arvadıq. Sən qayıdan
kimi yer-göy dağılsa da toyumuzu eləməliyik.
Bu zaman gözü bədənnüma güzgüdəki surətlərinə sataşdıqda söhbəti dəyişdi:
– Bir bax! Görürsən, mən sənə necə yaraşıram?
Toğrulun sözlərindən təskinlik tapan Aysunun da güzgüdəki mənzərədən
xoşu gəldi, sevgilisinin enli sinəsinə sıxıldı. Toğrul qızın boyun-boğazını,
allanmış yanaqlarını incə öpüşlərə qərq etdi. Öpüşlərinə ara-sıra
cavab alması onun ehtirasını birə-beş artırdı. O, qızı yenidən qolları
arasına aldı, öpə-öpə yatağa yönəldi... Qızın utandığını başa düşən
Toğrul gülə-gülə bir bayatı dedi:
– Əzizim ocağına,
Qısıldım bucağına.
Məni tifil sangınan,
Basıynan qucağına.
Yavaş-yavaş utancaqlığı keçən
Aysu borclu qalmadı, qızara-qızara yadına düşən bayatını söylədi:
– Alçanın kal vaxtında,
Gilasın bal vaxtında.
Açdın yaxam düyməsin,
Dilimin lal vaxtında.
Hər ikisi qəşş edib güldü. Toğrul
əlüstü cavab verdi:
– Əziziyəm yarı sən,
Yarı mənəm, yarı sən.
Qoy sarılım boynuna,
Saçlarınla sarı sən.
Toğrul Aysunun cavabını gözləməyib
arxada bağladığı saçını açdı. Çöhrəsini bir qucaq saç selinə qərq
etdi, dodaqlarını qızın alışıb yanan dodaqlarına yapışdırdı, qızın
belindən tutdu. Onların ikisi də qurşaqdan yuxarı Aysunun gur saçları
altında görünməz oldular. Aysu daha əvvəlkitək çox utanmırdı. İstək
və ehtiras yüngülcə duyduğu ağrını da, utancaqlığı da unutdurmuşdu
ona... Özünü qızmış pələngə dönmüş Toğrulun ixtiyarına verdi. O, yenidən
sirli, şirin aləmə – cənnətə uçmaq, laməkan olmaq istəyirdi. Toğrul
isə illərin ac-susuzu kimi qızdan doymaq bilmirdi.
– Sən mənə əsl cənnəti göstərirsən, mənim sarı çiçəyim!.. Ruhi ləzzətlə
cismani ləzzət birləşəndə nə qədər gözəl, dadlı olurmuş... Yazıq Leyli
ilə Məcnun, Əsli ilə Kərəm bir-birlərinə hələ sağikən ruhən qovuşmuşdular,
cismən yox. Sevgililər ruhən və cismən qovuşanda təsviri mümkün olmayan
ən ali, şirin duyğuları yaşayıb xoşbəxt olurlar, əzizim... Bu, bəşər
övladının çoxuna qismət olmur... Biz, nəhayət, istəyimizə çatdıq.
Həmişə olduğu kimi yenə Toğrulun sözləri qızı sehrlədi... Halsızlığını
unutdurdu ona. İki sevgili bayaq “sevgi vüsalı” adlı həyat meyvəsinin
dadına baxmışdılar, indi isə onu doyunca, ləzzətlə yeməyə başladılar...
Bir-birindən doymaq bilmirdilər. Sanki dünyanın sonu idi... Onlar
bir günlüyə özlərini bir-birinin ixtiyarına vermişdilər və bir daha
görüşməyəcəkdilər... Aysu daha saata baxmırdı, vaxt ölçüsünü unutmuşdu.
Beləcə, onlar dan yeri sökülənə qədər yatmadılar. Səhər saat 6 radələrində
özlərinə gəldilər. Yadlarına düşdü ki, Toğrul səhər saat 9-da iş yerində,
Aysu isə avtobus vağzalında olmalıdır.
Toğrul duş qəbul edənədək Aysu yatağı yığışdırdı, qaz plitəsini yandırıb,
çay qoydu, kənddən göndərilmiş yağ-pendiri, süzməni, nazik yuxanı
süfrəyə düzdü. Toğrul hamamdan çıxan kimi o, çayı dəmlədi. Onlar süfrə
arxasına keçdilər. Hər ikisi indi hiss etdi ki, möhkəm acıblar.
Toğrul yuxalardan birini götürüb arasına yağla süzmə yaxdı, dürmək
düzəldib sevgilisinə uzatdı:
– Yola çıxacaqsan, yaxşıca yeməlisən. Hələ özünlə bir şey də götürməlisən.
– Bəs sən özün?
– Məndən arxayın ol. Biz hərbçilər yeməyə oturanda süfrədə nə varsa
aşırırıq. Çünki birdən elə vəziyyət yaranır ki, yemək yada düşmür,
düşəndəsə bir şey tapmaq olmur.
Onlar doyunca yedilər. Sonra Toğrul Aysunun yolu üçün buterbrod düzəldib
dedi:
– Kiçik termosda çay, bir şüşə də su götür.
– Hələ vaxta var.
– Yox, əzizim. Yola çıxarkən aparılacaq şeyləri yaddan çıxarmamaq
üçün qabaqcadan arxayıncasına qablaşdırmaq gərəkdir.
– Oldu, cənab kapitan, – deyə Aysu əsgər kimi farağat vəziyyətində
durub təzim etdi.
Hər ikisi gülüb, Allah bilir, neçənci dəfə bir-birilərinə sarmaşdılar.
Sonra Aysu Toğrulun da, özünün də çox sevdiyi türk qəhvəsi dəmlədi.
Mis qəhvədanı mizin üstünə qoydu. Bağlı qutudan bir cüt qəşəng Çin
fincanı, qızıl suyuna çəkilib, mina ilə işlənmiş iki gümüş qaşıq çıxardı.
-Birinci dəfə cehizimi açıb işlədirəm, – deyib qəhvəni süzdü, üzü
qaymaqlısını Toğrulun qarşısına qoydu. Toğrul tünd qəhvədən bir qurtum
içib vəcdə gəldi:
– Həyat necə də gözəldir! Keşkə savaş bitmiş olaydı, – deyib dərindən
köks ötürdü. Savaşı xatırlayan Toğrul göylərdən yerə endi, təlaşlı
baxışlarını Aysudan gizlətməyə çalışaraq dedi:
– Amma dəhşətli döyüşlər hələ qabaqdadır. Başımızın üstündə qara buludlar
toplaşır.
Bu sözlərə bənd imiş kimi Aysu onu sual atəşinə tutdu. Toğrul bütün
suallara aydın cavab verdi, ölkədəki ağır durumu ətraflı izah etdi.
Sonra saatına baxıb nişanlısının son sualını cavabsız qoydu:
– Avtobusun yola düşməsinə yarım saat qalır. Gedək, bu sualın cavabını
yolda verərəm.
Onlar aşağı düşən kimi taksi rast gəldi. Yerlərini rahatladıqdan sonra
Toğrul bir qədər səsini alçaldıb pıçıltı ilə dedi:
– Hə, soruşursan ki, əgər Rusiya yenidən bizə təcavüz etsə Amerika,
Qərbi Avropa bizə kömək edəcəkmi? Təbii, onlar Azərbaycanı müstəqil
dövlət görmək istəyirlər, Rusiyanı regiondan sıxışdırmağın tərəfdarlarıdırlar.
Lakin, necə deyərlər, ilanı Seyid Əhməd əli ilə tutmaq istəyirlər.
Rusiya ilə birbaşa üz-üzə gəlməkdən çəkinirlər.
-Bacı oğlu, biz özümüz özümüzə kömək etməsək, kim bizə kömək edəcək?
Biz özümüz özümüzə hörmət etməsək, kim bizə hörmət edəcək? – deyə
qulağı darı dələn sürücü yanıqlı-yanıqlı söhbətə qarışdı.
Toğrul etika xatirinə dilləndi:
– Düz sözə nə deyəsən?
Daha avtovağzala qədər danışmadılar. On dəqiqədən sonra mənzil başına
çatdılar. Aysu avtobusun salonuna qalxdı, yol çantasını oturacağın
üstünə qoyub aşağı endi. Toğrul onu kənara çəkib son məsləhətini verdi:
– Vəziyyət ağırlaşa bilər, sabah toy qurtaran kimi geriyə dönün, özündən
muğayat ol. Yazmaq istədiyin məqalədən ötrü daha başqa kəndlərə getmə.
Elə Dəyirmanlının müdafiəsindən yazsan, bəs edər. Məqam o məqam deyil.
Sürücü sərnişinləri yerlərini tutmağa dəvət etdi. Onlar son dəfə bir-birilərinə
baxdılar. Ətrafdakıları nəzərə almayıb bir-birilərinə sarmaşdılar.
Elə bil iki günlüyə yox, həmişəlik ayrılırdılar...
Avtobus döngəni burulana qədər Toğrul yerindən tərpənmədi.